
Super User
ABŞ-də soydaşımızın solo konserti və ustad dərsi olub
ABŞ-nin Arlinqton şəhərindəki Texas Universitetində azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin solo konserti və ustad dərsi olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin və Azərbaycan-Amerika Musiqi Fondunun dəstəyi ilə baş tutan konsertdə Türkər Qasımzadə, Rəhilə Həsənova, Ayaz Qəmbərli, Firəngiz Əlizadə, Arnold Şönberq, Corc Kramb və Çaya Çernovinin əsərləri ifa edilib. soydaşımızın ifası tamaşaçılarda böyük maraq doğurub.
Bununla yanaşı, universitetin tələbələri üçün ustad dərsləri də keçirilib. Fidan Ağayeva-Edler öz zəngin təcrübəsi, bilik və bacarıqlarını tələbələrlə bölüşüb. Bu dərslər gənclərin müasir fortepiano ifaçılığına dair dərin biliklər qazanmasına imkan yaradıb.
Qeyd edək ki, Almaniyada yaşayan Fidan Ağayeva-Edler dünya pianoçuları arasında öz müasir ifaları və peşəkarlığı ilə seçilir, musiqisevərlərin rəğbəti ilə qarşılanır. O, Berlinin müasir musiqi həyatında aktiv fəaliyyət göstərməklə yanaşı, bəstəkarlarla da sıx əməkdaşlıq edir.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
ANAR - “Etibar”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
Vaqif küçəsində 30 nömrəli evdə yarızirzəmi mənzilimizdən köçməyimizdən 48 il keçir. Amma hələ də arabir bu mənzildə keçən günlərimiz yuxuma girir. Qapı döyülür. Açıram: Yusifdir. Ya mən zəng edirəm: Evdəsən, Yusif, gəlirəm.
Yusif Səmədoğlunun vəfatından 26 il keçir. İlk tanışlığımızın, bir qədər sonra dostluğumuzun 50-dən artıq müddətini xatırlayıram. Yusifin vəfatından keçən 36 ili də əlavə etsək, deyə bilərəm ki, 75 ildə mən Yusif qədər saf qəlbli, açıq ürəkli, hər bir həsəddən, bədniyyətdən, məkrdən bu qədər uzaq olan az insan görmüşəm. Yusif bizim zəmanədə çox da yayğın olmayan təmənnasız dostluğun, yoldaşlıqda etibarın, sədaqətin canlı rəmzi idi. Yuxarıda gətirdiyim sənədlər bu sözlərimin ən kiçik ən adi və sadə bəlirlərindəndi.
1993-cü ildə mən İstanbulun Memar Sinan Universitetinin dəvətiylə yeddi ay müddətində bu universitetdə Azərbaycan ədəbiyyatından dərs dedim. İndi kütləvi hal almış, amma elə o vaxt da nadir hadisə olmayan bu adi məsələ – Türkiyəyə işləməyə getmək – mənim gedişimlə səs-küy qopardı. Tək-tük məni müdafiə edənlərlə (o cümlədən, oğlum Turalla) müqayisədə əleyhimə nə qədər dedi-qoduyla, yalanla, şayiələrlə dolu yazılar yazıldı.
Türkiyə səfərimə razılıq verəndə dərhal müvəqqəti də olsa yerimdə kimin qalması barədə düşündüm və bir an belə tərəddüd etmədən, “əlbəttə, ancaq və ancaq Yusif” qərarına gəldim. Gəncədə Yazıçılar Birliyinin plenumunu çağırdıq, Yusifə dedim ki, “Azərbaycan” jurnalının redaktoru vəzifəsində qalmaqla Birliyin birinci katibi olmağa razılaşsın. Razı sala bildim.
O vaxt, Xalq cəbhəsi–Müsavat hakimiyyətdəykən şəxsən mənə olmasa da, Yazıçılar Birliyinə soyuq münasibət vardı. Əbülfəz Elçibəy də, İsa Qəmbər də şəxsən mənə hörmətlə yanaşsalar da, ümumi ovqat, mətbuat, TV Yazıçılar Birliyinə sovet sisteminin qalığı kimi baxırdı.
Yusif Xalq Cəbhəsinin qurucularından və ən nüfuzlu xadimlərindən biri idi. Onun yerinə kim olsaydı, mənim xaricdə işləməyimi əsas gətirərək plenum keçirər və asanlıqla yerimi tutardı. Bundan rəsmilər də, yazıçılar da, elə düzü, mən özüm də razı qalardıq.
Amma Yusif bunu etmədi, çünki dostluqda etibar, mənəvi dürüstlük, əməlində halallıq bir namuslu yazıçı, əsl ziyalı, həqiqi kübar kimi Yusif Səmədoğlunun təməl cəhəti idi. Nəinki mətbuatda mənim guya ki Türkiyəyə həmişəlik getdiyimi təkzib etdi, haqqımda hərzə yazılar çap edən “Müxalifət” qəzetinin üzvü olduğu redaksiya heyətindən məhz elə buna görə ərizə yazıb çıxdı. Bunu unuda bilərəmmi?
“Qətl günü” romanının ilk oxucusu mən oldum. Elə əlyazmasını da bir gecəyə oxudum və çox, lap çox sevindim. Amma onu da düşündüm ki, SOSREALİZM metodunun əsiri olan bəzi tənqidçilər bu qeyri-adi, mürəkkəb əsəri dərk edə bilməyəcəklər və dərk edə bilmədikləriyçün top-tüfəngə tutacaqlar.
Ən pisi isə, siyasi yarlıqlar yapışdıracaqlar. Odur ki, fürsəti fövtə verməyib “Azərbaycan” jurnalında jurnalın baş redaktoru Əkrəm Əylisli çətinliklərlə qarşılaşaraq əsəri çap etdirən kimi roman haqqında geniş yazıyla mətbuatda çıxış etdim.
Elə həmin günlərdə küçədə görkəmli alimlərimiz Abbas Zamanova və Bəkir Nəbiyevə rast gəldim. Hər ikisi romanı çox bəyəndiklərini və mənim yazımdan razı qaldıqlarını dedilər. Birdən Abbas müəllim gözlənilmədən Bəkir Nəbiyevə: “Bəkir, amma sən romanın əleyhinə bir şey yazma ha”, – dedi. Təəccüb qalmış Bəkir müəllim özünə xas olan ibarəylə: “Abbas müəllim, ərz elədim ki, roman çox xoşuma gəlib”, – dedi, Abbas müəllim elə əvvəlki tərzdə: – “Onu eşitdim, – dedi – amma sən eleyhinə bir şey yazma”.
“Qətl günü” romanıyla və mənim onun haqqında yazımla bağlı başqa münasibətlə isə bu kitabda bir neçə səhifədən sonra tanış ola bilərsiniz. Daima “Qətl günü” kimi cəsarətli əsəri riskə gedərək çap etməsiylə öyünən Əkrəm, demə, bu əsərin geniş şöhrət qazanmasını adəti üzrə heç cür həzm edə bilmirmiş.
“Azərbaycan” jurnalında “Qətl günü” romanını çap etməsi Ə.Əylislinin bioqrafiyasının işıqlı səhifəsidirsə, bu əsərin böyük populyarlıq qazanmasına həsədi onun təbiətinin kölgəli tərəfidir.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Dərdin içindən doğulan könül çırpıntıları – ƏDƏBİ TƏNQİD
Hüseyn Şahbəndəyev, Əməkdar müəllim. “Ədəbiyyat və incəsənət” üçün
(N.Dəlidağlının yaradıcılığı haqqında düşüncələr)
Uşaqlığı, gəncliyi müharibə dövrünə düşən, həmin qaynar odun içərisində boya-başa çatan uşaqlar çox tez böyüyürlər. Onların ömrü neçə on illər artıq yaşamış, həyat təcrübəsinə yiyələnmiş insanın ömrünə bərabər olur. Daha tez yetkinləşir, müdrikləşir, bərkiyir, başqa cür desək, kişiləşirlər.
Haqqında bəhs etmək istədiyim Namiq Dəlidağlı da həmin od-alovun içərisindən çıxmış, ömrünün otuz ilindən çoxunu doğulduğu el-obasından ayrı düşmüş, lakin əyilməmiş, sınmamış, vüqarını və mərdliyini qorumuş, qəlbinin hərarətini sevdiyi xalqına verməyə qadir olan istedadlı qələm sahiblərindən biri kimi yetişmişdir. Müasir şairlər sırasında N. Dəlidağlı sözə həssas və sayğılı münasibəti, az sözlə dərin mənalar ifadə etməyi bacarması ilə sevilən şairlərdən biridir. Yaradıcılığının ümumi mənzərəsinə nəzər salsaq, bu fikirlərimizdə nə qədər haqlı olduğumuz aydın görünər.
Poeziya çələngi insan ömrünün yaşanmış səhifələrindən hörülür. Onun rəngarəngliyi həyatın keşməkeşlərindən yaranır: sevinci də, kədəri də, sevgisi də, nifrəti də, mərhəməti və qəzəbi də bu çələngin cəlbedici gözəlliyinə diqqətimizi cəlb edir. Şairin qələmindən çıxan misralar ovqatımızı və könlümüza oxşayır, bizi öz sehrinə salır. Gözəl şeirdə biz özümüzü görürük, sevgimizi, kədərimizi bizimlə bölüşən şairin hisslərinə qatırıq. Bizə elə gəlir ki, şair öncə duyğu və düşüncələrimizə bələd olub, hisslərimizi oxuyub, yaşantılarımızdan xəbər tutub, sonra bunları möcüzəli sözün köməyi ilə özümüzə göndərib:
Qapınız döyüldü bir axşamçağı,
Sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
Köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
Yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
Aşıqlar “Vağzalı” çalana qədər...
...Məni nə havada buraxıb getdin,
Xar oldum obada, millət içində,
Mənim ciyərlərim alışıb yandı
Sənin elçilərin şərbət içəndə.
Daha xatirən də mənə uzaqdı,
Gəlir qulağıma bir soraq kimi,
Gördüm bu döyüşdə məğlub olmuşam,
Əlimi qaldırdım ağ bayraq kimi...
Şeirin dilinin axıcı lirizmi, lirik qəhrəmanın yaşantılarının sadə məcazlarla yüksək poetik təsviri qalan şeirlərinə müraciət etmədən Namiq Dəlidağlının yaradıcılıq istedadını qabarıq ifadə edir. “Axtarıram”, “Uzaqlardasan” və s. şeirlərdə həmin duyğular məharətlə ifadəsini tapmışdır.
Poeziyasevərlərə yaxşı məlumdur ki, sevgi hisslərinin təsviri ədəbiyyatın əbədi mövzularındandır. Əsrlərdən bəri bu hissin bədii sözlə ən yüksək və adi təsviri yumruq boyda insan qəlbinin bütün duyğularını tamamilə açmağı bacarmamışdır desək, yanılmarıq. Namiq Dəlidağlının yaradıcılığında bu mövzuya həsr edilmiş çox təsirli poetik nümunələr orijinallığı, deyim tərzinin özünəməxsusluğu ilə seçilir:
Bu dərd elə dil açıb,
Hicran çətin susacaq,
Xəyalım qapı-qapı
Hənirtini pusacaq.
İndi görən hardasan?
De yerini, gəlmirəm,
Sənə məktub yazmışam,
Ünvanını bilmirəm...
Həzinlik, lirik musiqi ovqatı bu şeirlərin canına hopdurulub. Oxuduqca hisslərin təbiiliyi və müəllifin səmimiyyəti oxucusunu öz sehrinə salıb arxasınca həmin kövrək notlara aparır. “Mənə şəkil göndərdin” şeiri bu baxımdan xarakterikdir:
Mənə şəkil göndərdin…
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
… Mənə şəkil göndərdin,
nə rəngli şəkildi…
Bomboz ağrılarıma
duz basar, “məlhəm” olar…
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar…
Mənə şəkil göndərdin….
Poeziyada bir dərd anlayışı var. Bu ifadə klassik ədəbiyyatımızdan üzübəri, demək olar ki, bütün şairlərin yaradıcılığında özünü göstərmiş, böyük şairlər yaşadıqları ictimai kədəri incələmədən onu dərd adı ilə ümumiləşdirmişlər. Dahi M.Füzuli:
Ucaldın qəbrimi, ey bidərdlər, səngi məlamətdən,
Ki, məlum ola qəbrim dərd əhlinə ol əlamətdən,- deyərkən kamilliyə doğru lirik qəhrəmanın tutduğu fəlsəfi yolu göstərir.
Yaxud:
O dərdlər ki mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar,-deməklə yaşantılarının hüdudsuz ağırlığını qələmə alır...
Ümumiyyətlə, şairin düşüncələri, lirik qəhrəmanın arzu və istəkləri ilə ictimai həyatdakı kataklizmlərin yaratdığı uçurumlar bədii yaradıcılıqda dərin kədər, ümumi dərd kimi qarşıya çıxır. Böyük ədibimiz Cəlil Məmmədquluzədənin təbirincə desək, “anlamaq dərdi” yaranır. Bu ifadə özünü dərk etmiş insanların sıxıntı və ehtiyacını, mənəvi mənliyindəki boşluğu və çatışmazlığı tam halda doğru-düzgün ifadə edir. Necə deyərlər, ”Yaman olur “anlmaq dərdi” (Xalq şairi Rəsul Rza). Şairin dünyaya sığışmaması( Nəsimi) fəlsəfi düşüncələri böyük ictimai kədər kimi ortaya çıxır. Həmin dərd Namiq Dəlidağlı yaradıcılığında şairin Tanrı ilə söhbəti şəklində ortaya çıxır:
...Bir yer göstər, çıxım gedim,
Yaşaya bilmirəm, Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.
***
...Bu dərd çəkdikcə azalmır,
çəkdikcə, gördüm, böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Namiq Dəlidağlının yaradıcılığında Qarabağa, Kəlbəcərə həsr edilmiş şeirlərdə də kədərin obrazlı təsir gücü çox qabarıqdır. Şair doğma el-obası ilə erməni təcavüzü nəticəsində dogulduğu torpaqlardan 30 ilə yaxın müddətdə uzaq düşməyə məcbur edilmiş, ağır köçkünlük həyatı yaşamşdır. Hər gününün ağırlığı sözün təsvirinə sığışmayan həmin illərin izləri, təbii ki, onun yaradıcılığından qırmızı xətt kimi keçir. Bu şeirlərdə güclü kədərlə, itkilərindən doğan göynərtilərlə yanaşı, yaranmış vəziyyətlə barışmazlıq, yurda dərin sevgi onun azad ediləcəyinə sarsılmaz inam, qələbəmizə əminlik hissləri qabarıq ifadə olunmuşdur. Həmin şeirləri birləşdirən də bu xüsusiyyətlərdir. Lakin N. Dəlidağlı öz büyük kədərini, yurd itkisi sarsıntılarını qələmə alarkən oxucuları dərdi ilə yükləmir, əksinə bu dərdə, qəmə nikbin notlar qatıb daha gözəl gələcəyə inamını ifadə edir. Uşaqlığını, gəncliyin ilk çağlarını yaşadığı el-obanın itkisi, xarabazarlığa çevrilmiş ev-eşiyi, viran qoyulmuş bağça-bağı gözlərini doldurub ürəyini ağrıtsa da, bu yurdların abadlaşdırılacağına olan sonsuz inam onu bir an da tərk etmir. Doğulub boya-başa çatdığı, isti ocağında xoşbəxt illərini yaşadığı evin ermənilər tərəfindən yandırılaraq xarabazarlığa çevrilməsindən doğan ağrıları şair elegik tərzdə, dərin hüznlə belə bölüşür:
Ha alışam, yanam, gəlməz,
Ta bu gölə sonam gəlməz,
Atam gəlməz, anam gəlməz,
Daha xarabadı bu ev.
Köz qaralıb ocağında,
Sükut var hər bucağında,
Qonaq etməz qucağında
Nə dostu, nə yadı bu ev.
Yazının başlığında Namiq Dəlidağlını “kədərin içindən doğulan şair” kimi səciyyələndirmişdim. Ancaq məlumdur ki, dərd insanı daha da kamilləşdirir, onun qəlblərə verdiyi sevgi daha böyük və əzəmətli olur. Namiqin lirik qəhrəmanını sıxan dərdlər onu daxilən əzsə də, pessimizmə aparmır, içindəki dərdi böyüyən lirik qəhrəman bundan filosof və qəhrəman kimi kamilliklə çıxır.
Vətəni işğal altında olan insanların dözülməz ağrıları, kədəri də şairin toxunduğu həmin ictimai dərdlərdəndir. Şeirlərdə əksini tapan vətəndaş kədərinin güclü olmasının bir səbəbi müəllifin taleyindən keçən həmin ağrıları bilavasitə özünün və yaxınlarının yaşamasına şahidliyidir.
Şair əyilməzlik rəmzi Dəlidağa həm ana, həm sirdaş kimi yanaşır, onu şəxsləndirir, daha sərt olmağa səsləyir. Belə şeirlərdə Dəlidağ coğrafi məkan olmaqdan əvvəl poetik obrazdır. Bu dağ haqqında folklorumuzda, xalq arasında müxtəlif əfsanələr, rəvayətlər...dolaşmaqdadır. Zirvəsindən qarı əskik olmayan, “qar üstə qar yağan”, başı dumanlı, zümrüd çəmənli, çoşqun bulaqlı, ümman kimi geniş yaylaqlı, yurdumuzun binəli-bünövrəli əzəmət mənbəyi olan Dəlidağ, doğma Kəlbəcər Namiqin yaradıcılığında qarşımıza başqa keyfiyyətdə təqdim olunur. Yağıların qarşısında əyilməzlik rəmzinə çevrilən yurd obraz səviyyəsinə qaldırılır. Nəhayət, Ordumuzun, Ali Baş Komandanımızın sayəsində bu inam gerçəkləşir:
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dürr daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Kimin düşsə bu yerə güzarı - sevinəcək,
qalmayacaq ağrısı - azarı, sevinəcək.
...Uluların torpağı - məzarı sevinəcək,
Kəlbəcərə dönürük...
N. Dəlidağlı poeziyası ilə tanış olduqca onun ədəbi-bədii düşüncədə tutduğu yeri, mövqeyi müəyyənləşdirmək mümkündür. Onun şeirləri mövzu və problematika baxımından müasirlik gücü ilə seçilir. Bu xüsusiyyət şeirə, sənətə oxucu münasibətinin dəyişdiyi hazırkı dövrdə yazılmış şeirlərin əksəriyyəti böyük oxucu auditoriyası qazanır.
Bu yaxınlarda ədəbi ictimaiyyətimiz Namiq Dəlidağlı haqqında yeni bir xoş xəbər aldı: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şair Namiq Dəlidağlının "Sevgi sükutu" adlı növbəti şeirlər kitabı Özbəkistanda nəşr edilib”. (“Xalq qəzeti”, 14.12. 2024-cü il)
Özbəkistan Respublikasının “İste'dod Ziya Press” nəşriyyatında "Sevgi sükutu" kitabı filologiya üzrə fəlsəfə doktoru Nargizaxon Ortiqova və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Muqimjon Nurboyevin giriş sözü və redaktorluğu ilə 500 nüsxə tirajla çap edilmişdir. Şeirləri özbək türkcəsinə Özbəkistan Yazıçılar Birliyinin üzvü Xusniddin Xaitov uyğunlaşdırmışdır.
Bu vaxta qədər beş publisistik toplunun müəllifi, həmmüəllifi olan N. Dəlidağlının “Sevgi sükutu" kitabı müəllifin ölkədən kənarda isə nəşr edilən ilk şeirlər kitabıdır.
Hazırda Namiq Dəlidağlı yaradıcılığının ən coşqun dövrünü yaşayır. Müəllifə can sağlığı, taradıcılıq uğurları diləyir, yeni, daha gözəl və mükəmməl şeirlərini gözləyirik.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Napoleon Hillə görə uğurun 13 prinsipi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar dünya ancaq bir kouç tanıyırdı – Deyl Karnegi. İndisə maşallah, belələrinin sayı yüzlərlədir. Mənimsə ən çox bəyəndiyim, mütaliə etdiyim, hesabına zənginləşdiyim Napoleon Hilldir. Məsələn, bu şəxsiyyətin məşhur bir təlimi var - «Uğur qazanmağın və varlanmağın 13 prinsipi».
Gəlin bu prinsipləri sizlərlə də bölüşək:
1.Arzu və məqsəd.
Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.
Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:
- İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. «Mən çox pul istəyirəm» kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.
- Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.
- Qrarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.
- Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.
- Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.
- Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.
2. İnam.
Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.
3.Özünətəlqinetmə.
Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.
Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.
4. Xüsusi bilglər.
Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.
Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, «informasiyalıdır, deməli silahlıdır».
5. Xəyal qurmaq.
Albert Eynşteyn deyib: «Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir». Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.
6. Planlaşdırma.
Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.
7. Qərar.
Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə «amma»sız qərar qəbul edin!
8. İnadkarlıq.
Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.
Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.
9. Beyin mərkəzi.
Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.
İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.
10. Seksual istəklərin transferi.
Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.
11. Təftəlşüur.
Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.
Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.
Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.
Mexanizm bax bu cür sadədir.
12. Beyin.
Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.
Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!
13. Altıncı hissiyyat.
Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma «altıncı hissiyyat» bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
“Yalnız bircə ricam var...” - VAQİF BƏHMƏNLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalında tanınmış şair Vaqif Bəhmənlinin yeni şeirləri ilə tanışlığınız davam edir.
CƏZİRƏ
Yoxumla zirvədəyəm, varım sevda quyusu,
Nə qəhr edir məni qəm, nə sevgidən doyuram.
Bağını div qəhr edən dar məsləklər uyusun,
Məsləkin gen yolunda beşikdən müntəzirəm!
Yaxasını şər didən, dada yetən imdad mən,
Bədbəxtləri hifz edən qutudakı nəzirəm.
Baş ayıran bədəndən, balta çalan cəllad mən,
qul, qaravaş, yolötən, həm şah, həm də vəzirəm.
Dibdən qalxır bu qara; nə qaram var, el yusun,
Hörməkçün son divara qaralmış daş əzirəm.
Qorxu hara, mən hara; sarayımı sel yusun –
Cəmi sarsıntılara cəddə görə dözürəm.
Yalnız bircə ricam var, lütfən, barəmdə susun,
Siz ey göydə uçanlar, mən dibdə kök gəzirəm.
Xırda işıq saçanlar, qoy sizi Günəş yusun,
Mənə kifayət edir içimdəki cəzirə!
QƏRİBƏ BƏNDƏ
Mən –
nə yaxşı müxalifət oldum,
nə yaxşı iqtidar,
nə yaxıb-yandıran atəş,
nə üşüdən qar;
Mən –
nə fəhmli uşaq oldum,
nə müdrik, nə ixtiyar,
nə göy üzü qədər hüdudsuz,
nə məzar çuxuru kimi dar;
Mən –
nə basılmaz qoşunda sərbaz,
nə məğlub orduya havadar,
nə ataya köməkçi,
nə anaya ələkçi,
nə bacıya himayədar;
Mən –
nə baba qədri bilən,
nə nənə ətəyindən yapışan vəfadar,
nə qardaş qulluğunda qul,
nə övlad nəzərində hökmdar;
Mən –
nə tufan oldum,
nə xəzri, nə gilavar,
elə hey yapışdım
Allahın ətəyindən,
Elə hey səbir, səbir...
Elə hey söylədim,
vaxta var, hələ var;
Mən –
nə heç oldum, nə də var,
gün sürdüm könlüm qubar,
ömr etdim əlim qabar.
Mən –
nə gülüstan oldum,
nə də bağ,
nə bağ qoruyan divar,
nə ağac oldum, nə yarpaq,
nə göy – dərin,
nə hava – fərqli,
nə su – oynaq,
nə torpaq – hamar;
Mən –
nə suda balıq oldum,
nə su üstündə qayıq,
nə qayıq çiynində avar;
Mən –
nə müjdəçi oldum,
nə piyada, nə suvar,
cənnətdə keçdi ömrüm.
nə qış gördüm,
nə yay, nə payız, nə bahar;
Mən...
bu mənəm, qafası boş
alın yazısı zayıl;
Xoş gəldin, cənab Əzrayıl,
bu bədbəxt bəndəni də
vur qoltuğuna, apar,
Dərgaha çatanda de ki,
xəbərin varmı, Allah,
səltənət küncündə sənin
belə bir bəndən də var,
belə bir bəndən də var!!!
RUHUNUN UŞAĞI
Bir də görərsən getdim –
hökm etdi bir qaşıq qan.
Ya yolçuya qismətdi,
ya da quşa başaq can.
Cənazəmin altına
girəndə çaşacaqsan!
Çünki, oğul, ruhumun
gözündə də uşaqsan...
BOŞLUQ
Qala qurduq,
yıxdı həyat –
yasa döndü büsatımız.
Vədə xilaf çıxdı həyat,
heç gülmədi həyatımız...
Qaya – qarğış, gen dərə – kin;
yol bulmağa savad yoxdu.
Gərək varım o yerə ki,
o yerlərdə həyat yoxdu!
SƏBİR QOŞMASI
Suyun səbri sıxılanda daşlaşır,
Daşın səbri tükənəndə qum olur.
Səbrin dəlil-sübutudu başdaşı,
Son ricası: – Boş ağzını yum, – olur.
Səbr meydan...
tərə çıxır qaçan at
tək almanın cecəsidi bu həyat!
Cadar-cadar qabıq qoyur meyvacat –
Səbrə əvəz, içi sulu tum olur.
Səbir qonşu çəpəridi kəndlinin,
Dözümüdü, təpəridi kəndlinin,
Səbir ki,var ləpiridi kəndlinin –
Kotan çəkir;
kəltən torpaq şum olur.
Səbir haqqdı – düz ayağı, düz əli,
gültək açır gələn yaza xəzəli...
Səbirdirsə yüz adından əzəli,
Onda Allah səbir olmursa, kim olur?
Zirvələrin dözümüdü qar, əlbət,
Məcnunlara səbir verir yar, əlbət...
Səbrin də öz həyat tərzi var, əlbət;
Səhər açır, axşamüstü yumulur.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Ədəbiyyatın gur səsi - Nərgiz İsmayılova (Nargis)
Arzu Polad, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, tanınmış ədəbiyyatşünas və yazıçı Nargis İsmayılovanın doğum günüdür. Onun ədəbiyyat sahəsindəki fəaliyyəti, elmi araşdırmaları və yazıları Azərbaycan mədəniyyətinə dəyərli töhfələr verib. Onun zəhməti nəticəsində həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının bir çox sahələrində dəyərli araşdırmalar meydana çıxıb.
Həyatı və Təhsili
Nargis İsmayılova 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dünyaya göz açıb. Uşaqlıqdan elmə və ədəbiyyata böyük maraq göstərən Nərgiz xanım məktəb illərində fərqlənən şagirdlərdən biri olub. O, Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı üzrə bakalavr təhsili aldıqdan sonra elmi fəaliyyətini davam etdirmək məqsədilə Gəncə Dövlət Universitetində xarici ölkə xalqları ədəbiyyatı üzrə magistr təhsili alıb. Bununla da onun elmi araşdırmalar sahəsindəki yolu açılmış olub.
Elmi və Yaradıcılıq Fəaliyyəti
Elmi araşdırmalarını uğurla davam etdirən Nargis İsmayılova Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində böyük elmi işçi kimi fəaliyyət göstərir. O, indiyə qədər 60-dan çox elmi məqalənin müəllifi olub. Onun tədqiqat sahələri Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əhatə edir. Xüsusilə, klassik və müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri, yazıçı və şairlərin yaradıcılıq xüsusiyyətləri haqqında dəyərli məqalələr yazıb. Bu məqalələr Azərbaycan elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və müxtəlif konfranslarda, simpoziumlarda təqdim olunub.
Bundan əlavə, Nargis İsmayılova bədii yaradıcılıqla da məşğuldur. Onun qələmə aldığı əsərlər oxucular tərəfindən maraqla qarşılanır. Əsərlərində insan psixologiyasına, cəmiyyətin inkişafına, mədəniyyətin müxtəlif aspektlərinə dərin nəzər salınır. O, söz sənətinə olan sevgisini, zəngin biliyini və araşdırmaçı ruhunu öz yazılarında ustalıqla əks etdirir.
Azərbaycan ədəbiyyatına töhfələri
Nargis İsmayılovanın ədəbiyyatşünaslıq sahəsində apardığı araşdırmalar və yazdığı elmi məqalələr təkcə akademik çevrələrdə deyil, həm də geniş oxucu kütləsi arasında böyük maraq doğurur. O, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanınmasına da töhfələr verir. Elmi məqalələri və çıxışları vasitəsilə Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatında tutduğu yer haqqında maraqlı təhlillər aparır.
Təbrik
Nargis İsmayılovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, sağlamlıq və bol ilham arzulayırıq. Onun elmi və bədii yaradıcılığı uzun illər Azərbaycan ədəbiyyatına xidmət edəcək və gələcək nəsillərə dəyərli irs qoyacaq.
Ad gününüz mübarək, dəyərli Nərgiz İsmayılova! Sizə uğurlar və yeni nailiyyətlər diləyirik!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
NƏ VAR, NƏ YOX? Bu dəfəki qonaq QHT sektorundandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“Nə var, nə yox?” da bugünkü müsahib qonağımız xanımdır. Məlumdur ki, qadınlar cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Hər bir qadın ilk növbədə bir anadır, övladının tərbiyəsində, mənəvi inkişafında, təhsilində əsas rol oynayır. Ana sevgisi bütün ağrıları yox etmə gücündədir. Qadınlar həm də müxtəlif sahələrdə uğur qazanıblar. Bu gün cəmiyyətimizdə həkim, şair, siyasətçi kimi tanınan bir çox xanımlarımız var. Beləliklə, bugünkü qonağımız Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti İctimai Birliyinin sədr müavini-icraçı direktor Turanə Orucovadır.
-Xoş gördük, Turanə xanım, oxucularımıza fəaliyyətiniz haqqında hansı məlumatları vermək istərdiniz?
- Məlumat üçün bildirirəm ki, mən işgüzar fəaliyyətə mədəniyyət sahəsində başlamışam. Mədəniyyət Mərkəzində, kitabxana sistemində topladığım təcrübəni bu gün vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə davam etdirirəm. Müxtəlif qeyri-hökumət təşkilatlarında könüllü kimi göstərdiyim fəaliyyət nəticəsində bir çox layihələrin həyata keçirilməsində layihə rəhbəri, ekspert və s. kimi iştirak etmişəm. Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Qərbi Azərbaycanlı gənclərlə iş mərkəzinin rəhbəri kimi Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə dəstək vermək, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, milli adət və ən-ənələrininin təbliği istiqamətində müxtəlif layihələri həyata keçirtmək, öz tarixi dədə-baba torpaqlarımıza ləyaqətlə qayıtmağımıza çalışmaq əsas məqsəd və hədəflərimizdəndir. Hazırda Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti ictimai birliyində sədr müavini və icraçı direktor vəzifəsində çalışıram. Fəaliyyətimizi yeni tələblərə və çağırışlara uyğun qurmaqla cəmiyyətimizi narahat edən mövzularda layihələrin hazırlanıb həyata keçirilməsini əsas prioritet kimi müəyyənləşdirmişik.
-Turanə xanım, heç kimə sirr deyil ki, müasir texnologiyaların, sosial medianın hakim olduğu bir cəmiyyətdə yaşayırıq. Belə bir dövrdə gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasında çətinliklər də az deyil. Bu məsələdə vətəndaş məsuliyyətini səfərbər etmək üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Doğrudan da, filosoflardan birinin dediyi kimi “cəmiyyətdə yaşayıb, ondan asılı olmamaq mümkün deyil” kəlamı müasir dövrdə daha qabarıq formada özünü göstərir. Facebook, Instagram, TikTok və s. sosial şəbəkələrdə milli adət ən-ənələrdən, milli dəyərlərdən, milli mentalitetdən uzaq paylaşımları görəndə ən azı təəssüflənməmək mümkün deyil. Buna baxmayaraq sosial platformalardan istifadə etməklə biz də milli adət ən-ənələrimizin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, pis vərdişlərdən uzaq durmalarının vətəndaş məsuliyyətinin əsas məqsədi kimi qəbul etməli və bu istiqamətdə ciddi təbliğat aparmalıyıq. Onu da qeyd etmək lazımdır ki, 44 gün davam edən Vətən Müharibəsində düşmən üzərində qazandığımız möhtəşəm qələbə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da əsas ideoloji bir xəttin formalaşmasını təmin etmiş oldu. Bu baxımdan ailələrdən, uşaq bağçalarından, orta ümumtəhsil müəssisələrindən tutmuş ali təhsil ocaqlarına qədər gənclərimizin milli ruhda yetişdirilməsi əsas prioritet olaraq müəyyən olunmalıdır. Milli klassik musiqilərimizin, muğamlarımızın və s. təbliğinə ciddi yanaşmalı, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması istiqamədində diaspor təkilatlarının, milli QHT-lərin və s. imkanlarından istifadə edilməlidir.
- Fəaliyyətinizdə uğurlar diləyirik, Turanə xanım, Sizi " Ədəbiyyat və İncəsənət" portalının qonaq kürsüsündə görmək çox xoş oldu.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Səmanın Dünyası – HEKAYƏ, 1-Cİ BÖLÜM
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Əziz oxucum! Səni Səmanın dünyasına aparacaq bir hekayə gözləyir. Onun həyatına toxunmaq, hisslərini anlamaq istəyirsənsə sən də bu yolçuluqda mənə qoşul. Hekayə 4 hissədə təqdim olunacaq. Xoş mütaliələr!
Səmanın acı həyatı
İyul ayının ortaları idi. Göy üzü yavaş-yavaş aydınlanır, səma mavi gözləri ilə öz dünyasına tamaşa edirdi. Yüksəkdən baxanda hər şey o qədər estetik görünüşə sahib idi ki, bu gözəllikləri yaradan Allahın varlığına inanmamaq cahillik olardı. Bu gözəlliklərin əhatəsində insan həyatına daldıqda isə hər kəsin eyni olmadığının, eyni dəyərlərə sahib olmadığının şahidi olurdu. Kimi xoşbəxt, kimi bədbəxt, kimisi də xoşbəxt bədbəxt idi.
İnsan üçün həyatda ən önəmli olan şey öz mövqeyini bilməsidir. Onlar həyatda kim olduqlarını və nəyə sahib olduqlarını bilən, buna uyğun olaraq həyatlarına davam edən insanlardır. Bir də, bunun əksinə olan insanlar var. Həmin insanlar “xoşbəxt bədbəxtlər”dir. Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan, ancaq özlərinə sahib olmayan insanlardır. Həyat onlar üçün əsl faciədir, hər nə qədər fərqində olmasalar belə...
Kəndin sakinləri hələ yuxudan oyanmamışdı. Şirin yuxusundan ayrılmaq istəməyən balaca Səma gözlərini ovuşdura-ovuşdura istəksizcə yerindən qalxdı. Hər səhər olduğu kimi, bu gün də səbətini götürüb kəndin ucqar dağlarına, dağ ətəklərinə yollandı. O, buraya müxtəlif meyvələr, giləmeyvələr, yabanı bitkilər (yemişan, itburnu, böyürtkən, qarağat, kəklikotu, nanə, moruq) toplamaq üçün gəlirdi. Bu, onun gündəlik həyatının ayrılmaz hissəsi idi. Əliboş qayıtmaq isə onun günlərcə ac qalması və daha çox əzaba düçar olması demək idi. Ona görə də kənd hələ yuxudan oyanmadan o, hamıdan tez qalxaraq yola düzəldi.Quşların nəğməsi ətrafa yayıldıqca Səma da dodağının altında arabir mırıldanır, sanki quşların səsi ilə öz ruhunu birləşdirirdi. Təbiət qoynunda zaman keçirməyi çox sevən Səma böyük həvəslə gün çıxana qədər səbətini doldurdu. Burada o, bütün insanlardan, hər şeydən uzaq, dərdsiz, şıltaq bir qızcığaz idi. Xoşbəxt idi. Çünki tək sirdaşı olan səmaya baxaraq uzun-uzadı dərdləşir, rahatlıq tapırdı. Hər ikisi eyni dünyanın sakini idi: biri haqq dünyasında yaşayan, yerdəki haqsızlıqlara göz yaşı tökən səma, digəri isə haqsızlıqların qurbanı olmuş, ancaq ümidlə yaşayan, yaşadıqlarına rəğmən ümidini itirməyən yer sakini idi.
Hələ 12 yaşı olan bu balaca qız həyatın ən sərt sınaqları ilə üz-üzə idi. Yeni doğulanda atası dünyasını dəyişmişdi. Anası isə onu ataraq çıxıb getmişdi. O gündən sonra nə onu görən, nə də harada olduğunu bilən vardı. Elə o gündən Səma ata nənəsinin himayəsində qalmışdı. Körpə vaxtında nənəsinin onu necə böyütdüyünü bilməyən Səma 6 yaşından nənəsinin ona yaşatdığı hər əzaba dözərək həyatın acı və sərt sınaqları ilə üzləşmişdi. Kənddə yaşıdları məktəbə gedərkən, ən böyük arzusu məktəbə getmək olan Səma bu arzusuna çata bilmirdi. O, oxumaq istəyirdi, ancaq bircə kitabı belə yox idi. Bəlkə bir kitabı olsaydı, o da bunun öhdəsindən gələ bilərdi. Axı hər şey istəməkdən başlayır! Səma həyatın ona verdiyi sərt dərslərə qarşı hər gün arzularını bir az daha itirirdi. Oxumaq onun arzusu idi. İndi isə bu arzunun nə vaxtsa gerçəkləşib-gerçəkləşməyəcəyini bilmirdi.
Kəndə çatanda artıq hər tərəf işıqlanmış, kənd sakinləri yuxudan oyanaraq öz işləri ilə məşğul olurdular. Səma gətirdiklərini nənəsinə verib üst-başını təmizləməyə getdi. Birlikdə səhər yeməyi yedikdən sonra digər işlərlə məşğul olmağa başladı.Nənəsi onu heç boş qoymazdı; gün ərzində yeni işlər tapar, eyni işləri yenidən gördürər, istirahət verməzdi. Yalnız axşamlar bütün günün yorğunluğunu üzərində hiss edərək yatağına uzanardı. Həmin anlarda öz düşüncələri ilə təkbaşına qalardı. Həyatdan, öz bəxtindən heç zaman şikayət etməzdi. Bir gün hər şeyin yaxşı olacağına, düzələcəyinə ümid edirdi.Nənəsinə də nifrət etmirdi. Hələ 12 yaşı olsa da, düşüncələri çox dərin, anlamlı idi. Onun bu hərəkətlərinə haqq qazandırmağı da bacarırdı. Oğlunu itirmiş, gəlini körpə uşağı başsız qoyub getmiş, bu qocalan xəstə yaşında tənha qalmışdı. Səma bilirdi ki, nənəsi başına gələnlərə görə həmişə anasını günahkar hesab edərdi. Atası ilə evlənən gündən ailəmizə bədbəxtlik gətirdiyini deyərdi. Anası onunla heç vaxt yola getməzdi, ona görə də atası öləndən sonra burada qala bilməyəcəyini bildiyi üçün onları tərk etmişdi. Nənəsi də bu yaşananlara görə balaca Səmanı günahlandırır, sanki ona verdiyi əzablarla təsəlli tapırdı. Ətrafında onun acılarını, dərdini danışacaq kimsəsi yox idi. O da bu yolla hər şeyə, hər kəsə qalib gəldiyini düşünürdü. İnsan təbiəti gərəyi özünü üstün görmə, meydan oxuma, xor baxmaq sanki qarşısındakını haqsız olduğunu ya da haqsız duruma düşdüyünü görmək bir üstünlük, qalibiyyət hesab olunur. İnsan öz acizliyini qəbul etməyən yeganə varlıqdır. Və insanlar unudurlar ki, dünya sonsuz yaşam üçün yaranmadı; ölüm bir nəfəs qədər yaxın, yaşananlar bir o qədər saxta...
Səma dünyasını özü kimi təmiz, günahsız, sevgi dolu görmək arzusuyla oyanırdı hər səhər. Ancaq dünya onun arzuladığı kimi bir yer deyildi. Gördüyü haqsızlıqlar qarşısında səsini duyurmaq üçün gah ağlayır, gah gurlayır, gah da alovlar yağdırırdı, lakin heç kəs onun səsini eşitmir, fəryadını duymur, dərdini anlamırdı. Səmadan başqa. Səmanın yeganə dostu, sirdaşı mavi səma idi. Hansı ki, hər səhər ona baxaraq günə başlar və ona tamaşa edərək yuxuya dalardı. Bu dostluq öz adının anlamını bildiyi gündən başlamış və sonsuzadək davam edəcəyini deyərək əhd etmişdi. Səma əzab çəkəndə, özünü pis hiss edəndə başını qaldırıb səmaya baxardı və bilirdi ki, ədalət yüksəklərdə də olsa var. Beləcə təsəlli tapardı.Bir də ona təsəlli verən başqa bir şey vardı. Bir gün anasını axtarıb tapacaqdı... Anası ilə bağlı cavab tapmadığı sualları vardı. O, anası haqqında çox şey bilmirdi. Nənəsindən onun haqqında soruşanda çox qəddar görünərdi. Hər şeyə görə onu günahkar hesab edir, yaxşı biri olmadığını, əgər yaxşı ana olsa, övladını atıb getməzdi deyərdi. Səma isə susub bir söz belə deməzdi. Heç olmasa bircə dəfə onu görmək istəyirdi. Əgər görə bilsə, necə biri olduğunu biləcəkdi. Nənəsinin dedikləri öz doğruları idi, yoxsa doğrudan da hər şey onun dediyi kimi idi? Deyilənlər həqiqətdirsə, anasına sadəcə bir sual verəcəkdi: “Ana, məni nə üçün tərk edib getdin?” Və bununla da bütün suallarına cavab tapacaqdı. Bu suallar onu hər zaman düşündürürdü. Cavab isə anasında gizli idi. Nə zaman olsa da, onu axtarıb tapacaqdı. Bunu hər gün düşünürdü.
Son zamanlarda nənəsi ona daha çox əziyyət verməyə başlamışdı. Gördüyü iş xoşuna gəlməsə (bəzən yaxşı olsa belə, qəsdən edirdi), onu saçından tutaraq ev boyu sürüyər, günlərlə ac saxlayar, sadəcə su verərdi. Səma da dağa gedən zaman oradan tapdığı giləmeyvələrlə qarnını doyurmağa çalışardı. Bir gündə yediyi sadəcə bundan ibarət idi. Artıq qış yaxınlaşırdı. Havalar demək olar ki, soyumuşdu. Artıq dağa çıxmaq mümkün deyildi, həm də toplayacaq bir şey də demək olar ki, yox idi. Nənəsi onu yenə də dağa getməyə məcbur edirdi.Səmanın əyninə geyinəcək qış paltosu belə yox idi. Əynində hər tərəfi sökülmüş, uşaq əli ilə yamaq vurulmuş köhnəlmiş köynək, ayağında cırıq ayaqqabı, köhnəlmiş papaq və qəhvəyi rəngli bir ətəyi var idi. Kənardan baxanda üstü çox pis görünürdü. Yoxsul yaşadığı hər halından hiss olunurdu. Bu qışı belə keçirməli idi. Başqa paltarı yox idi. Bu paltarları da qonşu kənddən göndərmişdilər. Paltarların hamısı geyinilmişdi. Səmanın heç zaman yeni paltarı olmamışdı. Dünyaya gələn zaman atası ona işlədiyi puluna bir cüt ayaqqabı almışdı. Bu, onun aldığı ilk və son hədiyyəsi idi. Həmişə başqa uşaqların paltarlarını geyinərək böyümüşdü. Bu ayaqqabını o, indi də saxlayırdı. Atasını xatırlayanda həmişə ayaqqabıları çıxarıb öpər, hönkür-hönkür ağlayardı. Bu, onu biraz da olsa rahatladardı. Atasının onu sevdiyini bilirdi. Ondan sonra kimsə ona sevgi, qayğı, xoş münasibət göstərmədi. Bütün bu haqsızlıqları görən Səma dostunun halına çox yanırdı, ancaq ona köməklik edə bilmirdi. Məsafələr uzaq olsa da, dostluqları bir o qədər yaxın idi. Səma öz dostuna söz vermişdi: “Bir gün mütləq biz görüşəcəyik...”
Son zamanlarda yaşadıqları onu demək olar ki, usandırmışdı. Cavabını bilmədiyi suallar daha tez-tez təkrar olunmağa başlayırdı. Qəti bir fikrə gələ bilməsə də, artıq belə yaşaya bilməyəcəyini qət etmişdi. O, hər zaman özündə bu gücü hiss edirdi, ancaq biraz qorxu, həyəcan və ətraf haqqında məlumatsız olması onu qəti qərara gəlməsinə mane olurdu. Heç zaman kənddən qırağa çıxmamış olması, ona dəstək olacaq, yol göstərəcək bir rəfiqəsinin, dostunun olmaması bu düşüncələri doğururdu. Hər nə olur olsun, getməyə qərarlı idi. Bu gediş ona bəlkə xoşbəxtlik, yeni həyat bəxş edəcəkdi?Çox zaman Yeni il öncəsi qonşu kəndlərdən ya da ətrafdakı qonşulardan Səmaya geyim, biraz da pul gətirərdilər. Hər kəs onun necə həyat keçirdiyini bilirdi. Ona görə də kömək etməyə çalışırdılar. Nənəsi ilə nə qədər dil tapmağa çalışsalar da, bir xeyri olmamışdı. O, çox sərt və rəhimsiz idi. Səmaya verilən pulu da özü mənimsəyərək ona heç nə verməzdi. Səma isə bəzən çox meyvə toplayanda onu gizlin sataraq pul yığardı. Bəzən də onu kənardan görüb halına acıyan kəndlilər yolda ona bir neçə manat verərdilər. Səma bu pulları xərcləməz, yatağının altındakı ayaqqabıları olan balaca mavi qutuda saxlayardı. İndi düşünürdü ki, həmin pulun bir hissəsinə bilet alaraq şəhərə gedər, qalanı isə anasını tapana qədər az-az xərcləyər. Sonra da özünə bir iş tapar, həmişəlik şəhərdə yaşayar və bir daha kəndə qayıtmazdı. Səma bilirdi ki, nənəsi onu heç vaxt bağışlamaz, qayıtsa belə, indikindən daha çox əzab çəkər. Bu geri dönüşü olmayan bir yol idi...
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Davud Nəsib – Vətəncanlı poeziyanın VİCDANI
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, Milli Məclisin eksperti Əkbər Qoşalının görkəmli Azərbaycan şairi Davud Nəsib barədə yazısını təqdim edir. Müəllif yazını “Ədəbiyyat və incəsənət” portalında gedən “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izlədikdən sonra qələmə alıb.
Azərbaycan poeziyasının nəcib simalarından biri olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov; 25.08.1942, Qazax – 26.032003, Bakı) 22 il bundan öncə gözlərini bu dünyaya yumdu. Ruhuna şadlıq dilədiyimiz şair, şeiri yalnız sənət üçün yox, həm də insan ruhunun, milli kimliyin, mənəvi borcun ifadəsi kimi yaşadan şairlərdən idi. Şairin yaradıcılığı, təsirli duyğularla yoğrulmuş misraları, vətən sevgisi və insani dəyərlərə sadiqliyi onun poeziyasını təkcə bədii örnəklər yox, həm də bir şəxsiyyətin iç dünyasının poetik kodları kimi təqdim edir.
Örnəyi,
Davud Nəsibin “Ata”, “Ata laylası” və “Əkizlər” şeirlərində atasızlıq, ata itkisi və ataya mənəvi bağlılıq motivləri özəl yer tutur. Onun atası 2-ci Dünya Müharibəsi zamanı Mozdok uğrunda gedən döyüşlərdə həlak olduğuna görə, şairin yaşamında ata obrazı daim bir nisgil, eyni zamanda, ruhani bələdçi kimi qalıb...
“Əkizlər” şeirində atasız böyüyən övladın özündə ata izlərini axtarması və ona bənzəmək istəyi ifadə edilir. Bu, necə deyərlər, bir növ, ruhun məkan axtarışıdır – ata obrazı yalnız fiziki yox, mənəvi bir dayağa çevrilir. Davud Nəsib ata mövzusuna həm fərdi, həm də ümumi bir prizmadan yanaşır. Onun şeirlərində ata – yalnız bioloji varlıq deyil, həm də insan ruhunun aynası, yaşamın mənəvi qütbü kimi təsvir olunur.
Şairin poeziyasında vətən sevgisi, belə demək mümkünsə, gözlənilən hiss-həyəcan, ovqat kimi deyil, insanın yaşam fəlsəfəsi, yığvalı kimi ifadə olunur. Onun “Azərbaycan” və “Mənim andım” şeirləri bu baxımdan özəlliklə vurğulanmalıdır. Bəli, burada Azərbaycan yalnız coğrafi məkan deyil, tarix, yaddaş və ruhun tamlığı kimi təqdim edilir.
“Mənim andım” şeirində şairin vətənə bağlılığı hamılaşmış, normalaşmış sevgi olmaqdan çıxıb, bir ömürlük borc və and olaraq təcalla edir. Burada fədakarlıq, milli ruh və şərəf motivləri açıq-aydın görünür. Bu şeirlər, özəlliklə müstəqillik dönəmində yazılmış əsərləri, onun yalnız lirik deyil, həm də vətəndaş şair missiyası daşıdığını göstərir.
Davud Nəsibin “Ümid” və “Nəsihət” şeirləri onun poeziyasının təkcə keçmişə və indiyə yox, həm də gələcəyə yönəlik olduğunu sübut edir. Onun nəsihətləri öyüd vermək xatirinə deyil, insanın həyatında əsas prinsipləri formalaşdırmaq üçün yazılıb. Şairin poetik dünyasında ümid insanın yaşamaq, mübarizə aparmaq və öz yolunu tapmaq üçün başlıca mayak kimi çıxış edir.
Bəli, şairin poetik yaradıcılığı yalnız gözəlliyin, lirizmin yox, həm də vicdanın poeziyasıdır.
Bəli, Davud Nəsib nəinki hisslərin, həm də düşüncənin, milli ruhun və insani dəyərlərin şairidir. Bəli, onun şeirlərində sevgi romantik təlatümlər deyil, sədaqət, vəfa və dərin insanilik üzərində qurulur və işıq seli kimi yayılır, yüksəlir.
Davud Nəsibin misraları bizi hələ də düşündürür, duyğulandırır, ruhlandırır. Onun poeziyası, sanki bir vicdan aynası kimi, oxucusuna öz könlünə göz atmaq, vətən, el-oba, şenlik və ev-eşik qarşısında öhdəliklərini yenidən dəyərləndirmək üçün fürsət yaradır. Şairin poetik yaradıcılığı güncəlliyini bundan sonra da qoruyacaq - biz buna inanırıq - çün o, yalnız bir dönəmin mövzuları içində qalmayıb, şeirin, ədəbiyyatın əzəli-əbədi mövzularına üz tutub, qələm çalıb, kitab yazıb...
Mənə doğma “Ədəbiyyat və incəsənət” portalının “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izləmək xoş oldu.
Mənə elə gəldi, Davud Nəsibin poeziyası, sanki zamanın yaddaşında həkk olunmuş şairanə bir anddır. And içmək, andlı olmaq və anda tanıqlıq sıradan olaylar deyil…
Öz gənclik illərinin ən nüfuzlu gənclik ödüllərini almış şairin ömrünün son illərində gün üzü görən “Cavanşir” tarixi romanı sübut edir ki, onun nasir kimliyi şair kimliyindən heç də geri qalmayıb…
Ocağı sönməsin, ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
“Lilparlı dərə”dən gəl bir də keçək – ŞEİR-XƏRİTƏ
1988-ci ilin qarlı 28 noyabr gecəsində öz doğma yurdunu məcburən tərk edən şair Güldərən Vəli, hələ də, Göyçə dərdi, Göyçə həsrəti ilə yazır... Bu həsrət, bu boyatlamayan dərd ruhunda daim çağlayır.
“Ədəbiyyat və İncəsənət” portalının oxucularına şairin 2007-ci ildə qələmə aldığı şeir-xəritəni təqdim edirik. Oxucular bu şeir-xəritəni oxuyaraq Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndini “ziyarət edəcək”, milli toponimlərlə də tanış olacaqlar.
Ay vətən oğlu
Dünyanı seyr edən, ay vətən oğlu,
Öz ana yurduna, gəlsənə, gedək.
“Gədölən” dərədən çıxaq yuxarı,
“Qatarqaya”dan da bu yana enək.
“Mamalı yolu”ndan keç “Rusqırılan”a,
“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.
Oradan enəndə “Oruc oğlu”na,
“Piyalə bulaq”dan doyunca içək.
“Qısırın boynu”nda bir ayaq saxla,
“İsgəndər ocağı”na bir nəzir bağla.
Daşına üz sürtüb pirin qucaqla,
Çöküb diz üstünə torpağın öpək.
“Qaraçı yurdu”dur dağın ayağı,
“Sudəyən qaya”dan bir az aşağı.
Bax, “Bərə yeri”dir çayın qırağı,
Doqquzdəni yeyək, çiyələk dərək.
“Saqqızlı dərə”də gəzənlər hanı?
“Tüklü təpə”dədir futbol meydanı.
“Palıdlı meşə”si sorur halını,
Gəzdəyin başını gedək, bir görək.
Elə ki, düşmüşük yolun ağına,
Gəl qonaq olaq “Qızlar bulağı”na.
Dodağını söykə buz dodağına,
Göynəyə-göynəyə biz sərinləyək.
“Danalıq” bəzəkli cehiz xalısı,
“Qoç qoruğu” onun bəylik xonçası.
“Nazlı bulağı”nda üzən sonası,
“Lilparlı dərə”dən gəl bir də keçək.
Dolama yollarda durmur ayağım,
Nə gözəl qaynayır “Çoban bulağı”m.
“Qara quzeyin başı” sərin yaylağım,
Əl-ələ verək biz, ürəklə gəzək...
“Ağ qaya”dan kəsə çıxa biləydim,
“Koroğlu” qayasından baxa biləydim.
“Gur bulaq”tək coşub, axa biləydim,
Dərəni, təpəni gəl bir-bir gəzək.
“Gur bulaq”dan aşdı el “məntəqə”yə,
Hərə bir tərəfdə qurubdur dəyə.
Artıq ehtiyac yox bir söz deməyə,
Obada oturub duz-çörək kəsək.
“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,
Gördüm gözəlliyi, düzü, mən çaşdım.
Elə bil sehirli qapılar açdım,
Qırmızı lalədən donunu biçək.
Xaşxaşı yeyirsən təzə bal kimi,
Baxırsan bu yurda nitqi lal kimi.
İstərəm, başına atıb şal kimi,
Laləyə qarışıb bu çöldə bitək.
“Məntəqə” olubdur elin yaylağı,
Çalxanır nehrəsi, tutulur yağı.
Pendiri, motalı, təzə qaymağı,
Köpüklü südündən gəl biz də içək.
Şəlalə dərədə düşübdür səsə,
Üzünə bir sərin dağ yeli əsə.
Bu yerdə çiçəklər düşübdür bəhsə,
“Solmaz çiçəyi”ni çəməndə seçək.
Güldərən, xəyalın yolları aşdı,
Fikrin ana yurdu yenə dolaşdı.
Göyçəni tərk edib elləri, qaçdı,
Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)