(Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, bədii qiraətçi və şair Mikayıl İnçəçaylının 65 illik yubileyi münasibəti ilə ithaf olunur!)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Tarixi abidələr, pəhlivanlar, mərdlər, şəhidlər və şairlər diyarı olan doğma Cəlilabad ədəbi mühitində öz parlaq imzası ilə yanaşı həm də mədəni şəxsiyyəti ilə tanınan və hörmətə layiq görülən qələm sahiblərindən biri də bu günlər 65 illik yubileyinə hazırlaşdığımız şair Mikayıl İnçəçaylıdır.
Qısa bioqrafik məlumat:
Mikayıl İnçəçaylı (Mikayıl İsmayıl oğlu İsmayılov): 1960-cı ilin oktyabr ayının 20-sində Astraxanbaza (indiki Cəlilabad) rayonunun Bozayran kəndində bir sadə və zəhmətkeş ailədə dünyaya göz açıb. İbtidai və orta məktəbi Cəlilabad rayonunda bitirdikdən sonra 1984-cü ildə Leninqrad (indiki Sankt-Peterburq şəhərində) Texnologiya İnstitutuna daxil olmuş, ali təhsilini bitirdikdən sonra Leninqrad Metallurgiya Zavodunda texnoloq, sonra isə sahə rəisi vəzifələrində çalışmışdır. 1992-ci ildə isə doğma vətəni Azərbaycana qayıtmışdır.
Hələ kiçik yaşlarından etibarən poeziya və şeir sahəsinə həvəs göstərmiş, bir sıra şeirlər qələmə almışdır. 1990-cı ildə isə ədəbiyyat sahəsində öz şeirləri ilə tanınmış, qələmə aldığı şeirləri 1993-cü ildən etibarən dövrü mətbuatda çap olunmağa başlamışdır. Daha sonralar Cəlilabadda nəşr edilən "Sözün işığı" bədii-ədəbi jurnalının korrektoru kimi fəaliyyət göstərmişdir.
İndiyədək Mikayıl İnçəçaylının iki poetik toplusu işıq üzü görmüşdür. Belə ki, 2016-cı ildə "Üz qoyaram torpağına kəndimin", 2025-ci ildə isə "Gözlərimdə yaş gəlmişəm" adlı şeir kitabları çap olunaraq oxucularının görüşünə gəlmişdir.
Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin tanınmış, hörmətli və dəyərli nümayəndələrindən biri olaraq həm bacarıqlı şair, həm də bacarıqlı bədii qiraətçidir. Gözəl və təsirli səs tembrinə malik olduğu üçün istər öz şeirləri, istərsə də digər şairlərin şeirlərini çox gözəl və təsirli formada qiraət etməyi bacarır. Hal-hazırda ədəbiyyat və poeziya sahəsində olmaqla yanaşı həm də el məclislərində aparıcılıqla məşğuldur.
Cəlilabad rayonu və cənub bölgəsinin dialekti, şivəsi və orijinal danışıq tərzinə əsasən, el arasında daha çox "Mikayıl əmi" kimi tanınır və sevilərək hörmətə layiq görülür.
Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə və ədəbiyyat sahəsində davamlı və uğurlu fəaliyyətinə görə 2025-ci ildə "Həməşəra" müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı tərəfindən "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, dəyərli el şairi həm də son zamanlar sosial şəbəkə nəzdində tanınmış şair, yazıçı və esseist, AYB və AJB-nin üzvü Arzu xanım Əyyarqızı tərəfindən təsis edilmiş "Həməşəra Poeziya Məclisi" qrupunun fəal üzvüdür.
Ailəlidir, 5 övladı və 4 nəvəsi var.
"İnçəçaylı" təxəllüsü barədə izah:
Dəyərli el şairimizin istifadə etdiyi "İnçəçaylı" təxəllüsü onun doğulub boya-başa çatdığı Bozayran kəndi və eləcə də ətraf kəndlərdən axıb keçən İncəçay çayının adını tərənnüm edir.
Rəsmi sənədlərdə çayın adı "İncəçay" kimi qeyd edilsə də yerli və yaşlı nəsilin söylədiyinə görə, çayın əsil adı "İnçəçay"dır. Bu isə nazilsə də heç vaxt qırılmayan hər hansı bir şey (el arasında istifadə edilən: "Haqq inçələr, nazilər, amma üzülməz" məşhur misal) mənasındadır. Çünki həmin su hövzəsindən ilin bütün fəsillərində su axır və çayın su səviyyəsi azalsa belə onun məcrasından suyun nazik qol kimi axdığına şahid olmaq mümkündür.
Subyektiv baxış:
Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi Mikayıl İnçəçaylının şəxsiyyətini iki cəhətdən araşdırmaq olar:
1. Ədəbiyyat sahəsində malik olduğu özəl bacarıq;
Mikayıl əmi cəmiyyət arasında bir şair kimi öz yerini tutmuş parlaq imza sahibi olan bacarıqlı bir şairdir. Onun şeirlərində elə, obaya, vətənə və milli-mənəvi dəyərlərə bağlılıq aydın şəkildə müşahidə və hiss edilir. Şairin uzun illər boyu erməni əsarətində qalmış Qarabağ mövzusunda II Qarabağ Savaşından öncə qələmə aldığı şeirləri mənzum tariximizin nümunələri kimi təqdim edilə bilər.
Təbiilik və səmimiyyət Mikayıl İnçəçaylı poeziyasının digər əsas xüsusiyyətlərindən biridir. Onun poeziya nümunələri çətin ifadələr və mürəkkəb fəlsəfi terminlərdən uzaqdır. Sanki malik olduğu sadə və təvazökar şəxsiyyəti qələmə aldığı şeirlərinə hopmuşdur.
Bununla yanaşı o, həm də bədii qiraət sahəsində xüsusi ustalığa malik olan bir qiraətçidir. Qiraət etdiyi şeirlər dinləyicinin diqqətini dərhal cəlb edir, qəlbləri sızladır. Bu baxımdan Mikayıl İnçəçaylı poeziyasının dinləyiciləri 7-dən 77-ə qədər hər kəsi valeh edir. Bir sözlə, şeirlərinə hakim olan xüsusi ahəngdarlıq və sadə dillə söylənən təbii və dərin mənalar insanın ruhunu oxşayır.
Bütün bunlara görə, yazdığı şeirləri ümumi baxımdan uğurlu sayılaraq dinləyicinin ürəyini sızladır, dinləyicidə xüsusi rəğbət, sevgi və bağlılıq hissi yaradır. Bunlar dəyərli şairimiz Mikayıl İnçəçaylının şeir və poeziya sahəsində malik olduğu xüsusi imtiyazıdır.
2. Şəxsiyyət və mənəvi xüsusiyyətləri;
İstər ağıl və məntiq, istər milli mentalitet, istərsə də dini nöqteyi-nəzərdən istənilən insanı malik olmadığı sözlərlə tərifləmək yolverilməzdir. Belə bir iş mübaliğə və şişirtmə adlanaraq çox qəbahətli bir əməldir. Lakin müxtəlif dəyərli insanların malik olduğu insani keyfiyyətləri ədalət, insaf və səmimiyyət çərçivəsində olduğu kimi dilə gətirmək tam başqa yanaşma və tamamilə fərqli bir məsələdir. Bu baxımdan məddahlıq və mübaliğə ilə səmimi dəyərləndirmə arasında fərq qoymaq bir zərurətdir. Çünki səmimi dəyərləndirmə haqqında danışılan insana mənəvi dəstək olmaqla yanaşı, həm də cəmiyyət arasında yaxşılıq və insani dəyərlərin təbliği və yaşadılması anlamındadır.
Mikayıl əmi şeir və poeziya, eləcə də bədii qiraət sahəsində özəl bacarıq, istedad və peşəkarlıqla yanaşı həm də sözün həqiqi mənasında bir dəyərli və mədəni şəxsiyyətdir. Milli-mənəvi, dövlətçilik və insanlıq dəyərlərinə sədaqət onun qələmi, danışığı və davranışında özünü aydın tərzdə göstərir.
O, qələm dostlarının, xüsusilə də gənc nəsildən olan ədəbiyyat nümayəndələrinin istənilən uğuruna görə ürəkdən sevinən, gənc nəsilə mənəvi ata kimi mənəvi dəstək olan dəyərli bir el şairi, hörmətli bir ağsaqqaldır. Onun davranışı və danışığına diqqət yetirdikdə həyatın hər bir sahəsində sadə, səmimi və təvazökar olduğunu təsbit etmək mümkündür. Bu baxımdan təkəbbür, özündən müştəbehlik və paxıllıq, həmçinin, ara vurmaq kimi mənfi xüsusiyyərlərdən uzaqdır. Əslində Mikayıl İnçəçaylını ədəbi mühitdə və el arasında bu qədər sevdirən və hörmətə gətirən əsas amil də budur.
Mədəni və səmimi şəxsiyyətlə poeziya sahəsində malik olduğu xüsusi bacarıq ondan el arasında dəyərli və qiymətli bir nümunə yaratmışdır. Əslində ədəb və etikaya xidmət etməli olan ədəbiyyat sahəsi mədəniyyət və etika ilə birləşəndə sözün həqiqi mənasında bir cəmiyyət, xalq və bəzən bütün dünya xalqları üçün aydınlıq və dəyər ocağı meydana gəlir.
Arzu və diləklər:
Bu təqdimatın sonunda doğma elimizin dəyərli şairlərindən, eyni halda öz səmimiyyəti, etikası, doğru-dürüstlüyu və yüksək insani keyfiyyətləri ilə tanınan hörmətli Mikayıl İnçəçaylıya uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıqda yeni-yeni uğurlar diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)