İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O kamançanı dinləndirəndə bu ilahi səsə biganə qalan kimsə tapılmazdı. Onun barmaqları, mizrabı, kamanının telləri – hamısı sehirliydi və bu sehirləri bir-birinə ötürərək birlikdə mükəmməl ifa ərsəyə gətirirdilər.
Çox-çox illər ötəcək, çox musiqçilər, kamança ifaçıları dünyaya gələcək. Amma inanmıram ki, Habil Əliyevin yerini tutan kimsə olsun...
Azərbaycan SSR xalq artisti, dahi Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
1953-cü ildə Habil Əliyev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb.
"Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Fəxri adları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Azərbaycan SSR xalq artisti" fəxri adı
"Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
"İstiqlal" ordeni
Filmoqrafiya
- Qanun naminə
- Dəli Kür
- Günlərin bir günü...
- Nəğməkar torpaq
- Habil Kaman
- Sarı gəlin
- Qızıl fonddan seçmələr
- Kamanın naxış sehri
- Muğamat var olan yerdə
- Heydər Əliyev
- Kamançanamə
Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)