Super User
Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
Oktyabrın 6-dan 12-dək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
Musiqimizin görkəmli xadimi ARİF QAZIYEV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də mədəniyyət tariximizdə elə isimlər var ki, əsla unudulmyacaqdır, tarixdə qalacaqdır. Belə adlardan biri də televiziya rejissoru, mərhum Arif Qazıyevin adıdır.
Necə böyük layihələr bəxş edib Azərbaycana. Elə bir tək Muğam Teatrı nəyə desəniz dəyər.
Arif Qazıyev 1938-ci il mayın 17-də İrəvanda anadan olub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub.
1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub. Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.
O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib.
Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.
Arif Qazıyev “Şəhər üzərində mahnı” (1965), “Çalır Tamilla Mahmudova” (1966), “Məhəbbət haqqında əfsanə” (1967), “Üçüncü simfoniya” (1968), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Torpaq patriarxları” (1971), “Çempionlar məktəbi” (1972), “Gülüstan Bayatı-Şiraz” (1972), “Avtomobildən qorun” (1974), “Payız melodiyaları” (1974), “Bəstəkar Qara Qarayev. Opus-78” (1979), “Bəstəkar Rauf Hacıyev” (1982), “Salam Zeynəb” (1982), “Elimin bayramıdır” (1989), “Qara Qarayev” (2003), “Məşədi İbad-94” (2005), “Xarıbülbül” (2006) və digər filmlərin müəllifidir.
Arif Qazıyev 1988-ci ildə Muğam Teatrını yaradıb, uzun müddət teatrın bədii rəhbəri və baş rejissoru olub. Əməkdar incəsənət xadimidir, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 24 fevral 2022-ci ildə 84 yaşında insultdan vəfat edib. Nardaran qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
1. Acılar bitməz
2. Avtomobildən qorun
3. Ayna
4. Bəstəkar Qara Qarayev. Opus-78
5. Bəstəkar Rauf Hacıyev
6. Bir ovuc torpaq
7. Bizim universitet
8. Çalır Kamera Orkestri
9. Çalır Tamilla Mahmudova
10. Çempionlar məktəbi
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
Cəlilabadda qədim hamam binası – tarixi abidə dağılmaqdadır
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Müasir Cəlilabad 1967-ci ilə qədər Astraxanbazar kimi adlansa da məhz 1967-ci ildən etibarən tanınmış yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlanmışdır. Rayonda minilliklərdən yadigar qalmış çoxsaylı tarixi abidələr mövcud olduğundan, onu həm də "Qədim abidələr diyarı" adlandırırlar.
Həmin abidələrdən XX əsrin ilk illərinə aid olan nümunələrindən biri də bu gün Cəlilabad şəhər Şah İsmayıl Xətai küçəsində yerləşən qədim Hamam binasından ibarətdir. Bu hamamın əsası 1926-cı ildə o vaxtkı Astraxanbazarın üç tanınmış şəxslərindən olan Qurban Nuriyev (Astraxanbazarın ilk generalı Mustafa Kamal Nuriyevin qardaşı), Kərim Vəlizadə və Musavat Partiyasının Lənkəran qəzası üzrə gizli koordinatoru mərhum Məmmədəli Əlizadənin şərikliyi ilə qoyulmuş, 1927-ci ildə istifadəyə verilmişdir.
Mərhum Məmmədəli Əlizadə bu hamamın planını 1928-ci ildə İranın Meşkinşəhər tabeliyində olan Lahrud şəhərinə mühacirət edərkən özü ilə aparmış və həmin şəhərdə bu plana uyğun olaraq hamam tikdirməyi qərara almışdır. Sovetlər İttifaqı dağıldıqdan sonra isə mərhum Çingiz Ağasıyev İrana gedərək uzun illər boyu sandıqda saxlanılan və sıradan çıxmaq üzrə olan həmin planı özü ilə yenidən Azərbaycana gətirmişdir.
Meydan araşdırmaları zamanı, xüsusilə də rayon sakini Fariz Çüngiz oğlu Ağasiyevin təqdim etdiyi məlumatlara əsasən, hamam tikillib istifadəyə verildiyi gündən sonra dəfələrlə öz fəaliyyətini dayandırmış və bizə məlum olmayan səbəblərə görə tətil olmuşdur. Belə ki, 1927-ci ildən etibarən fəaliyyətə başlasa da, 1928-ci ilin mart ayında fəaliyyəti dayandırılmış, təxminən 20 ildən sonra yəni, 1947-ci ildən 1949-cu ilə qədər fəaliyyət göstərmişdir. Daha sonra 1956-1957-ci illər ərzində yenidən fəaliyyət göstərmiş, sonuncu dəfə isə 1964-1968-ci illər ərzində əhalinin xidmətində ola bilmişdir. Həmin vaxtlarda Bikə nənə adlı xanım bu hamamın rəisi olmuşdur.
Hamam inşa olan zaman burada saxsı borularla divarda və yerdə xüsusi kanalizasiya sisteminin işləndiyi və bir yük odunla səhərdən axşama qədər hamamın həm içi, həm də suyunun qızdırıldığına dair məlumatlar mövcuddur.
Hamamın bu günkü Heydər Əliyev prospektinə olan hissəsi illər öncə uçub dağılsa da onun zahiri görüşünü (fasadı) və xüsusilə də günbəzi olduğu kimi qalır. Hamamın içi daha çox həmin günbəzdən düşən günəş işığının hesabına işıqlanırdı. Bu tarixi abidə nümunəsi "Yenidənqurma" illərindən sonra müxtəlif obyektlər kimi fəaliyyət göstərdiyi üçün onun içərinsində yerləşən hovuz və digər imkanları dağıdılmışdır. Uzun illər xarabalıq və zibilliyə çevrilmiş bu qədim abidə təəssüflər olsun ki, hal-hazırda da baxımsız haldadır.
Bu gün həmin hamamın 99 yaşı olsa da əfsuslar olsun ki, diqqət mərkəzindən kənarda qalmışdır. Belə ki, bu məkan bir vaxtlar restoran və daha sonra çörək sexi kimi fəaliyyət göstərmiş, hal-hazırda isə onun bir hissəsi "Qazdoldurma" məntəqəsi, digər hissəsi isə avtomobillərin təkər təmiri sexi kimi fəaliyyət göstərir.
2024-cü ilin sentyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilən məlumata görə,bərpa olunması üçün hamam investisiya planına daxil edilib. Lakin bu bərpa işinin nə zaman həyata keçəcəyi hələ ki, məlum deyil...
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
Prezidentin Çinə səfəri iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır
Cəlil Xəlilov,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik. “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyada baş verən proseslər çərçivəsində Azərbaycanın atdığı qətiyyətli addımlar ilk növbədə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı və qazandığı hörmətin bariz nümunəsidir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına tarixi səfəri iki dövlət arasında əlaqələrin, əməkdaşlığın strateji səviyyəyə yüksəlməsinin nəticəsidir.
Cənubi Qafqazın lider dövlətinin başçısı İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yeni və daha yüksək səviyyəyə qaldırmaqla siyasi və iqtisadi əlaqələri genişləndirir: “Bu sahələrdə əldə olunan nailiyyətlər gələcəkdə hər iki dövlətin maraqlarına uyğun digər sahələrə də öz təsirini göstərəcək. Bölgədə nəqliyyat marşrutlarının şaxələnməsi, qədim İpək Yolunun bərpası yalnız Azərbaycan üçün deyil, eyni zamanda, qonşu dövlətlərin də iqtisadiyyatına töhfə verəcək. Bu baxımdan Azərbaycan digər ölkələr üçün körpü rolunu oynamaqla yanaşı, yeni reallıqları gündəmə gətirir.
Dövlətimizin başçısının Çinə səfəri iki ölkə münasibətlərində yeni və mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar və imzalanmış sazişlər siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biridir, Orta Dəhlizin aparıcı ölkəsi kimi rolu danılmazdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasının əhəmiyyəti böyükdür. Zirvə görüşünə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb. ŞƏT ölkələri “Tiencin Deklarasiya”sını imzalayıb. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşlıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur. Bundan başqa, ŞƏT-ə üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər. Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. ŞƏT ölkələri liderlərinin 25-ci Şura iclasında 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsi də təsdiqlənib. ŞƏT dövlət başçıları Şurasının 25-ci iclasında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib: “Prezident İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxış edib. O deyib ki, Azərbaycan ilə Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. “Bu ilin iyul ayından indiyədək hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirilməsinin, eyni zamanda, bölgədəki ölkələrlə strateji əməkdaşlığın genişləndirilməsinin əyani sübutudur və Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir.
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
Rus ədəbiyyatının fəal təbliğatçısı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında söhbət açacağım yazar daha çox tərcüməçiliyi, təşkilatçılığı ilə, idarəçiliyi ilə tanınıb zamanında. Əlbəttə ki, hər bir sahədə bu cür bacarıqlı kadrlara ehtiyac böyükdür.
Söhbət Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadədən gedir.
Bu gün mərhum yazarın anım günüdür.
Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. "Sınaq" adlı ilk şeiri və A. Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunub.
Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləyib. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi vəzifəsində işləyib.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxıb. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.
Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı olub, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilib. Bolqarıstanda dəfələrlə yaradıcılıq ezamiyyətində olub, klassik macar şairi Endre Adinin anadan olmasının 100 illiyi yubileyində iştirak edən Sovet nümayəndə heyətinin tərkibində Macarıstana gedib.
Kitabları
1. Небо
2. Тверской бульвар (повести)
3. Самоутверждение (стихи, переводы)
4. Bir yuxusuz gecə (oçerklər)
5. Ночные яблоки (рассказы)
6. Günəbaxan insanlar (şeirlər)
7. Komendant saatı (şeirlər)
Tərcümələri
(rus dilinə)
1.Кямал Талыбзаде. Аббас Сиххат. Баку: Детюниздат, 1963,
2.Мамед Араз. Пой Аракс. M.: Советский писатель, 1966, 66 стр.
3.Сохраб Тахир. Песня мужества. M.: Советский писатель, 1966, 90 стр.
(bolqar dilindən):
1. Bolqar hekayələri
2. Georgi Strumski. Odlar yurdu
3. Yordan Milev. İnsanlar və səhralar
4. Bolqar çələngi
Səyavuş Məmmədzadə 3 sentyabr 2022-ci il tarixində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır.
Bildirilir ki, vətəndaşlar sentyabrın 24-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)
GAP Antologiyasında Tohid Namvərin “Səni bu dənizə kim atdı axı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir
Tohid Namvər
Parsabad
SƏNİ BU DƏNİZƏ KİM ATDI AXI?!
Bu ilki əzabdı, o sonu dərddi,
Mamırı kədərdi, yosunu dərddi.
Sən ki, oturmuşdun, de, kim tərpətdi?!
Səni bu dənizə kim atdı axı?
Sevgi təlatümlü həyatdı baxsan,
Hər dalğa yüyənsiz bir atdı baxsan,
Atlar bir-birindən inaddı, baxsan.
Səni bu dənizə kim atdı axı?
Hələ min oyuna qatacaq səni,
Dalğalar atacaq, tutacaq səni,
Bir köpək balığı udacaq səni,
Səni bu dənizə kim atdı axı?
Qarşına dəmir baş tilov çıxacaq,
Ayaq buz, başından alov çıxacaq,
Yoluna su altı kalav çıxacaq,
Səni bu dənizə kim atdı axı?
Suyun su atəşi, su odu olur,
Dənizdə cinayət su altı olur,
Quldur naqqaların su koltu olur,
Səni bu dənizə kim atdı axı?
Mayaklar sahildə sönən ocaqdır,
Görünən bu liman yox olacaqdır,
Ümidin yelkəni yıxılacaqdır,
Səni bu dənizə kim atdı axı?
Kor olar, bir işıq saçmaz ümidlər,
Batarsan, qanadın açmaz ümidlər,
Dənizdən sahilə uçmaz ümidlər,
Səni bu dənizə kim atdı axı?
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)
İllərlə qazandığı müsbət, qüsursuz imicidir, ictimai rəydir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Ötkəm, iradaəli, çalışqan, bacarıqlı bir insan kimi tanınır. Müşahidə qabiliyyəti çox güclüdür, detallara diqqəti ilə seçilir. Davranışı, yüksək mədəniyyəti ilə cəmiyyətdə hörmət qazanmağı bacarır. Səliqə-səhmanı xoşlayır, xarici görünüşünə və eləcə də zövqlü geyimlərə böyük əhəmiyyət verir. Verdiyi sözə həmişə sadiq qalır və yalanı sevmir.
Həyatı dürüst yaşamaq və ətrafdakı insanları da buna çağırmaq onun təbii qabiliyyətlərindən biridir. Əyilməz insandır, heç vaxt haqsızlığa boyun əymir və çətinliklər qarşısında iradəli olmağı bacarır. O, öz xarizması və özünə inamı ilə seçilir. Həm fiziki, həm də mənəvi cəhətdən qeyri-adi bir adamdır. Yüksək zövqü var, bu da hər zaman təriflə qarşılanır. Ətrafında baş verən heç bir şey onun diqqətindən yayınmır...
O, 1957-ci ilin iyun ayının 15-də Zaqatalada dünyaya gəlib. Orada orta təhsilə yiyələnib. 1975-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1980-ci ildə təhsilini başa vurduqdan sonra, ilk olaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Elmi-kütləvi və tədris proqramları baş redaksiyasında redaktor kimi fəaliyyətə başlayıb. Bir müddət "Sağlamlıq" televiziya jurnalının və tədris verilişlərinin redaktoru olub. Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Azərbaycantelefilim" yaradıcılıq birliyində böyük redaktor vəzifəsində çalışıb. "Qabil", "İki ömür" və s. televiziya filimlərinin ssenari müəllifidir. Təhsil Problemləri İnstitutunun dissertantı olub. 2005-ci ildə "Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2021 ildə isə "Hüseyn Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. O, müstəqillik dövründə jurnalistika fakültəsində elmlər doktoru adına layiq görülmüş ilk qadın alimdir...
Deyir ki:- “Həmin illər bacım Tibb Universitetində oxuyurdu deyə valideynlərim mənim də həkim olmağımı istəyirdilər. Atam da, anam da indiki BDU-nu bitirmişdilər. Doğmalarıma tibb ixtisasına sənəd verəcəyimi desəm də, yolumu jurnalistikadan saldım. Və beləcə jurnalistikanı seçdim...”
O, həm də pedaqoji fəaliyyətlə məşğuldur. İlk dəfə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Mingəçevir filialında, daha sonra Təfəkkür Universitetində, 2005-ci ildən isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışır. Hazırda jurnalistika fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının professorudur. 3 məqaləsi “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. 2 monoqrafiyanın, 8 proqramın, 1 dərs vəsaitinin, 1 dərsliyin və 35-dən çox elmi və onlarca bədii-publisistik məqalənin müəllifidir...
İnadkar və sabit fikirlidir. O, fikirlərindən asanlıqla vaz keçmir və mülayimliyi ilə sərtliyini balanslı şəkildə qoruyur. Qaydalar qoymağı və liderlik etməyi sevir, amma bu, onu sərt göstərmir. Əksinə, hər vəziyyətdə bir həll yolu tapmağı bacaran, soyuqqanlı və ağıllı xanımdır. Öz sərhədlərini yaxşı bilir və ətrafındakı insanlarla münasibətlərini buna uyğun tənzimləyir. Son dərəcə şən və enerji dolu bir xarekterə sahibdir. Praktik zəkası var. Maraq hissi çox güclüdür, daim nəsə öyrənmək istəyir. Maraqlı olduğu qədər də məzmunludur. Necə deyərlər, sosial həyatında ətrafına həmişə sevinc saçır, elə ona görə də dostlarının dairəsi çox genişdir...
Həmkarı, BDU-nun jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədli onun haqqında deyir: “O, mənim tələbəlik illərimin yadigarlarındandır. Bir az da ömür yolumuzda oxşarlıq var. Eyni ayda anadan olmuşuq. Eyni universitetdə, eyni fakültədə təhsil almışıq. Valideynlərimiz də həmin universitetin məzunları olublar. Hər ikimiz universiteti qurtardıqdan sonra televiziyada fəaliyyətə başlamışıq. İndi də eyni kafedrada çalışırıq. Elmi dərəcəmiz də, vəzifəmiz də eynidir. Hər ikimiz XX əsr ədəbi mühitinin klassiklərini tədqiq etmişik. Deməli, bizim ruh qohumluğumuz var. O, ulu Cavidin tədqiqatçısıdır. Cavidşünaslığa yeni elmi töhfələr vermiş istedadlı alimlərimizdəndir və klassikanın təsir gücünə inanır. Klassik həqiqətlər içində çağdaş, yeni və ən yeni olanı görür, bəsirət gözü ilə görür. Bəsirət sahibi olmaq hər alimə xas deyil...”
Xüsusilə, səyahət etməyi xoşlayır. Yeni biliklər öyrənməkdən, yeni mədəniyyətlərlə tanış olmaqdan zövq alır. Olduqca ünsiyyətcildir. Amma hər insanı qəbul etmir, fikir, dünyagörüşü baxımından oxşar insanlarla eyni mühitdə olmağa üstünlük verir. Çox deyingən, necə deyərlər, naşükür insanlarla yola gedə bilmir. Münasibətdə həmişə anlayış və tolerantlıq gözləyir. Onun analitik düşünmə qabiliyyəti olduğu üçün, araşdırmağı da çox sevir. Məhsuldar bir iş həyatı var, işləməkdən həzz alır. Bəli, bu zəhmətsevərliyi həmişə ona uğur gətirir...
Professor Allahverdi Məmmədli onun haqqında daha sonra söyləyir: “Mən onu banu yaşında görməsəm də, bəyim yaşında, xanım yaşında görmüşəm. İndi də xatun yaşındadır. Heç dəyişməyib. Görünür, insan yeddisində necədirsə, yetmişində də elə olur. Gülərüzdür, səmimidir, başqalarının üğürüna çox sevinir. Bir sözlə, o, ləyaqət mücəssəməsidir, şərəf timsalıdır. Çünki özünə dəyər verməyi bacarır, başqaları da onu qiymətləndirir. İşgüzar nüfuzu da göz qabağındadır. Fəaliyyət göstərdiyi kollektivdə hamı- müəllimlər də, tələbələr də ona hörmət edir, sayğı ilə yanaşır. Bu, onun xanımın imicidir. İllərlə qazandığı müsbət, qüsursuz imicidir, ictimai rəydir...”
...Bəli, bu dəfə sizə filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Sevil Qiyas qızı Həsənovadan danışdım...
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)
REDAKSİYANIN POÇTUNDAN – Oxucu hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poştundakı növbəti məktub daimi oxucumuz Nurlanə Cərullaqızından gəlib. O bir hekayə göndərib.
Gəlin birlikdə oxuyaq.
Günün ikinci yarısı idi. Hamı kimi Şahin də havanın sərinləşməyindən istifadə edib Qəbələdən Bakıya qonaq gələn bacısı oğlu Fəridlə birgə dəniz sahilində gəzişirdi.
-Necədir, dəniz xoşuna gəlir? - Şahin üzünü Fəridə tutub mehriban səslə soruşdu.
Fərid məyus halda başını buladı:
-Hə, amma təəssüf ki, tezliklə bu gözəl mənzərəyə vida edəcəm. Məktəb açılacaq, mən də evimizə qayıdacağam.
Fərid 8-ci sinif şagirdi idi.
-Niyə, oğlum, tətil vaxtı yenə gələrsən, - Şahin gülümsəyərək dedi və əlavə etdi,- bir də ki hər musiqi alətinin öz səsi, hər gülün öz ətri olduğu kimi hər yerin də öz gözəlliyi var. Bakının Xəzəri varsa, Qəbələninn də Nohur gölü, Yeddi gözəl şəlaləsi var.
-Elədir, - Fərid təsdiq etdi,
- Dayı, dəniz niyə mavidir?
-Oğlum, əslində, dəniz mavi deyil, sadəcə uzaqdan mavi tonlarını özündə əks etdirir. Buna səbəb isə, dəniz suyunun rənginin su molekullarının işığını udması ilə bağlıdır. Dəniz suyu molekulları atmosferdə olduğu kimi işıq saçan zaman qırmızı olanları udur və bənövşəyi olanları əks etdirir. Yəni, suyun mavi rəngdə görünməsi işıq tezliklərindən və təbəqənin dərinliyindən asılıdır.
Fərid diqqətlə dayısını dinləyirdi, o da sözünə davam etdi:
-Əslində isə dəniz suyu rəngsizdir. Hə, bunu da deyim ki, Xəzər dəniz deyil, göldür. Sadəcə ərazisi böyük və suyu duzlu olduğuna görə dəniz adlandırılıb.
-Başa düşdüm - Fərid başını tərpətdi.
Bu vaxt arxadan bir səs eşidildi:
-Ş- ş- ş- Şahin!
Şahin adını eşidib geriyə çevrilincə qarşısında keçmiş qonşusu və sinif yoldaşı olmuş Kamiləni gördü. Fərid onun kəkələdiyini bilən kimi astadan pıqqıldayıb gülməyə başladı. Bunu görən Şahin ona acıqlı nəzər yetirdi. Sonra üzünü yenidən Kamiləyə tutdu:
-Ooo! Salam, Kamilə bacı. Necəsən? Nə var, nə yox? Uşaqlar necədir?
-Ə- ə- ə- -əleykum salam.
-Bi -bi -bi -biz -y- y- -y- -yaxşıyıq -deyə Kamilə cavab verdi, -sə -sə -sə --səndə -n-- -n -n -nə- var, nə yox? -b- b- b- bu -kimdir?
-Bizdə də hər şey yaxşıdır, -Şahin dedi sonra əlavə etdi:- Bu da Şövkət bacımın oğlu Fəriddir. Bizə gəzməyə gəlib.
-S -s -s- salam, F-f-f-f Fərid.
Fərid gülməyini gizlətmək üçün əlləri ilə ağızını tutub, Kamilənin salamını başı ilə aldı. Vəziyyəti başa düşən Kamilə son olaraq Şahinə:
-Bi- bi- bi- biz o- o- o- o -k- k- k- kafedəyik, s- s- s- s- sən də istəsən, g- g- g- gələrsən, - deyib pərt halda oradan uzaqlaşdı.
-Niyə gülürdün, Fərid? - Şahin təmkinli səslə soruşdu.
-Dayı, mən...
Fərid deməyə söz tapmadı.
-Qulaq as, oğlum, sənin kəkələyir deyə güldüyün o qadın, əslində, bir qəhrəmandır.
-Qəhrəmandır? - Fərid duruxdu.
-Hə, yaxşısı budur ki, hər şeyi başdan sənə danışım,- Şahin dərindən köksünü ötürüb ağır-ağır danışmağa başladı,- Kamilə ilə mən qonşu və sinif yoldaşı olmuşuq. Onun əsl adı Kamilla idi. Milliyətcə də gürcüdür, amma burada doğlub, böyüyüb. Atası onun altı yaşı olanda ürək tutmasından ölüb. Onların burada heç kimləri yox idi. Mariya xala, yəni Kamlənin anası da Gürcüstana getmək istəmədi. Beləcə, ana -bala tək-tənha qaldılar. Mariya xala un kisəsindən zənbil düzəldib satmaqla Kamiləni böyütməyə çalışırdı. Kamilənin məktəb çantası da həmin zənbildən idi. Heç yadımdan çıxmaz. Bizim dəri çəkmədə ayağımız donduğu halda, Kamilə məktəbə qışın ortasında rezin yay başmağı ilə gəlirdi.
Bu məqamda Şahin kimi Fəridin də gözləri yaşardı.
-Hətta Kamilə 7-ci sinifdə oxuyarkən Mariya xala ona məktəb forması almağa pul tapmadığı üçün qıza pəncərə pərdəsindən forma tikmişdi. Bizlərin hər fənndən bir dəftəri olduğu halda Kamilənin bütün fənnlərdən cəmi bir dəftəri varidi idi. Çox vaxt da o, zibil qutusundan yığdığı ağ kağızlardan özünə dəftər düzəldirdi, amma bununla belə sinif əlaçısı idi. Şəkli şərəf lövhəsindən düşməzdi.
Şahin fasilə verib sonra davam etdi:
-Yazıq qız, oxumaq, özünü və ən çox da anasını bu əziyyətdən qurtarmaq istəyirdi, amma arzusuna çata bilmədi. Onun 16 yaşıı olanda, yəni 1989-cu ildə Qarabağ müharibəsi başladı. Bir vaxtlar halına acıyaraq torpaqlarımızda sığınacaq verdiyimiz yadellilər indi sığındıqları həmin torpaqlara əl uzadırdılar. Özünə kişi deyənlər həmin vaxt müxtəlif yollarla döyüşlərdən yayındığı halda Kamilə qadın olduğunu və əgər əsir düşərsə, başına hansı müsibətlərin gələcəyini düşünmədən könüllü olaraq döyüşlərə qatıldı. Üç il sonra, yəni 1992-ci ildə Tərtərin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanaraq ağır kəllə-beyin travması aldı. Kəkələməyi də buna görədir. 2 il sonra isə bu cəsur qız elə özü kimi cəsur olan Asim adlı döyüş yoldaşı ilə ailə qurdu. O da müharibədə gözlərini itirib. Dinini də, adını da həmin vaxt dəyişdi. İndi onların Kamil adlı oğulları, Günəş adlı qızları var. Mariya xala da onlarla yaşayırdı. Beş il əvvəl o da əri kimi ürək tutmasından öldü. Bax belə, oğlum.
Fərid təsirlənmiş halda dilləndi:
-Dayı, məni onun yanına apar.
Şahin gözlərini silib dedi: -Yaxşı, gəl gedək.
Onlar Kamilənin bayaq göstərdiyi kafeyə girdilər. Şahin içəri girən kimi Kamiləgilin oturduqları masaya yaxınlaşıb onları salamladı:
-Salam, millət.
-Ooo! Şahin, xoş eşitdik səni, buyur, gəl, qonağımız ol.
Şahini səsindən tanıyan Asim onu mehribanlıqla qarşıladı.
Şahin əvvəlcə ona əl uzadan uşaqlarla, sonra onu masalarına dəvət edən Asimlə görüşüb onun yanında əyləşdi. Fərid isə özünü təqdim etdikdən və hamı ilə görüşdükdən sonra kənara çəkilib əlinin işarəsi ilə Kamiləni yanına çağırdı. Onlar birgə çölə çıxdılar. Fərid elə qapı ağızındaca üzünü Kamiləyə tutub kövrək səslə dedi:
-Bayaq sənə qarşı elədiyim tərbiyəsizliyə görə məni bağışla, xala, əgər bu gün bu torpaqlarda azad və rahat gəzə bilirəmsə, bunu sən və sənin kimi qəhrəmanlara borcluyam.
Kamilə ağzını açıb nəsə demək istəyirdi ki, Fərid imkan vermədi. Az yaşında cəsarət göstərib vətənin müdafiəsinə qalxan bu zərif qəhrəmanı qucaqlayıb bağrına basdı.Sonra hər ikisi mehriban halda kafeyə qayıtdılar.
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)
Siz hələ də Uğan mağarasını görmənisiz?
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonu Azərbaycanın ən nadir bölgələrindən biridir. Rayon ərazisi turizm məqsədləri üçün geniş istifadə imkanlarınamalikdir. Tarixi-mədəni və təbii abidələrlə çox zəngindir.
Rayon ərazisində bu günə kimi 40-dan artıq tarixi abidə məlumdur. Bu daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si dövlət mühafizəsinə götürülmüşdür. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi), 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeoloji abidə) abidələrdir.
Rayon ərazisindəki aparılmış qazıntılar buranınqədimdən başlayaraq insan məskənləri olduğunu göstərir. Arxeoloji qazıntılar zamanıOğuzun cənubunda aşkar edilmiş Kurqan neolit dövrünə aiddir ki, bu da 7 min il bundanəvvəlki tarixə uyğun gəlir. Xalxal, Sincan, Padar, Dəymədərə və Tərkeş kəndləri ərazisindəaparılan qazıntılar zamanı tapılmış əşyalar isə tarixin dəmir əsrinə aiddir.
IX əsrdə Muxas kəndində tikilmiş bürcdən XIV əsrə qədər istifadə edilib. Kərimlikəndindəki türbə qalığı XV əsrə aiddir. Xaçmaz kəndi yaxınlığındakı Gavur qalası VII əsrdətikilib. Calud kəndindəki ibadətgah XVI əsrin yadigarıdır. Filfilli kəndi yaxınlığındakıSurxay xan qalası XVIII əsrdən xəbər verir. Oğuz şəhərinin şimalında yerləşən digər birqalanın min illik tarixi var.
Kərimli yaxınlığındakı arxeoloji abidələr kompleksi, əsasən, e.ə. IX-VI əsrlərə aidedilir. Qəbirlərin birindən Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan və e.ə. III minilliyəaid edilən gil qablar tapılıb. 2500 il bundan əvvəl salınmış Qəbələ şəhərinin xarabalıqlarırayonunqonşuluğundadır.
Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim Oğuz tayfalarının "Kitabi Dədə Qorqud" dastanındakı boylarla səsləşən Oğuz qəbirləri bu gün də qalmaqdadır, 2010-cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də tapılmışdır.
Rayon ərazisi həm də təbii abidələrlə də zəngindir. Rayon uca dağları, dərin dərələri, sıx meşələri, təbii qoruq və kolluqları, şirin sulu çayları, şəlalələri, qayaları, zəngin bitki örtüyünə malik subalp və alp çəmənləri, təbii mağara və kahaları ilə də turistləri cəlb edir.
Belə təbii mağaralardan biri də Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii Uğan mağarasıdır. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır.
“Uğan” toponiminin mənası haqqında maraqlı fikirlər vardır. Xalq etomologiyasına və bəzi tədqiqatçıların fikrinə görə "Uğ" və ya "ağ" Günəşi simvolizə edir. Digər ehtimala görə isə "uğultu”, qulağa gələn sürəkli səs mənasındadır. Bəzi türk dilli xalqlarda "uğan-oğan" sülh tanrısının adıdır.
Tədqiqatçıların çoxu isə “uğan” sözünü “Tanrı” kimi izah edirlər. Rus tədqiqatçısıA.K.Borovkov XV əsrdə yaşamış Tali İmaninin əsərindəki "uğan" sözünü "tanrı" kimi tərcümə etmişdir. Tədqiqatçı Pava -de-Kurteyl 1870-ci ildə Parisdə çap olunan əsərində, Fətəli şah Qacar "Kitabi-lüğəti-ətrakiyə" əsərində "uğan" ifadəsini "tanrı" kimi mənalandırmışlar. Qədim türk dilli abidələrin görkəmli tədqiqatçısı Radlov "uğan" sözünün uyğur və cağatay mənşəli olub "tanrı” anlamında işləndiyini qeyd etmişdir. Mirəli Seyidov XI əsrdə yaşamış Yusif Balasaqunlunun "Kutadqu bilik", XIII-XIV əsrlərdə yaşamış Əl- Xarəzminin "Məhəbbətnamə" və Abdullah-əl Qütbinin "Xosrov və Şirin" əsərlərində "uğan" ifadəsinin "tanrı" mənasında işlənildiyini bildirir. Türkoloq A.Zayonçikovski də Abdullah əl-Qütbinin adı çəkilən əsərindəki sözlərin lüğətini hazırlayarkən "uğan" sözünü "tanrı” kimi tərcümə etmişdir. P.M. Melioranski 1900-cü ildə Peterburqda nəşr etdirdiyi "Arabskiy filoloq o turetskom yazıke" əsərində XIV əsr müəllifi ibn Mühənnanın əsərlərində rast gəlinən "uğan" sözünün də "tanrı" mənasında işlənildiyi göstərilmişdir.
Lakin sonralar türk dillərində "uğan" sözü əvvəlki mənasını itirmiş və tədricən tanrının sifətlərindən, keyfiyyətlərindən birinə çevrilmişdir.
Dilçi-alim, filologiya elmləri doktoruİ.Cəfərsoy “Türk dillərində teonim və etnonimlər” (2010) adlı əsərində yazır: “Uğan Xəzər nəsillərindən biridir. Xəzər xaqanı Yusif Kür Tuba (Kordova) xəlifəsinin vəziri milliyyətcə yevrey olan Xasday ibn-Şafruta məktubunda yazır ki, Uğan Xəzər nəslidir. Onların qalası, silahlı qüvvələri var. Qədim mənbələrdə Ukan adlandırılan uğanlar Troya dövründə Anadoluda yaşayırdılar. Bu barədə er.əv.18-ci əsrə aid Xett mixiyazılı mətnlərində bilgilər vardır. Həmin mətnlər Türkiyənin Boğaz köy muzeyində saxlanır. Uğanlar xettlərlə, daha sonra yunanlarla vuruşa-vuruşa Anadoludan Albaniyaya köçdülər. Albaniya tarixinin anti-türk tərcüməçiləri Uğan etnonimini Oqen kimi oxuyurlar. Onlardan fərqlı olaraq akademik Meşşanınov yazır ki, o xalqın adı Ukan olmuşdur. Ərəblər Albaniyanı tutanda uğanlar onlara tabe olmadılar, Qafqaz dağlarının o üzünə köçüb özlərilə eyni kökdən olan Xəzər xaqanlarına qoşuldular. Uğan teonim mənşəli etnonimdir, yəni o, əvvəlcə tanrı adı olmuş, sonra etnik ada çevrilmişdir. Mahmud Kaşğari yazır ki, türklər qadir allah nidasının sinonimi kimi Ukan Tenqri ifadəsini işlədirlər. Uğan kəndləri, qalaları dağılıb yer üzündən silinmiş, yalnız Oğuz bölgəsində Uğan mağarası qalmışdır”.
Bir sıra tədqiqatçılar "onqon" (totem) sözünü də "uğan"la (Allahla) əlaqələndirirlər. Mirəli Seyidov, İ.N.Berezin, D.K.Zelenin, İ.Əbdülqadir onqonla "uğan" ifadələrinin eyni kökdən olduğunu qeyd edirlər. Həmin mağara ilə bağlı görkəmli folklorşünas Sədnik Paşayev tərəfindən qeydə alınmış əfsanə yuxarıda irəli sürülən mülahizələrin inandırıcı olmasını daha da gücləndirir. Həmin əfsanəyə görə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında yerləşən dağdakı mağarada nəhəng bir çöl atı yaşayırmış. Kəhərsiz yaşayan bu at mağaranın qabağındakı qara qayaya sürtünər, yeddi ildən sonra biri gecə, biri də gündüz rəngində bir cüt qulun doğarmış. Mirəli Seyidovun fikrincə, bu əfsanə başdan-başa mifik təsəvvürlərlə, əski inamla bağlıdır. Mifik təsəvvürlərə görə daş bala verir, dölləndirirdi. Qədim zamanlarda türk xalqlarında atın önəmli olduğunu nəzərə alsaq, yol tanrısının nəhəng çöl atı şəklində onqon kimi qəbul edilməsi heç də təəccüblü olmamalıdır.
Həmçinin əfsanəvi atın dağdakı mağarada yaşaması dağa inamla səsləşir. “Türk xaqlarında belə bir inam varmış ki, qəhrəmanların atları Günəşdən gəlir. Onda bu nəhəng, əfsanəvi çöl atı da Günəşlə bağlı ola bilər. Çöl atının qara qayadan dölləşməsi daşa inamla səsləşir. Əski təsəvvürdə belə bir inam varmış ki, daş uşaq verir, dölləndirir. Nəhayət, əfsanədə Günəşlə bağlı atın gündüz və gecə rəngində qulun doğması məsələsinə qalanda göstərildi ki, at Günəşdən gəlib. Elə bu inama görə də at gecə və gündüz rəngində bala verirmiş. Sözsüz ki, balaların gecə (qara), gündüz (ağ) rəngində olması ilə xalq günəşin gecə-gündüz yaratmasını göz qarşısına gətirmiş və beləliklə də əksliklər, dual təşkilat quruluşu qanunlarını da vermişdir. Bəllidir ki, gecə-gündüz, qara-ağ dual təşkilat və əksliklər anlayışı ilə sıx bağlıdır”.
Ümumiyyətlə, Uğan mağarası turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir.
Bu mağara barədə daha geniş yazmaq olardı. Amma min dəfə eşitməkdənsə, oxumaqdansa, bir dəfə görmək yaxşıdır. Sizi Oğuza turist səfərinə dəvət edirik. Gəlin, öz gözlərinizlə görün!
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)


