Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

5

AZƏRBAYCAN PREZİDENTİNİN KİTABA MÜNASİBƏTİ

Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqına Qarabağ zəfərini yaşatmış İlham Əliyevi biz kitabla, elmlə bağlı olan ən müxtəlif tədbirlərdə görməyə alışmışıq. Bir neçə dildə mütaliə edən Azərbaycan Prezidenti təsadüfi deyil ki, söyləyib: “Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.

Təbii ki, İlham Əliyevdəki kitab sevgisinin təməlini atasının, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin kitablara olan münasibəti qoymuşdur. Uşaqlıqdan kitabların əhatəsində yaşamaq və dünyanın bütün müşküllərindən baş çıxaran dahi bir liderin övladı olmaq İlham Əliyevin kitaba, biliklərə doğru yolunun yönəldicisi olub.

Hələ Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi ikən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İlham Əliyev bununla əlaqədar tez-tez İnstitutun xüsusi fondunda saxlanan xarici nəşrləri, beynəlxalq elmi jurnalları, dövri mətbuatı oxuyurdu. Bu barədə İnstitut kitabxanasının Dövri nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir müsahibəsində qeyd edib. O bilidirib ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlir və vaxtının böyük hissəsini kitabxanada keçirirdi. Onun müsahibəsində liderin təkcə Britaniya ilə bağlı 50-yə yaxın kitab oxuduğu da qeyd edilir.

Mütaliə etdiyi, araşdırdığı kitablar, dövri nəşrlər sayəsində İlham Əliyev 1985-ci ildə Böyük Britaniyanın Liberal partiyası (“Антивоенное движение в Великобритании на современном этапе и отношение к нему политических партий”) ilə bağlı dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. Sonra İnstitutda elmi fəaliyyətini davam etdirərək müəllim kimi çalışmağa başlayıb. Dissertasiya işində istifadə olunmuş ədəbiyyat siyahısına nəzər salsaq, görərik ki, burada 1931-ci ildə çap edilmiş nəşrlərdən tutmuş, 1985-ci il də daxil olmaqla 239 adda rus və ingilis dilində müxtəlif ölkələrdə nəşr edilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, daxili və xarici siyasət, iqtisadiyyat, partiyaların fəaliyyəti barədə kitablar, “Вопросы истории”, “Международная жизнь”, “Мировая экономика и международные отношения”, “Daily Mirror”, “Europa-Archiv”, “Government and Opposition”, “Labour Research” və başqa nüfuzlu dövri nəşrlər yer alıb. Bu mənbələr də uzaqgörən liderin geniş və əhatəli mütaliə dairəsindən xəbər verir.

Xatırladaq ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısı 30-a yaxın xarici KİV-ə xarici dillərdə müsahibələr verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Bu müsahibələrin mətni ilə tanışlıq, verilən “sifarişli”, bəzi ittiham xarakterli suallara prezident İlham Əliyevin tutarlı və əsaslı cavabları onun beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilməsinin göstəricisi, hərtərəfli biliyinin, oxuduğu çoxsaylı kitabların hesabına formalaşan  geniş mütaliə dairəsinin bariz nümunəsi idi. Bu müsahibələr, silsilə bəyanatlar, müxtəlif beynəlxalq görüşlərdə liderlik mövqeyi Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

Xüsusi olaraq qeyd edək ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılması, nəsildən-nəslə ötürülməsi və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, fondların yeni nəşrlərlə zənginləşdirilməsi, virtual kitabxanaların yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutmaqdadır.

Və biz xüsusən vurğulamaq istəyirik ki, 44 günlük zəfər savaşından sonra prezident İlham Əliyev yazıçılara müraciət edərək söylədi ki, biz öz haqq işimizi başa vurduq, indi söz sizindir, siz bu qalibiyyəti bədii əsərlərə gətirməklə tarixin yaddaşına köçürməlisiniz.

 

Növbəti: 6.Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

Cümə, 29 Avqust 2025 09:33

Bu gün Çingiz Mustafayevin günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Milli Qəhramanı Çingiz Mustafayev – bu ad uşaqdan böyüyə hamıya tanışdır. Birinci Qarabağ müharibəsinin qəhrəmanı, mərdlik təcəssümü.

 

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Əslən Şəkidəndir. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alıb. O, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradıb. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açıb. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanıb. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü olub.

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.

 

1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edib.

Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı olub.

 

"Birinci Qarabağ müharibəsində iştirakı"

 

Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb. Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi "Görüş yerini dəyişmək olmaz" filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

"Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi."

 

"Xocalı faciəsi"

 

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb.  Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilib. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırlayıb. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film olub.

1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanıb, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnib və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişib. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edib.

 

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

 

"Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib."

 

2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən:

 

"Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum."

 

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlının 2024-cü ildə verdiyi müsahibədən:

 

"Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu. İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı."

 

Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın mühafizə taqımının komandiri vəzifəsində xidmət edən İntiqam Əsədovun 2024-cü ildə verdiyi müsahibədən:

 

"Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər"

 

Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, Naxçıvanlı kəndində qarşı tərəfin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar. Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.

 

Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır. 

 

2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilən vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub. 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub.

 

"Çingiz zirvəsi"

 

"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.

 

"Çingiz Mustafayev adına Fond"

 

1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.

 

"Musiqidə"

 

1996-cı ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub. 2004-cü ildə repçi Hüseyn Dərya "Oyan bəxtim" albomundan olan "Çingiz Mustafayev" mahnısını jurnalistə həsr edib.

 

"Filmoqrafiya"

 

1. Adam cinsi arasında cins adam

2. Azərbaycana namus və sevgiylə

3. Bəd xəbər gətirən qəribə insanlar-2

4. Bəd xəbərlər gətirən qəribə adamlar

5. Özgə ömür

6. Payızın 17 anı

7. Yaramaz

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Bu dəfə növbə Cəlilabad ədəbi mühitinin gənc nümayəndələrindən olan pedaqoq və şair Zeynəb Gəncəliyevadır.

 

Qısa təqdimat:

Gəncəliyeva Zeynəb Həmidağa qızı: 1990-cı il 25 oktyabrda Şirvan şəhərində dünyaya göz açıb. Ata-anası Cəlilabad rayonunun qədim və sirli tarixə malik olan Şatırlı kəndindəndir. 1997-ci ildə Şirvan şəhər M.İsrailov adına 18 nömrəli tam orta məktəbdə birinci sinifə getmiş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirərək orta təhsil haqqında Attestatını almışdır. Həmin il Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuş, 2012-ci ildə isə ali təhsilini bitirərək Diplomunu almışdır.

2013-cü ildə ailə quraraq Biləsuvar rayonuna köçmüşdür. Bu evlilik həyatından 2014-cü il təvəllüdlü Seymur adlı bir oğlu var. Hal-hazırda 5-ci sinif şagirdidir.

Zeynəb Gəncəliyeva 2014-cü ildə Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçərək Cəlilabad rayon Kürdlər kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 2015-ci ildə isə yerdəyişmə yolu ilə Biləsuvar rayon Ə.Almasov adına Səmədabad kənd tam orta ümumtəhsil məktəbində müəllimlik fəaliyyətini davam etmişdir. Onun müqəddəs müəllimlik sahəsində 12 illik səmərəli pedaqoji fəaliyyəti var. 2016-cı ildə Müəllimlərin Diaqnostik Qiymətləndirməsində 55 bal, 2023-cü ildə isə Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanından 52 bal toplamışdır.

Zeybəb xanımın ədəbiyyat, şeir və poeziya sahəsinə gəlişi tələbəlik illərinə təsadüf edir. O, 20 yaşından etibarən şeir yazmağa başlamış, 2022-ci ildə isə vətən və vətənpərvərlik, təbiət, sevgi və s. mövzuları əhatə edən 50 gözəl şeiri "Həyat yolu" adlı kitabında işıq üzü görmüşdür.

2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.

 

Bədii ədəbiyyat nümunəsi:

 

"Yollar"

 

Bu dünyada çoxlu yol var,

Haramı var, halalı var.

Düzgün yol gedə bilməyən,

Bilsən neçə yaralı var!

 

Düz yolu var, əyrisi var,

Yanlışı var, doğrusu var.

Yaxşıları yoldan edən,

Bu yolların oğrusu var.

 

Yaxşı yolu, pis yolu var,

Dumanlı, sisli yolu var.

Aydınlıqdan qaçanların,

Qapqara hisli yolu var.

 

Son olaraq doğma elimizin dəyərli şairi və ziyalı pedaqoqu Zeynəb xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

“Ədəbiyyat və incəsənət” portalının Tribuna rubrikasında sizlərə Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyevin məqaləsi təqdim edilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin avqust ayında “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə ölkənin regional və beynəlxalq siyasətindəki mövqeyini, strateji prioritetlərini və geosiyasi yanaşmalarını ətraflı şəkildə əks etdirir.

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasəti milli maraqların qorunması və regional sabitliyin təmin olunması prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini, bu addımın ölkənin suverenliyini və ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynadığını qeyd etmişdir. Bu yanaşma strateji müstəqilliyini və regionda lider mövqeyini gücləndirir. Sülh prosesinin uğurla həyata keçirilməsi Azərbaycan üçün həm daxili, həm də beynəlxalq sabitliyin təmin olunmasına xidmət edir. Cənab Prezident müsahibəsində Rusiya ilə münasibətlərə də toxunmuş, aralarındakı gərgin məsələlərin münasibətlərə təsirini vurğulamış, son illərin ən ciddi böhran məqamlarına işıq salmışdır. Bu müsahibəsində ölkə başçısı tarixi dərinliklərə enərək və real faktlara söykənərək keçmişdə Azərbaycanın necə parçalandığını izah etdi, bu parçalanmanın günümüzə ağır təsirinə diqqət çəkmişdir. Problemin qoyuluşu və beynəlxalq miqyasda gündəmə gətirilməsi sözün həqiqi mənasında diqqətəşayan idi. Prezidentin də qeyd etdiyi kimi, Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən həyata keçirilib və bu, əslində, Azərbaycanın süni şəkildə iki yerə bölünməsi idi. Qərbi Zəngəzurun Ermənistana verilməsi Azərbaycana qarşı böyük tarixi cinayət idi. Ermənistanın Azərbaycana qarşı təcavüzə başlaması ilə bu yol bağlandı və Naxçıvanla əlaqə yalnız hava nəqliyyatı, İran və ya digər ölkələrin əraziləri vasitəsilə mümkün oldu. Bu vəziyyət iqtisadi və strateji baxımdan ciddi problemlər yaradır. Bundan başqa, Prezident İlham Əliyevin Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasəti dəyərləndirərək, təyyarə faciəsindən tutmuş Rusiyada azərbaycanlılara qarşı törədilən qətl hadisəsi və işgəncələrlə müşaiyət olunan zorakılıq hadisələrinə dair açıq mövqe ortaya qoydu və Azərbaycan tərəfinin müəyyən təxribatçılıq addımlara qarşı konstruktiv və hüquqi çərçivədə adekvat cavabların olacağını bildirdi. Bu reaksiya rəsmi Bakının öz milli maraqlarını qorumaqda qətiyyətli və hüquqa əsaslanan siyasət yeritdiyinin bariz nümunəsidir. Şübhəsiz ki, münasibətlərdə ciddi böhran müşahidə olunur və bu böhran Rusiya üçün Cənubi Qafqazda nüfuzunun zəifləməsinin kifayət qədər ciddi əlamətlərindəndir.

Cənab Prezident İlham Əliyevin İran Prezidenti cənab Pezeşkianla bağlı dedikləri isə müsahibənin ən dərin məqamlarından biri hesab oluna bilər. Məsələ ilə bağlı səsləndirilən fikirlər, İranla münasibətlər, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar regionun geosiyasi mənzərəsini dərk etmək baxımından da xüsusilə önəmlidir. Cənab Prezident İran Prezidenti ilə əlaqələri yüksək qiymətləndirərək, onunla qan və dil birliyini önə çəkməsi, öz söhbətlərində tərcüməçiyə heç bir ehtiyacın olmadığını bildirərək dərin strateji mesajlar verməsi isə ən önəmli xüsuslardan biridir. Cənab Prezidentin “biz siyasətimizi rəsmi mövqeyə əsasən qururuq” bəyanatı Azərbaycanın yalnız legitim instansiyaların mövqeyinə önəm verməsinin, keçmiş rəsmilərin və təxribatçı kəsimlərin təxribatçı bəyanatlarına və yalançı rəvayətlərinə məhəl qoymamasının və önəmsiz saymasının bariz nümunəsidir. 

Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin, yalnız Şərq-Qərb nəqliyyat xətti üzrə deyil, həm də Şimal-Cənub marşrutunun tamamlayıcı marşrutuna çevriləcəyi ilə bağlı verilən izahdır. Prezidentin müsahibəsində əsas mesaj ondan ibarətdir ki, dəhlizlər rəqabət yox, əməkdaşlıq üçün imkan yaradır. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, regional əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetidir və bu layihələr heç bir ölkə üçün təhlükə deyil. Məhz bu çərçivədən çıxış edərək Prezident İlham Əliyev öz müsahibəsində Zəngəzur dəhlizi məsələsinin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun strateji maraqlarına cavab verdiyini vurğuladı və dəhliz konsepsiyasının yalnız milli layihə deyil, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin ayrılmaz hissəsi kimi çıxış etdiyini diqqətə çatdırdı. Bu bir həqiqətdir ki, Azərbaycan artıq özünü regional güc mərkəzi kimi təsdiqləyib və bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir. Yeni əməkdaşlıq platformaları Ermənistanı da təcrid və dalan vəziyyətindən çıxarar və onun inkişafını təmin edə bilər.

Prezident Əliyev ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, münasibətlərin müasir mərhələdə yüksələn xətt üzrə dinamik inkişafını və xüsusilə ABŞ Prezidenti Donald Trampın münasibətlərə yeni hava qatdığını, onun vasitəçiliyi ilə Ermənistanla sülh müqaviləsinin əhəmiyyətini qeyd etmişdir. Bu cəhdlər ABŞ-nin regionda təsirini artıqmaqla yanaşı, Azərbaycanın da beynəlxalq mövqeyini gücləndirir. Şübhəsiz ki, Vaşinqtonda imzalanan 8 avqust 2025-ci il tarixli bəyannamə tərəflər arasında sülhün təmin olunmasında başlıca addımdır. Ermənistanın bu bəyannaməyə sadiqliyi daxili siyasi vəziyyət və konstitusiyada nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Bu müsahibədə Prezident Əliyev Ermənistanın konstitusiyasındakı dəyişikliklərin həyata keçirilməsinin sülh müqaviləsinin tam qüvvəyə minməsi üçün vacib olduğunu qeyd etdi.

Ölkə başçısının Ərəb dünyasına ünvanladığı mesaj isə bundan ibarətdir ki, Azərbaycan İslam həmrəyliyi çərçivəsində əməkdaşlığa sadiqdir və regionda sabitlik təşəbbüslərində fəal iştirakık edir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini və regional strateji layihələrin həyata keçirilməsini ətraflı şəkildə əks etdirir. Bu yanşma Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir və regional sabitliyin təmin olunmasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

Cümə, 29 Avqust 2025 08:04

Teatr rəssamı olmağın çətinliyi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həmişə səhnə arxasında qalam tetar rəssamları barədə danışaq. Onlardan biri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı Lətifə Quluzadədir. Bu gün onun doğum günüdür, anadan olmasının 79-cu ildönümüdür. 

 

Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib.

Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır.

Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib.

O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub. O vaxtdan Mirmehdi Seyidzadənin «Cırtdan», Tofiq Ağayevin «Qoçaq Əhməd», Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz», Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm», Eldar Baxışın «Məlikməmməd», Nicat Kazımovun «Ələddin», Şarl Perronun «Qırmızı papaq», Hans Xristian Andersenin «Düyməcik» tamaşalarına tərtibat verib.

2008-ci ildə Gənc Tamaşaçılar teatrında tərtibat verdiyi "Pəri Cadu" tamaşasına görə "Zirvə" mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

 

 

Cümə axşamı, 28 Avqust 2025 18:11

GAP Antologiyasında Şəhram Gülkar, “Abstrakt”

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan Şəhram Gülkardır.

 

Şəhram Gülkar

Muğan

 

  

ABSTRAKT

 

Gecə gəlləm yanına:

Buraxarıq özümüzü axına

Dolanarıq

Dolaşarıq

Heç kimsəyə sataşmarıq

Sən kabusdan qurtararsan

Mən röya axtarışından.

 

Gecə gəlləm yatağına;

Şarjın cibində qalar

Əllərin quş adsına yollanar

Mənim də yorğan-döşəyim nəfəs çəkər

Fikirimi son andaca bataqlığa uzanan mesaj çəkər

 

Axşam gəlləm qapınıza;

Qucun çəkər məni,-

Alar içinə

Saçını xışmalayib

Sarılaram qoxuna

Hürkək kipriklərindən aslanaram

Hovxurub isidərəm rüzgarı

Sən qapı deşiyindən qurtararsan

Mən küçədən

 

Səhər duş alıb çıxarsan;

Otuzduraram kətildə

Saçına seşvar çəkib

Telini ovcuma alıb,-

Öpub gözümə qoyaram

Çiynağını öykələyib

Sinirinlə tanışaram

Neron-un ilanlarıyla barışaram

Sənin bədənin dincələr,-

Mənim canım

 

Günüz pasajda görüşüb;

Soyunarıq işin yorğunluğunu

Baxışın məni dincəldər

Sən də mənim uzumun qıyısında

Paltarını soyunarsan

Uzanıb,-

Əndamını özgürlüyə verərsən

Sonra özünü atarsan gözümə.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

Cümə axşamı, 28 Avqust 2025 17:37

Səlcuqlarda elm və təhsil siyasəti

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün elm və təhsil mövzusunda söhbət edəcəyik. Səlcuqlu dövlətində elm və təhsil siyasəti necə olub?

 

XI–XIII əsrlərdə yaşamış Səlcuq imperiyası türk-islam mədəniyyətinin inkişafında mühüm rol oynamış dövlətlərdən biri idi. Siyasi hakimiyyətlə yanaşı, Səlcuqlar elm, mədəniyyət və təhsil sahəsinə xüsusi diqqət yetirmişlər. Bu siyasət həm dövlətin ideoloji dayaqlarını möhkəmləndirmiş, həm də İslam sivilizasiyasının inkişafına mühüm töhfələr vermişdir. Səlcuqların elm və təhsil siyasəti yalnız dini biliklərin deyil, həm də dünyəvi elmlərin inkişafına geniş imkan yaratmışdır.

Səlcuq hökmdarları alimləri himayə edir, elm adamlarını saraylarına dəvət edirdilər. Xüsusilə Böyük Səlcuqlar dövründə elm sahiblərinə maddi yardım göstərilir, onların əsərləri qorunur və yayılırdı. Bu siyasət nəticəsində Bağdad, Nişapur, İsfahan kimi şəhərlər elm və mədəniyyət mərkəzinə çevrilmişdi.

Səlcuq vəziri Nizamülmülkün təşəbbüsü ilə XI əsrdə “Nizamiyyə” mədrəsələri yaradıldı. Bu mədrəsələr dövrün ali təhsil müəssisəsi hesab olunurdu. Mədrəsələrdə dini biliklərlə yanaşı, fəlsəfə, riyaziyyat, məntiq və hüquq kimi fənlər də tədris edilirdi. Bu, Səlcuqların təhsil siyasətinin sistemli və dövlət nəzarətində olmasının bariz nümunəsidir.

Səlcuqlar elm siyasətində dini və dünyəvi bilikləri bir-birindən ayırmamış, onları paralel şəkildə inkişaf etdirmişlər. Məsələn, mədrəsələrdə Quran, hədis və fiqh ilə yanaşı, astronomiya, tibb və riyaziyyat da öyrədilirdi. Bu yanaşma, bir tərəfdən dini ideologiyanı gücləndirir, digər tərəfdən isə dövlətin hərbi və iqtisadi gücünü artırırdı.

Elm və təhsil yalnız mədəni inkişaf vasitəsi deyil, həm də siyasi hakimiyyəti möhkəmləndirmək üçün ideoloji vasitə idi. Mədrəsələr vasitəsilə dövlətə sadiq alimlər yetişdirilir, İslam dünyasında vahid dini-siyasi baxış formalaşdırılırdı. Bu, həm də Səlcuqların Abbasilərlə münasibətlərində siyasi güc qazanmasına yardım edirdi.

Səlcuq dövründə çoxsaylı alimlər fəaliyyət göstərmişdir. Məsələn, məşhur filosof və hüquqşünas İmam Qəzali Nizamiyyə mədrəsələrinin ən görkəmli müəllimlərindən idi. Eləcə də, Ömər Xəyyam riyaziyyat, astronomiya və fəlsəfə sahəsində mühüm əsərlər yazmışdır. Bu, Səlcuqların elm siyasətinin nəticəsində alimlərin fəaliyyətinə geniş meydan verildiyini göstərir.

Səlcuqlarda elm və təhsil siyasəti dövlətin ideoloji, siyasi və mədəni həyatının ayrılmaz hissəsi olmuşdur. Nizamiyyə mədrəsələrinin yaradılması ilə elm və təhsil dövlət nəzarətinə alınmış, dini və dünyəvi elmlərin inkişafına şərait yaradılmışdır. Səlcuqların elm siyasəti nəticəsində İslam dünyasında yeni mədəni yüksəliş mərhələsi başlamış, alimlər yetişmiş və sonrakı dövrlərdə İslam sivilizasiyasının inkişafına zəmin hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

                                                                                  \

Türkiyədə keçirilən növbəti müsabiqə barədə jurmalist, yazıçı, şair Kerim Özbekler “Ədəbiyyat və incəsənət” portalının oxucularına məlumat verir.

 

10.VEDAT GÜNYOL ESSE MÜKAFATI QALİBİNƏ 30.000 LİRƏ VERİLƏCƏK, SON MÜRACİƏT TARİXİ: 14 NOYABR 2025, CÜMƏ

Namizədlər esse janrında yazılmış, nəşr olunmuş və ya olunmamış əsərlə müsabiqədə iştirak edə bilərlər. Müsabiqə hər kəs üçün açıqdır.

Əgər əsər nəşr olunmayıbsa, ən azı 30 səhifəlik, türk dilində yazılmış işlərlə müsabiqəyə qatılmaq mümkündür.

Namizədlik üçün müraciət müddəti 31 iyul 2025-ci ildə başlayacaq və 14 noyabr 2025-ci il tarixində başa çatacaq.

Müraciətlər yalnız poçt vasitəsilə qəbul ediləcək. Poçtdakı gecikmələr nəzərə alınmayacaq. Hər hansı sual üçün göstərilən e-poçt ünvanına müraciət edilə bilər.

  • Mükafata müraciət edən şəxsin aşağıdakı sənədlərdən hər birindən on bir nüsxə təqdim etməsi tələb olunur:
    a) Son iki il ərzində (2023–2025) nəşr olunmuş kitabı, əgər kitab nəşr olunmayıbsa – Arial və ya Times New Roman şriftləri ilə 12 puntla yazılmış, 1.5 sətir aralığı ilə tərtib olunmuş, ən azı otuz səhifəlik və spiral formada cildlənmiş esse işi.
    b) Tərcümeyi-hal, ünvan, telefon nömrələri və varsa e-poçt ünvanı ilə birlikdə imzalanmış müraciət ərizəsi. Bu sənədlər “Vedat Günyol Esse Mükafatı Katibliyinə” göndərilməlidir.
  • Qeyd: Göndərilən əsərlər və kitablar geri qaytarılmayacaq.

10. VEDAT GÜNYOL ESSE MÜKAFATININ MƏBLƏĞİ:

  • Birinci yer mükafatı: 30.000 TL
  • Münsiflər heyətinin xüsusi mükafatı: 15.000 TL
  • Gənc esse yazarı mükafatı: 15.000 TL

10. VEDAT GÜNYOL ESSE MÜKAFATINI DƏSTƏKLƏYƏN QURUM VƏ TƏŞKİLATLAR:
Kartal Bələdiyyəsi – Türkiyə Yazıçılar İttifaqı – Cumhuriyet Qəzeti – PEN Türkiyə Yazıçılar Dərnəyi – İstanbul Atatürk Liseyi Məzunları Vəqfi

10. VEDAT GÜNYOL ESSE MÜKAFATI MÜNSİFLƏR HEYƏTİNİN ÜZVLƏRİ:
Adem Uçar, Adil İzci, Adnan Özyalçıner, Arif Kızılyalın, Bülent Ayyıldız, Av. Celal Ülgen, Hürriyet Yaşar, Hüseyin Ferhad, Hüseyin Köse, Rengin Cemiloğlu, Şenel Gökçe, Tahir Şilkan, Uğur Kökden

10. VEDAT GÜNYOL ESSE MÜKAFATI İCRA HEYƏTİNİN ÜZVLƏRİ:
Adil İzci, Aydın Ergil, Aykut Sezgin, Celal Ülgen, Deniz Şahin, Hürriyet Yaşar, İsmail Biçer, Muharrem Semir, Mustafa Köz, Naci Öztürk, Nesim Ovadya İzrail, Rengin Cemiloğlu, Şenel Gökçe, Tahir Şilkan, Ulviye Alpay

MÜRACİƏT ÜNVANI:
Fatma Yiğit
Kartal Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Müdirliyi
Belediye Caddesi, No.6
Kartal – İstanbul
Tel: 0 (216) 280 58 09
E-poçt:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirlər ki, insanın adının mənası onun taleyində əhəmiyyətli rol oynayır. Amma elə nadir adlar var ki, onların mənasını dərindən başa düşmək çox çətindir. Məsələn, “Ərtegin” adı. Bu ad azərbaycanlıların adlar siyahısında yoxdur. Lüğət isə, onu belə izah edir; igid varis və ya igidin varisi...

 

Bəli, bu dəfə sizə ölkəmizdə nadir adlardan birini daşıyan professor Ərtegin Salamzadədən danışmaq istəyirəm. O, 1965-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaya gəlib. Atası- əslən Şamaxı rayonundan olan memar, əməkdar inşaatçı, əməkdar elm xadimi, akademik Əbdül Vahab Salamzadə olub...

 

Ərtegin müəllim 1987-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” bölməsini bitirib. 1987-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hazırda İnstitutun rəhbəridir. Eyni zamanda, Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının professorudur. 1992-ci ildə namizədlik dissertasiyasını Bakıda, 2002-ci ildə isə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. Sənətşünaslıq elmləri doktoru, professordur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür...

 

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov onun haqqında yazır: “Ərtegin Salamzadənin elmi fəaliyyətini bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən nə vaxtsa araşdırılacaq. Eləcə də, onun idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və yüksək keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Daha mühümü, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir. Bir sözlə, Ərtegin müəllimin özəlliyi böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir. Əslində, bu fundamental dəyərlərin təbliğidir...”   

 

...Bakı, İstanbul, Daşkənd, Almata, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunan, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr etdiyi 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan “Azərbaycan sənətşünaslığı. XX əsr”, “Elçin Əlibəyli: rəssam və bədii ənənə”, “Dizayn və informasiya”, “İncəsənət və sənətşünaslıq” monoqrafiyaları, “Dizayn tarixi”, “Vizual informasiya” ali məktəblər üçün tədris vəsaitləri, “Məlik Ağamalov. Boyakarlıq”, “Tofiq Rəsulov. Şəbəkə” və “Akmal Nur. Boyakarlıq” kataloqlarını göstərmək olar...

 

...Çox səmimi adamdır. Təkəbbür və lovğalıqdan uzaqdır. Nizam-intizamı xoşlayır. İnanılmaz dərəcədə ağıllıdır və həmişə onun beyni qəbul etdiyi məlumatları təhlil etməklə məşğuldur. O, dünyanı öz xüsusiyyətlərinə uyğunlaşdırmaqdan və ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan zövq alır. Bəzən, həyatda buraxdığı kiçik səhvlərə görə, özünü çox sərt və amansızcasına tənqid edir. Bu onun olduqca ağıllı olmasının təzahürüdür. O, hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. İşlərini planlaşdırmağı sevir. Mütəşəkkil və nizamlıdır. Bundan əlavə, çox ehtiyatlıdır. Səhv etməkdən, könül qırmaqdan qorxur. Səliqə-səhmana ciddi riayət edir. Gözlənilməz sürprizləri sevmir. Söz verdisə sözünə hökmən əməl edir. Adamları ruhdan salmaq onun təbiətinə yaddır. Əksinə, adamlara bacardığı qədər kömək etməyə hazırdır. Təfərrüat yönümlü insandır. Məzmunlu və məntiqlidir...

 

...Bəli, ölkəmizdə nadir adlardan birini daşıyan Ərtegin müəllim də, adına uyğun taleyini yaşayır. Bu gün onun yubileyidir, 60 yaşı tamam olur. Təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Cümə axşamı, 28 Avqust 2025 16:08

Bir zamanlar bir Məmməd Alim var idi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alim var idi bu dünyada. 

Gəncə ədəbi mühitinin dəyərli nümayəndəsi, qiymətli imzası idi. 

Düz 11 il bundan əqdəm, 28 avqust 2014-cü ildə onu itirdik. Özündən sonra kitabları, bir də xatirəsi qaldı…

Bu günkü anım günündə onu hörmətlə anırıq. “Allah rəhmət eləsin!” deyirik.

 

Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 

2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb. 

Onun ən məşhur şeiri isə "Dünya, qapını aç, aç çıxım gedim" şeiridir ki, bu çeiri də bu anım günündə oxuculara təqdim etməyi borc bilirik. 

Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.

Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.

Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.

Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.

Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.

Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.

İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…

Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.

 

Bəli, həqiqətən də şairin özünə başdaşı olacaq bir qələmi vardı, bu qələmlə bu cür gözəl şeirlər yaratdı.

Nə deyək. O dünyası gözəl olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.