Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki:- “Milli dəyərlərin sərhədi böyük olduğu kimi, dilin də sərhədləri böyükdür. Mənim də payıma bunu danışmaq, təbliğ etmək düşüb. Ölkədə türkçülüyün təzahürlərini özünün bütöv sferasında, coğrafiyasında, geniş şəkildə görmək lazımdır.

Bu bizim düşüncələrimizə qədər yeriməlidir və söhbət düşüncələrdən gedirsə, deməli böyük işlər görmək lazımdır. Boşluqlar nədən yaranır?  Biz məsələyə üzdən, yarımçıq, mahiyyətinə varmadan baxırıq, ən dəhşətlisi də odur ki, məsələdən xəbəri olmayan insanların öhdəsinə buraxırıq. Bilirsiniz ki, mənim tədqiqatlarım birbaşa bir çox elmləri, türk taleyini, tarixini özündə birləşdirən, sırf türkologiya – türk xalqlarının ədəbiyyatı, mədəniyyəti, coğrafiyası, dili və s. ilə bağlıdır.”

 

Bu dəfə sizə filologiya elmləri doktoru, professor Minaxanım Allahşükür qızı Nuriyeva -Təkləli haqqında söhbət açmaq istəyirəm. O, Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. ADPU-nun Filologiya fakültəsində təhsili alaraq, oranı fərqlənmə diplomu ilə bitirib və ADPU-nun Aspiranturasında oxuyub. 1983-cü ildə AMEA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə ADPU-nun Filologiya fakültəsində dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilib. 2004-cü ildə “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə yüksəlib. 2006-cı ildə həmin universitetdə professor elmi adına layiq görülüb…

 

İdealist xanımdır. İdeallarına uyğun olaraq fəaliyyət göstərməyi xoşlayır. Yumor hissi çox yüksəkdir. O, hər hansı bir mühitə girəndə dərhal diqqəti özünə cəlb etməyi, zarafat etməyi bacarır. Yüksək sosial intellekti var. Onunla həmsöhbət olan insan heç vaxt darıxmaz. Bacarıqlı və istedadlıdır. Praktik insandır. Buna görə də çox qısa müddətdə bir çox işlərin öhdəsindən gələ bilir. Səliqəli işləməyi sevir. Gülərüz və qayğıkeş təbiəti var. Yeni şeyləri araşdırmaq və kəşf etmək onun maraq dairəsində olan xüsusiyyətlərdəndir. O, həmişə həyəcan axtarışındadır. Həm də çox ağıllı və mədənidir…

 

1974-1989-cu illərdə ADPU-nun Filologiya fakültəsində laborant, 1989-1994-cü illərdə ADPU-nun Filologiya fakültəsinin müəllimi işləyib. 1994-2004-cü illərdə ADPU-nun Filologiya fakültəsinin dosenti, 2006-cı ildən isə ADPU-nun Filologiya fakültəsinin professorudur. O, ilk dəfə olaraq geniş miqyasda rus mədəniyyətində türk izlərinin üzə çıxarılması istiqamətində qiymətli tədqiqatlara imza atıb. Onun bu səpkidə  “Rus dilində türk sözləri”, “Türk əsilli ruslar”, “Türk kitabı. Unudulan tarix. Dəyişdirilən yer adları”, “Türk İmzası”, “İstilalar, müharibələr, türk şəhərlərinin taleyi”, “Mərkəzi Rusiyanın türk coğrafiyası”, “Sənət kəşfləri. Yaradıcılıq səadəti”adlı monoqrafiyaları və  “Tariximizin Söz yaddaşı”, “Sarı gəlin”, “Yaddaş Kitabı: Azad və tənha adamlar” kitabları çapdan çıxıb. 200-dən artıq elmi və publisistik məqaləsi dərc olunub. Onlarla dərslik və metodik vəsaitin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb…

 

O, azad ruhlu və müstəqil qadındır. Öz ayaqları üzərində dayanmağı bacarır. Onun özünəməxsus həyat tərzi və incə zövqü var. Özünə inamı tamdır və həyata qayğısız baxır. Fikrini dürüst və açıq şəkildə bölüşə bilir. Yuxarıda qeyd etdiyim kimi, incə yumor hissi var, gülməyi və insanları güldürməyi xoşlayır. O, çevik və dərin bir zehnə malikdir və çox praktik fikirlər yürüdə bilir. Üzərinə düşən vəzifələri yerinə yetirmək üçün çalışmaqdan yorulmur…

 

“Ortaq türk dili məsələsi qədim məsələdir. Fikir versəniz, bu hətta XIX əsrdə də mövcud olub. Bunun uğrunda mübarizə  aparanlar  olub ki, onların ən öndə gedəni İsmayıl bəy Qaspıralı idi. Çünki, o böyük bir ziyalı idi. İsmayıl bəy Qaspıralı bir jurnal çap edirdi ki, indi buraxılan jurnalların o qədər  əhatəsi ola bilməz. Azərbaycanın hətta böyük sərmayə sahibləri, milyonçuları belə onunla dostluq edirdilər. Eyni zamanda,  başqa ölkələrin- Türkiyənin, tatar xalqının onunla böyük əlaqələri olub. Siz əgər bizim köhnə, Mirzə Cəlilin “Füyuzat” jurnalına fikir versəniz, görərsiniz  onun dili necə çətindir. Osmanlı türkcəsi ilə yazılıb. Bu nəyə görə belədir? Bu və digər yazıçılar ortaq türk dili kimi Osmanlı türkcəsini götürmək istəyirdilər. Ona görə bunu yavaş-yavaş bu vasitələrlə həyata keçirirdilər. Bu da xalqdan uzaq idi. Mirzə Cəlil də buna görə sadə xalq dilində yazmaq istəyirdi. Əlbəttə, Mirzə Cəlilin özü də bunu xalq dilinə çox yaxınlaşdırmaq istəyib. Amma, bir az ifrat çıxıb. Cümlələrindən görürsünüz, xalq əslində Mirzə Cəlilin yazdığı kimi danışmırdı. Əksinə, xalqın da bir süni dilini ortaya qoymuşdu. Amma bunlar onu göstərir ki, Mirzə Cəlil ürəkdən istəyirdi ki, hər şey xalqın dilində olsun. Onun  “Anamın Kitabı” əsəri də bütün bunlara qarşı idi. Dilimizdə o vaxt da böyük meyillər var idi. Bütün bunları bir yana atmaq, ədəbi dilimizi təmizləmək lazım gəlirdi. Bundan sonra ortaq türk dili yarana bilərdi. Ortaq türk dili bizim işıqlı insanlarımızın qarşısında duran məqsəd olub. Türk birliyi deyəndə, birlik elə belə, əl tutmaqla olmur. Bu gün türk birliyindən danışanlar türkdilli xalqlar deyirlər. Mən və məndən öncə neçə böyük türkoloqlar dönə- dönə deyirdilər ki, türkdilli xalqlar deməyin. Bu elmi baxımdan səhvdir. Türk xalqları deməliyik. Ən azından türksoylu xalqlar deməliyik. Belə çıxır ki, canı, qanı başqadır, təkcə dili eynidir. Bu da düzgün fikir deyil. Həqiqətən bu elmi əsasdan çox-çox uzaqdır.”- söyləyir.

 

Çox kübar xanımdır. Heç kəsə pislik arzulamır, hamının xoşbəxt olmasını istəyir. Elə bu saf niyyətinə, xoş arzularına görə də Allah onun yolunu açıq edir, müşkülləri aradan götürür. Nə isə, düşünürəm ki, xalqına, millətinə, milli dəyərlərə bu qədər bağlı olması, onu həmişə xalq içində alnıaçıq, üzüağ edəcək...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...

 

QOCALMIR

Qocaldır insanı, qocaldır zaman;

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?

 

Getdi baharımız, yer qışa qaldı.

Düzlər qara qaldı, yağışa qaldı.

Bizimki bir quru baxışa qaldı,

Neyləyək arzunun gözü qocalmır.

 

Bəxtiyar, düşünək biz dərin-dərin.

Xəyallar möhtəşəm, arzular şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır...

                                Bəxtiyar Vahabzadə

 

Şeirin təhlili:

Bu şeir zamanın insan və təbiət üzərindəki təsirini, eyni zamanda sənət və arzuların ölməzliyini olduqca təsirli bir şəkildə ifadə edir. Şeir üç bənddən ibarətdir və hər bənd fərqli, lakin bir-birini tamamlayan fikirləri əks etdirir.

Şair bu şeirin birinci bəndində yazır:

 

"Qocaldır insanı, qocaldır zaman;

Ürəyin atəşi, közü qocalmır.

Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?"

 

Bu bənddə şair zamanın hər şeyi qocaldan universal gücünü vurğulayır. İnsanlar, dağlar, daşlar - hər şey zamanın axarına tabe olur və qocalır. Lakin burada bir paradoks ortaya qoyulur:

"Ürəyin atəşi, közü qocalmır..." Bu sətirlər ruhun, daxili enerjinin, həyat eşqinin zamandan təsirlənmədiyini, həmişə gənc qaldığını ifadə edir. Şairin "Bilmirəm, bəs niyə özü qocalmır?" sualı isə zamanın özünün qocalmaması ilə bağlı fəlsəfi bir düşüncəni ifadə edir. Zaman hər şeyi qocaldır, ancaq özü sonsuz və dəyişməz olaraq qalır. Bu, zamanın sirrini, əlçatmazlığını vurğulayır.

Şeirin ikinci bəndində oxuyuruq:

 

"Getdi baharımız, yer qışa qaldı.

Düzlər qara qaldı, yağışa qaldı.

Bizimki bir quru baxışa qaldı,

Neyləyək arzunun gözü qocalmır".

 

Bu bənddə şair mövsümlərin dəyişməsini, xüsusilə baharın qışla əvəz olunmasını insan ömrünün payız və qış dövrü ilə əlaqələndirir. "Getdi baharımız, yer qışa qaldı" sətirləri ömrün keçib getdiyini, gəncliyin arxada qaldığını metaforik şəkildə bildirir. "Düzlər qara qaldı, yağışa qaldı" sətirləri isə sanki qocalığın gətirdiyi bəzi hüznlü, boğucu hissləri təsvir edir. "Bizimki bir quru baxışa qaldı" ifadəsi çarəsizliyi, bəlkə də həyatda əldə edilməyən arzuları, sadəcə baxıb keçmək məcburiyyətində qalmağı ifadə edir. Lakin bu bənd də ilk bənddəki kimi ümidverici bir notla bitir:

"Neyləyək arzunun gözü qocalmır."

Yəni, insan qocalır, imkanlar məhdudlaşır, lakin arzular həmişə təzə, canlı və gənc qalır. Arzular, xəyallar insanın daxilindəki tükənməz enerjinin bir hissəsidir.

Görkəmli şair B.Vahabzadə bu şeirin sonuncu bəndində isə belə deyir:

 

"Bəxtiyar, düşünək biz dərin-dərin.

Xəyallar möhtəşəm, arzular şirin.

Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır..."

 

Bu bənddə şair Bəxtiyar Vahabzadəyə xitab edir və oxucunu dərindən düşünməyə çağırır. "Xəyallar möhtəşəm, arzular şirin" sətirləri insanın daxili dünyasının zənginliyini, xəyal gücünün qocalmazlığını vurğulayır. Ən sonuncu və ən təsirli mesaj isə son iki sətirdədir:

 

"Əsl sənətkarın, əsl şairin

Özü qocalsa da, sözü qocalmır..."

 

Bu, şeirin əsas ideyasıdır. Sənətkarın fiziki varlığı zamanın hökmünə tabe olsa da, onun yaratdığı sənət əsəri, sözü ölməzdir. Şeir, musiqi, rəsm kimi sənət nümunələri nəsillərdən-nəsillərə ötürülür, zamanın sınağından keçir və həmişə təzə qalır. Bu, sənətin, sözün ölməzliyini, əbədiliyini tərənnüm edir.

 

Ümumi təhlil və bədii xüsusiyyətlər:

Bu şeirlə bağlı aşağıdakı məqamlara xüsusilə toxunmaq olar:

Mövzu: Şeirin əsas mövzusu zamanın insan və təbiət üzərindəki təsiri, qocalıq, lakin eyni zamanda ürəyin, arzuların və xüsusilə də sənətkarın sözünün ölməzliyidir.

Fəlsəfi dərinliklər: Şeir sadə bir dildə yazılsa da, zamanın, həyatın və sənətin fəlsəfi mahiyyəti üzərində dərin düşüncələr oyadır.

Metaforlar: Şeirdəki "ürəyin atəşi, közü", "baharımız", "yer qışa qaldı" və "arzunun gözü" kimi metaforalar şeirə bədii zənginlik qatır.

Təzadlar: Zamanın hər şeyi qocaltması ilə ürəyin, arzuların və sözün qocalmaması arasındakı təzad şeirin əsas bədii xüsusiyyətlərindən biridir. Bu təzad, şeirin ideyasını daha qabarıq şəkildə ortaya qoyur.

Müraciət: Şeir "Bəxtiyar"a müraciətlə yazılıb ki, bu da şeirə daha şəxsi və səmimi bir ton verir.

Lirik dillik: Şeir lirik bir üslubda yazılıb, oxucuda emosional təsir oyadır.

Optimist not: Qocalıq və zamanın keçməsi ilə bağlı bəzi hüznlü fikirlər olsa da, şeir ümumilikdə optimist bir ruhda tamamlanır. Sənətin və sözün ölməzliyi ümidverici bir mesajdır.

Yekun olaraq, bu şeir zamanın keçiciliyi fonunda insan ruhunun, arzularının və sənətkarın sözünün əbədiliyini yüksək bədii ustalıqla ifadə edən dərin mənalı bir əsərdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bakının hazırda mövcud olmayan və mövcud olan bəzi tikililəri vardır ki, kompozisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edib. Bunlardan "Uşaq aləmi" univermağı, uşaq kafesi, "Ceyran" kafesi, "Turist" mehmanxanasının bədii tərtibatı, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər çox maraqlıdır. Həmin əsərlərin müəllifi Azərbaycan Respublikasının xalq rəssamı Oqtay Şıxəliyevdir.  

 

Bu gün Oqtay Şıxəliyevin doğum günüdür.

O, 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə, 8-ci sinfi bitirdikdən sonra isə 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub.

1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olub. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdıb, Respublika Gənclər festivalının qalibi olub.

Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayıb. Sərgilərdə nümayiş olunan ilk işlərində Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edib. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Bütün yaradıcılıq fəaliyyəti dövrü ərzində həm SSRİ məkanında, həm də Azərbaycanda bir çox rəssamlıq məktəblərinə, müəyyən ittifaqlara dəvət olunub.

1964-cü ildən M. Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərib. Şıxəliyevin yaradıçılığı, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb və o 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 2002-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı fəxri adları verilib.

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar rəssamı 

2. Azərbaycan Respublikasının xalq rəssamı

 

Oqtay Şıxəliyev 30 yanvar 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün

 

Şuşa gecələri... Yuxularım gerçək qədər mistik: keçdiyim, öldüyüm, dirildiyim canlı yayımda....

   ...Mən bu əsgəri dərhal tanıdım... Əlil arabasında idi. Sosial müdafiə fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi qoyub çiyninə qucaqladım onu. Ona həyat borcum var idi. Xeyli söhbət etdik. Gözlərində mənə qarşı qınaq duymadım. Ya da ki, duymaqdan qorxdum. Bu an bir qız yaxınlaşıb salam verdi.

 

    - Познакомься Ирина, мой командир. Həyat yodaşımdır, cənab polkovnik.

    Onlara baxaraq, yenə əmin oldum ki, bu borcla heç zaman rahat yaşaya bilməyəcəyəm...

    ...1993-cü ilin fevralı, Ağdərənin dağ meşələri. 40 dəqiqə olardı düşmən snayperi məni ağacın arxasında saxlayırdı. Sol çiynimlə sıxıldığım ağac gövdəsini güllələr dağidaraq mənə yetişməkdə idilər. 100 metrədək arxamdakı mövqedə olan əsgərlər başlarını itirmişdilər: gözlərinin qarşısında komandiri öldürürdülər. Onların aramsız atəşlərinə düşmən əhəmiyyət vermirdi – hədəf mən idim, işini görürdü. Qəfildən, məndən sağda küt pulemyot şaqqıltısı aləmi bürüdü. Düşmən dərhal ağacı sakit buraxıb sərrast atəşini pulemyot işləyən cinaha keçirdi. Mövqeyin atəş örtüyü altında səngərlərə yetişdim. Cingiltili bir sükut yarandı: snayper dayandı, pulemyot susdu. Məni xilas etmək üçün özünü atəş altına atan  pulemyotçu əsgər irəlidə qarın üzərində hərəkətsiz sərilmişdir.

     - Çıxarmaq lazımdır onu, - gözlərimi əsgərdən çəkmədən yanımda duran bölük komandirinə göstəriş verdim.

     - Oldu. Gecə çıxardarıq...

     - Yox!- sözünü kəsdim. – Ola bilsin yaralıdır. Qan itirir. İndi.

     Özüm getməliydim. Türk Mahmudla. Bilirdim əl çəkməyəcək. Həm də pulemyotçu Azər Mehdiyevə bir həyat borcum var idi: Vətən üçün yox, mənim üçün ölumə qarşı atıldı.

      Topçuların atəşi altında Mahmudla birgə əsgəri sürüyüb çəkdik mövqeyə. Sağ idi. Lakin, belə sağlığı özünə gələndən sonra qəbul edəcəkmi?: hər iki ayağı dizdən yuxarı iri çaplı snayper gülləsi ilə tam qırılmışdı, sol gözü qanlı çala idi…

     ...Təsəllisiz günah hissi məni rahat buraxmırdı. Artıq iki ay idi Bakıda hospitalda üzərində çalışirdılar. Hər iki ayağın dizdən yuxarı kəsmişdilər. Bir gözünü itirmişdi. Həkimlərlə telefonla danışırdım. Cəbhə həyatı imkan verəndə Mahmudu göndərirdim yanına. Ürəyini açırdı Mahmuda. Musiqi məktəbini bitirmişdi. Skripka sinifini. Pianoçu bir qızla birgə klassik əsərlər ifa edirdilər. Onu dinləyən Mahmud artıq musiqidən baş çıxarırdı. Mənə izah edirdi ki, skripka ilə pianonun harmoniyası klassik əsərləri incəliklə hiss etdirir. Betxovenin 4 nömrəli sonatası, Ravel, Fare, Prokofyev və daha kimlər... Aylarla qanlı döyüşlərdə insan övladı olduğunu unutmuş Mahmud musiqi duyğulari ilə məni heyrətləndirirdi. 

     - Sən bəlkə silahı təhvil verib skripka götürəsən?- qaytarırdım onu müharibəyə. – Komendant tağımına hərəyə bir dəst əl qumbarası verdir, patronlarını tamamla.

      Hər dəfə Azərin yanından qayıdanda, Mahmud özüdə, həyatının bahar çağına qədəm qoymuş bir gənc kimi, Fərqanədə qalmış sevdiyi özbək qızını xəyallarına alırdı. Azər isə, skripkaçı qıza hələ yeniyetmə ikən yaranmış uşaq məhəbbətinin sevincini Mahmudla bölüşürdü. Qızcığaz tam səmimi musiqidən danışanda, Azər onu eşitmirdi, utana-utana onun sifət cizqilərini seyr edirdi: ürkək gözlərini, titrəyən dodaqlarını. Bu qızla xəyalında həyat qururdu, ləyaqətli eşq məcaralari yaşayırdı. Nəhayət, cürət tapıb uşaq ürəyinə sığmayan hisslərini iki sözlə dilinə gətirmişdi:

      - Səni istəyirəm.

      Qızcığaz isə anlamadan, birgə ifa barədə söhbətini davam edirdi.

       - Dedim səni istəyirəm! Çox istəyirəm! – Azər cəsarətlə onun təəcübdən donan gözlərinə baxdı.

      Gün qəldi eyni sözləri, daha zərifliklə qız Azərə pıçıldadı, onu son nəfəsinə qədər sevəcəyini əhd etdi. Həyatın baharı tuğyan edirdi. Ailələr toya hazırlaşırdı.

     Lənətə gəlmiş müharibə, özünə məxsus qəddarlıqla qapıları döydü. Azərdə çağırıldı. Son görüş. Son arzular. Son vədlər. «Səni gözləyəcəyəm. Son nəfəsimə kimi. Sənə bir şey olsa, xəyalımda yaşadacam səni, həmişə gözlərimin önundə olan surətinlə xoşbəxt edəcəyəm özümü. Amma sənin burnunda qanamayacaq. Mən qoruyacağam səni. Tez qayıt».

     - Qız gəlirmi Azərin yanına? - sualımın cavabından qorxaraq, soruşuram Mahmuddan.

     - Yox. Bir dəfə gəlib. Vəziyyəti görub. Bir söz demədən bir-birlərinə baxıblar. Sonra rəfiqəsi ilə nişan üzüyünü göndərib.

... Mahmuda zəng etdim. Azərlə bu gün görüşdüyümü dedim, həyat yoldaşı ilə maraqlandım.

     - Belorusludur. Hospitalda Qarabağda yaralanan qardaşını xilas edə bilməyiblər. Həkimdir. Geri qayıtmayıb. Azərə çox kömək edib. Sevib onu. Sonra evləniblər. Necə olub ki, sizə deməmişəm...

     - Yəqin başın skripkaya çox qarışıb, əsgər Paqanini…

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir

 

 

Tohid Namvər

Parsabad

 

 

 

GECƏLƏR YUXUDA GÖRÜŞƏK BARI

 

Ürəyim dözməyib yola çıxdı, gəl!

Niyə gəlməyirsən?.. Yol açıqdı, gəl!

Yuxum dağ başında alaçıqdı, gəl!

Gecələr yuxuda görüşək barı!

 

Göynətdi bağrını izim, yolların,

Saraldı ağında gözüm, yolların,

Olmadı qovşağı bizim yolların,

Gecələr yuxuda görüşək barı!

 

Yuxular deyil ki, dərə, qorxasan,

Bir it yox üstünə hürə, qorxasan,

Adam yox qəfildən görə qorxasan,

Gecələr yuxuda görüşək barı!

 

Bu gecə yuxuda bir ah çəkmişəm,

Gəl, ahdan mən sənə yolaq çəkmişəm!

Köhnə xatirədən araq çəkmişəm,

Gecələr yuxuda görüşək barı!

 

Sevgilim, hər şeyi xeyirə yozaq:

Dünyada nə dərd var, nə hicran, nə dağ,

Həyatı aldadaq, həyatdan uzaq

Gecələr yuxuda görüşək barı!

 

Gecələr yuxuda, yuxu yatmayaq,

Gecələr bir dastan oxu! Yatmayaq,

Gecələr şəhəri yuxuda qoyaq

Gecələr yuxuda görüşək barı!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Çərşənbə, 03 Sentyabr 2025 15:05

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 8. Müatliə nədir?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

8.

 

MÜTALİƏ NƏDİR?

 

 

Ensiklopedik tərif vermiş olsaq, mütaliəyə belə tərif verərik: mütaliə etmək - hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya fəaliyyətidir. Bu kommunikasiyada iki tərəf var. Birinci tərəf çap və elektron mütaliə məhsuludur ki, onun arxasında müəllif dayanır. İkinci tərəf isə oxucu və ya oxucu auditoriyasıdır. 

Hər bir kəs əlinə mütaliə məhsulunu alıb onunla təmasa başlayırsa, bu proses mütaliə adlanır, bunu icra edənsə oxucu adını daşıyır..

Mütaliə insanın həyatında, şəxsin təfəkkürünün inkişaf etdirilməsində, yeni biliklər qazanmasında əhəmiyyətli rol oynayır. Mütaliə prosesində pedaqoji, psixoloji yanaşmaq baxımından, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin tədris proqramı ilə yanaşı əlavə mütaliənin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Mütaliə elə bir prosesdir ki, onun nəticələri insanın ictimai və istehsalat fəaliyyətində əks olunur, onun dünyagörüşünün, əməyinin səmərəliliyini dəyərləndirir.

Lakin mütaliəyə maraq təhsil ocaqları və kitabxanalarla yanaşı ilk növbədə ailədən başlanmalıdır.

Mütaliə nə deməkdir?

Bu sahənin ən görkəmli tədqiqatçılarından olan Ə. Xələfov mütaliəyə belə tərif verir: “Bu, mətndəki hər bir sözü, cümlədəki fikri, fikrin məntiqi rabitəsini və əsərin ideyasını yaradıcı bir surətdə dərk etmək, kitabın ideyasına əsasən müstəqil surətdə nəticə çıxara bilmək deməkdir.”

Mütaliə şəxsiyyətin təşəkkül tapmasına, nitq təfəkkürünün inkişafına yöhəldilmiş mənəvi fəaliyyətin mürəkkəb formalarından biridir. Mütaliə dünyanı dərk etməyə, əxlaq normaları tərbiyə etməyə kömək edir, insanın mədəniyyətini yüksəldir, dünyagörüşünü genişləndirir.

Mütaliə oxucunun mənəvi aləminə ikitərəfli təsir göstərib bir tərəfdən qavrayış və yaddaş kimi psixiki proseslərin inkişafına səbəb olur, digər tərəfdən əsərlərin dərketmə vasitəsinə çevrilir.

Mütaliə oxucunu şifahi, yazılı nitq mədəniyyətinə yüksəldir, hissləri, fikirləri incə şəkildə, tam dürüstlüyü ilə anlamağa, ifadə etməyə kömək edir.

Nitq mədəniyyətinin əsasını söz ehtiyatı təşkil edir, söz, lüğət ehtiyatına isə ən çox mütaliə yolu ilə sahib olmaq olar.

Oxucu mütaliə yolu ilə heç vaxt görmədiyi predmet və hadisələrlə nəinki tanış olur, həm də onu bilavasitə öyrənir. Deməli, oxucu mütaliə vasitəsi ilə yeni-yeni məlumatlar alır, zehnini, nitqini və təfəkkürünü inkişaf etdirir.

Mütaliə hər kəsin şəxsi işi deyil, həm də ictimai borcdur.

Mütaliə insanın cəmiyyətdəki şəxsi rolunu dərk etməyə, yaşadığı dövlətin ideologiyasını (konkret halda bizim dövlətdə bu – azərbaycançılıq məfkurəsinə xidmət etməkdir), böyük vəzifələrini yerinə yetirməyə hazırlanır.

Burada bədii əsərin tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bədii əsərin təsiri və qiyməti hər şeydən əvvəl oxunan əsərin oxucunun fikrinə, hissinə nə dərəcədə hakim olması ilə ölçülür.

Mütaliə təkcə kitablardan alınmış biliklər məcmuyu deyil, yeni həyat şəraiti, keçmiş təcrübə ilə əlaqədar olan bütöv bir dünyagörüşüdür və bu, mütaliənin təsiri nəticəsində oxucunun psixoloji aləmində əmələ gələn yeni bir keyfiyyətdir.

Növbəti: 9.Mütaliə məhsulu

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub Aytən Ağasıyevadan gəlib. O, “Boş skamya” adlı hekayəsinin dərcini istəyir. Buyurun, siz də tanış olun.

 

Hər gün fərqli saatlarda həmin skamya dolub, boşalırdı. Bu gün də qonağı Xəyal idi. Xəyal indi bura təkcə gəlmişdi.

İlk dəfə  dostu ilə gəldiyi günü xatırladı.

Qızmar günəşin altında küləyin nəfəsi ilə sərinləmək üçün bu skamyada oturmuşdular. Bir az söhbət elədilər.

Oturduqları yerdə ağacın titrəyən budağında Kuku və Sarının yuvasını gördülər. (Xəyal və dostu quşları bu adlarla səsləyirdi.)

Kuku Sarının yuvaya gəlməyinə icazə vermirdi. Bəlli ki, gərgin küskünlüyə səbəb olan bir hadisə baş vermişdi. Bir yabancı kimi Kuku Sarıdan uzaq dururdu. Bir az keçdikdən sonra onların səsi o qədər qulaqbatırıcı oldu ki, qorxulu yuxu görən adamın qışqıran səsini belə kölgədə qoya bilərdi..

Sanki aralarındakı savaş hekayəsi bitdi və səssizlik çökdü. Gözləri bir biriylə görüşüb qucaqlaşdı.

Xəyal dostuna dedi:

-Onlar həm sevməyi həm də tərk etməyi  yaxşı bacarırlar. Bəzən heyvanlardan götürəcəyimiz nümunələr olur. Amma biz onları sadəcə yedirib, içirməklə məşğuluq. Hətta əlimizin tərsi ilə də özümüzdən uzaqlaşdırırıq. Onları incidirik, baharda, qışda özlərini bizə sevdirməkdən yorulmayan heyvanlar bizim tərəfdən hər zaman sevgi gözləyir. Bizdə isə şeytan tükü olduğuna görə onlara istədiklərini verə bilmirik. Oynaq ruh halımızla hər zaman idarəedici olmağa çalışırıq. Bir gün yığıb, bir gün açaraq qəlbimizin tam orta yerində özümüzə görə bir cumhuriyyət qururuq. Və sonra da özümüzü anlamağa çalışırıq. Utancaq insanların da qəlbində qurulan bu cumhuriyyət ilin ən böyük, əyləncəli, geniş, qarışıq konsertinə yığılmış izdiham kimidir.

-Maraqlıdır.. Sözlərindəki dərinliyi hiss edə bilməyən biri, durğu işarələri olmayan, intonasiyasız, qolu-qanadı qırılmış şeir oxuduğunu düşünər.

Xəyalın yanına balaca bir qız yaxınlaşdı. Qız ona Qaracaqızı xatırladırdı. Deyəsən, Qaracaqızın ondan xoşu gəlmişdi. Yoldan gələrkən aldıqları meyvələrdən Qaracaqıza da verdi. Qız qara gözlərini Xəyala dikib, təşəkkür etdi, sıra ilə əkilmiş ağacların altından qaçaraq uzaqlaşdı. Dostu uşağın xoşuna gəldiyini Xəyala gülərək pıçıldadı. Bu doğru idi, uşaq Xəyalı çox sevmişdi, Xəyal da ümumiyyətlə həyatda ən çox uşaqlarla yola gedə bilirdi.

Dostu ona uşaqlıqdakı oynadıqları oyunları xatırlatdı:

-Yadında? Dar, ensiz və asvaltsız küçələrdən qaçanda yıxılıb dizlərimizi qanatmağımız? Hər gün  yeni bir yara yaranırdı dizlərimizdə, dünənki yara qaysaq bağlamamış yenidən yıxılırdıq, köhnə yaranın yanından da yeni yara yaranırdı. Sənə  nə qədər desək də qaçma, ehtiyatlı ol, yenə də qaçırdın.

-Hə yadımdadı, qaçanda özümü çox azad hiss edirdim, hər gün göydəki ay bir az parlamağa başlayanda dizlərim yaralı evə qayıdırdım. Bəzən elə olurdu ki, heç yaranı harda, necə aldığımı belə bilmirdim. Yaxşı tərəfi bilirsən nə idi ? O yaralar qaysaq bağlayıb tez sağalırdı. Keçici idi..

-Hə,  kaş elə indi də aldığımız yaraların hamısı dizlərimizdə yaranan yaralar kimi olsaydı..

-Mən düşünürəm ki, həyatda aldığımız yaralar bizi tamamlayır. Onlar olmasa əskik qalarıq.

-Nə demək istəyirsən ?

-Demək istəyirəm ki, əgər hər dəfə dizimiz qanayanda qaçmaqdan əl çəksəydik, yeni yara almaqdan qorxsaydıq, heç qaçmayacaqdıq. Uşaqlığımız tam olmayacaqdı. Biz qaçaraq böyüyüb, yara alaraq sağalırdıq və yenə xoşbəxt olurduq.

 

Xəyal xatirələrdən ayrılıb skamyanın boş olduğunu gördü. Yanında nə dostu, nə də Qaracaqız var idi. Kuku və Sarıdan da xəbərsiz idi.  İndi o tam idi, yoxsa yarımçıq, heç özü də bilmirdi.

Şəhriyar del Geraninin şerində də deyildiyi kimi - para buğdasına söykənib yatan qarışqa misalı, o qədər yorğun hiss edirdi ki özünü, skamyadan qalxıb uzaqlaşdı.

Boş skamya isə hər gün usanmadan növbəti qonağını gözləyirdi.

Görəsən Xəyaldan sonrakı qonağı kim olacaqdı?

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Çərşənbə, 03 Sentyabr 2025 14:04

VAQİF SƏMƏDOĞLU, “Əlin sınaydı, sanitar...”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

“Əlin sınaydı, sanitar...”

 

Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə,

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.

O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

O qız çılpaq çinarın da

Başında hava görmüşdü,

Allahın atıb getdiyi

Boş qalmış yuva görmüşdü...

Sən o qızı döyən zaman

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

Xışıldadı yer üzünün

Ən əlacsız yarpaqları,

Dəlixana divarını

Öpdü çinar budaqları...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                            

 

ÇİNGİZ ABDULLAYEV,

Xalq yazıçısı

 

KÖRPƏ VƏ KÜRƏN PİŞİK BALASI

(Hekayə)

 

Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.

Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər... Bəzən hətta həmişəkindən tez isladırdı.

Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini - pampersini dəyişsin.

O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə... Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan - anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.

Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: "Ata...". Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində  olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da... Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.

Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə - hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. "Ana"dan dərhal sonra öyrəndiyi ilk söz olan "ata" sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.

Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır...

Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.

Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi - başqasının malına kəm baxmamaq!

Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona "ana" deyir. Başa düşə bilmirdi ki, bir evdə iki "ana" necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə "Nənə gəldi!" deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı "ana" deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə "nənə" deməyə cəhd edirdi.

Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də - körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.

...Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki... Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi, buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.

O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.

Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.

- Oradakıların hamısı ölüb! - tanımadığı bir səs qışqırdı. - Qonşu otaqda heç kim yoxdur.

Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı "qədər" və "sonra" adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə "qədər"də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

Çərşənbə, 03 Sentyabr 2025 10:14

Liviyanın səfiri "ASAN xidmət"də

 

2 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

“ASAN”dan verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Liviya tərəfi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib.

Qonaq “ASAN xidmət” mərkəzinin,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.