Super User
Yollar və “Uzaq adamlar”
“Ünvanımı tapan kitablar” silsiləsindən ...
Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
Gedişlər möhtəşəmdir,
Yola salan sağ olsun...
Gədəbəyin Qalakəndinin içindən bir yol keçir. O yolun gəlib Şəkinin Yuxarıbaşına çatması qədər gerçəklikdir zehnimdəki yelləncək. Gözümdə bir gilə yaş üzünü tutub Qazaxdakı Damcılı mağarasına. Və mən yenə başlamışam zehnimdəki yelləncəkdə görünüb yox olan xatirə-insanları yolçu etməyə.
Hamımızın uzaqda adam(lar)ı var. O uzaqdakının xətrinə saçımızdan bir tel ayırıb sinəmizə basırıq bəlkə də... Çiynimizi çəkib gülümsəyirik kirpiyimizin ucunda bir gilə yaş titrəyərkən. Yazırıq axı...
“Ay uzaqdakı, hey!” bağırırıq gündə neçə dəfə, səsimiz özümüzə də çatmır. Oradakılar olduqları yerdə xoşbəxtdirlərsə, haraylayıb geriyə-bizə çağırmağa dəyməz, bilirik. Bildiyimizlə bədbəxtik... Yazığıq axı...
...Gədəbəyin Qalakəndinin içindən bir yol keçir. O yol yastıca bir dağın aşağısından burulub gedir. Dağ öz yaşını unudub. Lap çoxdan unudub. Mənsə o dağı elə bircə dəfə görmüşəm. Mənim yaddaş təqvimimdə o dağın 16 yaşı var. Qalakəndə çatmamış, yolun üzüaşağı olan hissəsində dayanırsan, yastıca dağa baxırsan. Bircə ağaclı yastanasında bircə də qapqara boşluq görünür. Kiçik, göz qıyılınca görünən o boşluğun adı “Koroğlu qalası”dır. O boşluğa yolu saatlarla axtarmışam 16 il bundan əvvəl. Sonra yerin altına girmişəm və orada belə, hamının uzaq adamları olduğunu dərk etmişəm. Dağın bağrından qaynayan, içəri gün işığı sızan o bircə boşluqdan dünyaya “mən də varam” deyə səslənən şipşirin suyun üzündə kağız gəmi üzürdü. İki daşın arasında ilişib qaldığından su onu axarına alammırdı. Əyilib kağız gəmiyə diqqətlə baxdım. Bir məktəblinin “Ana dili” dəftərindən cırılmış vərəqdən hazırlanmışdı. Üstündə yazı yox idi, “Ana dili” dəftəri olduğunu fəhm eləmişdim. “Düzcızıqlı dəftərlər tutun “Ana dili”nə!” deyə eşitmişdim məktəbli olanda.
...Şəkinin Yuxarıbaşında bir balaca dalan var. Bir ucundan maşın girir, amma o biri ucu addım-addım nazilir, meşəyə çatanda təkadamlıq cığır olur. Həmin cığırla azacıq yuxarı qalxırsan, qarşına quşburnu (elmi adı itburnu) kollarının arasında bir heyva ağacı çıxır. Heyvanın dibində əyri-üyrü budaqlardan hazırlanmış oturacaq var. Oturacağa çatmaqçün ocaq yerinin başına dolanmalısan. İlk dəfə görəndə düşünmüşdüm: “Ocaq daşlarını kim aparıb divarına hörüb, görəsən?” Küllər belə, küsüb orada insanlardan. Bilirlər ki, heç kim “başına kül!” qarğışnı edəndə, yaxud “başıma haranın külün töküm?” ilə çarəsizliyini dilə gətirəndə onları xatırlamır. O küllər heç kimin xatirəsində yoxdur, bəlkə də, məndən savayı...
...Qazaxın Damcılı mağarası Avey dağın qoynundadır. Avey mağarası var üstündə. O mağaraya qalxmaq olmur. Bəlkə də, olur. 16 il əvvəl ilk dəfə ora gedəndə məni mağaraya çıxmağa qoymamışdı qazaxlılar. “Daş pırtar ayağından, özün də hayıf olarsan, başına daş düşən də!”-deyib qorxutmuşdular məni. Damcılı mağarasında damcılayan bulaq qədər hüznlü və məğrur olan qadınlardır dünyanı hələ də yaşamağa dəyər edən. Uzaqdakılara ən gözəl şeiri də, ən gözəl hekayəni də ruhundan damcılayan kədəri təbəssümü ilə dənə-dənə toplayan qadınlar yazır...
Üç yol da bir-birindən uzaqdadır. Üç yol da haradasa bir özəyə bağlıdır. Üç yol da tarixi danışır. Üç yolla da kiminsə uzaq adam(lar)ı gedib. Gedib... Sonrası? Qalanlar bilir. Bilirəm... Bilir Hədiyyə Şəfaqət...
***
Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı ünvanımı tapanda yaz yeni-yeni “gəlirəm” deyirdi. Kitabın mənimlə yoldaş olduğu yol Şəkidən Bakıya uzanırdı. Hər abzasında özümü tapırdım “Uzaq adamlar”ın... Hər abzasında itirdim. İnsanın öz-özünə itik olması qədər xəyalidir romandakı qərhəmanlar.
İyul ayıydı. Bir oxucu ilə romanı müzakirə edirdik. “Nəsə gizlidir o romanda” dedi, “Şəkinin yollarını keçməsən, o romanı anlaya bilməzsən” dedim.
Avqust ayıydı. Romanı oxuyub bitirdim. Başladım xəyalımdakı yollardan keçməyə... Türk dünyasının görkəmli folklorşünası Sədnik Paşa ilə söhbətlərimizi yığsam, bir kitab olar. Ondan öyrəndiyim çox şey oldu... Özünün dediyinə görə, ona öyrətdiklərim də vardı. Bir gün Şəmkirin İrmaşlı kəndinə getmişdik Pirsultan Abdalın şəcərəsinin iziylə... Kəndə çataçatda Sədnik Paşa dedi:
-Bilirsən, Şadlıq, yollar yaman şeydi ha!
-Bilirəm. Yoxsa şair yazmazdı ki: “Özümdən keçir bu yollar, Sözümdən keçir bu yollar...”
-Yaxşı şair imiş. O da qocaldı ta!
Gülümsəmişdik ikimiz də... Mən onun şeir kitabını gizlincə vərəqlədiyimin sirrini açmışdım, o da bunun onunçün sirr olmadığını təbəssümüylə anlatmışdı.
Hədiyyə Şəfaqətin romanındakı xəyali obrazlardan biri də Sədnik Paşadır mənimçün:
“Qoca çölün ortasında özünü xəyalən yolun gah o, gah bu üzünə keçirib sağın da, solun da yoxa çıxdığını yəqinləşdirdi. Heç bir tərəf yoxdu, hara getsə həm irəli, həm geri getmiş olacaqdı”.
Ömrünün həm irəliyə, həm geriyə uzandığı bir zamanda rast gəlmişdim Sədnik Paşaya...
***
“Uzaq adamlar”da insandan insana doğru uzanan yolun yolçusu hamımızıq... Nə olsun, ayağımız çoxdan kəsilib o yoldan?! Xəyalımızda bütün gedişlər pulsuz, bütün yollar keçiləndir.
...Koroğlu qalasındakı o şipşirin suyun azacıq yuxarısında-mamırlı daşın üstündə mavi tabaşirlə yazılmışdı: “A+Y”. Bir sevginin ən gözəl etirafıydı adımızın əvvəlindəki “+” işarəsi bir zamanlar. Biz bundan utanırdıq, buna hirslənirdik. İndi isə, sadəcə, xatırlayıb gülümsəyirik. Sevilməyin ən saf halının qədrini bilməmişik... Heç bilməmişik...
Hədiyyə Şəfaqət romanında bircə cümlə ilə o çağımızı, yanaqlarımızın çəhrayılığını anladıb:
“İndi mən ona inanırdım, hamının inandığı kimi yox, öz bildiyim kimi...”
Öz bildiyimiz kimi inandıq sevgiyə, öz bildiyimiz kimi yaşamağa çalışdıq həyatda. Axırı? Yollar gəlib ürəyimizin üstündə kəsişdi, adını qoydular “ürəyin zəifdir”. Sonra anladıq hamılıqla yanıldığımızı: biz sevginin dərinliyinə baş vurduq, həkimlər qan qrupumuzun əvvəlinə “nadir” sözünü yazdılar. Yenə gülümsədik... Qarşıda yol çox idi...
“Yolçuluq boyu zamanımı həm də onu fikirləşib özüm üçün yaratmağa sərf edirdim. Ayağıma dəyən daşın, üstümə yağan yağışın, sinəmdə yaranan göynərtinin, gözümdə düyünlənən yaşın...-hər şeyin səbəbi o idi...”
Səbəb o idi! O! Gəncliyimdə hansısa essemdə yazmışdım: “Ən çətin sual “niyə?”dir”. Yaş ötüb, ömrün yarı yaşı geridə qalıb, indi anlayıram ki, “kim?” “niyə?”dən betərmiş! Hədiyyə Şəfaqət o betəri mətnin bətnində gizlətməyib:
“Mən özümü ona söykəyib öldürmüşdüm və o məni yenidən tapıb özümə qaytarmışdı.”
***
...Yuxarıbaşdakı o kiçik yolun daşlarının arasını sel yuyub. Yazağzı daşların aralarından bənövşə yarpaqları, “dəli süpürgə” şüvülləri boylanır. Çəkinə-çəkinə yolçulara pıçıldayırlar: “Biz daşlardan əvvəl də burada idik... Sonra başımıza daş düşdü insan əliylə...” Pıçıltıları belə, onların tərəddüdünü ələ verir. Onlar başlarına düşən daşlara qarğış tökə bilmirlər. İndi daşlar onların ən gözəl qoruyucularıdır. Ayağını daşa qoyan yolçu bənövşə yarpaqlarını da, “dəli süpürgə” şüvüllərini də əzmir.
“Uzaq adamlar”da bu özünədönmənin izahı var:
“Bəlkə də, bunu, məni özümə qaytarması kimi adlandırmaq yanlışdı, çünki mən daha çox gedib onda daldalandığımı fikirləşirdim. Ev kimi, yuva kimi, qın kimi...”
Əsas məsələ qındır, hə... Dünyanın, həyatın bizi itirməyini istədiyimizdə kimdə yoxa çıxmaq istəyirik? Kim olsun istəyirik qınımız? Bizimlə faniliyin yollarından keçəcək olan o yolçu kimdir, kimimizdir? Cavab gözləməyən suallar... Sual verənin yalnız özünün cavabını bildiyi suallar...
“Öpdü və dayandı. Qadından iy gəlirdi. Qadının boynu nəsə qoxuyurdu. Burnunu saçlarının arasına salıb gözlərini yumdu, diqqətini cəmləşdirib iyi xatırlamağa çalışdı.
Xatırlamadı.
Tanımadı.
Ürəyindən qəribə bir gizilti keçdi. Qısqanclıqla sevinc arasında anlaşılmaz bir hissin yaratdığı gizilti”.
Hə... Şəkinin Yuxarıbaşındakı yollar qədər iç-içə, sərhəddibilinməzdir insan hissləri. Ən böyük sevginin ondan da böyük nifrətin başlanğıcı olduğu nöqtədədir hamımızın evi.
***
...Bazarda “Avey daşı” adıyla sutəmizləyən satılır. Ağ daşları üçbucaq formasına salıblar. Mən Aveyin rəngini xatırlamağa çalışıram o daşı görəndən bəri. Rəngsizdir Avey dağı... Rənglidir Damcılı bulağının suyu. Ovcunu tutursan damcıların altına, o suyu içməmişdən əvvəl özünə baxırsan bircə anlığa ovcunun içində... Hər rəng var orada-insanın hər halı var. Yaşanmışların, hətta xəyalını qurduqların belə, o sehirli suyun bircə ovucunda səninlə həmsöhbət olur. Bu da olur, “yola nərdivan salmaq”. Hansı yol? Təbii ki, ömür yolu! Düşüncə yolunun sonu yoxdur...
Hədiyyə Şəfaqət romanında bu sonsuzluğu yoğurub, bişirib, gətirib qoyub oxucunun “pay daşı”nın üstünə:
“Onun üçün nə fərqi vardı, yoldur, gedir özü üçün, qocanın nə zamandan bəri yolu düz tutub dolam-dolam dolandığı çöldə yol da bir tərəfə gedib çıxmayacaqdı”.
Roman boyu öz içinə olan yolçuluqda insanın hər addımda təmizləndiyi, durulandığı da var. Qarı oğlana buyurur ki, su töksün, qonaq ayağını yusun. Oğlan vedrədəki suyu ləyənə əndirəndə deyir:
-“Sənin ayağın məndən təmizdi, yaxala çıx.”
...Oğlanın hər günü eynidir... Qarı isə hər ikisinin-düşünməyi unudan və düşünən insanın arasındakı körpüdür...
***
Hədiyyə Şəfaqətin romanının qəhrəmanları zamandır - həmişə yolda olan, amma heç yerə gedib çata bilməyən qoca, uğurdur-hərdən gələn, kitab götürüb gedən kişi, həyatdır - baş qəhrəman qadın... Üç obrazın yan-yana, iç-içə olması, bir də görünməz sərhədlər var romanda. Bir də, həyatımızda seçimlərimizin yerini anladır müəllif: yol gedir, gedir, baxırsan, dirənir ucu-yoxdur yol, qayıt geri, ayrı döngəyə, ayrı cığıra burul...
...Üç yolun ayrıcındadır “Uzaq adamlar”: Qalakəndin içindən keçən yol, Avey dağına aparan yol, Yuxarıbaşdakı kiçik yol. Hədiyyə Şəfaqətin kitabı ünvanımı tapmaqçün sonuncusundan keçdi.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Dedilər, get basketbolçu ol
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Boyu təxminən 1,83 metr olan Tayleri uşaq vaxtı hamı basketbola yönəldirdi. Axı bu idman növü Amerikada çox populyardır, gəlir gətirən, yaxşı məvacibli sahədir. Amma Tayler heç kəsə qulaq asmadı, düzdür, idman sevgisi az da olsa var idi onda. Basketbola yox, beysbola getdi, amma sonda özünü kinematoqrafiyaya həsr etdi. Basketbolçu kimi Maykl Cordan ola bilməzdi yəqin ki. Amma kino sahəsinin məhz Tayler Höklini ola bildi…
Tayler Höklin (Tyler Hoechlin) xüsusilə Derek Hale (Teen Wolf) və Clark Kent/Superman (Superman & Lois) rolları ilə tanınan amerikalı aktyordur. O, həm kino, həm televiziya, həm də videooyun səsləndirməsi sahəsində fəaliyyət göstərib. Tyler Lee Hoechlin 11 sentyabr 1987-ci ildə ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində anadan olub. Valideynləri Don və Lori Hoechlin, bacı-qardaşları isə Tanner, Travis və Carrie Hoechlin-dir.
Hoechlin çox erkən yaşlarından kamera qarşısına çıxmağa başlayıb. Uşaq vaxtı reklam çarxlarında çəkilib və sonradan aktyorluq təhsili alaraq peşəkar fəaliyyətə keçib. Hoechlinin aktyorluq karyerasında ən mühüm dönüş nöqtələrindən biri 2002-ci ildə çəkilmiş Road to Perdition filmi olub. Sam Mendesin rejissoru olduğu filmdə o, Michael Sullivan Jr. obrazını canlandırıb və məşhur aktyor Tom Hanks ilə birlikdə oynayıb.
Maraqlıdır ki, Hoechlin bu rol üçün 2 mindən çox gənc aktyor arasından seçilib. Onun filmdəki performansı diqqət çəkib və müxtəlif mükafatlara namizəd göstərilib, Saturn və Young Artist mükafatlarından da qazananlar arasında olub.Bu film onun Hollywood-da ciddi aktyor kimi tanınmasına böyük təsir göstərib. 2003-cü ildə Hoechlin məşhur televiziya serialı 7th Heaven-də Martin Brewer rolunu alıb.
Əvvəlcə onun serialda yalnız bir neçə epizod görünməsi nəzərdə tutulub. Lakin obraz tamaşaçıların diqqətini çəkdiyi üçün aktyor serialın əsas heyətinə daxil olub və 2003–2007-ci illərdə layihədə iştirak edib. Bu rol ona geniş televiziya auditoriyası qazandırıb və gənc aktyor kimi karyerasını möhkəmləndirib. Tyler Hoechlin haqqında ən maraqlı faktlardan biri onun yalnız aktyor deyil, həm də ciddi şəkildə beysbol oynayan idmançı olmasıdır.
O, təxminən 7 yaşından beysbol oynamağa başlayıb. Orta məktəb və universitet illərində bu idmanla peşəkar səviyyəyə yaxın şəkildə məşğul olub. Arizona State University-də beysbol təqaüdü qazanıb, daha sonra UC Irvine komandasında da oynayıb. Hətta aktyorluq karyerasının müəyyən mərhələsində idmana daha ciddi yanaşıb. Ona Twilight film seriyasında Emmett Cullen rolu təklif edilib, lakin o vaxt universitet beysbol karyerasına üstünlük verdiyi üçün bu roldan imtina edib.
Sonradan aldığı zədə onun beysbol karyerasına ciddi təsir göstərib və aktyorluğa daha çox diqqət ayırmağa başlayıb. Hoechlinin dünya miqyasında məşhurlaşmasının əsas səbəblərindən biri 2011-ci ildə başlayan Teen Wolf serialıdır. Burada o, Derek Hale obrazını canlandırıb. Derek Hale serialın ən mürəkkəb və populyar personajlarından biridir. O, canavar ailəsindən gələn, ciddi, soyuqqanlı, sirli və bəzən aqressiv xarakterli bir obrazdır.
Serialın başlanğıcında Derek daha çox qaranlıq və təhlükəli təsir bağışlasa da, hadisələr inkişaf etdikcə onun keçmişi, ailəsi və daxili mübarizəsi daha geniş şəkildə göstərilib. Hoechlinin performansı xüsusilə onun sakit, sərt və emosiyalarını çox büruzə verməyən aktyorluq üslubu ilə seçilib. O, serialın ilk mövsümlərində əsas aktyor heyətinin mühüm üzvlərindən biri olub.
Sonrakı illərdə Derek Hale obrazı onun ən tanınmış rollarından birinə çevrilib. Hoechlin 2011–2017-ci illərdə Teen Wolf layihəsində iştirak edib və 2023-cü ildə çıxan Teen Wolf: The Movie filmində Derek Hale roluna qayıdıb. Filmdə o, həmçinin prodüser kimi də iştirak edib. Tyler Hoechlin müxtəlif janrlarda filmlərdə rol alıb.
Əsas filmlərindən bəziləri:
- Road to Perdition (2002) — Michael Sullivan Jr.
- Grizzly Rage (2007) — Wes Harding
- Solstice (2008) — Mark
- Hall Pass (2011) — Owen
- Undrafted (2016)
- Everybody Wants Some!! (2016) — McReynolds
- The Domestics (2018) — Mark West
- Fifty Shades Freed (2018) — Boyce Fox
- Bigger (2018) — Joe Weider
- Can You Keep a Secret? (2019) — Jack Harper
- Palm Springs (2020) — Abe
- Teen Wolf: The Movie (2023) — Derek Hale
Xüsusilə Everybody Wants Some!! və Palm Springs kimi filmlər onun yalnız televiziya seriallarının aktyoru olmadığını, komediya və dram janrlarında da işləyə bildiyini göstərib. Tyler Hoechlinin karyerasında ikinci böyük dönüş nöqtəsi Superman obrazıdır. 2016-cı ildə o, Supergirl serialında Clark Kent/Superman kimi təqdim edilib. Sonrakı illərdə The Flash, Arrow, Batwoman və digər Arrowverse layihələrində də Superman obrazında görünüb.
Bu rol onun aktyor kimi əvvəlki obrazından tamamilə fərqli tərəfini göstərib. Derek Hale daha qaranlıq, sirli və sərt xarakter idisə, Clark Kent daha humanist, mərhəmətli, məsuliyyətli və nikbin personajdır. 2021-ci ildə Tyler Hoechlin özünün ən mühüm televiziya rollarından birinə — Superman & Lois serialında Clark Kent/Superman obrazına keçib. Serialda onun tərəf müqabili Elizabeth Tulloch tərəfindən canlandırılan Lois Lane idi. Bu layihədə Superman yalnız superqəhrəman kimi deyil, həm də:
həyat yoldaşı,
ata,
jurnalist,
Smallville sakini,
ailəsini qorumağa çalışan adi insan
kimi təqdim olunur. Bu baxımdan Hoechlinin Clark Kent obrazı əvvəlki Superman təsvirlərindən daha çox ailə və insan münasibətləri üzərində qurulmuş versiya idi. Superman & Lois 2021–2024-cü illərdə yayımlandı və Hoechlin serialın baş rolunda 53 epizodda çıxış edib. Hoechlin yalnız kino və televiziyada deyil, videooyun dünyasında da fəaliyyət göstərib.
O, Final Fantasy VII layihələrinin ingilisdilli versiyalarında məşhur Sephiroth obrazını səsləndirib. Onun səsi: Crisis Core: Final Fantasy VII Reunion (2022), Final Fantasy VII Rebirth (2024)
kimi layihələrdə istifadə olunub. Sephiroth videooyun tarixinin ən məşhur mənfi personajlarından biri hesab olunur və bu rol Hoechlinin aktyor diapazonunun başqa bir nümunəsidir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Kino operatoru, nömrə bir
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanincəsənətində əhəmiyyətliyertutmuş bir şəxsdən – Muxtar Dadaşovdan danışanda ilk olaraq ağla gələn onun çəkdiyi sənədli filmlər olub. Bu ünlü şəxs həqiqətən də kino operatorluğu sahəsində Azərbaycanın bir nömrəliləri sırasındadır.
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib. Orada da bir sıra filmlərin çəklişində iştirak edib. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır.
1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Eyni zamanda tamaşalarda kiçik rollar oynayıb.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlib. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edib. Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönüb, kinostudiyada operator işinə qayıdıb.
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutub. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış edib. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilib.
Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıb. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Muxtar Dadaşovun "Bakıda küləklər əsir" filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film çəkib.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov" sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb.
50 ildən çox kinoya xidmət edib. Muxtar Dadaşov 1977–1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.
Operator assistenti kimi
- 26 komissar (film, 1932)
- Köçərilər (film, 1933)
Operator kimi
- Lökbatan (film, 1933)
- Neft simfoniyası (film, 1933)
- Rəqs edən bağalar (film, 1935)
- Ordenli Azərbaycan (film, 1938)
- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
Rejissor kimi
- Samur-Dəvəçi kanalı (film, 1940)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
- Bakı döyüşür (film, 1944)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
- Axşam konserti (film, 1948)
Ssenari müəllifi kimi
- Samur-Dəvəçi kanalı (film, 1940)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
- Bakı döyüşür (film, 1944)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
İkinci operator kimi
- Sualtı qayıq "T-9" (film, 1943)
Haqqında çəkilən film
- Zirvəyə gedən yol. Muxtar Dadaşov (film, 2016)
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 dekabr 1976
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
3. Azərbaycan SSR Dövlət mükafatı — 1980 ("L. İ. Brejnev Bakıda" filminə görə)
4. "Şöhrət" ordeni
5. Azərbaycan Respublikasının Fəxri fərmanı — 18 sentyabr 1993
6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 22 fevral 1998-ci ildən
7. "Sovet Azərbaycanı" sənədli filminə görə Kannda keçirilən beynəlxalq kinofestivalda xüsusi mükafat — 1951
8. "Səadət yolu ilə" filminə görə ÜİKTS-in Qızıl medalı — 1956
9. "Nəriman Nərimanov" filminə görə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-67" zona kinofestivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizi — 1967
Muxtar Dadaşov 7 may 1998-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Nağaraçı, kunq-fu çempionu, sonra da aktyor
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Teatrımızda nəsil dəyişməsi həmişə ağır gedən bir proses olub. Yəni, gənclər gəldi, qocalar dərhal getsin kimi bir anlayış heç zaman mövcud olmayıbdır. Əlbəttə ki, ən azından ona görə ki, teatr həyatı göstərən bir nəsnədir, həyatda isə gənclər və qocalar birgə yaşayırlar. Yaşlıları səhnədən çıxarmaq yaşlı insan obrazlarını ssenaridən götürmək demək olardı...
Haqqında danışacağım aktyor iki nəslin keçidində yer alıbdır, bu gün özünün 45 illik yubileyini qeyd edir. Çox maraqlı və unikal adamdır. Elə başlığa çıxardığım sözlər buna işarədir.
Elnur Kərimov 1981-ci il sentyabr ayının 11-də Bakı şəhərində doğulub. Atası Umbay Kərimov Bakıda, 2 nömrəli avtobus parkında işləyib. Anası Solmaz Kərimova isə 1969-cu ildən Azərnəşrdə korrektor vəzifəsində çalışıb. 3 yaşından bacı və qardaşları ilə birlikdə Yuri Qaqarin adına Pionerlər Sarayında rəqs və xüsusi ilə nağara dərnəyində musiqi ilə məşğul olub.
1986 ci ildə Yuri Qaqarin adına Pionerlər Sarayının 50 illik yubileyində Heydər Əliyev Sarayında nağarada solo "çırtma qaytağı" ilə çıxış edib. 1988-ci ildən "Dənizçilər Klubu" Mədəniyyət Sarayının ansamblına ən gənc nağara ifaçısı kimi dəvət alıb. 1989-cu ildə Krasnovodsk və Şevçenko şəhərlərində keçirilən "Azərbaycan Mədəniyyəti Günləri"ndə iştirak edib.
1989-cu ildə xüsusi istedadına görə indiki Əfsər Cavanşirovun qərarı ilə İncəsənət Gimnaziyasına imtahansız qəbul edilib. Burada "simli alətlər", "nəfəs alətləri", "vokal", "aktyorluq" kimi müxtəlif sənət dərsləri alıb. Gimnaziyada təhsil aldığı müddətdə "Şəhriyar" yubiley tamaşasında, Şəhriyar, "Məhəmməd Füzuli" yubileyində Füzuli, Məmmədkamal Kazımovun quruluş verdiyi Sultan Məcid Qənizadə "Xor-Xor" tamaşasında "Rüstəm bəy" rollarını ifa edib.
Ənvər Əblucun quruluş verdiyi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında "Qoçu Əsgər" rolunu oynayıb. Gimnaziya şagirdlərinin ifasındakı "O olmasın, bu olsun" tamaşası AzTV-nin qızıl arxivində saxlanılır. Gimnaziyada təhsil aldığı müddət ərzində Kunq Fu To`A idman növü ilə məşğul olub və paytaxt birincisi olub. İncəsənət Gimnaziyasında aktyorluq təhsili aldıqdan sonra 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Universitetdə Gülşad Baxşıyevadan teatr sənətinin, Ənvər Vəliyevdən səhnə danışığının və Ənvər Əblucun kino incəliklərini öyrənib. Bir il sonra 2000-ci ildə Gənc Tamaşaçılar Teatrına dəvət alıb. 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında təcrübə keçən Elnur həmin ildən aktyorluq fəaliyyətinə başlayıb. 2001-ci il fevral ayının 14-də "Qarışqa şıllaq atdı" tamaşasında Elbənd rolunda uğur qazanaraq, teatrın kollektivinə qəbul edilib.
Sonralar teatrda bir çox tamaşalarda həm epizodik, həm də baş rollarda çıxış edibr. Teatrda oynadığı rollar silsiləsinə Xeyir ("Xeyir və Şər"), Ərköyün qaz balası ("Ana qaz"), Məmməd ("Cənnətin üç alması"), Tülkü ("Tıq-tıq, tuk-tuk"), Əlibala ("Əlibala və qırx quldur"), Mirzədadaş ("Dələduz") və s. obrazlar daxildir.
İlk dəfə 2003-cü ildə İsi Məlikzadənin əsəri əsasında hazırlanmış, quruluşçu rejissor Nicat Feyzullayevin "Küçələrə su səpmişəm" filmində Bəhmən rolunda çıxış edib. 2007-ci ildə isə Oqtay Mirqasımovun quruluşu əsasında "Günaydın, mələyim" filmində Rəhman obrazını canlandırıb. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının Bədii Şurasına üzv seçilib.
Müxtəlif televiziya kanallarında "Bərəkətli olsun" (Space TV), "Düşərgə" (İctimai TV), "Səhər görüşləri" (AzTV), kimi verilişlərin aparıcısı kimi fəaliyyət göstərib. 2021-ci ildən Bakı Dövlət Sirkində çalışır. Çalışdığı müddətdə "Zəfər Sərgisi", "Dəmir Yumruq" kimi layihələrdə yaxından iştirakçı olub
Layihələrin uğurla keçirilməsində töhfələri var. Bakı Dövlət Sirkində keçirilən "Hünər Meydanı" layihəsində həm aparıcı həm də təşkilatçı kimi fəaliyyəti olub. 2022-ci il Beşinci Xarıbülbül Musiqi Festivalı nın aparıcısı olub.
Filmoqrafiya
- Mən sənin dayınam
- Dronqo
- Küçələrə su səpmişəm
- Yol yoldaşları
- Ana qaz
- Günaydın, mələyim!
- Qardaşımdan yaxşısı yox idi
- Əzizim Fellini
- Əlavə təsir
- Buta
- Qaynana
- Həddən artıq uyğunluq
Əsas rolları
1. Aqil — ("Mənim ağ göyərçinim" T. Vəliyeva)
2. Ömər İtməz — ("Məhəbbət br bəladır" Ə. Orucoğlu)
3. Əlibaba — ("Əlibaba və qırx quldur" Ərəb x.nağılı)
4. Vəzir — ("Ələddinin sehrli çırağı" Ərəb x.nağılı)
5. Tuk-tuk — ("Tık-tık və Tuk-tuk" A. Şaiq)
6. Əlləz — ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
7. Elbənd — ("Qarışqa şıllaq atdı Q. İlkin)
8. Təbriz — ("Büllur sarayda" İ. Əfəndiyev
Mükafatları
2009–2019 Teatrların inkişafı dövlət proqramı çərçivəsində, "ASSİTEJ" milli mərkəzinin xətti və Gənc Tamaşaçılar Teatrının truppası ilə Rusiya Federasiyası Kalmıkiya Respublikasına qastrolunda "İki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə" Kalmıkiya Respublikasının ölkə rəhbərliyinin xüsusi, Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən mükafat, diplom və döş nişanı ilə təltif olunub.
İki ölkə arasında Teatr sahəsindəki uğurlarına görə "Stanislavski" 150 illik yubiley medalına layiq görülüb. Şimali Osetiya "Txapsayev adına Milli Dram Teatrı"nın diplomu ilə təltif olunub. Hal-hazırda Gənc Tamaşaçılar Teatrı Həmkarlar Komitəsinin "Gənclərlə iş üzrə" katibidir. Mədəniyyət işçiləri Həmkarlar İttifaqının mükafatına, 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına, 3 dəfə Prezident Mükafatına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
O.Henri "The Gift of the Magi"ni niyə yazdı?
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
MəşhurAmerikayazıçısı UilyamSidniPorter (WilliamSydneyPorter) barədə söz açmamışdan öncə onu deyim ki onu xatırlamağımıza səbəb bu gün doğum günü olmasıdır, anadan olmasının 164-cü ildönümüdür. Fürsət ikən onu da tanıyaq. Ədəbiyyatda xüsusi yeri və çəkisi var bu ədibin. Ədəbiyyatsevərlər deyəcəklər, Tarixi-Nadiri yarıya qədər oxumuşuq, belə adam tanımırıq axı. Dərhal onun ədəbi psevdomini xatırladıram – O.Henri.
Əlbət ki indi tanıdınız.
Porter – O.Henri 11 sentyabr 1862-ci ildə Amerika vətəndaş müharibəsi zamanı Şimali Karolina ştatının Greensboro şəhərində anadan olub . O, 1898-ci ildə ata adının yazılışını Sidney olaraq dəyişdirib.
Porter 1876-cı ildə xalası Evelina Mariya Porterin ibtidai məktəbini bitirib. Daha sonra Lindsey Street Liseyinə daxil olub.
Xalası 15 yaşına qədər ona repetitorluq etməyə davam edib. 1879-cu ildə Qrinsboroda əmisinin aptekində işləməyə başlayıb və 30 avqust 1881-ci ildə 19 yaşında Porterə əczaçı lisenziyası verilib. Aptekdə o, həm də şəhər camaatının cizgilərini çəkərək təbii bədii istedadını nümayiş etdirib.
Onun əsərləri qısa hekayə janrında xüsusi yer tutur. O.Henri öz hekayələrində adi insanların gündəlik həyatını, kiçik arzularını, sevgi, dostluq, mərhəmət və ümid mövzularını ustalıqla təsvir edib. Əsərlərinin əsas cəhəti qəfil sonluqları — gözlənilməz finalıdır. Bu üslub sonralar “O.Henri üslubu” kimi məşhurlaşıb. O. Henri həm yumor, həm də incə duyğuları birləşdirərək oxucunu həm güldürüb, həm də düşündürüb.
Təhsili və ilk illəri
O, əvvəlcə farmatsevt köməkçisi kimi işləyib və burada çoxlu tibbi biliklər əldə edib. Daha sonra Texas ştatına köçərək müxtəlif işlərdə – müəllim, xəzinədar, jurnalist, hətta bankda məmur kimi fəaliyyət göstərib.
Həbs həyatı
Onun həyatında dramatik bir dönüm də var. İşlədiyi bankda vəsaitlə bağlı qanun pozuntusu ittihamı ilə həbs olunub. Həbsdə olarkən yazmağa daha çox vaxt ayırıb və qısa hekayə janrına ciddi yanaşmağa başlayıb. Maraqlıdır ki, o, “O. Henri” təxəllüsünü də həmin dövrdə götürüb. Təxəllüsün mənşəyi tam məlum olmasa da, yazıçının söz oyunu və sirli üslubunu əks etdirib.
Yazıçılıq karyerası
Azadlığa çıxdıqdan sonra Nyu-Yorka köçüb və ömrünün son illərinə qədər yüzlərlə hekayə yazıb. Onun əsərləri qəzet və jurnallarda çap olunub, qısa zamanda məşhurlaşıb.
Əsərlərində əsasən adi insanların həyatı (satıcılar, polis işçiləri, kasıb sənətkarlar, tələbələr, küçə insanları), yumor və istehza, humanizm və ən əsası gözlənilməz sonluqlar xüsusi yer tutub.
Maraqlı fakt
Dünyada “O. Henri mükafatı” adlı ədəbi mükafat var. Bu mükafat hər il ən yaxşı qısa hekayə müəlliflərinə təqdim olunur və yazıçının xatirəsinə böyük ehtiram əlamətidir.
The Gift of the Magi
Tərcüməsi “Müdriklərin hədiyyəsi” olan bu hekayə sevgi və fədakarlığın simvoludur. Ədibə ilk şöhrəti bu hekayə gətiribdir. O niyə bu hekayəni yazıb? Çünki yoxsulluq içində keçən insan həyatlarındakı sevgi, vəfa və fədakarlığın ən ağır sınaqlar qarşısında duruş gətirib gətirməyəcəyi mövzusu onu çox alüdə edib. Gənc ailə – Cim və Della – çox kasıbdır. Yeni il üçün bir-birinə hədiyyə almaq istəyirlər, amma pulları yoxdur. Della öz uzun saçlarını satır ki, Cimin sevimli saatına zəncir alsın. Cim isə öz saatını satır ki, Dellanın saçları üçün daraq alsın.
Nəticədə hədiyyələr “yararsız” qalır, amma onların sevgisi hər şeydən dəyərli olduğunu sübut edir.
Günümüz üçün də çox aktual olan bir mövzudur.
The Cop and the Anthem
Azadlıq və insanın içindəki vicdan barədə hekayə. Soapi adlı bir dilənçi qışda həbsxanada qalmaq istəyir, çünki orada isti və yemək var. Bu məqsədlə o, müxtəlif cinayətlər törətməyə çalışır, amma hər dəfə uğursuz olur. Axırda kilsənin qarşısında himn eşidir, ürəyində yeni həyata başlamaq qərarına gəlir. Elə həmin anda polis onu saxlayır və kiçik bir səbəbdən həbsə göndərir.
Yazıçı bununla insanın taleyindəki istehzalı döngələri göstərir.
The Ransom of Red Chief
Yumorla dolu məşhur hekayədir. İki adam zəngin bir adamın oğlunu qaçıraraq pul qazanmaq istəyir. Amma uşaq çox dəcəl çıxır, onları bezdirir və dözülməz oyunlarla əsir saxlayan kimi olur. Sonda oğlanın atasına pul verməyə məcbur qalırlar ki, uşağı geri alsın.
Burada O. Henri cinayət və gülüşü ustalıqla birləşdirir.
Ölümü
O. Henri 1910-cu ildə qaraciyər xəstəliyindən Nyu-Yorkda vəfat edib. Ömrü qısa olsa da, qısa hekayə janrını bənzərsiz üslubu ilə zənginləşdirib.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Xatırlatma - mədəniyyət nazirinin növbəti vətəndaş qəbulu Naxçıvanda baş tutacaq
Zəruri xatırlatma: mədəniyyət naziri Adil Kərimli növbəti dəfə Naxçıvanda vətəndaşları qəbul edəcək.
Belə ki, nazirliyin yaydığı məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Xatırladırıq ki, vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)
O, daha çoxunu edə bilərdi
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzi kino sənətkarları var ki, onlardan daim daha çoxunu gözləyirsən, amma gözlədiklərin gəlmir. Sanki onlara nəsə mane olur, şedevrlər yaratmağı daim təxirə salır, daim nəyisə gözləyirlər.
Operatorlar rejissorlar kimi öndə olmazlar, kadr atrxasında qalarlar, amma kino tarixində məhz operator filmləri az olmayıbdır. Biz Rafiq Əliyevdən məhz belə bir film gözləməkdəyik.
Azərbaycan kinooperatoru, prodüser Rafiq Əliyev 10 sentyabr 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib.
1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb.
Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır.
Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur
Filmoqrafiya
1. Bizi bağışlayın
2. Yolda adamlar
3. Araqarışdıran
4. Monoloq
5. Müsəlmanlar sülh uğrunda mübarizədə
6. "Neftçi"-87
7. Yol hərəkətinin təhlükəsizliyi
8. Sahilsiz gecə
9. Dəvətnamə
10. İmam Mustafayev. Ömürdən səhifələr
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)
Gənclər Teatrının həmişəgənc aktrisası
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Gənclər Teatrı həqiqətən də gənclərimiz üçün çalışır. Tamaşalarda həm didaktika, həm informasiya, həm motivasiya var. Amma nədənsə tamaşalar zamanı zalda gənclərə istisna halda rast gəlmək olur. Gənclər, niyə belə passivsiniz, bilmək olmur.
Bu gün həmin teatrın bir aktrisası barədə danışaçağam.
Bu gün doğum günü olan Azərbaycan Respublikasının əməkdar artisti Qəmər Məmmədovadır.
10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Əsas rolları:
1. Sara xatun - («Sara xatun», N.Cəfərli)
2. Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas)
3. Güllü - («Vicdanın hökmü»,H.Mirələmov)
4. Sevgili - («Generalın son əmri», V.Səmədoğlu)
5. I qadın - («Labirint», E.Hüseynbəyli)
6. Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli)
7. Hosuil Emmi - («IV Kin», Q.Qorin)
8. İolanka - («Gecə soyğunçuları», M.Mitroviç)
9. Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)
10. Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir
Filmoqrafiya
- O dünyadan salam
- Həm ziyarət, həm ticarət...
- Yalan
- Cavad xan
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)
Yalnızlığın səsi – ESSE
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər yeni başlanğıc özündə yeni arzular, yeni ümidlər, yeni insanlar gətirir. Başlanğıclar insana fərqli həyəcan, fərqli hisslər yaşadır. Ancaq bir hiss var ki, səndən qopmur. Harada olduğundan, kimlə olmağından asılı olmayaraq səni özünə çəkir. Sən onu basdırmağa çalışsan da, o bir söz, bir səs, bir baxışda sənə varlığını xatırladır.
Sanki deyir: “Qaçma, bu sənsən, özündən xəbərsiz yaşama.” Görməkdən məmnun olmadığın tərəflərin içində gizli gücünü də daşıyır. Qəbul etdikcə güclənəcək, azadlaşacaqsan. Çünki insan qaranlığın arxasındakı işığı tapanda özünə rast gəlir. Sən isə qaranlıqda özünə yer tapmağa çalışırsan. Amma işıq çox uzaqda deyil, özünə imkan versən, o sənə parlayacaq.
Bu hiss hər insanın varlığında kök salır, amma hər kəsdə fərqli ölçüdə. Sən bunu daha çox hiss edirsən və bir o qədər də ondan qaçırsan. Amma ən çox da ona ehtiyac duyursan. O yalnızlıqdır — insanın həm qorxduğu, həm də özünü ən çox tanıdığı aynası. Yalnızlıq bir sınaq kimidir: ya özünü dərk edirsən, ya da özündən qaçırsan. Qaçdıqca o səni geri çağırır. Çünki sən orada özünlə baş-başa qalırsan. Özünü tapırsan. Kimsə olmasa da, sən özünə bəs etməyi öyrənirsən. Hansı duyğu olduğundan asılı olmayaraq, öz həqiqətlərini, öz xoşbəxtliyini, öz səsini, öz hisslərini qucaqla. Çünki yalnızlıq sənə öz iç dünyanı dinləməyi öyrədir. Və sən özünə yaxın olduqda, dünya da sənə yaxınlaşır…
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)
Ortaq köklər, ortaq dəyərlər: Ankarada İslam Əməkdaşlıq Təşkilatının I Müsəlman Diaspor Forumu keçirilir
Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin, diaspor qurumlarının rəhbərlərinin, dövlət və hökumət rəsmilərinin, ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Köklərdən yollara” adlı I Müsəlman Diaspor Forumu işə başlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müsəlman diasporlarının həmrəyliyinin gücləndirilməsi, onların yaşadıqları ölkələrdə daha fəal və səmərəli fəaliyyət göstərməsi, dövlət-diaspor münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın yeni imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıyan forum müxtəlif ölkələrdən olan nümayəndələri vahid platformada bir araya gətirib.
Forumda Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Musa Kulaklıkaya, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Abdulhadi Turus, İƏT-in Fələstin və Qüds işləri üzrə Baş katibinin köməkçisi Dawas Dawas, Pakistanın Xaricdə Yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn, İslam Ölkələri Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin baş direktoru Zəhra Zümrüt Səlçuk iştirak və çıxış ediblər.
Çıxışlarda müsəlman diasporlarının qlobal çağırışlar qarşısında daha sıx əməkdaşlığının və koordinasiyasının təmin edilməsi, diasporun potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi diqqət mərkəzinə gətirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsinə, onların təşkilatlanmasının dəstəklənməsinə, milli kimliyinin qorunub saxlanılmasına və yaşadıqları ölkələrin ictimai-siyasi həyatına fəal inteqrasiyasına xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, ölkəmizin diaspor siyasətinə uyğun olaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmaları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinə, eləcə də Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin və digər diaspor institutlarının inkişafının dəstəklənməsinə xüsusi əhəmiyyət verilir. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən sədr komitənin il ərzində dünyanın 70 ölkəsində 800-dən çox tədbir həyata keçirdiyini, bu təşəbbüslərin soydaşlarımızın təşkilatlanmasının gücləndirilməsinə və milli dəyərlərimizin yaşadılmasına xidmət etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, qlobal çağırışlar və sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda diaspor təşkilatlarının üzərinə düşən məsuliyyətin artdığını, ortaq tarixi, dini və mədəni dəyərlərin diaspor icmaları arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm zəmin yaratdığını vurğulayıb, bildirib ki: “Bu baxımdan müsəlman diasporları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı dəstək mexanizmlərinin yaradılması və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyətin təşviqi xüsusi əhəmiyyət daşıyır. Komitə sədri “Köklərdən yollara” mövzusunun İƏT-ə üzv ölkələrin üzərinə düşən ortaq missiyanı və prioritetləri dəqiq şəkildə ifadə etdiyini diqqətə çatdırıb: "Diaspor təşkilatları öz köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcək nəsil üçün yeni yollar da açmalıdır. Bu yollar xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalı, diasporlarımızı tarixi vətənləri ilə əlaqələndirməli və millətlərimiz arasında əməkdaşlığı daha da gücləndirməlidir. Əminəm ki, bu dialoq zamanla konkret təşəbbüslərə, birgə layihələrə və İƏT-ə üzv dövlətlərdə diaspor məsələlərinə məsul qurumlar arasında daha dərin institusional əməkdaşlığa çevriləcək." Komitə sədri Azərbaycanın artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Meksika, Qırğızıstan, Rumıniya və daha beş ölkə ilə bu istiqamətdə uğurlu əməkdaşlıq qurduğunu da əlavə edib.
Forum çərçivəsində müsəlman diasporlarının qarşılaşdığı aktual problemlər və onların həlli yolları, diaspor təşkilatlarının yaşadıqları ölkələrin ictimai həyatında iştirakının artırılması, dövlət qurumları ilə diasporlar arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsi, ortaq fəaliyyət platformalarının yaradılması və müxtəlif ölkələrin uğurlu təcrübələrinin paylaşılması məsələləri geniş müzakirə olunub.
Forum panel müzakirələri ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


