Super User

Super User

Çərşənbə, 09 Sentyabr 2026 12:40

Ramiz Rövşəndən ETİRAF

“Ədəbiyyat və incəsənət” portalı dəyərli şairimiz Rüstəm Behrudinin qeydlərini diqqətinizə çatdırır.

 

Ramiz Rövşən - ustad şairimiz.

Buna söz yox!

O həm də dəyərli bir dostdu. 

30-40 illik dostluğumuz var! Bizi bir zamanlar dəyərli ədəbiyyat adamı Natiq Səfərov tanış eləmişdi. Qəbri nurla dolsun.

Bir dəfə Ramizə əhvalını soruşmaq üçün telefon açdım. Çox şükür, sağlamlığı yerində.

Bir az da yazı-pozudan danışdıq. 

Belə bir dialoq keçdi aramızda:

 

NƏ YAZMIŞIQ KİFAYƏTDİ,

BUNDAN SONRAKI QƏNİMƏTDİ...

 

Sağollaşıb, vidalaşdıq. 

5 səqiqədən sonra Ramizdən zəng gəldi: - Dediyimə  arxayınlaşma, bayaq dediyim sözlər

TƏNBƏLLİYƏ BƏRAƏTDİ!

 

Bax belə. Sənə cansağlığı, sağlam ömür arzulayıram, dəyərli Ramiz Rövşən, dəyərli qardaş--"sözün tozunu almaq"dan daha çox, onu layiq olduğu məqama qaldıran adam!

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR

 

VARİS

 

QAR YAĞMASIN...

(Hekayə)

 

Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.

                                                             Helen Keller

 

Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.

Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.

İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.

Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.

İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.

Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...

Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.

Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.

Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.

O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...

Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat?  Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.

Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.

“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”

Səs yolladı: “Mən tam səmimiyəm”.

Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.

Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...

Kəsik qolu sızıldadı.

...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.

Gözlərini yumdu.

Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...

Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.

Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.

Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.

“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.

 “Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.

Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.

Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.

Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.

Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.

Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.

“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik  qoxusu gəlirdi...”

Yola düzəldilər.

“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”

Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.

Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...

Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.

...Çatdı.

Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.

Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.

Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.

Bu qadın usanmadımı yazmaqdan?

“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”

Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.

...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:

-Xoş gördük. Necəsən?

-....

-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?

-...

-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.

Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.

Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...

Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.

-Sənin qolundur, elə?

Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:

-Mənim də ayağımdır.

Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...

N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:

-Əzələn durur?

Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.

Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.

Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...

Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?

“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”

Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:

-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.

Üşəndi. Tükləri biz-biz oldu.

Növbəti mesaj özünü çox gözlətmədi:

“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”

Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər.  Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.

Görən, bu qış qar yağacaqdımı...

Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”

Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.

Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

Bax ora səmt aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Bu gün toylarda, şənliklərdə hər birimizin böyük coşqu ilə dinlədiyi "Reyhan" mahnısı, əslində rəqs musiqisi deyil, intiqam və cəsarət simvolu olan bir qadın fədainin — Dağlar qızı Reyhanın xatirəsinə ucaldılmış musiqili abidədir.

 

Qəhrəmanın profili

Adı: Reyhan, Qaçaq Reyhan

Doğum tarixi: Təxminən 1900-cü il

Doğum yeri: Xaçmaz rayonu, Padar kəndi. Əslən Quba qəzası.

Tanınma səbəbi: 1918-ci ildə Quba və Xaçmazda erməni daşnak dəstələrinə qarşı silahlı müqavimət hərəkatına rəhbərlik etməsi.

 

Toyu qana bulanan gəlin: 1918-ci il faciəsi

Reyhan təxminən 1900-cü ildə Xaçmazın Padar kəndində anadan olmuşdur. Onun sakit və bəsit kənd həyatı 1918-ci ilin Mart soyqırımı zamanı Hamazaspın rəhbərlik etdiyi erməni daşnak silahlı birləşmələrinin Quba qəzasına hücumu ilə alt-üst olur.

Reyhanın toyu günü erməni daşnakları qəflətən kəndə hücum edirlər. Onlar toy məclisini dağıdır, Reyhanın gənc bəyini və yaxın qohumlarını vəhşicəsinə qətlə yetirirlər. Gəlinlik geyimində olan Reyhan isə möcüzə nəticəsində və təcavüzdən canını qurtarmaq üçün qaçıb gizlənməyi bacarır. Həmin gün daxilindəki gəlinlik sevinci erməni gülləsi ilə sönən Reyhanın qəlbində böyük bir intiqam atəşi alovlanır.

 

Dağlara çəkilən fədai: "Gəlinqaya" döyüşü

Yoldaşının və kəndinin qisasını almağa and içən Reyhan gəlinliyini çıxarıb hərbi geyim geyinir, silahlanır və Quba dağlarına çəkilir. O, qısa müddətdə başına özü kimi daşnak zülmündən canı yanan yerli fədailəri toplayaraq mütəşəkkil bir qaçaq dəstəsi yaradır.

 

Quba ərazisində bu gün də "Gəlinqaya" adlandırılan strateji yüksəklikdə Reyhanın dəstəsi Hamazaspın daşnak dəstələrinə qəfil və sarsıdıcı zərbələr vurur. Onların həyata keçirdiyi asimmetrik partizan taktikası nəticəsində Xaçmaz və Quba kəndləri erməni talançılarından təmizlənir, yüzlərlə dinc sakinin həyatı xilas edilir. Xalq arasında o, artıq "Qaçaq Reyhan" və ya "Dağlar qızı" kimi əfsanələşir.

 

Bolşevik həbsi və Mir Cəfər Bağırovun gizli qərarı

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da sovet rejimi ilə barışmayan milli fədailərin və qaçaqların təqibi başlayır. Reyhan uzun illər dağlarda gizlənməyi bacarsa da, 1928-ci ildə bolşevik çekistləri tərəfindən həbs olunur.

Həmin dövrün qanunlarına görə, sovet rejiminə qarşı çıxan qaçaqlar birbaşa güllələnmə cəzasına məhkum edilirdi. Reyhan da edam divarının qarşısına çıxarılarkən, onun xalq arasındakı nüfuzunu və 1918-ci ildə ermənilərə qarşı göstərdiyi rəşadəti bilən Mir Cəfər Bağırov, həmin dövrdə Dövlət Siyasi İdarəsinin rəhbəri, gizli şəkildə prosesə müdaxilə edir.

Sürgün və kimlik dəyişimi: Bağırov xalq qəhrəmanının gizli şəkildə xilas edilməsinə göstəriş verir. Reyhanın adı, soyadı və bütün sənədləri kökündən dəyişdirilir. O, sovet xəfiyyələrinin gözündən uzaqlaşdırılmaq məqsədilə Ukraynanın Krım yarımadasındakı gizli bir monastıra yerləşdirilir və ömrünün qalan hissəsini saxta kimliklə orada yaşayıb başa vurur. Onun Krımda hansı tarixdə vəfat etdiyi və məzarının dəqiq koordinatları hələ də tarixə naməlum qalmaqdadır.

 

Nəğməyə çevrilən ömür: Fikrət Əmirovun şah əsəri

Reyhanın dağlardakı bu şanlı və kədərli dastanı unudulmadı. 1959-cu ildə dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov bu cəsur dağlar qızının xatirəsinə və onun erməni daşnaklarına qarşı mübarizəsinə ithafən, şair Tələt Əyyubovun sözlərinə unudulmaz musiqi bəstələyir.

İlk ifaçı: Mahnını ilk dəfə 1960-cı ildə dünya şöhrətli müğənnimiz Rəşid Behbudov ifa edərək lentə aldırır.

Qlobal məşhurluq: Mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın repertuarında pik nöqtəsinə çatır və sərhədləri aşır. Hətta 1969-cu ildə Türkiyədə bu hekayədən təsirlənərək baş rolda Hülya Koçyiğitin oynadığı "Reyhan — Dağlar kızı" bədii filmi çəkilir və filmdə bu musiqidən geniş istifadə olunur.

 

Beləliklə,

"Dağlar qızı Reyhan" sadəcə bir sevgi və ya gözəllik nəğməsi deyil; o, gəlinlik otağından səngərə uzanan, namusunu və vətənini qorumaq üçün dağları titrədən bir Azərbaycan qadınının şərəf və intiqam himnidir. Biz bu mahnını hər dəfə dinləyərkən onun arxasında dayanan bu böyük tarixi qəhrəmanlığı ehtiramla xatırlamalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Niyə Spartak və niyə onun Təhminə üçün tapdığı “Ronson” alışqanı? Bildiyiniz kimi, Spartak məşhur “Təhminə” filmindəki obrazdır, Füzuli Hüseynovun yaratdığı mükəmməl bir obrazdır. Əslində epizodikdir, amma filmin gedişatına təsir edəcək bir obrazdır. Sevgilisi Zaurun ad günü üçün Təhminə ondan bu alışqanı tapıb almağı xahiş etmişdi. Yadınıza düşdümü?

Əslində bu filmdəki rolu elə Füzuli Hüseynovun səhnə taleyidir. Əksərən əsas olmayan rollar almaq, amma bu rolları məharətlə oynamaq.

 

Azərbaycan Respublikasının əməkdar artisti Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə görülüb. Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə verib.

O, V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanıb, onun sevimli sənətçisinə çevrilib.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilib. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

 

 Azərbaycan Televiziyasında çəkilən ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilib.

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşüb, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıdıb. N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını, M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynayıb. 9 dəfə Prezident mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Bəyin oğurlanması

2. Cavid ömrü

3. Qapalı orbit

4. Qızlar

5. Qisas almadan ölmə. Keçmişdən məktublar

6. Müqəddəs oda yanaram

7. O dünyadan salam

8. Satko

9. Sənsiz

10. Sirr

 

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1. Teleskop

2. Generalın son əmri

3. Sinif yoldaşları

4. Sənsiz

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Adam Richard Sandler.

Bu adı ciddi kino biliciləri çox eşidib.

Bu gün 60 illiyini qeyd edən aktyor barədə bilgi vermək qərarına gəldik.

 

Adam Riçard Sandler 9 sentyabr 1966-cı ildə ABŞ-ın Nyu-York ştatında, Bruklin şəhərində anadan olan amerikalı aktyor, komediyaçı, ssenarist, prodüser və musiqiçidir. O, xüsusilə komediya filmlərindəki özünəməxsus üslubu ilə tanınıb, lakin karyerasında ciddi dramatik rolları da böyük diqqət çəkib.

Sandler yəhudi ailəsində böyüyüb. Ailəsi sonradan Nyu-Hempşir ştatına köçüb. O, Manchester Central High School məktəbində oxuyub, daha sonra Nyu-York Universitetinin Tisch İncəsənət Məktəbində təhsil alıb və 1988-ci ildə məzun olub. Universitet illərində komediya ilə ciddi şəkildə maraqlanmağa başlayıb.

Stand-up çıxışları onun aktyorluq karyerasına keçidində mühüm rol oynayıb. Sandlerin böyük məşhurluğa gedən yolunda ən mühüm mərhələlərdən biri Saturday Night Live (SNL) proqramı olub. O, 1990–1995-ci illərdə proqramın aktyor heyətində çıxış edib.

SNL-də yaratdığı qəribə və satirik obrazlar, mahnılar və komediya səhnələri onu geniş auditoriyaya tanıdıb. Xüsusilə musiqili komediya nömrələri onun fərqli yumor üslubunu nümayiş etdirib. Sandler 1990-cı illərdən etibarən Hollivudun ən məşhur komediya aktyorlarından birinə çevrilib.

Onun tanınmış filmləri arasında:

- Billy Madison (1995)

- Happy Gilmore (1996)

- The Wedding Singer (1998)

- Big Daddy (1999)

- Mr. Deeds (2002)

- 50 First Dates (2004)

- Click (2006)

- Grown Ups (2010)

- Just Go with It (2011)

- Hotel Transylvania (2012)

- Grown Ups 2 (2013)

- The Meyerowitz Stories (2017)

- Uncut Gems (2019)

- Hustle (2022)

kimi filmlər var.

 

Sandler yalnız komediya aktyoru deyil. Onun bəzi dramatik rolları aktyorluq qabiliyyətinin daha ciddi tərəfini göstərib. Xüsusilə Uncut Gems (2019) filmində zərgərlik biznesi ilə məşğul olan və qumar asılılığı yaşayan Howard Ratner obrazını canlandırması böyük tərif alıb. Film Sandlerin əvvəlki komediya obrazlarından tamamilə fərqli aktyorluq nümayiş etdirməsinə imkan verib

The Meyerowitz Stories filmindəki performansı da tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Sandler 1999-cu ildə Happy Madison Productions şirkətini yaradıb. Şirkətin adı onun Happy Gilmore və Billy Madison filmlərinin adlarından götürülüb. Happy Madison vasitəsilə Sandler həm öz filmlərinin, həm də başqa komediya layihələrinin istehsalında iştirak edib.

Adam Sandler həm də musiqi ilə məşğul olub. Stand-up komediyası zamanı yazdığı komik mahnılar sonradan albom şəklində yayımlanıb. Onun They're All Gonna Laugh at You! adlı komediya albomu 1993-cü ildə çıxıb və böyük kommersiya uğuru qazanıb. Sandlerin komediya mahnıları onun yaradıcılığının mühüm hissəsidir.

Sandler sonrakı illərdə Netflix ilə də geniş əməkdaşlıq edib. Onun bir sıra filmləri Netflix vasitəsilə yayımlanıb və platformada böyük auditoriya toplayıb. Hustle (2022) filmində Sandler basketbol skautu Stanley Sugerman obrazını canlandıraraq həm idman dramı, həm də motivasiya janrında uğurlu performans göstərib.

Sandlerin komediyasının əsas xüsusiyyətləri sadə və absurd yumor, yüksək enerjili davranış, qəribə personajlar və gündəlik həyatın komik tərəflərini şişirtməkdir. Onun filmlərində tez-tez eyni aktyor dostlarının görünməsi də xarakterikdir. Bununla yanaşı, Punch-Drunk Love, The Meyerowitz Stories, Uncut Gems və Hustle kimi layihələr Sandlerin yalnız komediya aktyoru olmadığını göstərib.

Sandler karyerası boyunca həm müsbət, həm də mənfi tənqidlərlə qarşılaşıb. Komediya filmlərinin bir hissəsi tənqidçilər tərəfindən zəif qiymətləndirilsə də, onun geniş və sadiq tamaşaçı auditoriyası var. Uncut Gems xüsusilə onun aktyor kimi reputasiyasını dəyişdirən filmlərdən biri hesab olunur. Sandler bu filmdəki roluna görə çoxsaylı tənqidçi mükafatları və nominasiyalar əldə edib.

Adam Sandlerin əsas xüsusiyyəti ondadır ki, o, Hollivudda həm böyük kommersiya uğuru qazanmış komediya aktyoru, həm də ciddi dramatik rollarda özünü sübut etmiş aktyor kimi tanınır. Onun karyerası 30 ildən artıqdır davam edir və o, eyni zamanda aktyor, komediyaçı, ssenarist, prodüser və musiqiçi kimi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

Bakının elə söhbətləri vardı ki, onları evin içində etmək mümkün deyildi. Nə stol arxası lazım idi, nə rahat kreslo, nə də xüsusi səbəb. Bir stul qapının ağzına qoyulurdu, biri divara söykənirdi, kimsə eyvandan boylanırdı, kimsə qonşu həyətdən səslənirdi və söhbət başlayırdı. Buna “kandarsöhbəti” deyirdilər.

Adı da elə özünə oxşayırdı: nə tam evin içində idi, nə küçədə. Bir ayağı evdə, biri həyatda olan söhbət idi bu.

 

Qapının ağzında bir stul, bir də uzun söhbət...

İndi fikirləşəndə adamın ağlına gəlir: niyə məhz qapının ağzı? Axı evdə stol var idi. Divan var idi. Çaydan, armudu stəkan, mürəbbə də hazır idi. Amma qapının ağzında başlayan söhbətin başqa dadı vardı. Xüsusən yay axşamlarında... Gün çəkiləndən sonra Bakı bir az nəfəs alırdı. Divarlar günün istisini hələ də özündə saxlayırdı. Küçənin səsi yavaş-yavaş azalır, həyətlərdən qab-qacaq cingiltisi gəlirdi. Bir yerdə radio açıq qalırdı, o biri həyətdən uşaqların səsi eşidilirdi. Və qapıların ağzında stullar görünməyə başlayırdı. Bir qadın əlində yelpik, biri yaylığını başına salıb, digəri də elə ev geyimində çıxardı. “Bir az hava alım” deyə qapının ağzına qoyulan stul çox vaxt gecənin ən uzun söhbətinin başlanğıcı olurdu.

– Ay qız, sənə bir söz deyim...

Bu cümlə ilə başlayan söhbətin hara gedib çıxacağını heç kim bilmirdi. “Bir söz deyim...” – və söhbət iki saat uzanırdı

Kandarsöhbətinin qəribə bir qanunu vardı: heç vaxt bir mövzu ilə başlamır, bir mövzu ilə də bitmirdi. Əvvəl qonşunun qızı haqqında danışılırdı. Sonra bazarda pomidorun qiymətinə keçilirdi. Ardınca kimsə deyirdi:

– Mənim bacımın gəlini də elə etmişdi...

Vəssalam. Söhbət artıq başqa yerə gedirdi.

Birinin oğlunun işindən danışılırdı, o birinin qızının nişanından. Kiminsə qohumu kənddən gəlmişdi. Kimsə Bakının hansı mağazasında yaxşı parça satıldığını bilirdi. Bir qadın “filan həkim yaxşıdır” deyirdi, digəri dərhal öz təcrübəsini danışırdı. Amma bu söhbətlərin ən maraqlı tərəfi heç də danışılan mövzular deyildi. Əsas məsələ birlikdə olmaq idi. Bir-birinin gününü bilmək, halını soruşmaq, evdə baş verənləri bölüşmək, bir az gülmək, bir az şikayətlənmək, bir az da “sən bilirsən nə olub?” demək...

 

Uşaqlar oynayırdı, analar danışırdı

Kandarsöhbətinin başqa bir gözəl tərəfi də bu idi: uşaqlar ayrıca dünyada, böyüklər ayrıca dünyada deyildi. Uşaqlar küçədə qaçışırdı, analar isə qapının ağzından göz qoyurdu.

– Bala, çox uzağa getmə!

– Eşidirsən?

– Filankəsin həyətinə girmə!

Uşaq “hə” deyirdi. Beş dəqiqə sonra yenə yoxa çıxırdı. Ana da söhbətinə davam edirdi. Çünki məhəllədə hamı bir-birinin uşağını tanıyırdı. Uşaq bir qonşunun qapısının ağzında yıxılsa, onu qaldıracaq biri mütləq tapılardı. Acsa, bir dilim çörək verən olardı. Susasa, su içirərdilər.

Məhəllə uşağın ikinci evi idi. Bəlkə də buna görə o illərin uşaqları böyüyəndə “mənim uşaqlığım” deyəndə təkcə öz evlərini yox, bütün məhəlləni xatırlayırlar.

 

Evdəki söhbətdən fərqli idi...

Ən maraqlısı isə budur ki, kandarsöhbəti çox vaxt evdəki söhbətdən daha uzun çəkirdi. Evdə oturanda adamın fikri başqa şeylərə gedirdi. Süfrə yığışmalı idi, çay təzələnməli idi, kimsə otaqdan çağırırdı. Qapının ağzında isə vaxt başqa cür keçirdi.

Söhbətin ortasında küçədən biri keçirdi:

– Axşamınız xeyir!

– Sağ ol, ay bala, sənin də aqibətin xeyir!

Sonra yenə söhbət.

Bir qonşu gəlib dayanırdı:

– Nə danışırdız?

– Heç, filan məsələni...

O da söhbətə qoşulurdu. İndi söhbət daha da uzanırdı.

Bir azdan kimsə evdən səslənirdi:

– Çay hazırdır!

– Gətir bura, bala!

Çay qapının ağzına gəlirdi. Və artıq heç kimin tələsdiyi yox idi.

 

Bakı qadınının öz “xəbər agentliyi” vardı

Köhnə məhəllələrdə qadınların xəbərləri sosial şəbəkədən gəlmirdi.

Birinin qohumu rayonundan gəlirdi – xəbər.

Bazarda yeni satıcı peyda olmuşdu – xəbər.

Filan mağazaya yaxşı parça gəlmişdi – xəbər.

Kimin qızı universitetə qəbul olmuşdu – xəbər.

Kimin oğlu iş tapmışdı – böyük xəbər.

Amma bütün bunların içində bir də Bakı qadınının o məşhur cümləsi vardı:

– Mən heç nə demirəm! Mənim nəyimə lazım? Özləri bilər!

Bu cümlədən sonra adətən çox şey deyilirdi.

Kandarsöhbətində qadınlar həm gülürdü, həm dərdləşirdi, həm də bir-birinə məsləhət verirdi. Birinin ürəyində qalan söz o birinin yanında çıxırdı. Bəzən bir qadın gün ərzində deməyə imkan tapmadığı bütün sözləri məhz o qapının ağzında deyirdi.  Çünki qarşısında onu anlayan biri vardı.

 

Söhbətin sonu da qəribə olurdu

Kandarsöhbətinin ən maraqlı tərəflərindən biri də onun rəsmi sonunun olmaması idi. Heç kim “söhbəti bitirək” demirdi. Sadəcə gecə bir az da düşürdü. Küçədə uşaqlar azalırdı. Bir-bir evlərin işıqları yanırdı.

Sonra qadınlardan biri ayağa qalxırdı:

– Yaxşı, mən gedim, evdə işim var.

Amma bundan sonra daha on dəqiqə danışırdı.

Sonra o biri:

– Mən də gedim.

O da daha beş dəqiqə danışırdı.

Çünki kandarsöhbətinin bitməsi də söhbətin bir hissəsi idi.

Nəhayət, söhbətlər bitir, hamı evinə yığışır, həyət sakitləşir, qapılar örtülürdü.

Amma ertəsi gün yenə həmin bu “müqəddəs” ritual qaldığını nöqtədən davam edirdi.

 

İndi insanların vaxtı azalıb. Məhəllələr dəyişib. Həyətlər yerini çoxmərtəbəli binalara verib. Qonşular bir-birini bəzən illərlə görmür. Bir-birimizin qapısına getmək əvəzinə telefonda “WhatsApp” qruplarında yazışırıq. O da çox vaxt elə qısa olur. Əsasən də, nəsə soruşmaq, dəqiqləşdirmək üçün yazırıq.

Bəlkə də kandarsöhbətinin gözəlliyi elə bunda idi: onun heç bir məqsədi yox idi. Nə nəsə həll etmək üçün edilirdi, nə iş danışılırdı, nə də vaxt qazanmaq üçün. Sadəcə insanlar bir-birinin yanında olmaq istəyirdi...

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir nəfər Tanrıdan soruşur:

- İlahi, Cənnətin və Cəhənnəmin nə olduğunu bilmək istərdim.

Tanrı onu iki qapısı olan bir yerə gətirir, qapıların birini açır və həmin adamı içəri aparır. Orada böyük bir dairəvi stolun ortasında isə çox ləzzətli və dadlı yeməklərlə dolu böyük bir kasa var idi.

Stol ətrafında əyləşən insanlar ac və xəstə görünürdülər. Hamısı da aclıqdan ölürdü. Onların hamısının əllərinə pərçim edilmiş uzun tutacaqları olan qaşıqları var idi. Bu qaşıqla onlar nəhəng kasadan bir qab dolu yemək götürə bilərdilər, amma qaşıq tutacaqları çox uzun olduğundan qaşıqları ağızlarına gətirə bilmirdilər. İnsan onların bədbəxtliyinə görə şoka dəhşətə gəlir.

Tanrı deyir: "Sən sadəcə Cəhənnəmi görmüsən. "

Sonra Tanrı insanı ikinci qapıya doğru aparır və qapını açıb,onu içəri salır. İnsanın burada gördüyü mənzərə eynilə əvvəlki kimi idi. Orada da böyük dəyirmi stol və içərisində ləzzətli və dadlı yeməklə dolu olan nəhəng kasa var idi. Və dəyirmi stolun ətrafında oturmuş insanların əlində uzun tutacaqları olan qaşıq var idi. Amma onlar bir –biri ilə mehribancasına söhbət edərək, tox və xoşbəxt görünürdülər.

-Heç nə başa düşmürəm, ikisində də eyni vəziyyət, amma fərqli nəticə, -deyə insan Tanrıya deyir.

Cavb isə belə olur:

-Onlar sadəcə bir –birini yedirtməyi öyrəndilər. Başqaları isə ancaq özlərini düşünür. Cəhənnəm və Cənnətin hər ikisi eyni şəkildə yaradılıb. Fərq yalnız bizim daxilimizdədir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Çərşənbə, 09 Sentyabr 2026 09:34

Dünya romanına möhürünü vurmuş Lev Tolstoy

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Lev Tolstoy (1828–1910) — dünya ədəbiyyatının ən böyük yazıçılarından biri, rus realizminin zirvələrindən sayılan romançı, filosof və ictimai fikir adamıdır. Onun yaradıcılığında insanın mənəvi axtarışları, vicdan, sevgi, ailə, ölüm, müharibə, sosial ədalətsizlik və həyatın mənası kimi mövzular mühüm yer tutur.

 

Lev Nikolayeviç Tolstoy 9 sentyabr 1828-ci ildə Rusiya imperiyasının Tula quberniyasındakı Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olub. Ailəsi qədim rus zadəgan nəslinə mənsub idi. Anası o çox kiçik yaşda ikən, atası isə uşaqlıq dövründə vəfat edib. Tolstoy və bacı-qardaşları qohumlarının himayəsində böyüyüblər.

Gənclik illərində Kazan Universitetində təhsil alıb, lakin universiteti bitirməyib. Sonralar hərbi xidmətə başlayıb və Qafqazda və Krım müharibəsində iştirak edib. Bu təcrübələr onun sonrakı yaradıcılığına ciddi təsir göstərib.

 

Tolstoyun ən məşhur əsərləri:

“Hərb və sülh” — dünya ədəbiyyatının ən möhtəşəm romanlarından biridir. Napoleon müharibələri fonunda rus cəmiyyətinin, ailələrin və ayrı-ayrı insanların həyatını təsvir edir.

“Anna Karenina” — sevgi, ailə, xəyanət, cəmiyyət və insanın daxili ziddiyyətləri haqqında psixoloji roman.

“Dirilmə” — sosial ədalətsizlik, vicdan və mənəvi yenilənmə məsələlərini ön plana çıxarır.

“Uşaqlıq”, “Yeniyetməlik”, “Gənclik” — yazıçının avtobioqrafik xüsusiyyətlər daşıyan əsərləri.

“İvan İliçin ölümü” — ölüm qarşısında insanın həyatını və seçimlərini yenidən dəyərləndirməsindən bəhs edən fəlsəfi povest.

“Kreytser sonatası”

“Hacı Murad”

“Ata Sergi”

“İnsan nə ilə yaşayır?”

“İki qoca”

“Hərb və sülh”

 

“Hərb və sülh” Tolstoyun ən böyük əsəri hesab olunur. Romanda 1805–1812-ci illərin müharibələri, Napoleonun Rusiyaya yürüşü və rus zadəgan cəmiyyətinin həyatı geniş şəkildə təsvir edilir. Əsərin əsas qəhrəmanları arasında Pyer Bezuxov, Andrey Bolkonski və Nataşa Rostova xüsusi yer tutur. Tolstoy burada yalnız müharibəni təsvir etmir.

 O, insanın tarix qarşısındakı rolunu, hakimiyyətin mahiyyətini, təsadüf və zərurət məsələsini də araşdırıb. Anna Karenina Tolstoyun ən məşhur psixoloji romanlarından biridir. Romanın mərkəzində Anna Kareninanın faciəli həyatı dayanıb. Lakin əsərin mövzusu yalnız məhəbbət və xəyanət deyil.

Tolstoy eyni zamanda ailə münasibətlərini, qadının cəmiyyətdəki mövqeyini, sosial normaları, kəndli həyatını və insanın xoşbəxtlik axtarışını araşdırır. Romanın məşhur başlanğıc fikri ailə anlayışına Tolstoyun münasibətini çox təsirli şəkildə ifadə edir: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...”

Tolstoy həyatının sonrakı mərhələsində ciddi mənəvi və fəlsəfi axtarışlara başlayıb. O, zənginlikdən, şöhrətdən və dəbdəbədən uzaqlaşmağa çalışıb. Onun düşüncəsində insanın mənəvi kamilliyi, vicdan, sadə həyat, zorakılığın rədd edilməsi, mərhəmət, əmək, insan sevgisi, mənəvi məsuliyyət əsas anlayışlara çevrilib.

Tolstoy müharibəyə, ölüm cəzasına və zorakılığa qarşı çıxıb. Onun dini-fəlsəfi baxışları ənənəvi kilsə təlimindən ciddi şəkildə fərqlənib və bu səbəbdən Rus Pravoslav Kilsəsi 1901-ci ildə onu xaric etdiyini elan edib. Tolstoyun Azərbaycan və Qafqaz tarixi baxımından maraqlı əsərlərindən biri “Hacı Murad” povestidir.

Əsərin hadisələri Qafqaz müharibələri dövründə cərəyan edir. Tolstoy Hacı Murad obrazında yalnız hərbi lideri deyil, mürəkkəb xarakterə malik, azadlıq və ləyaqət uğrunda mübarizə aparan insanı göstərməyə çalışır. Əsər onun ölümündən sonra, 1912-ci ildə nəşr olunub. Tolstoy ömrünün sonlarında öz həyat tərzi ilə əsərlərində müdafiə etdiyi mənəvi prinsiplər arasında ziddiyyət hiss edib.

 O, Yasnaya Polyananı tərk etmək qərarına gəlib. 1910-cu ilin oktyabrında evindən ayrıldıqdan sonra səfər zamanı xəstələnin və 20 noyabr 1910-cu ildə, 82 yaşında, Astapovo dəmir yolu stansiyasında vəfat edib. Tolstoy Yasnaya Polyanada, ailəsinin məzarlarının yerləşdiyi ərazidə dəfn olunub.

Tolstoyun böyüklüyü yalnız çox yazmasında deyil. O, insanın daxili dünyasını son dərəcə dərin şəkildə araşdırıb. Onun qəhrəmanları ideal insanlar deyil — səhv edən, peşman olan, sevən, nifrət edən, qorxan və öz həyatının mənasını axtaran insanlardır. Tolstoyun yaradıcılığını bir cümlə ilə ifadə etmək lazım gəlsə, belə demək olar:

Tolstoy insanı xarici görünüşü ilə deyil, vicdanı, seçimləri və daxili mübarizəsi ilə təsvir edən yazıçıdır. Onun əsərləri bu gün də dünyanın müxtəlif dillərində oxunur və “Hərb və sülh” ilə “Anna Karenina” dünya romanının ən mühüm nümunələri arasında qəbul edilir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Çərşənbə, 09 Sentyabr 2026 09:10

Doğum gününüz mübarək, ölümsüzlər!

Əfsanəvi XTQ komandiri: Vətən müharibəsi qəhrəmanı Adil İbrahimli

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycanın müasir hərb tarixinə adını silinməz qızıl hərflərlə həkk etmiş əfsanəvi kəşfiyyatçı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı və Vətən Müharibəsi Qəhrəmanı Adil Asəm oğlu İbrahimli, 44 günlük Zəfər yürüşünün ən parlaq simalarından biridir.

 

O, Murovdağ zirvələrindən Şuşa qayalıqlarına qədər uzanan amansız bir döyüş marşrutunun qorxmaz qrup komandiri olmuş, Ali Baş Komandan İlham Əliyevin rəsmi Anım yürüşündə portretini şəxsən qürurla daşıdığı simvolik bir qəhrəmana çevrilmişdir.

 

Şəxsi həyatı və hərbi bioqrafiyası

Doğum tarixi: 9 sentyabr 1992-ci il

Doğum yeri: Sumqayıt şəhəri, Azərbaycan SSR

Şəhadət tarixi: 7 noyabr 2020-ci il. Zəfər elanından cəmi bir gün əvvəl, 28 yaşında.

Dəfn yeri: Bakı şəhəri, II Fəxri Xiyaban

Hərbi rütbəsi: Baş leytenant

Vəzifəsi: Xüsusi Təyinatlı Qüvvələr — Baş Kəşfiyyatçı, XTQ Qrup Komandiri

 

Peşəkar hərbi təhsil illəri

Adil İbrahimli 1992-ci ilin payızında Sumqayıtda dünyaya göz açmışdır. 1999–2008-ci illərdə Sumqayıt şəhərinin 14 nömrəli tam orta məktəbində ilk təhsilini alan Adilin hərb sənətinə olan marağı onu çox gənc yaşlarında müntəzəm hərbi ocaqlara yönəldir:

Hərbi lisey: 2008–2011-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alaraq zabit intizamının təməllərini mənimsəyir.

Ali hərbi məktəb: 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilini uğurla başa vurur.

Hərbi məktəbi bitirdikdən sonra ordunun ön xətt bölmələrində zabit kimi xidmətə başlayan Adil, daxilindəki amansız döyüşkənlik və xüsusi dözümlülük potensialı sayəsində 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin ağır seçim mərhələlərini keçir. Elit birləşmədə Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini və nəhayət Qrup Komandiri vəzifələrinə qədər yüksəlir.

 

44 günlük müharibə: Murovdağdan Şuşaya uzanan yol

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda baş leytenant Adil İbrahimli XTQ-nin xüsusi həmlə qrupunun başında ilk saatlardan döyüşə atıldı. Onun rəhbərlik etdiyi qrup, müharibənin gedişatını dəyişən ən təhlükəli əməliyyatların mərkəzində dayanırdı:

Murovdağ zirvələrinin azad edilməsi: Dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən erməni postlarının və strateji yüksəkliklərin darmadağın edilməsinə rəhbərlik etdi.

Cənub dəhlizinin yarılması: Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi zamanı düşmənin illərlə qurduğu beton istehkamların arxasına sızaraq asimmetrik zərbələr endirdi.

Şuşa əməliyyatı: Oktyabrın sonlarında XTQ-nin yüngül silahlarla dağlardan və meşələrdən sızaraq Şuşaya doğru irəlilədiyi əfsanəvi əməliyyatda Adil İbrahimlinin qrupu ön sıralarda gedirdi.

 

Şəhadət anı: 

7 noyabr 2020-ci il tarixdə, Şuşanın tam nəzarətə götürülməsi uğrunda şəhər ətrafında və daxilində gedən ən gərgin yaxın məsafəli səngər və küçə döyüşlərində baş leytenant Adil İbrahimli öz əsgərlərini qorumaq üçün qətiyyətlə irəli atıldı. Düşmənin böyük say üstünlüyünə malik qüvvələri ilə əlbəyaxa və mütəşəkkil atışmada qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Onun nəşi böyük Zəfər elanından sonra Bakıya gətirilərək II Fəxri Xiyabanda hərbi ehtiramla dəfn olundu.

 

Şəkli Ali Baş Komandanın əlində olan qəhrəman

Adil İbrahimlinin adını hər bir azərbaycanlının yaddaşına əbədi nəqş edən ən mühüm hadisələrdən biri 27 sentyabr Anım Günü yürüşündə baş verdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütün xalqın önündə qürurla addımlayarkən əlində şəxsən Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin fotosunu daşıyırdı. Bu tarixi an, dövlətin öz cəsur xüsusi təyinatlı komandirinə və onun timsalında bütün şəhidlərimizə bəslədiyi ali ehtiramın ən böyük vizual təcəssümü oldu.

 

Ali dövlət təltifləri

Göstərdiyi misilsiz şücaət, strateji döyüş tapşırıqlarını canı bahasına yerinə yetirməsi və düşmənin canlı qüvvəsinin məhv edilməsindəki xidmətlərinə görə baş leytenant Adil İbrahimli, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aşağıdakı ali mükafatlara layiq görülmüşdür:

"Vətən Müharibəsi Qəhrəmanı" adı - Azərbaycanın ən ali hərbi rütbəsi

"Vətən uğrunda" medalı

"Şuşanın azad olunmasına görə" medalı

"Cəbrayılın azad olunmasına görə" medalı

"Kəlbəcərin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

 

Ailəli olan cəsur komandirdən geriyə xalqımıza və dövlətimizə əbədi qəhrəmanlıq yadigarı kimi iki azyaşlı övladı əmanət qalmışdır. Onun adı Sumqayıtda və bütün ölkədə əbədiləşdirilib, xatirəsi qürurla anılmaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Çərşənbə, 09 Sentyabr 2026 12:01

“Biri ikisində” Əli Bağışın hekayəsi ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Nəsr rubrikasında Əli Bağış ilə görüşdürəcəyik. Onun təqdim edilən hekayəsi”Dörd tabut” adlanır.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 

Əli BAĞIŞ

 

DÖRD TABUT

 

“Qızıl saraylarda fərman verildi,

Tarix gəldi keçdi ac komalardan” 

                           Bəxtiyar Vahabzadə

 

Əri onu – Sonanı atıb Rusiyaya qazanc dalınca gedəndə Nihadının 2 yaşı vardı. And-aman etmişdi ki, gedib özünə yer eləsin, qayıdıb gələcək, öz əzizlərini aparacaqdı ora. Sonanın içində bir hiss yaranmışdı ki, o – Səttar bir daha qayıtmayacaq və onu bir daha görməyəcək.

Vaxt vardı, kənd cavanlarının çoxunun vurulduğu, dəli-divanəsi olduğu idi Sona. Maqnitofonlarında onun üçün Qədirin “Sona bülbüllər”i yorulub-yorulub heydən düşənəcən oxuyardı. Sona isə nə yanıqlı səsə fikir verərdi, nə də ona yanıqlı-yanıqlı baxan kənd oğlanlarına. Və bir gün Sonanı sevənlərdən birinin – Səttarın (Səttar da boylu-buxunlu, atıb-tutan, vurub-yıxan bir oğul idi ha…) anası uzun tumanının ətəyindən tutub onların taxta qapısından içəri girdi, Səttarın tərifini toz basmış küçələrdən göyün yeddinci qatına qaldırdı. Sonanın anası qızından “hə” cavabı yerinə “özünüz bilərsiniz” aldıqdan sonra da Səttarın anası elə göyün yeddinci qatına qaldırdığı oğluna şad xəbəri çatdırmaq üçün göyün yeddinci qatına qanadlanmışdı. Elə o gündən Qədirin “Sona bülbüllər”i o kəndin tozlu-torpaqlı küçələrindən birdəfəlik uçub getmişdilər, elə Sonanın dərdindən dəli-divanə olan cavanlar kimi.

Sonanın dərdindən dəli-divanə olanlardan Yanıq Kərəm kimi yanan Kərəm də bir bənd şeir yazıb bacısına – Gülgəzə vermişdi ki, mütləq Sonaya çatdırsın. Bacısı da o dörd misranı oxumuşdu və heç nə başa düşməmişdi. Nə səkkizillik ortabab təhsili, nə baxdığı hind filmləri, nə də Meksika serialları köməyinə gəlmişdi. Məktubda yazılmışdı:

 

“Səni də gora verdilər,

Gəlin getdin, qız gəldin.

Elə bir ilə verdilər,

Yaz getdin, payız gəldin”.

 

Sona da Gülgəz kimi heç nə başa düşməmişdi və eləcə kağızı parça-parça edib vermişdi yellərin ağzına… O gün-bu gün, Kərəmi görən olmamışdı…

…Və beləcə, günlərin bir günü Sona Səttarın evinə gəlin köçdü. Gün günü qovdu, ay ayı qovdu və Sona buz baltası kimi oğul doğdu. Nihad qoydular adını. Səttar-Sona sevgisinin bu gözəl payının gəlişi hamını sevindirdisə, işsiz-gücsüz Səttarın qaş-qabağını heç açmadı: “Heç özümü, ailəmi saxlaya bilmirəm, bu körpəni necə saxlayacam?” – dedi və üz tutdu gedər-gəlməzin sinonimi olan ucsuz-bucaqsız Rusiya çöllərinə. Səsi gah Uzaq Şərqdən, gah Sibirdən, gah Moskvadan, gah Murmanskdan gəldi. Bu arada da böyük bir qanlı imperiya öz qanlı ömrünü başa vurdu. Səttarın adı xoşagəlməz işlərdə hallanırdı, yeni təbirlə deyildiyi kimi, böyük “avtoritet” olmuşdu. Adı-sanı, pulu-parası, şanı-şöhrəti hər yana yayılsa da, bundan təkcə Sona narahat idi. Hər gün körpəsini tənha ürəyinə sıxıb göz yaşlarını yaz yağışı kimi səpir, çox gecəni dirigözlü səhərə çıxarırdı.

Səttarın anası öldü, gəlmədi, atası öldü, gəlmədi. Səttardan gələn isə təkcə “yaşıl” rəngli pullar idi və Sona da o pullara gözünün ucuyla belə, baxmırdı. Baldızı o “yaşıl”ları dəyişdirib, geninə-boluna bazarlıq edib evə daşıyırdı. Beləcə, bir neçə il keçdi. Bir səhər tezdən Sonagilin evinin qapısının önü Sonanın ömründə görmədiyi qara maşınlarla doldu. Yox, Səttar gəlməmişdi, Səttarı gətirmişdilər. Bütün kənd qara-qara, bahalı-bahalı maşınlarla doluydu. Hətta məktəb uşaqları saymışdılar da, düz 345 maşın idi.

Sona o saat başa düşdü ki, nə olub, nə baş verib. Heç nə deməyib, heç nə danışmayıb 4 yaşlı körpəsini qucaqladı, səssizcə göz yaşlarını heç nə anlamayan körpə Nihadının üstünə axıtdı. Nəhəng cüssəsi güclə tabuta yerləşən Səttarı qara maşınlardan düşən, barmaqları iri üzüklü, boyunları qızıl zəncirli, belləri qara tapançalı, at ağızlı dostları aparıb dəfn elədilər və 7 gün məclis verəndən sonra Sonanın hüzuruna gələn əli təsbehli, ən yaşlısı bir daha kədərlə başsağlığı verib dedi:

– Bacım, qızım! Səttarın hamımızın üstündə tonlarla haqqı var. Biz ölənə kimi, onun haqqını qaytara bilmərik. Səttar təkcə mərd oğul deyildi, həm də millətin başçısı idi. Elə millət yolunda da qurban getdi. Erməni dığasının, bizlərə “azərbaran” deyən Surenin bağırsaqlarını qarnından çıxarıb boğazına doladı. O namərd də yekəpərin biri idi, özündə güc tapıb tapançasıyla Səttarı güllələdi. Bu çamadanda 1 milyon dollar pul var. Səttarın pullarıdır. Mənə vermişdi ki, “başıma bir iş gəlsə, ailəmə çatdırarsan”. Səttarın namusu bizim namusumuzdur. Nihad bizim balamızdır. O da bizim himayəmizdə olacaq. Kişi kimi böyüdəcəyik…

Adam hey danışırdı. Bəzən elə qəribə sözlər eşidirdi ki Sona, heç nə başa düşmür, daha doğrusu, başa düşmək belə, istəmirdi. Səttardan daha çox, öz taleyinə və yetim körpəsinin taleyinə ağlamaqdan gözləri qanla dolan Sona körpəsinin əlindən tutub qapıya doğru getməyə başladı. Qapıya çatanda geri döndü. Sakit səslə dedi:

– Bu pullar Səttarın qan pullarıdır. Bu pullar nə mənə, nə də mənim körpəmə lazımdır. Mən sizi qovmalıydım, amma özümü qovuram. Gəldiyim atam evinə qovuram özümü. Nə məni, nə də mənim balamı bundan sonra tanımırsınız. Öz namusumu özüm də qoruya bilərəm. Mən kişi qızıyam və kişinin xanımı olmuşam!

– Bəs bu pulları nə edək?

–Yetim qoyduğunuz, ərsiz qoyduğunuz, Rusyetdə öldürüb,  meyitlərini göndərdiyiniz adamların ailəsinə paylayın…

Sona belə Sonaydı. Sona Səttarın tabutuna getmədiyi kimi, qəbrinin üstünə də getmədi. Hətta Səttarın böyük bir heykəli düzəldilib qəbrinin üstünə qoyulandan sonra da getmədi. Sevgisini, gözəlliyini, bəxtini torpağın altına aparanı heç vaxt bağışlamadı…

Səttarın meyidi ata yurduna çatan səhərin axşamı Surenin meyiti də dağ kəndindəki evlərinə çatdı. Hamının öz aralarında Sofi Loren dediyi gözəl Anuş 4 yaşlı Armenini sinəsinə sıxıb göz yaşı tökürdü. Qara maşınlarla bütün kənd yolları doluydu. Sureni qara maşınlılar basdırmağa aparanda Anuş da öz körpəsinin əlindən tutub ata evinə tərəf gedirdi…

Ata evinə qayıdandan sonra Sonanın məşəqqətli günləri daha da şiddətləndi. (Bu hadisələr paralel olaraq Anuşun da başına gələnlərin aşağı-yuxarı eynisi olduğu üçün onu da yazıb oxucunu bezdirmək istəmirəm. Fərqlilikləri yazacağam…) Bir tərəfdən ata-ana qınağı, digər tərəfdən subay, dul kişilərin öz “aradüzəldənlər”i ilə Sonanı (həm də Anuşu eyni ilə) bezdirməsi… Bir tikə çörəyini qazanıb özünü və Səttarın yetimini böyütmək zillətini yaşayan Sona səhərdən axşama kimi, günü 1-2 “şirvan”a işləyir, işdən qayıdandan sonra həyətlərində əkdiyi göy-göyərtini becərir, dəstə bağlayıb satırdı. Gələn bütün “kavaler”lərin adamlarını “yox” cavabıyla yola salır, ata-anasının dirənişinə isə sakitcə, amma çox kəskin cavab verirdi:

– Səttarın iti belə, olmayandan mənə ər olmaz!

Lap abırlısı gələndə isə belə cavab göndərərdi:

– Onu başa düşürəm. Özümə də arxa lazımdır. Amma bir balamın- Nihadımın qəlbini ögey atayla qıra bilmərəm.

Gecələr bütün bədəni işləməkdən, yorulmaqdan gücsüz olanda belə, oğluna heç nəyi bildirməz, qucaqlayıb dünyanın ən xoşbəxt qadını və anası kimi yuxunun ağır addımlarını gözləyərdi. Nihad böyüyüb orta məktəbə gedəndə Sona toyunda sevindiyindən çox sevinmişdi. Nihad dərslərini babat oxuyar, anasına da çox kömək edərdi.

Nihad böyüdükcə, sualları da çoxalırdı. 4-cü sinifdə oxuyanda uşaqlarla dalaşmış, iki-üçünü də döymüşdü. Atası Səttar kimi atıb-vuran böyüyürdü Nihad. Bu, Sonanı həm qorxudur, həm də qürurlandırırdı. Bir gün qonşu qadını döyülən oğlunun qisasını yeddimərtəbəli qarğışla aldı:

– Görüm, dədən kimi meyidin gəlsin! Qanına qəltan olasan!

Sona bu qarğışı yeyib göz yaşlarını oğlunun kürəyinə tökə-tökə dedi:

 – Ana qurban! Mənim dərdim özümə bəsdir. Söz ver ki, heç kimlə dalaşmayacaqsan. Demirəm ki, başıqapazlı ol. Amma ədalətli ol. Özündən zəifə əl qaldırma, özündən güclünün də qabağından qaçma. Mərd ol!

Nihadgili məktəbdən qəbristanlığa – kəndin ilk Qarabağ şəhidinin qəbri üstünə aparanda, haradasa, 2-3 metr hündürlükdəki heykəl gözünə sataşdı. Şəhid qəbrindən adamlar dağılışanda qəbrə tərəf getdi. Abidənin üstündə “Millət Səttar” yazılmışdı. Bunun atasının abidəsi olduğunu bildi. Nə atasının qranitdən yonulan heykəlinin əzəməti, nə heykəlin sərt baxışları, nə əzələli, iri əlləri, nə enli çiyinləri onu həyəcanlandırdı. Sadəcə, abidənin üstündəki yazı onu çox düşündürdü: “Millət Səttar!” Atası nə etmişdi ki, ona o adı vermişdilər? Cəmi, 28 il yaşayan bu adamı niyə “Millət Səttar” deyə çağırırmışlar, niyə?! Qəbir üstündən qayıdan Nihad anasını sorğu-suala tutdu:

– Atamın heykəlini kim qoyub?

– Dostları!

– Atam nə edib ki, adına “Millət Səttar” deyiblər?

–Rusiyada azərbaycanlıları incidən, təhqir edən ermənini öldürdüyü üçün.

– Bəs atamı kim öldürüb?

– Elə həmin erməni. Son anda tapançasını çıxara bilib, 2-3 atəş açıb…

Sona Nihadı bağrına basıb yetim balasına və öz taleyinə ağlayırdı…

…Haradasa, eyni hadisə eyni vaxtda Anuşun başına gəldi. Qarabağda ölən erməni əsgərini dəfn edən zaman Armenin gözü qəbir üstə qoyulmuş böyük heykələ sataşdı. Uşaqlardan ayrılıb heykələ tərəf getdi. Heykəlin üstündə belə bir yazı vardı: “Tapança Suren”. Evə gəlib anasından soruşdu:

– Atama heykəli kim qoyub?

– Dostları.

– Bəs atamı kim öldürüb?

– Cavan bir türk.

– Niyə?

– Atan atıb-vuran igid idi, oğul. Bu Qarabağı xaraba qalsın (necə ki, qaldı), Qarabağ söhbətindən sonra iki qonşu millət arasında düşmənlik başladı. Atan da Rusiyada at oynadır, türkləri incidir, təhqir edirmiş. Atan türkləri təhqir edən lətifə danışanda hələ heç kimin yaxşı tanımadığı türk atanı yortub. Atan da güclü adam idi, çox güclü. Bütün gücünü toplayıb tapançasını çıxardıb, iki atəş açıb. İkisi də elə orada - restoranda ölüblər.

Anuş Sona kimi balasını bağrına basıb hönkürməyə başlamışdı…

Bu söhbətdən sonra Nihad qəti qərarını vermişdi: hərbçi olacaqdı. Elə Armen də. Hər ikisi hərbi məktəbə daxil oldular. Nə analarının göz yaşları, nə qohum-əqrəba nəsihətləri kömək etdi. Hər ikisinin beynində yalnız bir fikir vardı: “Atamı erməni öldürüb!”, “Atamı türk öldürüb!”

…Atəşkəs rejimi idi. Bəzən atəşkəs pozulur, 24 apreldə erməni diversantlar cəbhə xəttini keçir, Xocalı qətliamı günü azərbaycanlı diversantlar cəbhə xəttini keçir, başqa günlərdə isə kəşfiyyat dəstələri fəaliyyətdə olur, tez-tez atışmalar düşürdü. Amma aşağı-yuxarı, hamı atəşkəs rejiminə əməl edirdi. Nihad da, Armen də snayper məktəbinin yolunu tutdu. Snayper məktəbinin əziyyəti, fiziki hazırlığı, nəzəri dərsləri, ən vacibi, kamuflyaj dərsləri çox yorucu olurdu. Meşədə gizlənir və kamuflyajlanmalısan ki, ən azı, 24 saat səni tapa bilməsinlər! Tapıldın, deməli, yaxşı gizlənə bilməmisən. İlk atəşlə hədəfi vurmalısan. İkinci şansın yoxdur.

Beləcə, 1 il də gəlib keçdi. Hər ikisi yüksək nəticələrlə snayper məktəbini bitirmişdilər. Kəndlərinə gələndə bədbəxt analar sevindilər. Nişan apardılar. Hər ikisi analarını inandırırdılar ki, atəşkəsdir. Nəinki düşmən, heç silahlı adam görmürlər. İnstruktor kimi əsgərlərə təlim keçirlər. Və az keçmiş, hər ikisi toy elədi, sevdikləri gözəllə evləndi. Aldıqları məvacib ailələrinin dolanışığına bəs edirdi. Üstəlik, ezamiyyə pulları verilirdi; tez-tez xaricdə təşkil olunan kurslara qatılır, dünya ölkələrini gəzirdilər.

Bu müddətdə hər ikisi atalarının qatillərinin adlarını, çətinliklə də olsa, öyrənmişdilər. Təbii, bu işdə orduda olan nüfuzlarının da rolu az olmamışdı: Əhmədov Səttar Həsən oğlu / Mikaelyan Suren Amayakoviç. Heç özləri də bilməzdi və ağıllarına gəlməzdi ki, haçansa bu adlar lazımları olacaq. Daha bir neçə il keçdi. Hər ikisinin övladları oldu. Hər ikisi oğullarına atalarının adını verdilər. Paytaxtda evləri olmasına baxmayaraq, anaları elə kənddə yaşayırdı, həyat yoldaşları da onlarla.

…MDB ölkələrinin ordularının elit snayper yarışması Belarusda keçirilirdi. Qaçmaq, üzmək, baryerləri aşmaq, gizlənmək, hər növ silahdan atəş açmaq və ən sonda da 1500 metrlik 3 hədəfi 3 atəşlə vurmaq… Finalçıların adlarını elan etdilər: Əhmədov Nihad Səttar oğlu, Azərbaycan / Mikaelyan Armen Surenoviç, Ermənistan. İki hündürboy, yaraşıqlı zabit kürsüyə çıxanda öncə Armen dilləndi:

– Səttarın oğlusan?!

–Sən də Surenin!

İkisi də bir-birlərini ilk dəfə görmələrinə baxmayaraq, artıq düşmən idilər; həm milli, həm şəxsi. Hər ikisi I yeri tutub ölkələrinə qayıtdılar. Ondan sonra heç vaxt MDB adı altında olan yarışmalara qatılmadılar…

Bir gün öz analarına danışdılar. Analar ağlaşdılar, vay-şüvən qurdular, özlərini dağa-daşa çırpdılar. Anuş yalvardı, Sona yalvardı: “Öz həyatınızı yaşayın. Düşmənçilik etməyin. Biz çəkdiyimiz əzablara öz həyat yoldaşlarınızı salmayın. Körpələrinizə yazığınız gəlsin. Özünüzə yazığınız gəlsin…”

…Bir gün Nihada komandirin onu çağırdığını dedilər. Hərbi təzim edəndə polkovnik işarəylə stulu göstərdi. Və ağır-ağır sözə başladı:

– Nihad, bir erməni dığası bir snayperimizi və bir kapitanı vurub. Bizdə deyirlər ha, “quşu gözündən vurur”. Eynilə, hər ikisini gözündən vurub. Çoxdan belə hadisə olmurdu. Atəşkəs dövründə, az qalsın, bizim əsgərlər ilə onların əsgərləri səngərdən-səngərə bir-birinə siqaret göndərmək dərəcəsinə çatmışdı.

Nihad sakitcə dedi:

– Armendir!

Polkovnik duruxdu, lakin tez də əlavə etdi:

– Belarusda səninlə yarışan?

– Onun dəstxəttidir, cənab polkovnik!

– Onu susdurmaq lazımdır.

– Oldu, komandir. Olar indi gedim?

– Bəs evə dəymirsən?

– İşi qurtarandan sonra gedərəm. Bu iş, onsuz da, gec-tez bitməlidir.

– Nihad, doğrudan, sənin atan onun atasını öldürüb?

– Onun atası da mənim atamı.

 – Taleyə bax ey!

Nihad gündüzlər yatır, gecələr isə gözü snayper tüfənginin binoklunda dünyaya baxır, hərəkət edən, etməyən hər şeyi gözdən dəqiqliklə keçirir, qarşısındakının da eyni ustalıq və cəldiklə hər şeyi gözündən keçirdiyini çox gözəl bilirdi. Snayperçi də minatəmizləyən kimidir; bir dəfə səhv edir.

Oğullarının telefonlarına zəng çatmayan bədbəxt analar nə gecə yata bilirdilər, nə gündüz. Dilləri duada, əlləri göylərdə gəzirdilər. Bilirdilər ki, yerdən də kömək yoxdur, göydən də. Amma nə duadan əl çəkirdilər, nə də göydən…

…Gecə saat 03:00 idi. Nə Sona əməlli-başlı yata bilirdi, nə Anuş! Sadəcə, mürgüləyirdilər. Birdən ikisi də yataqdan dik atıldılar. Dəhşətli səslə qışqırdılar:

– Allah, özün kömək ol!

Ağlaya-ağlaya bu iki bədbəxt qadın və ana göylərdən kömək istədilər… Kömək çatmadı… İki güllə səsi gecənin ölü sükutuna bənzər səssizliyini pozdu. İki parçalanmış başdan qan fışqırırdı. Hər ikisi bir-birlərini gözlərindən vurmuşdular…

…İki tabut, haradasa, eyni vaxtda qəbristana yetişdi. Analar meyit kimi, 4 yaşlı nəvələrinin əllərindən tutmuş halda, basdırılan tabutları göz yaşları ilə son mənzilə göndərirdilər. Nə oxunan qəhrəman təltiflərə, nə ərlərinin heç vaxt görmədikləri heykəlinə baxırdılar. Ana sevgisindən doğduqları, indi isə basdırılan, torpağın altına gedən ümidlərinə baxıb, sadəcə, balasını itirmiş qurd kimi ulayırdılar. Çürümüş iki tabutun yanına iki tabutu da qoyub getdilər.

Qırx gündən sonra atalarının yanında yatan oğulların heykəlini qucaqlayıb ağladılar, ağladılar. Sonra nəvələrin əlindən tutdular, qəbirlərin üstünə uzanıb “məni niyə qoyub getdin?” deyən gəlinləri ağlaya-ağlaya dikəltdilər, birbaşa paytaxta getdilər.

…Bakıda yaşayan Sona bir gün – Nihadın ilindən sonra –Moskvadan bir teleqram aldı. Belə yazılmışdı: “Tbilisidə, Kürün qırağında, Baqrationun heykəlinin yanında. Bu yayın axırıncı günü yerli vaxtla 15:00-da görüşək. Gəlinini və nəvəni də gətir”.

…Başdan-ayağa qara geymiş Sona, qara geyinmiş gəlini və nəvəsi deyilən yerə çatanda eyni ilə qara geyinmiş iki qadın və bir körpə gördülər. Sonanın dalağı sancdı. Bu qadın kim ola bilər axı? Yaxınlaşdı. Qadın təmiz Azərbaycan dilində dedi:

– Sən Sonasan.

– Bəs sən kimsən?

– Mən Anuşam, Surenin arvadı.

 – Bizim dildə nə təmiz danışırsan?

– Bizim başıdaşlılar sizləri qovana qədər sağımız-solumuz türklər idi. Birevli idik. Dinimiz fərqli idi ancaq. – Anuş Sonanı qucaqladı: – Biz bədbəxt qadınlarıq, Sona. Sənin nəvən yetim, mənim nəvəm yetim, mənim gəlinim başsız, sənin gəlinin başsız.

Sona dedi:

– Bəlkə, oturaq?

– Oturaq.

– Qoy körpələr oynasın.

– Yaxşı…

İki nənə və iki ana ilk dəfə görüşən və əllərindəki oyuncaqları bir-birinə göstərib hərəsi öz dilində danışan bu məsumları dodaqlarında təbəssüm, göz yaşlarıyla, ən ülvi sevgiylə seyr edirdilər. Anuş çəkinə-çəkinə dedi:

– Bizimkinin adı… Surendi…

– Bizimkinin adı Səttar… Məni niyə çağırmısan?

– İstəyirəm ki, heç olmasa ildə bir dəfə görüşək.

– Bəlkə, iki dəfə?

– Yaxşı fikirdi. Amma niyə ironiya ilə dedin?!

– Mən körpələrin doğum günün nəzərdə tutdum. Bəs sən demədin axı görüşməyimizin məqsədi nədi, Anuş xanım?

– Eh, Sonacan! Onsuz da, böyüyəndə bir-birlərini öldürəcəklər! Əsrlər boyu gedən qan davasının qurbanı biz kasıb-kusub oluruq. İstədim ki, heç olmasa bir-birlərini tanıyıb öldürsünlər…

Dəli Kür heç kimi vecinə almayıb min illər boyu getdiyi yol ilə gedir və onu səbirlə gözləyən Dəli Xəzərə çatmaq istəyirdi. Dörd bədbəxt qadından və iki xoşbəxt körpədən xəbərsiz-xəbərsiz axırdı… Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:

– Siz türklərdə su aydınlıqdı. Bəlkə, heç bir-birlərini öldürmədilər…

 

                                            2023, may-2024, aprel

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

31 -dən səhifə 3108

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.