Super User

Super User

 

Tanınmış gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” («Kako coн») adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən verilən məlumata görə, kitab təqdimatı Şimali Makedoniyanın Ohrid şəhərinin “Shilla” Mərkəzində baş tutub. Təqdimatda Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər.

Tədbirin aparıcısı və kitabın tərcüməçisi, tanınmış şairə Juliana Veliçkovskaya qonaqları salamalayandan sonra gənc şairin yaradıcılığı haqqında söhbət açaraq deyib: 

“Fərid Hüseyn poeziyası insanın yaşadığı şəxsi hadisələri zamanın böyük olayları ilə vəhdətdə əks etdirir. O sadə və aydın yazır. Şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. Onun rəngarəng poeziyasının mövzularının sərhəddi sevdiyi insana, Vətənə olan məhəbbətə, yaxud o duyğuları bizdə formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə qarşı heyranlığa qədər uzanır. O, həmçinin şeirlərində şəxsi itki, intizar və özünüaxtarışməsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldır, bununla yanaşı yaşadığımızreallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir”.

Tədbirdə Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan suallara cavablandırıb. Eyni zamanda ədəbi gecədə mekedenoyalı tanınmış qiraətçilər gənc şairin şeirlərini səsləndiriblər. Şimali Makedoniyanın «ПНВ Публикации» nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.

Qeyd edək ki, Fərid Hüseyn cari ilin 15-17 avqust tarixlərində Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında Azərbaycan ədəbiyyatını təmsil edib. Bu nüfuzlu beynəlxalq festivala İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta Jambreşin Kirin, Rumuniyadan Anisiya Angel, Bolqarıstandan Polli Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi, Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska, Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski, Stefan Mladenovski kimi tanınmış şairlər qatılıblar. Festivalın xüsusi antologiyasında, həm də ingilis və makedon dillərində yayımlanan “Qlaqoli”poeziya jurnalında şairlərin şeirləri dərc olunub. 

Festival çərçivəsində Miroslav Kirinin poeziya almanaxının təqdimat mərasimi, Andrey Əl-Əsədin qiraət saatı, “İmago” və “Mosaic” adlı şeir gecələri, Stefan Mledovskinin rəsm sərgisi və İgor Klimovskinin konserti baş tutub. 

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

Bazar ertəsi, 18 Avqust 2025 18:11

Elmə həsr olunan ömür

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Tanınmış sumqayıtlılar barədə söhbətlərimiz davam edir. Bu dəfə sizlərə Aqil Hüseynov barədə danışacağam.

 

Azərbaycan elminin və təhsilinin inkişafında öz dəsti-xətti ilə seçilən, elm yolunda yorulmadan çalışan professor Aqil Həmid oğlu Hüseynov 1955-ci ildə Cəbrayıl rayonunun yaşıllığı və saf bulaqları ilə tanınan Süleymanlı kəndində dünyaya göz açıb. Uşaqlıq illərinin pak kənd həyatı onda zəhmətsevərlik, təmkin və məqsədyönlülük kimi xüsusiyyətləri formalaşdırıb. Bu xüsusiyyətlər onun bütün ömrünə işıq salan yol nişanlarına çevrilib.

1972-ci ildə Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirən gənc Aqil Hüseynov elə həmin il böyük bilik səfərinə çıxaraq Bakı Dövlət Universitetinə qəbul olub. Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnən bu gənc üçün elm sadəcə peşə deyil, həyat amalı idi.

1982-ci ilin may ayından əmək fəaliyyətinə Sumqayıt Dövlət Universitetində başlayan Aqil müəllim burada əvvəlcə Hesablama Mərkəzində mühəndis-proqramçı, böyük mühəndis, EHM rəisi vəzifələrində çalışıb. Onun hər addımı peşəkarlığın və dəqiqliyin nümunəsinə çevrilirdi. 1990-cı ildən isə universitetin informasiya texnologiyaları kafedrasında pedaqoji fəaliyyətə başladı. Assistentdən professorluğa qədər yüksələn bu şərəfli yol onun zəhmətinin, bilik və bacarığının canlı sübutudur.

2010-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin elmi katibi kimi çalışaraq təhsilin təşkilati inkişafına da mühüm töhfələr verib. 2017-ci ilin may ayından isə İnformasiya texnologiyaları kafedrasına rəhbərlik edərək yeni nəsil mütəxəssislərin yetişdirilməsi missiyasını davam etdirir.

Aqil Hüseynov elmi pillələri ardıcıllıqla, inamla fəth edib. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aspiranturasını bitirib, 1992-ci ildə texnika elmləri namizədi, 2015-ci ildə isə Kompüter elmləri ixtisası üzrə texnika elmləri doktoru elmi adını alıb.

Onun əmək fəaliyyəti Azərbaycan sərhədlərini çoxdan aşmışdır. Dünyanın nüfuzlu elmi jurnallarında dərc olunan 175-dən çox məqaləsi, informasiya texnologiyaları və intellektual layihələndirmə sahəsində yazdığı dörd monoqrafiyası, sözün əsl mənasında, elmi irsidir. Bu monoqrafiyalardan üçü xarici ölkədə işıq üzü görüb, təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilibdir. 

Professor bir sıra beynəlxalq nəzəri jurnalların redaksiya heyətinin üzvü olaraq, müxtəlif ölkələrdə keçirilən konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycanın elmi nüfuzunu yüksəltmişdir.

Aqil Hüseynov respublikamızda zəkalı kadrların hazırlanmasında da xüsusi rol oynamışdır. Onun rəhbərlik etdiyi dissertasiya şuralarında 24 iddiaçı texnika üzrə fəlsəfə doktoru elmi adını almış, bu gün ölkəmizin ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında uğurla çalışırlar.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, bakalavr və magistr hazırlığında müasirliyi təmin etmək məqsədilə çoxsaylı metodik işlər aparmış, 13 kitab və çoxlu dərs vəsaiti ilə nümunəvi xidmət göstərmişdir. Bu əsərlər informasiya texnologiyaları üzrə təhsil alan tələbələr və bu sahədə dərs deyən pedaqoqlar üçün dəyərli bələdçidir.

Aqil Hüseynovun illərlə davam edən səmərəli elmi-pedaqoji fəaliyyəti dövlət səviyyəsində də qiymətləndirilib. 30 noyabr 2012-ci ildə Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil İşçisi” döş nişanı, 2 noyabr 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu mükafatlar onun təkcə bir alim deyil, həm də Vətəninə sədaqətlə xidmət edən ziyalı olduğunu təsdiqləyir.

Bu gün professor Aqil Hüseynov informasiya texnologiyaları sahəsində təhsilin yenilikçi inkişafına, gənc kadrların yetişdirilməsinə və Azərbaycanın beynəlxalq bilik aləmində tanıdılmasına xidmət edən əsl ziyalıdır. Onun ömür yolu sübut edir ki, elmə, zəhmətə, Vətənə sevgi ilə yanaşan həyat heç vaxt unudulmur, zaman keçsə də iz qoyur.

Bəli, ömrünün müdriklik çağında olan professor Aqil Hüseynov ötən onilliklər ərzində qazandığı uğurlar, yetişdirdiyi tələbələr və informasiya texnologiyaları sahəsinə verdiyi töhfələrlə Azərbaycanın təhsil ictimaiyyətində seçilən simalardandır. Yarım əsrə yaxın elmi-pedaqoji fəaliyyətində o, yüzlərlə tələbənin yoluna işıq saçmış, ölkəmizin nəzəri potensialının güclənməsinə mühüm töhfələr vermişdir. Həmçinin Sumqayıt Dövlət Universitetinin ağsaqqallar şurasının sədri kimi də ictimai fəaliyyəti ilə seçilərək məsləhət və tövsiyələrini hər kəsdən əsirgəmir. Lakin Aqil müəllimi tamamlayan təkcə sadaladığım uğurları, ictimai fəallığı deyil, o həm də nümunəvi, xoşbəxt ailə başçısıdır. Həyat yoldaşı Rima xanım peşəkar həkim-pediatrdır. Yeganə oğlu Həmid ali təhsilli, doktorantdır, məsuliyyətli bir sahədə çalışır, İkinci Qarabağ müharibəsinin şanlı veteranıdır. Aqil müəllim bu gün iki gül kimi qız nəvənin qürurlu babasıdır.

Həmkarlarının, tələbələrinin və geniş elmi ictimaiyyətin hörmətini qazanan professor Aqil Hüseynovu yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Onun zəhməti, bilik və təcrübəsi gənc nəsillər üçün örnəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Lirika saatında Cavid Fərzəlinin şeirlərinı təqdim edir.

 

 

***

 

Bir başqa doğulsam –,

Anam dəniz olsa,

Yenə əllərim oxşayar

sənə,

məmləkətimə!

 

Bir başqacür yaşasam,

Bir ağac olsam

Bahar ayağında.

Yenə yollarım dayanar sənə,

çiçəklərə.

 

Bir başqacür ölsəm,

Çiyinlərim yetim qalsa,

Yenə ovuclarım ağlayar sənə,

ayrılıqlara!

 

 

***

 

Evimizə payız gələndə

Ayağı saralır divarların,

Adamlar evlərinə bənzəyir:

Alça boylu, çinar sifətli.

Evimizin qabağında

Alça ağacı ayrılıqdan quruyur.

Gözü tökülür çiçəklərinin,

Üzü qaralır yarpaqlarının.

 

Uşaqkən daş atdığımız

Pəncərələrin ürəyin sındırdığımız üçün

İndi yağışların ürəyi yanmır çətirimizə.

 

Getsəm bu evdən,

Addımları balacalaşar göy üzünün,

Əlləri düşər beşikdən buludların.

 

Əllərimiz bahar gətirəndə

Çiçəklər günəşdən doğma olar itaətkar küçələrə.

Ancaq günəş köhnəlməz ağacların dilində.

Çünki dünənin gülüşündə dodaqları xatirədir günəşin.

 

 

AZADLIĞIN ŞƏKİLİ

 

Yıxasan bu şəkilin hirs divarlarını,

Tökəsən bir məzlumun ayaqlarına,

Bağrın yarasan edam kötüyünün,

Küçələrin ürəyi üsyankar ola.

 

Zamanın üzündən

Yerə çırpasan saat əqrəblərini.

Tutasan əlindən ölüm dəqiqələrinin,

Hər saniyən yaşaya, özgür qalasan!

 

Taleyini yaza biləsən yetim küçələrin,

Barmaqların boyun əyməyə

Tanrının qələminə!

 

Bir intihar ipindən çəkəsən əlini,

Göylər ölməyə, yaşaya gərək.

 

Gözlərin döyüşə div yuxusuyla,

Üzündən savaş düşməyə kaş,

Gedib durasan başqa şəkildə,

Yanından Tanrı getməyə kaş.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

 

 

 

Bazar ertəsi, 18 Avqust 2025 17:11

Həqiqəti yaşadanlar – Ata və oğulun hekayəti

 

Mənsurə Xələfbəyli,

yazıçı-publisist, AYB-nin üzvü, Turan ədəbi məclisinin həmsədri. “Ədəbiyyat və incəsənət” üçün

 

Bəzən bir ailənin yazdığı ömür dastanı, bütöv bir millətin yaddaşına çevrilir. Əsrlərin kölgəsində dayanmış ulu çinar kimi -gövdəsi keçmişə söykənir, budaqları isə ümidlə sabaha boylanır. Atanın sinəsində döyünən tarix, oğulun baxışında böyüyür. Zaman dəyişsə də, ruh dəyişmir, çünki həm qan, həm torpaq eyni həqiqəti yaşadır.

Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndi sanki təbiətin qoynunda gizlənmiş incidir. Yazda yamyaşıl çöllərini bənövşə və lalələr bəzəyir, başı qarlı dağlar mavi səmanı qucaqlayır. Çayın səsi quş nəğmələrinə qarışır, axşamlar günəş qızılı şəfəqlərini kəndin damlarına səpir. Bu gözəlliklərin içində yaşayan insanlar da təbiət kimi saf, mehriban və zəhmətkeşdir. Kəndin ziyalıları, tanınmış simaları və qəhrəman övladları var. Onlardan biri Ramiz Babaşovdur.

Ramiz Babaşov 1965-ci il martın 22-də Faxralı kəndində dünyaya gəldi. 1983- 1985-ci illərdə sovet ordusunda xidmət etdi. Daha sonra Rusiyanın Buryatiya MSSR-də, Ulan-Ude şəhərində Daxili İşlər Nazirliyinin xüsusi milis məktəbində təhsil aldı və polis müfəttişi kimi çalışdı.

90-cı illərin əvvəllərində Qarabağdan gələn acı xəbərlər onun rahatlığını əlindən aldı. 1992-ci ildə hər şeydən keçib Vətənə dönərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdi və Gəncə şəhər Kəpəz rayon polis şöbəsində sahə müfəttişi kimi fəaliyyətə başladı.

Eyni illərdə Murovdağın sərt döyüş yollarında igidliyi ilə seçildi. Atəşin, soyuğun, aclığın içində hər güllə atanda qəlbindən bir səs hayqırırdı: “Vətən!”

1994-cü ildə atəşkəs imzalandıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirdi, İctimai Təhlükəsizlik Bölməsinin rəisi oldu və dəfələrlə fəxri fərman və medallarla təltif olundu. Amma müharibə hər igidin ürəyində görünməyən yaralar qoyur…  2017-ci il, 31 dekabr — gücləndirilmiş iş rejimində gecə növbəsində çalışarkən, səhərə yaxın qəfil halı pisləşmiş, beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, 13 yanvar 2018-ci ildə dünyasını dəyişdi.  Vətən uğrunda döyünən  ürək, torpağın qoynunda susdu.

2002-ci il iyulun 2-də Gəncədə bir oğul dünyaya gəldi - Bəhman Ramiz oğlu Babaşov. Atasını uşaq yaşda itirsə də, onun igidliyi, sədaqəti və mübarizə dolu həyatını anası Elmira xanımdan dinlədi.

Bir gün tarix yenidən qapını döydü. 44 günlük Vətən müharibəsi başlandı. Gənc oğul atasının yolunu davam etdirərək silaha sarıldı. Səngərin palçığında, gecənin vahiməli sükutunda, güllələrin vıyıltısında sanki atasının səsini eşidirdi:

-Səninlə qürur duyuram, oğlum!

Bəhman Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Hadrut döyüşlərində vuruşdu, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə mühasirəyə düşdü.

O, Prezident İlham Əliyevin sərəncamı ilə “Füzuli”, “Cəbrayıl” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

Qəhrəmanlığı ilə tarix yazan Bəhman Babaşov xalqın qürur mənbəyidir. O, Vətən yolunda canını sipər edən igidlərdən biri kimi müharibə veteranı adını şərəflə daşıyır. Xalq olaraq övladlarımıza ömür boyu borcluyuq - azad torpaqlar onların qanı və qəhrəmanlığı ilə Vətən adını daşıyır.

Bu, yalnız ata ilə oğulun hekayəsi deyil - iki nəsilin ruhunu birləşdirən, qanla və şücaətlə yazılmış müqəddəs Vətən dastanıdır. Burada irs maddi sərvət yox, şərəf, qətiyyət və Vətənə sonsuz bağlılıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Sürəyya Xəliq Xiyavlıdır.

 

 

Sürəyya Xəliq Xiyavlı

Xiyav

 

 

BİR TİKƏ ŞEİR

 

Ürəyimə bir tikə düşüb

Ağrısı yox

Sadəcə radiolojist doktor çəkən şəkildə;

Bir günəş görünür.

 

Bu gün şeir oxuyanda

O qədər tamsındım

Sözcüklər yapışdı bir-birinə

Dadlı bir tikə oldu

Həyəcandan, düşdü ürəyimə.

 

Bu tikələrə alışmışam

Hərdən, dağ şəkilindədir

Hərdən ağac

Hərdən günəş, quş, ulduz, ay...

 

Xəstə deyiləm

Bunu nədən qəbul etmisiniz doktor?!

Lütfən etiraf edin...

Günəşə bənzər şeir tikəsi haqqında,

Şəkildən şəkilə düşən tikələr haqqında

Heç bir şey bilmirsiniz!

 

Çörək verirsiniz getmir

Su içirdirsiniz getmir

Dava-dərmanla ərimir.

 

Hərdən işıq səsi gəlir gözlərimdən

Hərdən günəş qanad çalır çiyinlərimdə

Bu tikə nə gedər,

Nə əriyər

Öldürməz

İncitməz

Siz, məni incidirsiniz!

 

Bir tikə şeir düşüb ürəyimə

Min günəş, vücudumu sarır.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Heç vaxt evlənməmiş və övlad sahibi olmamış yazıçı Frans Kafka (1883-1924) Berlindəki bir parkda gəzərkən, ən sevdiyi gəlinciyini itirdiyi üçün ağlayan balaca bir qız uşağıyla tanış olur. Kafka uşaqla birlikdə, gəlinciyi axtarır, amma tapmır...

 

Ertəsi gün onunla gəlinciyi axtarmaq üçün yenidən görüşmək istədiyini söyləyir. Fəqət yenə tapa bilmirlər. Kafka, qıza gəlincik tərəfindən yazılmış bir məktub verir. Məktubda "Lütfən ağlama, dünyanı görmək üçün bir səyahətə çıxdım. Sənə macəralarım haqqında yazacam" - deyilirdi.

Beləcə Kafkanın həyatının sonuna qədər davam edəcək bir hekayə başlayır. Kafka balaca qıza gəlinciyin macəralarından ibarət olan məktublarını oxuyar və sonra uşağın xoşuna gələn söhbətlər edərdi. Sonda Kafka Berlinə dönmədən öncə gəlinciyi qıza qaytarır, yəni mağazadan yenisini alıb qıza verir.

"Mənim gəlinciyimə bənzəmir" - deyən balaca qıza Kafka gəlinciyin yazdığı başqa bir məktubu da verir: "Səyahətlərim məni dəyişdirdi".

Balaca qız yeni gəlinciyini qucaqlayır və özünü çox xoşbəxt hiss edir.

Bir il sonra Kafka ölür. İllər sonra yeniyetmə olan qız gəlinciyin içindən bir məktub tapır. Məktubda yazılmışdı:

“Yəqin ki, sevdiyin hər şeyi itirəcəksən, amma sonda sevgi başqa bir şəkildə sənə geri dönəcək...

İmza: Frans Kafka

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

Bazar ertəsi, 18 Avqust 2025 15:37

Sevmirsənsə, nifrət et. Yetər ki, unutma məni

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki:- “Poeziyaya gələndə hərfləri təzə öyrənmişdim. Bir dəfə rəhmətlik atamla o zamanki yeganə televiziya kanalı, Az TV-ni izləyirdik. Məktəbli bir qız Bəxtiyar Vahabzadənin "Ana" şeirini söyləyirdi. Atam köks ötürüb dedi ki, kaş mənim də üç övladımdan biri şeir yazardı. Dedim, nə var ki, şeir yazmağa. Mən yazaram. Elə o vaxtdan, hər gecə atam zavoddan yorğun işdən gələndən sonra, rəsm albomuma yazdığım “şeirlərimi” atama oxuyurdum. Sonra uzun illər yazmadım…”

 

Onu “Facebook” sosial platformasından tanıyıram, necə deyərlər, üzünü görmədiyim dostlarımdandır. Heç bilmirəm, harada çalışır, nə işlə məşğul olur, bircə onu bilirəm ki, istedadlı xanımdır...

 

“Asosial insanam, özümü sosial şəbəkələrdə daha rahat ifadə edə bilirəm. Qoy, elə aktivliyim də, “məşhurluğum” da sosial şəbəkədə qalsın. Həmişə deyirəm ki, mən dördayaqlılardan yox, ikiayaqlılardan qorxuram. Düzdür, meşədə ayı ilə rastlaşsaydım, bəlkə də qorxardım. Adətən xanımlar, itdən, pişikdən qorxurlar. Amma onlara deyirəm, qorxmayın, rahatlıqla keçin gedin. Siz heyvanlara dəyməsəniz onlar sizə toxunmazlar.”- söyləyir.

 

Şairi tanımağa nə var ki? Yetər ki, bir neçə şeirini oxuyasan. Mən də sosial şəbəkədən onun bir neçə şeirini tapıb oxudum. “Şəhid evi” şeirində yazır:

 

Mən elə bir məmləkətdə doğuldum ki,

Gənc ömürlər, yarpaqlardan öncə solur.

Köçəri quşlardan öncə, şəhidlər uçur cənnətə

Belə gəlir payız fəsli bu yerlərə.

Bahardan doymayan pöhrələr…

Atadan doymayan körpələr…

Xəzan anaların saçından başlayır burda.

Torpaq ataların ürəyindən başlayır çürüməyə…

Mən elə bir məmləkətdə doğuldum ki,

Şəhid evləri, UÇUQ-SÖKÜK damlardan asılmış

TƏZƏ bayraqlardan bəlli olur...

Mən elə bir məmləkətdə doğuldum ki,

Kişilər ya şəhid olur ölür,

Ya da utandığından ölür...

 

Bu gün yaşadığımız həqiqətləri gözəl ifadə etməyibmi? Bu poeziya nümunəsində həm giley-güzar, həm biganəlik və həm də qeyrət hiss olunmurmu? Və ya məhəbbət şeirlərindəki həsrət yanğısını duymamaq mümkün deyil. Obrazlı desək, sanki bu yanğını təsəllinin vasitəsilə soyutmağa çalışır. Və “Soyuq əllər” şeirində yazır:

 

Ayrı-ayrı yaşayırıq,

Eyni hava, eyni şəhər

Sən o yanda, mən bu yanda

Eyni gecə, eyni səhər.

İsitdiyin əllər indi

Soyuqdur sənsiz boş qalıb

Barmağının ucunadək

Darıxıram, yada salıb.

Bir çırpınır iki ürək,

Gecələrin birindəyik

Buludlar da sevdamıztək

Qaralıb, qəm içindəyik.

Pay gətirir sənə yellər

Dəli bir eşq, şirin yuxu

Məndə qalsın soyuq əllər

Yuxusuzluq, bir də qoxun...

 

Deyir ki:- “Bir dəfə sosial şəbəkədə də bununla bağlı paylaşmam vardı: Elə etki, bir də şeir yazmayım, mən xoşbəxt olanda yaza bilmirəm. Yazmasam, demək ki, başım xoşbəxtliyimə qarışıb. Təki xoşbəxt olaq, bütün xanımlara, bunu arzu edirəm.”

 

Bəlkə də bu söhbəti heç açmazdım. Şəxsən tanımıram deyə, haqqında danışmağa sözüm çox azdır. Onun “Facebookda” paylaşdığı şeirlərini və eləcə də müxtəlif statuslarını oxuyub bu kövrək ruhlu şair xanımın səmimiyyətinə biganə qala bilmədim. Günel Balakişini deyirəm...

 

“Nifrət ürəkdə qalmağın bir formasıdır. Sevgimin ən çarəsiz halında nifrətinə də razıyam. Sevmirsənsə, nifrət et. Yetər ki, unutma məni. Nifrət ümiddir. Nifrət nə zamansa yenidən sevilmək ehtimalıdır. Unudulmaqsa sondur. Unutma məni, unutma...”- söyləyir…

 

Avqustun 16-sı Günel xanımın növbəti ad günüydü. Şənbəyə düşdü, təbrik edə bilmədik. Onu bu münasibətlə bu gün təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Gec olar, güc olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

Bir yandan da bu yağış...”

Eşidirsənmi?

Amma necə eşidəsən...

İki il,

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız,

Bir yandan da bu yağış...

Bu yağışda canavarlar da

adam olub yorğan-döşəyə

girmək istəyirlər.

Görürsənmi?

Amma necə görəsən...

Qurtarmayıb hələ də

aramızdan keçən qatarın vaqonları.

Bir yandan da bu yağış...

Bu yağışda qorxudan

səs-səsə verib bar-bar bağırır

Qobustan qayalarının öküzləri də!

Eşidirsənmi?

Amma necə eşidəsən...

İki il,

yeddi ayın ayrılığıyla

tutulub qulaqlarımız.

Bir yandan da bu yağış...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

Bazar ertəsi, 18 Avqust 2025 14:26

Bizim kino - “Mən mahnı qoşuram”

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

1979-cu ildə rejissor Tofiq İsmayılovun ekranlaşdırdığı “Mən mahnı qoşuram” filmi haqqında danışacağam.

 

Kənd dəyirmançısı Xudayar kişinin qızı Sona həm oxumağı bacarır, həmdə gözəl rəqs etməyi bacarırdı.  Oxumağı və rəqs etməyi bacaran uşaqları seçmək üçün Bakıdan qonaq gələn Fərhad və Bəhmən dayı qonaq qismində iştirak etdikləri toyda Sonanın bacarıqları qarşısında heyranlıqlarını gizlədə bilmədilər. Bu məqsədlə Bəhmən dayı Sonanı Bakıya aparmaq üçün Xudayar kişi ilə dəfələrlə söhbətlər apardı. Lakin Xudayar kişinin qatı tutumu və bu fikirlə heç cür razılaşmaması onu kənd əhalisinində gözündən saldı... 

 

11 yaşlı Sona  kənddə yaşıdları ilə toplaşaraq  kiçik musiqi səhnələri hazırlayaraq vaxtlarını səmərəli keçirdirdilər.  Xudayar kişinin sərt davranışları nəticəsində Sona hərşeydən soyumaqda idi.  Çox get-gəl olmasına baxmayaraq Xudayar kişi inadından əl çəkmirdi. Uşaqlar Bakıya yola düşən günü Bəhmən dayı son dəfə Xudayar kişi ilə bir araya gəlib ağzını aradı. Lakin bu addımı qarşılıqsız qaldı. Gözəl gülümsəməsi və şən davranışları ilə diqqəti cəlb edən Sona getmiş, yerinə hərşeydən soyuyan və heçnə etmək istəməyən bir Sona gəlmişdi.

Xudayar kişinin məntiq və düşüncəsində qız uşağı evi yığışdırmalı, uşaqlara baxmalı və heyvanları otarmalı idi. Xudayar kişi bu yanaşmanın düzgün olmadığını gec də olsa gördü və özü qızını Bakıya apardı. Bu mövzu haqqında əslində çox söz danışmaq olar. Çünki günümüzdə də bu kimi xasiyyətdə və məntiqdə olan valideynlər az deyil. “Mənim övladım həkim olmalıdır. Mənim övladım müəllim olmalıdır. Mənim övladım hüquqşünas olmalıdır” deyə-deyə neçə-neçə uşaqların, gənclərin xəyalları valideyn məntiqinin dəryasında batdı. Və bu gün o diplom sahibi olanlar günü bu gündə öz ixtisaslarına uyğun iş axtarmağa davam edirlər.

Gəlin, övladlarımızın, gənclərimizin bəyaz xəyallarının üstünə qara ləkə salmayaq. Kim bilir, bəlkə də diplomda, bilikdə, məntiqdə o ardınca getdiyimiz xəyallardadır. 

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

 

Hikmət İslamoğlu, AYB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

Son günlər, bəlkə də bir aydan çoxdur ki, Bakıda, əsasən tut, qarağac və digər ağacların yarpaqlarına qurd daraşıb. Çağırılmamış bu ziyanverici həşaratlar ölçü-biçi baxımından kiçik, lətif görünsələr də vurduqları ziyanın həcmi demək olar ki, böyükdür. Ekoloqların, bioloqların, ətraf mühitlə bağlı ölkəmizdə xeyli sayda yaradılmış qeyri-hökumət təşkilatlarının varlığına baxmayaraq, yaşıllığa qənim kəsilən həşaratların, bəşər övladına oksigen verən yarpaqların paytaxtda "soyqırımını" acı təəssüf ki, müşahidə etməkdəyik.

 

Yuxarıda heç də əbəs yerə sözügedən sahə ilə bilavasitə məşğul olanların bu istidə "həvəslə" təbiətə və ətraf mühitə "canıyananlığını" təsadüfən qeyd etmədik. Təbii ki, siyahını artırmaq da olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma İdarəsi, Sanitariya və Epidiomologiya İdarələri, şəhər, rayon İ.H-ləri və sair və ilaxır. Bilinən odur ki, gözümüz görə-görə hazırda Bakı Şəhəri, Nizami Rayonun ərazisində ziyanvericilər xeyli sayda ağacların yarpaqlarına darışıblar. Belə gedərsə payızı sarı-qırmızı yarpaqlarla deyil, hələ yay fəsli çıxmamış yaşıl örtüyü gəmirən qurdların ucbatından quru və qurdlu budaqlarla görəcəyik. Demək olar ki, bu həşəratlar artıq payızı və qışı erkən gətiriblər. Hələ yaykən yaşıl örpəksiz quru budaqlarla təəssüf ki, rastlaşırıq.

 

Bəlkə yanılıram: amma mənə elə gəlir ki, demək olar hər gün rastlaşdığımız ağacların yarpaqlarını həşaratların məhv etməsi şəhər sakinlərinin xeyli qisminin eləbil heç vecinə də deyil. "Sakinlərin xeyli qisminin eləbil heç vecinə də deyil" kəlməsini deyəndə "Şərikli çörək" filmindəki Qırçı Məhəmmədin nahar fasiləsi zamanı (əslində acdığına görə) özüylə danışarkən, — "Əşi, cəhənnəmi ki" ifadəsi haradansa beqafıl yadıma düşdü (orasını deyə bilmirəm). Ancaq bircə onu bilirəm ki, istilər düşəndən bəri Şəkidə, işğaldan azad olunan ərazilərdə otlaq sahələrin, biçənəklərin, çölün-çəmənin od tutmasının, meşə yanğınlarının qarşısını almaqda hüquq-mühafizəsi orqanları, habelə FHN-nin əməkdaşları fədakarlıq göstərirlər. Əhali arasında maarifləndirmə və təlimatlandırma müntəzəm olaraq aparılmaqdadır. Ətraf mühitə, fauna-floraya ziyan vuranlar güc strukturlarının birgə səyi ilə təqsirkarlar müəyyən edilir və onlara qarşı qanuna müvafiq ölçü götürülür.

Təbiətə — bizi yaşadan yaşıl varlığa ziyan vuran nə varsa; istər şəxs(lər), istərsə həşaratlar, habelə yarpaqları məhv edən ziyanvericilər də nəticə etibarı ilə eyni missiyanı yerinə yetirirlər. Nəticədə, ətraf mühitə dəymiş itki, belə demək mümkünsə eynidir. Toplananlarda rəqəmlərin yerini dəyişmək yekun nəticəni dəyişmir. Yəni, birisi bilərəkdən və ya bilməyərəkdən (məsuliyyətdən azad etmir) əkin sahəsinə od vurur, o birisi yeyib-içmək üçün dağın döşündə, çay  kənarında, digərləri meşə ətrafında gözəgəlimli yamaclarda ocaq qalayır, kabab bişirir, samovar dəmləyirlər. Bəh-bəhlə yeyib-içəndən sonra, çox vaxt zir-zibillərini ətrafa dağıdırlar, bəzən də sellofanlara yığırlar. Bəzi ölkələrdə satışı qadağan olunmuş, bir sıra inkişaf etmiş ölkələrdə sıradan çıxarılmış həmin sellofan torba-paketlərə zibillərini yığan "vətənpərvərlər" həmin paketi tolazlayırlar çaya, yerdə qalan zir-zibillərini isə hara gəldi atırlar. Təəssüf ki, belə mənzərələrlə tez-tez rastlaşırıq.

Söz düşmüş və yeri gəlmişkən iki mühüm faktı hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm. AzTV-nin keçmiş əməkdaşı, şair, mərhum Məmməd Aslan müəllifi və aparıcısı olduğu məlum verilişinin birində səsləndirirdi ki, "Krımda sənət dostlarıyla birlikdə dağ döşündə, meşənin ortasında — könül oxşayan bir guşədə əyləşmişdik. Başımızı açmaq istəyirdik. Hazırlıqlı idik. Azuqəmizi də özümüzlə götürmüşdük. Elə yenicə ocaq qalamaq istəyirdik ki, başımızın üstünü çalağan quş kimi helikopter aldı: bir göz qırpımında; ocağın alovlanmağına imkan və aman vermədən. Baxmayaraq ki, həmin ölkənin də sənət adamları bizimlə birgə idi. Hamımızı əllərimiz arxamızda helikopterə mindirdilər". Mərhum M.Aslan canıma üşütmə salan fikirlərini davam edərək deyirdi: "Qədrini yaxşı bilməmişik, ay dağlar, ay yamaclar, ay sərin bulaqlar, ay zümrüd meşələr... Harda gəldi torpağın humus qatını yandırmışıq, zədələmişik, korlamışıq..."

Xalq Artisti mərhum Aygün Bəylərin "Tut ağacım" mahnısındakı "...Neçə körpə budağını mən əzmişəm?" sətirlərinin həzin və kövrək xatirəsi mərhum M.Aslanın "ay dağlar, ay yamaclar, ay sərin bulaqlar, ay zümrüd meşələr..." ifadəsilə üst-üstə düşür, Uca Tanrının Kəlbəcərə bəxş etdiyi misilsiz təbiət gözəlliyini, onun qədir-qiymətini zamanında heç də hamılıqla bilmədiyimizə görə şairin yana-yana, heyfsilənərək, nəhayətdə çoxsaylı izləyicilərinə səslənərək nisgilli tərzdə eyhamına səbəb olmuşdur.

Sözügedən mövzu ilə bağlı bəndənizə digər əhvalatı illər öncə yeniyetmə çağından tanıdığım Nazim Qurbanov danışıb. Onun dediyinə görə, Soçiyə istirahətə gedibmiş. İstirahət mərkəzində qeydiyyatdan keçib, təyin olunmuş otağında libasını dəyişib. Ləngimədən həyətə düşüb. İstirahət mərkəzinin gül-çiçəklə əhatələnmiş həyətində baş-başa verən əzəmətli ağacları heyranlıqla seyr etdiyi zaman qeyri-ixtiyari olaraq yaşıl çətirə bənzəyən ağacın yarpaqlarına əl uzadaraq birini dartıb qoparıb. Elə bu an ondan arxa tərəfdə oturacaqda əyləşmiş "babulyaların", yəni nənəmiz yaşında ahıl qadınların uca səslə, sanki xor ifa edirmişlər kimi, həmin adamın ünvanına arasıkəsilməz nalayiq ifadələr və təhqirlər yağdırıblar. Özünü itirmədən və arxaya baxmadan oradan sürətlə uzaqlaşıb. Deyir ki, əgər arxaya baxsaydım onlar simamı yadda saxlayacaqdılar. İstirahət mərkəzindəki növbəti günlərdə isə  aqibətim heç də yaxşı olmayacaqdı. Bunu artıq özü üçün təxmin edibmiş. Həmin gün ehtiyat edərək mərkəzin yeməkxanasına belə yaxınlaşmayıb. Ehtiyatı əldən verməmək üçün şam yeməyini belə digər restoranda edib.

Hörmətli oxucuların diqqətinə iki oxşar hadisəni çatdırmağa çalışdıq. 70-80-ci illər arasında şair M.Aslanın sözünə rəğmən dağın döşündə hələ təbiətə heç bir ziyan vurmadıqları halda (ocaq qalanandan, yemək-içməkdən sonra, nə dəsən ola bilərdi) öncədən hüquq mühafizə əməkdaşları sənət adamlarını "zərərsizləşdiriblər". Biz də isə?!. İkinci məqam gənc həmyerlimizin yad ölkədə istirahət mərkəzlərinin birində olarkən, ağacın bir yarpağını belə dartıb qopartmasına yerli yaşlı qadınların dözməyərək ona qarşı təhqir dolu sözlər və şiddətli münasibət göstərərək "Sənin kimi kənardan gələnlərin hər biri gündə bir yarpaq qopartsa təbiətimizin, yaşıllığımızın axırı necə olar?" reaksiyası olub. Aradan uzun illər ötməsinə baxmayaraq, həmyerlimizə haqlı olaraq şiddətli tərzdə mövqeyini bildirən qadınların kəskin sözləri bugünədək soydaşımızın yaddaşında ömürlük həkk olunub.

Bəs, görəsən, paytaxtımıza gələn hansısa qonaq (hələ turistləri demirəm) ağac yarpağını dartıb qopararsa ona kimsə "gözün üstə qaşın var" deyərmi?" Dənizkənarı Bulvar ərazisində kamera çəkilişi, eyni zamanda qurum işçilərinin gecəli-gündüzlü nəzarətindən xəbərdarıq. Təsəvvür edək: bütün bunlar olmasaydı ərazidə nələr  baş verərdi?

 

Bizdə isə...

Bizdə acı təəssüf ki, ictimai qınağı ictimai qeybət əvəzləyib. Və ictimai qınaq yox dərəcəsində olduğu üçün yük düşüb yalnız polisin çiyinləri üzərinə. Beləcə, bir üsul və bir çarə də cərimədir. Polisin yükünü azaltmaq üçün gənc və fəal tələbələrdən, qazilərdən, müharibə veteranlarından, müəllimlərdən, jurnalistlərdən təmsil olunmuş qurum yaradılması yaxşı olardı. İctimai qınağın bərpa edilməsinə zəruri ehtiyac da artmaqdadır. Bu tərkibdə qurumun yaranması Xəzərin sahilboyu ərazilərindən tutmuş, bütün şəhər və kəndlərimizin ətraf mühitin qorunmasına, maarifləndirmə işinin keyfiyyətcə yeni mərhələsinə gətirib çıxarmaqla yanaşı, ictimai qınağın bərpasına köklü zəmin yaradar.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, ağacın bir yarpağının qoparılmasına ciddi narahatlıq keçirən, buna görə sözügedən ölkədə həmyerlimizə kəskin münasibət bildirən həmin qadınlarla müqayisədə necə, bizim ölkəmizdə bu cür canyanğılı davranışı kiməsə görmək müyəssər olubmu? Bax, artıq onu deyə bilmərəm!..

Paytaxtda ziyanverici qurdların ağaclara darışmasını, saysız-hesabız yarpaqları məhv etməsini, görəsən, sakinlər birgə olaraq aidiyyəti qurumlara ardıcıl şəkildə məlumatlandırıblarmı? Onu da deyək ki, yalnız bəzi telekanallarda bu məsələ qismən də olsa işıqlandırılıb. Əgər cəmiyyətin xeyli kəsimi təbiəti, yaşıllığı məhv edən ziyavericilərə qarşı biganədirsə, aidiyyatı qurumlar da yaşıllığa qənim kəsilən ziyavericilərə qarşı mübarizədə səfərbər deyilsə, bəs bunun günahını harada axtaraq?..

 

QEYD: Yazıya hazırlıq ərəfəsində yolum metrodan düşdü. Ağacların pəjmürdə halı beynimdə dolaşırdı. COP29 zamanı ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərən metronun "Koroğlu" stansiyasında qatar gözləyərkən, özüm də bilmədən vacib bir məlumat lövhəsiylə üzbəüz dayanmışdım. Orada yazılırdı: "GƏLƏCƏK BİZİMLƏ GƏLƏCƏK! Bir ağac ildə 120 kiloqrama yaxın oksigen istehsal etməyə qadirdir. Bu, üç nəfərdan ibarət bir ailənin illik tənəffüsüdür!

 

XÜSUSİ QEYD: Təbiətə münasibət mədəniyyətin səviyyəsiylə ölçülür. Unutmamalıyıq ki, biz təbiətin ağuşundayıq.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

37 -dən səhifə 2408

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.