Yerusəlim ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

 

İsrailin Yerusəlim şəhərindəki İsrail Milli Kitabxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,iştirakçılar əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam barədə ətraflı məlumat verib. Ermənilərin 1992-ci ilin  fevralın ayının 25-dən 26-na keçən gecə qadın, uşaq və ahıllar da daxil olmaqla dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Bu qanlı hadisə nəticəsində yüzlərlə insanın həyatını itirdiyini, minlərlə sakinin yaralandığını və əsir götürüldüyünü söyləyib. Faciənin Azərbaycan xalqının tarixində dərin iz buraxan ağır hadisələrdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Azərbaycanda nəşr olunan “Xocalı – fotolarda, sənədlərdə və xatirələrdə” kitabı İsrail Milli Kitabxanasının fonduna hədiyyə edilib. İştirakçılara faciə ilə bağlı məlumatlandırıcı materiallar paylanıb.

Məlumat üçün bildirək ki, tədbirin keçirildiyi İsrail Milli Kitabxanasında nadir əlyazmalar və Şərq ədəbiyyatına aid əsərlər saxlanılır. Xüsusi maraq doğuran eksponatlar sırasında “Leyli və Məcnun” poemasının 1602-ci ilə aid əlyazması da var. Tədbirin məhz burada keçirilməsi Xocalı faciəsinin tarixi və mədəni yaddaşda əbədiləşdirilməsində rəmzi məna daşıyıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.