Yubiley Lənkəranda ədəbiyyatı və teatrı bir araya gətirdi Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

19 oktyabr 2025-ci il tarixdə AYB Lənkəran Bölməsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

 

Əvvəlcə iştirakçılar teatrın foyesində yazıçının yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular. Rəsmi tədbiri teatrın aparıcı aktrisası, Prezident təqaüdçüsü Aynur Əhmədova açaraq iştirakçıları  Məmmədhüseyn Əliyevin haqqında çəkilmiş sənədli filmə baxmağa dəvət etdi. Filmdə yazıçının həyat salnaməsi varaqlandı, doğulduğu kənd, təhsil aldığı orta və ali məktəb illəri, müəllim işlədiyi dövrlər, eləcə də ədəbi sahədə qazandığı uğurlar əyani şəkildə nümayiş olundu.

Sonra söz teatrın direktoru Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynovaya verildi. Laləzar xanım Məmmədhüseyn Əliyevin dram əsərlərinin səhnə həyatından danışdı. İndiyədək Lənkəran teatrında üç əsərinin tamaşaya qoyulduğunu bildirdi. Yubiley ilində paytaxtda və qonşu rayonlarda bu tamaşaların müvəffəqiyyətlə göstərildiyini qeyd etdi. Sonra AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək Məmmədhüseyn Əliyevin ədəbi fəaliyyəti haqqında məlumat verdi. Onun Azərbaycan Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin ilk məsul katibi kimi bölgədə ədəbi mühitin inkişaf etdirilməsində mühüm xidmətləri olduğunu bildirdi. Bu ənənənin bu gün də davam etdirildiyini vurğulayıb, yaxın günlərdə Bakıda da yazıçının yubiley tədbiri olacağını nəzərə çatdırdı.

Daha sonra şair-publisist Ağacəfər Həsənli, Lerik şəhər İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, yazıçının qızı, fəlsəfə elmləri doktoru Sədaqət Əliyeva, Lerikə Dəstək İctimai Birliyin sədri Arzuman Muradlı və yazıçının şagirdi olmuş Hacı Müqabil Şahbazov çıxış edərək Məmmədhüseyn Əliyevin əsərlərinin nəinki Azərbaycanda, eləcə də keçmiş Sovetlər İttifaqında çap olunub ona böyük şöhrət qazandırdığından, mərd və qorxmaz bir insan olduğundan, hamıya qayğı ilə yanaşmasından, gözəl müəllim, gözəl ailə başçısı olduğundan danışıb həmişə hörmətlə yad olunacağını bildirdilər.

Rəsmi hissədən sonra iştirakçılar Lənkəran Dövlət Dram Teatrının rejissoru Emil Əsgərovun quruluşunda Məmmədhüseyn Əliyevin "Kölgəli üz" pyesinin tamaşasına baxdılar...

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.