Tbilisidə “Polkovnik” filminin təqdimatı keçirilib

 

Tbilisidə Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi münasibətilə onun ideya müəllifi olduğu, əslən gürcüstanlı soydaşımız, görkəmli hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr edilən “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Polkovnik” filminin təkcə bir qəhrəmanın həyatına deyil, həmçinin Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq saldığını deyib. Orada doğulub yaşayan soydaşlarımızın qəlblərinin hər zaman Azərbaycanla döyündüyünü, onların mənəvi bağlarının, Vətənə olan sevgilərinin daim güclü olduğunu bildirib.

Filmin ideya müəllifi Həsən Həsənov “Polkovnik”in ərsəyə gəlməsinin Azərbaycan tarixində iz qoyan şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıdığını deyib.

Sonra filmin rejissoru Tahir Əliyev səhnə əsərinin tarixçəsi, araşdırmaçı jurnalist Mirzə Maşov isə Yadigarovlar ailəsi və Yadigarovun həyatı barədə məlumat veriblər.

Məlumat üçün qeyd edək ki, çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.