Super User
Daşı belə qalmayan Mərdinli məscidi
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu günkü söhbətimiz ürəkağrıdan bir söhbət olacaq. Sizə izi-tozu qalmayan Mərdinli məscidi barəsində danışacağam.
Mərdinli məscidi Şuşa şəhərinin tarixi məhəllə məscidlərindən biri idi. O, XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində inşa edilmiş və şəhərin dini-memarlıq irsinin mühüm nümunələrindən sayılırdı. Məscid Azərbaycan Respublikasının yerli əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilmişdi və inventar nömrəsi 5077 idi.
Şuşa XVIII–XIX əsrlərdə 17 məhəllədən ibarət idi və demək olar ki, hər məhəllənin öz məscidi, bulağı və hamamı vardı. Mərdinli məscidi də həmin məhəllə məscidlərindən biri idi. O, Mərdinli məhəlləsində, indiki Sadıqcan küçəsi ətrafında yerləşirdi və XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri hesab olunurdu.
Memarlıq baxımından Mərdinli məscidi Şuşanın digər məhəllə məscidlərinə bənzəyirdi. Tikili yerli daş materialından inşa edilmiş, sadə, lakin zərif memarlıq üslubuna malik idi. Məhəllə sakinlərinin ibadət yeri olmaqla yanaşı, dini və ictimai toplantılar üçün də istifadə edilirdi.
1992-ci ildə Şuşanın erməni faşizmi tərərindən işğalından sonra məscid baxımsız qaldı və ciddi dağıntılara məruz qaldı. Sonradan tikili tamamilə dağıdıldı və bu gün onun hətta xarabalıqları belə qalmayıb.
Mərdinli məscidi Şuşanın zəngin dini-mədəni irsinin bir hissəsi idi. Bu məscid, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Seyidli, Mamayı və Hacı Yusifli məscidləri ilə birlikdə şəhərin əsrlər boyu formalaşmış memarlıq simasının ayrılmaz tərkib hissəsini təşkil edirdi.
Klassiklərimizin gözəl əsəsri var, “Bəlkə də qaytardılar”.
Biz də ümid edirik ki, bəlkə də Mərdinli məscidi bir gün bərpa olunacaq.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Tanınmışların portreti – Umud Rəhimoğlu
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dəyərli ziyalılarımızdan biri haqqında söhbət...
Ağıllı və sistemli adamdır. Onun əsas xüsusiyyətlərindən biri azadlığı sevməsi və fərqli düşüncəyə sahib olmağıdır. Nə qədər optimist olsa da, azadlıq onun qırmızı xəttidir. O, bunun üçün daim mübarizə aparmağa hazırdır. Sakit, təmkinlidir. Duyğularını, hisslərini hər adama bildirən deyil. Amma şən, gülərüz, mərd birisi olduğu üçün ətrafdakılar tərəfindən çox sevilir...
Deyir ki:- “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə maraqlanan əcnəbi dostlarımı o vaxt ölkəmizə dəvət edirdim. Onların çoxunu öz maşınınla qarşılayıb, özümün və qohum-əqrəbanın evində yerləşdirərdim. Eyni zamanda Qarabağ probleminə dair xeyli sayda materiallarla təmin edirdik. Həmin zaman bu tədbirlərlə əlaqədar gələn jurnalistlərdən biri də Tatyana Çaladze idi. Onunla biz Xocalı faciəsinə dair “Əsrin genosidi” adlı bir kitab hazırlamaq qərarına gəldik. Bu işlərə görə mən öz “Jiquli” markalı maşınımı onun istifadəsinə verdim. Onu da deyim ki, bu işləri hansısa xüsusi fond üzərindən etmirdim, elə ailə dolanışığından ayırıb görürdüm. Kitab üçün Bərdədə qalıb işləmək lazım gəldi. Xanım hər dəfə maşın üçün etibarnamənin vaxtı qurtaranda müraciət etməli olurdu. Mənim də başqa bir maşınım var idi. Ona görə də növbəti dəfə müraciət edəndə ona birdəfəlik etibarnamə verdim. Bunu da böyük qəhrəmanlıq saymıram. Azərbaycan üçün iş görmək niyyətində olan hər bir insana imkanım dərəcədə kömək etməyə indi də hazıram...”
Xeyirxah və nəzakətlidir. Hər zaman başqalarına kömək etmək və nəyisə öyrətmək üçün çox həvəslidir. Məsuliyyətlidir, məntiqlə hərəkət etdiyinə görə iş həyatında çox vaxt uğur qazanır. Təbiətcə analitikdir, insanları diqqətlə nəzərdən keçirməyi xoşlayır. Liderlik keyfiyyətləri var...
“Mən özüm uzun illər jurnalistikada olmuşam. Hazırda da işinin əsas hissəsi media ilə bağlı olan bir təşkilata rəhbərlik edirəm. Mən özümü jurnalistlərin dostu yox, onların mövcud olduğu ailənin üzvü hesab edirəm. Dost ailədən kənar olur. Mediada olanlar bizim jurnalistika təcrübəmizdən az xəbərdardırlar. Öz dövrü üçün kifayət qədər populyar olub, yüksək tirajla çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri idim. Jurnalistikada kifayət qədər aktiv olmuşam. Vaxtilə Azərbaycana 100-dən artıq əcnəbi jurnalistin səfərini təşkil etmişəm. Hətta onların səngərlərdə əsgərlə görüşünə də şərait yaratmışam. Eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi tələbələri də müharibədən zərbə alan regionlara aparmışıq. Bizim layihədə əsasən yazmaq qabiliyyəti olan insanlar iştirak edirdilər. Onların gördükləri haqqında esse yazmaqları vacib idi. Onlar eyni zamanda məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış oldular, Xocalı faciəsinin şahidlərini dinlədilər, qıçını qolunu itirmiş müharibə iştirakçıları ilə ünsiyyətdə oldular. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasına bundan böyük xidmət ola bilməz.”- söyləyir...
O, 1961-ci ilin fevral ayının 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd məktəbində orta təhsilə yiyələnib. 1979-1981-ci ilərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə oranı müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və "Marşal" Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür. Prezident seçkiləri ilə əlaqədar "Seçki-2008" Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi, BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavinidir. Bəli, söhbət Umud Rəhimoğludan gedir...
Deyir ki:- “Uşaq vaxtından şeir yazıram. Orta məktəbi oxuduğum illərdə ilk şerlərim Füzuli rayonunun “Araz” qəzetində çap olunub. Dövri mətbuatda kifayət qədər şeir çap etdirmişəm. Müharibə, təşkilatdakı gərgin iş tempi yaradıcılığıma ciddi mane oldu. Amma hesab edirəm ki, bu yazılar nə vaxtsa üzə çıxacaq. Müxtəlif mövzulara baş vurmuşam, bunların arasında məhəbbət, vətənpərvərlik, fəlsəfi düşüncələr var. Poeziya təbdən asılıdır...”
Heç vaxt cansıxıcı olmayıb və fəaliyyətsiz qalmayıb. Macəra həvəskarı olsa da, həyatını daimi yeniliklərə həsr edir. Risk etməyi bacarır. Həqiqətin üzə çıxması uğrunda mübahisə etməkdən çəkinmir. İnsanları sevir, amma sevgisini necə göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda mübarizə aparmağı xoşlayıt. Onun emosiyalarını görmək elə də asan deyil, bunun üçün, necə deyərlər, hissiyatı güclü adam olmaq lazımdır...
“Xarici ölkələrdə yaşayan kifayət qədər dostlarım var. Və onlar müxtəlif istiqamətlərdə çalışan adamlardı. Bu dostluğun əksəriyyəti təsadüflər üzərində qurulub. İnsan gərək həmişə ölümü unutmasın və çalışıb kimlərəsə əl tutsun. Mənim həyat prinsipim bu olub. Bəlkə də çevrəmdə həmişə böyük insanlar olub deyə, əsl həyat fəlsəfəsini düzgün mənimsəmişəm. Bir yox, bir neçə prezident dostlarım var, bunları danışmağı xoşlamıram. Orta məktəb, əsgərlik yoldaşlarım də mənim üçün çox qiymətlidir...”- söyləyir.
İşıqlı adamdır, iştirak etdiyi tədbirlərdə xoş söz söyləməkdən çəkinmir. Bu da onun ürəyiaçıq, mərd, qısqanclıqdan uzaq olduğundan xəbər verir. İlqar Əlfioğlunun 70 illiyi ilə əlaqədar Mətbuat Şurasında təşkil edilən tədbirdə iştirak edərkən, bunun bir daha şahidi oldum. O qədər gözəl danışdı ki, yubiliyarın yaradıcılığını səxavətlə izah edə bildi. Xülasə, haqqında söhbət açdığım Umud Rəhimoğlu sözün əsl mənasında dəyərli ziyalılarımızdandır...
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Liderlik qanunları, nömrə 5
“Ədəbiyyat və incəsənət” portalı Liderlik qanunlarının dərcini davam edir.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
5.E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Ciddi imzalı nasir, üstəlik, tərcüməçi və pedaqoq
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Çağdaş Azərbaycan ədəbiyyatında özünə ad edə bilmiş yazarlardan birinin - Etimad Başkeçidin bu gün doğum günüdür. Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. Kirovisi orta məktəbində və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.
Təbii ki, SSRİ-nin ən istedadlı gənclərinin ədəbiyyat uzmanlarından dərs aldığı bu məktəbdə oxumaq onun yazıçı kimi püxtələşməsində rol oynayıb.
Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri, "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi, universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru, Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi, Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi olub. Fəaliyyətini dayandərana qədər Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşı da olub.
2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü olub. Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir. Rus və türk dillərini bilir.
Kitabları
- Panoptikum (şeirlər və hekayələr)
- Y.Polyakov, Süddə çəpiş
- L.Anninski, Ceviz ləpəsi
- S.Kinq, Ölü zona
- V.Jirmunski, Xalq qəhrəmanlıq eposu
“Ədəbiyyatı və incəsənət”
(14.07.2026)
Bir canı yaşatmağa çalışdım...
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Deyirlər, bir insana edilən yaxşılıq bütün dünyaya edilən yaxşılıq kimidir. Mən isə inanıram ki, bir canlıya da uzanan əl də ən böyük uğurdur. Bəzən xilas edə bilməsən belə, onun son günlərini sevgi ilə keçirməsinə səbəb olmaq böyük mənəvi dəyərdir.
Həyatımda bəlkə də ilk dəfə həqiqətən bir işə yarandığımı hiss etdim. Küçədə ölüm ayağında olan balaca bir pişiyi tapdığım an bunu düşünmədən onu qucağıma alıb evə gətirdim. Gecə idi. Yaralı idi, tərpənməyə gücü çatmırdı. Onu maşın vurmuşdu, yoxsa uşaqların ehtiyatsız oyunu nəticəsində xəsarət almışdı – bunu heç vaxt bilməyəcəyəm. Amma o mənzərəni də, ondan bir neçə saat əvvəl gördüyüm və itimi maşının vurduğu yuxunu da heç vaxt unutmayacağam. Səhəri işə getmədim. Bütün planlarımı, məsuliyyətlərimi kənara qoyub onu baytara apardım. Bir həftə ərzində hər gün iynələrini vurdurdum, dərmanlarını vaxtında verdim, yeməyini yedizdirməyə çalışdım. Körpə uşaq səsinə bənzəyən miyoltusu ilə ürəyimə elə yol tapmışdı ki, artıq onu ailəmin bir parçası kimi görürdüm. Gündən-günə yaxşılaşırdı. Yeriməyə başlamışdı. Su içirdi. Yemək yeyirdi. Ümid edirdim ki, bu mübarizəni qazanacaq. Yeddinci gün gecə rahat yatdığını görüb düşündüm ki, qoy dincəlsin, səhər yenə baytara apararam.Amma səhər hər şeyi dəyişdi. Oyandım. İstədim ki, gedib ona baxım. Sonra "bir azdan baxaram" dedim. Elə həmin an anam otağa daxil olub sakit səslə dedi: "Pişik ölüb..."
Heyvan itkisi də ağır olur. Bunu yalnız yaşayan anlayar. Həmin gün saatlarla ağladım. Onu torpağa basdırmaq belə mənə çox ağır gəldi. Həyətimizdəki digər pişiyin yanına gəlib sanki anasını axtarması gözümün önündən getmir. Evdə isə onun yeməyi, qlükozası, istifadə edə bilmədiyi dərmanları hələ də qalıb.
Bir həftə yaşatdım, nə dəyişdi? Məncə, çox şey dəyişdi. O balaca can son günlərini küçədə, ağrı içində, təkbaşına deyil, sevgi görərək keçirdi. Bəlkə də mən onu ölümdən xilas edə bilmədim. Amma ona mərhəmətin nə olduğunu hiss etdirə bildim.
Amma bir canı öldürmək nə qədər asandır. Bir maşın keçir, bir zərbə dəyir və həyat bitir. Çox vaxt heç kim dayanıb arxasına belə baxmır. Halbuki bəzən bir anlıq dayanmaq, bir əl uzatmaq, bir baytara aparmaq həyat vermək deməkdir. Kaş ki, insanlar heyvanlara sadəcə küçədə yaşayan canlı kimi yox, hiss edən, ağrı çəkən və yaşamaq istəyən varlıqlar kimi baxsınlar. Çünki mərhəmət təkcə insanlara deyil, nəfəs alan hər cana göstəriləndə öz həqiqi mənasını tapır.
Bəlkə də kimlərəsə bu, sadəcə təsadüf və ya fantaziya kimi görünəcək. Amma mənim üçün dünən evə girən o kəpənəyin başqa bir mənası vardı. Sakitcə uçub gəldi və gedib balaca pişiyi son günlərində saxladığım yerə qondu... Uzun müddət də elə orada qaldı. O an qəribə bir hiss keçirdim. Sanki sözlə ifadə edə bilmədiyim bir vida idi. Bəlkə də bu, sadəcə təbiətin qonağı olan kəpənək idi. Amma bəzən insan itkinin ağırlığını yaşayanda ən kiçik işarədə belə təsəlli axtarır. Mən də o kəpənəyə baxıb düşündüm ki, bəlkə də o idi, başqa qiyafədə gəlmişdi. Mənə təşəkkür edirdi...
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
“Biri ikisində” Məmməd Məmmədlinin hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Məmməd Məmmədlinin hekayəsi təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
Məmməd MƏMMƏDLİ
YER
“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə başımızı aldatmayın” şüarı ilə divarları yazıq-yazıq edərək ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. Səkilərdə, yollarda, dükanların qarşısında “Mars”, “Snickers”, “Milky Way” şokoladları ayaq altında tapdalanır. Bunun qarşılığında İlon Mask heç də narahat görünmür.
Ohayo ştatına ezam olunmuş xüsusi müxbirimiz Eypril Onil yeni filmlərin təqdimatına toplaşan holivud ulduzları arasında İlon Maskı görüb. “Sentrum” hotelindən canlı bağlantı yaratmağa çalışaq:
– Eypril, buyurun.
(Müxbir əlində mikrofon, fonda isə İlon kino ulduzları arasında rəqs edir).
– ...Son zamanlar İlon Maskın verdiyi açıqlamalar ümidverici səslənmir. Belə ki, “SpaceX”in yaradıcısı uçuşların nə zaman bərpa olunacağı sualına “Zaman nisbidir, məndən yox, Enşteyndən soruşun” kimi qeyri-adekvat cavablar verir. Bəzən isə o, media ilə ünsiyyətdən tamamilə yayınır. Biz indi “Sentrum” hotelində təşkil olunan ziyafət zalındayıq. Ümid edirik rəqs meydançasını ələ alan İlon bizimlə səmimi olacaq və hansısa bir dəqiq məlumatı bölüşəcək.
– Cənab İlon, siz “Mars İncorporated” şirkətinə zərbə vurmaq üçün bunu edirsiz, yoxsa? Amma məsələyə ciddi yanaşsaq... Yəni doğurdan biz heç zaman Marsa gedə bilməyəcəyik?
İlon Mask baxışlarını yuxarı, bir qədər də sola çəkərək beş saniyəlik fikrə gedir sonra üzünü müsahibinə tutur:
– Mən sizə bir söz demək istəyirəm. Amerika film sənayesi son onillikdə inanılmaz dərəcədə fərqli kontent yaradıb. Əlbəttə, bu insanların məhsuludur. Amma biz süni intellektin köməyi ilə kinonu elə bir səviyyəyə qaldıracağıq ki, orada qəhrəmanlar siz olacaqsız. Filmin çəkilişləri artıq başlayıb. Odur ki, sizə premyeranı gözləməyi tövsiyə edərdim.
Eypril Onil üzünü kameraya tutaraq: “Görəsən, premyera sözünün arxasında nə gizlənir? Ümid edirik söhbətin filmdən getmədiyini yaxın zamanlarda hamımız biləcəyik. Hələlik bu qədər. Söz yenidən sizdədir”.
Mayor Hümbətov televizoru söndürüb zalda əyləşən qara kostyumluları bir-bir gözdən keçirdi:
– Nə düşünürsüz, cənablar? Adam doğrudan Marsa getmək istəmir. Kim öldü, kim qaldı, şirkətə maraqlı deyil. Yəqin, başa düşürsüz də, premyera məsələsi diqqəti yayındırmaq üçündür.
– “SpaceX” pul xərcləmək istəmir? Yoxsa... – çiyinlərinin üstünə kəpəyi tökülmüş El-İlan maraqlandı. Digərləri ortada gedən söhbətə qulaq asırdı.
Mayor Hümbətov kreslosuna yayxanaraq:
– Bu vaxta qədər Marsa robotlar uçurdu, indi isə insan göndəriblər. Məncə, ora getməyin heç bir nəticə verməyəcəyini anladıqları üçün xərcləri kəsiblər, – dedi.
– Bəlkə, qorxurlar? Yadınızdadırsa, bundan əvvəlki missiyada gəminin yaxınlığında bir UNO fırlanırdı. Yol boyu obyekt gəmidən əl çəkmirdi. Buna baxmayaraq, robotlardan ibarət heyət təhlükəsiz eniş etdi.
– Ola bilsin, hansısa bir xəbərdarlıq alıblar, buralar sizlik deyil, yaxud da buna bənzər başqa bir şey.
– Sizlik deyil, nə mənada?
– Bax elə mən də sizin kimi bu suala cavab tapmaq istəyirəm, – deyib əlində tutduğu qələmin düyməsini tez-tez sıxıb buraxdı: çık-çık-çık.
El-İlan barmaqlarını saçlarında gəzdirdikcə tüklərinin dibindən tökülən kəpək dənələri qar kimi qara pencəyinin üstünə ələnirdi.
– Biz özümüz uçsaq necə, mümkündür?
Mayor Hümbətov qarşısında “AzərSpace”in hazırladığı “Dan ulduzu” kosmik gəmisinin maketinə baxdı.
– Vəziyyət Marsın səthinə enib sonra da geri qayıtmağı tələb edir. İlon Maskda olan texnologiya bizdə yoxdur. Bundan başqa bizim o qədər yanacağımız hardandı...
– Bəs, bizim “SpaceX”lə əlaqələrimiz necədir? Xahiş etsək, onlar falkonlardan birini bizə icarəyə verər? Necə bilirsiz, bəlkə, maraqlanaq?
– Güman ki, pulun müqabilində razılaşarlar, amma əvvəlcə ora gedə biləcək qəhrəmanı tapmaq lazımdı.
Qara kostyumlu çiynindəki kəpəyi əli ilə təmizləyərək:
– Bəs, ekipaj iki nəfərdən ibarət olsa necə? – deyə, soruşdu.
– Yox, ikinci adama ehtiyac yoxdur.
– Mən adam nəzərdə tutmuram. Siçan ola bilər, ağzı yağa bulaşmış siçan, yaxud da suilanı, it. Başqa sözlə, bioloji varlıq.
Qara kostyumlular təəccüblə bir-birlərinin üzünə baxdılar.
– Siçan nəyimizə gərək?
– Biz həqiqəti öyrənməyə çalışırıq, elə deyilmi? Bilmək lazımdır ki, bu məsələ tək insanla bağlı olan şeydir, yoxsa bütün canlılara şamil olunur?
– Fikrinizlə razıyam.
– Özü də bu məsələni elə bir adam çözməlidir ki, elmdən anlayışı olsun.
Kapitan qələmi barmaqlarının arasında fırladıb ayağa qalxdı. Tapşırıq aydın idi. Daha heç bir suala ehtiyac qalmamışdı.
– Cənablar, hələlik bu qədər. Fikirləşin, ağlınıza bir ideya gəlsə, deyin. Amma unutmayın ki, vaxtımız məhduddur, qısa zamanda bir qərara gəlməliyik.
Mütəxəssislər arasında El-Yalan kod adında boz kostyumlu da əyləşmişdi. Zaldakılar bir-bir otaqdan çıxanda mayor Hümbətov boz kostyumlunu saxladı:
– El-Yalan, siz qalın.
Növbəti gün El-Yalan Elmlər Akademiyasının qarşısındakı skamyada oturub əlindəki planşetlə dosyeləri vərəqləyirdi. Bir-bir Beynəlxalq Kosmik Stansiyasında tapşırıqda olanların tərcümeyi-halını oxuyurdu. Bir nəfər göstəricilərə tam uyğun idi. Özü də əsl alim. Ona da məhz beləsi lazım idi ki, vəziyyəti elmi tərəfdən analiz edə bilsin. Diqqətlə Kapitan Musabəyovun dosyesini oxumağa başladı.
Musabəyov həmin vaxt divanda oturub televizorda bir-bir kanalları çevirirdi. Axşam süfrəsi açmış arvadı iri buluddakı aşla buğlana-buğlana təzəcə otağa girmişdi ki, mobil telefona zəng gəldi. Kişi ağır-ağır yerindən qalxıb, “mən götürərəm əziyyət çəkmə”, deyərək əlini telefona atdı. Gözünü ekranda tanımadığı nömrəyə zilləyib fikirli-fikirli düyməsin basdı.
Xəttin o biri ucunda ciddi, bir qədər də cır səslə danışan şəxs özünü təqdim etmədən birbaşa mətləbə keçdi:
– Kapitan Musabəyov, adımı deyə bilmərəm, amma hardan zəng vurduğumu təxmin edə bilərsiz. Yoldaş kapitan, siz məni xatırlamalısınız. Beynəlxalq Kosmik Stansiyada baş verən bir məsələni müzakirə etmək istəyirəm. Zəhmət deyilsə, işlədiyiniz müəssisənin qarşısındakı parka gəlin.
Kapitan Musabəyov dərhal vəziyyəti anladı. Ona kapitan deyə müraciət etmişdilərsə, demək, köhnə iş yerindəndi. Yenə kosmik uçuşlar, aylarla Yerin başına dolanmaq. Çoxdandır bu peşənin daşını atmışdı, daha ayağını yerdən üzmək istəmirdi. Elmi dərəcə alandan sonra yerdə qalan həyatını yeni işinə və ailəsinə həsr etmək istəyirdi. Bununla belə, başa düşürdü ki, yaxasından yapışdılarsa, əl çəkməyəcəklər.
– Nə vaxt, saat neçədə?
– Elə indi gəlin, gecikməyin!
Musabəyov narazı-narazı mobil telefonu masanın üstünə fırıldadıb, qara “sportivni”sini soyundu və tələm-tələsik şalvarını əyninə keçirdi. Sonra mavi zolaqlı köynək, üstündən də pencək. Hazır.
– İmkan verməzlər də! Otur ye, televizora bax, bir azdan qayıdıram.
Qapıdan çıxanda yoldaşı səslədi:
– Telefonun qaldı...
Gecə vaxtı, müəmmalı bir zəngdən sonra tanımadığın insanla görüşmək qaranlıqda kanalizasiya lyukuna düşmək kimi bir şeydi. Quyunun nə dərəcədə dərin olduğunu təxmin etmək mümkün deyil.
Ekranda kontaktlara baxa-baxa pilləkənləri enən Musabəyov özünü sığortalamaqdan ötrü köhnə tanışlardan birinə zəng vurmaq istədi, ancaq nə düşündüsə, dayandı. Fikirləşdi ki, orbital uçuşlar barədə kiminləsə məsləhətləşmək elə də yaxşı fikir deyil. O, çalışdığı idarənin məxfi qurumlarla əlaqəli olduğunu düşünüb əvvəlcə vəziyyəti öyrənməyi münasib bildi.
Binadan çıxanda tünd kostyumlu bir nəfərin ona doğru addımladığını hiss edib dayandı. Başa düşdü ki, nəzarətdədir.
– Kapitan Musabəyov, uzağa getməyə ehtiyac yoxdur, maşın burdadır, – deyib əlinin işarəsi ilə ona yolu göstərdi.
Onlar həyətin başındakı “Şevrolet”ə olan qırx addımlıq məsafəni kəlmə kəsmədən qət etdilər.
Yol boyu naməlum kostyumlu maşını ağzına su alıbmış kimi idarə edirdi. Musabəyov da arabir oğrun-oğrun adamın kostyumuna baxıb fikrə gedirdi: “Bu, məndən nə istəyir, görəsən? Harda səhv etmişəm, nəyi düz eləməmişəm ki, məni sorğu-suala tuturlar? Bəlkə, işləri düşüb mənə? Hə, yəqin, onlara lazımam. Amma pencəyi tam qara deyil, işıq düşəndə rəngi daha çox boza çalır”.
Şəhər qırağında ucqar bir göydələn. Burada nə zaman olduğunu xatırlamırdı. Binanı da, deyəsən, yeni inşa etmişdilər.
Maşından düşüb girişə doğru addımladılar. Boz kostyumlu heç nə soruşmadığı üçün Musabəyov da artıq suallar vermirdi. Amma əsas sualın cavabını elə girişdəki lövhənin üzərində qızılı hərflərlə həkk olunmuş qurumun adında tapdı: Orbital Qüvvələr Komandanlığı. Altında isə Departament-2 yazılmışdı. “Bu adam tapşırığı icra edəndi. Böyüklərinin biri ilə məni görüşdürmək istəyir”, – deyə düşündü.
Liftlə 5-ci mərtəbəyə qalxdılar sonra dəhlizdən sağa burulub uzunsov və alaqaranlıq bir otağa daxil oldular. Konfrans zalı idi. Musabəyov dərhal 180 dərəcəlik baxışlarla məkanı beyninə yazdı. Yuxarıda nəzarət kamerası, sol tərəfdə şüşəbənd, qarşıda, masanın üzərində kosmik gəmi maketi, sağda isə təlimat cədvəlləri. Elə Musabəyovun düşündüyü kimi oldu, içəridə onu gözləyən vardı. Mülki geyimdə, üzü yenicə taraş olunmuş bir şəxs Musabəyovu görən kimi “buyurun, çəkinməyin yoldaş kapitan”, – deyib ortalıqdakı müəmmalı ab-havanı dağıtmaq məqsədilə ən yaxındakı oturacağı qabağına çəkdi, özü isə əvvəlki yerinə qayıtdı.
– Əyləşin, yoldaş kapitan.
Musabəyov ürəyində fikirləşdi: “Elə bil məktəb partası arxasında oturub. Qollarını da birinci sinif şagirdləri kimi masada qoşalaşdırıb, mövzuya necə giriş verəcəyini fikirləşir”.
– Mənim adım... siz məni mayor Hümbətov çağırın. Bu yoldaş isə köhnə əməkdaşlarımızdandı. O, sizi tanıyır, birlikdə layihələrdə iştirak etmisiz.
Boz kostyumlu mayora dəstək verirmiş kimi sözlərini təsdiqlədi:
– Bəli, bəli, biz 15 il əvvəl Beynəlxalq Kosmik Stansiyada birgə olmuşuq.
Boz kostyumlunun nitqi həmin saniyə Musabəyovun yaddaşını təzələdi.
– Bayaq mənə zəng vuran siz idiniz. Səsinizdən tanıdım. Amma Beynəlxalq Kosmik Stansiyada siz deyildiz.
– Bəs kim idi? – mayor Hümbətov soruşdu.
– Çox pinti, həftələrlə bədəni su görməyən qəribə bir tip idi. Saçları həmişə yağlı olardı. Təəssüf ki, adını unutmuşam.
– Stansiyada nə işlər görürdüz?
Musabəyov danışdıqca mayor onun üz cizgilərinə, əl hərəkətlərinə göz qoyurdu.
– Yadımdadır, o zamanlar Yerin maqnetik sahəsi üzərində elmi araşdırmalar aparırdım.
– Cənab kapitan, yaxşı pula nə deyərsiz? – Mayor əsas mətləbə keçdi. – Bir təklifimiz var sizə. Marsa missiya hazırlanır, xilasetmə əməliyyatıdır. Ora uçub sıradan çıxmış robotları Yerə çatdırmaq lazımdı. Bizə kömək etməyə razılıq versəniz, yüksək məbləğdə mükafat alacaqsınız.
Musabəyov qolundakı saatın elektron siferblatına baxıb, dərindən köks ötürdü. Rəqəmlər 22:15-i göstərirdi.
– Gecə vaxtı elə buna görə məni evimdən dartıb gətirmisiz?
Əlinə qələm oynadan mayor Hümbətov gülümsəyərək dedi:
– Bəli.
– Robotlara nolub ki, onları Yerə gətirmək elə vacibdir?
– Təfərrüatlara siz razılıq verəndən sonra vararıq. Amma unutmayın, razılıqdan sonra geri çəkilmək olmaz! Həbs olunacaqsız.
Müsabəyov köhnə peşəsindən uzaqlaşsa da, gündəmdə olan kosmik xəbərləri izləyirdi.
– Təsadüfən “SpaceX”lə bağlı deyil ki?
Mayor Hümbətov onun sualına təbəssümlə cavab verdi. Musabəyov başını yellədi:
– Yaxşı, mən sizə ancaq bir neçə gündən sonra cavab verə bilərəm.
– Mümkünsə, bizə sabah deyin. Vaxt məhduddur.
Musabəyovu gətirdikləri kimi maşınla da evinə ötürdülər. O, içəri keçər-keçməz pencəyini soyunub tirtap çarpayısına uzandı. Ertəsi gün səhər arvadına bir söz demədən hazırlaşıb işinə getdi.
Musabəyov Elmi Tədqiqatlar İnstitutunda aparıcı mütəxəssislərdən idi. Elektromaqnetizm sahəsində ideyaların tətbiqinə görə ona “Enşteyn Musabəyov” deyirdilər. Kefinin kök vaxtı arvadı da onu Enşteyn müəllim, – deyə çağırırdı.
– Enşteyn müəllim, aşağıda bir nəfər sizi gözləyir, – iş yoldaşlarından forslu-fasonlu bir xanım gülümsəyərək dedi.
Dünənki gecə Musabəyovun yaddaşından silinmişdi, işdəki ab-hava o qatma-qarışıq məsələni tamamilə unutdurmuşdu ona. Amma binadan çıxan kimi, lent elə bil geriyə fırlandı.
– Hə, sizsiz?
Əlində planşet tutmş boz kostyumlu adam amiranə şəkildə “qısa söhbətimiz var, gedək”, deyib Musabəyovu tələsdirdi. Onlar dünənki “Şevrolet”ə minib, dünənki yerə getdilər...
Gündüz vaxtı Badamdar qəsəbəsi elə də vahiməli görünmürdü. Bir də Musabəyov məsələdən qismən xəbərdar olduğu üçün narahat deyildi. Boz kostyumlu binanın qarşısında dayandı və onlar maşından düşdülər.
Söhbət mayor Hümbətovun otağında davam etdi:
– Nə qərara gəldiniz?
– Əgər missiya dediyiniz kimi, robotları yerə çatdırmaqdan ibarətdirsə, mən razı.
– Bir sualım var. Dini görüşləriniz bizə maraqlı gəlir. Allaha inanırsız?
Musabəyov şablon cavab verdi:
– Bir elm adamı kimi mən ilahi qüvvələrə inanmıram və hər şeyin səbəbini yalnız elmdə axtarıram. Amma nə üçün soruşursuz? Sizi başa düşmədim.
– Ona görə soruşdum ki, maraqlıdır. Görəsən, bir müsəlman özünü Yerdən kənarda necə hiss edə bilər? Amma deyirsiz ki, ateistsiniz.
– Bəli.
– Yenə də fikrinizi öyrənmək istərdim. Bir müsəlman Yerdən kənarda özünü necə hiss edər?
– Əgər onunçün qiblə vacib deyilsə, yaxşı, Yerdəki kimi hiss edər.
Mayor Hümbətov əli ilə çənəsini ovuşduraraq fikrə getdi: “bir ateistin verdiyi cavab elə belə olmalıdır”. Sonra isə ciddi-ciddi mətləbə keçdi:
– Siz Qəmli və bığlı ilə birlikdə uçacaqsız.
– Lap yaxşı. Üç nəfərlik heyətlə.
– Qəmli və bığlı siçanın adıdır. Yanınızda bir siçan olacaq.
Kapitan Musabəyovun dodağı qaçdı.
– Bəs o biri siçan harda olacaq?
Gözlənilməz sual mayor Hümbətovun da içəridən qarnını qıdıqladı.
– Yanınızda.
– Cənab mayor, siz mənimlə zarafat edirsiz?
– Yox, bura zarafat yeri deyil. Qəmli və bığlı iki deyil, bir siçanın adıdır.
– Əcəb ad qoymusuz siçana. Niyə məhz siçan, adam bəs eləmir ki? – soruşanda elə dediyi sözə də tutuldu. – Hm... din, ateizm, siçan. Görəsən, o mənə niyə belə suallar verir? – ildırım sürətilə ağlından keçirdi.
Mayor Hümbətov baş barmağı ilə qələmini daha sərt şəkildə çıkkıldatmağa başladı: çık-çık-çık-çık...
– Siz mənə vəziyyəti izah edə bilərsiz? Gəmi ilə əlaqə kəsilib? Yoxsa...
– Xeyr, əlaqə kəsilməyib.
– Yaxşı. Gəmidə neçə robot var?
Kapitan Musabəyov sözləri elə bil onun ağzından kəlbətinlə çəkib çıxarırdı.
– İki robot və... – deyib tez də fikrini redaktə etdi, – iki robot.
– Hiss etdim robotdan başqa da orda kimsə var.
– Nə yalan deyim, missiyada iki robot və Əfqanıstandan bir astronavt iştirak edirdi.
– Əfqanıstan?!
– Bəli. Ola bilsin Tanrıya inamı güclü olduğu üçün onu bu layihəyə cəlb ediblər. Siz, əslində, onu xilas etmək üçün burdasız.
– O, sağdır?
– Necə deyim sizə. Həm hə, həm də yox.
Musabəyov hər vəchlə onu tapşırıqla yükləməyə çalışan mayorun düz gözünün içinə baxdı:
– Siz mənə deyə bilərsiz orda nə baş verir?
– Həmin astronavt hiperyuxu altında Marsa göndərilmişdi. Obrazlı dildə desək, məsafəni qısaltmaq üçün o, yatıb-durmalı idi. Amma ayılanda səhhətində problemlər yarandı.
– Hansı problemlər?
– Bilirsiz, izah etməyə bir az çətinlik çəkirəm, necə deyim?
– Elə olduğu kimi deyin.
Kapitan Müsabəyov diqqətlə mayorun sözün ardını gətirməsini gözlədi.
– Həmin o əfqan ekranda bir qədər şəffaf görünür.
– Nə mənada şəffaf?
– Şəffaf da, şəffaf.
Musabəyov bir qədər fikrə getdi.
– Siz onun şəffaflığını necə təyin etdiniz? Dalğada interferensiya var, yoxsa siqnal kəsilir?
– Xeyr, siqnal kəsilmir. Yanındakı robotlar ekranda aydın təsvir olunur, amma o adam elə biləsən ruhdur, ona baxanda arxasındakı şeylər görünür. Tez-tez də qışqırır. Hiss olunur ki, əziyyət çəkir.
– Ünsiyyət var?
– Xeyr.
– Bilmək olar, bu məlumatlar sizdə hardandı?
– Nə gizlədim, bizim “SpaceX”lə əlaqələrimiz var. Belə qərar qəbul olunub ki, budəfəki ekspedisiyada biz iştirak edəcəyik. Biz, yəni siz. Biz tərəfimizdən təşəbbüs göstəririk. Onlar öz raketlərini bizə verməyə hazırdır. Bu, həm də elmimiz üçün vacibdir. Bilirsiz?..
Mayorun nitqində həyəcan hiss olunurdu. Musabəyov onun üzünə baxa-baxa düşüncələrə daldı.
– İndi bu fenomenin izahını vermək çətindir.
– Siz planetdəki vəziyyəti araşdırıb təcili o adamı Yerə çatdırmalısız. Üstünüzdə bütün lazımi avadanlıqlar olacaq.
Gərginlikdən ağzı quruyan Musabəyov qollarını masaya uzadıb baxışlarını boşluğa zillədi: “Robotlar cansızdı, cansızdısa, demək, insanla bağlıdır... Bəlkə, din, yoxsa... yoxsa nə? Sərhəd. Hə, Yerin üst qabığı! Son təbəqə...”
Musabəyov quyunun dibinə endiyini indi başa düşdü.
– Siz mənə öz vəziyyətimi götür-qoy etməyə vaxt verə bilərsiz?
– Əlbəttə, rahat olun.
– Su versəniz, pis olmaz.
Mayor Hümbətov üzünü köməkçisinə tutdu:
– El-Yalan, bizə su gətir, – ardınca da əlavə etdi, – qazlı olsun.
– El-Yalan?!
Otaqdakıların üzünə gülüş qondu.
Çox keçmədi El-Yalan əlində bir şüşə su ilə otağa qayıtdı və nəzakətlə onu Musabəyovun qarşısına qoydu.
– Yeri gəlmişkən, sizin dosyenizi oxuyanda heç bir kod adınıza rast gəlmədim. – Mayor Hümbətov davam etdi.
Musabəyov masanın altında şüşənin qapağını astaca açaraq qazını boşaltdı, sonra suyu stəkana süzüb birnəfəsə başına çəkdi.
– Dosyedə qeyd olunmayıb. Siz mənim kod adımı heç yerdə tapa bilmərsiz.
– Sirr deyilsə, kod adınız nədir? – mayor Hümbətov maraqlandı.
Musabəyov astadan dedi:
– El-Zevs.
– Çox gözəl, ümid edirik Marsın sirrini aça biləcəksiniz.
Müsabəyov dərindən nəfəs aldı və son sözünü dedi:
– Mayor Hümbətov, mən Marsa getməkdən imtina edirəm.
Mayor üçün cavab gözlənilməz və sərt oldu. O, içindəki qəzəbini boğaraq dedi:
– Təəssüf edirəm, sizi həbsə almaq məcburiyyətindəyik.
– Yaxşısı, məni həbs edin.
Mayor Hümbətov masanın altındakı qırmızı düyməni sıxdı. Bir dəqiqədən sonra içəri iki qoluzorlu girdi.
– Aparın Kapitan Musabəyovu atın zirzəmiyə, – deyib üzünü məhbusa tutdu. – Əlvida, Enşteyn müəllim. İnciməyin, mən də hamı kimi tapşırıqları icra edirəm.
Kapitan Musabəyovu apardılar, mayor Hümbətov isə asta bir tərpənişlə pəncərəyə yaxınlaşıb, üfüqdə közərən günəşin son şəfəqlərinə tamaşa etməyə başladı. Dəniz heç zaman olmadığı kimi qızılı rəngə boyanmışdı. Gözünün qabağında yanmış kürənin ölümünə şahidlik edən mayor fikirli-fikirli üzünü çevirib yerinə qayıtdı. Şüşədə yarımçıq qalmış suya baxa-baxa, əli ilə masanın altındakı qırmızı düyməni sıxdı. Çox keçmədi köməkçi içəri daxil oldu.
– El-Yalan, buraxın onu...
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
“Maraqlı söhbətlər”də Çin “din szuy”ları
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Cinayət törətməkdə məhkum edilmiş varlı çinli şəxslər çox vaxt həbs cəzalarını çəkmək üçün öz yerlərinə oxşarını tuturlar. Bu praktika "yalançı cinayətkar" və ya "əvəzedici cinayətkar" mənasını verən "din szuy" adlanır.
Bu praktikanın mahiyyəti ondan ibarətdir ki, varlı və nüfuzlu vətəndaşlar müəyyən ödəniş müqabilində əsl cinayətkarın əvəzinə məhkəməyə gəlmək və həbs cəzası çəkmək üçün öz oxşarını və ya kasıb insanları (çox vaxt borclu olanlar) tuturlar.
Kasıb və ya borcu olan şəxslər üçün bu, varlı ailələrin dəstəyinə güvənməklə maliyyə sabitliyi qazanmaq və ailələrini təmin etmək üçün bir yoldur. Bəzi sənədləşdirilmiş hallarda bu "xidmət" üçün ödəniş həbs günü üçün 31 dollardan 8000 dollara qədər dəyişir.
Bu mövzu Çin mediasında və sosial mediada bir neçə yüksək səviyyəli iş ətrafında qızğın müzakirələrə səbəb olmuşdu. Məsələn, hələ 2009 və 2012-ci illərdə yol qəzalarında iştirak edən yüksək vəzifəli məmurların və iş adamlarının məhkəmələri zamanı, təqsirləndirilən şəxslərin yerinə, onların "əvəzedicilərin" mühakimə olunduğuna dair geniş şübhələr yaranmışdı.
Bu cür hadisələr müntəzəm olaraq ictimai qınaq doğursa da, nüfuzlu ailələrin bəzən məhkəmə və polis məmurlarına rüşvət vermək üçün istifadə etdikləri korrupsiya əlaqələri səbəbindən hakimiyyət orqanları bu cür halları tamamilə aradan qaldırmaqda çətinlik çəkirlər.
Bəli, çinlilər aşağı-yuxarı hamısı bir-birinin bənzəridir. Bizlər elə deyilik deyə, bizdə bu praktikadan istifadə edilə bilməz. Şükür.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Düşmənə sirr verməyən peşəkar kəşfiyyatçı: Şəhid Baş Leytenant Harun Alqayev
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin əfsanəvi kəşfiyyatçılarından biri də baş leytenant Harun Alqayevdir. O, yüksək intellekti, hərbi peşəkarlığı və döyüş meydanındakı misilsiz cəsarəti ilə adını Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazdırmışdır.
Erkən illəri, təhsili və hərbə gələn yol
Harun Məhəmməd oğlu Alqayev 14 iyul 1992-ci ildə Balakən rayonunun Gərəkli kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən dürüstlüvü, haqqın və ədalətin tərəfdarı olması ilə seçilən bir gənc kimi böyümüşdür.
İlk təhsili: 1998–2006-cı illərdə Balakən şəhərində yerləşən İ. Nəsimi adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur.
Hərbi təhsili: Qəlbindəki vətən sevgisi onu hərbi sahəyə yönəltmiş, 2007–2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. Daha sonra ali hərbi təhsilini davam etdirərək 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) uğurla bitirmişdir.
Peşəkar kəşfiyyatçılıq fəaliyyəti
Harun Alqayev 2014-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmətə başlamışdır. O, sıradan bir hərbçi deyil, əsl kəşfiyyat mütəxəssisi idi:
Dil bilikləri: Erməni və rus dillərini mükəmməl səviyyədə bilirdi. Bu xüsusiyyəti ona düşmən radio-danışıqlarını dinləməkdə və operativ məlumat toplamaqda böyük üstünlük qazandırırdı.
Texnoloji bacarığı: Müasir hərbi dronları idarə etmək sahəsində peşəkar idi. O dərəcədə fərqlənirdi ki, havadan kəşfiyyat və çəkiliş aparmaq məqsədilə tez-tez digər hərbi hissələrə də xüsusi olaraq çağırılırdı.
Xidmət yolu: 2015–2016-cı illərdə taqım komandirinin müavini, 2016-cı ildən isə Goranboy istiqamətində yerləşən hərbi hissədə müşahidə kəşfiyyat taqım komandiri vəzifələrini icra etmişdir. 2018-ci ildə ona baş leytenant rütbəsi təqdim olunmuşdur.
Vətən müharibəsi və şəhadəti
2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı baş leytenant Harun Alqayev öz kəşfiyyat qrupu ilə birlikdə ilk günlərdən ön cəbhəyə atılmışdır. O, xüsusilə Füzulinin azadlığı uğrunda gedən ən çətin və strateji əməliyyatlarda aktiv iştirak etmişdir.
Düşmənin müdafiə xətlərinin yarılmasında və koordinatlarının dəqiq müəyyən edilərək məhv edilməsində onun rəhbərlik etdiyi qrupun rolu əvəzsiz idi. Oktyabrın 15-də Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində Harun Alqayev vəzifə borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur.
Şəhidimizin nəşi doğulduğu Balakən şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və hərbi ehtiramla torpağa tapşırılmışdır.
Dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi şəxsi mərdlik və şücaətə görə baş leytenant Harun Alqayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif edilmişdir:
"Vətən uğrunda" medalı
"İgidliyə görə" medalı
"Kəlbəcərin azad olunmasına görə" medalı
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
İlk dəfə istedadını müəllimi üzə çıxarıb
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Muğamsənətilə məşğulolmağabaşladığı ilkgündənbugünə qədər, musiqimizi 30-dan çox ölkədə festival, dövlətbayramları və mədəniyyətgünləriilə əlaqədartədbirlərdə təmsiledib.
BunlaramisalolaraqABŞ, BöyükBritaniya, Brazilia, Fransa, Almaniya, Avstriya, Belçika, İsveçrə, İtaliya, Albaniya, Amsterdam, Malta, Rumıniya, Rusiya, Polşa, CənubiKoreya, Çin, Gürcüstan, Hindistan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Macarıstan, İran İslamRespublikası, İspaniya, Mərakeş, Qətər, Litva, Serbiya, Tunis, Türkiyə və Yunanıstanı göstərməkolar.
Söhbət Arzu Əliyevadan gedir.
Əliyeva Arzu Qurban qızı 14 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinfinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinfini bitirib. Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa gedib.
2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. Bundan əlavə 7-illik fortepiano təhsili də var. 2008–2012-ci illərdə bakalavr, 2013–2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirib. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün "Süleyman Ələskərov" adına təqaüdlə təltif edilib.
Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf ordenli Mənsum İbrahimov olub. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə "Heydər Əliyev adına Saray"da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılan konsert proqramında olan çıxışı olub. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən "VII Uluslararası dünya festivalı"nda uğurlu çıxış edib
2005-ci ildə televiziya vasitəsilə yayımlanan Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunan "Muğam ifaçılarının 1-ci Respublika müsabiqəsi"nə seçilən 20 finalçıdan biri də Arzu Əliyeva olub. Həmin ildə "Dövlət Muğam Teatrı"nın rəhbərliyi tərəfindən işə dəvət alıb və orada çalışdığı üç il ərzində bir çox dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış edib. 2006-cı ildə Astara rayonunda keçirilən "Muğam ifaçılarının III Respublika müsabiqəsi"nin "Qrandpri" mükafatına layiq görülüb.
2006-cı ildə Qazağıstan Respublikasında keçirilən "Delfi Oyunları" müsabiqəsinin laureatı olub və 2007-ci ildə Hindistanın Dehli, Laknao və Hardivar şəhərlərində "Mədəniyyət günlərinə" həsr olunan konsertlərdə iştirak edib. Bununla yanaşı həmin ildə İran İslam Respublikasında "Azərbaycan günləri"ndə də iştirak edib. 2007-ci ildə daha bir səfəri Cənubi Koreyanın Seul şəhərinə olub. Burada kecirilən "Azərbaycan günləri"ndəki çıxışları cox gözəl qarşılanıb.
2007-ci ildə növbəti səfəri Özbəkistanın Səmərqənd şəhərinə olub. Orada keçirilən "Şərq Təranələri" festivalında "YUNESKO-nun BAŞ MUKAFATI" na layiq görülüb. 2008-ci ildə Avstriyanın Viana şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2008-ci ildə Fransanın Paris, Belçikanın Brüssel, Almaniyanın Münhen şəhərlərinə səfərlər olub. Bundan əlavə Çin, Mərakeş, Litva, Rusiyanın müxtəlif şəhərlərində keçirilən "Mədəniyyət günləri"ndə də iştirak edib.
2009-cu ildə keçirilən "I Respublika Muğam Müsabiqəsi"ndə" laureat adını qazanaraq "I Beynəlxalq Festivalı çərçivəsində keçirilən Muğam Müsabiqəsi"ndə müsabiqənin ən gənc iştirakçısı kimi "Bəstəkarlar İttifaqı"nın mükafatına layiq görülüb . 2010-cu ildə Bəstəkar Süleyman Ələsgərov Mükfatı laureatı olub və eyni ildə İngiltərənin London şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2011-ci ildə əlaçı tələbə olduğu üçün Həmkarlar ittifaqının təqaüdünə layiq görülüb.
2011-ci ildə keçirilən "II Beynəlxalq Muğam festivalın"da Akademik Opera və Balet teatrında "Şah İsmayıl" operasında "Ərəbzəngi"obrazını canlandırıb. 2011-ci ildə Qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasının Perm şəhərində, Serbiyada Cənab Prezidentimiz İlham Əliyevin də iştirakı ilə keçirilən ümummilli Liderimiz Heydər Əliyevin büstünün açılış mərasimində, konsert proqramlarında iştirak edib. 2012-ci ildə Moskva şəhərində keçirilən "Mədəniyyət günlərin"də iştirak edib.
2012-ci ildə İtaliyada Nizami Gəncəvinin büstünün açılış mərasimində möhtəşəm konsert proqramında iştirak edib. 2012-ci ildə tarixdə Türkiyə Cumhuriyyətində ilk dəfə keçirilən "Azərbaycan günləri"ndə iştirak edib, 2013-cü ildə fervralin 2-si "Gənclər Mükafatı laureatı" və bununla yanaşı "İlin işgüzar xanımı" adına layiq görülüb.
2011-ci ildə "Azərbaycan gözəldir", 2013-cü ildə "Deyin hardadır" və 2017-ci ildə 3-hissəli musiqi albomu işıq üzü görüb. 2013-cü ildən "Əsli və Kərəm" opersında Əsli, 2015-ci ildən "Leyli və Məcnun" operasında Leyli obrazını canlandırmağa davam edir.
Tamaşalarda tərəf müqabilləri — Respublikanın Xalq artisti, ustadı Mənsum İbrahimov və Respublikanın Əməkdar artistləri Təyyar Bayramov, Elnur Zeynalov və İlkin Əhmədovdur. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistidir.
2018-ci il Mayın 27-də ölkə başçısının sərəncamı ilə Azərbycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. 2020-ci ildə "Humay" mükafatına layiq görülüb. 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb. Hal-hazırda fəaliyyətini Akademik Opera və balet teatrında və Beynəlxalq muğam mərkəzində davam etdirməklə bir çox Dövlət tədbirlərində də çıxışlar edib.
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)
Ulduzların ad gününü vəsf edən şair
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dörd tərəfdən öz tarixi torpaqları ilə sərhədləri olan yeganə dövlətdir Azərbaycan. Şimalda Rusiya, qərbdə Gürcüstan və Ermənistan, cənubda İran...
Hazırda Gürcüstan respublikasının ərazisini təşkil edən Borçalı elləri... Səndən necə böyük dühalar, şəxsiyyətlər çıxıbdır.
İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. 1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb.
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib.
Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib (1994-cü ildən). Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlayıb.
Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət verib, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak edib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilib. 1997-ci il iyulun 14-də vəfat edib.
Əsərləri
- Ulduzların ad günü
- İşıqlı yarpaqlar
- Torpaq nəğməsi
- Ömrümdən keçən qatar
- Salam, Yer kürəsi
- Anamla söhbət
- Yelləncəkdə yellənən külək
- Gedim anamdan soruşum
- Bir ömürlük gecə (şeirlər və poemalar)
Tərcümələri
1. Roya İnara. Xirosimada (şeir)
2. Mixail Matusovski. Sükut dəqiqəsi (şeir)
3. Slutski Boris. Tolstoyun romanı (şeir)
4. Yevgeni Yevtuşenko. Heç nəyin yarısını istəmirəm dünyada… (şeir)
5. Baltakis Altimantas. Ürək-Vətən (şeir)
6. Oljas Süleymanov. Nyu-Yorkda leysan (şeir)
7. İmant Ziyedonis. Leninlə görüş (şeir)
8. Konstantin Simonov. Vətən (şeir)
9. Draç İvan.Gecə etüdü (şeir)
Filmoqrafiya
- Qarabağ bülbülləri (film, 1977)
- Belə bir şəhər var (film, 1982)
- Bəyin oğurlanması (film, 1985)
- İntizar (film, 1986)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.07.2026)


