Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar – “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumatlar əks olunur. Daycestin “Rəsmi sənədlər” hissəsində Ümummilli Lider Heydər Əliyevin “18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında” 15 oktyabr 1994-cü il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Müstəqillik Günü haqqında” 15 oktyabr 2021-ci il tarixli Qanunu təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli şəxslərin müstəqillik haqqında söylədikləri dəyərli fikirlər, “Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi məqalələrin tam mətni, dövlət rəmzləri haqqında məlumatlar əks olunur. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilən materialda Azərbaycanın müstəqillik tarixindən, onun bərpası və mahiyyətindən bəhs edən 2017-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin təsviri, qısa məzmunu və elektron mənbələri istifadəçilərə təqdim olunur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilir.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgidə bir sıra rəsmi sənədlərin, “Müstəqilliyimiz əbədidir” nəşrinin 38 cildi ilə yanaşı “Heydər Əliyev. Müstəqillik yolu”, “Müstəqillik yollarında: Liderlik missiyası” kimi kitabların, “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə”, “18 oktyabra aparan yol”, “Müstəqilliyimizin memarı” kimi məqalələrin tam mətni təqdim edilir. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/18-oktyabr-musteqilliyin-berpasi-gunu-1 yerləşdirilib.
Kitabxanada 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ənənəvi kitab sərgisi də hazırlanıb. Sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar, dövri mətbuat nümunələri və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)