F.Köçərli adına Respublika Uşaq Kitabxansında “Müəllif saatı” adlı yeni layihəyə başlanılıb. Layihənin əsas məqsədi uşaqların ədəbiyyata marağını artırmaq, oxu mədəniyyətini zənginləşdirmək və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində martın 4-də kitabxanada Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına liseyin 2-ci sinif şagirdlərinin uşaq yazarı Mehriban Nağıyeva ilə görüşü təşkil edilib.
Görüşdə Mehriban Nağıyeva müəllifi olduğu kitablar haqqında uşaqlara ətraflı məlumat verib və yaradıcılıq prosesindən bəhs edib. Müəllif həmçinin yaradıcılığı ilə bağlı oxucuların suallarını cavablandırıb.
“Müəllif saatı” uşaqların ədəbiyyatla interaktiv şəkildə tanışlığı və onların şəxsi inkişafı baxımından yaddaqalan olub.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


