“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 287 nömrəli Zəkalar liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Əhmədli Aygün Əkbər qızı 04.01.1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ilə orta təhsilini Bakı şəhərindəki 116 nömrəli məktəbdə qızıl medalla tamamlayıb. Həmin il BDU-nun biologiya fakültəsinə daxil olub 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1986-1992-ci illərdə təyinatla AMEA-da Fizika, sonra Botanika İnstitutunda böyük laborant vəzifəsində çalışmışdır.
1992-1994-cü illərdə Xəzər Hövzə poliklinikasında həkim-laborant, sonra laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir.
1994-cü ildən 287 saylı Zəkalar liseyində biologiya müəlliməsi kimi pedaqoji fəaliyyətə başlayıb. 2004-cü ildən həmin liseyin direktoru vəzifəsində çalışıb.
2000-2001 və 2001-2002-ci illərdə 2 dəfə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəsi” müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomları ilə təltif olunub.
2004-cü ildə Əməkdar müəllim adına layiq görülmüşdür.
2007-ci ildə elmi işimi tamamlayıb Biologiya elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Biologiya fənninin tədrisinin təkmilləşdirilməsi məqsədi ilə yazılmış metodik vəsaitlərin müəllifidir.
Azərbaycan Respublikasının Təhsil islahatları layihəsinin materiallarının hazırlanmasında iştirak etmişdir.
Fəaliyyətilə əlaqəli bir çox yerli və xarici seminar və konfranslarda iştirak etmişdir. İdarəetmə ilə bağlı “Məktəbin idarə olunması”, “Təhsilin təşkili və idarəedilməsi”, “Ümumtəhsildə kurikulum islahatları və onun idarəolunması” və s. təlimləri uğurla bitirmişdir.
Direktoru olduğu müddətdə lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” (2008, 2013) müsabiqəsinin qalibi olub.
2023-cü ildə Heydər Əliyevin 100 illiyi medalına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.
ŞAGİRD:
Mən, Hacalıyeva Natəvan Elnur qızı 09.08.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi “Dəniz” uşaq bağçasında almışam. Orta təhsilimə 2015-ci ildə 287 nömrəli Zəkalar liseyində başlamışam. Hal-hazırda həmin liseyin 11-ci sinfində təhsilimi davam etdirirəm.
Təhsil aldığım illərdə həm məktəbdaxili, həm də özəl müəssisələrin bilik yarışları və sınaq imtahanlarında iştirak edib bir çox fəxri fərman və təltifnamələrə layiq görülmüşəm.
İbtidai sinifdə “Qiraətçi” nişanına layiq görülmüşəm.
RFO-da riyaziyyat fənni üzrə dəfələrlə yarımfinal mərhələsinə qədər yüksəlmişəm. 2022- Beynəlxalq SASMO olimpiadasında diplom əldə etmişəm.
2023- Yazıçılığa olan marağımdan BŞTİ tərəfindən keçirilən “Düşünən şagird” hekayə müsabiqəsində iştirak etmiş və birinci yerin qalibi olmuşam. Bu nailiyyətimi diqqətə alıb gənc yazıçı olaraq məni Yazıçılar Birliyindəki mötəbər tədbirə dəvət ediblər.
2024-cü ildə doqquz illik orta təhsilimi qırmızı attestatla tamamlamışam.
2024-2025-ci illər üzrə keçirilən beynəlxalq “Economics olimpiad” yarışmasında sertifikat qazanmışam.
EDU təhsil şirkətinin H.Əliyevin 100 illiyi (2023) və Anım Günü (2025) münasibətilə keçirdiyi intellektual yarışlarda komandam ilə iki dəfə qalib olmuşam.
Çoxşaxəli mütaliə etməyi çox sevirəm. İqtisadi, siyasi mövzulara xüsusi maraq göstərirəm, intellektual yönümlü inkişafıma önəm verirəm. Yaxın gələcəkdə ilk kitabımı çap etmək niyyətindəyəm.
İkinci qrup üzrə hazırlaşıram. Gələcəsinə maaliyyə və ticarət sahəsi üzrə mütəxəssis olmağı arzu edirəm.
ESSE:
Sən hələ məni oxumamısan.
Sahib olduğumuz hər bir əşya dəyər görməyə layiqdir. Xüsusilə də, kitablar. Çünki onlar insan düşüncəsini, təcrübəsini və ümidini öz səhifələrində daşıyan səssiz bilik xəzinəsidir. Bəs nə üçün dövrümüzdə bizə müsbət mənada bir çox şeyin yolunu göstərən kitabları rəflərində tozlanmağa tərk edirik? Əslində, cavab çox sadədir. Çünki insanlar çox vaxt asan əldə olunan məlumatları daha üstün tuturlar. Düşündürərək öyrədən kitabların hikmətinə dəyər vermirlər. Bu isə bizim gələcəyimiz üçün çox məyusedici bir vəziyyətdir. Çünki bu, insanı asana alışdırır. İnformasiyanın sadəcə bir hissəsi ilə kifayətlənməyi normallaşdırır. Və ən əsası, bizə kitabların bəxş etdiyi o çoxşaxəli bilikləri, fikirləri əlimizdən alır.
Kitabların ikinci plana keçməsinin əsas sabəbkarları, təəssüflər olsun ki, dövrümüzdə demək olar, bütün sahələri ələ keçirən internet, süni intellekt kimi yeni icadlardır. İnsanlar sanki kitablarla artıq təqaüdə çıxma vaxtı gəlibmiş kimi davranırlar. Onları işlərindən azad etməyə can atırlar. Amma kitablar buna layiq olmadıqlarını düşünür. Məyus olsalar da, onlar qışqırmır, şikayət etmir, sadəcə rəflərdə tozlanaraq susurlar. Elə bu susqunluq da onların ən güclü etirazıdır. Çünki açılmayan hər səhifə oxunmamış bir düşüncə, yarımçıq qalmış bir təcrübə deməkdir.
“Ədəbiyyat və incəsənət”
(04.03.2026)


