İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Məşhur rəssamlarımız çoxdur, amma lap məşhurlarının adları bəzən digərlərinin adlarına kölgə salır. Halbuki, bu digər dediklərimizin hər biri də özlüyündə mükəmməl və möhtəşəm yaradıcılıq yolu keçiblər, gözəl işlər ortaya qoyublar.
Bu gün Azərbaycanın Xalq Rəssamı Nadir Əbdürrəhmanovun anım günüdür.
Nadir Əbdürrəhmanov 925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlardan özünü büruzə verən həvəs orta təhsilini başa vurduqdan sonra onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. O, 1941–1944-cü illərdə burada, 1947–1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyəti də olub, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak edib. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs deyib, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışıb. Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olub.
Onun müxtəlif janrlarda yaratdığı iriformatlı süjetli lövhələr qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Palitra əlvanlığı ilə diqqəti çəkən və geniş diapazona malik olan bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də digər muzeylərin və qalereyaların daimi ekspozisiyaları sırasında nümayiş etdirilib.
Tanınmış fırça ustası Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri və Azərbaycan Ali Sovetinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. Nadir Əbdürrəhmanovun yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Müstəqil respublikamızın ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülməsi sənətkarın fəaliyyətinə və şəxsiyyətinə ehtiramın təzahürüdür.
Rəssam Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq rəssamı fəxri adlarını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. O, 2008-ci il, iyulun 26-da vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.06.2025)