Super User
Fortepiano üçün 12 prelüd, romans və “Zəfər marşı”…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Günün təqvimini vərəqləyəndə bu ad nəzərimdən qaçmadı - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Dadaşov.
Azərbaycan musiqi sənətində dərin iz qoymuş bəstəkar Ağadadaş Dadaşov barədə mütləq danışmaq qərarına gəldim. Axı bu gün onun doğum günüdür.
O, 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçib. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olub, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib.
Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq artisti adına layiq görülüb.
Vokal əsərləri
1. Ə. Cavadın sözlərinə iki romans
2. Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi
3. A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar
İnstrumental əsərləri
1. Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd
2. Qanun və piano üçün poema
3. Simli trio
4. Simli kvartet üçün poema
5. Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər
Orkestr üçün
1. Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita
2. Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya
3. Simli orkestr üçün 2 saylı simfoniya
4. Nəfəsli orkestr üçün "Zəfər marşı"
5. Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı"
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)
“Dəli Domrul” tamaşası Təbriz şəhərində səhnəyə çıxacaqdır
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Şahin Muradinin qələmə aldığı “Dədə Qorqud kitabı”ndan uyğunlaşdırılan “Dəli Domrul” tamaşası, Salar Quluzadənin rejissorluğu ilə, bu ilin sentyabr ayından Təbrizin “Naci” sinemasında səhnəyə çıxacaqdır.
Dəli Domrul hekayəsi, hər kəsə məhəbbət və sədaqət dərsi verir, onun həyat yoldaşı isə həqiqi məhəbbətin simvoludur. Demək olar ki, Dəli Domrul dastanı insanın ölüm ilə savaşı, sevgi həqiqətinin aşkara çıxması və insan gücü ilə qürurunun ilahi təqdirin qarşısında məhdudluğunu xatırladan bir mifologiya nümunəsidir.
Salar Quluzadənin gənc bir rejissor olaraq “Dəli Domrul” tamaşasını seçməklə, arxaik dil, mifologiyaya aid mövzular və 50 nəfərdən ibarət gənc oyunçu heyəti vasitəsilə gənc tamaşaçılarla əlaqə qurmaq istəmişdir.
Dəbdəbəli bir mətn olan “Dəli Domrul” gənc nəslə göstərir ki, güc və qürur çəkici ola bilər, amma həyatın həqiqətləri qarşısında keçərli və yararlı deyildir. Bu əsər bizə göstərir ki, həyatın çətin günlərində iddiası olanlar və şüar verənlər yanımızda olmayır, yalnız bizi ürəkdən sevənlər yanımızda qalır. “Dəli Domrul” tamaşasını izləmək, teatr sevərlər üçün yadda qalan bir xatirəyə çevriləcək.
Yazıçı: Şahin Muradi
Rejissor: Salar Quluzadə
Prodüser: Əşkan Əziz Məhəmmədi
Xoreoqraf: Sina Rəsuli
Aktyorlar: Məhəmmədrza Əbbasi (Domrul), Kiyarəş Kərimi (Əzrayıl), Şəqayiq Nəsiri (Domrulun həyat yoldaşı), Mitra Şaddamən (Domrulun anası), Sina Rəsuli (Gənc oğlan), Soheyl Əfsayi (Domrulun atası), Şükufə Əsədi, Diyana Pəhləvan.
Salar Quluzadənin rejissorluğu ilə “Dəli Domrul” tamaşası; sevgi və sədaqətin simvoludur!
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)
Qarabağsız qarabağlı Şahmar Əkbərzadə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun adını ilk dəfə adına təsis edilmiş mükafatdan eşitmişəm. Şair Elçin İsgəndərzadənin rəhbərliyi altında “Vektor” elm mərkəzinin təsis etdiyi Şahmar Əkbərzadə adına mükafat ədəbiyyat sahəsində fərqlənənlərə verilir. Sonra da yaradıcılığı ilə tanış olmuşam və əlbəttə ki, bəyənmişəm.
Şair, publisist Şahmar Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirib. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirib.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olub.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru olub. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib. 10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunub. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olunub
Məşhur şeirləri
1. Qarabağsız Qarabağlı
2. Dayanın
3. Özün özgənin
4. Qrimləyir
5. Yollar
6. Təzə nağara
7. Allah amandır
8. Hanı
9. Əlvida
10. Səni
11. Dağdağan
12. Tüstümüz
13. Eşmə
14. Bu sənsən?
Kitabları
1. Mil üzümçüləri
2. Anama layla
3. Sev məni
4. Ona yanıram ki
5. Sevgi borc verilməz
6. Haqqa pəncərə
Filmoqrafiya
- Qaragülün nağılı
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)
Violonçeldə ifa edir Eldar İsgəndərov!
İnci Məmmədzadə, "Ədəbiyyat və incəsənət"
Azərbaycan musiqi aləmində xalq çalğı alətlərini hamı tanıyır. Əlbəttə ki, hansı azərbaycanlıya tarı, kamani göstərsək dərhal adlarını söyləyəcəklər. Ancaq bizim olmayan alətlərin çoxunu tanımırıq, bu da, əlbəttə ki, yaxşı hal deyil. Kontrabas, arfa, saksafon kimi sözlər əksəriyyətə heç bir anlam daşımır, eləcə də violonçel.
Bu gün Azərbaycan Respublikasının xalq artisti, görkəmli violonçel ifaçısı Eldar İsgəndərovun doğum günüdür – tam 75 illik yubileyidir.
O, 1950-ci ildə Bakı şəhərində anadan olub. 1957–1968-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində əvvəlcə Vladimir Anşeleviçin, iki il sonra isə İsaak Turiçin sinfində violonçel ixtisası üzrə təhsil alıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Sabir Əliyevin sinfində təhsilini davam etdirib. Burada ikinci kursda oxuyarkən, 1969-cu ildə musiqi ifaçılarının üçüncü Zaqafqaziya müsabiqəsinin diplomantı və laureatı adına layiq görülüb, violonçel ifaçılarının üçüncü ümumittifaq müsabiqəsində fəxri fərmanla təltif edilib.
1973-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində işləyib. 1975–1977-ci illərdə Moskva Dövlət Konservatoriyasında assistent-stajorluq üzrə professor Tatyana Primenkonun violonçel sinfində təhsil alıb. Tam ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına pedaqoq kimi çalışmağa dəvət olunub.
1981-ci ildə Eldar İsgəndərov ali təhsil tələbələrinin ümumittifaq yaradıcılıq festivalının fəxri fərmanına layiq görülüb. Həmin il Lvovda, 1988-ci ildə isə Tbilisidə ixtisasartırma kvalifikasiya kursları keçib. Tezliklə məşhurlaşan Eldar İsgəndərov bir çox Azərbaycan bəstəkarları ilə əməkdaşlıq edib, bir sıra əsərlərin yazılmasında yaxından iştirak edib və onların ilk ifaçısı, redaktoru və interpretatoru olub.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)
Onu daha çox uşaq şairi kimi xatırlayırlar
Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirmehdi Seyidzadə. Bir vaxtlar uşaqların ən sevimli yazıçılarından biri.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil alıb. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olub. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik edib. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil alan yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləyib.
1938–1939-cu illərdə yenidən təşkil olunan "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik edib. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir isləyib. Xəstəliyinə görə ordudan tərxis olunub, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunub.
Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlayıb. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri, "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazıb, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulub, bir neçə şeirlərinə isə mahnılar bəstələnib. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilib.
Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxıb. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr edib.
1. Keçəl Səməd
2. Şanlı gün
3. Kiçik təyyarəçilər
4. Neftə doğru
5. Pinti Həsən
6. Uşaq şeirləri
7. Qızıl quş
8. Nərgiz
9. Pilotlar
10. Kiçik pyeslər
11. Şeirlər və poemalar
Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilib.
Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat edib.
2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(30.08.2025)
Heyif, onun zəhmətindən…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə bakılılara məxsus şirin ləhcəylə danışan, buzovnalı balası, əməkdar artist Mirzə Ağabəylidən söhbət açmaq istəyirəm. Yəqin ki, aranızda- “Hərü qədeş, de gəlsün”- söyləyənlər də tapılacaq. Amma, gəlin öncə onun ömür yoluna nəzər yetirək.
O, 1950-ci ildə əncir yığılan ayda Bakının Buzovna qəsəbəsində dünyaya gəlib. 1971-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıdandan sonra beş il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki, "Tədris" teatrında aktyorluq edib. 1982-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunub və 1994-cü ilədək burada aktyor kimi çalışıb. Sonra bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsini icra edib. 2008-ci ildə yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatırına dəvət olunub. 2009-cu ildə Azərbaycan kinosunun yaranmasının 111 illiyi ilə əlaqədar Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb...
Müsahibələrinin birində deyir ki:- “Mənim üçün fəxri ad əsas deyil. Qətiyyən. Amma bəzən baxırsan ki, haqsızlıqlar olur. Kiminsə irili-xırdalı, dəxilli-dəxilsiz çəkildiyi bütün filmlərin siyahısını dərc edirlər, aparıb verirlər lazımi yerlərə və ad alırlar. Siyahıya baxanda adamın gözü qaralır. Baxan da deyir ki, bu adam elə gecə-gündüz səhnədə olub, rol oynayıb. Nə bilim, əşi? Adam, həqiqətən, bəzən çox əsəbiləşir. Mən 2008-ci ildə əməkdar artist adı almışam. Bəli, artıq düşünürəm ki, növbəti ad məsələm gecikir, çünki 75 yaşım var. Məsələ ondadır ki, adlarla bağlı problem həmişə olub. Tək indi deyil. Rəhmətlik Fazil Salayev, Ceyhun Mirzəyev məgər pis aktyorlar idi? Görürsən, adsız gediblər. Biz indi ad üçün çalışırıq. Çünki adın yanında bir az maddi mükafat da olur. Yaşamaq lazımdır, dolanmaq lazımdır, bu reallıqdır. Evdə uşaq var, ailə var axı...”
Onu hərə bir cür xatırlayır. Kimisi “Yük” filmindəki Ağa Musa Nağıyev obrazına, kimisi də “Qəzəlxan” filmindəki Ağahüseyn roluna görə. Kimisi də çəkildiyi bəzi reklam çarxlarından. Nə isə, bir az da onun şəxsi keyfiyyətlərindən söz açım. Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömrü boyu həyatdan zövq alan macəraçı insandır. Ehtiraslı bir enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Əsl kişilərə xas olan əməlləri çoxdur. Üsyankar, cəsur və qətiyyətlidir. Həmişə aktivdir və həmişə nəsə yeni bir şey düşünür. O, qəribə cazibəsi ilə ətrafındakı insanlara təsir edə və cəmiyyətdə söz sahibi ola bilir. Məğrurdur və xarici görünüşünə çox diqqət yetirir...
“Hazırda aktiv tamaşam yoxdur. Əvvəl “Vəsiyyət” var idi. Onu o zaman Azər Paşa Nemətov səhnədən götürdü – baxmayaraq ki, çox uğurlu idi. Hüseynbala Mirələmovun pyesi idi. Azər Paşa Nemətovla aralarında nəsə oldu, ya olmadı, dəqiq bilmirəm, amma o tamaşa birdən-birə yığışdırıldı. Bilirsən, mən açıq danışmağı xoşlayan adamam. Azər Paşa Nemətov bir az özünü tərifləməyi sevən adam idi. Ona görə başqa rejissorlara imkan vermirdi, daha çox özünü qabağa çıxarırdı. “Vəsiyyət”in rejissoru onun tələbəsi idi, ona görə də müəyyən qısqanclıq məsələsi yaranmışdı. Sonra “Qarabağnamə” tamaşasında da rolum var idi. Onun da quruluşçu rejissoru Mərahim Fərzəlibəyov idi. İndi o da səhnəyə qoyulmur. Yəni, dediyim kimi, hazırda aktiv rolum yoxdur.”- söyləyir.
Bəzən duyğularını idarə edə bilmir. Nə qədər səmimi olsa da, onu səf başa düşənlər də olur. Bir anda gülə və mülayim davrana, eyni zamanda əsəbi və sərt ola bilir. Məğzində riyakarlıq olan asan yoldan çox, çətin yolu seçməyə üstünlük verir. Dostlarını seçərkən irqi və ya dini təbəqəyə görə ayrı-seçkilik etmir. Hər kəsə qabiliyyətinə, əməllərinə görə dəyər verir. Açıq danışmağı xoşlayır, lakin emosiyalarını göstərməkdən çəkinir. Kiminsə ona yazığı gəlməsinə nifrət edir...
Deyir ki:- “Yenə təkrar edirəm, Ceyhun Mirzəyev bircə rolu ilə onlarla boş, mənasız filmə görə ad alanlardan üstün olduğunu sübut etdi. O vaxtın rejissorlarının çoxu, adam heç onlara rəhmət də diləmək istəmir, boyu balaca olduğuna görə ona rol vermirdilər, haqsızlıq elədilər. Azərbaycanda elə aktyorlar olub ki, televizorda teatr haqqında nə gəldi, necə gəldi, danışırdı, tənqid edirdi, aləmi qatırdı bir-birinə. Nəticədə, qorxudan ona tezbazar götürüb ad verirdilər. Təki kirisin, səsi kəsilsin. O vaxt da belə idi, indi də, gərək üzün olsun, gərək üzə salasan. Mən hazırda nə mükafat alıram, nə də ki rolum var. Belə çətindir. Çox çətindir. O vaxt Azər Paşa Nemətova dedim ki, mənim adımı niyə təqaüd alanlar siyahısına salmırsınız? Mənə baxdı, baxdı, sonra siqaretini yandırıb getdi, heç nə demədi. Bu təqaüd teatrda can qoyan adamlar üçün deyilmi? Amma bəzən görürsən ki, adların, təqaüdlərın ünvanı səhv düşür...”
O, heç vaxt fikirlərini bölüşməkdən qorxmur və son dərəcə cəsarətlidir. O, mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir. Və adətən nə edəcəyini əvvəlcədən planlaşdırır. Rəngarəng və maraqlı şəxsiyyəti ilə qəlblərə yol tapmağı bacardığı üçün insanların sevimlisi olmağı bacarır. Səliqəli geyinməyi, saçlarına qulluq etməyi, şux görünməyi xoşlayır. Fəqət o, daxili gözəlliyi bütün gözəlliklərdən üstün tutur. Lazımsız yaxınlığı sevmir. Ancaq xətrini çox istədiyi insanlara təsir etmək üçün əlindən gələni əsirgəmir...
“Birdən elə bilərsiniz ki, həyatımdan narazıyam, əsla yox! Min bərəkət, yoxdan ki yaxşıdır. “Əqrəb mövsümü”ndən 250 manat qonorar almışdım. “Tağıyev” filmindəki rola görə də 800 manat almışam. Ara-sıra reklamlardan da pul alıram. Yəni belə, min bərəkət. Deyim ki, hər şey yüksək səviyyədədir, yox, amma olan budur. Nə etmək olar? Yaşımı nəzərə alsaq, 50 illik teatr-kino fəaliyyətimi nəzərə alsaq... əşi nəysə... day bəsdir, danışmasam yaxşıdır.”- söyləyir.
Bəli, indiyədək otuzdan çox filmdə irili-xırdalı rol alan əməkdar artistin xidmətlərini sadaladıqca, özü də çəkildiyi “Evləri köndələn yar” teletamaşasındakı məzəli mahnı yadıma düşdü:
“Şap elə bilir Şupdadır,
Şup elə bilir Şapdadır.
Nə Şapdadır, nə Şupda,
Qalıb şappaşurupda...”
...Xülasə, heyif onun zəhmətindən. Avqustun 29-u haqqında söhbət açdığım əməkdar artist- Mirzə Ağabəylinin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Türk xalqlarında zaman və təqvim anlayışı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Föndunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində mövzu bu gün tam fərqlidir:
Türk xalqlarının qədim dünyagörüşündə zaman anlayışı yalnız gündəlik həyatın ölçüsü deyil, həm də kosmik nizamı, kainatın dövranını və insan həyatının ritmini müəyyən edən mühüm kateqoriya olmuşdur. Zamanın təqvimlə ifadəsi isə türklərin dövlətçilik, hərbi-siyasi və mədəni təşkilatlanmasında əsas rol oynamışdır. Türk xalqlarının təqvim sistemləri, xüsusilə on iki heyvanlı türk təqvimi, onların kosmoqonik baxışlarının, mifoloji inanclarının və ictimai nizamının təzahürü kimi çıxış etmişdir.
Türklərin mifoloji dünyagörüşündə zaman dövri xarakter daşıyırdı. Günəşin doğub-batması, ayın dəyişməsi və fəsillərin dövriyyəsi insan həyatının ritmi ilə eyniləşdirilirdi. Zaman yalnız xronoloji ölçü deyil, həm də müqəddəs bir varlıq kimi qəbul edilirdi. Qədim mənbələrdə “tənqri teg tənqri yaratmış” (Tanrı kimi Tanrı yaratmış) ifadəsi zamanı da ilahi qüvvə ilə əlaqələndirirdi.
Türklərin ən mühüm zaman ölçmə sistemi on iki illik heyvan təqvimi olmuşdur. Bu təqvimdə hər il bir heyvan adı ilə bağlı idi: siçan, öküz, bars, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, toyuq, it və donuz. Təqvimdə heyvan adlarının seçilməsi təsadüfi deyildi, hər biri müəyyən xarakter və taleyi simvolizə edirdi. Məsələn, at ili bolluq və hərəkət ili hesab olunurdu. Bu təqvim türk dövlətlərində həm siyasi hadisələrin, həm də ictimai həyatın tənzimlənməsində istifadə olunmuşdur.
Zaman anlayışı türk dövlətçiliyində mühüm əhəmiyyət daşıyırdı. Xaqanların hakimiyyət illəri, dövlətin quruluşu və mühüm hadisələr bu təqvimlə tarixləşdirilirdi. Orxon kitabələrində hadisələrin məhz heyvan illərinə görə qeyd olunması bunun sübutudur. Bu, dövlətin legitimliyi üçün də vacib idi, çünki zamanın qeyd olunması tarixi yaddaşın qorunmasına xidmət edirdi.
Türk xalqlarında təqvim yalnız siyasi məqsədlərlə deyil, həm də kənd təsərrüfatı, köçərilik və mərasimlərin təşkili üçün istifadə olunurdu. Məsələn, müəyyən heyvan illəri bərəkətli və uğurlu sayılırdı, digərləri isə daha çətin illərin göstəricisi hesab edilirdi. Toy, yas və dini mərasimlər də təqvim dövrlərinə uyğunlaşdırılırdı.
Türk xalqlarında zaman anlayışı həm də fəlsəfi və simvolik dəyərlərə malik idi. Zamanın dövri olması insan həyatının faniliyini göstərir, lakin təkrar olunma inancı ümid və yenilənmə ideyası ilə tamamlanırdı. Bu, türk düşüncəsində zamanın yalnız axıcılıq yox, həm də yenidən doğuluş və dirçəliş prinsipi ilə bağlı olduğunu göstərir.
Türk xalqlarında zaman və təqvim anlayışı sadəcə xronoloji ölçü vasitəsi deyil, həm də kosmik nizamın, dövlətçilik ənənələrinin və ictimai-mədəni həyatın əsas elementi olmuşdur. On iki heyvanlı təqvim yalnız praktiki məqsədlərə xidmət etməmiş, həm də türklərin dünyagörüşünü, simvolik dəyərlərini və tarixi yaddaşını ifadə etmişdir. Bu sistem türklərin kainatı anlama və onu sosial həyatla əlaqələndirmə bacarığının göstəricisi olmaqla yanaşı, dövlətçilik və mədəniyyət tarixində də mühüm rol oynamışdır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Cəmi 45 ilə sığan uzun və keşməkeşli bir ömür...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bağladı günəşi dağın qarına,
Yaydı yalmanını atdı şəlalə.
Dözməyib düzlərin intizarına
Zirvədən özünü atdı şəlalə.
Bu sətirlər şair Sərdar Əsədindir.
Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirib. Həm maddi, həm mənəvi yüksəliş yolu seçən gənc Sərdar həm idmanla məşğul olur, həm də poeziyaya meyl edirdi.
1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsəd birinci yeri tutdu. İlk şeirinin dərcinə də çempiomluğa sevindiyi qədər sevindi.
“Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işlədi.
İstedadlı şair Sərdar Əsəd hələ gənclik illərini başa çatdırmayıb ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən olub.
40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd edib. Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.
“Yer ulduzu" kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır.
Kitabları
1. Gənclik illəri
2. Səni axtarıram
3. Yanan memar
4. Cərrah ürəyi
5. Simlərin tufanı
6. Yer ulduzu
7. Gözəl
8. Meşədə qonaqlıq
9. Dağları aşdı sellər
Şair 30 iyun 1975-ciildə 45 yaşındavəfatedib. 1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
GAP Antologiyasında Şəhram Gülkardan “Döşün ağ dəniz...”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan Şəhram Gülkardır.
Şəhram Gülkar
Muğan
DÖŞÜN
Döşün ağ dəniz;
Boğaz körpüsü sütyən qovşağı
Qadırğalı
Hərbi donanmayla dolu
Boğaz altı lövbəri
Göyərtəsində cüt topu
Baxan donur, boğazı quruyur
Əllə dolur havalanır
Tam şişəndə;
Qalay axır
Qala yaxır
Qala yıxır
Qalaya xır
Şişə çəkir qalanları
Boğazlayır
Boğazına saxlayır
Boğaz açmış ac göz boşboğazları.
Döşün ürəkqabın
Ürəyinin bənizi, başmağı
Həm qaradır havası həm dənizi
Ürəyinə gedən yolun
Qaranlıqda iynə ucu boyda işıldayan izi
Süt içən əmziyi
Süt yiyən bezi
Əmcək qabın.
Düşün evin eyvanı
Nə əl çatır, nə ayaq
Uymur heç nömrəli ayaq
Pinəçisi xəfiyyə
Satır “üzüyümün qaşın” çalan piyanoçunu
Ələ verən təlis qədər kağıza-kuğuza, sənədə, akta
Çalanları oğurlayır “hə bəsxanaya”
Fərq etməyir: kontrabas, ürək, dilək, çörək
Hamısına bir gözlə “eye one”dan baxır, -
Yuxarıdan.
Döşün
Ağacda heyvanin dəymişi
Sapından asır heyvanın ərmişin
Daşınar əmlik
Dırnağa yamanan şüş dırnaqlıq
Maşına cək
Qələti tutulmuş kağızdakı lak
Qullanılmamış ürün
Körüklənmiş burun
Börkü başında ağa
Ətirli pudurlu çağa
Yazılmamış ağ çek
Yeyilməmiş
Naylondan çıxmamış ak.
Döşün ən dadlı çiban
Döşün yara izi
Gövdənin gözü
Zırıltılı qonağın iki gözü
Stəkanın, çaynikin qulpu
Ciyərimi pöşləyən
Kömürün iki közü
Suya yatmış sərt torpağın
Cütə bağlanan öküzü
Uzun yol erkək qoxuyan avtobusun
İki qızı
Savalanın ekizi.
Döşün düşün futbol meydançası
Apaçinin lələk tacı
Canavar tükü
Vampirin qoşutlu dişi
Barbi qadınların hər şeyi
Diş batmaz
Göz oxşamaz
Döşün daşın
Kələm daşın
Qapıdan top keçirməz
Luyi yaşin.
Döşün qaradağın üçqardaş dağı
Babək qalasının meşə yolu
Tükənməyən dağı
Yamacının topa çığı
Döşün mağara
Qalıb ağara-ağara
Köpüklənməz ağ araq
Vinçesterin kalibri qədər qülləsi
Qobustanın qayadakı dadaşlarıl
Döşün ağız əmziyi
Qoxusu gənziyin uyuşdurucusu
Qoxu suya qala-qala qalma qala
Bu gözləri kim tikər
Düşün döşün
Düşün daşın
Bozqırımın Çingizi...
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Üç pişik – OLMUŞ HADİSƏ
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bir səhər yuxudan oyandığımda damın üstündə 3 pişik gördüm. Biri qara, digər ikisi isə ağ-qara rəngdə idi. Sanki əkiz balalar idi. Məsafə uzaq olduğuna görə aydın seçmək olmurdu. Qara olan digər ikisindən böyük, hərəkətləri isə iti idi. Düşündüm ki, bu bala pişiklərin anasıdır. Sakitcə dayanıb onları izləməyə başladım. Ana pişiyin nəsə etməyə çalışdığını gördüm. O an içimdə baş qaldıran həvəs, edəcəyim bütün işlərdən daha güclü idi.
Ana pişik onları damdan aşağı düşürmək istəyirdi. Onların ora necə çıxdığı barədə heç bir təsəvvürüm yox idi. Çox balaca idilər. Sanki bu damda dünyaya göz açmışdılar. Bu vaxta qədər onları orada heç görməmişdim. Gördüyüm mənzərədə isə hiss etdiyim qara pişiyin balalarını damdan aşağı endirməyə çalışması idi. Hərəsi bir tərəfdə dayanmış balaca balalar diqqətlə analarının nə etməyə çalışdığına baxırdı. Ana pişik nərdivanın pilləkənlərinə çıxdı, cəld hərəkət edərək aşağıya doğru düşməyə başladı. Bu onun üçün adi bir hərəkət idi. Heç çətinlik çəkmədən təkrar yuxarı dırmandı. Bala pişiklər üçün isə bu yeni və qorxulu bir addım idi. Onlar bu mənzərə qarşısında heç nə edə bilmirdi. Sadəcə kənardan baxaraq səssizcə dayanmışdılar. Ana pişiyin bütün cəhdləri boşa çıxırdı; balaların heç biri yerindən tərpənmək fikrində deyildi.
Bir müddət sonra pişik bu təkrarlanan hərəkətlərin boşa olduğunu hiss etdi və özü nərdivandan aşağı enərək yoxa çıxdı. Hara və nə üçün getdiyini anlaya bilmədim.
Bir müddət yalnız qalan bala pişikləri izlədim. Bir neçə dəqiqə sonra pişiklərdən biri yavaş-yavaş nərdivanın yanına yaxınlaşdı. Aşağıya doğru baxdı və enmək üçün ayağını nərdivanın ilk pilləkəninə qoydu. Birinci cəhd uğursuz oldu; o, aşağı enə bilmədi. Özünü geri çəkdi. Bir müddət aşağı baxdı, lakin bir daha ora yaxınlaşmadı. Digər bala pişik isə yerində dayanıb öz pəncəsi ilə üzünü, qulaqlarını tumarlayırdı. Onun üçün sanki baş verənlərin heç bir əhəmiyyəti yox idi.
Bir müddət daha bala pişikləri izlədim. Dəyişən heç nə yox idi. Nə ana pişik görünürdü, nə də bala pişiklər aşağı enməyə cəhd edirdi. Həvəsimin azaldığını hiss edərək izləməyə davam etmədim. Ancaq onların aşağı necə enəcəkləri məni düşündürməyə davam edirdi.
Günorta çağı mən öz işlərimi bitirib həyətə düşdüm. Həyətdə gördüyüm mənzərə qarşısında təəccübümü gizlədə bilmədim. Bala pişiklərin hər ikisi hündür otların arasından boylanırdı. Hər ikisi yemək üçün bir şeylər axtarırdı. Bala pişiklərdən biri yavaş-yavaş mənə tərəf yaxınlaşırdı; bununla sanki ac olduğunu, yeməyə bir şey istədiyini göstərməyə çalışırdı. Digər pişik isə otların arasından tərpənmirdi. Çox gözlədiyimə baxmayaraq, onların damdan necə düşdüyünü, bura necə gəldiklərini görə bilmədim. Bu mənim üçün bir sirr olaraq qaldı. Ana pişik isə yenə də ətrafda görünmürdü.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)


