Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bu həyatda insanlar çoxdan susmağı öyrənməyib. Susdurulmağı öyrənib. Çünki hər kəs bilir: bəzi sözlər var ki, dilə gələn kimi insanın taleyi dəyişir. Ona görə də çoxu danışmır yox, danışa bilmir.
Hamı hər şeyi görür. Küçədə də görür, iş yerində də, televizorda da, gündəlik həyatında da. Ədalətin necə ölçüldüyünü, haqqın necə bölündüyünü, yalanın necə bəzədildiyini hamı anlayır. Amma anlayanların səsi eşidilmir. Çünki bu səs ya qorxuya çırpılır, ya da laqeydliyin divarına dəyib geri qayıdır.
Bizə tez-tez deyirlər: “Niyə danışmırsınız?”
Heç soruşan varmı bizi danışmağa qoyurlar ki?
İnsan bir dəfə qorxmur. İkinci dəfə tərəddüd edir. Üçüncü dəfə isə artıq özünü saxlayır. Sonra elə bir gün gəlir ki, susmaq insanın xarakterinə çevrilir. Adam həqiqəti bilir, amma demir. Çünki bilir , sözün qiyməti bəzən çörəkdən, işdən, azadlıqdan, hətta sabahdan baha olur.
Sonda qorxu adiləşəndə cəmiyyət sakit görünür. Hamı öz işi ilə məşğul kimi görünür, hamı gülümsəyir, hamı razı təsiri bağışlayır. Amma bu sakitlik razılıq deyil, bu, yorğun insanların sükutudur.
Bir tərəfdə yalan danışanlar var, digər tərəfdə həqiqəti bilib susanlar. Və zaman keçdikcə susanların sayı artdıqca, yalan daha ucadan danışmağa başlayır.
İnsan bəzən üsyan etmək istəmir, sadəcə haqqın adını çəkmək istəyir. Amma elə bir mühit yaranır ki, adi bir sual belə təhlükəli sayılır. Gülmək yanlış başa düşülür, etiraz düşmənçilik kimi qəbul edilir, fikir isə günah kimi göstərilir.
Beləcə insan öz içində iki yerə bölünür: danışmaq istəyən vicdan və susmağa məcbur qalan ağıl.
Qeyd edim ki, ən ağır həbsxana divarları olan yer deyil. Ən ağır həbsxana insanın öz dilini qorumaq məcburiyyətidir. Ən ağır həbsxana insanın özünə hakim olmağa çalışdığı andır. Hakim var. Sən varsan. Və sən sözlərini həbs edəcəksən. Düşüncəni, gerçəkləri həbs edəcəksən.Sözünü ölçə-ölçə danışmaq, həqiqəti yarım demək, fikrini gizlətmək! insanı yavaş-yavaş içindən yeyir.
Çünki insan yalnız nəfəs aldığı üçün yaşamır. İnsan danışanda yaşayır. Etiraz edəndə yaşayır. Haqsızlığa “yox” deyəndə yaşayır.
Bu gün ən böyük faciə odur ki, insanlar artıq qorxduqlarını belə etiraf etmirlər. Çünki qorxunun özü də adi hala çevrilib.
Və nəticədə hamı eyni sualın içində qalır: Danışsaq öldürərlər, danışmasaq içimizdə ölürük.
Bəlkə də məsələ heç danışmaq cəsarətində deyil. Məsələ insanın sözünə yaşamaq haqqı verilməsindədir.
Yazını bitirirəm…
Amma dilimin ucunda qalan sözü bir şair çoxdan deyib:
“Desəm öldürərlər, deməsəm ölləm”.
“Ədəbiyyat və incəsənət”
(06.03.2026)


