İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vəkilov deyincə, ilk ağla Səməd Vəkilov – dahi şairimiz Səməd Vurğun gəlir. Amma redaqoqika tariximizdə yeri olan bir Vəkilov da var, Səmədin böyük qardaşı. Bu gün onun doğum günüdür, anadan olmasının tam 123-cü ildönümüdür. Gəlin ruhuna dualar oxuyub da bir qədər həyat hekayəsinə nəzər yetirək.
Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulub. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə göndərilib. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilən Qazax Müəllimlər Seminariyasına daxil olub, 1924-cü ildə həmin tədris ocağını bitirib
Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışıb.
1926–1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmayıb, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində İctimaiyyət fənnindən dərs deyib. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşan görkəmli yazıçı Mirzə İbrahimov və tanınan şərqşünas alim Məmmədağa Sultanov da var idi.
O, 1931–1934-cü illərdə Qəbələdə müəllim olub, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs deyib, 1934–1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938–1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrində çalışıb.
Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada “Vətən Yolunda” və“Qızıl Ordu” qəzetlərində (“Qızıl Ordu”nun redaktoru Mirzə İbrahimov olub), eləcə də Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərib. Və əlbəttə ki, bu fəaliyyətdə əsas yön iki Azərbaycanın ən azı mənəvi birləşməsi olubdur.
1942-ci ilin sentyabr ayından Mehdixan Vəkilov Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləyib, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak edib.
Kitabları
1. Minin və Pojarski
2. Cavanşir (roman)
3. Azərbaycanda mədəniyyətin çiçəklənməsi
4. Ömür dedikləri bir karvan yolu
5. Anadillər
Qeyd etdik, o, Xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır, həm də diplomat Cavanşir Vəkilovun atası, xalq yazıçısı Yusif Səmədoğlunun əmisi, xalq şairi Vaqif Səmədoğlunun da əmisidir.
18 oktyabr 1975-ci ildə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2025)