“Dayanaq göz - gözə, nəfəs - nəfəsə” – Sabir Sarvanın doğum gününə Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gözəllərin bir yolu var,

O yolu tutub gedirsən.

Huşumu başımdan alıb,

Gözümdə bitib gedirsən.

 

Alışır yaxında nə var,

Bilmirəm ahımda nə var,

Oyadıb ruhumda nə var,

Könlümə yatıb gedirsən…

 

Bu şeirdə xalq ruhu, klassik poeziya nizami var ilk-əvvəl.

 

Gör hansı fəsildə durub gəlmisən,

Üşüyən budaqlar gün axtaranda.

Quşların hamısı köçüb gedəndə,

Sərçələr soyuqda dən axtaranda.

 

Buyur, gəl içəri, qapıda durma,

Keçən çoxdan keçib, özünü yorma.

Mən belə oluram, sən fikir vermə,

Bir çətin söhbətə yön axtaranda…

 

Burada həzin lirika duyulur…

 

Sən mənim acı dilimdə

Bal kimi qərar tutmusan.

Lalə tək yanan qəlbimdə

Xal kimi qərar tutmusan.

 

Sənə məktub yazam təzə görüşçün,

Köhnə araçıya iş düşə yenə.

Dayanaq göz - gözə, nəfəs - nəfəsə,

O fürsət əlimə kaş düşə yenə…

 

Burada isə bədii kulminasiya var, eləcə də hisslər sərgisi…

Bu gün bütün bu gözəlliklərin yaradıcısı Sabir Sarvanın 70 illik yubileyidir. Və bu yubileyi biz onsuz qeyd edirik…

 

Sabir Məlikov - Sarvan 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürüb, onun himayəsində böyüyüb, təlim-tərbiyə alıb. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirib.

1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət  Universiteti) Dram və kino aktyorluğu  fakultəsinin bitirib.1977-1980-ci  illərdə N.Vəzirov  adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləyib.

Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunub.

 

Yaradıcılığa hələ orta məktəb illərində oxuduğu vaxtlardan maraq göstərib. "Vüqar" adlı ilk şeiri 1970-ci ildə  Ağsu rayonunda çıxan  "Birlik" qəzetində çap olunub.1983–1993-cü illərdə jurnalist kimi fəaliiyətə başlayıb, demokratik mətbuatın ilk qaranquşu sayılan  "Gənclik", "Molodost" jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini  vəzifələrinə qədər yüksəlib.

Zamanında bir çox insanların sosial-psixoloji problemlərinin çözülməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, toz basmış həqiqətlərin üzə çıxarılmasında Sabir Sarvanın müəllif araşdırmaları öz bəhrəsini verib. Onun publisistikasında milli təəssübkeşlik və haqqı nahaqqa  verməmək ideyası hakim olub. Bu yazılara görə gələn təhdidlərdən qorxmayıb,öz qələmini, əqidəsini ona yönəlmiş çirkablardan qoruya bilib.

Türkiyədə çıxan "Kardeş Kalemler", "Çağrı", "Çınqı" dərgilərində və "Krımın sesi" qəzetində şeirləri dərc olunub, eyni zamanda Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən "Kanal 42 MSBC–nin "Damla-Damla" şiir proqramında dəfələrlə şeirləri səsləndirilib və geniş tamaşaçı kütləsi tərəfindən bəyənilib.

Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyüker tərəfindən "Qarabağlı uşaq" şeirinə mahnı bəstələnib və dinləyicilər arasında çox böyük əks-səda verib. Sabir Sarvan mütəmadi olatraq Azərbaycan məkanında fəaliyyət göstrən televiziya kanallarında ədəbiyyatımız, onun problemləri və həlli yolları haqqında çıxışlar edib.

2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Lüdviqshafen şəhərində olub, orada yaşayıb-yaradan türk əsilli şair Hasan Özdemirlə tanış olub, onun şeirlərini Azərbaycan türkcəsinə uyğunlayaraq "Ulduz" jurnalında dərc etdirib. Vaxtaşırı cəbhə bölgələrinə səfər edib və əsgərlər qarşısında vətənpərvərlik ruhunu gücləndirməyə xidmət edən şeirlərlə çıxış edib.

İstedadlı tənqidçi, çağdaş ədəbiyyatımızda  özünəməxsus yeri olan  Nərgiz Cabbarlının  "Yeni nəsil ədəbiyyatı -2",  gənc şairlər Günel Vəfalı və İradə Axundzadənin  "İkimiz bir kitabda" "Gülnarə Cəmaləddinin "Qəhvə rəngi" adlı şeirlər kitabının işıq üzü  görməsində onun əvəzsiz xidmətləri olub.

Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yaranması ideyasını irəli sürərək, 1996-cı il dekabr ayının 21-də bölmənin yaranmasına nail olub, həmin ildən 2017-ci ilin mart ayına kimi (20 il müddətində) Azərbaycan  Yazıçılar Birliyi  Sumqayıt  bölməsinin sədri vəzfəsində çalışıb.

Bölməyə rəhbərlik etdiyi müddətdə "Turan", "Zərif" qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu, hal-hazırda adını daşıyan Sabir Sarvan adına Uşaq Poeziya Teatrını yaradıb və onların fəaliyyət göstərməsində özünün bilavasitə iştirakı olub.

 

Bölmə tərəfindən "Turan" ədəb məclisinin fəaliyyətindən xəbər verən  "Bizdən sizə qalan sözdü" adlı (dörd almanax), "Zərif " qadın ədəbi məclisinin  üzvlərinin şeirlərindən  ibarət "Bənövşı pıçıltısı"  "Tumurcuq" uşaq klubu  üzvlərinin şeirlərindən  ibarət  "Qanadlandıq uçmağa" adlı 13 almanax,  məktəblilər üçün  nəzərdə tutulan "Vətən deyən şeirlər", "Vətənim, anam, dilim"  adlı kitablar çap edilib

Həmçinin Sumqayıtlı yazarların tərcümələrindən və dünyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr  toplanmış almanaxlar  işıq üzü görüb. Bundan başqa mərhum yazıçı-publisist  Feyzi Mustafayevin  bir vaxtlar  "Yazıçı" nəşriyyatı tərəfindən çap edilmiş "Dinmə,ey kədər"  adlı kitabı  bölmə tərəfindən yenidən  latın qrafikası ilə çap edilib.

Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar Sumqayıt şəhər təhsil şöbəsi və Sumqayıt şəhər Gənclər  İdman Baş idarəsi  ilə birlikdə I-IV sinif şagirdlərinin oxuması üçün nəzərdə tutulan  "Sinifdənxaric oxu", "Təbiət düşünür, düşündürür" kitabı bölmənin təşəbbüsü ilə  işıq üzü görüb. Bu kitablarda  Sumqayıtlı müəllifləri  uşaqlar üçün yazdığı  şeirlərdən nümunələr toplanıb.

Bölmənin təşəbbüsü ilə hər il keçirilən "Söz" bayramı, 21 mart Beynəlxalq poeziya günü  və 28 may Respublika günü münasibətilə  şəhər məktəbliləri arasında  keçirilən bədii-qiraət  müsabiqəsi  artıq Sumqayıtda ənənə  halını alıb.

Klassik və müasir  ədəbiyyatın təbliği  məqsədi ilə  şəhərdəki müxtəlif təşkilatlarla  işbirliyi qurulmuş və bir sıra tədbirlər keçirilib. Şəhər Təhsil  Şöbəsi ilə birlikdə keçirilən  Aşıq Ələsgərin yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimi  şeirlərinin Sumqayıtlı  məktəblilər arasında  bədii-qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N. Cəfərovun, Z.Əsgərlinin  iştirak etdikləri "Müasir ədəbiyyat və onun tədris problemləri" mövzusunda söhbət diskkusiya bu qəbildəndir.

 

Kitabları

- Gördüyüm göy, baxdığım işıq. Bakı: Yazıçı, 1989

- Çıx qaranlıqdan. Bakı: Ozan, 2001

- Gəldi qürub. Bakı: Adiloğlu, 2007

- Özümü sözə çevirdim. Bakı: Adiloğlu, 2007

- Dərdimi oxusun ney. Sumqayıt, 2011

- Yarandım, yaşadım. Sumqayıt, 2014

 

Mükafatları

- Gürsüctanda keçirilən Mayakovski günlərində billur güldan və diplomla mükafatlandırılıb.

- Türkiyənin Çorm şəhərində keçirilən "Şiir şölənində" Diploma layiq görülüb.

- 50 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin sabiq İcra başçısı Vaqif Əliyev  tərəfindən ikiotaqlı mənzillə mükafatlandırılıb.

- Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülüb

- Ədəbiyyatın inkişafına göstərdiyi xidmətlərə görə müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Brliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən gördüyü işlər yüksək dəyərləndirilib və müxtəlif vaxtlarda diplom və fəxri-fərmanlarla təltif edilib

2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilib, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görüblər. 2017-ci il mart ayının 14-də saat 03.30 radələrində həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndindəki kənd qəbristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.