Azərbaycanda ilk və yeganə ödənişsiz əsaslarla Əməkdar artist Ramil Qasımovun yaratdığı, dahi Bülbülün miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini daşıyan, gələcək nəsillərə ötürən Bülbül Vokal Məktəbi ilk məzunlarını yola salıb.
“Ədəbiyyat və incəsənət” portalına məktəbdən verilən məlumata görə, 2023-cü ildə fəaliyyətə başlayan məktəbə bu günədək yüzlərlə müraciət olunsa da yalnız müsabiqədən keçən tələbələrə 2 il ərzində mütəmadi olaraq vokal dərsləri tədris edilib.
Bu müddət ərzində Bülbül Vokal Məktəbinin tələbələri bir sıra tədbirlərdə, konsert proqramlarında, festivallarda çıxış ediblər.
Bülbülün Memorial Muzeyində baş tutan təqdimat mərasimində məktəbin təsisçisi və direktoru Əməkdar artist Ramil Qasımov və müəllim, Əməkdar artist İnarə Babayeva tələbələri təbrik edərək diplomlarını təqdim edib.
Ramil Qasımov bildirib ki, bu məktəb tələbələr üçün böyük bir uğur yolunun başlanğıcıdır. Eyni zamanda o, yeni tələbələrin seçimi üçün yaxın günlərdə müsabiqənin elan olunacağını qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)