Super User

Super User

Çərşənbə, 09 Sentyabr 2026 08:08

Səməd Vurğunun yeganə qızı Aybəniz Vəkilova

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Böyük Azərbaycan şairi, adı dillər əzbəri, ilk Xalq şairi Səməd Vurğunun, bildiyimiz kimi iki məşhur ədib oğlu var – Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlu. Qızı isə elmə könül vermiş Aybəniz Vəkilovadır. Bu gün onun anadan olmasının 89 illiyidir. Vurğunun hər 3 övladı dünyadan köçüb. Amma yaddaşlarda qalıblar.

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxuyub (sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirib.

Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışıb. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olub. O, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada konfranslarda iştirak edib. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976 və 1986-cı illərdə nəşr edilmiş kitablarının tərtibçisi, 1976-cı ildə çəkilmiş "Səməd Vurğun" sənədli filminin elmi məsləhətçisi olub.

1994-cü ildə təsis etdiyi "Səməd Vurğun Fondu"nun prezidenti olub. Fond tərəfindən muzeyin fəaliyyətinə həsr olunmuş "Vurğun ocağı-25" adlı albom və "Sözləri Səməd Vurğunundur" adlı mahnı diski yaradılıb, internetdə şairin həyat və yaradıcılığına və muzeyin fəaliyyətinə həsr olunmuş sayt açılıb (www.samedvurgun.com)

Şairin 90 illik yubileyi ilə əlaqədar çap edilmiş Ş. Nəzirlinin "Vurğun ömrü məktublarda" kitabının və A. Bayramovun "Vurğun ocağı" kitabının elmi məsləhətçisi və rəyçisi olub. 2003-cü ildə çap edilən İ. Umudlunun "Vəkiloğulları" kitabının da elmi məsləhətçisi olub.

 

SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülüb.

Aybəniz Vəkilovanın muzey fəaliyyəti ümummilli lider Heydər  Əliyev tərəfindən də qiymətləndirilib, ulu öndər 1997-ci ildə anadan olmağının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərib.

2002-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2003-cü ildə isə "Prezident təqaüdçüsü" adına layiq görülüb. 2007-ci ildə Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adı verilib.

O, 2009-cu il iyun ayının 13-də, ömrünün 71-ci baharında həyata gözlərini qapayıb.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı çeşməçilərə hər dəfə məmnuniyyətlə qucaq açan“Şahənşah” restoranında keçirilib. Yenə də qonaq-qaralı, sözlü-söhbətli olub.

 

Tədbiri giriş sözü ilə “Çeşmə” Ədəbi Məclisinin sədri, AYB və AJB-nin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsinin poeziyaya olan sevginin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Yığıncaqda ilk olaraq söz Lənkərandan gələn, AYB-nin üzvü, Prezident mükafatçısı, ustad şair-qəzəlxan Əhməd Haqsevərə verilib. Şair belə məclislərin keçirilməsinin əhəmiyyətindən danışıb və şeirlərindən bir neçəsini səsləndirib.

Sonra iki “Divan” müəllifi,bəstəkar  və qocaman şair Hüseyn Sözlü zəngin yaradıcılıq yolundan danışaraq şeirlərini iştirakçıların diqqətinə çatdırıb.

“Sarı Aşıq” Ədəbi Məclisinin sədri, şair, təcnis ustası, AYB-nin üzvü Adil Cəfakeşə məclisə xeyir-duasını verdikdən sonra şeirlərindən nümunələr söyləyib.

Şair Vahid Çəmənli isə kövrək duyğularla qələmə aldığı bir neçə şeirini oxuyub.

Fəlsəfə elmləri doktoru, şair Arzu Kazımqızı Nehrəmli tədbir iştirakçılarına uğurlar arzulayıb, bu cür ədəbi məclislərin ədəbiyyatımıza mühüm töhfələr verəcəyindən danışıb və şeirlərindən səsləndirib.

Məclisə Sumqayıt şəhərindən gələn, Müslümovlar ailəsini ləyaqətlə təmsil edən və ədəbiyyatımıza şərəflə xidmət edən şairlər Namiq Müslümov və İlhame Muslimova şeirlərini böyük həvəslə diqqətə çatdırıblar.

Şair, AYB-nin üzvü Əliyar Mərdiyev çıxışında ədəbiyyatımızda mövcud olan bəzi nöqsanlardan, sözün və ədəbiyyatın mədəni inkişafımızdakı əhəmiyyətindən danışıb və şeirlərindən səsləndirib.

Şeirlər kitabı yeni çapdan çıxmış şair Xəyyam Avşar da öz yaradıcılığından nümunələr təqdim edib.

Sonda “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı tədbirin keçirilməsində göstərdiyi diqqət, qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə iştirakçılar adından təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2026)

Çərşənbə axşamı, 08 Sentyabr 2026 11:13

“ASAN xidmət”in innovasiyaları BMT tədbirində

1–4 sentyabr 2026-cı il tarixində Tailandın Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin 10-cu sessiyası və İnformasiya və Kommunikasiya Texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin 5-ci iclası keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev sessiyada iştirak edib. “Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən xəbərə görə, o, dövlət xidmətlərinin təqdim edilməsində “ASAN xidmət” modelinin əhəmiyyəti, vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin dizaynı və əlçatanlığının müasir metodlarla təmin edilməsi, həmçinin bu sahədə tətbiq olunan süni intellekt həlləri və açıq innovasiya yanaşmaları barədə məlumat verib.

Əsas məqsəd region ölkələri arasında innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə modellərinin, eləcə də dövlət xidmətlərinin göstərilməsində yeni texnologiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələrin paylaşılması olub.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının üzv ölkələrinin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hazırda bütümn dünya kinosevərlərinin diqqəti İtaliyayadır. Bu möcüzələr ölkəsinin su üzərində qərarlaşan Venesiya şəhərinə, daha dəqiqi, Lido adasınadır. Sentyabrın 2-də başlayan və 12-dək davam edəcək 83-cü Venesiya Beynəlxalq Film Festivalı artıq ən mühüm mərhələsinə daxil olub.

Diqqətlər buraya.

 

Dünyanın ən qədim və nüfuzlu kino festivallarından biri sayılan Venesiya festivalı bu il də yeni filmlərin premyeraları, ulduzların qırmızı xalı keçidləri və “Qızıl Şir” uğrunda rəqabətlə dünya kinosunun əsas hadisələrindən birinə çevrilib.

Festivalın əsas müsabiqəsində maksimum 21 tammetrajlı film iştirak edir. Filmlər “Qızıl Şir” uğrunda yarışır və müsabiqənin münsiflər heyətinə amerikalı aktrisa və rejissor Maggie Gyllenhaal rəhbərlik edir.

Budəfəki müsabiqə tanınmış rejissorların yeni işləri ilə xüsusilə diqqət çəkir. Proqramda Martin McDonagh, Hirokazu Kore-eda, Lee Chang-dong, Werner Herzog, Nanni Moretti və digər tanınmış kino müəlliflərinin filmləri yer alır.

Müsabiqənin diqqətçəkən filmləri arasında Martin McDonaghın “Wild Horse Nine”, Robert Pattinsonun rol aldığı “Primetime”, Lee Chang-dongun “Possible Love”, Nanni Morettinin “It Will Happen Tonight”, Hirokazu Kore-edanın “Look Back” və Danny Boyle-un “Ink” filmləri var.

Xüsusilə “Possible Love” festivalın ilk günlərində böyük maraq doğurub. Lee Chang-dongun filminin nümayişindən sonra təxminən 6 dəqiqəlik alqış aldığı bildirilib.

Festivalın gündəmində olan əsərlərdən biri də rejissor Lance Oppenheimın “Primetime” filmidir. Robert Pattinson burada ABŞ televiziyasında yayımlanan “To Catch a Predator” proqramının aparıcısı Chris Hansen obrazını canlandırır.

Film real televiziya hadisələrindən çıxış edərək televiziya reytinqləri, tamaşaçının marağı və etik sərhədlər məsələlərini gündəmə gətirir. “The Guardian” filmin Venesiya premyerasından sonra Pattinsonun performansını və ekran əsərinin etik mövzusunu ayrıca təhlil edib.

Festivalın artıq ən çox müzakirə olunan hadisələrindən biri isə 93 yaşlı amerikalı aktrisa Ellen Burstynə fəxri “Qızıl Şir” mükafatının təqdim edilməsidir.

Yarım əsrdən artıq davam edən karyerası olan Burstyn “Oscar”, “Tony” və iki “Emmy” mükafatının sahibidir. Venesiyada ona verilən “Qızıl Şir” kino sənətinə ömürboyu töhfəsinin qiymətləndirilməsi kimi təqdim olunub.

Maraqlıdır ki, aktrisa festivalda yalnız fəxri qonaq kimi iştirak etmir. O, Maggie Gyllenhaalın “Flesh Impact” adlı qısametrajlı filmində Merilin Monro obrazını canlandırır. Bundan başqa, Burstyn Kornél Mundruczónun “Place to Be” filmində də rol alıb.

Qeyd edim ki, festival yalnız ənənəvi kino ilə məhdudlaşmır. Venice Immersive bölməsində virtual reallıq və immersiv layihələr təqdim olunur. Bu proqram sentyabrın 2-dən 12-dək Venesiya İmmersiv adasında keçirilir.

Beləliklə, Venesiya festivalı artıq sadəcə filmlərin nümayiş etdirildiyi məkan deyil, kino, rəqəmsal texnologiya, aktyorluq sənəti və yeni rejissor axtarışlarının bir araya gəldiyi beynəlxalq platformadır.

İndi isə yazımın əsas hissəsinə keçid alıram:

“Qızıl Şir”ə kim daha yaxındır?

Festival hələ başa çatmadığından qalib haqqında danışmaq tezdir. Lakin ilkin reaksiyalar müəyyən filmləri ön plana çıxarıb. Hazırkı tamaşaçı və tənqidçi qiymətləndirmələrində “Possible Love” və “Primetime” kimi filmlər yüksək mövqelərdə görünür.

“Qızıl Şir”in sahibinin kim olacağı isə sentyabrın 12-də, festivalın bağlanış mərasimində məlum olacaq.

Venesiyanın builki festivalı bununla da payız kino mövsümünə mühüm start verir: qarşıdakı aylarda burada nümayiş olunan filmlərin bir hissəsinin “Oscar” və digər böyük kino mükafatlarının yarışında da ön plana çıxması gözlənilir.

 

Mənbə: Euronews

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

Çərşənbə axşamı, 08 Sentyabr 2026 14:15

Bu ağrı haradandır, ay Raskolnikov? - ESSE

Harun Soltanov,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən düşünürəm... yox, əslində çox vaxt düşünürəm. Hətta bəzən düşünməkdən o qədər düşünürəm ki, düşünməyimin belə artıq düşünülmüş olduğunu düşünürəm. Yaxşı, görəsən bu dövrü necə qıra bilərəm? Yox, başqa sual, bu dövrü qırmağa ehtiyac varmı? Və beləliklə, mənasızlığın içində məna axtarıram.

 

Kimsə demişdi ki, insan əvvəlcə var olur, sonra isə "özünü müəyyənləşdirir". Mən isə əvvəlcə doğuldum, sonra isə çox düşünməkdən cibimə pul yığdım. Bəs bu pul nəyə lazımdır? Var olmaq üçün pul lazımdır? Yoxsa pul olmasaydı, mən daha az var olardım? Bu da bir kimlikdir, elə deyilmi? Kimlik.. Hə, kimlik. Bəlkə də mənim kimliyim, sadəcə cibim və içindəki puldur. Hər dəfə pul çıxdıqda, mən özümü bir az daha çox hiss edirəm, yəni, var olduğumu təsdiqləyirəm.

 Gəl dostum, indi əsas məsələyə toxunaq. Mənasızlıq. Əgər hər şey mənasızdırsa, bu cümlə də mənasızdır. Mənasızlıqda mənalı olmaq, əslində mənası olmayan şeyi mənalı etmək. Niyə mən də bunu eləmirəm? Niyə kiməsə "bu mənalıdır" deyəndə onlar inanırlar, amma mən deyəndə mənasızdır? Deməli, əslində bu cümlə çox mənalıdır. Çünki o öz mənasızlığı ilə mənanı ləğv edir. Mənanı ləğv etdiyi üçün isə... özlüyündə bir mənaya çevrilir.

Yəni, başa düşürsən dostum? Mən də yox. Yaxşı, bəs mən nə başa düşürəm? Mən heç nə anlamıram, amma mənasızlığı anlamamaq da bir mənadır, elə deyilmi? Amma Dostoyevski olsaydı, göz yaşları içində deyərdi, "Axı insan əzab çəkə bildiyi qədər insandır." Yəni, əzab yoxdursa, insan da yoxdur? Və mən əzab çəkdiyim üçün varam? Amma bəs mənim əzabım sarkazm və boşqab yığmaq qədər dərin olmasa?

Və mən soruşuram: Bu ağrı haradandır, ay Raskolnikov? O isə cavab verir: "Bir mənaya ehtiyacım var idi... ona görə bir qadını baltaladım." Ah, əlbəttə, böyük mənalar böyük hərəkətlərə gətirib çıxarır. Mən isə? Mənim mənam cibimlə, telefonun batareya səviyyəsi ilə və soyuducuda sındırılmış yumurtayla ölçülür.

Nitşe isə yazardı: "Əgər kifayət qədər uzun müddət boşluğa baxsan, boşluq da sənə baxar." Mən isə uzun müddət soyuducuya baxdım, orada heç nə yox idi. Yaxşı, baxdım, amma boşluq da yox idi. Sadəcə bir soyuq plastik və yumurta qırığı. Boşluq yox, əvəzinə soyuducunun sarkazmı. Boşluq geri baxmadı. Sadəcə yumurta sındı. Bu da həyatdır. Əbədi qayıdış yox, əbədi aclıq. Həyat yumurtanın sındığı kimi əyləncəli və bir o qədər əzablıdır bəlkə də.

 Və sonsuzluq məsələsi... Əgər sonsuzluq anlayışına sahibiksə, niyə telefonun batareyası ölür? Sonsuzluq niyə məni hər dəfə 10% batareya ilə tərk edir? Sonsuzluq heç vaxt bitməyən batareya kimi deyil, daha çox telefonun şarjı kimi tez tükənən, sarkazmlı bir yalandır. Niyə "daha 5 dəqiqə yatım" deyirik və zaman bizə sadəcə kinayəli bir təbəssüm atır? Yatmaq istəyirəm, amma zaman belə düşünmür. Zaman deyir: "Yaxşı, yuxunu kəs, həyat səni gözləyir!" Zaman sonsuz ola bilər, amma sən niyə 7-də işə gecikirsən? 7-də işə gecikmək, sonsuzluğa verilən ən absurd cavabdır.

Bəlkə də zaman özü də bezib bizdən. Zaman deyir ki, "mən onsuz da sonsuzam. Siz niyə hər şeyi çatdırmaq istəyirsiniz axı Görmürsünüzmü, heç nə etmədən də hər şey keçir?" Sən demə, zaman həm də kinayəni çox sevirmiş.. Və bəlkə də, bütün bu fəlsəfi əzabların ortasında, bizə yalnız bir həqiqət qalır. Mənalı və ya mənasız,çay süzüləndə həmişə soyuyur. Soyuq çay, soyuq həyat, soyuq varlıq... Amma yaxşıdır, ən azından çay var. Bəzən düşünməkdən, bəzən düşünməməkdən, bəzən isə sadəcə oyanmaqdan başım ağrıyır. Elə bil bu baş, bu bədənə uyğun deyil. Ya da bədən bu başı daşımaqdan yorulub. Bəlkə də mən bu bədənə tərs bir fikir kimi düşmüşəm. Bir yanlışlıq. Bir səhv bilet. Bir tənha metafora. Başım ağrıyır.. və heç bir ağrıkəsici işə yaramır. Həyatın özü kimi. Bəzən dərman içirəm ki, sakitləşim amma dərman içdikdən sonra düşünürəm, "Sakitlik nədir axı? Sakitlik, ağrının başqa formada gizlənməsidir yoxsa sadəcə ağrını görməzdən gəlməyimiz?" Bu ağrı günlərlə çəkir. Hətta bəzən düşünürəm ki, bu artıq baş ağrısı yox, başda yaşayan bir yazarın tənbəl romanıdır. Səhifə-səhifə eyni cümlə, "niyə?". Hər səhifədə eyni sual və cavab yoxdur. Hər səhifədə bir az daha çox qaranlıq. Bəlkə də beynim mənimlə yazışır. Bəlkə bu ağrı, məktubdur.

Göndərən: Şüur.

Mövzu: Heç nə.

Başım ağrıyır çünki yuxudan oyandım. Başım ağrıyır çünki yuxuya getmədim.

Başım ağrıyır çünki düşündüm. Başım ağrıyır çünki düşünmədim.

Başım ağrıyır çünki varam. Olmasaydım, ağrımazdı. Deməli, ağrının özü də sübutdur. Mən varam, çünki ağrıyıram. Hansısa ölü yazar yanımda olsayd, bəlkə də biri yazardı, "İnsan nə qədər çox düşünürsə, bir o qədər çox başı ağrıyır." Başqa biri cavab verərdi, "bəlkə də baş ağrısı Tanrının varlıq haqq-hesabıdır. "Sən çox sual verdin, indi al cavabını: sancı!""

 Mən bəzən başımı tuturam, amma sanki baş mənə aid deyil. O, başqa bir insanın depressiyaya düşmüş orqanıdır. Bəlkə də kimin başısa səhvən mənə ilişib. Mən isə gündəlik ağrılarla oyanıb yatıram, elə bil varlıq, başda gəzən sonsuz bir səslə eyni cümləni təkrarlayır:

"Sən heç nə deyilsən, amma çox şey hiss edirsən. Niyə?"

Sakitcə durub, ağrını dinləyirəm. O danışmır. Amma susaraq qışqırır. Sanki beynimdə miniatür bir varoluş konfransı keçirilir. Moderator Əzabdır, spiker isə boşluq.  Və sən bütün günü başınla danışırsan. Qulaq asan yoxdur. Baş isə cavab vermir. Cavab verəndə isə bu olur, "gum", "part","zzzz" bunlar ya ağrı siqnallarıdır, ya da həyatın özünün titrəməsi. Baş ağrısı sadəcə fiziki deyil. O, mövcudluğun sarkazmıdır. "Sən yaşayırsan? Al sənə ağrı. Bir az da düşün. Əvvəlcə sorğula, sonra ağrını qəbul et. Sonda isə... yenidən ağrını sorğula." Başım sanki dünyaya deyir, "mən səndən doymadım. Amma sən məndən çoxdan bezmisən."

 Yuxusuzam. Artıq üçüncü gecədir ki, bu lənətə gəlmiş ağrıdan yata bilməmişəm. Nə gecə mənə yuxu verir, nə də səhər yuxusuzluğumu geri alır. Əvəzində zaman... Zaman sadəcə keçir. Elə bil heç nəyin baş verməməsinə baxmayaraq, tələsir. Sən hara tələsirsən, axı zaman? Mən yerimdəyəm. Və təxmini bundan 35-40 il sonra da burda olacam.

Saat 03:17.

"Bu saat niyə var? Bu konkret dəqiqə nəyə xidmət edir? Həyatda heç kim "03:17-də həyatımı dəyişdim" deməyib. 2 il əvvəl 04:17 də sadəcə, tək mənim həyatım dəyişib. Vəssəlam"

Zamanla küsülüyəm. Nə vaxt barışmışdıq ki, küsək? Mən doğulanda o artıq qaçırdı. Mənimsə əllərim boş idi, tutmağa nə bir fikir vardı, nə də bir səbəb. Zaman isə saatlarla, təqvimlərlə, xronoloji silsilələrlə məni izləyirmiş kimi davranır, amma heç vaxt gözümün içinə baxmır. Zamandan şikayətçiyəm. Niyə məni götürüb heç yerə aparmır?

Yuxusuzam. Çünki gözlərimi yumanda beynim qışqırmağa başlayır:

- Sabah nə olacaq?

- Əgər sabah varsa.

Və ya sən sabaha qalacaqsansa.

- Qaldınsa belə, görəsən səhər ac qalacaqsan?

- Su çənini doldurmusan?

Başımda bu səslər dönür, dönür, dönür. Əslində yuxusuzluq, elə zamanla müharibənin sakit dövrüdür. Top səsləri yox, amma beyin səsi var. Fikirlər yeriyir, yürüş edir, bayraq qaldırır, hakimiyyətə gəlir və heç nəyi dəyişmir. Fikir rejimi dəyişsə də, aclıq eyni qalır.

Bəzən saatın səsi belə mənə ironiya kimi gəlir. "Tik-tak" — elə bil Zaman mənim qulağıma pıçıltı ilə deyir ki, "Sən heç vaxt yetməyəcəksən." Cavab verirəm, "Heç yerə?”, "Bəli, heç yerə. Amma tələs."

Yuxusuzam. Və əgər bu hal bir az da uzansa, bəlkə də Zaman mənimlə danışmağa başlayacaq. Və mən ona deyəcəm:

- Bağışla, mən sənə uyğun bir varlıq deyiləm.

 Zaman cavab verəcək:

 - Onsuz da mənə uyğun heç kim yoxdur. Mən özümə də uyğun deyiləm.

Yuxusuzam. Və artıq zamanın axını mənə qum saatı yox, hər gün yenidən təkrarlanan bir zarafat kimi gəlir. Amma gülə bilmirəm. Çünki çox yorğunam. Amma yatmıram. Çünki çox fikir var. Amma fikir deyərsən? Hamısı eyni sualın başqa. variantları.. "Əgər sabah varsa, bu gün nəyə lazımdır?", "Əgər hər şey keçəcəksə, niyə indi keçmir?", "əgər vaxt hər şeyi sağaldırsa, niyə mən hələ də eyni yerdəyəm?"

 Və beləliklə, yuxusuzluq, mənim zamana olan etirazım, passiv dirənişim, səssiz inqilabım olur. Zaman axır, mən isə gözlərimi qapaya bilmirəm. Çünki hər dəfə qapadığımda, içimdəki saat deyir,

"Sən gecikmisən. Nəyə? Bilmirəm. Amma mütləq nəyəsə."

Tavana baxıram. Və yenə. Artıq 3 cü gecədi bu.

Gözlərim yanır. Yatmaq istəyirəm. Yuxu gəlmir. Qaranlıq otaqda yeganə sabit varlıq odur, tavan. Və mən onunla danışmıram, amma... danışırmışam kimi hiss edirəm. Onun səssizliyi sanki cavabdır. Elə bir cavab ki, nə inkar edir, nə də təsdiqləyir. O sadəcə... var. Mənə oxşayır. Səndə nəsə var, ay tavan. Bir qəddarlıq var, amma sakit. Elə bil deyirsən ki, "Hara baxırsan, bax. Mən dəyişməyəcəm." Və sən dəyişmirsən. Bu səssizlik, bu heçliyə bənzər mövcudluğun... məni də susdurur. Niyə sənə baxıram axı? Həqiqətən baxırammı? Yoxsa içimdəki boşluq səni sadəcə fon kimi istifadə edir? Bəlkə sən heç tavan deyilsən. Bəlkə sən üstümə yığılmış bütün cavabsızlıqların sərtləşmiş formasısan. Sual vermədiyim günlərin cəzası. Ya da əksinə, çox sual verdiyim üçün Tanrı tərəfindən yuxusuz qalmaqla cəzalandırılmışam. Nə bilim... Bəzən düşünürəm, bəlkə sən yuxunun özüsən. Səssiz, hərəkətsiz və əlçatmaz. Baxıram... və gözümün qarşısında nə varsa, onu çəkirsən özünə. Xatirələr, qorxular, sabahkı gün üçün planlaşdırdığım saxta motivasiyalar. Hətta uşaqlıqda düzəldə bilmədiyim oyuncaq qatar da. Hamısını udursan, tavan. Sanki düşüncələrim səssizcə sənin üstünə axır. Və sən... heç nə demirsən. Sakitcə udursan hər şeyi. Eynilə həyat kimi. Sən bilirsənmi, insan necə susur içində dostum? Qışqırmadan. Danışmadan. Sadəcə baxaraq. Mən bu gecə də tavana baxaraq susuram.

Və tavan.. sən bu susqunluğun şahididir. Hər gecə. Eyni baxış. Eyni mövqe. Eyni nəticəsizlik.

Tavana baxıram. Amma əslində özümə baxıram. Gecənin içində parlaq bir tənha nöqtəyə çevrilmişəm. Nə qədər zaman keçib, bilmirəm. Saat yəqin 4-ü keçib. Amma mən hələ də burdayam. Və sən də burdasan. Bəlkə də bu dünyada sabit olan tək şey, mənim səni hər gecə belə baxışlarla məhv etməyim və sənin buna göz yummağın. Ən səssiz döyüş bizim aramızdadır, tavan. Və sənin qalib gəlməyin üçün bir söz belə deməyin lazım deyil.

İndi hər şey sakitdir. Tavan yerindədir. Zaman keçib, amma fərqinə varmaq üçün artıq çox gecdir. Gecə ilə səhər arasında bir yerdəyəm — nə oyanmışam, nə də tam yatmışam. Varlıqla yoxluq arasındakı bu incə qatda nəfəs almaq belə qəribə gəlir. Hər şey keçdi... ya da keçməyib, amma mən keçmişəm. O qədər sual verdim ki, indi sükut belə artıq sual kimi səslənir. Başımda səslər yoxdur artıq. Sadəcə sakitlik var. Amma o sakitlikdən xoşbəxtlik doğmur. Sanki səhnə bitib, tamaşaçılar çıxıb, işıqlar sönüb, amma aktyor hələ də səhnədə qalıb. Niyə? Bilmir. Bəlkə də həyat elə bu idi: gözlədiyin mənanı tapmamaq, amma tapmadığın üçün də bir növ... rahatlamaq. "Deməli, mənlik deyilmiş" demək və bir az yüngülləşmək.

Bu qədər düşüncədən sonra gəlib çıxırsan bir nöqtəyə. Heç bir şey anlamadın. Və bəlkə də... bu, anlaman gərəkən tək şey idi. Həyatın mənası yoxdur, bəli. Amma hər dəfə çay süzüləndə yenə də soyuyur. Və bu səhnə təkrar-təkrar oynanır. İnsan var, insan düşünür, insan yorulur, insan susur. Sonra yenidən.. Var.

Bəlkə də bütün bu sarkazm, bu fəlsəfə, bu tənhalıq, sadəcə bir şey üçündür. Yuxudan ayılanda "hər şey normaldır" deyə bilmək. Halbuki heç nə normal deyil. Və bu da... tamamilə normaldır...

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

Çərşənbə axşamı, 08 Sentyabr 2026 16:41

Bir nömrəli teatr bilicisi

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu adam tetarı o qədər gözəl bilir ki, istənilən tamaşaya cəmibir neçə dəqiqə baxmaqla qiymət verə bilir.

Azərbaycanın əməkdar incəsənət xadimi İlham Rəhimlidən danışıram.

 

İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib.

Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst bu söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür. Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma… şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib.

 

Kitabları

1. Sənət vurğunu (SSRİ xalq artisti İsmayıl Dağıstanlı barədə monoqrafiya)

2. Ağasadıq Gəraybəyli

3. Səhnə. Ekran. Müasirlik

4. Dramaturgiya və teatr

5. Habil kaman (xalq artisti Habil Əliyev barədə monoqrafiya)

6. Rəssam Hafiz Zeynalov

7. Sənət yolu, sənətkar ömrü

8. Səyavuş Aslan

9. Səttar dünyası (rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığı)

10. Aktyor ömrünün dolayları

 

Filmoqrafiya

1. "İsmayıl Dağıstanlı"

2. "Eksperiment"

3. "Habil Kaman"

4. "Biz Qayıdacağıq"

5. Biz qayıdacağıq

6. "Yorulmamışam"

7. "Aktyorlar və rollar"

 

İlham RəhimliAzərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş", "Humay" mükafatları laureatıdır. 1989-cu il sentyabrın 1-də ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilib. Sənətşünaslıq doktoru və professorudur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə də təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

Çərşənbə axşamı, 08 Sentyabr 2026 16:09

VAQİF SƏMƏDOĞLU, “Nüşabəyə”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

       NÜŞABƏYƏ

 

Mən sənin yuxunam,

Oyansam ölləm.

 

Mən sənin yolunam,

Dayansan ölləm.

 

Özgə yuxusuna

boyansam ölləm.

 

Tale bizi belə

dilə gətirdi

 

Səninki, mənimki

belə gətirdi.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

Çərşənbə axşamı, 08 Sentyabr 2026 12:13

Həmişə bizə ən yaxın olan insanlar bizi görə bilmirlər

 

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Həyatımızdakı insanlara ünvan vermək əvəzinə onların bizə nə qədər toxunduğuna baxsaydıq, görəsən hər şey necə görünərdi ?

Nələrsə dəyişərdimi?

 

Təxminən üç il öncə tasavvufla maraqlanmağa başladım. Çarəsizliyin nə demək olduğunu, çox yalnız hiss elədiyim vaxtlar idi. Sonra kuantum fizikası ilə tasavvufu qarşılaşdırırdım. Sonsuz ehtimalların var olduğunu düşündükcə bizim qəbul elədiyimiz həqiqətin sadəcə bir yanılgıdan ibarət olduğunu görürdüm.

Və görürdüm ki insan həqiqətdən nə qədər uzaqlaşırsa ona o qədər yaxınlaşır.

İnsan münasibətlərini də buna bənzədirəm. Özündən uzaqlaşdıqca özünə yaxınlaşırsan.

Bu yaxınlarda "uykucu" filmini izlədim. Orda deyirdi ki "İki insanın bir araya gəlməsi bəlkə də işığın yaraya daxil olduğu yerdir."

Filmdə Fərmanın anası intihar eləmişdi atası isə məhbus həyatı yaşayırdı. Həyatına daxil olan Saye isə çətin həyat yaşamış təcavüzə uğranmış həyatın həm görünən həm də görünməyən hissəsi olmuşdu.

Tasavvufla məşğul olan Fərman sonda özünü də məhv edərək bir çeteni devirir.

Mənsə Saye ilə Fərmanın bir birinə yaralarını açmağından danışacağam. Filmdə belə bir replik keçir:

-Anlatmak istedi ne yapayım?

-Sen de dinliyorsun ama. Dinlemek istersen her kes anlatır

Bəli dinləmək istərsən hər kəs anladar. Ama elə şeylər var ki hər kəsə anlatmaq olmur. Elə şeylər var ki onunla yaşamağı öyrənirsən.

Filmdə  "Süveyda" - dan bəhs edilir. Yəni insanın qaranlıq tərəfindən.

"Nice şeytanlar vardır ki, meleklerin kovuşmasına vesile olurlar ve eğer isterlerse şeytanlar bile bir meleğe dönüşe bilir. Her şeyin aslı birdir çünkü"

Filmdə deyilirdi ki bəlkə də əsas məsələ "süveyda" ilə yaşamağı öyrənməkdir elə..

İçimizdəki süveyda ilə yaşamağı öyrənmədikcə, təslim olmadıqca özümüzü eyni xaosun içində tapırıq..

Bunu isə ən çox insan münasibətlərində görürük. Kimin həyatımıza nə səbəblə girdiyini, kimin bizi dəyişəcəyini, kimin sadəcə yanımızdan ötüb keçəcəyini əvvəlcədən bilmirik. Bəlkə bu münasibət on il davam edəcək bəlkə bir həftə.  Hər birimiz vaxtında tamamlanacaq bir rol oynayırıq istər kiminsə həyatında istər öz həyatımızda.. Ama vaxtın uzunluğu həmişə həyatımıza təsirini, toxunma dərinliyini, göstərmir. Həmişə bizə ən yaxın olan insanlar bizi görə bilmirlər. Təsadüfən gözləmədiyimiz biri gəlir və içimizdə illərlə bağlı qalan qapını açır. Ya da biz təvafukları təsadüf sanırıq..

Həyatın ən gizli tərəfi də budur..Bəzən elə münasibətlər yaşayırıq ki heç bir çərçivəyə sığmır. Dostluq, yoldaşlıq ... Məsələ ümumiyyətlə heç adında deyil..

Əvvəllər düşünürdüm ki travmatik insanlar həyatına travmalı insanları çəkir. Ama sonra bu düşüncəni unutdum getdi. Bəlkə də insanlar öz içindəki qaranlıq tərəfləri görmək üçün ya da baxışlarını dəyişmək üçün tam da olduğu insana dönüşmək üçün nələrsə yaşayır və yaşamalıdır.

Filmdə də deyildiyi kimi bəzən nə qədər danışsan da eşidilmirsən. Bəzən də tək bir gül yarpağının səsi belə qulaqlarını kar etməyə bəs edir. Rəhman və rəhim olan qəlbimizi yumşaltmaq üçün birilərini həyatımıza qonaq edir. O gül yarpağının səsi (yəni Aşk)  iki insanın bir birinə yaralarını göstərməsindən başqa heç bir şey deyildir.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

Qırğızıstanın ev sahibliyində baş tutan VI Dünya Köçəri Oyunlarında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən panel sessiyası təşkil olunub

 

31 avqust – 6 sentyabr 2026-cı il tarixində Qırğız Respublikasında keçirilən VI Dünya Köçəri Oyunları çərçivəsində “Köçəri sivilizasiyalar: irs, paradiqmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə “Türk Dünyasının Mədəni İrsi – Birlik və Davamlı İnkişaf Amili” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.

Müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və mədəni irs üzrə mütəxəssisləri bir araya gətirən panel sessiyasında türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, eləcə də mədəni irsin türk dünyasında birliyin möhkəmləndirilməsi və davamlı inkişafın dəstəklənməsində rolu ətrafında geniş müzakirələr aparılıb.

Panel sessiyasının açılışında Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova Fondun Prezidenti, professor Aktotı Raimkulovanın adından çıxış edib. Açılış nitqində Dünya Köçəri Oyunlarının yalnız idman yarışı deyil, türk xalqlarının ortaq tarixini, kimliyini və dəyərlərini yaşadan, alimləri, sənətkarları, idmançıları və mədəniyyət nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma olduğu vurğulanıb.

Bildirilib ki, zəngin köçəri irsin qorunması yalnız onun nümayiş etdirilməsi ilə məhdudlaşmamalı, elmi araşdırmaların aparılması, ənənəvi biliklərin mühafizəsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı əməkdaşlıqla müşayiət olunmalıdır. Bu baxımdan, Dünya Köçəri Oyunlarının türk dünyasında mədəni əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm imkan yaratdığı qeyd edilib.

Panel sessiyasının həm-moderatoru qismində çıxış edən Fondun digər nümayəndəsi Nuri Aksu təşkilatın fəaliyyəti və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə təqdimatla çıxış edib.

Panel zamanı Fondun mühüm layihələrindən biri olan “Türk Dünyasının Mədəni Kodu” – Türk dünyasının mədəni irsinə dair Kataloqu da təqdim olunub. Qeyd edilib ki, kataloq türk xalqlarının zəngin və müxtəlif maddi-mədəni irsini, eləcə də onları əsrlər boyu birləşdirən ortaq mənəvi dəyərləri təqdim edir. Layihə eyni zamanda Ortaq Türk İrs Siyahısının yaradılması istiqamətində mühüm ilk addım kimi qiymətləndirilib.

Panel sessiyasının əlamətdar məqamlarından biri də “Türk Dünyasının Mədəni Kodu” Kataloqunun hazırlanmasına töhfə verən mütəxəssislərin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif edilməsi olub. Qırğızıstan Respublikası UNESCO üzrə Milli Komissiyasının Baş katibi Sabira Soltongeldiyeva, həmin Komissiyanın müşaviri və Mərkəzi Asiya Universitetinin Mədəni İrs və Humanitar Elmlər bölməsinin direktor müavini Aibek Samakov, həmçinin Aigine Mədəni Araşdırmalar Mərkəzinin nümayəndəsi Çolponai Usubalieva-Qrişuk layihəyə verdikləri dəyərli töhfələrə görə Fond tərəfindən təltif olunublar.

Panel müzakirələrində ortaq türk mədəni irsinin regional əməkdaşlığın və mədəni dayanıqlılığın gücləndirilməsində rolu vurğulanıb, onun qorunması və gələcək nəsillərə ötürülməsi üçün elmi və institusional əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Həmçinin, konfransın açılışında iştirak edən Qırğız Respublikasının Dövlət katibi cənab Arslan Koyçiyev Kurmanjan Datka adına Köçəri Sivilizasiyalar Mərkəzinin muzeyini ziyarət edərək Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, TİKA və Türk Dünyası Fondunun maliyyə dəstəyi ilə yaradılmış, lakin rəsmi açılışı hələ baş tutmamış Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinə həsr olunmuş sərgi zalı ilə tanış olub. Sərgi zalının yaradılması Qırğız Respublikasının Birinci xanımı Aygül Japarovanın təşəbbüsü və göstərişi ilə həyata keçirilib. Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində bir sıra mühüm layihələrə dəstək verib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə görkəmli qırğız şairi Alıkul Osmonovun ev-muzeyi bərpa olunub, Krasnaya Reçka ərazisində yerləşən Qaraxanlılara aid qədim yaşayış məskəninin qorunması və bərpasına töhfə verilib. Bununla yanaşı, Fond tərəfindən Qırğızıstanda ortaq türk irsinin tədqiqi, nəşri, təbliği və gənc nəsillərə çatdırılmasına yönəlmiş bir sıra digər layihələr də həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)


 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün mövzumuz fərqli və özəldir - tarix boyu türk və müsəlman topluluqlarına qarşı törədilmiş kütləvi faciələrin xronologiyası. Düşünürük ki, bu faktlar barədə bilgili olmayan xucularımız üçün sadaladıqlarımız faydalı olacaq.

 

Dünya üzərində türklərin varlığı qədər narahatlıq yaradan ikinci bir ulus və ya millət varmı? Bu gün bu mövzu barədə araşdırma aparmaq qərarına gəldim və 20-21-ci əsrləri əhatə edən türk, müsəlman topluma qarşı törədilən soyqırım və vəhşiliklər barədə danışmaq istəyirəm. Tarix boyu müxtəlif coğrafiyalarda türk və müsəlman topluluqları etnik, dini və geosiyasi münaqişələr nəticəsində ağır kütləvi qırğınlar, deportasiyalar və etnik təmizləmələrlə üzləşmişlər. Bu faciələr beynəlxalq tarixşünaslıq, arxiv sənədləri və insan hüquqları təşkilatlarının hesabatları tərəfindən araşdırılmışdır.

 

Şərqi Türkistan - Uyğur türkləri

Tarixi zəmin və xronika: 1949-cu ildə Şərqi Türkistanın Çin Xalq Respublikasının nəzarətinə keçməsindən sonra bölgədə demoqrafik və mədəni strukturu dəyişdirmək məqsədilə kəskin siyasət yürüdülmüşdür. Xüsusilə 1997-ci il Qulca hadisələri və 2009-cu il Urumçi hadisələri zamanı minlərlə uyğur türkü kütləvi iğtişaşlar və hərbi müdaxilələr nəticəsində həyatını itirmişdir.

Müasir dövr: Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına əsasən, son onillikdə milyonlarla uyğur, qazax və digər müsəlman türk etnosları "peşə təhsili mərkəzləri" adı altında qurulan müəssisələrdə məcburi saxlanmaya, assimilyasiyaya, mədəni-dini qadağalara və demoqrafik məhdudiyyətlərə məruz qalmışdır. Bir çox qərb dövlətlərinin parlamentləri bu siyasəti etnik və mədəni soyqırım kimi tanımışdır.

 

Azərbaycan və Cənubi Qafqaz

Mart soyqırımı, 1918: 1918-ci ilin 30 mart - 2 aprel tarixlərində Bakı şəhərində və ətraf bölgələrdə, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Bakı Soveti və erməni daşnak silahlı dəstələri tərəfindən 12 mindən çox azərbaycanlı müsəlman kütləvi şəkildə qətlə yetirilmiş, tarixi binalar və məscidlər yandırılmışdır.

Xocalı soyqırımı, 1992: Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən hücum nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər isə əsir götürülmüşdür. Hadisə bir çox ölkələr tərəfindən rəsmən soyqırım aktı kimi tanınır.

Qərbi azərbaycanlıların deportasiyası: XX əsr boyu, xüsusilə 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlı yerli əhali etnik təmizləməyə məruz qalaraq öz tarixi torpaqlarından tamamilə sürgün edilmişdir.

 

Balkan regionu - Osmanlısonrası dövr

Balkan müharibələri, 1912–1913: Osmanlı İmperiyasının Balkanlardan çəkilməsi prosesində bölgədə yaşayan yerli türk və müsəlman əhali kütləvi qırğınlarla üzləşmişdir. Tarixi araşdırmalara görə, bu dövrdə yüz minlərlə müsəlman qətlə yetirilmiş, milyondan çox insan isə Anadoluya köç etmək məcburiyyətində qalmışdır.

Srebrenitsa soyqırımı, 1995: Bosniya müharibəsi zamanı, 1995-ci ilin iyul ayında Srebrenitsa şəhərində serb ordusu tərəfindən 8372 bosniyalı müsəlman kişi və oğlan uşağı kütləvi şəkildə qətlə yetirilmişdir. Bu hadisə İkinci Dünya müharibəsindən sonra Avropada törədilmiş ən böyük qətliam kimi Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən rəsmən soyqırım olaraq qəbul edilmişdir.

Bolqarıstan türkləri, 1984-1989: Kommunist rejimi dövründə bolqarıstanlı türklərin adlarının məcburi dəyişdirilməsi, türk dilində danışmağın və İslam ibadətlərinin qadağan edilməsi siyasəti yürüdülmüşdür. Bu basqılar nəticəsində 300 mindən çox türk öz evlərini tərk edərək Türkiyəyə sığınmalı olmuşdur.

Krım və Axısqa türklərinin deportasiyası - SSRİ dövlət terroru

Krım türklərinin sürgünü, 1944: 18 may 1944-cü ildə Krım yarımadasında yaşayan bütün Krım tatarları bir gecədə heyvan vaqonlarına doldurularaq Mərkəzi Asiyaya və Sibirə sürgün edilmişdir. Ağır yol şəraitindən və aclıqdan sürgün olunanların təxminən 46%-i həyatını itirmişdir. Ukrayna və bir neçə ölkə bu hadisəni soyqırım kimi tanıyıb.

Axısqa türklərinin sürgünü, 1944: 15 noyabr 1944-cü ildə Gürcüstanın cənub-qərbindəki Axısqa, (Məshəti) bölgəsində yaşayan 100 minə yaxın Axısqa türkü oxşar bəhanələrlə Orta Asiyaya sürgün edilmiş, minlərlə insan yollarda soyuqdan və xəstəlikdən vəfat etmişdir.

 

Yaxın Şərq və Şimali Kipr

Kipr türklərinə qarşı qətliamlar, 1963–1974: Yunan radikal təşkilatı EOKA tərəfindən Kipr türklərini adadan təmizləmək məqsədilə hücumlar təşkil edilmişdir. 1963-cü ilin "Qanlı Milad" hadisələri, həmçinin Muratağa, Sandallar və Atlılar kəndlərində mülki türklərin kütləvi qətlə yetirilməsi adada gərginliyi pik həddə çatdırmış və 1974-cü il Sülh Hərəkatına zəmin yaratmışdır.

Kərkük və İraq türkmənləri: İraqda müxtəlif dövrlərdə, məsələn 1959-cu il Kərkük qətliamı və Səddam Hüseyn rejiminin idarəçiliyi dövründə türkmənlərin milli kimlikləri sıxışdırılmış, ziyalıları edam edilmiş və torpaqları müsadirə olunmuşdur.

 

Cənub-Şərqi Asiya - Rohinqalar

Arakan faciəsi, Myanma: Myanma ordusu və yerli radikal qruplar tərəfindən Arakan bölgəsində yaşayan rohinqa müsəlmanlarına qarşı sistemli hücumlar, kəndlərin yandırılması və kütləvi zorakılıqlar həyata keçirilmişdir. BMT bu hadisələri "etnik təmizləmənin dərslik nümunəsi" adlandırmış, yüz minlərlə müsəlman Banqladeşə sığınmaq məcburiyyətində qalmışdır.

 

Nəticə

Bu tarixi və müasir hadisələr göstərir ki, türk və müsəlman topluluqları müxtəlif imperiyaların və rejimlərin dəyişmə mərhələlərində coğrafi mövqelərinə və dini-etnik kimliklərinə görə hədəf seçilmişlər. Bu hadisələrin tədqiqi müasir beynəlxalq hüquq müstəvisində insan haqlarının qorunması və tarixi ədalətin bərpası üçün mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

32 -dən səhifə 3108

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.