Super User

Super User

Çərşənbə, 09 Sentyabr 2026 16:40

Şəhidlik – ölümsüzlüyə gedən yol

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Şəhidlik – bir insanın vətən, torpaq, azadlıq və ali dəyərlər uğrunda öz şüurlu seçimi ilə canından keçməsi, mənəviyyatın və fədakarlığın çata biləcəyi ən uca zirvədir. Bu, sıradan bir ölüm deyil; cəmiyyətin yaddaşında, xalqın tarixində və mənəvi aləmində əbədiləşən müqəddəs bir məqamdır.

 

Şəhidlik konsepsiyasının kökündə fərdin maraqlarından üstün olan milli və bəşəri məna dayanır. İnsan ən şirin payı olan həyatını daha böyük bir amala – gələcək nəsillərin azadlığına və təhlükəsizliyinə bəxş edir. Onlar öz həyatlarını tərəddüdsüz qurban verirlər ki, Vətən və xalq müstəqil və məğrur yaşasın. Məhz bu səbəbdən şəhidlər təkcə bir ailənin deyil, bütöv bir millətin övladına çevrilirlər. Onların fədakarlığı cəmiyyətin birliyini möhkəmləndirir, milli kimliyi və vətənpərvərlik ruhunu diri tutur.

Azərbaycan xalqının tarixində şəhidlik anlayışı xüsusi mənəvi-psixoloji çəkiyə malikdir. Müasir tariximizdə 20 Yanvar hadisələri, Birinci və İkinci Qarabağ müharibələri xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda verdiyi ağır, lakin şərəfli imtahanlardır. Qarabağ torpaqlarının azad edilməsi ilə nəticələnən Zəfər tarixi şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına yazılmışdır.

Bu baxımdan şəhidlik həm də tarixi ədalətin bərpa olunmasının və milli qürurun dirçəlişinin simvoludur. Azərbaycanın azad olmuş hər qarış torpağı bir şəhidin son nəfəsi, hər bir zəfər bayrağı bir qəhrəmanın al qanı ilə yoğrulmuşdur.

Ancaq şəhidliyi yalnız keçmişə aid bir qəhrəmanlıq aktı kimi qiymətləndirmək qətiyyən düz deyil. Şəhidlərin xatirəsini yaşatmaq, onların qoyub getdiyi irsə, ailələrinə və əmanət etdikləri vətənə sahib çıxmaq hər bir vətəndaşın mənəvi borcudur. Həqiqi ehtiram yalnız hüznlə deyil, həm də onların uğrunda can verdikləri dəyərləri qorumaq və dövləti daha da gücləndirməklə ifadə olunur. Məzar daşı deyil şəhidin yeri; elin yaddaşı, elin qəlbidir.

Şəhidlik fiziki ömrün bitməsi ilə bitməyən, əksinə, əbədi yaşamın başlanğıcı olan uca bir məqamdır. Şəhidlər öz fədakarlıqları ilə təməl daşlarını qoyduqları azad və suveren gələcəyin işıqlı yolçularıdır.

Şəhidlik – həyatın fani ipini qırıb, onu əbədiyyət yumağına sarımaq sənətidir. Şəhid olmaq yalnız cəbhədə vurulmaq deyildir. Şəhidlik – hələ döyüşə getməzdən əvvəl öz ruhunda fani dünyanı kiçiltmək, sevdiklərinin təbəssümünü Vətənin azadlığına qurban verməyə hazır olmaqdır. Bu, insanın öz mənliyindən imtina edib, daha böyük bir mənə – Vətənə çevrilməsidir. Torpaq o zaman "Vətən" adlanır ki, onun hər qarışında bir ürək döyünür, hər daşının altından bir Vətən sevdalısının ruhu pıçıldayır.

Gözlərinizi yumun və səhər şəfəqləri ilə birlikdə dağların zirvəsinə bürünən dumanı təsəvvür edin. O duman yalnız rütubət deyil; o, Vətən səmasını qoruyan ruhların pərdəsidir. Şəhid də fani bədənini torpağın ağuşuna verib, ruhunu millətin bayrağına bükən əbədi keşikçidir.

  Rənglər çoxdur bu dünyada. Amma bəzi rənglər var ki, onlar boyaq qablarından deyil, birbaşa ürəyin dərinliklərindən süzülür. Al qırmızı rəng... Biz onu tarlalarda açan lalələrdə görürük, günəşin batarkən üfüqə saçdığı şəfəqdə görürük. Lakin bayrağımızın üzərindəki o al qırmızılıq nə lalədən gəlir, nə də günəşdən. O rəng azadlıq naminə atılan son nəbzin, son çırpıntının rəngidir.

Döyüş meydanı bir səhnədir, amma burada heç kəs rol oynanmır. Burada soyuq dəmir sıcak bədənlərlə qarşılaşır. Güllə səsləri, mərmilərin nəriltisi altında bir gənc zabit və ya əsgər son addımını atır. O an nə soyuq hiss olunur, nə də ağrı. O an ruhun bədən qəfəsindən azad olduğu, ən uca məqama pərvaz etdiyi andır. Döyüşçünün torpağa düşən bədəni, əslində torpağı qucaqlayır. O, düşərkən belə diz çökmür, torpağı bağrına basır ki, onu heç kim tapdalaya bilməsin.

Şəhid qanı – tarixin mürəkkəbidir. Tarixi krallar, sərkərdələr yazır zənn edirlər; lakin tarixi yazanlar adını dərsliklərə sığışdıra bilmədiyimiz, adsız-soraqsız, amma ruhu dağlar qədər əzəmətli olan o şəhid qəhrəmanlardır. Onların tökdüyü hər damcı qan torpağın altında bir toxuma çevrilir. O toxumdan sabahın azadlığı, körpələrin maneəsiz qəhqəhəsi, anaların dinc yuxusu boy atır.

Bayraq yüksəlir... Onun küləkdə dalğalanması sadəcə hava axını deyil. Bayraq dalğalanarkən çıxardığı o xışıltı – şəhidlərin pıçıltısıdır. Onlar bizə deyir: "Biz buradayıq, bu qumaşın hər ililməsində, göyün hər qatındayıq. Bizim qanımızla boyanmış bu al rəngə kölgə düşməyə qoymayın."

  Hər bir şəhid bir ananın qucağından çıxıb Vətənin qoynuna gedir. Vətən sevgisi böyükdür, amma ananın övlad sevgisi bəşəriyyətin anladığı daha dərin sevgi ummanıdır. Bir ananın doqquz ay bətnində gəzdirdiyi, gecələr yuxusuz qalıb böyütdüyü, boyuna-buxununa baxıb qürurlandığı övladını al qanlı tabutda qarşılaması... Bu, sözlərin bitdiyi, dilin lal olduğu məqamdır.

Şəhid anasının göz yaşı adi göz yaşı deyil. O yaşın hər qətrəsində həm sonsuz bir kədər, həm də uca bir qürur çağlayır. O göz yaşı torpağa düşəndə torpaq utanır, səma ağlayır. Amma şəhid anası qəddini bükmür. O bilir ki, övladı fani bir ömür yaşayıb unudulmaqdansa, əbədi bir dastan yazaraq mənəviyyat zirvəsinə ucaldı. O, "Vətən sağ olsun!" deyəndə, yalnız iki kəlmə söz demir; o, öz ciyərparasını Vətənin varlığına fəda etdiyini təsdiqləyir.

Atanın sakit, içinə axan göz yaşları, bacının saçını yolub fəryad etməsi, qardaşın yumruğunu sıxıb intiqam andı içməsi... Bu kədər bir evi, bir kəndi, bir şəhəri bürüyür. Amma bu kədər sarsıdıcı, məhvedici kədər deyil. Bu kədər insanı saflaşdıran, onu öz kökünə, öz kimliyinə qaytaran müqəddəs bir kədərdir.

Şəhid evi hər zaman fərqlənir. O evin qapısında asılmış bayraq yalnız bir rəmz deyil, o evin artıq cənnətin bir guşəsi olduğunun göstəricisidir. O evdə sükut var, amma bu sükutda bir məğrurluq nidası gizlənib. O evdə hər xatirə, hər fotosürət canlı bir tarixə çevrilib. Övladın son zəngi, son cümləsi: "Ana, özündən muğayat ol, Vətən bizə əmanətdir..." sözləri bir ailənin deyil, bütün millətin yaddaşına həkk olunur.

  Bəşəriyyət var olandan bəri onun övladları unudulmaqdan qorxub. İnsanlar adlarını daşlara, abidələrə həkk edib ki, gələcək nəsillər onları xatırlasın. Amma əsl unudulmazlıq daş üzərində yazılan yazılarla deyil, insanların qəlbinə həkk olunan izlərlə qazanılır. Şəhidlər adlarını xalqın mənəvi yaddaşına elə bir silinməz xətlə yazırlar ki, zamanın heç bir tufanı o yazını silə bilmir.

Xiyabanlar... Şəhidlər xiyabanı bir qəbiristanlıq deyil. Orada ölümün soyuqluğu deyil, diri bir ruhun hərarəti duyulur. Yan-yana düzülmüş o qara mərmər daşlarının üzərindən bizə baxan gənc simalar... Onların gözlərində qorxu yoxdur, onların gözlərində gələcəyə, bizə olan inam var. Onlar sanki mərmər daşların arxasından pıçıldayırlar: "Biz borcumuzu ödədik, bəs siz bu əmanəti necə qoruyacaqsınız?"

Hər bir şəhid mərməri yarımçıq qalmış bir ömür dastanıdır. Biri toyuna hazırlaşırdı, birinin körpəsi təzəcə "ata" demişdi, biri tələbə idi, biri xəyalında böyük planlar qururdu... Onlar öz gələcəklərini bizim gələcəyimiz üçün qurban verdilər. Onlar yaşamalı olduqları baharları Vətənin payızına, qışına fəda etdilər ki, biz dinc baharlarda yaşaya bilək.

Buna görə də, şəhidlərin qarşısında baş əymək sadəcə bir ehtiram hərəkəti deyil. Bu, öz vicdanımızla baş-başa qalmaq, "Biz bu fədakarlığa layiq ola bilirikmi?" sualını özümüzə verməkdir. Onların azad etdiyi, qanları ilə yoğurduqları torpaqda addımlayarkən hər addımımızı düşünərək atmalıyıq. Çünki o torpağın hər zərrəsində bir qəhrəmanın son nəfəsi var.

  Şəhidlik fəlsəfəsi yalnız dünyəvi dəyərlərlə ölçülə bilməz. O, eyni zamanda ilahi, mənəvi bir zirvədir. Bütün müqəddəs inanc sistemlərində, xüsusən də bizim mənəvi dünyamızda şəhidlik ölümün bitdiyi, həqiqi həyatın başladığı məqamdır. "Onlara ölü deməyin, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz." Bu ifadə şəhidlik məqamının mahiyyətini tam olaraq açır.

Ölüm bədənin torpağa qovuşması, funksiyasını bitirməsidir. Amma şəhidlikdə ölüm bir son deyil, ruhun təmizlənərək ən ali məqama ucalmasıdır. Şəhid fani dünyanın bataqlığından sıçrayıb, əbədi işığın köksünə qovuşan varlıqdır. O, fiziki olaraq aramızdan getsə də, mənəvi olaraq hər an yanımızdadır. O, bir əsgərin addımında, bir müəllimin dərsində, bir körpənin gülüşündə, bayrağın hər dalğalanmasında yaşayır.

Bu mənəvi zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Bu, seçilmişlərin yoludur. Bu yola qədəm qoymaq üçün insanda böyük bir sevgi, sarsılmaz bir inam və ali bir fədakarlıq hissi olmalıdır. Vətəni sevənlər çox ola bilər, amma Vətən üçün canından keçməyi bacaranlar tarixin axarını dəyişən qəhrəmanlardır.

Şəhidlik – ölümə meydan oxumaqdır. Qorxunun gözünün içinə dik baxaraq, "Mənim Vətənim var, mənim namusum var, mənim azadlığım var və bunlar mənim fani ömrümdən müqəddəsdir!" – deyə qışqırmaqdır. Məhz bu hayqırtı əsarət zəncirlərini qıran, millətləri dirildən və onları tarixin səhnəsində əbədi edən qüvvədir.

  Şəhidlər keçmişimiz deyil, onlar bizim gələcəyimizdir. Onlar bizə yalnız azad edilmiş torpaqlar, qalib bir ölkə qoyub getmədilər; onlar bizə böyük bir məsuliyyət əmanət etdilər. Bu əmanət  Vətəni sevmək, onu qorumaq, onu inkişaf etdirmək və şəhidlərin ruhuna layiq bir cəmiyyət qurmaq əmanətidir.

Şəhidlik – bir məşəldir. O məşəl qaranlıq gecələrdə yolumuzu işıqlandırır, bizə kim olduğumuzu, hardan gəldiyimizi və haraya getdiyimizi xatırladır. Biz o məşəlin işığında özümüzü tapırıq. O məşəl sönərsə, biz mənəviyyatımızı, kimliyimizi, azadlığımızı itirərik. Buna görə də o məşəli nəsildən-nəslə ötürmək, onun işığını sönməyə qoymamaq hər birimizin müqəddəs borcudur.

Gələcək nəsillər şəhidləri yalnız dərsliklərdən oxumamalıdırlar. Onlar şəhidliyin nə olduğunu küçələrimizin adında, məktəblərimizin güşələrində, ən əsası isə valideynlərinin, soydaşlarının gözlərindəki ehtiramda görməlidirlər. Bir uşaq şəhid büstünün önündən keçərkən ayaq saxlayıb baş əyirsə, deməli, o millət əbədi yaşayacaqdır.

Sonda gözlərimiz yenidən o ucsuz-bucaqsız göy üzünə dikilir. Orada, buludların üstündə, ulduzların arasında bir nur axını var. O nur Vətən uğrunda canından keçmiş, əbədiyyətə qovuşmuş ruhların işığıdır. O işıq heç vaxt sönməyəcək.

Şəhidlər ölümsüzlərdir, onlar Vətənin daşına, torpağına, bayrağına və millətin əbədi yaddaşına çevrilərək həmişə bizimlə qalacaqlar! 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

 

 

Xanım Aydın,

“Ədəbiyyat və incəsənət”

 

Dünən - sentyabrın 8-i Xalq artisti, milli alətlərimizdən ən iniltilisi kamanın görkəmli ifaçısı Habil Əliyevin növbəti anım günü idi. Gün ərzində onun ifası bir neçə mənbədən qulağıma dəydi. Və nəhayət, bu gün qərara aldım, bu dahi musiqiçi barədə mütləq bir şeylər yazım.

 

Habil Əliyev...

Onun kamançasından çıxan səsin içində bir xalqın yaddaşı vardı: sevinc də, nisgil də, ayrılıq da, məhəbbət də. Bəlkə buna görə Habil Əliyevin ifasını dinləyəndə adam musiqi ilə yanaşı, doğma bir adamın həzin söhbətini, uzaqlardan gələn bir səsi, çoxdan unudulmuş bir xatirəni dinləyirdi.

1927-ci ilin mayında Ağdaşın Üçqovaq kəndində dünyaya gələn Habil Əliyevin sənət yolunun əvvəlində kamança yox, tar dayanırdı. Ailəsinin istəyilə tar sinfinə yazılmışdı. Amma cılız bədəni tarda çalmaq üçün ona güc vermirdi. Sonra kamançaya keçdi. Bəlkə də taleyin ən doğru qərarlarından biri elə bu idi. Çünki o gündən etibarən Habil Əliyev kamançaya, kamança da Habil Əliyevə çevrildi. Və onlar birlikdə tam bir vəhdət yaratdılar. Amma o səsi tapmaq asan olmadı.

Habil müəllimin uşaqlıq illəri müharibənin soyuğu, aclığı və ağır xəbərləri içərisində keçmişdi. O, sonralar xatırlayırdı ki, hər səhər məktəbə gedərkən poçtalyonun qara kağız apardığı həyətlərdən yüksələn fəryadları eşidirdi. Həmin səslər yaddaşına ömürlük həkk olunmuşdu.

Bir gün qara kağız onların öz evinə də gəldi...

Böyük qardaşının ölüm xəbərini alan uşaq Habil üçün dünya daha da ağırlaşdı. Bəlkə də sonralar kamançadan çıxan o nisgilli, adamın içini titrədən səsin bir səbəbi də elə həmin uşaqlıq fəryadları idi. O deyirdi ki, ömrü boyu o ah-nalələri kamançada çalıb insanlara çatdırmaq istəyib. Və çatdırdı.

“Segah”ı, “Bayatı-Qacar”ı, “Bəstənigar”ı, “Bayatı-Şiraz”ı, “Rast”ı, “Zabul”u və başqa muğamları onun kamançasında sanki başqa bir ömür qazandı. Musiqi bilicilərinin onu Nikkolo Paqanini ilə müqayisə etməsi də təsadüfi deyildi. Habil Əliyevin barmaqları kamançanın simlərində sadəcə texnika nümayiş etdirmirdi; o, alətin içində gizlənən səsi axtarırdı. Hətta bir dəfə öz ifasında “Zabul segah”ı dinləyib həyat yoldaşı Şərqiyyə xanıma demişdi:

— Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq.

Bu cümlədə həm böyük sənətkarın öz sənətinə inamı, həm də Habil Əliyevin özünəməxsus təkəbbürü vardı. Çünki o, özünü tanıyırdı. Nəyi bacardığını da, nəyi bacarmadığını da.

Habil Əliyev belə idi: bir tərəfdən son dərəcə həssas, utancaq, uşaqlıqdan “sözəbaxan, yumşaq, tərbiyəli, bir qədər də qorxaq uşaq” olduğunu deyən insan; o biri tərəfdən isə sənət məsələsində güzəşt tanımayan, fikrini açıq söyləyən, bəzən də bu xüsusiyyətinə görə ətrafındakıları çətin vəziyyətdə qoyan inadkar xarakter.

Onun kamançanın səsini axtarması isə ayrıca bir əfsanədir. Deyilənə görə, bir ustanın məsləhəti ilə kamançanın çanağının içinə büllur qırıqları yapışdırmaq fikri yaranır. Xrustal isə o vaxt hər musiqiçinin evində tapılan şey deyildi. Habil bu dərdi Əlibaba Məmmədova danışır. Əlibaba müəllimin həyat yoldaşının cehizindəki büllur gül qabı isə həmin günlərdə qəfil “qəza”ya uğrayır... Əlibaba Məmmədovun xatirəsinə görə, qabı bilərəkdən sındırır və qırıqları Habilə verir. Sonra küçədə qarşılaşırlar. Habil kamançanı futlyardan çıxarıb bircə dəfə simlərə çəkir.

Və Əlibaba müəllimin dediyi kimi, onun tükləri biz-biz olur. Habil axtardığı səsi tapmışdı. Bu, adi bir kamança səsi deyildi. Bu, Habil Əliyevin öz səsi idi. O səsi Hindistanda, İranda, Fransada, Amerikada, Yaponiyada, İngiltərədə və dünyanın başqa ölkələrində eşitdilər. Onun kamançası Azərbaycan muğamını sərhədlərdən keçirib başqa auditoriyalara apardı. Amma Habil Əliyevi yalnız kamançanın səsi ilə xatırlamaq azdır. Çünki bu adamın dilində də özünəməxsus bir “muğam” vardı — duzlu, acı, hazırcavab və bəzən adamı qəfil güldürən.

Habil Əliyev böyük sənətkar olmaqla yanaşı, böyük yumor hissinə malik idi. Onun lətifələri illərlə musiqiçilərin, sənət adamlarının arasında dolaşdı. O, bəzən bir cümlə ilə adamın kefini açar, bəzən də bir atmacayla söhbətin bütün istiqamətini dəyişərdi.

Məsələn, müğənni Nazim Ağayev bir gün həkimdən şikayətlənir ki, bədənində duz yığılıb. Habil isə heç düşünmədən cavab verir:

— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur!

Habil Əliyevin yumoru da özü kimi idi: sadə görünürdü, amma altında iti müşahidə və insan xarakterini tanımaq bacarığı vardı. Onun lətifələrində musiqi aləminin adamları, toylardan səhnələrə, kənd konsertlərindən gündəlik həyata qədər hər şey öz yerini tapırdı. O, həyatı müşahidə edirdi. İnsanları tanıyırdı. Və gördüyünü özünəməxsus sözlə ifadə etməyi bacarırdı. Bəlkə də elə buna görə Habil Əliyevin sənətkar obrazı yaddaşımızda yalnız kamançanın başına əyilmiş ciddi bir ustad kimi qalmayıb. O, həm də gülməyi bacaran, başqalarını güldürən, bəzən sərt, bəzən tərs, bəzən qısqanc, amma bütün hallarda özünəməxsus olan bir insan idi.

Onun həyatında qəribə ziddiyyətlər vardı. Məsələn, həyat yoldaşı Şərqiyyə xanıma çox bağlı idi, hətta onu hamıya qısqanırdı. 1954-cü ildə ailə qurduğu Şərqiyyə xanım sonralar kimya fakültəsinə daxil olmuşdu. Amma Habil müəllim onun işləməsinə razı olmamışdı. Sənətdəki sərt xarakteri ailə həyatında da özünü göstərirdi. Habil Əliyev heç vaxt “hamının xoşuna gələn” adam olmağa çalışmadı. O, öz bildiyini deyirdi.

Alim Qasımovun ifasına münasibətində də bunu görmək olurdu. Onun yenilikçi ifasına qulaq asıb bir dəfə belə deyirdi:

— Başa düşürük, təzə şeylər oxuyursan, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan?

Bu, Habil Əliyevin xarakterinin başqa bir tərəfi idi. O, ənənəyə bağlı idi, amma özü də həmin ənənənin içində yenilik yaratmışdı. Kamançanın səsini dəyişdirmiş, muğamlara yeni nəfəs vermişdi. Başqasının yeniliyinə isə münasibətdə olduqca sərt idi.

Onun həyatında belə sərtliklə həssaslıq, qürurla kövrəklik, ciddiliklə yumor həmişə yanaşı gedirdi.

2015-ci il sentyabrın 8-də Habil Əliyevin kamançası susdu. Amma Habil Əliyevin kamançasından çıxan səs bu gün də yaşayır. Onun ifasında “Segah” başqa cür kövrəlir, “Rast” başqa cür ucalır, “Zabul” başqa cür danışır...

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

 

Çərşənbə, 09 Sentyabr 2026 15:15

Kamran Quliyev - Teatrımızda mükəmməl ad

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Naxçıvan Teatrında işlədiyi müddətdə Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynayıb. Bu rollar da onu məşhurlaşdırıbdır.

 

Kamran Quliyev 9 sentyabr 1958-ci ildə dünyaya göz açıb. 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Kamran Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb.

Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş verib.

1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 26 iyul 2002-ci ildə Prezident Mükafatı alıb. Hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

Salam, dəyərli izləyicilərimiz.

"Bir şair və bir şeir" rubrikasının bu dəfə qonağı Abdulla Saymazdır.

Sizə şairin

" Ucuzlaşıb" adlı şeirini təqdim edirik.

 

 

ABDULLA SAYMAZ,

“UCUZLAŞIB”

 

Asta-asta əssə külək,

Tellərini çəmən yolmaz,

Sevə-sevə baxan olsa,

Bağ-baxçada çiçək solmaz.

 

Kim deyirsə qoyun desin,

Məhəbbətdən ödünc olmaz.

Xain, xoflu, paxıl kəsin,

Çöhrəsində sevinc olmaz.

 

Əxlaqına diqqət edən,

El içində gülünc olmaz.

Yerli-yersiz nifrət edən,

Bir insanın gözü dolmaz.

 

Din, iman da içdən gərək,

Top-tüfənglə inanc olmaz.

Bəla versə göydən fələk,

Qalxan götür, qılınc olmaz.

 

Alış-veriş cılızlaşıb,

Qaz vursan da qazan dolmaz.

Sözlər yaman ucuzlaşıb,

Qazancı yox, yazma Saymaz.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Çərşənbə, 09 Sentyabr 2026 14:30

Bəzi qapılar niyə üzümüzə bağlanır?

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Həyatda elə qapılar var ki, onların qarşısında uzun müddət dayanırıq. Əlimizi dəstəyə uzadır, açılacağına inanırıq. Bəzən günlərlə, aylarla, hətta illərlə gözləyirik. Özümüzü inandırırıq ki, bir gün həmin qapı mütləq açılacaq. Çünki o qapının arxasında arzuladığımız həyatın, sevdiyimiz insanın, gözlədiyimiz xəbərin və ya illərdir qurduğumuz bir xəyalın olduğunu düşünürük.

 

Sonra bir gün qapı bağlanır.

Əvvəlcə bunun ədalətsizlik olduğunu düşünürük. "Niyə?" deyə soruşuruq. Axı bu qədər istəmişdik, bu qədər çalışmışdıq, bu qədər səbir etmişdik. Bəlkə bir az da gözləsəydik, bəlkə başqa cür davransaydıq, bəlkə bir sözümüzü dəyişsəydik, hər şey başqa cür olardı...

İnsan itirdiyi hər qapının qarşısında bir müddət özünü günahlandırır.

Amma həyatın qəribə bir həqiqəti var: Bəzən bağlanan qapı cəza deyil, qorunmaqdır.

Biz bunu həmin an başa düşmürük. Çünki insan qarşısındakı qapını görür, arxasındakı yolu isə görə bilmir. Biz yalnız içəri girmək istəyirik. Orada nə olduğunu təsəvvür edir, gözümüzdə böyüdür, ona öz arzularımızı əlavə edirik. Halbuki bəzən bizi özünə çəkən qapının arxasında düşündüyümüz xoşbəxtlik yox, illər sonra anlayacağımız böyük bir peşmanlıq dayanır.

Həyat bunu bizə əvvəlcədən demir.

Sadəcə qapını bağlayır.

Biz isə uzun müddət həmin qapının qarşısında dayanıb döyürük.

Bəzən qapını başqa biri bağlayır. Sevdiyimiz insan uzaqlaşır. Dostluq bitir. Bir münasibət sona çatır. Arzuladığımız iş alınmır. İllərlə hazırlaşdığımız bir yolun qarşısına gözləmədiyimiz bir maneə çıxır. Bir insan üçün etdiyimiz hər şeyə baxmayaraq, o insan bizi seçmir.

Belə anlarda özümüzə bir sual veririk:

"Deməli, mən kifayət qədər yaxşı deyildim?"

Xeyr.

Hər bağlanan qapının səbəbi bizim yetərsizliyimiz deyil.

Bəzən insanlar bizi sevmədikləri üçün yox, bizimlə eyni yolda gedə bilmədikləri üçün gedirlər. Bəzən bir iş alınmadığı üçün deyil, bizim üçün başqa bir yol hazırlandığı üçün dayanırıq. Bəzən arzuladığımız şəhərə gedə bilmirik, çünki həyat bizi başqa bir şəhərdə özümüzü tapmağa aparır.

Biz isə həmin vaxt bunu itki adlandırırıq.

Çünki insanın ən böyük yanılğılarından biri budur: O, yalnız istədiyi şeyin onun üçün yaxşı olduğuna inanır.

Halbuki hər istədiyimiz bizə yaxşı gəlməyə bilər.

Bəzən çox sevdiyimiz insan bizi özümüzdən uzaqlaşdırır. Bəzən uğrunda illərimizi verdiyimiz bir arzu bizi içəridən yorur. Bəzən açılması üçün dua etdiyimiz bir qapı açılsa, həyatımızın ən böyük səhvini etmiş olarıq.

Ona görə də həyat bəzi qapıları bizim üçün bağlayır.

Biz bunu gec anlayırıq.

Çox gec.

Elə qapılar var ki, bağlandığı gün ağlayırıq, illər sonra isə "Yaxşı ki, açılmadı" deyirik.

Bəlkə də böyümək bir az da budur. Vaxtilə bizi ağladan şeylərə illər sonra başqa gözlə baxa bilməkdir. Bir vaxtlar "niyə mənim başıma gəldi?" dediyimiz hadisənin əslində bizi hansı təhlükədən uzaqlaşdırdığını anlamaqdır.

Həyat hər zaman istədiyimizi vermir.

Bəzən bizə lazım olanı verir.

Amma lazım olanla istədiyimiz eyni şey olmur.

İnsan bunu qəbul etməyi öyrənənə qədər çox qapı döyür. Bəzən açılmayan qapının qarşısında o qədər uzun qalır ki, yanındakı açıq qapıları görmür. Həyat qarşısına başqa imkanlar çıxarır, başqa insanlar gətirir, başqa yollar göstərir. Amma o, gözlərini hələ də bağlı qapıya dikir.

Çünki itirdiyimiz şeyə bağlanmaq, əldə edə biləcəyimiz şeyə inanmaqdan daha asan gəlir.

Bəzən isə qapı bizim üzümüzə yox, köhnə həyatımızın üzünə bağlanır.

Və biz bunu özümüzə qarşı edilmiş bir haqsızlıq kimi qəbul edirik.

Halbuki bəlkə də həmin qapının bağlanması ilə həyat bizə deyir:

"Artıq burada qalma."

"Artıq özünü izah etməyə çalışma."

"Artıq səni seçməyən birinin seçimini gözləmə."

"Artıq bitmiş bir hekayəni davam etdirməyə çalışma."

Bəzi qapılar ona görə bağlanır ki, biz arxaya baxmağı dayandıraq.

Çünki insan bəzən keçmişə o qədər bağlanır ki, gələcəyin qarşısında dayanır.

Bir qapının bağlanması dünyanın sonu deyil. Sadəcə bir yolun sonudur. Yolun bitməsi isə həyatın bitməsi demək deyil.

Bəlkə qarşıda başqa bir yol var.

Bəlkə daha sakit.

Bəlkə daha çətin.

Bəlkə daha gec.

Amma daha çox sənə aid olan bir yol.

Həyatın ən gözəl tərəfi də budur: Heç bir qapının arxasında bütün həyatımız gizlənmir. Bir qapı bağlananda hər şey bitmir. Sadəcə bir ehtimal yox olur və başqa ehtimallar üçün yer yaranır.

Ona görə bəzi qapıları zorla açmağa çalışmamaq lazımdır.

Bəzən dəstəkdən əlimizi çəkməyi bacarmalıyıq.

Bəzən arxaya dönüb getmək məğlubiyyət deyil.

Əksinə, insanın özünə verdiyi ən böyük hörmətdir.

Çünki hər qapının qarşısında ömür boyu dayanmaq olmaz.

Bəzən dönüb getmək lazımdır.

Bir az susaraq.

Bir az ağlayaraq.

Bir az da içimizdə ölən ümidlərlə vidalaşaraq...

Sonra bir gün anlayırıq ki, həyat bizi boşluqda buraxmayıb. Sadəcə əlimizdə tutduğumuz köhnə qapının dəstəyini buraxmağımızı gözləyib.

Və biz nəhayət başımızı qaldıranda qarşımızda başqa bir qapı görürük.

Bu dəfə onu döyməyə qorxuruq.

Çünki əvvəlki qapının ağrısını hələ unutmamışıq.

Amma bəlkə də həyatın bizdən istədiyi yalnız budur:

Yenidən cəhd etmək.

Yenidən inanmaq.

Yenidən açılmaq.

Çünki bağlanan hər qapı bizi bir az dəyişir. Bəzən daha ehtiyatlı, bəzən daha güclü, bəzən də daha anlayışlı edir. Ən əsası isə bizə öyrədir ki, xoşbəxtlik həmişə açılmasını gözlədiyimiz qapının arxasında olmur.

Bəzən xoşbəxtlik o qapının bağlandığını qəbul etdiyimiz anda başlayır.

Bəlkə də həyatın bizə verdiyi ən böyük dərslərdən biri budur:

Hər bağlanan qapının arxasınca ağlama. Bəzən həyat səni içəri buraxmadığı üçün deyil, oradan çıxara bilməyəcəyini bildiyi üçün qapını bağlayır.

Və bir gün geriyə baxanda anlayırsan ki, vaxtilə bağlanmasına görə ağladığın o qapı, əslində, səni özünə aparan yolun başlanğıcı imiş.

 

“Ədəbiyyat və incəsənət”

 

(09.09.2026)

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır. 

Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.

70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.  

Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.

 

 

HƏRCAYİ SÖZÜN MƏRCAYİ CAVABI OLAR

 

Hüseyn kişi şən və hazırcavab adam idi.

Rayonun baş baytar həkimi işləyən vaxtlarında ucqar Daşağıl kəndində çayxanada oturubmuş. Kənddə qonaq olan bir nəfərə onun hazırcavablığı haqqında danışırlar. Həmin adam Hüseyn kişinin çayxanada olduğunu eşidib, deyilənlərin doğruluğunu yoxlamaq üçün ora gəlir, salamsız-kəlamsız və uca səslə soruşur:

-Deyirlər, burada bir eşşək həkimi var, kimdir o?

Hamı Hüseyn kişinin üzünə baxıb nə cavab verəcəyini gözləyir. O isə başını qaldırmadan və halını pozmadan ucadan soruşur:

-Haran agrıyır?

Söz tapa bilməyib pərt olan qonaq həmin gün kəndi tərk edib gedir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

 

Çərşənbə, 09 Sentyabr 2026 12:40

Ramiz Rövşəndən ETİRAF

“Ədəbiyyat və incəsənət” portalı dəyərli şairimiz Rüstəm Behrudinin qeydlərini diqqətinizə çatdırır.

 

Ramiz Rövşən - ustad şairimiz.

Buna söz yox!

O həm də dəyərli bir dostdu. 

30-40 illik dostluğumuz var! Bizi bir zamanlar dəyərli ədəbiyyat adamı Natiq Səfərov tanış eləmişdi. Qəbri nurla dolsun.

Bir dəfə Ramizə əhvalını soruşmaq üçün telefon açdım. Çox şükür, sağlamlığı yerində.

Bir az da yazı-pozudan danışdıq. 

Belə bir dialoq keçdi aramızda:

 

NƏ YAZMIŞIQ KİFAYƏTDİ,

BUNDAN SONRAKI QƏNİMƏTDİ...

 

Sağollaşıb, vidalaşdıq. 

5 səqiqədən sonra Ramizdən zəng gəldi: - Dediyimə  arxayınlaşma, bayaq dediyim sözlər

TƏNBƏLLİYƏ BƏRAƏTDİ!

 

Bax belə. Sənə cansağlığı, sağlam ömür arzulayıram, dəyərli Ramiz Rövşən, dəyərli qardaş--"sözün tozunu almaq"dan daha çox, onu layiq olduğu məqama qaldıran adam!

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR

 

VARİS

 

QAR YAĞMASIN...

(Hekayə)

 

Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.

                                                             Helen Keller

 

Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.

Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.

İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.

Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.

İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.

Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...

Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.

Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.

Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.

O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...

Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat?  Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.

Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.

“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”

Səs yolladı: “Mən tam səmimiyəm”.

Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.

Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...

Kəsik qolu sızıldadı.

...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.

Gözlərini yumdu.

Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...

Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.

Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.

Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.

“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.

 “Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.

Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.

Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.

Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.

Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.

Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.

“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik  qoxusu gəlirdi...”

Yola düzəldilər.

“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”

Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.

Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...

Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.

...Çatdı.

Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.

Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.

Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.

Bu qadın usanmadımı yazmaqdan?

“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”

Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.

...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:

-Xoş gördük. Necəsən?

-....

-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?

-...

-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.

Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.

Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...

Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.

-Sənin qolundur, elə?

Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:

-Mənim də ayağımdır.

Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...

N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:

-Əzələn durur?

Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.

Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.

Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...

Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?

“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”

Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:

-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.

Üşəndi. Tükləri biz-biz oldu.

Növbəti mesaj özünü çox gözlətmədi:

“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”

Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər.  Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.

Görən, bu qış qar yağacaqdımı...

Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”

Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.

Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.

Bax ora səmt aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Bu gün toylarda, şənliklərdə hər birimizin böyük coşqu ilə dinlədiyi "Reyhan" mahnısı, əslində rəqs musiqisi deyil, intiqam və cəsarət simvolu olan bir qadın fədainin — Dağlar qızı Reyhanın xatirəsinə ucaldılmış musiqili abidədir.

 

Qəhrəmanın profili

Adı: Reyhan, Qaçaq Reyhan

Doğum tarixi: Təxminən 1900-cü il

Doğum yeri: Xaçmaz rayonu, Padar kəndi. Əslən Quba qəzası.

Tanınma səbəbi: 1918-ci ildə Quba və Xaçmazda erməni daşnak dəstələrinə qarşı silahlı müqavimət hərəkatına rəhbərlik etməsi.

 

Toyu qana bulanan gəlin: 1918-ci il faciəsi

Reyhan təxminən 1900-cü ildə Xaçmazın Padar kəndində anadan olmuşdur. Onun sakit və bəsit kənd həyatı 1918-ci ilin Mart soyqırımı zamanı Hamazaspın rəhbərlik etdiyi erməni daşnak silahlı birləşmələrinin Quba qəzasına hücumu ilə alt-üst olur.

Reyhanın toyu günü erməni daşnakları qəflətən kəndə hücum edirlər. Onlar toy məclisini dağıdır, Reyhanın gənc bəyini və yaxın qohumlarını vəhşicəsinə qətlə yetirirlər. Gəlinlik geyimində olan Reyhan isə möcüzə nəticəsində və təcavüzdən canını qurtarmaq üçün qaçıb gizlənməyi bacarır. Həmin gün daxilindəki gəlinlik sevinci erməni gülləsi ilə sönən Reyhanın qəlbində böyük bir intiqam atəşi alovlanır.

 

Dağlara çəkilən fədai: "Gəlinqaya" döyüşü

Yoldaşının və kəndinin qisasını almağa and içən Reyhan gəlinliyini çıxarıb hərbi geyim geyinir, silahlanır və Quba dağlarına çəkilir. O, qısa müddətdə başına özü kimi daşnak zülmündən canı yanan yerli fədailəri toplayaraq mütəşəkkil bir qaçaq dəstəsi yaradır.

 

Quba ərazisində bu gün də "Gəlinqaya" adlandırılan strateji yüksəklikdə Reyhanın dəstəsi Hamazaspın daşnak dəstələrinə qəfil və sarsıdıcı zərbələr vurur. Onların həyata keçirdiyi asimmetrik partizan taktikası nəticəsində Xaçmaz və Quba kəndləri erməni talançılarından təmizlənir, yüzlərlə dinc sakinin həyatı xilas edilir. Xalq arasında o, artıq "Qaçaq Reyhan" və ya "Dağlar qızı" kimi əfsanələşir.

 

Bolşevik həbsi və Mir Cəfər Bağırovun gizli qərarı

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da sovet rejimi ilə barışmayan milli fədailərin və qaçaqların təqibi başlayır. Reyhan uzun illər dağlarda gizlənməyi bacarsa da, 1928-ci ildə bolşevik çekistləri tərəfindən həbs olunur.

Həmin dövrün qanunlarına görə, sovet rejiminə qarşı çıxan qaçaqlar birbaşa güllələnmə cəzasına məhkum edilirdi. Reyhan da edam divarının qarşısına çıxarılarkən, onun xalq arasındakı nüfuzunu və 1918-ci ildə ermənilərə qarşı göstərdiyi rəşadəti bilən Mir Cəfər Bağırov, həmin dövrdə Dövlət Siyasi İdarəsinin rəhbəri, gizli şəkildə prosesə müdaxilə edir.

Sürgün və kimlik dəyişimi: Bağırov xalq qəhrəmanının gizli şəkildə xilas edilməsinə göstəriş verir. Reyhanın adı, soyadı və bütün sənədləri kökündən dəyişdirilir. O, sovet xəfiyyələrinin gözündən uzaqlaşdırılmaq məqsədilə Ukraynanın Krım yarımadasındakı gizli bir monastıra yerləşdirilir və ömrünün qalan hissəsini saxta kimliklə orada yaşayıb başa vurur. Onun Krımda hansı tarixdə vəfat etdiyi və məzarının dəqiq koordinatları hələ də tarixə naməlum qalmaqdadır.

 

Nəğməyə çevrilən ömür: Fikrət Əmirovun şah əsəri

Reyhanın dağlardakı bu şanlı və kədərli dastanı unudulmadı. 1959-cu ildə dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov bu cəsur dağlar qızının xatirəsinə və onun erməni daşnaklarına qarşı mübarizəsinə ithafən, şair Tələt Əyyubovun sözlərinə unudulmaz musiqi bəstələyir.

İlk ifaçı: Mahnını ilk dəfə 1960-cı ildə dünya şöhrətli müğənnimiz Rəşid Behbudov ifa edərək lentə aldırır.

Qlobal məşhurluq: Mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın repertuarında pik nöqtəsinə çatır və sərhədləri aşır. Hətta 1969-cu ildə Türkiyədə bu hekayədən təsirlənərək baş rolda Hülya Koçyiğitin oynadığı "Reyhan — Dağlar kızı" bədii filmi çəkilir və filmdə bu musiqidən geniş istifadə olunur.

 

Beləliklə,

"Dağlar qızı Reyhan" sadəcə bir sevgi və ya gözəllik nəğməsi deyil; o, gəlinlik otağından səngərə uzanan, namusunu və vətənini qorumaq üçün dağları titrədən bir Azərbaycan qadınının şərəf və intiqam himnidir. Biz bu mahnını hər dəfə dinləyərkən onun arxasında dayanan bu böyük tarixi qəhrəmanlığı ehtiramla xatırlamalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Niyə Spartak və niyə onun Təhminə üçün tapdığı “Ronson” alışqanı? Bildiyiniz kimi, Spartak məşhur “Təhminə” filmindəki obrazdır, Füzuli Hüseynovun yaratdığı mükəmməl bir obrazdır. Əslində epizodikdir, amma filmin gedişatına təsir edəcək bir obrazdır. Sevgilisi Zaurun ad günü üçün Təhminə ondan bu alışqanı tapıb almağı xahiş etmişdi. Yadınıza düşdümü?

Əslində bu filmdəki rolu elə Füzuli Hüseynovun səhnə taleyidir. Əksərən əsas olmayan rollar almaq, amma bu rolları məharətlə oynamaq.

 

Azərbaycan Respublikasının əməkdar artisti Füzuli Hüseynov 9 sentyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə görülüb. Burada çalışdığı illər ərzində F. Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaratmaqla, öz istedadını büruzə verib.

O, V. Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanıb, onun sevimli sənətçisinə çevrilib.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F. Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilib. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

 

 Azərbaycan Televiziyasında çəkilən ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası, dolğun xarakterlər, və ən başlıcası, yaradıcılıq imkanlarının çoxşaxəliyini aça bilib.

Sonralar səhhəti ilə bağlı F. Hüseynov sənətdən ayrı düşüb, lakin 2004-cü ilin aprel ayından yenidən Akademik Milli Dram Teatrına qayıdıb. N. Hikmətin "Yusif və Züleyxa"sında Yusif, V. Şekspirin "Antoni və Kleopatra"sında Antoni obrazlarını, M. Fərzəlibəyovun quruluşunda hazırlanmış "Misir gecələri" tamaşasında oynayıb. 9 dəfə Prezident mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Bəyin oğurlanması

2. Cavid ömrü

3. Qapalı orbit

4. Qızlar

5. Qisas almadan ölmə. Keçmişdən məktublar

6. Müqəddəs oda yanaram

7. O dünyadan salam

8. Satko

9. Sənsiz

10. Sirr

 

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1. Teleskop

2. Generalın son əmri

3. Sinif yoldaşları

4. Sənsiz

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

30 -dən səhifə 3107

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.