Hüseynqulu xan general Sisianovun “diz çök” sözündən sonra onun başını bədənindən üzmüşdü - BİZİM TARİX Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Bizim tarix” rubrikasındakı budəfəki söhbətimiz uzaq 19-cu əsrin əvvəllərinə gedib çıxır. Rus İmperiyasının acgözlüklə Azərbaycan torpaqlarına susaması və işğalçılıq siyasəti dönəminə.

 

Əksər tarixçilər qeyd edirlər ki, Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran milliyyətcə gürcü Pavel Sisianovu 1806-cı il fevralın 8-də Bakı xanı Hüseynqulu xan öldürəndən sonra şəhəri başsız qoyub qaçıb. Lakin yeni məlumatlar üzə çıxdıqca yanlışlığımı düzətlmək zamanı gəlmişdir.

Xanın generalı öldürməsinə səbəb isə Sisianovun onun qarşısında diz çöküb açarları təhvil verməsini tələb etməsi olub. Hadisə bu cür baş verib: Xanın nümayəndələri Bakı qalasından çıxıb, əllərində gətirdikləri qala açarlarını və duz-çörəyi işğalçı general Sisianova təqdim etmək istəyiblər. General duz-çörəyi qəbul edib, açarları isə geri qaytararaq deyib:

- Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.

 Xan bu yekəxanalığı eşidib bərk hiddətlənib,  generala yaxın gəlmək işarəsi verib və qalanın içindən çıxıb. Sisianovun lap həddini aşaraq “diz çök” deməsindən sonra isə onu şəxsən güllələyib. Soyuq silahlarla işləməkdə mahir olan Hüseynqulu xan uzun xəncəri çıxarıb generalın başını da kəsib. Artıq başı kəsilmiş cəsəd yerə yıxılıb.

Yəni, Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri - İbrahim-bəy tapançadan atəş açaraq generalı öldürməyib. Bunu birbaşa xanın özü edib və düşmən yerə yıxılan zaman:  "Səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım"-deyib

 

Xan generalın yazdığı “Hamınızı yer üzündə məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən" məktubunda olan sözləri ona bağşlaya bilməzdi.

Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, bədəni doğram-doğram edilib.  Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə, ardından da “diz çök” tələbinə bax belə cavab verib.

Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı ...

Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilib. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.

Rus ordusu generalının ölümündən sonra Hüseynqulu xan Bakını dərhal tərk etməyib. Şəhərin müdafiəsində durub, çünki ruslar general öləndən sonra çəkilib getmişdilərsə də, dönüşləri gözlənilirdi. Sonradan general Bulqakovun yeni ordu ilə gəlməsindən sonra Hüseynqulu xan öz yaxın adamı Kazım bəyi onunla danışlqlar aparmağa göndərir. Beşbarmaq dağı yanında Kazım bəy generala Xan və ailəsinin bağışlanmayacağı təqdirdə şəhərdə hər kəsin son nəfəsinə qədər döyüşəcəyini deyir.

Bakıya yaxın olan Bulqakov yenidən hərbi əməliyyatlara başlamaq istəmir.  Bakı xanının rus qoşunlarından “təhlükəsizliyinə zəmanət” verir. Vəziyyəti yaxşı bilən Bulqakov Bakını almaq fürsətini əslaəldən verə bilməzdi və etimad əlaməti olaraq Borisoqlebsk Draqonalayında polkovnik-leytenant rütbəsində xidmət edən oğlunu da Kazım bəylə şəhərə göndərir. 

Xan ruslara inamadığı üçün sona qədər döyüşmək niyyətində olub,lakin rusların sayca çoxluğu onu şəhərin sakinlərini məhv edilməkdən qorumaq üçün şəhəri tərk etməsinə səbəb olub.

Bakı xanı dəniz və quru tərəfdən hücuma məruz qaldığını görəndə, Bulqakovun onu aldatdığına əmin olub və Bakının açarlarını Kazım bəy generala təqdim edən zaman yeraltı yolla şəhərdən ailəsinin təhlükəsziliyi üçün Qaradağ ərazisinə, dəniz kənarına gedib və ordan da gəmi ilə Qacar dövlətinə keçib.

Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdı: "Sabahını düşünən insan heç vaxt igid ola bilməz".

 

Bakı işğal olunandan sonra müqavimətdə iştirak edən bəziləri sürgünə göndərilir. Generalın qərarına etiraz edən Xanın qohumlarınin bəziləriisə indi Qala qapıları meydanı adlanan, Xanlıq dövründə isə Carçı meydanı kimi tanınan meydanda asılır və güllələnir.

Xüsusilə Bakı xanı Hüseynqulu хan Təbrizə qaçan zaman Bakının əsas açarlarını şəhərin açardarı, İçərişəhər məscidinin axundu Ağa Seyid Məhəmmədə verdiyi üçün onu şəhər meydanında böyük işgəncələrə məruz qoyurlar, ona 100 çubuq vurulması cəzası təyin edilir. Aхund 87 çubuqdan sonra ölür. Bu çirkin niyyətlərindən doymayan ruslar axundun 12 yaşı olan oğlu Mir Cəfəridə incitmək istəyirlər. Lakin camaat uşağı ələ verməyib, gizlədir.

Bakını tərk edən xan Ərdəbil şəhəri yaxınlığında, 8 həyat yoldaşı, 17 qızı və 5 oğlu ilə yaşayır. Burda rəhmətə gedir və Kərbəlada dəfn edilir.

Bu da Bakı xanı Hüseynqulunun gerçək hekayəti.

(Yazıda Zaur Əliyevin məlumatlarından istifadə edilmişdir)

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.