Tələbə yaradıcılığı – Sevgi Zülfüqarovanın hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Sevgi Zülfüqarovanın "Yarımçıq qalmış xəyallar" adlı hekayəsi təqdim edilir.

 

Şuşanın soyuq qış gecələrindən biri idi. Qar dizə qədər yağmış, yolları bağlamışdı. Rüstəm və ailəsi bu ağır qışı yenə kasıblıq içində keçirməyə məcbur idi. İş tapmaq mümkün deyildi, ümidlər isə qarın altına gömülmüşdü. Zəhra axşama yemək bişirirdi. Mərdan və Firəngiz dərslərinə baxırdılar. Hər tərəfdə bir xəbər dolaşırdı – düşmən torpaqlarımıza doğru irəliləyir. Qorxu hər evə sükut kimi çökmüşdü.

Rüstəm soruşdu:

– Zəhra, yemək hazırdırmı?

Zəhra təbəssümlə cavab verdi:

– Bəli, Rüstəm. Əlimizdə olan az-çox ərzaqla bu gün də ocağımız sönmədi, şükür.

Rüstəm uşaqları səslədi:

– Gəlin, ananız süfrə açıb.

Mərdan bacısına baxdı:

– Gəl, Firəngiz, atam bizi çağırır.

Yemək yedilər, sonra bir az oturub yatmağa getdilər. Lakin o gecə sükut çox çəkmədi. Kənddən səs-küy qalxdı, atəş səsləri eşidildi. Rüstəm və Zəhra həyəcanla oyandılar.

– Durun, balalarım! – deyə Rüstəm səsləndi.

– Uşaqları qorumalıyıq! – dedi Zəhra, əlləri titrəyə-titrəyə.

Onlar nə baş verdiyini anlamışdılar. Düşmən şəhərə soxulmuşdu. Rüstəm şəhərin müdafiəsinə qatıldı, Zəhranı və uşaqları isə qadın, qoca və uşaqlardan ibarət qaçqın köçünə qatdı.

Düşmən hər tərəfi atəşə tuturdu. Zəhra və uşaqlar qaça bildi, amma Rüstəm... Rüstəm orada, doğma torpağında şəhid oldu.

Zəhra ağlamadı. Qəlbi yanırdı, amma göz yaşı tökmədi. Uşaqlarına sarılıb Şuşadan ayrıldı. Amma onlar bilmirdilər ki, qarşıda onları necə bir həyat, necə bir taleyin ağrısı gözləyir. Qaçqınlar arasında Bakıya gətirildilər.

Mərdan göz yaşı tökmədi. Atasının xatirəsi onun qəlbində bir and kimi yazıldı. Firəngiz uşaq saflığıyla “Atam gələcək, elə deyil?” – deyə ağlayırdı. Zəhra isə canı yansa da susurdu. O, həm ana, həm ata idi artıq.

Mərdan anasına baxıb dedi:

– Ana, canınız yanmasın. Gün gələcək, mən atamın qisasını alacam.

Onda Mərdan 9 yaşında idi. O and içdi.

İllər keçdi…

Zaman köhnə acıları soyutmadı. 27 il sonra Mərdan 36, Firəngiz 35 yaşına çatdı. Zəhra isə ağ saçlı, amma dik duruşlu idi. Mərdan sözünə sadiq qaldı – hərbçi oldu. Firəngiz isə ədalət carçısı kimi tanınmış bir vəkil idi.

Və 27 sentyabr 2020-ci il – səfərbərlik günü çatdı.

Prezident xalqa səsləndi, Vətən oğullarını çağırdı.

Mərdan sevinirdi. Bu, təkcə vətənin azadlığı uğrunda müharibə deyildi, həm də verdiyi andın həyata keçməsi idi. Və o, cəbhəyə yollandı.

Müharibə başladı. Torpaqlar azad olurdu, hər gün bir kənd, bir şəhər müjdəsi gəlirdi. Amma hər müjdə ilə bir şəhid xəbəri də gəlirdi.

Bir axşam Mərdan anasına zəng etdi.

– Ana, yaxşıyam, narahat olmayın. Atamın qisasını alacam.

Zəhranın boğazı düyünləndi:

– Oğlum, qurban olum, elə demə. Amma bil ki, səninlə fəxr edirəm.

Mərdan sükutla dedi:

– Əgər qayıda bilməsəm... uşaqlarıma, yoldaşıma, bacıma, özünə yaxşı bax.

Zəhra göz yaşlarını gizlədərək cavab verdi:

– Sən gələcəksən, oğul. Səni dua ilə yola salmışam.

Və Mərdan dedi:

– Ana, atamın qisasını bu gün alacağam.

Zəhra ağlayaraq pıçıldadı:

– Yolun açıq olsun, oğul. Vətən səninlədi.

Firəngiz telefonu əlinə alaraq soruşdu:

– Can qardaşım, necəsən?

– Can bacı. Özünə yaxşı bax, mən yaxşıyam.

– Nərgiz də sənlə danışmaq istəyir.

Telefonu Nərgiz əlinə alıb:

–Nə vaxt bitəcək bu döyüş? Uşaqlar da biz də sənin üçün çox darıxmışıq.

–Narahat olmayın. Hər şey çox yaxşı olacaq. Uşaqlarımıza və özünə çox yaxşı bax. İndi daha bağlamalıyam.

Səhəri gün Şuşa uğrunda döyüş başladı.

Döyüş qanla, səda ilə, mərdliklə dolu idi. Mərdan yaralanmışdı, amma dayanmırdı. Son gücüylə irəliləyirdi.

Və o an...

Qanlı torpağın üstündə gözləri yumuldu.

Son sözləri bu oldu:

– Oğlun qisasını aldı, ata. Vətən sağ olsun...

Səhər açıldı. Komandir Zəhranın evinə gəldi, əlində üçrəngli bayraqla.

Zəhra qapını açar-açmaz hər şeyi anladı.

– Demə, komandir… bu xəbəri mənə demə...

Komandir səsi titrəyə-titrəyə cavab verdi:

– Bağışla, ana… Oğlun qəhrəmancasına şəhid oldu. Şəhid anasısan, başını dik tut.

Mərdanın məzarı üstündə Zəhra, Firəngiz və uşaqlar dayanmışdı.

Fəxrlə, amma göz yaşları içində pıçıldadılar:

– Fəxr edirik səninlə, Mərdan. Biz şəhid övladıyıq!

O an, sanki küləklə bir səs gəldi:

Rüstəm deyirdi:

– Atan səninlə fəxr edir, oğul.

Mərdanın ruhu cavab verdi:

– Vətən sağ olsun, ata.

Bu hekayə hər bir azərbaycanlının qəlbində yaşayan bir gerçəkdir.

Bu torpaq, bu azadlıq, bu səma – şəhidlərin qanı ilə yazılmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vətən sizinlə fəxr edir!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.