Super User

Super User

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlimata görə, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Eləcə də onların dünya bazarına çıxmaq istiqamətində  təcrübə əldə etmələrinə və yeni təşəbbüslərinə dəstək  əsas hədəflərdir. 

20 minə yaxın gəncin iştirakı ilə dünyada onuncu, ölkəmizdə isə üçüncü dəfədir təşkil olunacaq “DIGIAGE” düşərgəsi vasitəsilə oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstəriləcək və investisiya əsasında ekosistemi böyütmək imkanı təmin ediləcək.

Artıq 3-cü dəfədir keçirilən düşərgəyə 2023–2024-cü illərdə ümumilikdə 442 nəfər müraciət edib, onlardan 192 nəfər seçilərək iştirakçı olub.

“DIGIAGE - Bakı 2025”  düşərgəsində iştirak etmək istəyən şəxslər 24 oktyabr 2025-ci ilə tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/aVtVRL7Ah966Yrm18

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Tbilisidə Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi münasibətilə onun ideya müəllifi olduğu, əslən gürcüstanlı soydaşımız, görkəmli hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr edilən “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Polkovnik” filminin təkcə bir qəhrəmanın həyatına deyil, həmçinin Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq saldığını deyib. Orada doğulub yaşayan soydaşlarımızın qəlblərinin hər zaman Azərbaycanla döyündüyünü, onların mənəvi bağlarının, Vətənə olan sevgilərinin daim güclü olduğunu bildirib.

Filmin ideya müəllifi Həsən Həsənov “Polkovnik”in ərsəyə gəlməsinin Azərbaycan tarixində iz qoyan şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıdığını deyib.

Sonra filmin rejissoru Tahir Əliyev səhnə əsərinin tarixçəsi, araşdırmaçı jurnalist Mirzə Maşov isə Yadigarovlar ailəsi və Yadigarovun həyatı barədə məlumat veriblər.

Məlumat üçün qeyd edək ki, çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramının iştirakçıları Şuşa və Xankəndiyə səfər ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Şuşada olub, Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycanın mədəni irsinə qarşı erməni vandalizmi haqqında məlumat verilib. Təcrübə proqramının iştirakçıları şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.

Xankəndidə Qarabağ Universitetində görüş zamanı universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Daha sonra Zəfər meydanını ziyarət edən qonaqlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından danışılıb. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramının iştirakıçıları Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazsodur.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Respublika Gənclər Kitabxanasında Azərbaycan hərb tarixində xüsusi yeri olan, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri, müdafiə naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 170 illik yubileyi münasibətilə “İlk ordu generalımız Səməd bəy Mehmandarov - 170” adlı daycest hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, material general Səməd bəy Mehmandarovun Vətən və millət qarşısındakı xidmətlərini oxuculara çatdırmaq, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə hazırlanıb.

Təqdim olunan vəsaitdə Səməd bəy Mehmandarovun həyat və hərb fəaliyyəti, artilleriya generalı kimi Azərbaycan ordusuna və Cümhuriyyətin ordu quruculuğuna verdiyi töhfələrdən bəhs edilir. Daycestdə “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tam mətni təqdim edilir.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti Atamalı Şahbazovun “Brilyantla bəzədilmiş qızıl Georgi silahını alan ilk azərbaycanlı sərkərdə” adlı məqalənin tam mətni, Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə dair 2013-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa xülasəsi və elektron mənbəsi yer alır.

İlk ordu generalımız Səməd bəy Mehmandarov - 170” adlı daycest kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

Cümə, 17 Oktyabr 2025 14:29

ANAR, “Aşıqsayağı“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

AŞIQSAYAĞI

Emin Sabitoğluna

 

Yazda yaşıl yamacları

Qışda qar aldı, qar aldı.

Göyü tutdu qara bulud,

Hava qaraldı, qaraldı.

 

Xoş günümüz əzəl imiş,

Bir-birindən gözəl imiş,

ömrün sonu xəzəl imiş,

Soldu saraldı, saraldı.

 

İllər artdıqca yaşıma,

Yalqızlıq çıxdı qarşıma,

Gen dünya mənim başıma

Yaman daraldı, daraldı.

 

Dost-yoldaşsız necə olum,

Boş qalıbdı sağım-solum,

Sap kimidi ömür yolum,

Harda qırıldı, qırıldı.

 

Araz getdi, dərdi yaman,

Sən qalmışdın mənə həyan,

Sən də getdin bu dünyadan,

İndi təkcə Anar qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

Ədəbiyyat və incəsənət” portalı oxucusu Azər AllahverdiyevinAxı, bu payızda təzə nə var ki” adlı essesini diqqətinizə çatdırır.

 

 

Bu payız illərin payızıdır. Bu xəzanlar köhnə xəzan, köhnə yarpaqlardır, qoca çinarın əyilmiş budağının yarpaqlarıdır. Bu yarpaqlar ötən ilki budaqlardan tökülüb, elə ötənilki yarpaqlardır.

Aylar keçəcək, bu yarpaqlar yenə torpağa qarışacaq, itəcək, heç payızı xatırladan bir nişanəsi də qalmayacaq.

 

Axı, bu payızda təzə nə var ki?

 

Ötən payızda saçlarını tumarlayardım, bu gün yoxsan, payızın xəzanını, sarı yarpaqlarını, ağacların üstündəki mamırları tumarlayıram. Mamırlar da ağacların saçlarıdır. Hansı gözəlin saçlarından əskikdir ağacların saçları?

Ötənilki payızdır, köhnə meşə, qoca ağaclar, yenə saralmış yarpaqlar…

Yenə sakit-sakit axır bulaqlar, yenə sakit-sakit düşür axşamlar, yenə cəh-cəh vurur quşların səsi, yenə hiss edilir payızın nəfəsi.

 

Axı, bu payızda təzə nə var ki?

 

Zirvədəki dümağ qardır, dərədəki ətir çiçəkdir, qayadakı qartallardır, səmalarda qatar-qatar uçan durnalardır. Köç eyləyir yurdlarına.

 

Ötənlərə nəzər salaq, meşələri ağac-ağac, ağacları budaq-budaq, budaqları yarpaq-yarpaq, şəhərləri küçə-küçə, küçələri bina-bina dolaşdığımız payızdır.

 

Xatirələri təzələyək varaq-varaq, kitab-kitab, hissə-hissə, dolaşdığımız küçələri yenə gəzək qarış-qarış, addım-addım, cığır-cığır, təkcə qalan izimizdir.

 

Axı, bu payızda təzə nə var ki?

 

Yerə tökülüb sarı yarpaqlar, saralıb küçələr, saralıb bağlar, yenə sızıldayır ürəyim.

Bir payız axşamı, “payız adamı” ac qalmış ruhumu elə döyür ki, hönkür-hönkür ağlamaq istəyirəm. Meşədəki bozqurd sevdası, yuxularımı ərşə çəkir bozqurdların ulaşması, sırğa kimi qulağımda asılıbdır. Gözümün önündən bozqurdların orduları keçir. Yenə köhnə meşə, qoca çinarlar, bomboz ağaclar, saralmış yarpaqlardır.

 

Axı, bu payızda təzə nə var ki?

 

Yazılanlar yazılacaq, pozulanlar pozulacaq, ağlayanlar güləcək, gülənlər ağlayacaq, sarı yarpaqlar yer üzünə işıq saçacaq. O yarpaqlar zaman ötdükcə torpağa qarışacaq, yenə payız gələcək, tər-təzə sevgilər iz salacaq. Ağbirçək nənələr, ağsaqqal babalar, yenə əsasına söykənəcək, didərginlər çadırlara, quşlar yuvasına sığınacaq.

 

Bu, illərin payızdır.

 

Biz sevginin şərbətinə acı qatıb, bir kimsənin kədərinə gülməmişik. Dönə-dönə danmasaydıq sevgimizi, saralmazdı bu yarpaqlar, qocalmazdı bu çinarlar, ağarmazdı saçlarımız, əvəzində təzə-təzə şəhər salıb ev tikərdik, bulaqlardan su gətirib gül əkərdik, saçlarına yarpaqlardan çələng toxuyardım.

Bu, illərin payızıdır, köhnə payız, köhnə meşə, qoca çınarlardır.

 

Axı, bu payızda təzə nə var ki?

 

İzin qalan küçələrə yolun düşsə denən mənə, yolu- izi təmizləyim, sarı yarpaqlar düzüm.

Sən meşə, mən meşədəki tənha palıd, mən yağış, sən bulud, mən ağac, sən yarpaq ol.

Oturaq yarpaqların üstündə, quzu kimi, sakit axan çayların büllur sularında üzən yarpaqlara baxaq, cəh-cəh vuran turacların, kəkliklərin nəğməsinə qulaq asaq, ötənləri xatırlayaq.

 

Axı, bu payızda təzə nə var ki?

 

Xəzanlar harayıma çatır, intihar edən yarpaqlar yenə səpələnib yer üzünə, yenə ötən payız, yenə ötən yarpaqlar. Bir payız küləyi dolanır indi. Yenə xəyallara dalıb köksümü ötürüb saralmış yarpaqlara baxıram.

 

Payız yarpaqları alnımın qırışıdır, ağaclardan düşüb yerdə belə ölür, biz dünyada sevənlərə iz qoyuruq, iki qoca uşaq kimi.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Tariximizin daha bir şərəfli səhifəsi.

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin 5-ci ildönümüdür. Dahi Azərbaycan şairi Füzulinin adını daşıyan, bir vaxtlar Sovetlərin Qaryagin adlandırdığı bu rayonu və onun mərkəzi şəhərini sevmək üçün əslən Füzulidən olan şair  Əşrəf Veysəllinin şeirlərini, yazıçı Seyran Səxavətin hekayələrini oxumaq da yetər.

 

1993-cü ildən Füzuli rayonunun ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə yenidən təşkil olunmuş və qeyd etdiyimiz kimi, Qaryagin adlandırılmışdır. Təsəvvür edin ki, bu Qaryagin rus polkovniki imiş, İranla müharibədə nə qədər azərbaycanlı öldürübmüş. 1959-cu ilin aprelində milli hisslər dilə gəlmişdir, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin adı dəyişərək Füzuli olmuşdur. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu həm də qədim tariximizin sübutu məkanıdır. 1968-ci ilin yayında Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlamışdır.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Azərbaycan ordusunun 1994-cü ilin yanvar ayının 5-də başladığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr 2020-ci il Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr 2020-ci ildə Arış kəndi, 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu.

Yaşasın Azərbaycan ordusu!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Sevgi Zülfüqarovanın "Yarımçıq qalmış xəyallar" adlı hekayəsi təqdim edilir.

 

Şuşanın soyuq qış gecələrindən biri idi. Qar dizə qədər yağmış, yolları bağlamışdı. Rüstəm və ailəsi bu ağır qışı yenə kasıblıq içində keçirməyə məcbur idi. İş tapmaq mümkün deyildi, ümidlər isə qarın altına gömülmüşdü. Zəhra axşama yemək bişirirdi. Mərdan və Firəngiz dərslərinə baxırdılar. Hər tərəfdə bir xəbər dolaşırdı – düşmən torpaqlarımıza doğru irəliləyir. Qorxu hər evə sükut kimi çökmüşdü.

Rüstəm soruşdu:

– Zəhra, yemək hazırdırmı?

Zəhra təbəssümlə cavab verdi:

– Bəli, Rüstəm. Əlimizdə olan az-çox ərzaqla bu gün də ocağımız sönmədi, şükür.

Rüstəm uşaqları səslədi:

– Gəlin, ananız süfrə açıb.

Mərdan bacısına baxdı:

– Gəl, Firəngiz, atam bizi çağırır.

Yemək yedilər, sonra bir az oturub yatmağa getdilər. Lakin o gecə sükut çox çəkmədi. Kənddən səs-küy qalxdı, atəş səsləri eşidildi. Rüstəm və Zəhra həyəcanla oyandılar.

– Durun, balalarım! – deyə Rüstəm səsləndi.

– Uşaqları qorumalıyıq! – dedi Zəhra, əlləri titrəyə-titrəyə.

Onlar nə baş verdiyini anlamışdılar. Düşmən şəhərə soxulmuşdu. Rüstəm şəhərin müdafiəsinə qatıldı, Zəhranı və uşaqları isə qadın, qoca və uşaqlardan ibarət qaçqın köçünə qatdı.

Düşmən hər tərəfi atəşə tuturdu. Zəhra və uşaqlar qaça bildi, amma Rüstəm... Rüstəm orada, doğma torpağında şəhid oldu.

Zəhra ağlamadı. Qəlbi yanırdı, amma göz yaşı tökmədi. Uşaqlarına sarılıb Şuşadan ayrıldı. Amma onlar bilmirdilər ki, qarşıda onları necə bir həyat, necə bir taleyin ağrısı gözləyir. Qaçqınlar arasında Bakıya gətirildilər.

Mərdan göz yaşı tökmədi. Atasının xatirəsi onun qəlbində bir and kimi yazıldı. Firəngiz uşaq saflığıyla “Atam gələcək, elə deyil?” – deyə ağlayırdı. Zəhra isə canı yansa da susurdu. O, həm ana, həm ata idi artıq.

Mərdan anasına baxıb dedi:

– Ana, canınız yanmasın. Gün gələcək, mən atamın qisasını alacam.

Onda Mərdan 9 yaşında idi. O and içdi.

İllər keçdi…

Zaman köhnə acıları soyutmadı. 27 il sonra Mərdan 36, Firəngiz 35 yaşına çatdı. Zəhra isə ağ saçlı, amma dik duruşlu idi. Mərdan sözünə sadiq qaldı – hərbçi oldu. Firəngiz isə ədalət carçısı kimi tanınmış bir vəkil idi.

Və 27 sentyabr 2020-ci il – səfərbərlik günü çatdı.

Prezident xalqa səsləndi, Vətən oğullarını çağırdı.

Mərdan sevinirdi. Bu, təkcə vətənin azadlığı uğrunda müharibə deyildi, həm də verdiyi andın həyata keçməsi idi. Və o, cəbhəyə yollandı.

Müharibə başladı. Torpaqlar azad olurdu, hər gün bir kənd, bir şəhər müjdəsi gəlirdi. Amma hər müjdə ilə bir şəhid xəbəri də gəlirdi.

Bir axşam Mərdan anasına zəng etdi.

– Ana, yaxşıyam, narahat olmayın. Atamın qisasını alacam.

Zəhranın boğazı düyünləndi:

– Oğlum, qurban olum, elə demə. Amma bil ki, səninlə fəxr edirəm.

Mərdan sükutla dedi:

– Əgər qayıda bilməsəm... uşaqlarıma, yoldaşıma, bacıma, özünə yaxşı bax.

Zəhra göz yaşlarını gizlədərək cavab verdi:

– Sən gələcəksən, oğul. Səni dua ilə yola salmışam.

Və Mərdan dedi:

– Ana, atamın qisasını bu gün alacağam.

Zəhra ağlayaraq pıçıldadı:

– Yolun açıq olsun, oğul. Vətən səninlədi.

Firəngiz telefonu əlinə alaraq soruşdu:

– Can qardaşım, necəsən?

– Can bacı. Özünə yaxşı bax, mən yaxşıyam.

– Nərgiz də sənlə danışmaq istəyir.

Telefonu Nərgiz əlinə alıb:

–Nə vaxt bitəcək bu döyüş? Uşaqlar da biz də sənin üçün çox darıxmışıq.

–Narahat olmayın. Hər şey çox yaxşı olacaq. Uşaqlarımıza və özünə çox yaxşı bax. İndi daha bağlamalıyam.

Səhəri gün Şuşa uğrunda döyüş başladı.

Döyüş qanla, səda ilə, mərdliklə dolu idi. Mərdan yaralanmışdı, amma dayanmırdı. Son gücüylə irəliləyirdi.

Və o an...

Qanlı torpağın üstündə gözləri yumuldu.

Son sözləri bu oldu:

– Oğlun qisasını aldı, ata. Vətən sağ olsun...

Səhər açıldı. Komandir Zəhranın evinə gəldi, əlində üçrəngli bayraqla.

Zəhra qapını açar-açmaz hər şeyi anladı.

– Demə, komandir… bu xəbəri mənə demə...

Komandir səsi titrəyə-titrəyə cavab verdi:

– Bağışla, ana… Oğlun qəhrəmancasına şəhid oldu. Şəhid anasısan, başını dik tut.

Mərdanın məzarı üstündə Zəhra, Firəngiz və uşaqlar dayanmışdı.

Fəxrlə, amma göz yaşları içində pıçıldadılar:

– Fəxr edirik səninlə, Mərdan. Biz şəhid övladıyıq!

O an, sanki küləklə bir səs gəldi:

Rüstəm deyirdi:

– Atan səninlə fəxr edir, oğul.

Mərdanın ruhu cavab verdi:

– Vətən sağ olsun, ata.

Bu hekayə hər bir azərbaycanlının qəlbində yaşayan bir gerçəkdir.

Bu torpaq, bu azadlıq, bu səma – şəhidlərin qanı ilə yazılmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vətən sizinlə fəxr edir!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü

Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.

Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!

 

17 oktyabr. Yoxsulluqla mübarizə günü

İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə  BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!

 

17 oktyabr. Streyt-ədj günü

Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!

 

17 oktyabr. Frederik Şopen sevgisi

Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü.  Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.

1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.

Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Bu gün uzun müddətdir ki, toplamağa başladığım, oxuduğum bədii və elmi-kütləvi əsərlərdə qarşıma çıxan adətlər, inanc və sınamalar içərisində sırf xristan dini ilə bağlı maraqlı saydığım adət və inancların bəzilərini sizinlə bölüşəcəyəm. Düşünürəm ki, oxucular üçün də bu məlumatlar maraqlı olar.

 

İnsanlar ibtidai icma dövründən yüz illəri geridə qoymuş, bugünümüzə gəlib çatan inam və sınamalara inanmış, ümidlərini onlara bağladığından onu nəsildən nəsilə ötürməli olmuşlar. Qədim insanların dərdlərinə çarə, əlac, qəlblərinə təsəlli, təskinlik yeri olmuş bu inanc və sınamalar bir çox yerlərdə hal-hazırda da öz cəlbediciliyini saxlamaqla xalqlar arasında yaşamaqdadır. Bu inanclar şüurlarda özünə yer eləməklə məxsus olduğu xalqların milli mənəvi sərvətinə çevrilərək həmin xalqların kökləri çox-çox dərin qatlara gedən qan yaddaşıdır. Şifahi nitq vasitəsilə yazılı ədəbiyyata gətirilmiş bu dədə-babadan qalma nümunələr məxsus olduqları xalqların dini adətlərini, ayinlərini, inanclarını, dünyəvi və ruhani görüşlərini özündə ehtiva edir. O cümlədən, dinlər içərisində dünya xristianlarına məxsus dini adət-ənənələr və inanclar möhkəm özül üzərində bərqərar olmuşdur. Burada bəzi ziddiyyətli fikir və mülahizələrlə rastlaşmalı oluruqsa da onlar öz əhəmiyyətlərini bugün də saxlamaqla xalqların həyatına daxildirlər.

Xristian ölkələrinin əhalisi arasında Milad bayramının xüsusi yeri olduğundan ilk öncə bu barədə söz açaq. Qeyd edək ki, milad bayramı dünya xristianları üçün önəmli bayramlardandır. Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Bu bayram xristianların mənsub olduqları məzhəblərdən asılı olaraq, müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər. Katoliklər Miladı dekabrın 25-də qeyd edirlər. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Digəriləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər. Məlumdur ki, Milan tarixi İncildə göstərildiyi kimi İsanın anadan olması haqqında İncilin Əhdi-Cədiddəki məlumatla bağlıdır.

 

          …İncilə görə, İsanın anası Məryəm adlı qadın olub. Məryəm Cozef adlı dülgərlə nişanlı olub. Lakin Məryəm bakirə ikən hamilə qalıb. Bu zaman mələklər Məryəmə bir oğlan doğacağı haqqında məlumat veriblər. Digər inanclara görə, mələklər həm də Cozefi inandırıblar ki, Məryəmi qovlamasın, onunla evlənsin. İsanın doğulduğu yerə ilk olaraq gəlib çatması haqqında da müxtəlif inanclar mövcuddur. Bəzi dini kitablarda yazılır ki, bu yeri çobanlar tapıblar. Amma Metyudan olan İncildə isə “ulduzların göstərdiyi yolla” İsanın doğulduğu yerə gəlib çıxan müdriklərdən bəhs olunur. Məryəm və Cozef uşaq doğulana qədər Vifleyem şəhərinə gedirlər. Çünki öz ata evini tərk etmiş Cozef Roma imperatorunun əmri ilə keçirilən siyahıyaalmada iştirak etməliydi. Odur ki, Məryəmlə Cozef İordan çayının kənarı ilə yola çıxırlar. Amma onlar Vifleyemə gəlib çatanda şəhər mehmanxanasında yer tapılmır. Mehmanxana sahibi onlara öz evinin yaxınlığında dağdakı mağarada, atların saxlandığı yerdə gecələməyə icazə verir. Məryəm məhz bu cür səs-küylü, heyvanların qaldığı bir pəyədə öz uşağını dünyaya gətirir.

 

         …Digər bir əfsanəyəsə görə, çobanların yanında qalan kiçik bir yetim oğlan İsanın doğulması xəbərini eşidəndə onun üçün tikandan çələng hazırlayıb. Lakin sonra öz hədiyyəsindən utanaraq ağlamağa başlayır. Onun göz yaşları al-qırmızı pırkal meyvəsinə dönüb. Qədim təriqətlər bu bitkidən müdafiə üçün istifadə ediblər. Onlar qapı-pəncərələri pırkalla bəzəyərək pis ruhları qovmağa çalışıblar.

 

…İngiltərədə olan Roma əsgərləri də bayrama öz paylarını vermişdilər. Onlar bayram günlərində yaxşıca yeyib-içir, əylənirdilər. Kilsə həmçinin pırkal bitkisini İsanın tikanlı çələng simvolu kimi seçib. Əfsanəyə görə, Roma əsgərləri bu tikanlı bitkidən tac düzəldib onu İsanın başına taxıblar və mahnı oxuyublar: “Yəhudilərin kralını salamlayın”. Pırkalın meyvələri adətən ağ rəngdə olsalar da, Məsihin qanı onları tünd-qırmızı rəngə boyayıb. (“kulis.az” saytından)

 

         Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, sonda həyatdan köçür. Bu üç mərhələnin folklorda doğum, toy, yas mərasimləri şəklində əks olunması təbiidir. Topladığımız inanc və sınamalar içərisində özünəməxsus çəkisi olan toy mərasimləri də adamların şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla həyat düzəmini müəyyənləşdirmək ehtiyacından meydana gəlmiş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir. Bu baxımdan da nəsillərin müşahidəsindən keçdikdən sonra ağızlardan-ağızlara düşərək arıtlanmış inam və sınanclar insanların məişətində  də özünü daha qabarıq göstərməkdədir. İnamlar əsasında nənə və babalar tərəfindən illərin təcrübəsindən çıxarılmış sınanclar vaxt ötdükcə adət şəklini almış, nəsillərin yaddaşında əbədiləşdiyindən ailə məişət daxilindəki münasibətlərdə gələcək nəsilin sağlamlığına önəmli yer ayrılmışdır. Buna görə də, slavyan xalqlarında bir sıra adətlər əsasən hamilə qadınlarla bağlıdır: 

 

·        Uşağın kar olmaması üçün hamilə qadınlara balıq yemək olmazmış. 

·        Əkiz uşaqların doğulmasından qaçmaq üçün bitişik meyvələri yemək olmazmış. 

·        Uşağın yuxusuzluğunun qarşısını almaq üçün hamilə qadınlar dovşan əti yeməzmiş. Bəzi inanclara görə dovşan heç vaxt yatmır. 

·        Uşağın burnunun axmaması üçün hamilə qadınlar selikli göbələk yeməzlərmiş.

 (yazar Elnarə Ağaoğlu “kulis.az” saytından). 

·        Fransızlarda həftənin cümə günü uğursuz sayılır.

·        Xristiyanlardan ötrü saatın ilk beş dəqiqəsi iş görmək üçün ən uğurludur.

·        Rusiyada və Qafqaz xristianları kimisə səfərə yola salanda uğur diləmək üçün, həm də səfərdən sağ-salamat qayıtması münasibətilə şampan şərabı içirlər.

·        Adətə görə ruslar  bir-biriylə vidalaşarkən qucaqlaşıb üç dəfə öpüşürlər.

·        Rusiyada yaşayan skopsislər (skopsislər provaslav dinin bir təriqətidir.) adətə görə ilk uşaqları dünyaya gələndən sonra özlərini axtaladırlar. Bu əməliyyatı cərrahiyyə yolu ilə öz arvadlarına da tədbiq edib onları da sonsuzlaşdırırlar.   (A.Düma “”Qafqaz əsərindən)

·        Şotlandiyada gəlinlərin toydan əvvəl üstləri palçıq, yumurta və digər şeylər ilə çirkləndirilir və belə şəhərdə piyada gəzdirirlər. Gəlinlər isə intiqam olaraq gecə gec saatda böyüklərinə ayaqlarını yudurdur.

·        Tanzaniya və Keniyada yaşayan Vesai qəbiləsi üzvləri bir-biri ilə tüpürərək salamlaşırlar.

·        Guamda bakirə insanların evlənməsi qadağandır. Heç bir əlaqə yaşamadan evlənmək onlar üçün utanc mənbəyi və təcrübəsiz olduqlarını göstərən bir əlamət sayılır.  (“bizim.az” saytından)

·        Fillipində bəy və gəlin toy gecəsi sərxoş olana qədər içməlidirlər. Fillipinlilər hesab edir ki, bu xüsusi gündə yalnız qonaqlarla əylənmək və içmək vacibdir. Mütləq qaydada sərxoş olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da qadağandır.

·        Balkan dövlətlərindən sayılan Makedoniyada da toy gecəsi adəti maraqlıdır. Burada bəylə gəlin evliliklərinin ilk günü toy hədiyyələrinə sahib olmaq üçün bir-birilə mübarizə aparır. Hədiyyələrə sahib olan tərəf ailənin başçısı sayılır.

·        Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı, böyük qardaşlar bəyin funksiyalarını icra etməli idilər.

·        Yunanıstanda ilk toy gecəsi yatağa birinci olaraq balaca uşaqları buraxırdılar. Oynayan və qaçan uşaqlar gələcək ailənin sağlam övlad sahibi olacağına ümid ifadə edirdi.

·        Rus pravoslav rahiblərinin mövcudiyyətinin min ildən artıq tarixi olan Yunanıstandakı Afona dağı əslində 335 kvadrat kilometr sahəsi olan yarımadadır. Bura həm də dünyada qadınların gəlməsi qadağan edilmiş ən böyük ərazidir. Afona nəinki qadınları, heç dişi heyvanları da buraxmırlar. Bu pravoslavlıqdakı nikahsızlıq əhdinin qorunması üçün ən rahat yoldur.  (Mir.az saytından)

 

         Bəzi dinlərdə və onların təriqətlərində bir sıra rəqəmlərin adamlar arasında uğurlu və yaxud uğursuz sayılması bizə məlumdur. Xristianlıqda 13 rəqəminin nəhs, uğursuz rəqəm sayılması belə hallardandır. Bununla bağlı aşağıdakı belə bir rəvayət mövcuddur.

 

…Bu rəvayətdə İsa peyğəmbərin öz şagirdləri ilə axırıncı şam yeməyindən söhbət açılır. Rəvayətə görə, masanın ətrafında oturanların sayı 12 imiş. 13-cü şəxs İsanın şagirdi Yəhuda (İuda) sonradan gəlir. O, müəlliminə xain çıxaraq onu ələ verir Buna görə də 13 rəqəmi bədbəxtliyin, xəyanətin rəmzi hesab edilir. Lakin 13 əvvəllər də nəhs rəqəm sayılmışdır. «Qədim yəhudilərdə 13 «ölüm rəqəmi» idi. 13 rəqəminə uyğun gələn fal kartını bədbəxtlikdən xəbər vetən işarə hesab edirdilər» Bununla bağlı bir sıra inanclar meydana gəlmişdir ki, bunlar da indiyədək xalqlar arasında yaşamaqdadır. Belə ki, masa arxasında 12 nəfər əyləşmişdirsə, 13-cü şəxs burada oturmur, onun üçün ayrıca süfrə açılır. Bir çox ölkələrdə 13 nömrəli ev, mənzil və s. olmur.

 

Yaxud:

…13 rəqəminin uğursuz hesab edilməsi on ikilik say sistemi ilə əlaqələndirilir. Vaxtı ilə on iki ədədi ilə say qurtarmış, ondan yuxarı qalxmamış, on iki sayı xoşbəxtliyin rəmzi kimi qəbul olunmuşdur. İnsanlar on ikidən sonra hansı say gələcəyini bilmirdilər. Naməlum say sirli və dəhşətli göründüyündən 13 sayından istifadəni lüzumsuz və artıq iş hesab edirdilər. (Kəmalə İslamzadə “mifoloji təsəvvürlərin, inam və etiqadların rəqəmlərdə ifadəsi” məqaləsindən)

 

         Aşağıda veriləcək parçalarda mahir müşahidə qabiliyyətinə malik V. Hüqo ətraflı araşdırma apararaq xristian dininin sərt qayda-qanunlara malik olması və bu dinə stayiş edən inançlı insanların ayinlərin icrası zamanı hansı əzab-əziyyətlərdən keçmələrindən, möhkəm nizam-intizamın mövcudluğundan söz açaraq onun inandırıcı və real boyalarla təsvirini vermişdir. Ədib dinin ona sitayiş edənlərin həyatında hansı mövqeyə malik olmasını, onların davranış və güzaranlarında nə kimi rol oynadığını ustalıqla əks etdirmişdir. Bu isə müəllifin bu din və onun təriqətləri haqqında geniş və tutarlı məlumata sahib olmasının bariz göstəricisidir.

 

         …Martin Verqanın sərt ispan nizamnaməsinə tabe olan benediktçi-bernarçı rahibələr bütün il boyu ətsiz xörək yeyirlər, ümumiyyətlə, başqa icazə verilən günlərdə də pəhriz saxlayaraq, yeməkdən çəkinirlər, ilk olaraq şirin yuxudan oyanaraq yataqdan durur, gecə saat birlə üç arasında dua kitabını oxuyur və səhər ibadətini keçirirlər. Bütün il boyu qaba mələfə və küləş üstündə yatar, heç bir zaman peç yandırmaz, bədənlərini yumazlar, hər cümə günü özlərinə cəza verər, sükut əhdinə riayət edər, bir-birilə ancaq az müddət sürən istirahət vaxtında danışarlar, 14 sentyabrdan, yəni Merac bayramı günündən başlamış pasxaya qədər, bədənlərinə iynə kimi batan yun köynək geyərlər. Altı ay hələ güzəşt deməkdir, qaydaya görə bu köynəyi bütün il boyu geyinməlidirlər: lakin yay istisində dəhşətli bir şey olan bu yun köynək isitməyə və əsəb xəstəliyinə səbəb olur. Buna görə köynəyi geyinmək möhləti ixtisar edildi; lakin bu güzəştə baxmayaraq, 14 sentyabr günü yaxınlaşanda, yəni rahibələr yenidən bu köynəyi geyinən zaman, yenə də onları iki-üç gün isitmə tutur. İtaət, yoxsulluq, bəkarət, daim monastır divarları arasında yaşamaq - onların əhdləri budur. Nizamnamə bu əhdi daha da ağırlaşdırmışdır.

 

         …Monastır rəisi üç il müddətinə, “seçici analar” adlanan rahibələr tərəfindən seçilir. Bu rahibələr kapitula görə həlledici səsə malik olduqlarından belə adlanırlar. Rəis yenidən yalnız iki dəfə seçilə bilər, beləliklə, monastır rəisi üçün ən uzun idarə müddəti doqquz ildir.

Onlar heç bir zaman ibadəti keçirən keşişin üzünü görməzlər, çünki keşişlə onların arasında beş fut hündürlükdə sarjadan bir pərdə olur. Moizə vaxtında vaiz ibadətxanada dayandığı zaman, rahibələr örpəklərini üzlərinə çəkirlər. Onlar həmişə yavaş danışmalı, başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriməlidirlər. Monastıra yalnız bir kişi girə bilər ki, o da yeparxiya arxiyepiskopudur. Monastıra bir nəfər daha girə bilər: o da bağbandır, lakin o, adətən, qoca olur; bağbanın daim bağda tək olması, rahibələrin isə onun gəlməsindən xəbərdar olub ona rast gəlməməsi üçün bağbanın dizinə zınqırov bağlayırlar. Rahibələr rəisə tabedir, bu itaət hüdudsuz və etirazsızdır. Bu tamamilə tərki-dünyalıq olan kanonik, mənəvi bir itaətkarlıqdır. Onlar İspanın səsinə, hərəkətinə, ən kiçik bir işarəsinə qətiyyətlə, kor bir itaətkarlıqla tabe olurlar, onlar fəhlənin əlindəki mişara bənzərlər, icazə almadan onların heç bir şey yazmağa, oxumağa ixtiyarları yoxdur.

 

…Hər bir rahibə növbə ilə bağışlama deyilən bir mərasimdən keçməlidir. Bağışlatma - yer üzündə baş verən bütün günahlar, bütün səhvlər, bütün cinayətlər, bütün zülmlər, bütün haqsızlıqlar üçün edilən bir dua deməkdir. Bağışlatma mərasimini keçirən rahibə bacı on iki saat ərzində, gündüz saat dörddən ta səhər saat dördə qədər, yaxud səhər saat dörddən gündüz saat dördə qədər daş döşəmə üzərində, dizi üstündə, müqəddəs nemətlər qarşısında, qolubağlı, boynunda kəndir dayanmalıdır. Rahibə artıq taqətdən düşdüyü zaman, üzü üstə yerə yıxılır, qollarını xaç kimi yanlarına uzadır. O, vəziyyətini ancaq bu vasitə ilə yüngülləşdirə bilər. Rahibə bu vəziyyətdə bütün yer üzündəki günahkarlar üçün dua edir. Burada demək olar ki, ilahi bir əzəmət var. Bu ayin, təpəsində şam yanan bir dirəyin yanında icra edildiyindən monastırda bu ayinə həm “bağışlatma ayini”, həm də “dirəyin yanında dayanma ayini” də deyirlər. Hətta rahibələr zəlalət üçün son ifadəni daha çox tərcih edirlər, çünki bu ifadədə həm cəza, həm də həqarət fikri var. “Bağışlatma ayini” bütün ruhu məşğul edən bir ayindir. Dirək yanında dayanan rahibə bacı, arxasında ildırım çaxsa belə, dönüb geri baxmaz.

Bundan başqa bir rahibə də dayanır. Bu dizi üstə dayanmaq bir saata qədər davam edir.

Rahibələr qarovulda dayanmış əsgərlər kimi bir-birini növbə ilə əvəz edirlər. Yorulmadan sitayişin də mənası budur.

 

         …Monastır rəisləri və analar övliya, yaxud şəhidlərin adlarını deyil, Həzrət İsanın həyatında mühüm bir hadisəyə işarə edən bir ad daşıyırlar, məsələn: Milad ana, Maya ana. Düxul ana, Tanrı əzabları ana. Lakin övliya şərəfinə ad qoymaq da qadağan deyildir. Rahibələrin üzünə baxdıqda yalnız ağızlarını görmək olur. Hamısının dişləri sarıdır. Diş fırçası heç bir zaman monastıra girməmişdir. Diş təmizləmək - aşağısında “ruhu məhv etmək” sözləri yazılmış bir pilləkənin üst pilləsinə qalxmaq deməkdir. Rahibələr mənim deməzlər. Onların özlərinə aid heç bir şeyləri olmadığından, heç bir şeyi əziz tutmazlar. Onlar hər şeyə bizim deyərlər. Məsələn: bizim örpəyimiz, bizim təsbehimiz. Öz köynəklərindən bəhs etdikləri zaman belə, onlar “bizim köynəyimiz” deyirlər. Bəzən onlar əhəmiyyətsiz bir şeyə, bir dua kitabına, bir dini xatirəyə, bir surətə öyrəşirlər. Lakin bu şeyi əziz tutmağa başladıqlarını hiss edən kimi dərhal onu verməyə borcludurlar. Onlar müqəddəs Terezanın sözlərini xatırlayırlar. Bir dəfə kübar bir xanım rahibəliyə daxil olduğu zaman: “Ana, icazə verin, mənim çox əziz tutduğum müqəddəs İncilin dalınca adam göndərim!” dedikdə, müqəddəs Tereza ona belə bir cavab vermişdi: “Ah! Demək, sizin əziz tutduğunuz bir şey varmış? Elə isə bizim sıramıza daxil olmaya bilərsiniz!”. 

 ( Viktor Hüqo “Səfillər” romanından)

 

Bu inanc və sınamalar həyat durduqca insanı beşikdən qəbrədək müşayiət etməkdədir. Bu kimi xüsusiyyətlərin adət şəklini alması onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasına səbəb olaraq gündəlik həyat tələbinə çevrilmişdir. Məhz buna görə də , yuxarıda sadalananlar həmin dinin səciyyələndirilməsində başlıca amillərdən biri kimi qiymətləndirilməlidir. Buradan da göründüyü kimi, bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqla aktual və güvənclidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.