“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl sizlərə Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bu gün növbəti 5 şeirlə tanış olacaqsınız.
6.
Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.
7.
Nə gözəl parlayır günəş bu səhər,
Gözləri alışır səhərin bu gün.
Qonub pəncərəmə yaz təbəssümü,
Sevgiyə açılıb səhərim bu gün.
Uçuram ruhumun qanadlarında,
Mənimdi bu çəmən, bu çöl, bu orman.
Gəzirəm baharı xəyallarımda,
Dərə dolaşıram, düz dolaşıram.
Duyğular qaldırıb göylərə məni,
Ayağım üzülüb yerdən bu səhər.
Günəşi çəkirəm ciyərlərimə,
Dadıram işıqdan, nurdan bu səhər.
Basmışam bağrıma bəxtəvərliyi,
Könlümdən təptəzə arzular keçir.
Bu səhər gözündə ümid doğulub,
Payızın içindən bir bahar keçir.
8.
Bu bahar da bitəcək,
Dəyişəcək yerini günəşlə ayaz.
Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək,
Köçəcək hər şey zamanın yaddaşına:
Siyah, bəyaz...
Gecəylə gündüz yarışa çıxacaq yenə,
Günlər aylara, aylar illərə qarışacaq.
Sonra unudulacaq köhnə sevdalar,
Köhnə albomlardakı köhnə şəkillərin yaddaşına hopacaq köhnə duyğular,
Üstünü toz basacaq xatirələrin,
Sonra büsbütün yaddan çıxacaq hər şey,
təzə sevdalar doğulacaq –
Payız qoxulu, külək saçlı,
Yağış gözlü, ayrılığa sevdalı,
ürkək, qorxaq.
Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək.
Təzə arzular baş qaldıracaq payız rəngdə, payız dadda,
Boğulacaq hicran yağışında rəngli xəyallar,
Təzə ümidlər boylanacaq torpaq altdan,
Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər.
Sonra təzədən bahar gələcək,
Qırıldığı yerdən birləşəcək könüllər,
Göz yaşı içində tərtəmiz duyğular göyərəcək –
baxışlarında nida, saçlarında sığal,
Yarı həsrət, yarı vüsal.
9.
Eyni payız,
Eyni şəhər,
Eyni ayrılıq,
Eyni həsrət,
Eyni qədər,
Eyni peşmanlıq,
Eyni kədər...
Xəyallar, xəzəllər, küçələr.
10.
Əyilib beli, buxunu,
Bu ev nə yaman köhnəlib.
Bu evdə zaman dayanıb,
Köhnəlib, aman, köhnəlib.
Tökülübdü üstü-başı,
Üz-gözü cırmaq yeridi.
Ağlayır divarı, daşı,
Bura yalquzaq yeridi.
Quş uçur, qulaq tutulur,
Bağlanıb bağı, bərəsi.
İlahi, burdakı sükut
Adamın nəfəsin kəsir.
Bu evin yiyəsi hanı,
Hanı bu evin qonağı?
Son dəfə kim söndürübdü
Görən bu evin çırağın?
“Ədəbiyyat və incəsənət”
(28.08.2025)