İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Onun adı Mərmər Mustafa qızı Dəftəzanovadır. 1917-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Baş Daşağıl kəndində anadan olmuşdu. Digər sənətkarlıq növləri ilə yanaşı xalçaçılığın da geniş inkişaf etdiyi bu kənddə çoxlu məşhur xalçaçılar yetişmişdir. Onların bir qismi nəinki Azərbaycanda, həm də bir sıra digər ölkələrdə də tanınmışlar.
M.Dəftəzanova da onlardan biri idi. Onun toxuduğu xalılar bir çox beynəlxalq sərgilərdə, o cümlədən dəfələrlə Bakıda və Moskvada nümayiş etdirilmişdir. M.Dəftəzanova SSRİ Rəsamlıq İttifaqının üzvü olmuşdur. (P.Yaqub: “Baş Daşağıl ensiklopediyası”, “Zərdabi LTD” MMC, Bakı-2012, səh:53). Mənbələrdə onun hətta İttifaqın ilk azərbaycanlı qadın üzvü olduğu da göstərilir. (N.Hüseynli: “Oğuz soraqlı, Vətən sevdalı insanlar”, “Elm və təhsil”, Bakı-2025, səh: 42)
Onun haqqında rayon qəzetində və respublika mətbuatında dəfələrlə yazılar verilmişdir. “Azərbaycan xalçaları” jurnalının 2015-ci il tarixli 5-ci sayında verilmiş “Baş Daşağıl xalçaları” məqaləsində, rayon qəzetində dərc olunmuş “Xalça ustası”, “İlmələrdə döyünən ürək” və digər yazılarda M.Dəftəzanova haqqında da geniş məlumatlar, özünün və toxuduğu xalçaların foto-şəkilləri qoyulmuşdur. “Baş Daşağıl xalçaları” məqaləsində qeyd olunur ki, Mərmər xanım xalça toxumağı 7-8 yaşlarından anası Nurcahandan öyrənmişdir. Nurcahan xanım peşəkar xalçaçı olub, bu sənətin sirlərini öz övladları ilə yanaşı kəndin qız-gəlinlərinə də sevdirmişdir.
M.Dəftəzanovanı məşhur xalçaçı edən doğma kəndinin misilsiz gözəlliyə malik təbiəti olmuşdur. Mərmər xanıma hər bir əsərin mövzusunu təbiət özü verirdi.Qədim Dədə Qorqud yurdu olan bu diyarın bənzərsiz mənzərələri – cürbəcür çiçəklərlə, güllərlə süslənmiş çəmənləri, yamyaşıl dağları, çayları və bulaqları, ulu nənələrindən bu yana nəsildən-nəslə keçən xalçaçılıq sənətinə olan məhəbbəti onu da məşhur xalçaçı etmişdir. SSRİ Rəssamlar İttifqaının üzvü olan bu məşhur xalı ustası qəzetlərin birinə verdiyi müsahibədə müxbirin “Siz xalçaların eskizini hardan götürürsünüz? Yəqin əvvəlcədən necə toxuyacağınızı ölçüb-biçir, təxmini çertyoj cızır, sonra işə başlayırsınız?” sorğusuna belə cavab verir:
- Yox, mənim iş üslubum heç də sizin fikirləşdiyiniz kimi deyil. Əvvəlcədən toxuyacağım xalça haqqında heç də fikirləşmirəm. Hər şey sonradan yaranır. Naxışlar da, rənglər də. Elə ki işə başladım, ətrafdakı hər şeyi unuduram. Xəyalımda ancaq bir vaxt uşaqkən oynadığım çəmənliklərdəki güllər, çiçəklər canlanır. Toxuduğum hər bir xalı da öz rəngini, naxışlarını ondan alır. Yaşımın çoxluğuna baxmayın, o çəmənləri indi də tez-tez gəzib dolaşıram”.
O, öz xalqının milli-mənəvi dəyərlərinə bağlı, milli-mədəni irsinin təəsübünü çəkən insan olub. Rayon qəzetinin foto-müxbiri işləmiş E.Süleymanov söyləyir ki, 1983-cü ildə qəzetin tapşrığı ilə Mərmər xanımın şəklini çəkmək üçün Baş Daşağıl kəndinə getmişdim. Evlərinə gələndə onun tərcüməçi vasitəsilə Almaniyadan gələn bir xalça mütəxəssisi ilə söhbətinin şahidi oldum. Qonaq ondan xalça toxuduğu dəzgahın qiymətini soruşurdu, hansı qiymətə olsa da, onu almaq istədiyini bildirirdi. Mərmər xala dedi ki, mən toxuduğum xalçaları sata bilərəm. Amma bu dəzgah mənə ulu nənələrimin yadıgarıdır, onu heç kimə və heç bir qiymətə satmaram. Hazırda həmin dəzgah Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi qorunur.
Anası Nurcahan kimi Mərmər Dəftəzanovanın da peşəsinin sirlərini öyrətdiyi onlarla həmyerlisi xalçaçı kimi yetişərək fəaliyyət göstərmiş və onların bir çoxu indi də bu ecazkar sənətin nəsildən-nəslə ötürlməsində mühüm rol oynamaqdadırlar.
M.Dəftəzanova 13 mart 1985-ci il tarixdə dünyasını dəyişmişdir. Amma onun toxuduğu xalçalar hələ də evləri, muzeyləri bəzəyir. Hələ neçə illər boyu da bəzəyəcək və görənləri valeh edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2025)


