Erməni həkimin səhvinin qurbanı Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Faciəli bir həyat. Bir plastik əməliyyat, həkim səhvi və vaxtsız vəfat. Bir zamanlar – SSRİ dönəminin olduqca populyar müğənnisi, Zeynəb Xanlarova ilə rəqabət aparan birisi idi o. Cəmi 36 il yaşadı, bu gün anım günüdür.

 

Nəzakət Məmmədova 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır.

1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.

 

Filmoqrafiya

1. Payız melodiyaları

2. Xanəndənin taleyi

 

Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.

Bu, 21 oktyabr 1980-ci ildə baş verir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.