Bir tabletlik həqiqət - Silsilə esse Featured

Arzu Əyyarqızı,

“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün

 

Gündə bir tablet. Həkim Arzu təyin etdi. Amma bu dəfə ağrını yox, vicdanı müalicə etmək üçün.

 

İnsanlar dərmanlara inanır. Onlar kiçik, yuvarlaq, örtüklü möcüzələrdir. Bir tablet - və hər şey düzələcək. Baş ağrısı, ürəkbulanma, vicdan sancısı, hətta yaddaşın qabarıqları. Amma heç kim soruşmur: bu tabletin içində nə var? Həqiqətmi, yoxsa susdurulmuş simptomlar?

 Həqiqət örtüklü tabletlərin tərkibini sizə izah etmək istəyirəm.

Tabletin üzərində parlaq bir örtük var - şəkərli, asan udulan. Həqiqət də bəzən belədir: acı olduğu üçün şirinləşdirilir. Mediada, məktəbdə, ailədə. "Hər şey yaxşı olacaq" - bu cəmiyyətin ən çox təyin etdiyi dozadır.

 Yan təsirlərini də deyim. 

Həqiqətin yan təsirləri var. Onu qəbul etdikdə:

İlk simptom: narahatlıq. Çünki artıq bilmədiyin şeyləri bilirsən.

 İkinci mərhələ: inkar. "Yəqin bu tablet mənə uyğun deyil." 

 Üçüncü mərhələ: azadlıq. Həqiqət bədəni tərk edir, amma ruhda qalır.

D.S. (Da siqna)

Bazar ertəsi. 1 tablet vicdan

Təsiri  - Gecə yuxusuzluq      

Çərşənbə.   1 tablet sual  

Təsiri - Sosial narahatlıq    

Cümə.       1 tablet ironiya 

Təsiri - Gülərək ağlama…

 

Həqiqət çeynənməz, udularsa dəyişdirir.

Tabletin ölçüsü kiçikdir, amma təsiri bəzən bir ömürlük.

Bəzi insanlar həqiqəti yeməkdən sonra qəbul edir - tox olduqları zaman.

Ən təhlükəli yan təsir: düşünmək.

Reseptsiz satılan yalanlar...

Ən çox yayılmış dərmanlar reseptsiz satılır. Yalanlar da elə. Onlar:

Reklam formatında təqdim olunur: "Bu sistem sizin xeyriniz üçündür." 

Yan təsirləri gizlədilir: "Əgər narahat olursansa, deməli problem səndədir."

Dozası artırılır: "Hər gün bir az daha sus."

Yalanlar ucuzdur, əlçatan və asan udulan. Onlar cəmiyyətin əczaxana vitrinində ön sıradadır. Həqiqət isə arxa rəfdə, toz içində, istifadə qaydası bilinməyən bir tablet kimi gözləyir.

 

Bu esse bir tabletlikdir, nə çox, nə az. Amma içindəki maddə aktivdir: metafora, ironiya, vicdan. Əgər qəbul etsən, yan təsirləri ola bilər. Amma bəlkə də bu dəfə, ağrını yox, özünü müalicə edərsən, ey insan!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.