Super User

Super User

Çərşənbə axşamı, 10 Mart 2026 12:31

Bəzən unutmamaq üçün yazıram

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Həqiqətən də, bəzən unutmamaq üçün yazıram.

Söz külək kimidir – heç gözləmədiyin anda gələr, bir anlıq toxunar, bir fikri xatırladar, sonra yoxa çıxar.

 

Sətirlərə qarışıb məskən salmağı bacararsa, bir nağıla, hekayəyə, cümləyə, məqsədə çevrilər. Unudulduqda isə əbədiyyətin səssizliyinə qarışır.

Çünki hər söz bir yazar üçün işıqdır, ilhamdır. Söz çox dəyərlidir. O, yazarın  fikir dostu, yol dostu, qələm dostudur. Yaşantının, görünüşün, hisslərin – həyatın özüdür söz.

Sözün qüdrətini ən yaxşı təsvir edən söz ustalarından biri də Məhəmməd Füzuli olmuşdur. Onun qələmində söz adi ifadə vasitəsi deyil, insanın ən dərin hisslərini daşıyan bir gücdür.

Füzuli deyir:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Bu misralar göstərir ki, söz necə dəyərlidir. Qiymətli sözlər söylənəndən sonra da xatırlanır, yaddaşlarda yaşayır.

Beləliklə, söz sadəcə danışmaq üçün deyil; yaşatmaq, təsir etmək və insanın dünyasında iz buraxmaq üçündür.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

 

Çərşənbə axşamı, 10 Mart 2026 13:03

Şəhid Mahir Dadaşzadənin qol saatının yaddaşından

Aygün Bayramlı,

“Ədəbiyyat və İncəsənət” portalının incəsənət şöbəsi

 

Mən zamanam. Hər tərpənişimdə onun ürək döyüntülərini daşıyıram. Hər saniyəmdə bir nəfəs, bir həyat var. Və mən şəhidin yaşamla mübarizə apardığı anın şahidiyəm. Mən tale ilə bağlı ömür sürürəm. Onun hər nəfəsi mənim yaddaşımda yüklənib. Mən həm də onunla birgə taleylə vuruşan müşahidəçiyəm. İndi özüm də bilmirəm, bizi nə gözləyir.

Ömürlük şahidlikmi?

Yoxsa əbədi sükutmu?

 

Əslində nəzərə alınsa ki, mən də əbədi deyiləm, çünki insan yaratdığı heç nəyin ömrü uzun olmur. Təkcə dünya yaranandan insan yaradan müharibələr əbədiləşdi. Deyəsən, heç dayanan da deyil. İnsan neylədi? İnsanı yaşatmaq üçün silah yaratdı. İnsan həm də insanı məhv etmək üçün silah yaratdı. Bir tərəfdən özünü qoruyanda digərini öldürdü. Öldürdüyünə düşmən dedi. Mən bütün bunları görmüşəm. Məndən güclü şahid yoxdur…

İndi mənim sahibim öləcək. Ona qarşı açılan kinli, nifrətli güllənin uzun yol gəlişini hesablayıram. Hədəf ürəkdir. Birdəfənlik sükut üçün mükəmməl düşünülmüş addımdır. Və budur, o, öz istəyinə nail olur. Düşmənin dili ilə desək, qurban öldürüldü! Mən məni daşıyan bu canla yerə yıxılıram. Çox güclü çöküşdür. Deyəsən, zərbədən mən də ölürəm. Əqrəblərim məni sillələyir, özümə gətirməyə cəhd edir. Hələ ki, dözürəm… dözürəm… dözü..r..ə..m…

Yavaş-yavaş kilidlənmiş qollarımı kimsə açır. Bunu hiss edirəm. Üzümü, gözümü sirkələyirlər. Dil açıb deyə bilmirəm ki, məni rahat buraxın! Anlayıram ki, rahat buraxsalar, əbədiyyətə qovuşacağam. Oyanıram, yenidən həyata zorla qaytarıldığımın şahidi oluram. Mən şahid olduğumu bir daha xatırlayıram. İndi hər şey aydındır. Bir yiyəsiz çarpayının baş ucunda qoyulan xatirəyə dönmüşəm. İndi ölmək istəmirəm. Çünki əvvəlkindən daha çox gərəyəm bəlkə də. İndi ümid yerinə dönmüşəm. Məndə onun nəfəsi, qoxusu, bütün zamanları var.

 

İndi hər şey yaxşı yadımdadır. Mən yaddaşın özüyəm, həm də qəhrəmanlıqla dolu anların xatirəsi. Artıq sadəcə qol saatı deyiləm. Mən onun qəhrəmanlığının yaddaşıyam. Mən zamanam, amma eyni zamanda xatirəyəm — əbədi və heç vaxt unudulmayacaq xatirə.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

 

Çərşənbə axşamı, 10 Mart 2026 13:27

Niyə hər böyük şairin bir “qaranlıq dövrü” olur?

 

Nail Zeyniyev,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Hər böyük şairin həyatında bir mərhələ olur ki, tədqiqatçılar onu “qaranlıq dövr” adlandırırlar. Bu dövrdə şair ya ümumiyyətlə yazmır, ya yazdıqlarını məhv edir, ya da əvvəlki üslubundan tam fərqli yazır. Bu, şairin böhranı, sınağı və dəyişmə mərhələsidir.

 

Çox vaxt bu mərhələ qaçılmaz olur. Məsələn, böyük rus şairi Aleksandr Puşkin sürgündə olduğu illərdə tənhalıq yaşayırdı. Dostlardan uzaq, nəzarət altında bir həyat sürürdü. Amma məhz o dövrdə onun ən mühüm əsərlərinin əsası qoyuldu. Bu göstərir ki, qaranlıq dövr bəzən şairi zəiflətmir, əksinə onu daha dərin edir. Bəzi şairlər isə uzun müddət susurlar. Uzun illər heç nə yazmırlar. Müharibələr, şəxsi böhranlar və həyatın çətinlikləri onların yaradıcılığını dayandırır. Amma bəzən bu sükutdan sonra ən böyük əsərlər ortaya çıxır. Deməli, sükut bəzən yox olmaq deyil, hazırlıq mərhələsidir. Başqa bir nümunədə isə şair psixoloji çətinliklər yaşayır: depressiya, ailə problemləri, daxili gərginlik. Bu vəziyyət onun yaradıcılığına təsir edir və o dövrdə daha qaranlıq, ağır mövzulu şeirlər yazılır. Lakin həmin əsərlər bədii baxımdan çox güclü ola bilir. Qaranlıq dövrün yaranmasının müxtəlif səbəbləri var.

Birinci səbəb xarici təzyiqlərdir. Senzura, sürgün, maddi çətinliklər və siyasi təqiblər şairin yazmasına mane olur. Şair yazmaq istəyir, amma ya imkan tapmır, ya da buna icazə verilmir.

İkinci səbəb daxili böhrandır. Şair bəzən öz yazdıqlarından narazı qalır. Hiss edir ki, əvvəlki şeirləri təkrar olunur və yeni söz tapa bilmir. Bu zaman yazmağı dayandırır və yeni bir səs axtarmağa başlayır.

Üçüncü səbəb isə yaradıcılıq tükənməsidir. Uzun illər yazan şair bəzən yorulur. Söz ehtiyatı azalır, ilham zəifləyir. Bu isə təbii bir prosesdir.

Qaranlıq dövrdə bəzi şairlər ümumiyyətlə yazmırlar. Bəziləri yazır, amma sonradan məhv edir. Bəziləri isə yalnız qeydlər aparır – gündəliklər, yarımçıq fikirlər, fraqmentlər. Maraqlıdır ki, bu cür qeydlər bəzən hazır şeirlərdən daha səmimi və dərin olur. Bəzən qaranlıq dövr həyat faciələri ilə də bağlı olur. Ailə problemləri, yaxın insanların itkisi və ya siyasi təqiblər şairi sükuta məcbur edir. Bu dövrdə yazılan şeirlər isə çox vaxt ən ağrılı və ən güclü əsərlər olur. Elə şairlər də var ki, qaranlıq dövrdən çıxa bilmirlər. Onlar bir müddət yazdıqdan sonra şeiri tamamilə tərk edirlər. Bu isə ədəbiyyat üçün böyük itki sayılır.

 Qaranlıq dövrdə şairin özünə münasibəti də dəyişir. O, əvvəl yazdığı şeirlərə tənqidi baxmağa başlayır. Bəzən onları bəyənmir, hətta nifrətlə xatırlayır. Bu hiss yeni əsərlər yazmaqdan da çəkindirə bilər.

Bu dövrdə şair çox vaxt ədəbi mühitdən də uzaqlaşır. Tədbirlərdən, görüşlərdən və müzakirələrdən qaçır. Tənhalıq seçir. Çünki başqalarının uğuru ona öz çətinliklərini xatırladır. Amma qaranlıq dövr yalnız böhran deyil. Bu həm də yenilənmə mərhələsidir. Şair köhnə üslubundan uzaqlaşır və yeni bir yaradıcılıq mərhələsinə hazırlaşır. Bu proses ağrılı olsa da, çox vaxt zəruri olur. Bəzi şairlər bu dövrdə başqa sahələrə yönəlirlər. Şeir yazmaq əvəzinə nəsr yazırlar, tərcümə ilə məşğul olurlar və ya başqa sənət növlərinə maraq göstərirlər. Bu, bəzən poeziyadan müvəqqəti uzaqlaşmaq cəhdi olur.

Qaranlıq dövr hər zaman kənardan görünmür. Şair ictimaiyyətdə fəal görünə bilər, amma daxilində böyük bir yaradıcılıq böhranı yaşayır. Bu isə ən gizli və çətin qaranlıq dövr hesab olunur. Bəzi şairlər bu mərhələdən daha güclü çıxırlar və yeni, daha böyük əsərlər yaradırlar. Amma bəziləri bu sınağı keçə bilmir və yaradıcılıqları sönür. Qaranlıq dövr haqqında danışmaq da asan deyil. Çünki şair həmin anda bunun fərqində olmur. Yalnız illər keçəndən sonra geriyə baxanda anlayır ki, bu mərhələ onun həyatında qaranlıq dövr imiş.

Bu dövrün müddəti də fərqli olur: bəzən bir neçə il, bəzən isə daha uzun. Amma hər halda bu mərhələ şairin həyat tarixinin vacib bir hissəsidir. Çünki çox vaxt ən böyük dəyişikliklər məhz bu dövrdə baş verir.

Bu gün sosial media şairləri daim yazmağa və paylaşmağa məcbur edir. Sanki hər gün nəsə göstərmək lazımdır. Bu isə bəzən şairin sükuta çəkilməsinə imkan vermir. Halbuki sükut da yaradıcılığın bir formasıdır. Şair yazmadığı vaxtlarda da düşünür, axtarır və daxilində yeni bir söz hazırlayır. Qaranlıq dövr qorxulu deyil. O, bəzən zəruridir. Çünki gecə olmasa, səhər də olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

Çərşənbə axşamı, 10 Mart 2026 09:35

Onu çərlədib öldürdülər...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

10 mart 1965-ci ildə Azərbyacan Yazıçılar İttifaqının binasında görünməmiş hadisə baş verdi. Bir yazıçının haqsız və əsassız ittihamları o qədər ifrat həddə çatdı ki, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseynin ürəyi dözmədi, partladı. Sovet quruluşunda vicdanlı yazıçıları yalançıların, donosbazların, üzəduranların vasitəsilə həm də çərlədib öldürmək var idi...

 

Xalq Yazıçısı Mehdi Hüseyn (Hüseynov) 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenariçilər kursunu bitirib. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb.

 Həmçinin Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilib. O, öz fəaliyyətinə hekayə ilə başlayıb, ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur.

 Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazıb. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirib. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanıb. M. Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkarlıqla əks etdirə bilib.

 O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı və SSRİ Dövlət mükafatı laureatıdır. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini  və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirib.

İlk dönəmlərdə ona Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi kimi vəzifələr də həvalə edilib.

 Yaradıcılığa müxbir yazıları ilə başlayıb.

İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilib. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapıb. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaradıb.

Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M. Əzizbəyovun surəti ön plana çəkilib. Əlbəttə ki, o dövrdə Əzizbəyov pərəstiş edilən şəxsiyyətlər sırasına ucalmışdı. Yalnız müstəqillik dönəmindən sonra tariximizə taxılan maskalar çıxardıldı.

Mehdi Hüseynin ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur.

 Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.

Mehdi Hüseyn dramaturq kimi də tanınıb. O, dram yaradıcılığına "Şöhrət" pyesi ilə başlayıb. "Nizami" və "Cavanşir" tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunub. "Alov", "İntizar" (1944, İ. Əfəndiyevlə birgə), "Şamil" və "Qardaşlar" pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün", gündəlikləri var.

"Şair", "Fətəli xan" (1947, Ə. Məmmədxanlı ilə birgə), "Səhər", "Qara daşlar" kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

 

Kitabları

- Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri, "Yeraltı çaylar dənizə axır" romanı

- Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – "Abşeron" romanı

- Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri.

 

Filmoqrafiya

- Şair

- Fətəli xan (Ənvər Məmmədxanlı ilə birgə)

- Qara daşlar

- Səhər

- Mənim dostum

- Mehdi Hüseyn

- Vulkana doğru

- Alov

- Bizim qəribə taleyimiz

- Üç zirvənin fatehi

 

Elçin Şıxlı müsahibələrinin birində deyir: “Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir ay və bir gün”. O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib…”

Bax bu, həqiqətləri bilmədən Məşədi Əzizbəyov kimilərə əsər həsr etməyin səhv olduğunu anlamaq demək idi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

Çərşənbə axşamı, 10 Mart 2026 14:07

Həm realist, həm də abstrakt rəsmlər müəllifi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkib. Onun yaradıcılığının əsası başlıca olaraq spektrin əsas rəngləri əsasında qurulub.

Xalq rəssamı Mirnadir Zeynalovdan danışıram.

 

Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulub. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub.

Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənib. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər.

Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri ayrılmaz hissəyə sahibdir. Onun yaradıcılığında realizm üslubunda çəkilən portretlərə, lirik mənzərə əsərlərinə, həmçinin, yalnız müxtəlif rəng çalarlarının istifadə edildiyi abstrakt həllərədək fərqli janr və üslublara rast gəlmək mümkündür.

Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.

Mirnadir Zeynalov 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Həmçinin 1976-cı ildə Moskva şəhərində keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb, 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb.

Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Onun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində — ABŞ-də, Kanadada, Meksikada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə, Fransada, Misirdə, Yuqoslaviyada, Hindistanda, Livanda, Bolqarıstanda, Monqolustanda, Macarıstanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Kubada, Türkiyədə nümayiş olunmuş və müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülüb.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır…

 

Xalq rəssamı Nadir Qasımov 1928-ci il may ayının 22-də Bakıda anadan olub. 1941–1946-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1947–1953-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında (İohansonun emalatxanasında) təhsilini davam etdirib. 1953–1954-cü illərin beynəlxalq və respublika sərgilərində portret və mənzərə əsərləri uğurla nümayiş etdirilib.

Onların sırasında SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin portretlərini göstərmək olar. Rəssamın yaradıcılığında romantiklik ən çox bu səpkidən olan əsərlərdə duyulur. Bu növ rəngkarlıq nümunələrinə "Xəzərdə külək" (1991), "Dəniz coşur" (1975), "Xəzərin günəşi və küləyi" (1990), "Buludlu gün" (1991), "Dəniz və qayalar", "Xəzər dənizi" (1990) kimi əsərlərin adlarını çəkmək olar.

"1990-cı ildə Xəzər üzərində" adlı mənzərə əsərində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi əks etdirilib. Bu əsər rəssamın mənzərə vasitəsilə xalqının faciəsini obrazlı şəkildə göstərmək istedadını üzə çıxarıb. Rəssamın sevimli mövzusu təkcə Xəzər olmayıb. Tez-tez Azərbaycanın kənd və rayonlarında yaradıcılıq səfərlərində olan rəssam təbiətlə yanaşı sadə əmək adamlarına, qadınların zəhmətinə qiymət verib, onlardan ilham alıb.

Elə bunun nəticəsində 1960-cı illərdə onun "Pambıq dağında", "Çəltik sahəsində", "Analar", "Lənkəran bazarı", "Rəfiqələr", "Yüksək dağlar", "Lalələr", "Bizim torpaq" tabloları meydana çıxıb. 1961-ci ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunan ilk fərdi sərgisində rəssamın qədim və müasir Çinə həsr etdiyi 50-yə yaxın mənzərə və portret işi nümayiş etdirilib.

Nadir Qasımov 1958–1969-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü, 1967–1969-cu illərdə Bakı Şəhər Sovetinin üç çağırış üzrə deputatı seçilib.

Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam edən yarım əsrdən çox bir dövrü əhatə edib. 1970–2000-ci illərdə İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, Boyakarlıq kafedrasının professoru olub.

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

 

Nadir Qasımov 2000-ci il mart ayının 10-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

Çərşənbə axşamı, 10 Mart 2026 11:32

Bu gün böyük Mirzə Fətəli Axundzadənin anım günüdür

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Məsələn, biz Dərvişin Parisi “partlatması” barədə müasir tələblərə uyğun bir yaxşı film çəkib onu ingilis və fransız dillərinə çevirib dünya kinoprokatına sala bilsək, inanılmaz şöhrət və gəlir tapar bu film. Onda Axundov dühasının ştrixləri tam halda cəmləşibdir.

Amma biz özümüzü dünyaya tanıda bilmirik əfsus ki...

 

Axundovun yeri

XIX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikrinin ən görkəmli simalarından biri olan Mirzə Fətəli Axundzadə (1812–1878) Azərbaycan dramaturgiyasının və realist ədəbiyyatının banisi kimi tanınır. O, yalnız yazıçı və dramaturq deyil, həm də filosof, maarifçi, publisist və ictimai xadim kimi Şərq mədəniyyətində mühüm rol oynamışdır. Axundzadənin yaradıcılığı Azərbaycan cəmiyyətində yeni düşüncə tərzinin formalaşmasına, maarifçilik ideyalarının yayılmasına və müasir ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir.

 

Həyatı və təhsili

Mirzə Fətəli Axundzadə 1812-ci ildə indiki Azərbaycanın Şəki bölgəsində (o dövrdə Nuxa adlanırdı) anadan olmuşdur. Gənclik illərində o, əvvəlcə dini təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Lakin sonralar dünyəvi elmlərə maraq göstərərək Şərq və Qərb mədəniyyətlərini dərindən öyrənmişdir.

Onun həyatında mühüm mərhələ Tiflisdə keçirdiyi illər olmuşdur. Burada o, Qafqaz canişinliyində tərcüməçi vəzifəsində çalışmış, rus və Avropa ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Bu mühit Axundzadənin dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.

 

Azərbaycan dramaturgiyasının banisi

Axundzadə Azərbaycan ədəbiyyatına ilk realist komediyaları gətirən yazıçı kimi tanınır. Onun əsərlərində dövrün sosial problemləri, cəhalət, mövhumat və gerilik tənqid olunur. Yazıçının komediyaları yalnız Azərbaycanda deyil, bütün Şərqdə dramaturgiyanın inkişafına təkan vermişdir.

Onun ən məşhur əsərləri bunlardır:

  • “Molla İbrahimxəlil kimyagər”
  • “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah”
  • “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
  • “Hacı Qara”
  • “Mürafiə vəkillərinin hekayəti”
  • “Xırs quldurbasan”

Bu əsərlərdə Axundzadə satira və yumor vasitəsilə cəmiyyətin geriliklərini ifşa edir, insanları elmə, maarifə və yeniliyə çağırır.

 

Fəlsəfi və maarifçi fəaliyyəti

Axundzadə yalnız dramaturq deyil, həm də böyük maarifçi idi. O, Şərq cəmiyyətində elmin və təhsilin inkişafını vacib sayırdı. Yazıçı cəhalətə və dini fanatizmə qarşı çıxır, insanın azad düşüncəsinin tərəfdarı idi.

Onun məşhur fəlsəfi əsərlərindən biri “Kəmalüddövlə məktubları”dır. Bu əsərdə Axundzadə Şərq cəmiyyətinin geriliyinin səbəblərini təhlil edir və islahatların vacibliyini vurğulayır.

 

Əlifba islahatı ideyası

Axundzadə Azərbaycan və ümumiyyətlə türk xalqları üçün əlifba islahatı ideyasını irəli sürən ilk ziyalılardan biri olmuşdur. O, ərəb qrafikasının çətinliyini göstərərək daha sadə və səs sisteminə uyğun əlifbanın tətbiqini təklif edirdi. Bu ideya sonradan türk dünyasında aparılan əlifba islahatlarının əsasını təşkil etmişdir.

 

Ədəbiyyata və mədəniyyətə təsiri

Mirzə Fətəli Axundzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı sayılır. Onun ideyaları sonrakı dövrdə bir çox görkəmli ziyalılara təsir etmişdir. Məsələn:

  • Cəlil Məmmədquluzadə
  • Üzeyir Hacıbəyli
  • Hüseyn Cavid

Bu sənətkarların yaradıcılığında Axundzadənin maarifçi və realist ənənələrinin davamını görmək mümkündür.

 

Əbədiyaşarlıq

Mirzə Fətəli Axundzadə Azərbaycan mədəniyyət tarixində dönüş yaradan şəxsiyyətlərdən biridir. O, dramaturgiya məktəbinin əsasını qoymuş, realist ədəbiyyatın inkişafına yol açmış və maarifçilik ideyalarının yayılmasına böyük töhfə vermişdir.

Onun əsərləri bu gün də aktuallığını qoruyur və Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

Çərşənbə axşamı, 10 Mart 2026 08:03

Lənkəran onun sayəsində ənənəni pozdu

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adətən Lənkəran bölgəsi öz sitrus meyvələri, çayı ilə, eləcə də hərbçiləri ilə, Qarabağ bölgəsi isə füsünkar təbiəti və xanəndələri ilə özündən söz deyir. Amma haqqında danışacağımız şəxs sübut edir ki, yazılana hərdən korrektə etmək də lazım gəlir.

Bu şəxs bu gün anadan olmasının 86-cı ildönümü qeyd edilən, bir vaxtlar məşhurluğu ilə ad eləmiş xanəndə Canəli Əkbərovdur.

 

Canəli  Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Muğam sənətini atasından öyrənib. Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil alıb. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olub. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirib.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaradıb.

Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə edib. İfa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılıb.

Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışıb.

 

Filmoqrafiya

1. Havalansın Xanın səsi

2. Mənsuriyyə sorağında

3. Zəlimxan dastanı

4. Biz qayıdacağıq

5. Muğamat var olan yerdə

6. Sevda yolu. Canəli Əkbərov

7. İki xan arasında bir can

 

Təltif və mükafatları

1. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Şərəf" ordeni

4. "Şöhrət" ordeni

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

6. 1-ci dərəcəli "Əmək" ordeni

7. "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı)

 

Ustad sənətkar 22 oktyabr 2021-ci ildə vəfat edib. İkinci Fəxri Xiyaban'da dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

Çərşənbə axşamı, 10 Mart 2026 10:29

Yel Çərşənbəsi: Ağacların yuxudan oyandığı gün

Nərgiz Mustafayeva, Gəncə. “Ədəbiyyat və incəsənət”

 

Su  və Oddan sonra təbiətin üçüncü böyük ünsürü - Yel (Külək) oyanır. Xalq təqvimində bu Çərşənbə “Yel Çərşənbəsi”, “Küləkli çərşənbə”, “Yel ayı” və ya bəzi bölgələrdə böyük məişət təmizliyi ilə bağlı olaraq “Yüyət günü” adlandırılır.

Bu gün, Yel öz nəfəsi ilə dünyanı gəzib yuxuda olanları oyadır. Əcdadlarımız inanırdılar ki, külək əsməsə, kainat durğunluğa məhkum olar.

 

Folklorumuzda Yel (külək) həm yaradıcı, həm də hərəkətverici qüvvədir. İnanclara görə, Yel çərşənbəsində Yel baba (və ya Yel piri) oyanır, dünyanı dörd dolanır və hələ də qış sükutunda qalan suları, ağacları, torpağı hərəkətə gətirir. Mifoloji təfəkkürdə külək - xəbərçidir. O, baharın tam gəlişinə cəmi bir addım qaldığının müjdəsini dağlara-daşlara yayır. Bu gün əsən külək “isti” və “soyuq” nəfəsini növbələyərək torpağın rütubətini qovur və onu toxum üçün hazırlayır.

Yel çərşənbəsinin ən maraqlı və qədim adətlərindən biri “ağacları qorxutmaq” və ya onları oyatmaqdır. Əgər bağda bar verməyən və ya gec oyanan ağac olardısa, ailə böyüyü balta ilə həmin ağaca yaxınlaşar, onu kəsmək istəyirmiş kimi edərdi. Başqa birisi isə ağacı “aman”a götürər və “bu il bol bar verəcək” deyə söz verərdi. İnanılırdı ki, Yel baba həmin gün ağacın qulağına fısıldayar və onu səmərəli olmağa təşviq edər.

Daha əvvəl qeyd etdiyimiz kimi, Yel çərşənbəsi xalq arasında böyük təmizlik - “Yüyət” həftəsidir. Bu gün yuyulan paltarların küləkdə quruması xüsusi əhəmiyyət daşıyır. Deyilərdi ki, külək paltarların arasından keçərək insanın keçmiş il boyu yığılan dərdi-sərini, ağırlığını qovub aparır.Qadınlar evdəki xalçaları, yorğan-döşəkləri həyətə çıxarıb çırpar, evin pəncərələrini sona qədər açardılar. Məqsəd evin “yelini” (enerjisini) dəyişmək, köhnə ilin tozunu baharın təmiz havası ilə əvəzləmək idi.

Yel çərşənbəsində süfrəyə daha çox “ağ”rəngli və yüngül nemətlər qoyulur. Bu çərşənbənin klassik xörəyi südlü plovdur. Ağ rəng - saflığı, küləyin təmizləyici gücünü və qarşıdan gələn “ağ günlərin” müjdəsini simvolizə edir.

Süfrəyə qoyulan quru meyvələr (kişmiş, qaysı) küləyin qurutduğu və qoruduğu nemətlər kimi qəbul olunur.

Axşam saatlarında insanlar küləyin qarşısına keçib niyyət tutarlar. Gənc qızlar “Yel baba, dərdimi al, arzumu ver” deyərək yaylıqlarını havaya atarlar. Külək yaylığı hansı tərəfə apararsa, arzunun o səmtdən gələcəyinə inanırlar. Yel çərşənbəsi bizə öyrədir ki, həyat hərəkətdədir və dəyişiklikdən qorxmaq lazım deyil.

 

Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

Çərşənbə axşamı, 10 Mart 2026 09:03

Azərbaycan balet sənətinin banisinin doğum günüdür

 

Aygün Bayramlı,

“Ədəbiyyat və İncəsənət” portalının incəsənət şöbəsi

 

Azərbaycan balet sənətinin banilərindən biri və ilk peşəkar azərbaycanlı balerinaQəmər Almaszadənin bu gün doğum günüdür, anadan olmasının 111-ci ildönümüdür.

 

Hələ 1930-cu illərdə Şərq məkanında bir qızın baletlə məşğul olması imkansız görünsə də, bu dövrdə bütün sərhədləri aşaraq balet sənətinin izi ilə getməkdə iddialı olan bir qızcığaz var idi. Bu cəsarətli arzu ailəsinin və cəmiyyətin kəskin münasibətini bilsə də, getdikcə daha da böyüyürdü. Axı sənət sevgisi həyatda heç nə ilə müqayisə oluna bilmir. Balet geyimi, səhnə, sərbəstlik bu qədər rədd olunduğu, pisləndiyi bir zamanda bütün bunlara məhəl qoymadan yalnız sənətin izinə düşən və Azərbaycan mədəniyyət tarixində ilk qadın balerina kimi tanınan Qəmər Almaszadə yetişdi.

Məlumdur ki, o dövrdə hələ balet məktəbi yox idi, yalnız balet studiyası fəaliyyət göstərirdi. Balaca Qəmər evdən xərclik üçün aldığı pulları toplayaraq bu studiyada dərs almağa sərf edirdi. Burada olan müəllimlər bu istedadlı qızın yüksək qabiliyyətini görərək onun dərslərə davam etməsi üçün şərait yaradırlar. Beləcə, balet sənətinə gedən yol məhz buradan başlanır.

Əlbəttə ki, Qəmər xanım təhsilini davam etdirmək üçün sonralar ardıcıl şəkildə bu sənətin dərinliklərinə qədər öyrənir. Moskva məktəbi Qəmər xanım üçün klassik Avropa balet texnikasını Azərbaycana gətirmək baxımından əvəzsiz başlanğıc olur. Beləliklə, dünya məktəbinin istiqamətləri yerli ənənə ilə vəhdət təşkil edir.

Bununla da Qəmər xanım təkcə ifaçı kimi deyil, həm də Azərbaycanda Xoreoqrafiya məktəbinin qurucularından birinə çevrilir. Məhz bu günkü Xoreoqrafiya məktəbi Qəmər Almaszadənin mirasıdır. Bəlkə də o bilirdi ki, bir gün studiyada başlayan sənət yolu, özünün təməlini qoyduğu balet məktəbində davam edəcək.

Prima balerina dövrünün ən məşhur balet tamaşalarında əsas rolların ifaçısı olmuş və bu tamaşalarda öz peşəkar ifası, texnikası ilə bənzərsiz iz qoymuşdur. Lakin səhnə təkcə istedadla kifayətlənmir. O, eyni zamanda ciddi intizam, məsuliyyət, səbr və əzm tələb edir. Bu zərif sənətin sərt, ağrılı tərəfləri də var axı. Buna baxmayaraq, o, bütün çətinliklərin öhdəsindən məharətlə gəlir.

Qəmər xanım təkcə rəqs etmədi, həm də gələcək addımlara yol açdı. O, tarixdə mübariz Azərbaycan qadınının portretini yaratdı. Zərif görünüşü, lakin polad iradəsi ilə ilklərdən oldu. Qəmər xanım sənət fədaisi kimi bu sənətin təməl daşına çevrildi. Elə buna görə də tarix onu unutmadı.

 

Qısa tərcümeyi-halı

Qəmər Almaszadə 1915-ci ilin 10 martında Bakıda anadan olub. Kiçik yaşlarından rəqsə böyük maraq göstərib və peşəkar balet təhsili alıb. 1930–1940-cı illərdə Bakı səhnəsində çıxış edərək milli balet sənətinin formalaşmasına böyük töhfə verib.

Xüsusilə “Qız qalası” baletindəki çıxışı ilə tanınıb. Bu əsər Azərbaycanın ilk baleti sayılır və onun səhnələşdirilməsində Almaszadənin rolu böyük olub.

Uzun illər pedaqoji fəaliyyət göstərib, gənc balet artistlərinin yetişməsində mühüm rol oynayıb. Qəmər Almaszadə Azərbaycan SSR xalq artisti adına layiq görülüb.

2006-cı ilin 7 aprelində Bakıda vəfat edib.

 

Həqiqətən də həyat belədir – bəzən bilmədiyimiz bir yerdən işıq doğur. O işıq özü parlamaqla yanaşı, ətrafını da nura boyayır. Qəmər xanım həmin işıq idi. Bəzən bir insan yaranır və varlığı, əməyi, sevgisi, cəsarəti ilə olduğu məkanın istiqamətini dəyişir, taleyini yazır. Qəmər xanım da bütöv bir balet tarixinin istiqamətini dəyişdi, taleyini uğurla yazdı.

Bu gün yenə pərdələr açılır, pərdələr bağlanır, Qəmər Almaszadə adı heç zaman səhnədən enmir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.