II “INTERNSHIP” təcrübə proqramı başa çatıb

 

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramı başa çatıb.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iştirakçılar proqram çərçivəsində Komitədə olublar. Onlar Komitənin strukturu, həyata keçirilən layihələr barədə bilgiləndiriblər. Komitənin şöbələrinin məsul əməkdaşları təqdimatlarla iş prosesi barədə ətraflı məlumat veriblər.

 

Qonaqlar, eyni zamanda Diaspor TV-nin studiyası ilə tanış olublar. Onlara televiziyanın fəaliyyəti, yayımlanan proqramlar və media işinin diaspor siyasətində rolu haqqında danışılıb. İştirakçılar Diaspor TV-yə müsahibə verərək səfərləri və “INTERNSHIP” proqramı ilə bağlı təəssüratlarını bölüşüblər.

Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmilərinə Ulu Öndərin həyat və fəaliyyətdən geniş bəhs edilib, aidiyyəti eksponatlar göstərilib.

Rəsmilər, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub, icraçı direktorla görüşüblər. Onlar Azərbaycanın çoxmədəniyyətli dəyərləri və multikulturalizm siyasəti, eləcə də mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar.

Xalça Muzeyi və Qobustan Milli Parkında qonaqlar ölkəmizin milli sənət nümunələri və qədim tarixini əks etdirən abidələrlə yaxından tanış olublar.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramının iştirakçıları Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazsodur.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.