Bu gün nasir, dramaturq, publisist, tərcüməçi Yusif Əzimzadənin anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çox maraqlı bir şəxs barəsində danışacağıq. Qəribə tale, dəyərli həyat yolu, əzmkarlıq və mübarizlik... Bunları özündə birləşdirən nasir, dramaturq, publisist, tərcüməçi Yusif Əzimzadə.

 

Yusif Əzimzadə 1917-ci il fevralın 22-də Bakıda fəhlə ailəsində doğulub. Natamam orta məktəbi bitirib N.Nərimanov adına sənaye texnikumunun elektrik-mexanika şöbəsində təhsil alıb. Həm də Bakı şəhər rayonlarının elektrik yarımstansiyalarında işləyib. Tələbə ikən öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi", "Yeni yol" və "Azərbaycan gəncləri"ndə müntəzəm çap etdirib.

Onun əsərləri müstəsna hallarda "Ə.Yusif", yaxud "Y.Əhədoğlu" imzaları ilə çap olunub. Bakı hərbi məktəbini leytenant rütbəsi ilə bitirib. Qərbi Ukraynanın azad olunmasında, ağ finlərə qarşı döyüşlərdə iştirak edib. 1940-cı ildə xəstəliyinə görə tərxis olunub iki il "Abşeron kolxozçusu" qəzeti redaksiyasında ədəbi işçi, katib, 1942-1944-cü illərdə isə "Ədəbiyyat qəzeti"ndə, "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi, nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan KP MK yanında Partiya tarixi İnstitutunun "Böyük Vətən müharibəsi" şöbəsində baş elmi işçi (1944-1945), M.Qorki adına Bakı Gənc Tamaşaçılar Teatrında ədəbi hissənin şöbə müdiri (1945-1947), "İnqilab və mədəniyyət" jurnalında tənqid şöbəsinin müdiri (1948-1951), Azərnəşr və Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinin redaktoru (1951-1952), "İnqilab və mədəniyyət" jurnalı, sonra "Ədəbiyyat qəzeti" redaksiyalarında məsul katib olub.

Bakı şəhəri və 26 Bakı komissarı adına rayon Sovetinin deputatı seçilib. "Anacan" pyesinə görə musiqili teatrların ümumittifaq festivalının laureatı diplomuna layiq görülüb. Keçmiş SSRİ respublikalarının teatrlarında "Çiçəklər səltənəti", "Anacan", "Nəsrəddin", "Aprel səhəri" və "Qonşular" dram əsərləri səhnəyə qoyulub. Onun tərcümə etdiyi pyeslər (Konstantin Simonovun "Rus məsələsi", Sergey Mixalkovun "Qırmızı qalstuk", Y.Soloviçin "Qəribə dilənçi", O.Bodıkovun "Qaraqum faciəsi", Ş.Xusainovun "Anam gəldi") Azərbaycan teatrlarında səhnələşdirilib

"Pravda", "İzvestiya", "Trud" və "Literaturnaya qazeta" kimi mərkəzi qəzetlərdə müntəzəm çıxış edib. Ümumittifaq Yazıçılar İttifaqının V qurultayına nümayəndə seçilib. Moldaviyada Azərbaycan mədəniyyəti günlərində (1960), Bryansk, Voroşilovqrad və Qərbi Sibirin Tümen vilayətində Sovet ədəbiyyatı günlərində (1970, 1973, 1974) iştirak edib. SSRİ medalları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub. 1984-cü il mart ayının 6-da Bakıda vəfat edib.

 

Əsərləri

1.Partizan oğlu

2. İlk görüş

3. Onun həyatı (Sosialist Qəhrəmanı usta Baba Pirməmməd haqqında sənədli povest)

4. Görüşdən sonra

5. Üç bayram

6. Bakının işıqları

7. Yenə görüşəcəyik (roman)

8. Murad dayının xatirələri

9. Xatırlayacaqsan

10.Anacan (pyeslər)

 

Tərcümələri

Ruscadan

1. O.Qonçar. Qızıl Praqa. Bakı: Azərnəşr, 1950, 150 səh.

2. İ.Osipov. Yeddi gəmi adası. Bakı: Azərnəşr, 1951, 135 səh.

3. V.Popova. Aydın sahil. Bakı: Azərnəşr, 1952, 252 səh.

4. İ.Osipov. Xəzər çağırır. Bakı: Azərnəşr, 1953, 190 səh.

5. E.Qrin. Cənub küləyi. Bakı: Azərnəşr, 1954, 146 səh.

6. L.Tolstoy. Saxta kulon. Bakı: Uşaqgəncnəşr, 1960, 88 səh.

7. F.M.Dostoyevski. Bəyaz gecələr. Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.

8. İ.S.Turgenev. Yakov Pasınkov. Bakı: Azərnəşr, 1968, 41 səh.

9. C.London. Dəmirdaban. Bakı: Gənclik, 1971, 280 səh.

10. A.N.Ostrovski. Öz adamımızdır, düzəlişərik. Bakı: Azərnəşr, 1973, 46 səh.

11. Skandinav dastanları. Bakı: Gənclik, 1974, 245 səh.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.