Bir nömrəli teatr bilicisi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu adam tetarı o qədər gözəl bilir ki, istənilən tamaşaya cəmibir neçə dəqiqə baxmaqla qiymət verə bilir.

Azərbaycanın əməkdar incəsənət xadimi İlham Rəhimlidən danışıram.

 

İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib.

Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst bu söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür. Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma… şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib.

 

Kitabları

1. Sənət vurğunu (SSRİ xalq artisti İsmayıl Dağıstanlı barədə monoqrafiya)

2. Ağasadıq Gəraybəyli

3. Səhnə. Ekran. Müasirlik

4. Dramaturgiya və teatr

5. Habil kaman (xalq artisti Habil Əliyev barədə monoqrafiya)

6. Rəssam Hafiz Zeynalov

7. Sənət yolu, sənətkar ömrü

8. Səyavuş Aslan

9. Səttar dünyası (rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığı)

10. Aktyor ömrünün dolayları

 

Filmoqrafiya

1. "İsmayıl Dağıstanlı"

2. "Eksperiment"

3. "Habil Kaman"

4. "Biz Qayıdacağıq"

5. Biz qayıdacağıq

6. "Yorulmamışam"

7. "Aktyorlar və rollar"

 

İlham RəhimliAzərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş", "Humay" mükafatları laureatıdır. 1989-cu il sentyabrın 1-də ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilib. Sənətşünaslıq doktoru və professorudur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə də təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.