Rəqsanə Babayeva,
“Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beyləqan rayonu “Şəms” şadlıq sarayında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri olmaqla 500 nəfər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal rol oynadığını, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm xidmətlər göstərdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətində qadınların rolu xüsusi önəm daşıyır. Rayon rəhbəri eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, humanitar təşəbbüsləri və xeyriyyəçilik missiyasından bəhs edərək qeyd edib ki, onun fəaliyyəti Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini, humanist dəyərlərini və cəmiyyət həyatındakı nüfuzunu bir daha aydın şəkildə nümayiş etdirir.
Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup qadına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunub. Eyni zamanda Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən tədbirdə iştirak edən bütün şəhid analarına və şəhid xanımlarına gül dəstələri və xatirə hədiyyələri təntənəli şəkildə təqdim edilib.
Daha sonra çıxış edən Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev və Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Azərbaycan qadınlarının cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər.
Tədbirdə çıxış edən Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xoşbəxt İsmayılzadə və Vətən müharibəsində şücaəti ilə seçilmiş, çoxsaylı medallarla təltif olunmuş və post-münaqişə dövründə həlak olmuş hərbi qulluqçu Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı isə Azərbaycan qadınının və analarının vətənpərvərlik ruhunun formalaşmasında xüsusi rol oynadığını vurğulayıblar.
Eyni zamanda tədbirdə iştirak edən çoxsaylı şəhid anaları və şəhid ailələrinin üzvləri də çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının hər zaman hiss olunduğunu qeyd ediblər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Beyləqan rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı zəngin konsert proqramı təqdim olunub və bayram tədbiri yüksək əhval-ruhiyyə ilə davam etdirilib.
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)


