Super User

Super User

Bazar ertəsi, 28 Aprel 2025 08:03

OĞUZ ABİDƏLƏRİ: Surxay xan qalası

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun mərkəzindən 55 km şimal – şərqdə,  Filfilli kəndinin şimalındakı  Surxay xan qalasıdır. Surxayxan qalası (XVIII əsr) Filfillidən piyada təxminən 40 dəqiqəlik məsafədədir. 

 

Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılmışdır. Eni bir metrə yaxın, hündürlüyü təxminən 10 m. olan qala divarları qayanın düz uçurumunda bənd edilmişdir. Bildiyimiz kimi, qədim zamanlarda tikilən qalalar böyük hərbi əhəmiyyət daşımışdır. Odur ki, tikildiyi yerlər hərbi nöqteyi-nəzərdən seçilmişdir, hündür, əlçatmaz yerdə qaya başında ucaldılmışdır. Bu xüsusiyyətlər Surxay xan qalasına da aiddir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülmüşdür. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qıırmızı kərpicdən inşa edilmişdir. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağıdılmışdır.

Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olmuşdur. Otaqların üstü taçbənd formada tamamlanmış, yan divarları isə müdafiə məqsədilə bir metr hündürə qaldırılmışdır.

Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulmuşdur. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülmüşdür. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla, dolmuşdur.

Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olmuşdur. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulmuşdur. Yeraltı gizli yol Surxay xan qalasında uçurum hissəsindəki divarda qurulmuşdur.

Qalaya yeraltı su kəməri də çəkilmişdir. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı çoxlu məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılmışdır.

Bütün bunlar bir daha sübut edir ki, qala xvıı əsrdə Dağıstan feodalı Surxay xan tərəfindən tikilmişdir. Qala Surxayxanla Nadir xan arasında qanlı döyüşə şahidliq edib. Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıldılmışdır.

Bu adda qalaların Göyçay və Şamaxı rayonlarında da olduğu bildirilir. 

Kim bilir bəlkə də Azərbaycan tarixinin qaranlığa düşmüş maraqlı bir səhifəsi, zəncirindən qırılmış halqa məhz bizim bu qalanın tarixi ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

“Ədəbiyyat və incəsənət” siyasi icmalçı Asif Şəfəqqətovun ABŞ prezidentinin  siyasəti barədə yazısını təqdim edir.

 

 

Bəli, ABŞ-ın iqtisadi vəziyyəti sürətlə pisləşir. Tramp tarif sanksiyalarından gözlədiyi nəticəni ala bilmir.

ABŞ tarixində prezidentlə FRS sədri arasında indiki səviyyədə açıq didişmə (söyüşmə) olmamışdı. Tramp suverenİstdir, FRS isə əsas qlobalizm institudur; Tramp dövləti, FRS isə transmilli maliyyə şirkətlərini təmsil edir. Buna görə də onların maraqları tam bir-birinin əksinədir

 

Tramp Pauellin istefa verməsini (vaxtından əvvəl vəzifəsindən çıxara bilməz), Pauell 2026-cı il aralıq seçkilərində trampçıların məğlub olmasını istəyir.

Tramp Pauelli "cənab Tormoz, böyük uğursuz və səriştəsiz idiot" adlandırır və onun dərhal istefaya getməli olduğunu bildirir. Pauell isə Trampın siyasətini açıq şəkildə tənqid edir (indiyəcən belə şey olmamışdı) və bu siyasətin müəllifinin dəli və ya axmaq olduğuna eyham vurur.

Tramp mahiyyətcə FRS-i dövlətə (özünə) tabe etmək və dollar çapı maşınını nəzarətinə götürmək, büdcə kəsirini emissiya ilə bağlamaq istəyir. O artıq anlayır ki, bunsuz qlobalistlərə qalib gələ bilməyəcək. Avropa qlobalistlərini də saxlayan FRS-dir. Tramp hətta FRS-in Avropa banklarına nə qədər dollar köçürdüyünü belə bilmir.

Qlobalistlər isə FRS-in dövlətə tabe olmasını heç cür qəbul edə bilməzlər. Onlar bunun baş verməməsi üçün vətəndaş müharibəsinə də gedərlər. Əlbəttə, əgər Trampı neytrallaşdıra bilməsələr. Hər halda Con Kennedini zərərsizləşdirə bildilər.

Amma Kennedi dövründən fərqli olaraq, indi ABŞ-ın maliyyə-iqtisadi vəziyyəti ağırdır, ölkə elitası parçalanıb. Elitadaxili didişmə bu intensivliklə davam edərsə, hətta bu ilin sonunadək ABŞ-da texniki defolt baş verə bilər.

Keçən hər gün ABŞ-ı vətəndaş müharibəsinə yaxınlaşdırır.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

"Taleyin qələmi qismət yazanda bir cüt göz yaşına sığınan dua qurudarmış o qələmin mürəkkəbini..." — bu cümlə, həyatın bəzən bizdən çox daha böyük bir planı olduğunu və insanın buna qarşı mübarizəsinin yalnız bir yol olduğunu bildirir. Qismət, çoxlarının inandığına görə, öncədən yazılmış bir tale, bizimlə əlaqəsi olmayan bir güc tərəfindən təyin edilmişdir. Amma bu fikri yalnızca hər şeyin öncədən müəyyən edildiyi bir baxış bucağı kimi qəbul etmək mümkündür. Hər bir insanın həyatı, qismətinə qarşı necə yanaşdığını, necə qəbul etdiyini, ya da necə dəyişdirməyə çalışdığını göstərən bir tarixdir.

 

Bəzən taleyin qələmi ölümsüz bir yazı kimi görünür, amma insanın ruhu, içindəki güc və iradə bəzən bu yazını dəyişdirmək üçün hərəkətə keçər. Qismət nədir? Bəziləri bu suala belə cavab verir: Qismət, əslində, bizə verdiyi imtahanlar və seçimlərdir. Həyatın qarşısımıza qoyduğu sürprizlərdir. Həm də bəzən onu sevməli, bəzən isə ona qarşı mübarizə aparmalıyıq. Qismətin qarşımıza qoyduğu əngəllər, bəzən illərlə axtardığımız o böyük tapmaca kimi bizi yorur. Amma həyatın hər bir mərhələsində özümüzü tapmağımızın yolu, hər bir sınağı bir addım olaraq qəbul etməkdir.

 

Əgər biz öz qismətimizi qəbul etmirsə, mübarizəyə başlamaq lazımdır. Mübarizə, yalnız fiziki deyil, daxili bir prosesdir. İnsanın qismətinə qarşı göstərdiyi mübarizə yalnız fiziki səhnədə deyil, ruhunun dərinliklərində baş verir. Mübarizə etməyin və öz yolunu tapmağın yolu yalnızca müvəffəqiyyətə deyil, həm də özünə qarşı dürüstlük və qəbul etməyi gətirir. Bəzən qismətə qarşı durmaq, öz daxili səsimizə qulaq asmaq və fərqli seçimlər etmək anlamına gəlir. İnsanın bu cür mübarizəsi, sonda ona yeni bir başlanğıc, yeni bir həyat verir.

 

Yalnız bu mübarizə ilə, qismətinin həqiqi mənasını tapmış oluruq. Qismət, bəlkə də, yalnızca bir yazıdır; amma onu necə oxuyacağımızı və necə yaşayacağımızı seçmək bizim əlimizdədir. Qismət bizimlə gələcəkdə qarşılaşacaq hadisələrin yalnızca bir hissəsidir, amma sülh, daxili barış və özümüzlə harmoniya yaratmaq hər zaman bizim yolumuz olacaq.

 

Qismət nədir? Əslində, o bizə yalnız sınaqlar təqdim edir. Ancaq necə keçəcəyimizi və onlardan necə güclü çıxacağımızı müəyyən etmək bizim əlimizdədir. Sükut və barış içində yaşamaq, həm qismətə qarşı durmaq, həm də ona qəbul etmək, həyatın ən böyük dərslərindən biridir. Bu yol, sonda özümüzlə tam bir harmoniya və dərin bir sükunət gətirir.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə Türk xalqlarının mədəniyyəti və iris layihəsində bu dəfə sizlərə türk xalqlarının müxtəlif adətlərindən danışacağıq.

 

Türk xalqları tarixin müxtəlif dövrlərində böyük coğrafiyalara yayılmış, buna baxmayaraq, bir çox ortaq adət-ənənələrini qoruyub saxlamışdır. Xüsusilə toy, yasadqoyma mərasimləri türk mədəniyyət sistemində mühüm yer tutur və bu adətlərin kökləri qədim türk inançlarına, şamanizmə, islamlaşmadan əvvəlki və sonrakı dövrlərə dayanır.

Adətlərin mənşəyi:

1. Şamanizm və qədim türk inancları:

  • Qədim türklərdə təbiət qüvvələrinə, ruhlara inam əsas idi. Toy, yas və adqoyma mərasimləri bu inamın əlamətləri kimi formalaşmışdı.
  • Ruhların razı salınması üçün mərasimlərdə xüsusi ayinlər və dualar edilirdi.
  • Gök Tanrı inancı (Göy Tanrı) həyatın əsas dövrlərini – doğum, evlilik və ölümü müqəddəs mərhələlər kimi qəbul edirdi.

2. İslamlaşma və yeni elementlərin gəlişi:

  • VIII-IX əsrlərdən sonra türk xalqları İslamı qəbul etdikcə, toy, yas və adqoyma mərasimlərinə İslam elementləri (məsələn, Quran oxunması, ad seçərkən dini motivlərə diqqət) daxil oldu.
  • Ancaq köhnə türk adətləri yeni dini çərçivədə yenidən yozularaq yaşamağa davam etdi.

Toy adətləri:

Mənşə:

  • Toy — ailə qurmaqla yalnız fərdi həyat deyil, həm də tayfa və icma arasında yeni əlaqələrin qurulması demək idi.
  • Qədim türklərdə toy eyni zamanda bir siyasi ittifaq vasitəsi (tayfalararası sülh müqaviləsi) kimi də istifadə olunurdu.

Ortaq elementlər:

  • Elçilik: Bütün türk xalqlarında (qazax, qırğız, özbək, azərbaycanlı, türkmən) elçi göndərmək ənənədir.
  • Başlıq: Qız tərəfə verilən başlıq (bəy pulu) qədim türklərdə icmaya edilən bir töhfə kimi meydana çıxmışdır.
  • Toyun kollektivliyi: Toylarda bütün icmanın iştirakı zəruri sayılırdı — toy sadəcə iki şəxsin deyil, iki tayfanın birləşməsi idi.

Nümunələr:

  • Azərbaycan: "Elçi düşmək", "qız bəyənmək", "nişan", "xınayaxdı" mərasimləri.
  • Qazaxlar: "Qudalar" (qohum olan ailələr) arasında xüsusi münasibətlər sistemi qurulurdu.
  • Qırğızlar: "Kyz kaçırıp" (qız qaçırmaq) adəti — bəzi hallarda razılaşılmış formal toy növü.

Yas adətləri:

Mənşə:

  • Qədim türklərdə ölüm sadəcə fiziki yox olma deyil, ruhun başqa dünyaya keçməsi kimi başa düşülürdü.
  • Ölüm mərasimləri ruhun təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyırdı.

Ortaq elementlər:

  • Ağı: Yas mərasimlərində ölən şəxs üçün ağılar söyləmək geniş yayılmışdı.
  • At üstündə dəfn: Göytürk dövründə qəhrəmanlar atları ilə birlikdə dəfn olunurdu.
  • Qara geyinmək: Yas tutan insanlar qara geyimlərə üstünlük verirdilər.
  • Ölü üçün qurban kəsmək: Əcdadların ruhlarına hörmət üçün heyvan qurbanı kəsilirdi.

Nümunələr:

  • Azərbaycan: "Üç", "Yeddi", "Qırx" mərasimləri (ölümdən sonra üçüncü, yeddinci və qırxıncı gün dualar).
  • Qazaxlar və Qırğızlar: Ölüm ildönümündə geniş yas mərasimləri ("As") keçirirlər.

Adqoyma adətləri:

Mənşə:

  • Qədim türklərdə ad insana xarakter və taleyin verilməsi anlamına gəlirdi.
  • Ad seçmək çox məsuliyyətli bir iş hesab olunurdu və adın daşıdığı enerji və mənaya çox ciddi yanaşılırdı.

Ortaq elementlər:

  • Böyük şəxslərin adını vermək: Qohumlar və əcdadların adları uşaqlara verilməklə onların ruhən qorunacağına inanılırdı.
  • Məna yüklü adlar: Adlar tez-tez təbiət hadisələri, heyvanlar, güclü xüsusiyyətlərlə bağlı olurdu (Börü — qurd, Alp — igid, Ayxan — ay və xan).

Nümunələr:

  • Azərbaycan: "Adqoyma mərasimi" (adətən uşağın adını baba, nənə və ya din xadimi verir).
  • Qazaxlar: Uşağın adını doğuşdan üç gün sonra ağsaqqal verir.
  • Özbəklər və Türkmənlər: Adqoymada Quran oxumaq ənənəsi.

Bənzərliklərin səbəbləri:

  • Ortaq mədəni kök: Türklərin hamısı Altay mənşəlidir və ortaq şamanistik dünyagörüşü paylaşırlar.
  • İslam dini: İslamın qəbulundan sonra bu ortaq köklər İslam elementləri ilə zənginləşdirilib.
  • Tarixi və mədəni qarşılıqlı təsir: Orta Asiyadan Anadoluya, Qafqazdan Balkanlara qədər türk tayfalarının qarşılıqlı təsirləri nəticəsində bu adətlər geniş şəkildə oxşarlaşıb.

Nəticə:

 Türk xalqlarının toy, yas və adqoyma adətləri dərin köklərə malik olmaqla yanaşı, bugünkü dövrdə də həm fərdi, həm də ictimai kimliyin formalaşmasında mühüm rol oynayır. İstər qədim şaman ayinlərinin izləri, istərsə də islamlaşmadan sonra əlavə olunmuş dini motivlər, bu mərasimlərin zəngin və rəngarəng mədəniyyət mirası olduğunu göstərir. Türk xalqları arasında bu adətlərin bənzərliyi onların ortaq tarixi yaddaşının və mədəni əlaqələrinin davamlılığının canlı sübutudur.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

 

Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Yaz fəsli özünü yavaş-yavaş göstərməkdə idi. Tumurcuqlardan çıxan balaca yarpaqlar görünməyə başlamışdı. Çəmənlər yaşıllaşır, rəngarəng çiçəklər açırdı. Ümmüxanım bağda çoxlu çiçəklər əkmişdi. Qızılgül, qərənfil, payız gülləri...

Ağacdan-ağaca, koldan-kola qonan rəngarəng kəpənəklər ötüşür, cəh-cəh vuran quşlar yuva tikməyə, bala çıxarmağa hazırlaşırdı. Bağın içində gəzərkən otların iyi, havanın ətri insana ləzzət verirdi. Ana böyürtkən kollarının dibində bitən bənövşəni dərib iylədi. Sonra yenidən iyləyib onu sanki sinəsinə çəkdi. Oğlunun iyləməsi üçün bənövşəni düz burnuna yaxınlaşdırdı:

-Oğlum, bənövşə balaca olmasına baxmayaraq çox ətirlidir. Amma, vaxtilə bənövşə belə balaca olmayıb. Onun haqqında bir əfsanə eşitmişiməm. İstəyirsən danışım?

-Hə, anacan, danış!

- Əfsanəyə görə bənövşə qızılgüllə dostluq edirmiş. Həmişə qızılgül kolunun dibində yaşayır və öz ətri ilə qızılgülü ruhlandırırmış.  Beləcə onlar mehribancasına birlikdə yaşayırmışlar. Bir gün qızılgül koluna bir bülbül qonaq gəlir. Bu gül ona o qədər xoş gəlir ki, ondan ayrılmaq istəmir. Günlərlə onun başına dolanıb açılması üçün xoş nəğmələr oxuyur. Qızılgüllə bülbül o qədər dostlaşırlar ki, bənövşə yaddan çıxır. Bənövşə çox kədərlənir, boynu əyilir, rəngi solur və az müddətdən sonra özü də solub gedir. O vaxtdan bənövşə daha qızılgüllə dost olmur, həmişə otların arasında, kolların dibində bitir. Bax, bizim bənövşə də böyürtkən kollarına pənah gətirib.

Ana gülləri suladı, alaq etdi. Zeynalabdin  bənövşədən birini dərib iylədi, sonra yerə atdı. Başını günəşə sarı boylayan qırmızı qızılgüllərdən birini dərmək istəyirdi ki, tikanı əlinə batdı. Ağrıdan ufuldadı. Ana oğlunun barmağından tikanı çıxardı. Sonra yerdən bağayarpağı dərib tikan batan yerə bağladı:

- Oğlum, gülü lazımsız yerə dərib atmaq olmaz. Onlar da canlıdır. Bizdən inciyərlər. İstəyirəm ki, böyüyəndə harada yaşasan orada gül-çiçəklik yaradasan. Bax, onda xeyirli iş görmüş olarsan. İnsanlar çiçəklərə baxanda sevinər, dərdi, qəmi unudarlar.

                                             

“Ədəbiyyat və incəsənət”

(28.04.20250

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Eldar Həsənli 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun məşhur Daşkənd kəndində, şair Həsən Xəyallının ailəsində anadan olmuşdur.

 

Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir. İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap olunur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır.

İndiyə kimi 5 kitabı işıq üzü görüb:

 

- Aqilim, Sərrafım qaldı Göyçədə

- Gözlərimin yaşı qalıb o yerdə

- Göyçə mənim, qadası, Ələsgərim, Alımdır

- Sən günəşin zərrəsiydin

- Dünya mənim qəfəsimdi

 

 Seçilmiş əsərlərindən və son illər qələmə aldığı şeirlərindən ibarət altıncı kitabı çapa hazırlanır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bakı şəhərində yaşayır, işləyir və ədəbi fəaliyyətini müntəzəm davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Dünya musiqisində tenorlar ən elit təbəqə hesab edilir, onlar tarixdə qalırlar, elə bu səbəbdən də, tutalım, pop ulduzlar yaddan çıxırlar, tenorlar isə yaddaşlara həkk olunurlar. Elə çağdaş dünyamızın ən ünlü tenorlarını – xüsusən hazırda bir nömrə olan ispan Plasido Dominqonu unutmaqmı olar?

 

Və bu sırada ünlü italyan tenoru Alessandro Safina da yer alır. Və aprelin 30-u inanılmazlar baş verəcək, Safina Bakıda konsert verəcək.

Heydər Əliyev Sarayının səhnəsində italiyalı tenor Qara Qarayev adına Azərbaycan kamera orkestrinin müşayiəti ilə çıxış edəcək. Konsert zamanı dünya şöhrətli italyan tenoru, ona uğur gətirən yeni kompozisiyalar və bütün sevilən hitlərini ifa edəcək.

Bu ilahi səsə malik ifaçının tərcümeyi-halına baxanda nəyi görürük? Alessandro Safina hələ uşaqlıqda musiqi ilə maraqlanırdı. O, 17 yaşında Florensiyada konservatoriyaya daxil olur və bir neçə ildən sonra  Avropanın ən yaxşı musiqi teatrlarında solistlik edirdi. Safinanı dünya şöhrətli edən unikal bir səs, təbii cazibə və yaradıcı cəsarəti oldu. 

Böyük müvəffəqiyyət Safinaya Hollandiyada gəldi. Insieme a te albomundan olan Luna singlı, 14 həftə ərzində Hollandiyanın hit parad zirvəsində qaldı. Albom özü burada dördlü platinə çevrildi və daha bir neçə onlarla ölkədə buraxıldı. Alessandro dünyaya Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendrix, Sumi Ço ilə gözəl duetlər hədiyyə etdi. Və mən əminəm ki, ilahi səslərin sehrinə düşmək üçün elə bu yazını oxuyub bitirən kimi oxucularım YouTube platformasında bu duetləri dinləyəcəklər.

Bundan əlavə, Safina kinoya da çəkilib və Baz Lurmanın "Moulin Rouge"-u da daxil olmaqla, filmlərin soundtrack-lərinin yazılmasında iştirak edib.

Aprelin 30-u Heydər Əliyev Sarayına gəlib onu dinləməməyə melomanlar üçün heç bir səbəb qalmadı məncə.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Bazar ertəsi, 28 Aprel 2025 10:43

Gənc yazarın kitabı BDU-da təqdim edildi

Təhmasib İsayev, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bu günlərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

 

Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.

Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.

Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm. Zaur Ustac çıxışını belə tamamladı: ”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmirlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!

Kitaba ön söz yazmış Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb. Fakültənin müəllimi Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…

“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib. BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb. Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.“

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, ədəbi mükafatlar laureatı Rafiq Yusifoğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanan “Rafiq Yusifoğlu: biblioqrafiya” adlı kitabın və virtual oxucular üçün nəzərdə tutulmuş elektron-məlumat bazasının təqdimatı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, təqdimatda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, millət vəkili Elnarə Akimova, Jalə Əliyeva, professor Elman Quliyev, professor Şahin Xəlilli, AMEA-nın Əlyazmalar, Folklor İnstitutlarının gənc alimləri, uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Çinarə Köçərli, Reyhan Yusifqızı, Zahirə Cabir, Gülzar İbrahimova, pedaqoqlar və bir sıra görkəmli qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq qeyd edib ki, görkəmli şair, ədəbiyyatşünas,”Göyərçin” uşaq jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu olduqca istedadlı və məhsuldar bir qələm sahibidir. 1966-cı ildən imzası mətbuatda görünən Rafiq Yusifoğlunun indiyədək bir çox kitabları, şeirləri, hekayələri, XX cildlik seçilmiş əsərləri və məqalələri çap olunub.

 

Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunan, ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici və elektron məlumat bazası 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir. Biblioqrafik göstərici 520 səhifə və IV hissədən ibarətdir. Göstəricidə "Rafiq Yusifoğlunun ədəbiyyat, elm, sənət haqqında fikir və mülahizələri”, “Görkəmli Şəxsiyyətlər Rafiq Yusifoğlu haqqında”, “Rafiq Yusifoğlu görkəmli şəxsiyyətlər haqqında” adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının marağına səbəb olacağı şübhəsizdir.

 

 Təqdimatda çıxış edən qonaqlar öz növbəsində Rafiq Yusifoğlunun ədəbiyyatşünaslığa, poeziyaya və uşaq ədəbiyyatına verdiyi töhfələrlə Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış bir şəxsiyyət olduğunu vurğulayıblar. Həmçinin qeyd edilib ki, Rafiq Yusifoğlunun "Ədəbiyyatşünaslığın əsasları" kimi dərslikləri, "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" kimi monoqrafiyaları və məqalələri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə  Ayxan Ayvazın “Banan qabığı“  hekayəsini təqdim edirik.

 

 

                                                                                                                

Ayxan AYVAZ

 

“BANAN QABIĞI”

 

Psixoloq bacıma sarı rəngin onu xoşbəxt edəcəyini deyibmiş. Xəstəxanadan qayıdanda atamla anam yolboyu bacımın öz-özünə danışmağına baxıb başlarını bulayıblarmış. Qış təzəcə sovrulub gedir, ağacların rəngi özünə qayıdırmış, küləklər şəhərimizlə hələ vidalaşmasa da, soyuqlar artıq yola çıxmağa hazırlaşırmış.

Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın qulağına pıçıldayıb ki, çoxlu limon gətir, bir də elə elə, çay sapsarı olsun. Ofisiant onda atama deyib ki, ananas aromalı çay var, o elə siz deyən kimidir, gətirim baxın. Süfrədə hər şey sarı rəng olub: ofisiant hardansa sarı örtük gətirib masaya sərib, ananas aromalı, sapsarı çayı şüşə çaynikdə qarşılarına qoyub. Üç qabda limon dilimləri və qənd qabındakı qəndlər də sarıymış. Onda günün günorta çağıymış, hardasa gizlənmiş günəş də birdən çıxıb göyün üzünə və düz bacımın gözlərinə zillənibmiş.

Evə gələndə bacım yenə öz-özüylə rabitəsiz söhbətə başlayıb. Atam yorğun-arğın stula çöküb, anam yemək tədarükü üçün mətbəxə gedib. Bacımın ogünkü söhbətindən atam “qaranlıq”, “maşınlar”, “iki oğlan”, “taksi” sözlərini başa düşüb. Sözləri bir yerə yığıb cümlə qurmağa təpəri çatmayıb, eləcə fikirli-fikirli anamın gətirdiyi yeməyi yeməyə girişib. Yemək sarı rəngdə deyilmiş, atam ona görə anama bərk əsəbiləşib, deyib, həkimin dediyini eşitmədinmi, get qızıma sarı rəngli yemək bişir. O gün anam sapsarı qayğanaq eləyib bacımın qabağına qoyub. Bacım yeməyə baxır, gülür və dodaqaltı nəsə deyirmiş.

“Nə deyirsən, ay qızım? De, biz də bilək” – atam onu əzizləyib, saçına sığal çəkib.

Bacım bircə “yol qaranlıq idi” deyib. Anamla atam bir-birlərinə baxıblar və görüblər ki, hər ikisinin gözləri dolub.

O günlər mən universitet imtahanlarına hazırlaşırdım və demək olar, otağımdan qırağa çıxmırdım. Dərslərin yoğunluğu bir tərəfdən, o biri tərəfdən də aşiq olmuşdum, Süsəni sevirdim.

Qrupumuzu başqa bir qrupla birləşdirmişdilər. Yaman səs-küy idi. Rəsul aranı qatmışdı, müəllim hövsələdən çıxmışdı. Bu yerdə qapı döyüldü və sarışın bir qız üzr istəyə-istəyə içəri keçdi. Mən o sarışın qızı əvvəllər heç görməmişdim. Heç universitetdə sarışın qızla rastlaşmamışdım. Sarışın qız görmüş olsaydım, mütləq ona aşiq olardım. Universitetdə isə bütün qızlar qaraşın idi və mən aşiq ola bilmirdim. O gün sarışın qız içəri girəndə içimdə nələrsə tərpəndi və mən onu sevdiyimi anladım. Rəsul söhbəti biləndə xəfifcə başımdan vurdu, dedi, o qız sənə baxarmı?.. Doğrudan da, o qız heç mən tərəfə baxmırdı.

Qapının arxasından səslər gəlirdi, bacım var-gəl edir, öz-özünə nəsə pıçıldayırdı. Ondan Süsən üçün kömək istəmək fikrinə düşdüm, qapını açıb dustaqlar kimi bir o yana, bir bu yana gedən bacımı dayandırdım. Dedim, bir qız var, onu sevirəm, mənə kömək elə də, necə eləyim, qız mənə baxsın, sevgimə qarşılıq versin. Bacım dilinin altında nəsə dedi, anlaya bilmədim, elə bil Çin dilində danışırdı. Atam o yandan üstümə çəmkirdi ki, qızdan əl çək, görmürsən danışa bilmir. Bacım mənə baxıb güldü və əl çaldı.

Növbəti gün atam evi sarıya boyatmaq üçün usta çağırmışdı. Ustanın yanında bir fəhlə də vardı və onlar bacım qalan otağın bir divarını sarıya boyayıb işdən soyumuş, nə haqdasa mübahisə edirdilər. “Ala, sənin başın xərəbdü, o boydana yerə o pul çatar heç? Mayası deyil” – usta fəhlənin başından qapaz vurub qaqqıldadı.

Atam hərdən bir ustayla fəhlənin yanına gəlir, lətifə danışır, onları güldürür, özü isə gülmürdü. Mən dərs oxumaqdan sıxılıb mətbəxə gələndə bacımın döşəmədə oturub özü üçün mahnı zümzümə elədiyini gördüm. Bacım mahnının sözlərini dəyişə-dəyişə oxuyur, gülür, əl çalırdı. Məni görəndə ayağa durmaq istədi, bacara bilməyəndə təzədən yerinə çökdü. İndi fikir verdim ki, qabağında xeyli banan var və o bananları bir-birinə toxundurub gülür. İki-üçünü yemiş, qabığını da çiyinlərinə qoymuşdu. Bananların bir qırağı qaralmışdı, çoxdan alındıqları bəlliydi. 

Özümə çay süzüb oturdum və o an anam əlində dolu sellofan içəri girdi, hələ dodaqaltı deyindi də: “Heç gör biri qabağıma çıxırmı...” Anamın qabağına yüyürdüm, əlindəkiləri alıb mətbəxə apardım və onda gördüm ki, bacım uzanıb, bananları da üstünə düzüb. Elə o an mətbəxə gələn atamla usta da bu mənzərəni görüb çaşdılar. Usta özünü görməməzliyə vurdu, “qaqa, ordan su ver də mənə” deyib mətbəxdən çıxdı, suyu ona sarıya boyadıqları otağın qabağında verdim.

Evimiz sarıya boyanan gün bacımın öz-özünə danışmağı yavaş-yavaş anlaşılan olurdu. Psixoloq atama deyibmiş ki, arada bu cür danışacaq, fikir verməyin, sonra yorulacaq və onda sağalmağa başlayacaq. Bacımın danışıqları başa düşüləndə atamla anam onu söhbətə tutur, əzizləyirdilər. Atam bildiyi bütün lətifələri bacıma danışır, onun güldüyünü görəndə daha da coşur, qızını bundan çox güldürmək üçün dəridən-qabıqdan çıxır, özünü meymunluğa vurur, sərt görünüşünə yaraşmayan komikliklər eləyirdi.

Süsəni başqa bir oğlanla görmüşdüm. Oğlanın ağ maşını da vardı. Elə maşından düşəndə Rəsul qoluma vurub mənə göstərdi. Dedi, gördün, sənə demişdim. Acıqlandım Rəsula, söydüm onu. Sözünün haqlı çıxmasıyla fəxr eləyirdi oğraş gədə. Rəsulla danışmadım, ertəsi gün salamını da almadım.

Süsənin gəzdiyi oğlan universitetin həmkarlar komitəsinin sədriymiş. Kirpikləri uzun oğlan idi, hamıyla kitab dilində mədəni-mədəni danışırdı. Səidə dedi ki, uzun kirpikli oğlanları qızlar çox sevir. O gün onu da öyrəndim ki, Süsənin saçları yalançı sarıymış.

Bacımın pal-paltarı, telefonu, çarpayısı da sarıya çevrilmişdi. Bütün günü öz-özünə danışır, arada bananları ilə oynayır, sonra uzun-uzadı pəncərədən çölə baxırdı. Atama qalsa, onun pəncərədən baxdığı mənzərələri də sarıya boyayardı. 

Səhər tezdən çörək almağa məni göndərdilər. Yaxınlıqdakı çörək sexindən alırdıq həmişə. Orda çörək imisti və dadlı olur. Rusa oxşayan oğlandan iki çörək istədim.

– Qaqa, səndən bir şey soruşacam. Pis başa düşmə. Qardaşyana...

– Hə... Nə olub? – dedim çörəkçi oğlanın uzatdığı çörəkləri ala-ala.

– Bir qız var e, ikinci mərtəbədə qalır. Onu tanımırsan?

Bacımı deyirdi. Bizim pəncərə burdan görünürdü.

– Yox, tanımıram. Nolub ki?

– Nəsə xoşuma gəlir o qız. Yaxşı qıza oxşayır.

– Nə bilim, qaqa... – söhbəti kəsib evə getdim.

Atamla anama çörəkçi oğlanın dediklərini dedim. Anam sevindi, atamın qaşları düyünləndi.

Səhərisi gün atamla sexə getdik. Çörəkçi oğlan yerində deyildi, yaşlı bir kişi “neçə dənə” soruşub çörəklərə sarı çöndü. Atam dedi, çörəyi burax, burda bir oğlan vardı, hanı o? Kişi dedi ki, o oğlan mənim oğlumdu, nə olub ki?

– Qızımdan uzaq olsun, yoxsa onun başına oyun açaram.

– Nə qız, ay qardaş? Mənim oğlum nə eləyib ki?

– Dedim də sənə... Uzaq olsun!

– Yaxşı, deyərəm... – kişi söhbəti çox uzatmadı.

Payız gələndə atam yaman borca düşdü, evi satası oldu. Əşyaları daşımağa fəhlə tutduq. Aşağıda yığılan barxananın yanında atam siqaret çəkirdi. Çörəkçi oğlan o an yaxınlaşıb kömək lazım olub-olmadığını soruşdu və cavab gözləmədən mənim qabağıma yüyürdü. Əlimdəki televizoru götürüb geri çevrildi. Arxamda bacım gəlirdi, gülə-gülə, əlindəki bananı soya-soya. Çörəkçi oğlanla yuxarı qalxdıq, qalan şey-şüyləri də köməkli yerə düşürdük.

Atam bacımı sevən oğlanın həmin oğlan olduğunu bilmədi. Mən də demədim. Əşyalar qurtaranda çörəkçi oğlan əl uzadıb mənimlə sağollaşdı və çəkinə-çəkinə bacıma baxdı. Bacım yarısoyulmuş bananı əlində tutub gülümsünür və təzəcə dil açmış uşaqlar kimi nəsə deyirdi. Atam onun əlindən tutdu, alnından öpdü.

Biz maşına doluşanda çörəkçi oğlanın uzaqdan əl elədiyini gördüm. Atama zarafatla soruşdum:

– O oğlan sarı olsa, Dilrubəni verərdin ona?

– Hansı oğlan?

– Çörəkçini deyirəm...

Atam gülümsündü və maşın sarıya boyanan küçəmizin yanından keçəndə bacım banan qabığını pəncərədən eşiyə atdı... 

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.