Bir səsin min çaları - Flora Kərimova Featured

Aygün Bayramlı, “Ədəbiyyat və İncəsənət”

 

Səslər müxtəlifdir. Hər səsin öz çaları, öz rəngi və öz adamı var. Səs insanla birgə doğulur, dünyaya gəldiyi andan özü kimi körpə olur. Sonra insa. böyüdükcə səsi də onunla birgə böyüyür. Yaşa dolduqca həyatın çətinini, keçməkeçini görür. Səs də bu yollardan keçir. İnsanın taleyi onun səsində də duyulur. Çünki insan həm də duyğulardan ibarətdir. Səs də həmçinin.

 

Flora Kərimova yaşananların, həyatın keçməkeçinin, tarixin, duyğuların aynasıdır. Bu səs ruhumuzun yaddaşına həkk olan səsdir. Hər eşidiləndə təkcə notları duymursan, həm də zamanın yaddaşını, bir xalqın ruhunu hiss etdiyin sehirli bir aləmə düşürsən. Bu səsdə hər kəs öz taleyini yaşayır, hər kəs öz hekayəsini tapır. Bu səs həm həzindir, həm güclü, həm dramatik, həm ilhamverici. Bu səs bəzən dərin kədər gətirir insana, amma bəzən dəniz olmağa, günəş olmağa, nəğmə olmağa səsləyir səni. Bəzən böyüdür insanı qocaman insana dönüşdürür, bəzən lap körpə uşaq edir insanı. Çünki onun səsini təkcə eşitmirsən, bütün varlığınla hiss edirsən. Flora Kərimova səsinin sərhəddi yoxdur. Bu səs həm də gələcəyin ümidini yaradır. Onun səsi dalğalanır, qəlbimizin sahillərini titrədir, ən gizlin hisslərimizi oyadır.

Flora Kərimovanın səsində həm də milli ruh da yaşayır. Buna görə də xalqımızın əsrlərlə qoruyub saxladığı şedevr mahnılar, əsərlər, milli musiqimizin davamlılığını, inkişafını, zənginləşməsini qoruyur. O, hər notda bir tarix yaradır. Bu səs həm də gələcəyə ən dəyərli mirasdır. Flora Kərimova səsi xalqımızın sənət xəzinəsində daim var olacaq. Və hər gələcək nəsil bu səsin aliliyini, bənzərsizliyini duyaraq ilhamla yaşayacaq.

Tarixin, zamanın, arzuların, hisslərin aynası olan səsin sahibi — canlı əfsanəmiz Flora Kərimovaya sevgilərlə!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.