Tatar şairi Musa Cəlilin anadan olmasının 120 illiyinə Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi olan Musa Mustafa oğlu Cəlilovun -  Musa Cəlilin ötən gün doğum günü idi, anadan olmasının 120 iliyi idi. Ümumən türk xalqları ədəbiyyatının görkəmli nümayəndəsi olan Musa Cəlil ölkəmizdə də kifayət qədər tanınır, yaradıcılığı təbliğ olunur.

 

 

Musa Cəlil 1906-cı il fevral ayının 15-də Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə mədrəsəsində oxuyub.   

 

Musa Cəlil on yaşından şeir yazmağa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. Onun “Xoşbəxtlik”adlı ilk şeiri 1919-cu ildə “Ulduz” qəzetində dərc olunmuşdu. Sonralar mübariz inqilalbçılar, gizli təşkilatçılar, çar həbsxanalarının dəhşətini görmüş adamlar, cəbhələrdə vuruşmuş döyüşçülər Musa Cəlilin 1925-ci ildə nəşr olunmuş “Biz gedirik” ilk şeirlər kitabının əsas lirik qəhrəmanlarına çevrilmişlər. 1929-cu ildə isə şairin "İptaşka" şeir kitabı çap olunub. 

1931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki "Kommunist" qəzetinin redaktor müavini olmuşdur.     

“Gənc yoldaşlar” və “Oktyabr balaları” uşaq jurnallarındakı redaktorluq və jurnalistlik fəaliyyəti onun poetik inkişafinda böyük rol oynamışdır. 30-cu illərdə çapdan çıxmış “Ordenli milyonlar”, “Şeirlər və poemalar” kitabları Musa Cəlilin hələ müharibədən əvvəlki yaradıcılığının zənginliyini nümayiş etdirirdi.   Həmin illərdə Tatarıstan Dövlət Nəşriyyatı Musa Cəlilin tərcüməsində XII əsr gürcü şairi və dövlət xadimi Şota Rustavelinin, rus şairi, dramaturqu Samuil Marşakın, rus uşaq şair və yazıçısı Aqniya Bartonun və başqalarının kitablarını çap etmişdir. Tatar dövri mətbuatında şairin görkəmli rus şairi və dramaturqu, müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkin, rus ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Nekrasov, tanınmış ukraynalı şair Taras Şevçenko, unudulmaz rus şairləri Vladimir Vladimiroviç Mayakovski, Vasili İvanoviç Lebedyev-Kumaç, fransız inqilabçısı Ejen Potyedən tərcümə etdiyi yüzlərlə şeir oxucular tərəfindən maraqla qarşılanmışdı.

1935-ci ildə o, Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasına işə dəvət edilib, studiya 1938-ci ildə Tatarıstana köçürüləndə Musa Cəlil də Kazana gəlib və ədəbi hissə müdiri vəzifəsində işləyib. 1935-1941-ci illərdə yazdığı "Altunsaç", 1940-cı ildə tamamladığı “İldar” librettolarını Tatarıstan Dövlət Opera Balet Teatrına səhnələşdirmək üçün təhvil verib. Musa Cəlilin şairliyi ilə yanaşı, musiqi və rəssamlıq qabiliyyəti də olub, musiqi istedadı libretto yazmasında ona çox kömək edib.

O, 1939-cu ilin iyulunda Sovetlәr Birliyi Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçilib.

Musa Cəlil 1941-ci ilin yayından "Otvaqa" (“İgidlik”) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayıb,  sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir. Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir. Lakin onları satmışlar və Musa Cəlil tutularaq 25 avqust 1944-cü ildə Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə edam edilmişdir.

Sovet hökuməti ona Vətən xaini damğası vurmuş, ailəsini isə sürgün etdirmişdir. 1949-cu ildə Musa Cəlilin belçikali əsir yoldaşı SSRİ-nin Brüsseldəki konsulluğuna gələrək onun əsirlikdə olarkən antifaşist qüvvələrinin döyünən ürəyi və düşünən beyni olduğunu söyləmiş, əvvəlcə onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim etmişdir. Bu kitablar tezliklə çap olunmuş, 1956-cı ildə şairə bəraət verilmiş və onun əsərlərinin çapına qoyulan qadağa birdəfəlik aradan qaldırılmışdır.

Həmin il Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı, 1957-ci ildə isə Lenin mükafatı verilmişdir. Kazan şəhərində onun heykəli ucaldılmış, tatar milli dram teatrına onun adı verilmiş, adına ədəbi mükafat təsis olunmuşdur.

Alman əsirliyində yazdığı "Moabit gündəliyi" adlı şeirlər toplusuna görə ölümündən sonra Lenin mükafatına layiq görülmüşdür.

1954-cü ildə Kazanda keçirilən faşizm üzərində qələbənin yubileyində Xalq şairimiz Səməd Vurğun Musa Cəlili “adını ölməz əsərləri ilə bərabər, qəhrəmanlıq nümunəsi olan ölümü ilə də əbədiləşdirən” şair adlandırmış və ona həsr etdiyi (“Musa Cəlilə” adlı) şeirində demişdi:

 

Mənim şair dostum, şair qardaşım,

Vüqarın böyükdür uca dağ kimi.

Sənin hünərinlə mənim də başım,

Ucaldı göylərə bir bayraq kimi.

 

Neçə sərhəd aşır, el gəzir şeir,

Yurd salır neçə min ürəkdə, canda.

Sənə oğlum deyir, öz balam deyir,

Mənim ana yurdum Azərbaycan da.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

 

 

                                                             

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.