Müstəqilliyimiz dönməzdir, əbədidir

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz Peşə məktəbində 18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə "Bərpa olunmuş müstəqillik: dünən, bugün, sabah" adlı dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açıb. Daha sonra Mərkəzin əməkdaşı Sevinc Rəsulova mövzu haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Dövlət müstəqilliyinin bərpası, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmaqla Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.Belə ki, müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu.

Tədbirdə Oğuz Peşə məktəbinin direktor əvəzi Ceyhun Kərimov, məktəbin müəllimi Günay Cəfərova çıxış edərək bildiriblər ki, Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.

Sonda Müstəqilliyin bərpası günü münasibətilə videoçarx nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.