Super User

Super User

Türkiyədə keçirilən növbəti müsabiqə barədə jurmalist, yazıçı, şair Kerim Özbekler “Ədəbiyyat və incəsənət” portalının oxucularına məlumat verir.

 

10.VEDAT GÜNYOL ESSE MÜKAFATI QALİBİNƏ 30.000 LİRƏ VERİLƏCƏK, SON MÜRACİƏT TARİXİ: 14 NOYABR 2025, CÜMƏ

Namizədlər esse janrında yazılmış, nəşr olunmuş və ya olunmamış əsərlə müsabiqədə iştirak edə bilərlər. Müsabiqə hər kəs üçün açıqdır.

Əgər əsər nəşr olunmayıbsa, ən azı 30 səhifəlik, türk dilində yazılmış işlərlə müsabiqəyə qatılmaq mümkündür.

Namizədlik üçün müraciət müddəti 31 iyul 2025-ci ildə başlayacaq və 14 noyabr 2025-ci il tarixində başa çatacaq.

Müraciətlər yalnız poçt vasitəsilə qəbul ediləcək. Poçtdakı gecikmələr nəzərə alınmayacaq. Hər hansı sual üçün göstərilən e-poçt ünvanına müraciət edilə bilər.

  • Mükafata müraciət edən şəxsin aşağıdakı sənədlərdən hər birindən on bir nüsxə təqdim etməsi tələb olunur:
    a) Son iki il ərzində (2023–2025) nəşr olunmuş kitabı, əgər kitab nəşr olunmayıbsa – Arial və ya Times New Roman şriftləri ilə 12 puntla yazılmış, 1.5 sətir aralığı ilə tərtib olunmuş, ən azı otuz səhifəlik və spiral formada cildlənmiş esse işi.
    b) Tərcümeyi-hal, ünvan, telefon nömrələri və varsa e-poçt ünvanı ilə birlikdə imzalanmış müraciət ərizəsi. Bu sənədlər “Vedat Günyol Esse Mükafatı Katibliyinə” göndərilməlidir.
  • Qeyd: Göndərilən əsərlər və kitablar geri qaytarılmayacaq.

10. VEDAT GÜNYOL ESSE MÜKAFATININ MƏBLƏĞİ:

  • Birinci yer mükafatı: 30.000 TL
  • Münsiflər heyətinin xüsusi mükafatı: 15.000 TL
  • Gənc esse yazarı mükafatı: 15.000 TL

10. VEDAT GÜNYOL ESSE MÜKAFATINI DƏSTƏKLƏYƏN QURUM VƏ TƏŞKİLATLAR:
Kartal Bələdiyyəsi – Türkiyə Yazıçılar İttifaqı – Cumhuriyet Qəzeti – PEN Türkiyə Yazıçılar Dərnəyi – İstanbul Atatürk Liseyi Məzunları Vəqfi

10. VEDAT GÜNYOL ESSE MÜKAFATI MÜNSİFLƏR HEYƏTİNİN ÜZVLƏRİ:
Adem Uçar, Adil İzci, Adnan Özyalçıner, Arif Kızılyalın, Bülent Ayyıldız, Av. Celal Ülgen, Hürriyet Yaşar, Hüseyin Ferhad, Hüseyin Köse, Rengin Cemiloğlu, Şenel Gökçe, Tahir Şilkan, Uğur Kökden

10. VEDAT GÜNYOL ESSE MÜKAFATI İCRA HEYƏTİNİN ÜZVLƏRİ:
Adil İzci, Aydın Ergil, Aykut Sezgin, Celal Ülgen, Deniz Şahin, Hürriyet Yaşar, İsmail Biçer, Muharrem Semir, Mustafa Köz, Naci Öztürk, Nesim Ovadya İzrail, Rengin Cemiloğlu, Şenel Gökçe, Tahir Şilkan, Ulviye Alpay

MÜRACİƏT ÜNVANI:
Fatma Yiğit
Kartal Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Müdirliyi
Belediye Caddesi, No.6
Kartal – İstanbul
Tel: 0 (216) 280 58 09
E-poçt:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirlər ki, insanın adının mənası onun taleyində əhəmiyyətli rol oynayır. Amma elə nadir adlar var ki, onların mənasını dərindən başa düşmək çox çətindir. Məsələn, “Ərtegin” adı. Bu ad azərbaycanlıların adlar siyahısında yoxdur. Lüğət isə, onu belə izah edir; igid varis və ya igidin varisi...

 

Bəli, bu dəfə sizə ölkəmizdə nadir adlardan birini daşıyan professor Ərtegin Salamzadədən danışmaq istəyirəm. O, 1965-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaya gəlib. Atası- əslən Şamaxı rayonundan olan memar, əməkdar inşaatçı, əməkdar elm xadimi, akademik Əbdül Vahab Salamzadə olub...

 

Ərtegin müəllim 1987-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” bölməsini bitirib. 1987-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hazırda İnstitutun rəhbəridir. Eyni zamanda, Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının professorudur. 1992-ci ildə namizədlik dissertasiyasını Bakıda, 2002-ci ildə isə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. Sənətşünaslıq elmləri doktoru, professordur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür...

 

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov onun haqqında yazır: “Ərtegin Salamzadənin elmi fəaliyyətini bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən nə vaxtsa araşdırılacaq. Eləcə də, onun idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və yüksək keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Daha mühümü, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir. Bir sözlə, Ərtegin müəllimin özəlliyi böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir. Əslində, bu fundamental dəyərlərin təbliğidir...”   

 

...Bakı, İstanbul, Daşkənd, Almata, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunan, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr etdiyi 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan “Azərbaycan sənətşünaslığı. XX əsr”, “Elçin Əlibəyli: rəssam və bədii ənənə”, “Dizayn və informasiya”, “İncəsənət və sənətşünaslıq” monoqrafiyaları, “Dizayn tarixi”, “Vizual informasiya” ali məktəblər üçün tədris vəsaitləri, “Məlik Ağamalov. Boyakarlıq”, “Tofiq Rəsulov. Şəbəkə” və “Akmal Nur. Boyakarlıq” kataloqlarını göstərmək olar...

 

...Çox səmimi adamdır. Təkəbbür və lovğalıqdan uzaqdır. Nizam-intizamı xoşlayır. İnanılmaz dərəcədə ağıllıdır və həmişə onun beyni qəbul etdiyi məlumatları təhlil etməklə məşğuldur. O, dünyanı öz xüsusiyyətlərinə uyğunlaşdırmaqdan və ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan zövq alır. Bəzən, həyatda buraxdığı kiçik səhvlərə görə, özünü çox sərt və amansızcasına tənqid edir. Bu onun olduqca ağıllı olmasının təzahürüdür. O, hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. İşlərini planlaşdırmağı sevir. Mütəşəkkil və nizamlıdır. Bundan əlavə, çox ehtiyatlıdır. Səhv etməkdən, könül qırmaqdan qorxur. Səliqə-səhmana ciddi riayət edir. Gözlənilməz sürprizləri sevmir. Söz verdisə sözünə hökmən əməl edir. Adamları ruhdan salmaq onun təbiətinə yaddır. Əksinə, adamlara bacardığı qədər kömək etməyə hazırdır. Təfərrüat yönümlü insandır. Məzmunlu və məntiqlidir...

 

...Bəli, ölkəmizdə nadir adlardan birini daşıyan Ərtegin müəllim də, adına uyğun taleyini yaşayır. Bu gün onun yubileyidir, 60 yaşı tamam olur. Təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

Cümə axşamı, 28 Avqust 2025 16:08

Bir zamanlar bir Məmməd Alim var idi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alim var idi bu dünyada. 

Gəncə ədəbi mühitinin dəyərli nümayəndəsi, qiymətli imzası idi. 

Düz 11 il bundan əqdəm, 28 avqust 2014-cü ildə onu itirdik. Özündən sonra kitabları, bir də xatirəsi qaldı…

Bu günkü anım günündə onu hörmətlə anırıq. “Allah rəhmət eləsin!” deyirik.

 

Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 

2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb. 

Onun ən məşhur şeiri isə "Dünya, qapını aç, aç çıxım gedim" şeiridir ki, bu çeiri də bu anım günündə oxuculara təqdim etməyi borc bilirik. 

Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.

Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.

Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.

Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.

Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.

Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.

İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…

Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.

 

Bəli, həqiqətən də şairin özünə başdaşı olacaq bir qələmi vardı, bu qələmlə bu cür gözəl şeirlər yaratdı.

Nə deyək. O dünyası gözəl olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

 

Mehparə Bəkirova, Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya –resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün

 

Yayın lap isti günlərində şəhərdən tez-tez qonaqlarımız olardı. Hər yay eyni mənzərə təkrarlanardı: tozlu, bürkülü küçələrdən, havasız mənzillərdən çıxıb gələn şəhər sakinləri bizim kəndə çatanda sanki rahat nəfəs alırdılar. Elə öz dilləriylə desək, "nəfəs almağa" gəlirdilər.

Biz ölkənin ən gözəl və sərin guşələrindən birində — Böyük Qafqaz dağlarının ətəyində yerləşən bir kənddə yaşayırıq. Bura elə bir yerdir ki, dağların başı ilin istisində belə qarsız qalmaz, bulaqların suyu isə elə soyuqdur ki, içəndə insanın dişi göynəyir. Gündüzlər bəzən günəş od tökərdi — toyuq belə kölgəyə çəkilər, ağaclarda bir yarpaq belə tərpənməz, yolların tozu qızmar günəş şüaları altında öz xaotik hərəkətində olardı. Amma axşamlar... axşamlar bambaşqa bir aləm olardı. Hava yavaş-yavaş sərinləyər, dağlardan əsən yüngül meh pəncərə pərdələrini oynadar, evin içini bənzərsiz bir təravətlə doldurardı.

Alça, gilas, qovaq ağaclarının yarpaqları pıçıltı ilə danışar, çox uzaqlardan meşə heyvanlarının səsi duyulardı. Həyətdə samovar qaynayar, dəmlənən çayın qoxusu, təzə dərilmiş nanənin ətri ilə qarışaraq ətrafı bürüyərdi. Gələn qonaqlar bu sakitliyi, bu təravəti bəlkə də şəhərdə illərlə axtarsalar tapmazdılar.

Bu il istilər bir qədər gec düşmüşdü. Amma buna baxmayaraq, illərin dostu olan şəhərli qonaqlarımız elə ilk isti gün bizdə idilər. Onlar üçün yay, kənd, təbiət və biz – artıq bir ayrılmaz bütövlük idi.

Hər zaman olduğu kimi, samovarın həzin nəğməsi yenə də bizi bir yerə toplamışdı. Kənd həyətində qurulmuş kölgəli taxta masanın ətrafında hamı toplaşmışdı. Kəklikotu ilə dəmlənmiş ətirli çay fincanlara süzülmüş, samovarın zümzüməsi, günəşin son şüaları altında lap nağılvarı görkəm yaratmışdı.

Danışılan sözlər, səslənən qəhqəhələr, ara-sıra düşən dərin sükutlar hamısı bir yerdə keçmişin yaddaşını pıçıldayırdı. Hər bir söhbət bir xatirəni oyadır, hər xatirə bir nəfəsi, bir baxışı, bir keçmiş yay axşamını yada salırdı.

— Yadınızdadır, o il qəfil dolu yağdı, meyvə bağlarının yarısı viran oldu...

— Həə... bir də o axşamki odun sobasında bişən qarğıdalının ətri...

— Bunu ancaq kənddə duymaq olur...

Kəndin sükutu, uzaqlardan eşidilən cırcıramaların səsi, axşam mehi və samovarın pıçıltısı – bunlar şəhərdən gələnlər üçün təkcə rahatlıq deyildi, eyni zamanda unudulmuş bir həyat tərzinin keçmişdən gələn ənənəsi idi.

Çay süfrəsinin üzərində yenicə bişmiş böyürtkən mürəbbəsi, qənd, konfet, qarpızdan hazırlanmış şirniyyat, müxtəlif bişintilər, meyvələr və közdə qızardılmış şirin qarğıdalı vardı.Hamı söhbət əsnasında çayla birlikdə bu nemətləri də nuş edirdi.

Kiminin əlində mürəbbəyə batırılmış çay qaşığı, kiminin əlində isti qarğıdalı vardı. Uşaqlar qarpızın qara tumlarını bir-bir pəncərədən atmağa çalışır, böyüklər isə gah keçmişdən, gah bu gündən danışırdılar.

Süfrənin ətrafında bəzən zarafatlar, bəzən dərin düşüncələr dolaşırdı. O axşam sanki zaman yavaşlayır, hər udum çay, hər dilim şirin bir duyğuya çevrilirdi.

Közdə bişən qarğıdalı xüsusilə ləzzətli idi. İsti-isti yeyildikdə o qədər şirin, o qədər ətirli olurdu ki, adam doymaq bilmirdi. Amma bir az soyuyan kimi əvvəlki dadı qalmazdı – ona görə də gərək çay süfrəsində, elə isti halda yeyiləydi.

Elgiz əmi hər zamankı yumoru ilə, yarızarafat-yarıciddi səsləndi:

— Ay camaat, qarğıdalı payınızı yeyin ha! Səhərə qalmasın, yoxsa Dəli Dilbər kimi edərəm!

Hamı güldü. Elgiz əminin bu cür zarafatları hamının dilində əzbər idi. “Dəli Dilbər” deyəndə, kənd camaatının gözünün önünə bir obraz canlandı — kəndin bir vaxtlar məşhur olmuş, qəribə əhvalatlarla yadda qalan qadını.

Bu hekayəni xatırlayanlar güldü, xatırlamayanlar  maraqla soruşdu və yenidən süfrədəki səmimiyyət, gülüş, birlik havaya qarışdı. Elgiz əminin “Dəli Dilbər” zarafatı hamının marağını oyatdı. Süfrə ətrafındakılar bir anda susub gözlərini ona dikdilər.

— Danışın görək, nə əhvalatdı elə? – deyə evin xanımı gülümsəyərək soruşdu.

— Hə, Elgiz əmi, yenə neyləmişdi bu Dilbər xala? – deyə biri çay fincanını qarışdıraraq əlavə etdi.

— Qoy danışım da, əgər çayınız soyumayıbsa, – dedi. Elgiz əmi gözünü uzaqdakı dağa dikərək, sanki xatirəni ordan çəkib çıxarırmış kimi.

— Bu Dilbər, rəhmətlik, kəndin özünəməxsus adamı idi. Bir az sərbəst, bir az sərsəri, amma ürəyi təmiz. Yayın lap qızmar vaxtı idi, belə bir axşam. Elə bugünkü kimi hamı həyətdə samovar başında oturub çay içirdik.

Elgiz əmi baxışlarını havanın qaralmaqda olan üfüqünə zillədi. Gözlərini sanki görünməyən bir nöqtəyə dikmişdi – xəyalları onu çox uzaqlara aparmışdı. Ürəyində nəsə titrədi, susqunluğun içində bir səs oyanırdı. Birdən dodaqlarını yüngülcə tərpədərək dilləndi:

— Nənəm, rəhmətlik... bir əhvalat danışmışdı mənə. O qədər illər keçib, amma o gecənin səsi, havası, hətta qoxusu hələ də yadımdadı...Sonra bir az susdu. Oradakıların hamısı sakitcə gözləyirdi. Elə bil hamı eyni anı hiss etmişdi — bir həyatın səssiz pərdəsi aralanırdı.

— Bu əhvalatı... — dedi və çiynindən ağır bir xatirəni endirirmiş kimi nəfəs aldı — nənəm danışmışdı, o vaxt mən uşaq idim... Nənəmgil əvvəllər Şuşada yaşayırdılar. Sadə bir ailə idilər və o dövrdə Şuşada dolanışıq çox çətin idi. Ona görə də bir müddət sonra köçüb Ağdamın Seyidli kəndinə gəlirlər. Kəndə yerləşərək, kənd təsərrüfatı ilə məşğul olmağa başlayırlar. Aradan bir müddət keçir... Payız fəsli idi. Bir axşam taxta qapının önündə dörd-beş atlı peyda olur. Sonradan məlum olur ki, bunlar quldur imiş. Babamdan evdə olan ərzaq məhsullarını verməsini tələb edirlər.

Babam onlara qarşı çıxır. Deyir:

— Mənim dörd körpə uşağım var. Qarşıda uzun və sərt qış gəlir. Bu ərzaqla biz birtəhər yaşayacağıq.

Lakin quldurlar onu dinləmir. Onlardan biri silahını çıxarıb babamı düz ürəyindən vurur. Kişi elə oradaca, qapının önündə can verir. Beləcə, nənəm bütün əzab əziyyəti təkcə öz çiyninə götürərək dörd övladını böyütməyə çalışır.

Nənəmdən başqa kənddə taleyi nənəmin taleyinə oxşar daha bir qadın da vardı. Adına dəli Dilbər deyərdilər. Onun da ərini quldurlar öldürmüşdü və təkbaşına üç uşağa baxmaq məcburiyyətində qalmışdı. Dilbər — o vaxt gənc bir ana — üç körpə uşağı ilə bir başına, biçarə qalır...

Bu əhvalata bənzər bir hadisədən sonra Dilbər, çarəsiz qalan bir qadın kimi, üç övladı ilə birlikdə köhnə, dar və qaranlıq bir komada baş-başa yaşamaq uğrunda mübarizə aparır. Kənddə kiminsə köməyinə bel bağlamadan, bütün çətin işlərin öhdəsindən gəlməyə çalışır. Odunu da özü qırır, bağda-bostanda da özü işləyir, bazara da özü gedir, övladlarını da özü böyüdür.

Bir neçə il keçir... Hər keçən il onun çiyinlərinə bir yük, ruhuna bir kölgə salır. Dilbər artıq əvvəlki saf, sakit qız deyil – həyat onu sərtləşdirir. O, həm evin anası, həm də kişisidir.

Zamanla xasiyyəti də dəyişir: kobudlaşır, sərtləşir, bəzən isə el arasında "dəli" adlandırılacaq qədər açıq sözlü və kəskin olur. Amma içində bir yerdə, dərinlikdə – susan, əzilən, yorulan bir ana ürəyi hələ də döyünür...

Dilbər və övladlarının yaşadığı köhnə daxma cəmi iki otaqdan ibarət idi. Taxta divarları rütubətdən çatlamış, tavanı isə sızan dam suyu ilə ləkələnmişdi. Çox vaxt Dilbər uşaqlarını başına toplayıb bir otaqda yatır, o biri otağı isə nadir hallarda istifadə edirdi. Elə bil o otaq onun keçmişindən bir xatirə kimi donub qalmışdı – susqun, soyuq və toxunulmaz.

Dilbər çox zaman uşaqlarına qarın dolusu çörək tapıb verə bilmədiyindən, bir az un tapan kimi ondan əriştə kəsər, qurudib saxlayar, sonra onu bişirıb qış axşamlarında isti yemək kimi uşaqlarına verərdi. Bu da soyuq qış axşamlarını onlar üçün daha ilıq edərdi.

Bir qış axşamı, havanın kəskin şaxtası kəndin hər evinin qapısını kip bağladığı bir vaxtda onların kəndinə qərib bir yolçu gəlir.

Kəndin dar cığırları qarla örtülmüş, ayaq səsləri belə boğulmuşdu. Qərib isə bu səssizliyin içində tək-tənha irəliləyir, sanki hansısa qapının arxasında bir istilik, bir insan səsi axtarırdı... Yolçu kəndin girəcəyində yerləşən “kəndin gimgə”sinə — yəni kənd kişilərinin yığışıb söhbətləşdiyi yerə gəldi. İçəri girəndə ocaq ətrafında toplaşmış kişilər bir anlığa susurlar. Onun üz-gözündən yorğunluq və soyuq aydın sezilirdi. Ayaqlarına dolanmış palçıq və əynindəki nəm paltarı onun uzaqdan gəldiyini göstərirdi. Yolçu yavaş və ehtiramla salam verib sonra deyir:

— Bağışlayın, mən yolçuyam. Bu gecə üçün bir gecəlik bir sığınacaq axtarıram. Çox yorğunam... və... acam.

Kənd kişiləri baxışlarını bir-birinin üzünə zillədilər. Kimsə dinmir, kimsə yavaş-yavaş baxışını aşağı endirir. Tanımadıqları bir adamı evlərinə buraxmaq heç kimin ürəyindən keçmir. Çünki bu yerlərdə yadın kimliyi bilinmədən ona qapı açmaq nadir hal idi.

Bir neçə dəqiqəlik sükutdan sonra yaşlı kişilərdən biri dilləndi:

— Bunu, deyəsən, Dilbərin evinə göndərmək lazımdı. Onsuz da tək yaşayır, uşaqlarıyla. Kimsəyə zərəri toxunmaz bu yolçunun. Bəziləri başını tərpədir, bəziləri bu fikirdən narazı qalır. Amma sonda razılaşırlar. Kimsə nə açıq "bəli", nə də sərt "yox" demir. Elə susqunluqla razılaşılır...

Bir gənc oğlan yolçunu götürüb Dilbərin evinə tərəf apardı.

Yolçu Dilbərin evinə çatanda qapını yavaşca döyür. Qış gecəsinin sükutunu pozan taqqıltı içəridəki səssizliyə toxunur. Bir neçə saniyə sonra taxta qapı azca aralanır – arxasında qaranlıqda görünən qadın fiquru dayanır.

Yolçu başını aşağı salaraq sakit səslə dedi:

— Mən Allah qonağıyam. Yolda qalmışam. Bir gecəlik sığınacaq istəyirəm. Əgər mümkündürsə, bir tikə də yemək... Çünki açlıqdan ayaqlarım bir-birinə dolaşır. Qadın bir anlıq susur. Əlinin kölgəsi ilə başını örtməyə çalışan bu adamın səsi yorgun, baxışları isə sanki ümidsiz idi. Amma gözlərində yad olmayan bir nisgil də vardı – elə bil bu evin, bu kəndin dərdini tanıyırmış kimi...

Dilbər ötkəm, bəlkə də bir az kobud səslə — qadına yaraşmayan tonla — deyir:

— Gəl, içəri keç...

Qonaq asta addımlarla içəri daxil olur. Uşaqların təəccüblə və bir az da qorxu ilə dolu baxışları altında evə keçir, sobaya yaxınlaşıb dizlərini qucaqlayaraq yerə çökür. Üzü solğun, bədəni taqətsiz idi. Elə bil uzun illərin yorğunluğu bu qoca daxmanın içində nəfəs alırdı.

Dilbər, sanki heç nə olmamış kimi, o biri otağa keçir. Bir az sonra qayıdaraq soruşur:

— Əriştə bişirsəm, yeyərsən?

Kişi başını azca qaldıraraq, yorğunluqdan göz qapaqları ağırlaşsa da, açlıq hissi onu danışmağa vadar edir:

— Yeyərəm... Əlbəttə, yeyərəm...

Dilbər əllərini silib işə girişir. Əvvəldən kəsib qurutduğu əriştəni qaynar suya atır. Otağı buxarlanmış undan, duzdan, sükutdan və bir az da kimsəsizlikdən ibarət qəribə bir hava bürüyür.

Gecədən xeyli keçmiş, əriştə hazır olur. Dilbər bir boşqaba əriştəni çəkib gətirir.

Qonaq əriştəni iştahla, səssizcə yeyir. Gözlərinə azacıq həyat işığı gəlir. Dilbər sözsüz ikinci boşqabı da doldurur. Qonaq onu da iştahla yeyir.

O doyduğunu bildirmək istəyəndə, Dilbər sərt səslə dedi:

— Hamısını yeyəcəksən. Yoxsa qazan dolu əriştəni başına tökərəm...

Kişi ev sahibəsinin nə demək istədiyini anlamasa da, qadının gözlərində qəribə bir qətiyyət görür. Naəlac qalıb, bütün qazandakı əriştəni də çətinliklə olsa da bitirir. Qarın toxluğu ilə gözləri yumulur, Dilbərin göstərdiyi küncə uzanaraq yuxuya gedir. Uşaqlar isə otağın bir küncündən hələ də bu qərib qonağı susaraq izləyirlər.

Hamı gecəni yatır. O gecə daxmanın divarlarını yalnız sobanın közərtisi işıqlandırırdı. Uşaqlar anasının ətrafında yuxuya getmiş, Dilbər isə qaranlıq otağın dərinliyinə baxaraq fikrə dalmışdı. Qonaq isə, dediyi kimi, sobanın yanında bükülüb yatırdı.

Səhər açılanda, evdə qəribə bir səssizlik vardı. Dilbər uşaqların yuxudan ayıldığını görüb, qonağı oyatmaq üçün o biri otağa keçir. ...Amma otaq boş idi. Qonaqdan nə səs vardı, nə nəfəs, nə də bir hənir.

Dilbər heyrətlə qapıya tərəf baxır — qapı açıqdı. Ayaq izləri, qonağın çoxdan bu evi tərk etdiyini deyirdi. Uşaqlar da bir-bir o biri otağa keçir, hamısı təəccüblə bir-birinə baxır.

O, dünən gecə qonağın əriştəni necə acgözlüklə yediyini, sonra isə başını sobanın yanına qoyub dərhal yuxuya getməsini unutmamışdı. Amma indi bu adam bir təşəkkür belə etmədən sakitcə aradan çıxmışdı.

Qonaq deyəsən daha ikinci qazan əriştəni yeyə biləcək halda deyildi. Qorxudan sakitcə çıxmışdı aradan.

Elgiz əmi əhvalatı danışıb bitirmişdi. Amma heç kim dinmirdi. Hərə bir tərəfdə oturmuşdu, lakin hamının baxışları hələ də Elgizin üzərində donub qalmışdı. Sanki danışılanlar qəlblərində bir iz buraxmışdı. Ocağın alovu qımıldandıqca, sükutun içində bir qəribə təlatüm vardı. Elə bil kimsə nə isə deməliydi, amma sözlər boğazda düyünlənmişdi.

Samovarın zümzüməsi də sükuta qarışmışdı. Sanki o da danışılanlara qulaq kəsilmişdi. Hərə öz qarşısındakı közdə bişmiş qarğıdalını sakitcə çeynəyir, heç kəs səsi pozmağa cürət etmirdi. Sərin yay axşamının yüngül mehində zaman dayanmış kimi görünürdü. Gözlər yavaş-yavaş yuxuya təslim olur, gecənin yorğunluğu çiyinlərə çökməyə başlayırdı.

Elgiz əminin zarafatla söylədiyi “Dəli Dilbər kimi edərəm” sözləri indi artıq hamı üçün tamamilə aydın idi. O sözlərin arxasında illərin ağrısı, acısı və bir qadının taleyində gizlənmiş bir ömür yatırdı.

Ay səmada yavaş-yavaş buludların arasından boylanırdı. Ulduzlar bir-bir göz qırpır, sanki Dilbərin taleyini dinləyirmiş kimi səssizcə baxırdı yerə. Hava yay axşamına xas sərinliklə dolmuşdu. Közdə bişmiş qarğıdalının iyi hələ də havada qalırdı, amma onu artıq kimsə yemirdi. Hər kəsin qarnı tox, amma qəlbi kövrək idi.

Elgiz əmi süfrənin başında əyləşib, dizlərinə dirədiyi əlləri arasında başını aşağı salmışdı. Baxışları uzaqlarda, amma qəlbi çox yaxında – o illərdə, o qadının yanında idi. Onun nənəsindan eşitdiyi bu əhvalat sanki bu gecə yenidən yaşanmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

 

Cümə axşamı, 28 Avqust 2025 15:03

VAQİF SƏMƏDOĞLU, “Yatmış bildiyin ilan...”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

“Yatmış bildiyin ilan...”

 

***

Yatmış bildiyin ilan,

Sən demə, oyaq imiş.

Qəfil ölümlə aram

İkicə barmaq imiş.

 

İşığına getdiyim

Məzarda çıraq imiş.

Dünya malından payım

Bir baş, bir ayaq imiş...

 

Sirrimi açdığım daş,

Sən demə, qulaq imiş.

Qan içənin al qanı

Dupduru bulaq imiş...

 

Şirin bal sandığım dil,

Sən demə, bıçaq imiş.

Şair olan yerdə də,

Göydə də qaçaq imiş...

 

Kəfəni ağ bilirdim,

Üçrəngli bayraq imiş...

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir. Necə deyərlər, “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişə bilər”.

 

Cəmiyyətin tərəqqisi isə onun təhsili ilə birbaşa bağlıdır. Dunya təcrübəsi göstərir ki, vacib və zəruri amillər olsa da, nə təhsilə cəlbetmə səviyyəsinin artırılması və təhsilin müddəti, nə təhsil infrastrukturunun gücləndirilməsi və təhsil müəssisələrinin sayının artırılması, nə də mükəmməl normativ sənədlərin qəbul edilməsi özlüyündə mocuzə yarada bilmir, yəni insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir ki, burada əsas və həlledici sima yenə də müəllimdir. 

        Vaxtı ilə Platon demişdi: “Müəllimlik bir Tanrı sənətidir”. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. “Bəqərə” surəsinin 31-ci ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. Ümumilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev də müəllim adının müqəddəsliyini daim vurğulayırdı. O deyirdi ki, Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

        Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu 30-40 il bundan əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir".

Əgər biz, həqiqətən, cəmiyyətimizin tərəqqisinə nail olmaq, Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə  çevirmək  istəyiriksə, digər işlərlə yanaşı müəllim nüfuzunun yüksəldilməsinə çalışmalıyıq.

        Bu gün əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Üzərinə cox böyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu hər vasitə ilə qorunmalıdır. Çünki müəllim nüfuzu təlim-tərbiyədə müstəsna amildir.

 Ömrümün 45 ilini pedaqoji işə həsr edən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən və pedaqoji kadr hazırlığından birbaşa asılıdır. Müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən başqalarına - hamıya nümunə olmalıdır. Çünki “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”.

Müəllim həmçinin mükəmməl peşə qabiliyyətlərinə sahib olmalıdır. O, akademik, didaktik, kommunikativ, konstruktiv, pedaqoji, iradi-emosional və digər qabiliyyətlərə kamil yiyələnməlidir. Yaxşı müəllim olmağa çalışmalıdır. Yəni V.A.Suxomlinskinin dediyi kimi, o öz peşəsinin ustası olmalı, psixologiya və pedaqogika eimlərini və öz fənnini dərindən bilməli, şagirdləri öz övladları kimi sevməlidir. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları və fənnini də sevən müəllim isə əla müəllimdir.

            Bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli və müəllimlik peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı və qoruyub saxlamalıdır.Müəllim mənəvi keyfiyyətlərindən, akademik biliyindən və peşə qabiliyyətlərindən tutmuş danışığına, insan və hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir.  Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.O,cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşə sahibidir. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız bir söz müəllimi nüfuzdan sala bilər. Təəssüf ki, çox vaxt bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına aid edilə bilir. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.   

         İndi ölkəmizin təhsil müəssisələrində yüksək ümumi-mədəni və peşə-ixtisas səviyyəsinə malik minlərlə, on minlərlə müəllim çalışır. Müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan da onlar özləri olmuşlar. Təəssüf ki, bu gün şəxsi keyfiyyətləri, akademik bilikləri və peşə qabiliyyətləri aşağı olan, öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Əlbəttə, onlar  müəllim nüfuzuna xələl gətirirlər. Yəqin ki, yeni tətbiq olunan MİQ və sertifikasiya qaydaları ilə məktəblər tədricən bu cür müəllimlərdən təmizlənəcəklər. 

  Təkrarlanması üçün universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir.   Məlumdur ki, pedaqoji peşəkarlığın əsası, onun özülü ali (və ya orta-ixtisas) təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur. Hazırda ölkə universitetlərinin bir çoxunda (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Çünki movcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 2-3 dəfə ustələyir. (Müəllim nüfuzunun aşağı düşməsinin bir səbəbi də elə budur) Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Ona görə təklif edirik ki, pedaqoji ixtisaslara plan yerlərinin sayı azaldılsın və müəllim hazırlığı ADPU başda olmaqla normal potensialı olan universitetlərdə mərkəzləşdirilsin. Orta-ixtisas məktəblərində isə pedaqoji kadr hazırlığı tədricən dayandırılsın. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilsin. Unutmayaq ki, təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə milli təhlükəsizlik məsələsidir.  

 Keyfiyyətli müəllim kadrları hazırlığı ümumi inkişafın açarıdır. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların xeyli qisminin peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdur, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların formalaşması tam başa catmır, bu bacarıqlar, əsasən, 1-2 ilə məktəbdə tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına umid belə qalmır. Məktəblərdə belə “müəllimlər” susuz bulağa, işıqsız lampaya bənzəyirlər”. Ona görə universitetlərin əsas vəzifəsi müasir təhsil çağırışlarına cavab verən, zəruri kompetensiyaları formalaşan, yeni pedaqoji təfəkkürə yiyələnən, müasir təlim metodlarını dərindən mənimsəmiş savadlı və istedadlı gənc pedaqoqların, səriştəli təhsil verənlərin hazırlanması  olmalıdır. Onu da unutmaq olmaz ki, bu gün sırf nəzəri xarakter daşıyan təhsil oz fundamental əhəmiyyətini itirməkdədir. İndi təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar, səriştənin vacibliyi, yeni modelli təhsil önə cəkilir.

Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq Təhsil naziri, çox hörmətli M.Mərdanov “Müəllim nüfuzu və ona təsir göstərən amillər” adlı məqaləsində yazır: ”Təhsil naziri olduğum illərdə dəfələrlə auditoriyalarda “Kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?” sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti “birtəhər” başa vurub, nəticədə müəllim işləməli olub”. Təsəvvür edin ki, gecə-gunduz həkim olmaq arzusu ilə yaşayan, gecə yatanda da özünü ağ xalatlı həkim kimi görən, gələcəkdə müəllim işləyəcəyi hec ağlının ucundan belə kecməyən abituriyent “oyundankənar vəziyyətdə” qalmamaq ucun (mövcud qəbul qaydaları müəllim peşəsi ucun aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığı ücun, ya da valideyninin təkidi ilə) ixtisas secimində biologiya müəllimi ixtisasını da “secir”. Məlum səbəbdən arzulamadığı halda bu ixtisas uzrə təhsil alır, təbib yox, müəllim olur. Nə acı ki, bu proses hazırda da davam edir. Şübhəsiz ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olan belələri gələcəkdə həqiqi müəllim ola, urəyini uşaqlara verə bilməyəcək. Belə “zorən müəllim”lərin çoxunun sonda təhsil müəssisələrində baş girləyən adamlara cevrildiyini hamı yaxşı bilir. Ən pisi də odur ki, belələri əsl müəllimlərin nüfuzuna cox ciddi zərbə vururlar. Yaxşı olar ki,   bu ixtisasa qəbul zamanı xüsusi keçid balı tətbiq olunsun, mətbuatda da qeyd edildiyi kimi, akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin.

 Müəllim hazırlığından söz düşmüşkən, bir məsələni də xüsusi vurğulamaq istərdik. Universitetlərdə müəllim kadrlarının hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin, təhsilə aid normativ sənədləri diqqətlə öyrənsin. Çünki o, gənc nəslin mənəvi aləminin memarı olacaqdır. Öz hüquq və vəzifələrini aydın bilməli, məsuliyyətini bəri başdan hiss etməlidir.Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaqböyükxətadır.Yalnızbirtəlimdənbaşqauşağıntərbiyəsidəximüəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır”.

        Müəlimin nüfuzunun güclənməsi  cəmiyyətin ona münasibətindən də çox asılıdır. Çünki, təhsil sistemi cəmiyyətin fövqündə deyil, müəllim də cəmiyyətin bir üzvüdür. Həm də cəmiyyətin formalaşmasında xüsusi rolu olan bir üzv.  Ona görə də həm təhsil sistemində, həm də müəllimin həyatında və fəaliyyətində  baş verən bütün hallara cəmiyyət çox həssas reaksiya və qiymət verir.

          Təəssüf ki, hazırda cəmiyyətdə müəllim nüfuzu əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Və bu, arzuolunmaz və çox təhlükəli haldır.  Mütəxəssislər də cəmiyyətdə şəxsiyyətin inkişafı və formalaşmasında yaranmış problemləri məhz müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən onlara inamın azalması amili ilə əlaqələndirirlər.  

        Cəmiyyətdə müəllim nüfuzunun aşağı düşməsində də birinci səbəbkar müəllimlərin özləridir. Təəssüf ki, bu gün təhsil müəssisələrində öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Heyf ki, bəzilərində müəllimə münasibət çox vaxt belələrinin timsalında formalaşır.

Müəllim-valideyn-cəmiyyət üzvləri arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin olmaması da müəllim nüfuzunu zədələyir. Məktəb rəhbərləri ilə müəllim, müəllimlə müəllim, müəllimlə şagird, müəllimlə valideyn arasında anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar  keçmişdə də olub, indi də var və çox güman ki, gələcək də bunlardan xali olmayacaq. Əvvəllər (internetsiz dövrdə) baş vermiş anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar  çox vaxt qarşılıqlı anlaşma ilə aradan qaldırılmış, haqlı-haqsız müəyyən olunmuş, dövlətin qanunlarına əsasən uyğun tədbirlər görülmüşdür. İndiki kimi publikaya ünvanlanaraq qəzetlərdə, xüsusən sosial şəbəkələrdə manşetə çıxarılmamış, el-aləmə faş edilməmişdir. Nöqsanı və günahı olan bir qrup müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradılmamışdır.

 Bəzi müəllimlərin peşə-ixtisas səviyyələrinin çox aşağı olması, pedaqoji prosesi təşkil və idarə edə bilməmələri, müəllim-şagirdləri münasibətlərində neqativ halların çoxalması, bu səbəbdən də müəllimlərlə valideynlər arasında anlaşılmazlıq, narazılıq və münaqişələrin yaranması, xoşagəlməz hərəkətlərin  (məsələn, fiziki cəza üsullarının tətbiqi, süpürgə pulu, fond pulu, təmir pulu, sümmativ pulu, ad günləri və s.) meydana çıxması, nizam-intizamın pozulması, bu halların qarşısının alınması üçün vaxtında təsirli tədbirlərin görülməməsi və s. cəmiyyətdə müəllimə qarşı mənfi təsəvvürlərin yaranmasına gətirib çıxarmışdır.

Nə qədər qəribə səslənsə də, cəmiyyətin müəllimə yanlış münasibətinin yaranmasında siyasətçilərin, rəhbər şəxslərin, təhsil məmurlarının da “rolu” var. Onların zaman-zaman söylədikləri “müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörüb, fəhləlik etsin”, müəllimlər “şaftalı, anbar, dastan” sözlərini düz yaza bilmirlər, müəllimlər “çubuqlu bölmə”ni həll etməyi bacarmırlar” və s. kimi   fikirlər cəmiyyətdə müəllim nüfüzuna mənfi təsir edir. Görəsən, bu sözləri publikaya ünvanlayanlar fikirləşmirlərmi ki, qurunun oduna yaşı da yandırırlar.

Cəmiyyətdə müəllim nüfuzuna zərbə vuran bir amil də repetitorluq, hazırlıq kursları (mərkəzləri) şəbəkəsinin yaranmasıdır. Etiraf edək ki, bu şəbəkələr məktəb mühitini dağıdır. Bunların hesabına artıq məktəbə, müəllimə əsas bilik verən kimi baxılmır. Valideynlər  öz övladlarını kütləvi şəkildə repetitor yanına, hazırlıq kurslarına yönəldirlər. Bu isə  məktəblərin və burda çalışan müəllimlərin sürətlə nufuzdan düşməsinə səbəb olur. Əlbəttə, bunun cox ciddi səbəbləri vardır. Yazımızın mövzusuna və məzmununa müvafiq olmadığı üçün bu səbəbləri açıqlamaqdan vaz keçib, başqa bir yazıya saxlayırıq.

Zənn edirik ki, müəllim peşəsinin statusuna təsir edən başqa bir çox güclü qüvvə mediadır. Əlbəttə, təhsildən, müəllimdən yazmaq lazımdır. Tənqid etmək, irad bildirmək, təkliflər vermək də lazımdır. Bunlar ümumi işin xeyrinədir. Amma haqq-ədalətlə yazmaq lazımdır. Düşünülməmiş,  səriştəsiz, mənqiqsiz çızma-qara,  hədyan yazmağa heç bir media orqanının mənəvi haqqı yoxdur. Təəssüf ki, bəzi media orqanları sanki müəllimlərə qənim kəsilib. Elə bil bunlara tapşırılıb ki, hər vasitə ilə məktəbi, müəllimi gözdən salın. Hər bəhanə ilə müəllimi müzakirə obyekti edin. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda müntəzəm olaraq qarşılılaşdığımız xəbərlərin başlıqlarına baxın: “Məktəb rəhbəri müəllimi təhqir edib”, Şagird dərs zamanı nalayiq sözlər işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döydü”, “Şagird öz sinif yoldaşını döydü”, “Valideynlə müəllim dalaşıb”, “Müəllim öz həmkarı ilə dalaşıb”, “Müəllimlik kişi işi deyil”, “Qadın müəllimlərin davası” və s. Əlbəttə, belə xəbərlərin ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər. Xəbər hadisədir. Amma hər hadisə xəbər deyil.

Bu günlərdə “Baku tv” “Müəllim olmaq istəyənlər nazirləri tanıyır?” adlı bir videomaterial vermişdi. Materialın nə məqsədlə verildiyi anlaşılmır. Anlaşılan odur ki, əməkdaş yalnız müəllimlərin yanlışlarını tutmaq və qabartmaq istəyir. Guya   müəllim bütün nazirlərin adlarını bilməyə məcburdur və ya hansısa nazirin adını bilməsə, ondan yaxşı müəllim olmazmış. Bu adam anlamır ki, 5-3 nəfərin timsalında belə halları ümumiləşdirərək içtimailəşdirmək etik deyil. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir.

Ötən günlərdə əksər media orqanlarında “Müəllimə şiddət göstərildi” başılığı ilə xəbər yayılmışdır. Hər gün ölkədə onlarla ailə münaqişəsi baş verir, onlarla insan şiddətə məruz qalır. Nə üçün onlardan bəhs edəndə peşələri qeyd olunmur? Söhbət müəllimdən gedəndə “müəllim” sözü başlığa çıxarılır. Bəyəm bu əməkdaşlar bilmirlərmi ki, belə hallarda jurnalistin Etik Davarnış Qaydalarına görə şəxsiyyətin peşə ilə bağlı bilgiləri qabardılmamalıdır.

 Təəssüf ki, bu cür nümunələrin sayını çoxaltmaq da olar. Amma ehtiyac görmürük.  Mətbuat nümayəndələri bu yolla reytinq qazandıqlarını, “problemləri” həll etdiklərini düşünürlər. Lakin başa düşmürlər ki, verdikləri “xəbərlər”in xeyri ziyanından çox olur. Nöqsanı və günahı olan az bir qism müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradırlar. Bir neçə xoşagəlməz hərəkət edən müəllimə görə, bütün müəllimlərin üzərinə ləkə salmaq olmaz.

Hələ mən məktəb rəhbərlərindən və bir-birindən incik düşən müəllimlərin, müəllimlərlə aralarında anlaşılmazlıq və narazılıq yaranan valideynlərin müxtəlif səhifələrdəki qeyri-etik söhbət və video paylaşımlarını demirəm. Əgər neqativ hallar baş veribsə, müəssisə rəhbərlərinə, yuxarı təhsili idarəetmə orqanlarına, lap elə hüquq mühafizə orqanlarına müraciət etmək bu halların sosial şəbəkələrdə içtimailəşdirilməsindən səmərəli olmazmı?! Axı belə paylaşımlar cəmiyyətdə həm də nümunəvi məktəblərə və müəllimlərə qarşı heç də yaxşı olmayan fikir formalaşdırır, insanların baxışını mənfiyə doğru dəyişir.

Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir. A.Çexovun dediyi kimi Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir”. Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafında rolunun olduğu kimi qəbul edilməsinə çalışmalı, müəllim nüfuzuna xələl gətirən hallara qarşı laqeyd qalmamalıdır. “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”. (A.Eynşteyn)

            Üzərinə cox boyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dovlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Düzdür, son illər müəllimlərə göstərilən dövlət qayğısı xeyli yüksəlmişdir, onların əmək haqqı bir neçə dəfə artırılmışdır. Amma bu heç də yetərli deyil. Müəllimlərə gostərilən diqqət və qayğı daha da artırılmalıdır. Şagird sayına görə bir qrup məktəb rəhbərinin və sertifikasiyanın nəticələrinə görə müəllimlərin əmək haqqında yaranmış artım   başa qaxılmamalıdır. Unutmayın ki, müəllimlərin yetişdirdiyi nazirlərin və onların müavinlərinin, deputataların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından xeyli çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş ki, elə edin ki, öyrətmən maaşını keçməsin. Ulu öndərimiz H.Əliyev də deyirdi: “...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir...”.

  Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin Maarif və Dini Etiqad Naziri  N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.”

          Müəllimlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ücün ayrıca dovlət proqramının qəbul edilməsi və onların dovlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu həm fəaliyyət gostərən müəllimlərin əməyini güclu şəkildə stimullaşdırar, həm “müəllim peşəsinin cətin və ağır olması ilə yanaşı az maaşlı olması” düşüncəsinə, “müəllimlik qadın peşəsidir” stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yuksəldər, həm də savadlı, istedadlı və müasir duşuncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.

Cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan müəllimlər hər cür hörmət, diqqət və qayğıya layiqdirlər.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

 

                                                              

 

           

 

 

Cümə axşamı, 28 Avqust 2025 14:00

“Bığ” - YUMORESKA

 

Coşqun Xəliloğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Pirməmməd bir müddət idi ki kənddə bərbər işləyirdi. Adəti üzrə nahar fasiləsində elə iş yerindəcə çörəyini yeyir, bəzən qazancı yaxşı olanda yüz qram da araq vururdu. Bir gün naharda həddini aşır, yüz qram dönür olur iki yüz, üç yüz.. Bir də baxır görür ki, yarımlitrlik butulka tamam boşalıb. Elə oturduğu yerdəcə yuxuya gedir. Nə qədər yatdığını, bilmir.

-Salam, Pirməmməd.

Səsə oyanıb gözünü çətinliklə açır. Gələn suçu Nurağa idi. Fağır, dilsiz-ağızsız, mağmın, həmişə üz-gözündən yorğunluq yağan Nurağa ayda bir dəfə, bəzən iki ayda bir dəfə Pirməmmədin qəbuluna gəlir, başını-üzünü qırxdırıb gedirdi. Nurağanın mağmınlığının səbəbini danışıb vaxtınızı almaq istəmirəm. Amma nə vaxtsa bunun barəsində danışaram.

Pirməmməd çətinliklə yuxudan ayılıb müştərinin salamını başı ilə alaraq elə başıyla da ona oturmaq üçün işarə edir. “Badamlı“ butulkasına doldurulmuş su ilə üz-gözünü isladır, azca özünə gəlir. Bir az çətin olsa da xeyli vaxt sərf edərək Pirməmməd yarıxylu halda gündəlik işinin bu dəfə də öhdəsindən gəlir. Pulunu alır və Nurağa da “Allah köməyin olsun.” -deyib ona təşəkkürünü bildirir.

 

***

Nurağagil kəndin o başında yaşayırdılar. Evə çatanda artıq axşam düşmüşdü. Badamgül ərini görcək deyir:

-Bıy, başıma xeyir, a kişi, bığını niyə qırxdırmısan?

Nurağa əlini bığına atır, yalnız indi onun qırxıldığını başa düşür. Yazıq Nurağa həmin gecə Badamgülün uzun-uzadı deyinmələrinə əsəbiliklə dözməli olur.

Səhər açılır. Nurağa hirslə Pirməmmədin yanına gedir.

-Ay Pirməmməd, mənim bığımı niyə qırxmısan?

Pirməməd işi başa düşür və dərhal vəziyyətdən çıxmağa çalışır:

-Nə danışırsan, sən dünən gələndə də bığın yox idi.

-A kişi, bığımı sən qırxmısan.

-Sən mənə, nə qədər verdin?

-5 manat.

-Nurağa, özün də ağsaqqal kişisən. Hamı yaxşı bilir ki, mən başı, saqqalı, bığı bir yerdə qırxanda 7 manat, başla saqqalı qırxanda 5 manat alıram. Əgər bığını qırxsaydım 7 manat verməliydin.  Bığını  qırxmışamsa, tez gətir 2 manatı da ver, sonra danışaq.

Yazıq Nurağa Pirməmmədə deməyə söz tapmır və gəldiyi kimi də geri qayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

 

 

 

 

 

Cümə axşamı, 28 Avqust 2025 11:16

Şəhidlər barədə şeirlər - Əkbər Məsimov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Əkbər Məsimov 

Əkbər Yunis oğlu Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Son səsini dinlədim.

Demisən: “Mənə görə,

Heç narahat olmayın.

Vətən dardadır, ana.

Dönməsəm, bağışlayın”.

 

Bağışlamaq nə demək?

Medal verdilər sənə.

Dönüb vətən olmusan.

İtkin dedilər sənə.

 

Dönüb Murov olmuşdun,

Vətəndə itmək nədir?

Sən əbədi vətənsən.

Torpağa dönmək nədir?

 

Nədir vətənə dönmək -

Göstərdin hamımıza.

Həm döndün, həm dönmədin,

Sən bizim yanımıza.

 

Bədənin vətən oldu,

Ruhun səmalardadır.

Son sözün tarix olub,

“Ana, vətən dardadır”.

 

Vətənin dar günündə,

Sənin kimi oğullar,

Savaşlara getdilər,

Canlarını verdilər,

Amma azad etdilər,

Otuz ildir gözləyən,

Başı uca dağları,

Müqəddəs torpaqları.

 

Sağ ol, müqəddəs şəhid.

Sağ ol, igid, qəhrəman.

Sənin kimi igidi,

Unutmarıq heç zaman.

 

 “Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR

 

 

ELÇİN,

Xalq yazıçısı

 

 

PARİSDƏ AVTOMOBİL QƏZASI

(Hekayə)

 

Ş ə h r ə b a n u x a n ı m: Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəng Şahbazı tovlaşdırıb Parisə apara!..

M ü s y ö J o r d a n: Dimaj Paris!.. Mon diyö!.. Mon diyo.

           (M.F.Axundov, «Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah cadukuni-məşhur»)

 

I

Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.

Kərim müəllimgilin yaşadığı ikimərtəbəli qədim binanın qabağında balaca bir bağ var idi, səhər tezdən təqaüdçülər girəcəkdəki köşkdən qəzet alıb bu bağda oturub oxuyurdu, sonra analar, nənələr, dayələr bu bağa uşaq gətirirdi və uşaq arabaları skamyaların qabağında pianino dilləri kimi yan-yana düzülürdü, günortadan sonra yenə təqaüdçülər bu bağa yığışıb nərd və domino oynayırdı, sonra da gecə düşürdü, bu bağ da kimsəsizləyirdi, sakitlik çökürdü, sonra səhər açılırdı və hər şey eynilə təkrar olunurdu.

Kərim müəllim pəncərədən həmin bağa baxdı və gördü ki, bir nəfər əlində tüfəng tutub nişan alır, o birisi də onun yanında dayanıb, əllərində iri əlcəklər var və doğrusu, Kərim müəllim əvvəlcə qorxdu, çünki ömründə birinci dəfə idi ki, qarşısında əli tüfəngli adam dayanmışdı və bu adam hələ səhərin gözü açılmamış nişan alırdı, atırdı; sonra Kərim müəllimə elə gəldi ki, kino çəkirlər, çünki bir dəfə – on il bundan əvvəl bu bağda kino çəkmişdilər, amma indi bütün bağda, ətrafdakı küçələrdə bu iki nəfərdən başqa heç kim yox idi, təkcə bağın aşağı başında, bu iki nəfərdən bir az aralıda, küçədə balaca bir furqon maşını dayanmışdı; kim idi bunlar, oğru idilər?

Tüfəngilə nişan alan adam yenə atdı və bu dəfə Kərim müəllim güllə səsi ilə bərabər bir it zingiltisi də eşitdi və gördü ki, iri əlcəklər geymiş adam qaça-qaça zeytun ağaclarına tərəf getdi və zeytun ağaclarının dibində yerə sərilib zingildəyən bir itin qulaqlarından yapışdı, iki əli ilə də iti yerdən qaldırdı, aparıb maşının furqonuna atdı.

Kərim müəllim başa düşdü ki, bu iki nəfər şəhəri yurdsuz-yuvasız, xəstə itlərdən təmizləyir, yəqin Bakının sanitariya idarəsindəndilər, amma, hər halda, yurdsuz-yuvasız da olsa, xəstə də olsa, səhərin gözü açılmamış bu yazıq itləri beləcə vurmaq Kərim müəllimə pis təsir elədi, hətta pəncərədən qışqırıb bu tüfəngli və əlcəkli adamlara bir-iki söz demək istədi, amma sonra fikirləşdi ki, dünyada hərə bir peşə sahibidi və it vurmaq da bunların peşəsidi, sonra burasını da fikirləşdi ki, çox ola bilsin ki, həmin o tüfənglinin atdığı güllə qurğuşun deyil, yuxu dərmanıdı və itləri yuxuladıb götürüb aparırlar. Həmin iki nəfər bir az da bağın o tərəfinə-bu tərəfinə baxdı, diqqətlə baxdı, hətta Kərim müəllim o tüfənglinin də, əlcəklinin də gözlərində uzaqdan-uzağa bir hərislik sezdi və fikirləşdi ki, yəqin bu iki nəfər əmək haqqını gətirdikləri itlərin sayına görə alırlar; sonra əlcəkli əlcəyini çıxartdı, tüfəngli tüfəngini maşının kabinəsinə qoydu və ikisi də maşına oturub sürüb getdilər.

Kərim müəllim bir müddət də pəncərənin qabağında dayanıb bağa baxdı, qarşıdakı ikimərtəbəli, üçmərtəbəli binalara baxdı: hamı yatmışdı, təzəcə açılan həmin avqust səhəri hələ heç kim yuxudan durmamışdı, bağın qabağında, küçələrin kəsişdiyi tindəki meyvə-tərəvəz köşkü də boş və adamsız idi, qarpızlar köşkün yanındakı böyük dəmir qəfəsə yığılmışdı və qəfəsin qapısında da iri dəmir qıfıl var idi.

Birdən Kərim müəllimə elə gəldi ki, bu qarpızlar dustaqdı, bu qarpızları o dəmir qəfəs içində həbsə salıblar və Kərim müəllimin özünün ağlına gələn bu fikirdən xoşu gəlmədi, çünki Kərim müəllim boş-boş danışmağı və boş-boş şeylər fikirləşməyi xoşlamırdı. Əsnəyə-əsnəyə tüklü sinəsini qaşıdı və fikirləşdi ki, necə olub ki, atılan güllələrin səsinə heç kim yuxudan oyanmayıb?

Kərim müəllim bu binalarda yaşayan adamların hamısını tanıyırdı, rastlaşanda kimisilə dayanıb hal-əhval tuturdu, kimisilə elə-eləcə salamlaşıb keçirdi, kimisini də, xüsusən sonradan köçüb gələnləri kənardan-kənara tanıyırdı, amma hamısını tanıyırdı, çünki Kərim müəllim indi yaşadığı bu mənzildə anadan olmuşdu, ömründə heç vaxt başqa yerdə yaşamamışdı, yalnız bir dəfə – on yeddi il bundan əvvəl ailəsini yayda bir aylığa Nalçikə aparmışdı, bir dəfə də doqquz il bundan əvvəl on iki günlüyə Şuşa sanatoriyasına getmişdi.

Kərim müəllim gözlərini bağdan çəkib otağın divarından asdıqları saata baxdı – bu divar saatını pedaqoji fəaliyyətinin otuz illiyi münasibətilə məktəbdən Kərim müəllimə hədiyyə vermişdilər və əslində bu hədiyyə Kərim müəllimin bütün həyatında yeganə təltifi idi – saat altıya iyirmi dəqiqə qalmışdı və Kərim müəllim başa düşdü ki, təzədən yerinə girməyinin mənası yoxdur, asta addımlarla mətbəxə tərəf getdi.

Kərim müəllimgilin iki otağı, şüşəbəndi, mətbəxi var idi və Kərim müəllim ikinci otaqdan keçəndə bir anlıq yerində donub qaldı: Şərqiyyənin çarpayısının yanında, özünün balaca taxta çarpayısında uzanmış körpə oyaq idi, gözlərini açıb dinməz-söyləməz Kərim müəllimə baxırdı. Birinci dəfə idi ki, bu körpəni beləcə dinməz-söyləməz və beləcə də ciddi görürdü.

Şərqiyyə Kərim müəllimin böyük qızı idi və bu körpə də Şərqiyyənin oğlu idi, yəni Kərim müəllimin nəvəsi idi və yaman da ağlağan idi. Körpə altı ay idi ki, dünyaya gəlmişdi və bu altı ayda elə bir gün olmamışdı ki, oyaq vaxtı ağlamasın. Indi bu körpəni beləcə oyaq və ağlamayan, ciddi görəndə Kərim müəllim əslində bir balaca həyəcanlandı da: bu necə səhər idi belə, açılırdı?

Kərim müəllim təbii ki, dindar deyildi, taleyə-filana da inanmırdı, amma, hər halda, həmin avqust günü səhərin gözü açılmamış həmin tüfəng əhvalatı, qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə diqqətlə Kərim müəllimə baxmağı kişinin ürəyində nəsə bir nigarançılıq yaratdı. Kərim müəllim mətbəxdə qazı yandırdı, çayniki doldurub qazın üstünə qoydu və eləcə asta addımlarla da yatdığı otağa qayıdıb geyinməyə başladı. Kərim müəllimin arvadı Zəhra da, ikinci qızı Züleyxa da, oğlu Hamlet da yatmışdılar və düzdür, bu dəfə Kərim müəllim yuxudan çox erkən durmuşdu, amma, onsuz da, bu evdə Kərim müəllimdən tez duran yox idi, həmişə saat yeddiyə on beş dəqiqə qalmış ayaq üstə olurdu, kostyumunu şotkalayırdı, ayaqqabısını boya ilə silirdi, hələ evin camaatı durmamış gedib gündəlik çörəyi, kefiri, smetanı, qəzetləri alıb gətirirdi, bundan sonra səhər yeməyini yeyib məktəbə gedirdi; ümumiyyətlə, bu evin bazarlıq işləri ta qədim çağlardan Kərim müəllimə baxırdı. Kərim müəllim orta siniflərdə coğrafiya dərsi deyirdi və indi yay tətilində idi, məktəbə getməyəcəkdi, amma yenə də otuz beş illik adəti üzrə, göy zənbili götürüb eləcə asta addımlarla da evdən çıxıb küçəyə düşdü; körpə də bayaqkı ciddi gözləri ilə Kərim müəllimi bayıra yola saldı.

Şəhər tamam bomboş idi, təkcə süpürgəçi kişi küçəni süpürürdü və Kərim müəllimi görəndə ehtiramla salam verdi, Kərim müəllim də süpürgəçinin salamını aldı və yoluna davam elədi. Bu süpürgəçi neçə illər idi ki, səhərlər bu küçəni, bağı süpürüb təmizləyirdi və Allahın hər verən günü Kərim müəllim onun gördüyü birinci adam olurdu.

Əlbəttə, dükanlar, qəzet köşkləri hələ bağlı idi və Kərim müəllim əlindəki boş göy zənbili yellədə-yellədə Dənizkənarı bulvara tərəf getdi və beləcə bomboş küçələrlə addımladıqca Kərim müəllimə elə gəldi ki, elə bil, tanımadığı, görmədiyi bir şəhərdədir; düzdür, Kərim müəllim dünyadakı şəhərlərin, ən azı, doxsan faizinin adını əzbər bilirdi və Bakının da bütün küçələrini, dalanlarını, hətta ayrı-ayrı binalarını da (mikrorayonlardan başqa) yaxşı tanıyırdı, amma olan budur ki, həmin avqust günü – şənbə idi – sübh tezdən Bakının bomboş küçələri ilə addımladıqca Kərim müəllimə elə gəldi ki, tanımadığı, görmədiyi bir şəhərdədir və bu şəhərin sakinləri də yalnız küçələri təmizləyən süpürgəçilərdən ibarətdir.

Məktəbdə uşaqlar Kərim müəllimə «Zənbil» təxəllüsü vermişdilər, çünki uşaqlar qorxduqları, ehtiyat etdikləri Kərim müəllimə şəhərdə təsadüfən rast gələndə həmişə əlində zənbil olardı, ya ət dükanının qabağında növbəyə durardı, ya yumurta alardı, ya da ki, başqa bir şey alardı, sonra uşaqlar sinifdən sinfə keçdikcə, məktəbi qurtardıqca və yenidən məktəbə daxil olduqca fikir verdilər ki, bu zənbil həmişə göy rəngdə olur və təxəllüsün əvvəlinə «Göy» sözünü də əlavə etdilər, yəni ki, Kərim müəllim Göy Zənbil, sonra uşaqlar həmin təxəllüsün də əvvəlinə «Köhnə» sözünü əlavə elədilər, yəni ki, Kərim müəllim Köhnə Göy Zənbil: Bu təxəllüsün sorağı Kərim müəllimin özünə də gəlib çatmışdı və Kərim müəllimi qətiyyən narahat eləməmişdi, acıqlandırmamışdı, çünki Kərim müəllim fikirləşmişdi ki, eybi yox, özləri böyüyüb əllərinə zənbil alanda başa düşərlər. Intəhası bir iş vardı və Kərim müəllimin də həmin işdən xəbəri yox idi ki, müəllimlər də öz aralarında Kərim müəllimi həmişə Köhnə Göy Zənbil deyə çağırırdılar (özündən çəkindikləri üçün yanında, təbii ki, belə demirdilər).

Dənizkənarı bulvar da bomboş idi, Kərim müəllimdən başqa kimsə yox idi, amma çoxlu qağayı var idi və quşlar sahil boyu dənizin üstü ilə uçurdu, hərdən aşağı enib dimdiyini suya vururdu və quşların qurultusu-qaqqıltısı bulvarın o kimsəsizliyi içində elə aydın, elə dəqiq eşidilirdi ki, elə bil, adi qurultu-qaqqıltı deyildi, elə bil, quşlar nə isə deyirdilər, danışırdılar; amma Kərim müəllim xəyal aləminə qapılan adamlardan deyildi və bu dəm dükanda smetanın olub-olmayacağı məsələsi Kərim müəllimi qağayıların deyib-danışmasından qat-qat artıq maraqlandırırdı; sonra Kərim müəllim bu quşlara, daha doğrusu, şəhərin sanitariya idarələrinə hirsləndi, çünki fikir vermirdilər, şəhərin bütün çirkabı dənizə tökülürdü, buna görə də qağayılar gəlib burda özlərinə yem axtarırdı.

Kərim müəllim əlindəki boş zənbili yellədə-yellədə sahil boyu addımladıqca qərara aldı ki, bu gün, ya da sabah şəhərin sanitariya vəziyyəti barədə Bakı Sovetinə məktub yazacaq və həmin məktubun ilk cümlələrini fikrində yazmağa başladı və bu zaman bayaqkı tüfəng atan və it daşıyan o iki nəfər yadına düşdü, sonra da gözlərini açıb dinməz-söyləməz baxan o uşaq yadına düşdü.

Şərqiyyənin əri Salman fizika ilə məşğul olurdu, deyirdilər ki, istedadlı alimdir, amma istedad nə ev idi, nə pul idi, nə də maşın idi: Salman da Kərim müəllimgillə bir yerdə olurdu və əgər, doğrudan da, dünyada bəxt deyilən bir şey vardısa, Şərqiyyənin bəxti gətirməmişdi; düzdü, Salman içən, gəzən, deyinən adam deyildi, səhər çıxıb gedirdi işə, bir də axşam gəlirdi, şənbə, bazar günləri də Şərqiyyəni kinoya aparırdı, bulvarda gəzməyə aparırdı, hətta bir dəfə Şüvəlana, gülçülük sovxozuna da aparmışdı, amma Salmanın əynindəki kostyumdan başqa heç nəyi və məktəbi qurtarandan sonra Qarabağda kənddə qoyub gəldiyi qohumlarından savayı heç kimi yox idi. Şərqiyyə iki il bundan əvvəl – necə tapışdılar, harda tanış oldular, Allah bilir – Salmana ərə getmişdi, çünki ... (Kərim müəllim bulvarda gəzə-gəzə bir-iki dəfə öskürdü) çünki Şərqiyyəni alan yox idi.

Salman indi Bakıda deyildi. Parisdə idi.

Salmanın işlədiyi institutun Fransa alimləri ilə əlaqəsi var idi və Salmanı təcrübə keçməkdən ötrü altı ay müddətinə Parisə göndərmişdilər, sonra Parisdən bir fransız alimi altı ay müddətinə Bakıya gələcəkdi. Kərim müəllim başa düşürdü ki, əgər Salman fərqli olmasaydı, Parisə göndərməzdilər, amma Salman o qədər qaradinməz, həmişə sükut içində olan bir adam idi ki, kürəkəninin Parisə getməyi Kərim müəllimgilin ailəsində elə mühüm bir hadisə olmadı.

Həmin avqust səhəri, boş göy zənbili yellədə-yellədə sahil boyu addımladıqca birdən-birə, nədənsə, Salmanın Parisdə olmağı, o uzaq, böyük və yad şəhərdə yaşaması Kərim müəllimə qəribə gəldi və Kərim müəllim ürəyindəki bu hissin şövqü ilə bir anlıq ayaq saxladı, qıpqırmızı qızarmış üfüqə baxdı və üfüqün beləcə qırmızılığı, göyün tərtəmizliyi və maviliyi, dənizin beləcə sakitliyi və genişliyi, hətta qağayıların sahil boyu uçuşması, quruldayıb-qaqqıldaması Kərim müəllimin xoşuna gəldi, Kərim müəllim bu təbiət mənzərəsini bəyəndi.

Bulvarda ləngidiyi üçün dükanlarda növbəyə durası oldu, meyvə-tərəvəz köşkünün yanından ötəndə bu qərara gəldi ki, bir dənə də qarpız alsın və bir xeyli müddət seçib yaxşı bir Zirə qarpızı aldı, sonra qəzet köşkündə də növbəyə durub radio və televiziya proqramını, təzə qəzetləri aldı və buna görə də evə həmişəkindən gec gəldi.

Qapını Nuridə xanım açdı və Kərim müəllim Nuridə xanımı səhər-səhər öz evlərində görəndə, Nuridə xanımın ciddi sifətinə baxanda başa düşdü ki, nəsə bir hadisə baş verib.

Nuridə xanım Kərim müəllimin böyük bacısı idi və Azərbaycanda ilk qadın idman müəllimlərindən biri idi, həyət tərəfdən Kərim müəllimgillə üzbəüz binada yaşayırdı.

Bir əlində yekə Zirə qarpızı, o biri əlində də göy zənbil tutmuş Kərim müəllim gözlərini bacısının həmişəki kimi pudralanmış-boyalanmış səliqəli sifətindən çəkmədən soruşdu:

– Nə olub?

Nuridə xanım kişi səsi kimi yoğunlaşmış səsi ilə:

– Heç nə, – dedi. – Qorxma, keç içəri.

Kərim müəllim içəri girdi, Zəhranı da, Züleyxanı da, Hamleti də otaqda ayaq üstə durmuş gördü, Şərqiyyə də evdə idi, körpəsinin yanında oturub başını aşağı dikmişdi və deyəsən, yavaş-yavaş ağlayırdı, amma, hər halda, evdəkilərin hamısını beləcə salamat görməyi Kərim müəllimi bir balaca sakitləşdirdi və Kərim müəllim fikirləşdi ki, bəlkə Abdulla ölüb? Amma Nuridə xanımın həmişəki zəhmi nəsə başqa şeydən xəbər verirdi və Nuridə xanım əri ölmüş arvada oxşamırdı.

– Salman avtomobil qəzasına düşüb. – Bunu Nuridə xanım dedi və Şərqiyyə daha da için-için ağlamağa başladı.

– Salman gəlib bəyəm Parisdən? – Bunu da Kərim müəllim soruşdu.

Nuridə xanım zəndlə qardaşının gözlərinin içinə baxdı:

– Bəyəm Parisdə maşın-zad yoxdu?

Nuridə xanım özündən iki yaş kiçik qardaşı ilə həmişə fəxr edirdi və həmişə də Kərim müəllimi əri Abdullaya nümunə gətirirdi, amma hərdən elə olurdu ki, iti və sərt baxışlarını qardaşının da gözlərinin içinə sancırdı və bu zaman Kərim müəllim elə bil ki, öz şagirdlərindən biri olub özünü itirirdi; sonra Nuridə xanım əlində tutduğu teleqramı qardaşına uzatdı və Kərim müəllim teleqramı alıb pəncərənin qabağına keçdi ki, işıq yaxşı düşsün və oxumağa başladı: doğrudan da, teleqramda yazmışdılar ki, Salman Parisdə avtomobil qəzasına düşüb, indi xəstəxanadadı, amma burasını da yazmışdılar ki, həyatı üçün təhlükəli bir şey yoxdur.

– Nə olsun? – dedi Kərim müəllim. – Yazıblar ki, həyatı üçün təhlükə-zad yoxdu. Parisin həkimlərinin əlində Salmanı sağaltmaq su içmək kimi, zad kimi, bir şeydi.

Qəribə idi, bir az bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı. Və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi, bilmirdi ki, nə eləsin, sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi, çünki yenə də özünü itirmişdi, teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə, narazılıqla eyni sözləri dedi: «Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol, Salmanın görmədiyi günlərdi, əvvəlkindən yaxşı düzəldəcəklər onu». Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi, amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhraya zəng elədi: « – Bir də oxu o teleqramı» – dedi, sonra da tələsik geyinib qardaşıgilə gəldi; indi Kərim müəllim də əvvəlcə eyni sözləri dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi:

– Dalını oxu.

Kərim müəllim teleqramın ardını oxumağa başladı: yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı, əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi:

– Həyasızlığa bir bax, e! Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər.

Düzdü, Kərim müəllim bu sözləri dedi, amma burasını da hiss etdi ki, bu sözlər, beləcə hirslənməyi heç kimə təsir etmədi, sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı: uşağın gözləri açıq idi, amma ağlamırdı və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyyəyə baxdı: Şərqiyyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib-danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyyə də əri kimi qaragün idi.

Nuridə xanım Kərim müəllimin Şərqiyyəyə baxdığını görüb:

– Yox, Şərqiyyə gedə bilməz. – dedi. – Əlində südəmər körpəsi var.

Züleyxa tələsik dedi:

– Hə, Şərqiyyə gedə bilməz. Mən getsəm yaxşıdı, nə lazımdı eləyərəm orda!

Şərqiyyə daha da bərkdən ağladı; ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var, uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz-kecimsiz, dilsiz-ağızsız bir adama ərə getdiyi üçün öz rəfiqələrindən utanır.

Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib arxasını evdəkilərə çevirdi; Hamlet yaşca Şərqiyyədən də, Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü.

Nuridə xanım dedi:

– Böyük olan yerdə kiçik danışmaz. Biz, – Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi – o rəhmətliklərin yanında cınqırımızı çıxarmazdıq.

Nuridə xanım çoxdan vəfat etmiş valideynlərini nəzərdə tuturdu və doğrusu, Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi, xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı, xatirələrindəki kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı, çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir.

Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı, atasına, anasına baxdı, Züleyxaya, Şərqiyyəyə baxdı, hətta balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla: – Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa! – dedi, bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.

Kərim müəllim cavanlıq çağlarında teatra gedib «Hamlet»ə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlunun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı otuz beşi keçmişdi, amma hələ də bir sənət sahibi deyildi, hələ də orta məktəb şagirdi kimi, gələcək üçün cürbəcür planlar qururdu, gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı, gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqilə yaşamağa başlayırdı, gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi, filosof olmaq eşqilə yaşamağa başlayırdı.

Nuridə xanım: – Oturub məsləhət eləmək lazımdı, – dedi. – Məsləhətli don gen olar.

 

II

Kərim müəllim o oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu.

Nuridə xanım səhərdən bəri qardaşıgildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi.

Züleyxa böyük otaqda, divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında birgə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı, səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi, heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi, çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı; düzdü, Nuridə xanım çıxıb öz evlərinə getmədi, qorxdu ki, getsə, Züleyxa dava-dalaş salar və birdən Paris məsələsi onsuz həll olunar, amma, hər halda, Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.

Abdulla ikinci otaqda oturub mürgüləyirdi və hərdənbir də mizin üstündəki teleqrama baxıb gülümsəyirdi, başını bulayırdı və yenə də əsnəyib mürgüləyirdi. Abdulla dəllək işləyirdi, Nuridə xanımın dördüncü əri idi, amma özündən əvvəlki ərlərdən fərqli olaraq etibarlı çıxmışdı, qaçmamışdı və düz on altı il idi ki, bir yerdə yaşayırdılar. Nuridə xanım evə zəng eləyib Abdullanı çağırmışdı və Abdulla da səhərdən bəri mürgü döyə-döyə günorta yeməyini gözləyirdi və mürgüləyə mürgüləyə də müxtəlif bəhanələr fikirləşirdi ki, günorta yeməyindən sonra buradan çıxıb gedə bilsin, çünki çeşməyinin qabında beş manat pul gizlətmişdi və hərgah buradan çıxıb gedə bilsəydi, bu gün həyat gözəl olacaqdı.

Züleyxa hər dəfə Abdullanın yanından keçəndə çalışırdı ki, nəfəs almasın, çünki həmişə olduğu kimi, yenə də Abdulladan ucuz kişi ətrinin iyi gəlirdi və bu iy gəldikdə oxuduğu hisslərdən, həyəcanlardan, rəngli qələmlərlə çəkilmiş şəkillərdən sonra Züleyxaya çox pis təsir edirdi.

Abdullanın öz biclikləri var idi və bu biclikləri yalnız Nuridə xanım başa düşə bilirdi. Abdulladan ətir iyi ona görə gəlirdi ki, dəllək işləyirdi və dəlləkxananın ətri bədəninə hopurdu, – bu öz yerində – ona görə ki, səhər-səhər, fürsət tapıb içdiyi arağın qoxusunu öldürmək üçün üz-gözünə ətir vururdu. Şərqiyyə şüşəbəndin aşağı başında oturub uşağı əmizdirirdi və uşaq yenə də altı aylıq həyatında birinci dəfə idi ki, belə ciddi idi, ağlamırdı və hər dəfə Kərim müəllimin gözü uşağa sataşanda kişi məəttəl qalırdı.

Həmin avqust günü hava get-gedə qızırdı və günorta Bakıda bir isti var idi, nəfəs almaq mümkün deyildi və birdən-birə dağların başındakı gözəl Şuşa Kərim müəllimin yadına düşdü və Kərim müəllimin təsəvvüründə şimşək çaxdı, göy guruldadı və bir şıdırğı yağış başladı ki, kişinin qəzet tutmuş əli aşağı düşdü, gözləri uzaq bir nöqtəyə zilləndi və Kərim müəllim qəflətən fikirləşdi ki, görəsən, Parisdə də yağış yağır?

Əlbəttə, Kərim müəllim Qərbi Avropanın və o cümlədən də Fransanın iqlim şəraitinə yaxşı bələd idi, amma indi birdən-birə Paris sirli və eyni zamanda, adamın ürəyini qəribə təzə hisslərlə dolduran bir şəhərə çevrilmişdi.

Nuridə xanım dedi ki, xörək hazırdır, Zəhra otaqdakı mizin üstünə qab-qacaq düzməyə başladı və Kərim müəllim də ac idi, amma Kərim müəllim ürəyinin dərinliyində istəmirdi ki, xörək hazır olsun, istəmirdi ki, yığışıb süfrənin arxasında otursunlar, istəmirdi ki, indicə birdən-birə yağmağa başlayan bu şıdırğı yağışın altından çıxsın; Kərim müəllim yaxşı bilirdi ki, evdəki bu sakitlik müvəqqətidi, bilirdi ki, hamının fikri-zikri başqa yerdədi və indi ciddi söhbət başlayacaq. Bu vaxt qapının zəngi çalındı, Hamlet tələsik içəri girdi, bir-bir evdəkilərə baxdı, sonra Abdullaya yaxınlaşıb pıçıltıyla nəsə soruşdu, Abdulla başını buladı, yəni ki, yox, sonra Hamlet də mizin arxasında əyləşdi.

Hamı mizin arxasında idi və yarpaq dolmasını yeməyə başlamışdılar, təkcə uşaq balaca taxta çarpayısında uzanıb əllərini gözlərinin qabağında oynadırdı və təəccüblə əllərinə baxırdı, elə bil ki, əllərinə baxa-baxa dünyanı kəşf eləməyə başlayırdı.

Heç kim heç nə danışmırdı, boşqaba dəyən çəngəl-bıçağın səsi eşidilirdi, Abdulla bir-iki dəfə yavaşdan öskürdü, Züleyxa bir-iki dəfə üzünü yana çevirib havanı üfürdü ki, Abdulladan gələn ətir iyini özündən kənar eləsin; Züleyxa dolmanı yeyirdi, heç nə demirdi, gözləyirdi və o gözəl gündəlikdəki çılğın məhəbbət hissləri aləminə dala bilmirdi, narahat idi.

Hər halda, Nuridə xanım Nuridə xanım idi və sükutu da o pozdu:

– Heyf, Şərqiyyə əliuşaqlıdı... Ana olmağın qayğısı da çoxdu də...

Bu dəfə Züleyxa gizli bir rişxəndlə bibisinə baxdı, çünki Nuridə xanımın əvvəlki ərlərindən hansındansa bir qızı var idi və o qız indi gərək ki, Kazanda yaşayırdı; nə Nuridə xanım, nə də Kərim müəllimgil heç vaxt o qız haqqında heç nə danışmırdılar və o qız da heç vaxt məktub yazmırdı, Bakıya gəlmirdi və ümumiyyətlə, Nuridə xanım da, Kərim müəllimgil də özlərini elə aparırdılar ki, elə bil, dünyada heç o qız olmamışdı; nə isə, o qızın işi bir sirri-xuda idi.

Nuridə xanım sözünə davam elədi:

– Şərqiyyə Parisə gedə bilməz...

– Parisə mən gedəcəyəm! – Bunu Züleyxa dedi.

Şərqiyyənin gözləri doldu, amma, həmişəki kimi, heç nə demədi. Nuridə xanım acıqla Züleyxaya baxdı, sonra da Kərim müəllimə baxdı, yəni ki, nə üçün sözünü demirsən? Əlbəttə, əvvəl-axır son söz Kərim müəllimin idi və mizin arxasında oturanlar bunu yaxşı bilirdi ki, Kərim müəllimin son sözü, həmişəki kimi, Nuridə xanımın xeyrinə olacaq.

Düzdü, Kərim müəllim qəzetləri bir kənara qoyub gəlib mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, amma Kərim müəllim hələ də o şıdırğı yağışın, o qəfil yağışın altından çıxmamışdı və ən qəribəsi bu idi ki, və Kərim müəllim özü də burasını hiss edirdi ki, əslində həmin yağışın altından çıxmaq istəmir; ömründə Kərim müəllimdə belə şey olmamışdı, Kərim müəllim həmişə istini isti kimi qəbul etmişdi, soyuğu da soyuq kimi qəbul etmişdi və heç vaxt yağışa ehtiyac hiss etməmişdi, heç vaxt boş xəyal aləminə qapılmamışdı, amma indi birdən-birə beləcə şimşək çaxdı, beləcə göy guruldadı, beləcə yağış başladı və o yağışın sərini ürəyini beləcə təzə hisslərlə doldurdu. Kərim müəllim ürəyindəki bu təzə hisslərin nə olduğunu, nə dediyini və nə istədiyini bilmirdi, amma bir təzəlik, yenilik hiss edirdi və bu təzəlik eyni zamanda bir qüssə də gətirirdi, ötüb gedən bir ömürdən, həyatın eyniliyindən xəbər verirdi.

Kərim müəllim üzünü arvadına tutdu:

– Sən nə deyirsən?

Kərim müəllimin bu sualı çox gözlənilməz oldu, çünki uzun-uzun illərdən bəri bu evdə adət etmişdilər ki, Zəhra həmişə səhərdən axşama kimi ayaq üstə olsun, xörək bişirsin, qab-qacaq təmizləsin, paltar yusun, yayda mürəbbə bişirsin, sirkəbadımcan qoysun, pal-paltarı naftalinləsin, qışda da xəmir xörəkləri bişirsin və təbii ki, Zəhranın ciddi məsələlərə qarışmağa macalı olmurdu; əslində, Zəhranın ciddi məsələlərə qarışmağa heç həvəsi də yox idi və bu barədə Şərqiyyə anasına çəkmişdi; amma Zəhranın verdiyi cavab Kərim müəllimin sualından da gözlənilməz oldu:

– Vallah, ay Kərim, bəlkə elə mən özüm gedim?

Kərim müəllimin heyrətdən gözləri bərəldi:

– Nə?

– Hə də... Gedib əyin-baş da alıb gətirərəm sizinçün...

Züleyxa özünü saxlaya bilmədi:

– Sənin bəyəm təzə modalardan başın çıxır?

– Niyə çıxmır?

Kərim müəllim bayaqkı heyrətlə:– Sən tək-tənha durub buradan Parisə gedəcəksən? – soruşdu.

– Nolar, ay Kərim, ömrümdə bir dəfə də mən bir yerə gedərəm də...

Nuridə xanım Zəhranın gözlənilməz cavabından sonra indi-indi özünə gəlirdi və acıqla dedi:

– Ömründə bir dəfə niyə? O boyda Nalçikə getməmisən?

Kərim müəllim gözünü arvadından çəkdi.

Doğrudan, görəsən, Parisdə yağış yağır?

Hamlet həyəcanını gizlətməyə çalışa-çalışa evə gələndən bəri ilk dəfə səsini bərkdən çıxardı:

– Siz heç bilirsiniz nə danışırsınız? Paris nədi bəyəm, Maştağaya getməkdi sizinçün? Paris Parisdi e, Paris! Parisə gedən adamın gərək təcrübəsi olsun. Parisə gedən adam gərək indiyə qədər, heç olmasa, bir dəfə xaricə getmiş olsun!

Abdulla səhərdən bəri bütün bu söz-söhbətə fikir vermirdi və təkcə bunu fikirləşirdi ki, nə bəhanə gətirib aradan çıxsın, çeşməyin qutusunu açsın, bu gözəl dünyada sərbəst olsun, azad olsun, bir az boğazını yaşlasın, sonra da gedib qırx il bir yerdə dəlləklik etdikləri Martirosu nərddə udsun, amma Hamletin dediyi sözləri eşidəndə əvvəlcə, elə bil, qulaqlarına inanmadı, sonra gördü ki, Hamletin sözlərindən sonra hamı və o cümlədən Nuridə xanım da təəccüblə ona baxır və sinəsini irəli verib belini dikəltdi, qəflətən bütün vücudunu titrədən həyəcanını gizlətmək istədi; məsələ burasında idi ki, həmin isti avqust günü Kərim müəllimgilin evində, süfrə arxasında əyləşən adamlardan heç biri heç bir vaxt xarici ölkədə olmamışdı və bu sahədə heç bir təcrübəsi olan yox idi, təkcə Abdulla müharibə vaxtı Avstriyanın azad olunmağı uğrunda vuruşmuşdu və bu barədə də özü yox, həmişə Nuridə xanım danışardı.

Əlbəttə, Abdulla heç vaxt gözləməzdi ki, beləcə sayılsın, təcrübəsi beləcə qiymətləndirilsin və Abdulla tamamilə əmin idi ki, Parisə Nuridə xanım gedəcək, qalan sözlər boş söhbətdir və əslində Abdulla ürəyinin gizlinində sevinirdi ki, Nuridə xanım Parisə gedəcək, çünki, heç olmasa, on-on beş gün tək qalacaqdı, on-on beş gün bu fani dünyada azad nəfəs alacaqdı, Bakıda sərbəst yaşayacaqdı. Abdulla özünün Parisə gedəcəyini heç ağlına da gətirmirdi, amma indi səhərdən bəri fikirləşib tapdığı, saf-çürük etdiyi bəhanələr də birdən-birə yadından çıxdı, çeşmək qutusunun içindəki beşlik də yadından çıxdı, növbəti dəfə usta Martirosu nərddə udmaq şövqü də yadından çıxdı və birdən-birə də Abdullanın köksünü bir fərəh hissi doldurdu, çünki özü öz gözlərində ucalmışdı.

Kərim müəllim arvadının gözlənilməz sözlərindən sonra, indi də oğlunun dediklərinə heyrət etdi, oğluna, sonra «içki düşkünü» Abdullaya baxdı, amma təmkinini pozmadı və sakitcə soruşdu:

– Nə demək istəyirsən?

– Demək istəyirəm ki... – Hamlet yavaş-yavaş qızarmağa başladı. – Yaxşı olardı Fəridə getsin!..

– Kim?

– Fəridə!.. Bu sahədə onun təcrübəsi var!.. Keçən il... Keçən il Bolqarıstana turist səfərinə getmişdi!..

Kərim müəllim heç nə başa düşmədi:

– Fəridə kimdi?

Hamlet daha da bərk qızardı. Züleyxa dedi:

– Beş ildi bu, Fəridəni sevir, gecə-gündüz onun dərdindən ah çəkir. Fəridə də buna əl vermir. Indi yəqin bunun qabağına şərt qoyub ki, Parisə getsin!.. Adını da dəyişdirmək istəyir Fəridənin dərdindən...

Kərim müəllim sidq-ürəkdən təəccüb etdi:

– Adını niyə?

– Fəridənin xoşu gəlmir bunun adından!..

Kərim müəllim oğluna baxdı və təkcə: – Malades! – dedi.

Bircə anın içində Abdullanı soyuq tər basmışdı və Abdullanın sinəsindən səssiz bir ah qopmuşdu ki, ay axmaq, bu qədər yaşamısan dünyada, amma hələ də başında ağıl deyilən şey yoxdu, xoruz kimi quyruğunu pırpızlaşdırıb sinəni qabağa vermişdin, bilmirdin ki, dünya fanidir, ömür bivəfa?

Kərim müəllim həmin dəqiqələrdə ömründə heç vaxt olmadığı bir ikilik içində idi: öz evində, hələ atasından qalmış mizin arxasında əyləşmişdi, yarpaq dolması yeyirdi, söhbətə rəhbərlik edirdi, eşitdiyi sözlərə heyrət edirdi, amma, eyni zamanda, Kərim müəllim o şıdırğı yağışdan tamam çıxa bilmirdi və əslində çıxmaq istəmirdi, çünki o yağışın sərinində bir təzəlik var idi və bu təzəlik adamı özünə çəkirdi, bu təzəlikdə bir şirinlik var idi.

Uşaqlar məktəbi bitirirlər, dağılıb hərə bir yerə gedir, təzələri məktəbə gəlir və onlar da Kərim müəllimə Köhnə Göy Zənbil deyir.

Kərim müəllim bir-bir Zəhraya, Züleyxaya, Hamletə, Şərqiyyəyə, Nuridə xanıma, bu «içki düşkünü» Abdullaya baxdı və qəflətən fikirləşdi ki, bu adamlardan heç birinin ağlına gəlmədi ki, desin, Parisə sən get və bu qəfil fikir, doğrusu, az qaldı Kərim müəllimi kövrəltsin, amma eybi yox idi, çünki Kərim müəllimin bunların təklifinə ehtiyacı yox idi; sonra Kərim müəllimin gözü balaca taxta çarpayısına uzanıb əllərini gözlərinin qabağında oynadan və diqqətlə də öz əllərinə baxan uşağa sataşdı və yenə təəccüb etdi ki, balam, bu uşaq nə yaman düzəlib belə, səhərdən bəri bir dəfə də olsun ağlamayıb.

Görəsən, Parisdə yağış yağır?

Bu dəfə Kərim müəllimin özünün özünə acığı tutdu: bu nə axmaq sualdı belə, təkrar edirsən? Və Kərim müəllim silkinib o şıdırğı yağışın altından çıxdı, avqust gününün istisinə qayıtdı, yenə də həmişəki Kərim müəllim oldu. Şərqiyyə bütün günü birinci dəfə ağzını açıb nəsə demək istədi:

– Görəsən, Salman yazıq...

Kərim müəllim acıqla qızının sözünü kəsdi:

– Nə Salman-Salman salmısan? Salmanın nə dəxli var bura?

Sonra da Kərim müəllim qəti sözünü dedi:

– Parisə mən özüm gedəcəyəm!

Hamlet yerindən sıçradı:

– Axı, mən... Axı, mən... Axı, mən Fəridəyə söz vermişəm!

Kərim müəllim altdan-yuxarı oğluna baxdı və yalnız əlini havada yelləməklə kifayətləndi və: – Ay-hay!.. – dedi.

Əvvəlki ərləri, Kərim müəllimgil, adi tanışlar, bir sözlə, dünyada heç kim heç vaxt Nuridə xanımın ağlamağını görməmişdi, amma indi birdən-birə Nuridə xanımın gözləri doldu və dodaqları səyriyə-səyriyə: – Axı, sən, onsuz da, bütün dünyaya bələdsən... – dedi.

Kərim müəllim çalışdı ki, bacısının üzünə baxmasın və dedi:

– Bir var bilmək, bir də var gözünlə görmək.

Nuridə xanım daha heç nə demədi, gözlərindən iki damla yaş giləsi diyirlənib sifəti ilə axdı – deyəsən, daha qocalırdı – və ayağa qalxıb Kərim müəllimgildən çıxdı. Abdulla da ayağa qalxıb Kərim müəllimə baxdı, çiynini çəkdi və Nuridə xanımın ardınca mənzildən çıxdı.

Kərim müəllim başa düşdü ki, Nuridə xanım bir də bu evə ayaq basmayacaq. Hamlet yenə də bir-bir atasına, anasına, bacılarına baxdı və yanıb yaxıla-yaxıla soruşdu:

– Mən... Bəs mən... Bəs mən Fəridəyə nə deyim?

Züleyxa: – Get de ki, axmağın böyüyüyəm! – dedi və böyük otağa keçdi.

 

III

Həmin avqust günü axşamçağı idi. Kərim müəllim şüşəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələrə getməlidir ki, Paris səfərinin kağız-kuğaz işlərini həll etsin və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət, doğrusu, Kərim müəllimin xoşuna gəlirdi.

Zəhra mətbəxdə qabları yuyurdu və yuya-yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdı və kişinin yoluna halva qoymaq lazımdı, çünki halva elə şeydi ki, heç vaxt xarab olmur, özü də adam doyuzduran şeydi, yoxsa ki, qərib ölkədi, nə bilirsən nə verəcəklər yeməyə, deyirlər ki, Fransada ilbiz yeyirlər, hələ deyirlər ki, eşşək əti də yeyirlər.

Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə, bu evdən biryolluq gedəcək, amma hamı yaxşı bilirdi ki, bir azdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi, çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda, divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyin səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı, çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi.

Şərqiyyə bayaq yarpaq dolması yedikləri mizin üstünə şal salıb uşağın əsgilərini ütüləyirdi.

Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı. Kərim müəllim gəlib qapını açdı.

Poçtalyon idi, Kərim müəllimə teleqram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdu.

Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı, teleqramı alıb özü oxudu və dedi:

– Axmaq Salman! Mən onun yerinə olsaydım, indi hamınızı gətirtmişdim Parisə!

Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin, amma qanadına baxmamışdı ki, nə biləydi, axırı belə olacaq; sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı, sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı: – Hə, başladı yenə çığırmağa... – dedi.

Züleyxa: – Etiraz edir də! – dedi.

Kərim müəllim qalın qaşlarını çatdı:

– Nə etiraz? Kimə etiraz edir?

Züleyxa: – Elə bizim hamımıza! – dedi. Sonra güldü: – Protest eləyir bizə! – Sonra da böyük otağa qayıtdı ki, o nakam məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin.

Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi, gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı: təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bu gün səhərin gözü açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar, sonra Kərim müəllimin yadına düşdü ki, şəhər Sovetinə məktub yazmalıdır və bu günün işini sabaha qoymaq lazım deyil; qələm-kağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı.

Uşağı kiritmək mümkün olmadı, gecə yorulub yatana qədər ağladı.

                                                                                         Avqust, 1983. Şüvəlan.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu mənim sözüm deyil. Sənətşünaslar, musiqişünaslar onun səsini musiqi tariximizin ən yanıqlı səsi adlandırırdılar. Burada o qədər hüzn, kədər var ki, qulaq asanda səni necə özüylə aparırsa istər-istəməz sən də qüssəyə bürünürsən.

Azərbaycan SSR xalq artisti Rübabə Muradova! Bu gün onun anım günüdür.

 

Rübabə Muradova 22 mart 1933-cü ildə Güney Azərbaycanda - Ərdəbil şəhərində anadan olub. Sonra ailələri Quzeyə köçüblər. Bəlkə də elə vətən nisgili olub onun səsini bu qədər yanğılı edən.

Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya - Filarmoniyaya dəvət edib. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" — Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova)

 

Filmoqrafiya

- Muğamlar

- Ölümdən 24 saat əvvəl

- Rübabə Muradova

- Üzeyir ömrü

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Şərəf nişanı" ordeni

 

Rübabə Muradova, deyilənə görə, vaxtsız öləcəyini hiss edibmiş. Elə də olub, cəmi 50 il yaşayıb, 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.