Super User

Super User

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Ötən gün Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində rayonun ədəbi mühitinə aid olan xanım yazar və şairlər barədə ilk dəfə yazılıb ərsəyə gəlmiş "Qələm tutan incə əllər" kitabının ikinci nəşrinin təqdimat mərasimi keçirildi.

 

Tədbirdə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələri, rayonun tanınmıs ziyalı və pedaqoqları yaxından iştirak etdilər.

Tədbir fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi olan bəndəniz - İlqar İsmayılzadənin çıxışı ilə başladı. O, "Qələm tutan incə əllər" kitabı barədə ümumi məlumat təqdim etdikdən sonra kitabın öz mövzusu və yazılış üslubuna görə təkcə rayon və cənub bölgəsində deyil, bütün respublikada ilk işıq üzü görmüş kitab olduğunu bildirib, Cəlilabad ədəbi mühitinin xanım yazarları ilə bağlı araşdırma və təqdimatların hələ 2016-cı ilin mart ayından etibarən başlandığını və bu günədək rayondan olan 30-dan çox xanım şair və yazarın təsbit edildiyini açıqladı.

İlqar İsmayılzadə bu işin heç də asan və rahat ərsəyə gəlmədiyi, bu yolda üzləşdiyi çoxsaylı çətinliklər və məşəqqətlər, son olaraq isə bir sıra haqsızlıqlarla üzləşdiyini bildirib rayonun ağsaqqaları və ziyalılarının lazım olan yerlərdə söz demək haqqından istifadə etməsini rica etdi.

İlqar İsmayılzadə ədəbiyyat, incəsənət, poeziya, nəsr, tarix jurnalistika və digər bu kimi sahələrin heç kimin şəxsi monopoliya sahəsi və inhisarında olmadığına təkid edərək, bacarığı, ləyaqəti və imkanı olan hər kəsin bu sahələrdə öz töhfəsini verməyə azad olduğunu, lakin eyni halda müəlliflik hüquqları və etik qayda-qanunları əsas tutmağın bir zərurət olduğunu bildirdi...

Tədbir təşkilatçısı və aparıcısı İ.İsmayilzadə həm də bu ilin aprel ayından etibarən "Həməşəra" mətbu orqanının "Ədəbiyyat və incəsənət" portalı ilə əməkdaşlığı cərçivəsində "Qələm tutan incə əllər" layihəsinə start verildiyi və bu günədək həmin layihədə Cəlilabad ədəbi mühitinin 19 xanım yazarının təqdimat edildiyini bildirib, bu sahədə göstərdiyi dəstəyə görə "Ədəbiyyat və incəsənət" portalının rəhbərliyinə minnətdarlıgını bildirdi.

Tədbirin davamında Cəlilabad ədəbi mühitinə aid olan xanımlardan: Gülşən Şahmuradlı, Seylan Abbas, Müşahidə Nərimanova, Gülcahan Əsgərova, Pərvanə İsgəndərqızı, "Həməşəra"  Fəxri Diplomu laureatı gənc şair Sevinc Şirvanlı, "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair Arzu Əyyarqızı və Nərgiz Əlili çıxış edərək kitab müəllifinə öz minnətdarliqlarını bildirib, rayonun ədəbi mühiti ilə bağlı ürək sözlərindən danışdılar.

Həmçinin, tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Cəlilabad rayonunun "Canlı ensiklopediyası" adlanan Cahangir Muradov, Əmək veteranı və Əmək zərbəçisi, təqaüdçü pedaqoq Hacı Paşa Rüstəmov, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair Zülfü Vellifldağ, tanınmış ziyalı pedaqoq Dadaş müəllim Bayramov, ziyalı pedaqoq, tarixçi, qiraətçi və ictimai fəal Adıgözəl Nuriyev, tanınmış ədəbiyyatçı, qiraətçi və şair Mikayıl İncəçaylı və şair Azər Mirzə də öz çıxışlarında İlqar İsmayılzadənin Cəlilabad ədəbi mühitinin tanıtdırılması və təbliğində əməyini yüksək qiymətləndirdilər və ona öz təmənnasız və faydalı olan işlərində möhkəm və səbirli olmağı tövsiyə etdilər...

Tədbirin davamında Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət xanım İsrafilovaya tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə minnətdarlıq edilərək, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən, eyni halda "Qələm tutan incə əllər" kitabına yenicə əlavə edilmiş: Gülşən Şahmuradlı, Seylan Abbas, Müşahidə Nərimanova, Gülcahan Əsgərova, Pərvanə İsgəndərqızı və ədəbi mühitin ən azyaşlı və yeniyetmə nümayəndəsi Nərgiz Əliliyə rayonun ədəbi mühitini layiqincə təmsil etdiklərinə görə "Həməşəra" Fəxri Diplomu, "Qələm tutan incə əllər" kitabı, müqəddəs Azərbaycan bayrağı və rəmzi olaraq qələm hədiyyəsi təqdim edildi.

Sonda isə xatirə fotoşəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Lirika Dəftəri rubrikasında sizlərə Pərviz Qurbanlının şeirlərini təqdim edir.

 

                                              

***

 

Bu evin qapısı daha döyülmür,

Divarlar həsrətdir insan səsinə.

Xaraba qalmış da elə soyuqdur,

Əllərim qızışmır öz nəfəsimə.

 

Pəncərə önündə solan çiçəklər

Hələ də unutmur xatirələri.

Yalvarır hər səhər doğan günəşə

Qaranlıq otağın pəncərələri.

 

Bir taxtabiti də yeyir divanı,

Niyyəti taxtımdan salmaqdı məni.

Nə qədər qəribə olsa da belə,

Evimdə yaşayır evin düşməni.

 

Sonra bir taqqıltı yayılır evə,

Özün yerə atır anamın şəkli.

İntihar etdimi, görəsən, yoxsa

Mənə xatırlatdı öldüyü ili?

 

Nəhayət, qapımız döyüldü, Allah,

Mən dəli olardım yoxlamasaydın.

Qoşulub əcələ gələrdim, vallah,

Bir şəkil dalımca ağlamasaydı.

 

 

***

 

Həyat qaldığı yerdən

Gedərdi öz tonunda.

Yuxudan oyanaydın,

Qış səhəri fonunda.

Sonra nəsə baş verə

Özündən də xəbərsiz,

Telefona tələsəydin.

Dünən zəng eləsəydin...

 

Ürkək, sakit səs ilə,

İnan, mənə bəs eylər

Şikayətlər, gileylər.

Üstümə qışqıraydın,

Sözlərimi kəsəydin.

Dünən zəng eləsəydin...

 

Və sükuta qərq olub,

Sakitcə dayanaydıq.

Yenə əvvəlki kimi,

Bir-birə yubanaydıq.

Axırda ağlayaraq,

Darıxmışam desəydin.

Dünən zəng eləsəydin,

Telefonu açardım.

 

 

***

 

İndi gözlərim danışır,

Dilimin susduğu yerdir.

Qəribə-zad da deyil,

Hamının bildiyi yerdir.

 

Ayağım torpağı sığallayır,

Ölülərin nəvaziş saatıdır.

Əcəli narahat etmə!

Onun iş saatıdır.

 

Artıq qulaqlarıma inanıram.

Onlar da dil açıb danışır.

Əllərim yaman qaçır,

Günahımla yarışır.

 

Kimin alın yazısı

Dodaqlarımda qalıb?

Hardan tapım mən səni,

İndi halallıq alım?..

 

Daha gecdi, əzizim,

Bayaq dediyim kimi,

Hamının bildiyi yerdir.

Gordan harayçı gəldi,

Şairin öldüyü yerdir.

 

 

***

 

İndi şəhər tozlarını qaldıran,

Xəfifcə bir meh də əsir küçədə.

Ümidləri tozdan betər sovrulan,

Bir anasız yetim gəzir küçədə.

 

Saçları da üz-gözünə tökülən

Bir dilənçi qarı açır əllərin.

Yarı alqış, yarıqarğış ömürdən,

Yavaş-yavaş yola salır günlərin.

 

Bir taksofon dəstəyindən qız səsi,

Uzandıqca, uzanırıdı sonacan.

Bir az sevinc, bir az qorxu, həyacan

Eşidirəm, alo, alo, hardasan?

 

Bir yeşikdən zibil yığan adamlar

Gözləri kor pişikləri qovurdu.

Xatirəsi yada düşən qocalar

Kövrəlirdi, gözlərini ovurdu.

 

Bu Bakı şəhəri, bu dərd küçəsi,

Biz də bu şəhərin qonaqlarıyıq.

Bağışla, ay Bakı, sevmədik səni,

Biz ayrı şəhərin uşaqlarıyıq.

 

 

***

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik

 

Çox asandır.

Stokholm sindromu kimidir.

Düşməninə vurulmaqdır,

Göz yaşında durulmaqdır,

Hamı kimi yorulmaqdır

Sənsizlik.

 

Soyqırımıdır.

Genosidə tuş gəlməkdir,

Sümük olub dirilməkdir,

Abort olub ölməkdir

Sənsizlik.

 

Daxili repressiyadır.

Haqq deyib güllələnməkdir,

Allahdan gün dilənməkdir,

Ölkə-ölkə silkələnməkdir

Sənsizlik.

 

Müharibədir.

Qan iyidir, qan gölüdür,

Hə, yaşayan bir ölüdür,

Bu dünyanın müşgülüdür

Sənsizlik.

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik.

 

 

***

 

Bir addımlıq yolum qalıb,

Neçə ildi çatmaq olmur.

Ayaqlarım qərarsızdır,

Son addımı atmaq olmur.

 

Daş heykələ dönüb qalan

Bir daş ömrü yaşayıram.

Gözü açıq, qanadı yox –

Bir quş ömrü yaşayıram.

 

Hamı bədbəxt olmaz axı –

Danışan yox, gülən yoxdur.

Ya da bu dar məmləkətdə

Quş dilini bilən yoxdur.

 

Sənə qaçdım, sənə uçdum.

Bağışla, yenə gəlmədim.

Çoxlarını ötüb keçdim,

Allaha çata bilmədim.

 

 

***

 

Qarışqa yükü var çiyinlərimdə,

Bir dərd daşıyıram bahardan qışa.

Mənim də dərd yüküm azıymış kimi,

Yükümə yük qatır ölən qarışqa.

 

Qorxur qatilinin barmaqlarından,

Neyləyim, qeydinə qala bilmərəm.

Bəlkə, dost olmağa gəlmişdi bizə,

Mən dönüb qarışqa ola bilmərəm.

 

Çıx bu xarabadan, sürünü apar.

Bu evdə qarışqa qatili qalır.

Mən öləndə qayıdarsan, qarışqa,

Əcəlim məni də yadına salır.

 

Ölərəm, qarışqa, mən də ölərəm.

Beynimdə ölümün havası da var.

Bəs deyirlər ölən heç nə aparmır,

Qəbrimdə qarışqa yuvası da var.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Fəxri Uğurlu. Bəlkə də çoxları üçün bu ad heç nə demədi. Amma cağdaş ədəbiyyatımızda bu adın öz yeri, öz sambalı var. Necə deyərlər, o az yazır, ancaq saz yazır. Bir də ki, Fəxri Sovet dönəminin tanınmış şairlərindən olan Ağa Laçınlının övladıdır. Bir sözlə, yaradıcılıq bu ailədə irsəndir.

 

Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə Sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub.

1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb. 1998-ci ilin aprel-avqust aylarında bu qəzetin baş redaktoru olub.

1998-ci ilin sentyabr ayından dekabr ayınadək "İntibah" qəzetinə baş redaktorluq edib. 1998-ci ilin dekabr, 1999-cu ilin yanvar aylarında "Hürriyyət" qəzetinin məsləhətçisi vəzifəsində işləyib. Bundan sonra bir müddət "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin "Eqo" ədəbi əlavəsinin məsul redaktoru olub.

1999-cu ilin dekabr ayında "Avropa" qəzetini təsis edib. 2000-ci ilin fevral ayından nəşrə başlayan bu qəzetin həm də baş redaktoru olub. 2003-cü ildə qəzet nəşrini dayandırandan sonra fəaliyyətini müstəqil jurnalist kimi davam etdirib. 2008-ci ilin dekabr ayından 2009-cu ilin may ayınadək "Altun kitab" nəşriyyatının baş redaktoru vəzifəsində çalışıb. 2011-ci il ərzində "Toplum" vətəndaş cəmiyyəti jurnalının redaktor müavini olub.

 2013-cü ilin fevral ayından 2014-cü ilin sentyabr ayınadək Mediaforum.az xəbər saytının redaktoru kimi fəaliyyət göstərib. 2014-cü ilin sentyabr-dekabr aylarında Tərcümə Mərkəzinin orqanı olan "Aydın yol" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2015-ci ilin oktyabr ayından Bilik Fondunun məsləhətçisi vəzifəsinə işə qəbul olunub. 2016-cı ilin aprel ayından "Multikulturalizm" jurnalının baş redaktorudur.

1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Tək ağac" (1991), "Diləklərin azması" (1992), "Oğuznamələr" (professor Kamil Vəliyevlə birlikdə, 1993), "Üç kəndin bir dərdi" (Şəhidlər haqqında, 1995), "Uşaqların mahnısı" (1999), "Mövlana Cəlaləddin Rumi və onun "Məsnəvi"si" (2007), "Hekayələr" (2010) kitablarının müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmağı Şeyx İbrahim Gülşəninin kəlamları ilə

yekunlaşdırır.

 

 

Olmayan məhbubi Həqqün bilməz adəm sirrini.

***

Bu can quşu qənət açar, məhəbbət mülkinə uçar...

***

Dur yola düş, ey könül, eşq elinə gedəlüm...

***

Dust elinə gedirəm, gəlməzmisən, ey könül?

***

Bən bu elə qərib gəldim, kimsə bilməz halum bənüm...

***

Mənsur “ənəlhəqq” deyübən sirr pərdəsin faş eylədi...

***

Həqqin qapusuna doğru gələni

Sən əgrisən deyübən sürmək olmaz.

***

Əzəl camın içən bilür əbəd sərxoşluğu nədür...

***

Eşq ilə bilişəli, əqlümə yad olmuşam...

***

Eşqdən gəlür sana nida, gəl dusta gedəlüm, könül...

***

Könül güzgüsüni əqlün pasından

Arıtmadın rəvan sildürmək olmaz.

***

Tükənməz elmi var eşqün, nəhayət yox bəyaninə...

***

Kim gördü mələk yüzlü pəri cinsi-bəşərdən?..

***

Ey könül, səndən soraram müşkülüm, həll eyləgil...

***

Eşqün məratibinə sanma nəhayət ola...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir

 

 

Tohid Namvər

Parsabad

 

 

ŞAPALAQ ŞƏKİLİ

 

Rəssam! Otur bir danışaq,

Sən allah, burax şəkili!

Məndən min şəkil çəkilər,

Tutmaz bu varaq şəkili!

 

Ayağını yollar yeyən,

Yorğun adam, əldə yüyən,

Atına çata bilməyən,

Baxtımın çolaq şəkili.

 

Quşammı qanad çəkəsən?

Ya bir tala ot çəkəsən;

Yanında bir at çəkəsən;

Atlı bir otlaq şəkili?

 

Mən nataraz, sən inadlı,

Bir ürək çək, min bir çatlı,

Sifətimdə neçə qatlı -

Neçə şapalaq şəkili... 

 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025

 

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır. 

Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.

70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.  

Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.

 

 

MƏN YATMAĞA İCAZƏ İSTƏMİRƏM

 

Rayon Partiya Komitəsi tərəfindən təsərrüfat işlərinin qızğın çağında toy etmək qadağan olunmuşdu. Qafar kişi isə oğluna toy etmək istəyirdi, bütün hazırlıq işləri görülüb qurtarmışdı.

O, toy etməyə icazə almaq üçün raykoma getdi və məqsədini I katib A.Qasımova söylədi. Katib onu dinlədikdən sonra amiranə tərzdə dedi:

-Qafar kişi, get bazar günü axşam saat 10-dan sonra oğlunun toyunu et!

Qafar kişi də halını pozmayaraq ucadan söylədi:

-Yoldaş raykom, mən sizdən yatmağa icazə istəmirəm e, oğluma toy etməyə icazə istəyirəm.

Bu sözlər tezliklə bütün rayona yayıl, zərbi məsələ çevrildi.

 

DAYAHDIMSA, YANDI

 

Yaqublunun torpağı dəmyədir. Qışda qar, yazda çoxlu yağış yağmasa, bu torpaqlarda bir sünbül belə baş qaldırmaz, yamaclar quruyub bom-boz olardı. Həmin il də quraq gəlmişdi. Lakin kənddə iclas keçirən raykom katibi qurqalığı nəzərə almadan taxıl istehsalını ikiqat artırmağı tələb etdi.

Katibin naşı olduğunu görən Qəni kişi söz alaraq dedi:

-Yoldaş raykom, siz deyən qədər taxıl istehsal etmək üçün gərək gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa...

Uzada-uazad gedirdi ki, katib onun sözünü kəsdi::

-Sən də bir dayan görək, ay kişi.

Qəni kişi tövrünü pozmadan cavab verdi:

-Dayandımsa, yandı. Heç nə əmələ gəlməyəcək. Taxıl-maxıl da olmayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu söz kimə tanış deyil? Çıxış edir Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı. Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanov həqiqətən də adının əbədiləşdirilməsinə layiq olan bir musiqiçi olub. Və bu gün onun doğum günüdür.

 

Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan tara meyli duyulub, bu da onun gələcək həyatını yönləndirib.

İlk musiqi təhsilini İranda alıb, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa edib. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradıb, ömrünün sonunadək bu ansambla rəhbərlik edib. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır.

 "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunub. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılıb, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.

Məşhur yayılmış versiyanın əksinə, Abbasqulu ağa Bakıxanovun nəvəsi deyil, bəstəkar Tofiq Bakıxanovun atasıdır.

26 mart 1973-cü ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilib.

 

Təltif və mükafatları

 

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

4. "Şərəf nişanı" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

İnci Məmmədzadə

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,"Gənclik" Xalq Teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Zamanın tozu hər şeyin üzərinə oturur — küçələrimizə, yaddaşımıza, hətta sənət tariximizə də. Hər il yeni adlar, yeni əsərlər ortaya çıxır, sosial media dalğaları sürətlə yayılır, amma bu sürətin içində dünənin böyük sənətkarları tədricən səhnənin arxasına çəkilir. Onlar haqqında məktəb dərsliklərində bir-iki sətir qalır, bəlkə bir də divarda asılan solğun foto. Lakin sənət yalnız “yeni” ilə yaşamır — o, köklərinə möhkəm bağlı qaldıqca nəfəs alır.

 

Yaddaş mədəniyyəti nədir?

Yaddaş mədəniyyəti — millətin öz keçmişini necə xatırladığını, necə yaşatdığını göstərən aynadır. Əgər bu ayna tozlanırsa, gələcək nəsillər öz simasını görməkdə çətinlik çəkəcək. Biz bu gün Səttar Bəhlulzadənin rənglərində torpağın nəfəsini, Bülbülün səsində xalqın köklərini, Rəşid Behbudovun ifasında millətin qürurunu hiss edirik. Amma gəncliyin çoxu bu adları yalnız “tarix” kimi tanıyır. Onların sənət fəlsəfəsi, yaradıcılıq ağrıları, zəhmətlə qazanılmış nailiyyətləri unudulanda, əslində milli ruhun da bir parçası itir.

 

Niyə unuduruq?

Səbəblər çoxdur:

Sürətli informasiya axını və sosial medianın “qısa yaddaş” effekti.

Tədrisdə sənətkarlarımızın həyat və irsinin daha dərindən öyrədilməməsi.

Mədəniyyətin təbliğində yalnız yubiley və ildönümlərinə fokuslanma.

Bəzən elə bilirik ki, bir tədbir, bir məqalə, bir sərgi ilə xatırlamaq yetərlidir. Halbuki sənətkarı yaşatmaq üçün onun ideyaları gündəlik mədəni həyatımızın bir hissəsi olmalıdır.

 

Necə yaşada bilərik?

 

1. Teatr və kino – Böyük sənətkarların həyatından bədii filmlər və səhnə əsərləri yaratmaq, onları yeni nəsil aktyorların ifasında təqdim etmək.

2. Rəqəmsal arxivlər – Musiqi, şəkil, sənəd və xatirələri toplayıb hamının əlçatan olduğu platformalarda yerləşdirmək.

3. Məktəb proqramları – Sənət tarixi dərslərini yalnız faktlar üzərində deyil, yaradıcılığın ruhunu anladan üsulla keçmək.

4. Mədəniyyət marşrutları – Sənətkarların yaşadığı evlər, işlədiyi studiyalar, çəkdiyi filmlərin və tamaşaların məkanlarını turizm xəritəsinə salmaq.

 

Xatırlamaq mədəniyyəti – gələcəyə körpü

Unudulan sənətkarı xatırlamaq sadəcə keçmişi yad etmək deyil — bu, gələcəyi formalaşdırmaqdır. Çünki bugünkü gənc, dünənin sənət ustasının həyat hekayəsindən ilham alır, öz yaradıcılıq yolunu oradan tapır. Dövlətin və cəmiyyətin mədəniyyətə verdiyi dəyər, əslində yaddaşın necə qorunması ilə ölçülür.

Sənətkarın adını yaşatmaq, onun sənətinə təzə nəfəs vermək — yalnız muzeylərdə deyil, küçə adlarında, afişalarda, gündəlik söhbətlərdə də mümkün olmalıdır. Əks halda, zamanın tozu həm o adları, həm də bizə verdiyi dərsləri örtəcək.

 

Və unutmayaq:

Bir xalqın unudulmuş sənətkarları varsa, onun gələcək ustadları da köksündə köksüz böyüyər.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                           

 

YUNUS OĞUZ

 

CIĞIR

(tarixi romandan bir parça)

 

Müharibə isə davam edirdi.

...Neçə gündür gözünə yuxu getmirdi. Ermənilər elə bil Murovdağda onların koordinatlarını əzbər bilir, başlarını qaldıran kimi atəşə tutur, mərmilər atırdılar. Murov zirvəsində onların tutduğu mövqe çox vacib idi. Buradan Kəlbəcərə yol açılırdı. İndi bu yüksəklikdə ilişib qalmışdılar. Buludlar yol göstərənləri, daş-qayalar səngərləri olmuşdu. Başqa yerlərdən, hətta uzaqdakı qaya arxasından da hücuma keçmək istəyəndə də üstlərinə mərmilər yağırdı.

Ara bir qədər sakitləşəndə, o, qayanın dibində oturdu. Buranı nə külək tuturdu, nə güllə. Elə o dəqiqə də göz qapaqları örtüldü. Hardasa general Polad Həşimovun qəbri göründü. General həmişəki kimi gülümsəyirdi. Onun məzarının yanında üstü qara mərmərdən hörülmüş bir qəbir də vardı, amma üstündə şəhid olanın nə adı vardı, nə də şəkli. Öz-özünə sual verdi: “Bu kimin qəbridir?” Cavab tapa bilmir, gözlərini də ünvansız mərmərdən çəkə bilmirdi. Bu zaman Poladın şəkli danışmağa başladı:

-Bu qəbrin sahibinin kimliyini bilmək istəyirsən? - Onu təəccüb bürüdü. Şəkil dil açıb danışa bilərmi, bu olası iş deyil? - Əsgər, hələ tezdir.

İstər-istəməz dodaqlarının arasından sual çıxdı:

-Nə hələ tezdir, generalım?

General yenə gülərüzlə cavab verdi:

-Bu qəbrin sahibinin kim olduğunu bilmək tezdir.

-Niyə?

-Onu özün lap yaxında biləcəksən. Bilirəm Vətən müharibəsi başlayıb. Qarabağ işğaldan azad edilir. Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Ayaqyalın qaçqın düşən körpələr, bu gün Qarabağa tank üstündə, əsgər çəkmələrilə qayıdır...

Cəbrayıl güllə səsinə gözlərini açdı, ancaq generalın gülümsər sifəti gəlib durmuşdu qarşısında, çəkilib getmirdi. “Bu nə sirri-xudadır?”-öz-özünə sual verdi.

O da qaçqın idi, əslən Zəngilandan idilər, ancaq özü Sumqayıtın Corat qəsəbəsində doğulmuşdu.

Birdən elə bil beynində şimşək çaxdı.

- “Dur, dayan! -Ürəyində danışmağa başladı. - General necə dedi? Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Dayan, dayan! O qəbir niyə mənim olmasın, niyə mən şəhid olmayım?”

Ürəyinə elə bil təpər gəldi. Qərarını qəti vermək istəyəndə anasının haradansa səsini eşitdi:

-Cəbrayıl, oğlum!!!

O, istəyini qətiləşdirmişdi. İstəmədən ağzından çıxdı:

-Vətənə canım fəda olsun, məndən nigaran qalmayın!

Xüsusi təyinatlıların yüngül silahları karına gələ bilərdi. Süngü, kiçik avtomat, tapança, əl qumbaraları qəfil hücum üçün ən yaxşı vasitələr idi.

O, dostu Amili əl işarəsilə yanına çağırdı. Amil çox çətinliklə onun yanına gələ bildi. Qaya təbii səngər olduğundan Cəbrayıl uzaqdakı keçidi göstərib dedi:

-Amil, o keçidi görürsən?

Əsgər əlini qaşlarının üstünə aparıb cavab verdi:

-Hə, görürəm, nə olsun?

Cəbrayıl söhbəti uzaqdan başladı.

-Bax, qardaşım! Burada yüz əlli əsgərimiz şəhid olub. Daha heç kimin ölməsini istəmirəm. Mən o dar keçiddən düşmənin arxasına keçəcəm. Onların atəş nöqtəsini susdurmaq lazımdır və mən bunu edəcəm.

Amil:

-Bəlkə bölməni də götürəsən, - deyə soruşdu.

O, qəti etiraz etdi:

-Yox, olmaz! Əgər ermənilər buradan kiminsə atəş açmadığını görsələr, şübhələnəcəklər. Odur ki, siz burada qalın. Bir saatdan sonra atəş səsləri eşitməsəniz, bilin axırlarına çıxmışam. Hə, di gəl vidalaşaq.    

Onlar qucaqlaşdılar, ancaq heç birinin ağlına gəlmirdi ki, bu, vida görüşüdür; bu, son qucaqlaşmadır. Onu sonuncu qucaqlayan isə cənazəsinə bürünəcək üç rəngli bayraq olacaq.

O, çığırla dar keçidə doğru irəlilədi. Bir saatdan sonra düşmənin atəş nöqtələrini susdurmaq, iri çaplı silahları zərərsizləşdirmək lazım idi. “F-5” iki əl qumbarasını hazır vəziyyətə gətirib bir az da yaxınlaşdı. Sonra qumbaraları növbə ilə, birini iki minamyot, birini də iki top duran tərəfə atdı. Qəfil partlayışdan ölən öldü, dağılan dağıldı. Sağ qalanlar isə həyəcanla qışqırdılar:

-Türklər gəldi, türklər gəldi!

Ermənilər hara gəldi güllə atmağa başladılar, amma hədəf kimi heç kimi görə bilmədilər. Güllələr daşa, qayaya dəyib vıyıltı səsləri çıxardırdılar. Və birdən sükut yarandı. Cəbrayıl bundan istifadə edib iki güllə darağını onların üstünə boşaltdı. Daha sonra tapançasını çıxardıb sağ olanların axırına çıxmaq istədi. Amma deyəsən düşmənin sayı çox idi. Onların da gülləsi qurtarmışdı. Qorxularından hara gəldi atıb sərf etmişdilər. Süngüsünü çıxardıb “Ya Allah!” hayqıraraq ermənilərin içinə atıldı. Elə bil dinc vaxtı sakit gəzən, özünə iş axtaran gənc bu deyildi. Ayaqları, qolları, xüsusən də süngünü tutduğu əli avtomat kimi işləyirdi. Düşməni ot kimi biçirdi. Bir də baxdı ki, istehkamın içindədir. Qarşısında iki zabit dayanıb. Deyəsən, yüksək çinli zabitlərə oxşayırdılar, amma gözləri qan çanağına dönmüş Cəbrayıl üçün fərq etməzdi. Zabitlərdən biri əlini qoburuna atıb tapançasını çıxartmaq istədi. Doğrusu, onun əliyalın görünməsi hər iki zabiti təəccübləndirdi. “Bu qədər əsgərin içindən o, necə sıyrılıb bura gəlib?” Cəbrayıl bu sualı hər ikisinin üzündən oxudu. Sərrast bıcaq atışı ilə bir zabiti elə əlini tapança qoburunun üstündə saxladı. Bıçaq düz ürəyinə girmişdi. İndi o, lap əliyalın idi. Qolunu qaldırıb o biri zabitə şapalaq vurdu. Zabit yıxılan kimi onun üstünə tullanaraq iki əlini kəlbətin kimi boğazına yapışdırdı. Çox çəkmədi zabitin ayaqlarının titrəməsi də kəsdi. Ayağa durmaq istəyəndə arxadan güllə açıldı. Cəbrayıl dönüb güllə atana baxdı. Yaralı düşmən əsgəri idi. Sən demə onlardan biri yaralı halda bura gəlib çıxa bilmişdi. Cəbrayılın köksündən dəyən güllə onu yerə çökdürdü, amma son anda hayqıra bildi.

 -Ehey... generalım, gəlirəm!

Amilgilin bölməsi düşmən mövqeyinə girəndə artıq orada heç kim qalmamışdı. Hər yer erməni cəsədlərilə dolu idi. Sonradan bilinəcəkdi ki, Cəbrayıl Dövlətzadənin bıçaqla öldürdüyü zabit polkovnik, əlilə boğduğu isə general imiş...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

“Söndü gözün qürbət eldə”

 

Söndü gözün qürbət eldə,

Yad daxmanın şamı kimi.

Yenə qar altda qalmısan,

Evin yastı damı kimi.

 

Yağı Günəş batan anda

Şah damarda qan donacaq.

Yad olduğun evin üstə

Yağı ulduzlar yanacaq.

 

Tut əlimi, gəl barışaq,

Dünyanın sazaq vaxtıdır.

Bizim eldə şair sevmək

Qızların qara baxtıdır.

 

Özümüz yıxan evləri

Fələk bir kərə yıxmadı.

Barı sən dillən, sevgilim,

Allahdan bir səs çıxmadı.

 

Kaş yenə də uyuyaydım,

Başım sənin sol qolunda.

“Millət” deyə-deyə, gülüm,

Öləydim sənin yolunda...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.