İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Cəfər Cabbarlının, Mikayıl Müşfiqi, Cabir Novruzu yetişdirən Xızının digər yazarları da zaman-zaman gözəl poetik nümunələr yaradıblar. Onlardan biri də bu gün 83 yaşını qeyd edən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ağasəfa Yəhyayevdir. Onu ədəbiyyat aləmində elə Ağasəfa kimi tanıyırıq.
Ağasəfanın yaradıcılığı barədə bilgiləri onu həmişə təbliğ edən, poeziyasına, ağsaqqallığına önəm verən sevimli şairəmiz Ofelya Babayeva olub. Yəqin ki, bu gün Ağasəfanı ilk təbrik edənlərdən biri də elə əzizimiz Ofelya xanım olacaq.
Ağasəfa 1942-ci ildə - qanlı-qadalı müharibə illərində - sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil alıb.
Bakı parovoz deposunda fəhlə, geoloji kəşfiyyat idarəsində qazmaçı köməkçisi işləyib, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru, "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor, "Novruz" qəzeti redaksiyasında məsul katib, "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi vəzifələrində işləyib. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik edib. “Vahid” müstəqil televiziyasında böyük redaktor vəzifəsi də onun ömür-gününə yazılıbdır.
Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlayıb. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bədii tərcümə ilə də məşğul olub. L. N. Tolstoyun mənzum nağıllarını, N. Qribaçov, Q. Qulam, R. Babacan, İ. Selvinski, S. Vasilyev, B. Oleynik, A. Lupan, Q. Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə edib. "Ölkəm", "Azərbaycan", "Əsrin yolu" kimi almanax kitablarını tərtib edib.
Kitabları
1. Yolçu yolda gərək
2. Yaşat məni
3. Ürəyimdir oxuyan
4. Ürəyimə yatanlar
5. Fikir dünyası
6. Bağçada birinci gün
7. Günəşin dalınca gedən oğullar
8. Odla oynayıram
9. Gombulca və Dumbulca
Allah ömür versin!
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)