Super User

Super User

Bazar ertəsi, 07 Sentyabr 2026 13:33

Azərbaycan rokunun ümid yeri – Teymur Nadir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəli, o Azərbaycan rok musiqisinin ümid yeridir.

O - Teymur Nadir.

 

Teymur Nadir 1973-cü il sentyabrın 7-ində Bakı şəhərində anadan olub, Nadir və Tamilla Kərimova cütlüyünün ilk övladı olub. 1975-ci ilin fevralında Teymurun Rövşən adında qardaşı anadan olur, hansı ki, illər sonra onunla birlikdə Azərbaycanda hər rok musiqisini sevən insan üçün məşhur olan ColDünya qrupunu yaradır.

1979-cu ilin sentyabrında,6 yaşında onun mükəmməl eşitmə və gözəl musiqi yaddaşına diqqət yetirərək onu musiqi məktəbinin fortepiano sinifinə qoyublar. 1983-cü ildə görmə qabiliyyətinin pisləşməsinə görə onu heç cür bitirə bilmədiyi musiqi məktəbindən çıxarıblar. 80-ci illərin sonunda o,öz ilk mahnılarını yazmağa başlayıb

Həmin vaxt The Beatles, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen və bir çox başqaları gəncin həyatına girir və həmişəlik qalır. Teymurun çaldığı və oxuduğu ilk qrup 1987-ci ildə məktəbdə yığılıb. Həmin vaxtda Bakıda rok cərəyanı öz intibahını yaşayırdı, ilk Bakı rok-klubu yaradılıb. Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb olub və rok-musiqisi yenidən yoxa çıxıb.

"ColDünya"nın yaradılması 1992-ci il kimi qəbul olunub, amma əslində bu 1990-cı ilin mayında Rövşən və Teymur qardaşlarının öz qruplarını yaratmaq qərarı ilə olub. 1990-cı ildən 1992-ci ilə qədər onlar "Vremena Qoda" adı altında çıxış ediblər. 1992-ci ildə Teymur qrup üçün ad fikirləşdi-"ColDünya". İllər sonra o,öz sçimini belə izah edib:

"Bizim üçün əsas olan uyğunlaşmayanı birləşdirmək cəhdi idi. Ona görə "Cold" sözü qərbin soyuq və praqmatik intellektinin simvolu kimi götürülmüş," dünya" sözü isə şərq xalqının mentalitetinə xas olan emosional komponenti bildirirdi.

Bundan başqa biz həmişə azərbaycan musiqisi ilə avropa musiqisini birləşdirmək istəyirdik. "ColDünya" bizim üçün Qərblə Şərqin birləşməsi,şüurun və insan ehtirasının aydınlanması,öz musiqimizlə əritmək istədiyimiz soyuq dünya obrazı oldu. Bu, bizim üçün çox cəlbedici idi"

1993-cü ilin sonunda qrupa barabançı Samir Cəfərli, daha sonra bas-gitarist Aydın Hacıyev daxil olub və qrup bu tərkiblə yalnız Azərbaycanda deyil, həm də onun sərhədlərindən uzaqda musiqi sevərlərə tanınıb. 1996-cı il "ColDünya" üçün irəliləyiş ili olub: qrup Teymur Nadir tərəfindən yazılan və britaniya radiostansiyası BBC-nin ən yaxşı xarici hitlərinin 10-luğuna daxil olan "Sehrbaz" kompozisiyası sayəsində geniş beynəlxalq populyarlıq əldə edir.

Keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan musiqi kolleksiyasının doğma dildə yazılan mahnı ilə belə uğur qazanması və 2 həftədən çox ən yaxşı 7 yerdə qalması birinci dəfə idi. Qrup öz inkişaf və şöhrət dövrünü yaşayıb, onun təkcə vətəndə deyil, həm də onun kənarında pərəstişkar ordusu yaranıb. Qrupun konsertləri ictimaiyyət qarşısında açıq meydanlarda keçirilməəyə başlayıb.

Əminliklə demək olar ki,musiqiçilər nəinki Azərbaycan rok-musiqisinin məşhurlaşmasında, həm də sərhədlərimizdən kənarda Azərbaycan rok propaqandasının məşhurlaşmasında vacib rol oynayıblar. 2000-ci ilin yanvarında "ColDünya" dinləyiciləri arasında keçirilən sorğuya görə 4-cü yer tutaraq Azərbaycanın ən yaxşı sənətçiləri siyahısının beşliyinə düşüb.

2002-ci ildə "ColDünya" "Azərbaycanın ən yaxşı qrupu" adını aldı və Milli musiqi mükafatı olan "Altun Nar"-ı qazandı və bununla sübut etdi ki,rok-musiqiçiləri də ölkənin mədəniyyətinin bir hissəsidir. Bu fakt yalnız rəsmi orqanlar tərəfindən kollektivin yaradıcılığının tanınması deyil, həm də müasir Azərbaycan musiqisində Azərbaycan rokunun mövcudluğu və mədəni əhəmiyyəti faktının tanınmasıdır.

2003-cü ildə qrup dərhal 2 əhəmiyyətli işini yayımlayıb - "Məktub" albomu, arxasınca isə görkəmli Azərbaycan musiqiçisi UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə hazırladığı "Oyanış" albomu. Konsepsiyanın yaradılmasında və qrupun imicində məhz Teymur Nadir əsas rol oynayırdı, o, "Sehrbaz", "Zeynəb", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Gözəl yar" və s. kimi məşhur və sevilən mahnıların müəlifi idi.

Teymurun "Aç balaca qanadlarını" mahnısı Azərbaycan rokunda,bəlkə də,ən tanınmış (Yuxu qrupunun "Xəzərin sahilində" mahnısı ilə bir sırada) kompozisiyası oldu,ona çəkilən klip isə son illərdə ən çox baxılan videolardan biridir. Musiqiçinin başqa bir tanınmış kompozisiyası "Son məktub",rok qrupu ilə birlikdə canlı orkestrin və qadın vokal üçlüyünün səsləndirməsi ilə Azərbaycan rokunda birinci eksperiment olub

Geniş beynəlxalq məşhurluq qazanıb və BBC-nin ən yaxşı xarici hitlərnin onluğuna daxil olub. "Sehrbaz" kompozisiyasının müəllifi və ifaçısıdır. Teymur Nadir "ColDünya" qrupunun tərkibində Azərbaycanın ən yaxşı pop-sənətçisi adını alıb, "Məktub" albomuna görə Azərbaycan Milli musiqi Mükafatının qalibidir. "ColDünya" qrupunun tərkibində və Azərbaycanın xalq artisti, UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə "Oyanış" albomuna görə Fransa musiqi Akademiyası Mükafatının qalibidir.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Bazar ertəsi, 07 Sentyabr 2026 10:00

Qorxunun maestrosu - Dario Argento

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sevimlilərin sevimlisi italyan musiqisi və sevimlilərin sevimlisi italyan kinosu…

Yox, biz Fellinidən, Antonionidən danışmırıq, lirika və dram ilə işimiz yoxdur, biz qorxu filmlərindən danışırıq.

 

Dario Argento (Dario Ardjento) — italyan kino rejissoru, ssenarist və prodüseridir. O, xüsusilə qorxu, triller və “giallo” janrında çəkdiyi filmlərlə dünya kinosunun ən tanınmış rejissorlarından birinə çevrilib. 7 sentyabr 1940cı ildə Romada dünyaya gəlib. “Qorxunun maestro-su” kimi tanınır. Argento 1960-cı illərin sonlarından etibarən İtaliya kinosunda özünəməxsus üslub formalaşdırmağa başlayıb.

Onun filmlərində sirli qətllər, psixoloji gərginlik, kabusvari atmosfer, qeyri-adi kamera istifadəsi və güclü vizual estetika xüsusi yer tutur. Dario Argento Romada kino ilə sıx əlaqəli bir ailədə dünyaya gəlib. Atası Salvatore Argento kino prodüseri olub. Bu mühit Dario-nun erkən yaşlarından kino dünyasına maraq göstərməsinə təsir edib.

O, əvvəlcə jurnalist kimi fəaliyyət göstərib və kino haqqında məqalələr yazıb. Daha sonra ssenaristliyə keçərək rejissorluq fəaliyyətinə başlayıb. Argentonun rejissor kimi ilk böyük filmi “The Bird with the Crystal Plumage” (1970) oldu. Film “giallo” janrının inkişafında mühüm rol oynayıb. Giallo İtaliya mənşəli, detektiv, cinayət, sirr və qorxu elementlərini birləşdirən kino janrıdır.

Argento bu janrı daha stilizə olunmuş və psixoloji istiqamətə gətirib. Onun ən məşhur filmlərindən biri “Deep Red” (Profondo rosso) filmidir.

Filmdə musiqiçi bir qadının qətlinin şahidi olur və cinayətin arxasındakı sirri araşdırmağa başlayır. Film mürəkkəb süjet quruluşu, musiqisi və vizual həlləri ilə Argentonun yaradıcılığının ən parlaq nümunələrindən hesab olunur.

 

Argentonun dünya miqyasında ən məşhur filmi “Suspiria” (1977) hesab olunur. Film Almaniyada sirli rəqs məktəbinə daxil olan gənc qızın burada baş verən qəribə hadisələrlə qarşılaşmasından bəhs edir. “Suspiria”nı fərqləndirən əsas xüsusiyyətlər:

 

- qeyri-adi rəng istifadəsi

- güclü işıq-kölgə kontrastı

- kabusvari dekorasiyalar

- psixoloji gərginlik

- mistik elementlər

- Goblin qrupunun yaratdığı məşhur musiqi

 

Film ənənəvi qorxu filmindən daha çox vizual kabus təsiri yaradır. “Suspiria”nın ardınca Argento “Inferno” filmini çəkib. Bu film də mistika və fövqəltəbii hadisələri qorxu janrı ilə birləşdirib. “Suspiria” ilə birlikdə bu film sonradan Argentonun “Three Mothers” trilogiyasının mühüm hissəsinə çevrilib. 1982-ci ildə çəkilən “Tenebre” Argentonun giallo janrına qayıdışının ən yaxşı nümunələrindən biridir.

Film cinayət romanları yazan bir yazıçının əsərləri ilə əlaqəli qətllərin baş verməsi ətrafında qurulub. Burada rejissor həm detektiv sirr, həm də psixoloji qorxu elementlərindən istifadə edir. Argentonun maraqlı filmlərindən biri də “Phenomena”dır. Filmdə fövqəltəbii hadisələr, cinayətlər və təbiətlə insan arasındakı qəribə əlaqə ön plana çıxır. Baş rolda gənc Jennifer Connelly çəkilib.

“Opera” filmində Argento teatr və opera dünyasını qanlı cinayət hadisələri ilə birləşdirib. Film rejissorun vizual eksperimentlərinin və giallo üslubunun daha bir nümunəsidir. Dario Argentonun filmlərini digər qorxu rejissorlarından fərqləndirən əsas xüsusiyyət onun vizual dilidir. O, qorxunu yalnız hadisələr və qətllərlə yaratmayıb. Rənglər, musiqi, kamera hərəkətləri, dekorasiya və montaj da qorxunun bir hissəsinə çevrilib

 

Onun filmlərində tez-tez:

qırmızı rəng → təhlükə və ölüm

güclü işıq-kölgə → qeyri-müəyyənlik

güzgülər və əkslər → gizli həqiqət

uşaqlıq motivləri → narahatlıq

musiqi → psixoloji gərginlik

kimi elementlərdən istifadə olunur.

 

Argento musiqiyə çox böyük əhəmiyyət verirdi. Xüsusilə italyan rok qrupu Goblin ilə əməkdaşlığı məşhurdur. Goblinin “Suspiria” və “Deep Red” üçün hazırladığı musiqilər filmlərin atmosferinin ayrılmaz hissəsinə çevrilib. Argento tez-tez Alfred Hitchcock ilə müqayisə edilir. Hər ikisi sirr, cinayət və psixoloji gərginlikdən istifadə edirdi.

Lakin Argentonun üslubu daha qaranlıq, ekspressiv və vizual baxımdan ekstremaldır. Hitchcock daha çox psixoloji gərginliyə və hekayənin quruluşuna diqqət yetirdiyi halda, Argento rəng, musiqi, dekorasiya və görüntünü qorxunun özünə çevirirdi.

Dario Argento xüsusilə 1970–1980-ci illərdə qorxu kinosuna böyük təsir göstərib. Onun “Suspiria”, “Deep Red”, “Tenebre”, “Inferno” və digər filmləri sonrakı nəsil qorxu rejissorlarına təsir edib. O, qorxu filmini sadəcə “qorxutmaq vasitəsi” kimi deyil, rəng, musiqi, memarlıq, kamera və psixologiyanın birləşdiyi sənət forması kimi təqdim edən rejissorlardan biridir.

 

Ən məşhur filmləri

- The Bird with the Crystal Plumage — 1970

- The Cat o' Nine Tails — 1971

- Four Flies on Grey Velvet — 1971

- Deep Red — 1975

- Suspiria — 1977

- Inferno — 1980

- Tenebre — 1982

- Phenomena — 1985

- Opera — 1987

- Two Evil Eyes — 1990

- Trauma — 1993

- The Stendhal Syndrome — 1996

- Sleepless — 2001

- Mother of Tears — 2007

- Dracula 3D — 2012

- Dark Glasses — 2022

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Bazar ertəsi, 07 Sentyabr 2026 09:08

Xalq artisti Fidan Hacıyevanın 50 illik yubileyidir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakı MusiqiAkademiyasınınbirtələbəsişikayətlənir, deyir klassik musiqi, opera və balet barədə demək olar ki mediamız məlumat vermir. Yalnız şou-biznesdən bəhs edilir.

Düz sözə nə deyəsən.

Bu boşluğu biz doldurmağa çalışırıq. Amma bilmirik, bir güllə bahar olurmu.

 

Bu gün doğum günü – 50 illik yubileyi qeyd edilən Fidan Hacıyeva 7 sentyabr 1976-cı ildə dünyaya gəlib. 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professor Hüseyin Əliyevdən peşəkar təhsil alan ifaçı, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli — İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.

Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, "Koroğlu operası"nda "Xanəndə qız" obrazı ilə gəlib. 2000-ci ildə Türkiyədə "TÜRKSOY"un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edir. Elə həmin il opera ifaçısı Türkiyə Cumhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalamış və teatrda çalışıb.

Dəfələrlə Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində "Karmen" obrazını yaradır. Ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 12 min tamaşaçının toplaşdığı gündəki çıxışıdır. Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəyə dəvət ediblər.

Opera müğənnisi həmin müsabiqədə iştirak edib və qalib olub. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyib. Daha sonra Fidan Hacıyeva vətənə qayıdıb və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnib. Sənətçinin 2003-cü ildə "Jealousy and love" (azərb. Məhəbbət və Qısqanclıq‎) adlı ilk albomu işıq üzü görüb. 2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olub.

 

2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən EXPO-2005 Beynəlxalq sərgidə iştirak edərək, Azərbaycan musiqisini təqdim etməklə yanaşı, yapon dilində mahnılar ifa etməsi yapon xalqında özünə qarşı böyük təəccüb və sevgi hissi yaradır. 2006-cı ildə opera müğənnisi "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.

Həmin ilin oktyabr ayında Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinın müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında silsilə konsertlər verib. 2007-ci il mayın 11-də səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2008-ci ilin Dekabr ayında hərbi xidmətçilər üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramlarında çıxış edib.

May ayının 7-də ikinci dəfə səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. Oktyabr ayında isə Azərbaycan və Ukrayna Mədəniyyət Nazirliyinin birgə keçirdiyi Kiyev şəhərində Ukraynanın Xalq Artisti Aleksandr Buretzlə birgə konserti olub.

25 dekabrda isə Azərbaycanın Ukraynadakı səfirliyi, Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondunun təşkil etdiyi, Ukrayna Milli Musiqi Akademiyasının P. İ. Çaykovski adına Opera Studiyasının salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsertdə öz çıxışı ilə tamaşaçılara əsl sürpriz yaşadır.

2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Xalq artisti" adına layiq görülüb və eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsini alıb. Aprelin 19-u Heydər Əliyev adına sarayda "Bir bahar axşamı" adlı sayca ikinci solo konserti ilə çıxış edib.

Noyabrın 23-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbirdə iştirak edib. Noyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulub. Baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Xalq artisti Fidan Hacıyevanın çıxış etməsi olub.

 

Fidan Hacıyeva 2018-ci il mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan konsert proqramı ilə çıxış edib. Xalq Artisti bu konsertdə görkəmli bəstəkarlarımız — Üzeyir Hacıbəyli, Ədilə Hüseynzadə, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev və dünya bəstəkarlarının əsərlərini ifa edib

 Bu konsertdə də onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. 25 may 2026-cı ildə Vyetnamın paytaxtı Hanoyda, Ho Guom Opera binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünə, 28 May - Müstəqillik Gününə və Vyetnam ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının birinci ildönümünə həsr olunmuş təntənəli musiqili gecəsində iştirak edib

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Bazar ertəsi, 07 Sentyabr 2026 10:28

Şuşa ilə üç görüş

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

İnsan ömründə elə şəhərlər var ki, onları bir dəfə görmək kifayətdir ki, yaddaşında əbədi iz buraxsın. Şuşa mənim üçün belə şəhərdir. Mən bu qədim şəhərə həyatım boyu üç dəfə getmişəm. İlk iki səfərim işğaldan əvvəlki illərə təsadüf edib. Üçüncü dəfə isə Şuşaya uzun ayrılıqdan sonra — Qələbədən sonra, 2026-cı ilin avqust ayının əvvəllərində getdim.

 

Bu üç səfərin hər biri yaddaşımda ayrı bir Şuşa yaradıb.

İlk gəlişimdə Şuşanın təbiətinə, küçələrinə, qədimliyinə heyran olmuşdum. İkinci səfərim həmin duyğunu daha da möhkəmləndirmişdi. O vaxt heç ağlıma gəlməzdi ki, bir gün bu şəhərdən uzun illər ayrı qalacaq və ona yenidən qovuşmaq üçün az qala bir ömürlük həsrət yaşayacağam.

Adını çəkəndə göz önündə dağlar, qayalar, qədim küçələr canlanırdı. Amma həmin mənzərələrə artıq həsrət də qarışmışdı. Şuşa uzaqda idi, biz isə ona yalnız xatirələrimizin içindən gedə bilirdik. Şuşaya gedən yolun özü mənim üçün bir xatirə yoluna çevrilmişdi.

2026-cı ilin avqustunda isə bu həsrətə son qoyuldu. Mən Şuşaya getdim.

Pəncərədən çölə baxa-baxa illər əvvəlki səfərlərimi düşünürdüm. Dağlar dəyişməmiş kimi görünürdü, amma mən dəyişmişdim. Həyat dəyişmişdi. Ölkəmizin taleyində böyük bir səhifə çevrilmişdi.

Yol yüksəldikcə havanın sərinliyi hiss olunurdu. Dağların qoynuna qalxdıqca ətrafdakı mənzərə də dəyişirdi. Qayalar, meşələr, dərələr bir-birini əvəz edir, Şuşaya yaxınlaşdıqca içimdəki həyəcan artırdı.

Və nəhayət, Şuşa göründü. O anın təsirini sözlə tam ifadə etmək çətindir.

Mən Şuşanı əvvəllər də görmüşdüm. Amma bu dəfə qarşımdakı mənzərəni yalnız gözlərimlə deyil, uzun illərin həsrəti ilə görürdüm. Şəhərə daxil olarkən içimdə həm sevinc, həm kövrəklik, həm də qəribə bir minnətdarlıq vardı.

Küçələrdə gəzərkən yaddaşım məni tez-tez keçmişə aparırdı. Vaxtilə gördüyüm yerləri tanımağa çalışırdım. Bəzi məkanlar mənə uşaqlıqdan tanış bir insan kimi doğma gəlirdi. Bəzilərində isə zamanın və müharibənin ağır izlərini hiss etmək olurdu.

Bir tərəfdə tarixin yaralarını daşıyan daş divarlar, digər tərəfdə yenidən həyata qaytarılan tikililər... Şuşa sanki keçmişi ilə gələcəyi eyni küçədə görüşdürürdü.

Bərpa olunan tarixi binalara baxarkən düşünürdüm ki, burada yalnız daş-divar yenilənmir. Əslində, bir xalqın yaddaşı yenidən ayağa qaldırılır. Şuşanın tarixi siması bərpa olunduqca onun ruhu da daha aydın görünür.

Amma Şuşada məni ən çox düşündürən başqa bir həqiqət oldu. Bu şəhərə qayıtmağımızın arxasında şəhidlərimiz dayanır.

Şuşanın gözəlliyinə baxarkən belə insanın yadından bu həqiqət çıxmır. Dağların vüqarı, şəhərin sakitliyi, göydə dalğalanan bayraq — hamısı bir anda şəhidlərimizi xatırladır.  Onlar bu mənzərəni görmək üçün yaşadılar. Bəziləri isə Şuşanın azadlığını görmədən həyatdan köçdü.

Bu gün biz onların arzuladığı mənzərəyə baxırıq. Bu gün biz onların görə bilmədiyi küçələrdə addımlayırıq. Bu gün biz onların uğrunda can verdiyi torpağın havasını uduruq. Buna görə Şuşada sevinc belə bir az kövrəkdir.

Mən bayrağımıza baxanda bunu xüsusilə hiss etdim. Şuşanın yüksəkliyində dalğalanan üçrəngli bayraq mənə sanki səssiz bir andı xatırlatdı: bu torpağı qorumaq, şəhidlərin adını yaşatmaq, onların əmanətinə sahib çıxmaq.

Şuşada insan anlayır ki, şəhidlik yalnız bir insanın həyatının sonu deyil. Şəhidlik bəzən bir xalqın gələcəyinin başlanğıcıdır.

Bu şəhərin azadlığı ilə neçə yarımçıq ömürlərin mənası tamamlandı.

Neçə ananın illərlə çəkdiyi həsrətə cavab verildi. Neçə atanın səssiz duası göylərə çatdı. Neçə övladın qəlbində “atamın uğrunda getdiyi torpaq” ifadəsi artıq müqəddəs bir həqiqətə çevrildi.

Şuşada bunları düşünərkən şəhərin sükutu mənə əvvəlkindən daha mənalı görünürdü. Bəlkə də ona görə ki, bu sükutun içində şəhidlərimizin adı vardı.

Mən üçüncü səfərimdə Şuşaya yalnız baxmadım. Onu dinləməyə çalışdım.

Dağların küləyini, küçələrin sakitliyini, uzaqlardan gələn səsləri dinlədim. Elə bildim ki, şəhər uzun illərdən sonra öz doğma insanları ilə yenidən danışır.

Şuşanın hər daşı bir xatirə, hər küçəsi bir tarix, hər zirvəsi bir qələbə dastanı kimi görünürdü. Mən ilk iki səfərimdə Şuşanın gözəlliyini görmüşdüm. Bu dəfə isə onun dəyərini daha dərindən anladım.

Şuşa artıq mənim üçün yalnız qədim və gözəl şəhər deyil. O, Azərbaycanın iradəsinin, mədəniyyətinin, qürurunun və şəhidlərimizin müqəddəs əmanətinin rəmzidir.

Şəhərdən ayrılmaq vaxtı çatanda geriyə dönüb bir daha Şuşaya baxdım. Dağların arasında ucalan şəhər mənə həm tanış, həm də yeni görünürdü. İki dəfə gördüyüm Şuşa yaddaşımda qalmışdı. Üçüncü dəfə gördüyüm Şuşa isə qəlbimdə yenidən doğuldu.

Şuşadan ayrılarkən bir daha düşündüm: insan bəzən bir şəhərə gedir, amma əslində öz keçmişinə, öz yaddaşına, öz milli kimliyinə qayıdır.

Mən Şuşadan üç dəfə keçdim. İlk iki səfərim mənə onun gözəlliyini göstərdi. Üçüncü səfərim isə mənə bir həqiqəti öyrətdi: Şuşanın hər daşında tariximiz, hər nəfəsində Vətənimiz, hər zirvəsində şəhidlərimizin əmanəti var.

Bu əmanətin qiyməti isə sözlə ölçülməz. Şuşa bu gün azaddır. Bizim borcumuz isə onun azadlığının qiymətini heç vaxt unutmamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

 

 

 

Bazar ertəsi, 07 Sentyabr 2026 17:13

XX əsrin ən mühüm avanqard bəstəkarlarından biri

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, XXəsrinənmühümavanqardbəstəkarlarından, musiqinəzəriyyəçilərindən, filosoflarındanvə eksperimentalsənətçilərindənbirisayılırConMiltonKeyc (JohnMiltonCageJr.)

O, 5 sentyabr 1912-ci ildə ABŞ-ın Los-Anceles şəhərində anadan olub.

Keycin adı ənənəvi musiqidən kənara çıxan əsərlərlə bağlıdır. O, musiqidə sükutun, təsadüfün, təbiətdəki səslərin və gözlənilməzliyin istifadə edilə biləcəyini göstərib.

 

Con Keyc texniki məsələlərə və yaradıcılığa maraqlı bir ailədə böyüyüb. Atası Con Milton Keyc Sr. ixtiraçı və mühəndis olub. Anasının da yaradıcılıq və incəsənətə marağı olub. Gənc Keyc əvvəlcə musiqiçi olmaq qərarına tam əmin deyildi. O, bir müddət universitetdə təhsil alsa da, ənənəvi akademik yolla getmək əvəzinə müxtəlif sahələri araşdırmağa üstünlük verib. 1930-cu illərdə musiqi ilə daha ciddi məşğul olmağa başlayıb və müxtəlif müəllimlərdən dərs alıb.

 

Arnold Şönberqlə əlaqəsi

Keycin yaradıcılığında mühüm mərhələlərdən biri məşhur avstriyalı bəstəkar Arnold Şönberq ilə tanışlığı olub. Şönberq XX əsr musiqisinin ən böyük yenilikçilərindən biri hesab olunur. O, ənənəvi tonal sistemi dəyişdirərək on iki tonlu musiqi sisteminin inkişafında mühüm rol oynayıb. Keyc bir müddət Şönberqdən kompozisiya öyrənib. Lakin sonradan onların musiqi dünyagörüşləri arasında ciddi fərqlər yaranıb. Keyc tədricən harmonik və melodik qaydalardan daha çox ritm, səs, səssizlik və təsadüf məsələlərinə maraq göstərməyə başlayıb.

 

Zərb musiqisi və yeni səslər

1930–40-cı illərdə Keyc xüsusilə percussion — zərb musiqisi ilə maraqlanıb. O, hesab edirdi ki, musiqi yalnız piano, skripka və digər klassik alətlərin yaratdığı səslərdən ibarət olmamalıdır. Taxta, metal, şüşə, müxtəlif məişət əşyaları və başqa obyektlərdən musiqi aləti kimi istifadə etməyə başlayıb. Bu yanaşma onun sonrakı eksperimental yaradıcılığının əsasını qoyub.

 

“Hazırlanmış piano” — Prepared Piano

Con Keycin ən böyük yeniliklərindən biri hazırlanmış piano ideyasıdır. O, pianonun simləri arasına müxtəlif obyektlər — məsələn, rezin, metal, taxta və digər kiçik əşyalar yerləşdirib. Nəticədə piano əvvəlki kimi səslənmirdi. Adi piano səsi əvəzinə bəzən zərb alətini, metal səsləri və müxtəlif qeyri-adi tonları xatırladan səslər meydana gəlib. Bu texnika sonradan müasir və eksperimental musiqidə böyük təsir yaradıb.

 

Keyc üçün əsas məsələ bu idi:

Piano yalnız hazır şəkildə qəbul edilməli olan bir alət deyil; onun səsi dəyişdirilə bilər.

Beləliklə, o, musiqi alətinin özünü də yaradıcılığın bir hissəsinə çevirib. Con Keycin adı çəkiləndə ilk yada düşən əsər “4′33″” olur. Əsər 1952-ci ildə ilk dəfə ifa edilib. Əsərin ən qeyri-adi xüsusiyyəti ondan ibarətdir ki, ifaçı müəyyən edilmiş müddət ərzində heç bir musiqi səsi çıxarmır. Əsərin klassik quruluşunda üç hissə var və ifaçı alətdə səs yaratmamaqla əsəri təqdim edir.

Amma burada əsas fikir “heç nə yoxdur” deyil. Əksinə, zalda həmin müddət ərzində yaranan səslər — insanların hərəkəti, öskürməsi, nəfəs alması, kreslonun səsi, küçədən gələn avtomobil səsləri, külək və s. — dinləyicinin diqqətinə çevrilir. Beləliklə, Keyc soruşurdu:

Əgər ətrafımızda daim səslər varsa, musiqi ilə musiqi olmayan səs arasındakı sərhəd haradadır?

Bu əsər musiqi tarixində ən çox müzakirə olunan eksperimental əsərlərdən birinə çevrilib. Keycin çox maraqlı bir xüsusiyyəti də onun göbələklərə böyük maraq göstərməsi olub. O, göbələklərin müxtəlif növlərini araşdırıb, onların adlarını və xüsusiyyətlərini öyrənib. Hətta bir dəfə zarafatla demişdi ki, göbələklər haqqında musiqidən daha çox şey bildiyini düşünür. Bu maraq onun qeyri-adi şəxsiyyətinin başqa bir tərəfini göstərib.

Keyç 12 avqust 1992-ci ildə Nyu-Yorkda vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2026)

Bazar ertəsi, 07 Sentyabr 2026 08:07

Betmən obrazını canlandıran Maykl Kiton

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya kino industriyasının ən parlaq imzalarından biri - Michael Keaton. Əsl adı Michael John Douglas olan məşhur amerikalı aktyor, komediyaçı və prodüser. O, xüsusilə “Batman”, “Beetlejuice”, “Birdman” və “Spotlight” filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb. Maykl Kiton 5 sentyabr 1951-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Coraopolis şəhərində anadan olub. O, böyük ailədə böyüyüb. Gənclik illərində aktyorluğa və komediyaya maraq göstərib.

 

Aktyorluq karyerasına başlamazdan əvvəl televiziyada müxtəlif işlərdə çalışıb. Sonradan komediya proqramlarında çıxış etməsi onun tanınmasına yol açıb. “Batman” ilə dünya şöhrəti Kitonun karyerasında ən böyük dönüş nöqtələrindən biri 1989-cu ildə Tim Burtonun “Batman” filmi olub. O, Bruce Wayne/Batman obrazını canlandırıb.

Maraqlı məqam budur ki, Kiton həmin vaxt daha çox komediya aktyoru kimi tanınıb. Buna görə onun Batman seçilməsi əvvəlcə tamaşaçılar və bəzi komiks pərəstişkarları arasında mübahisələrə səbəb olub. Lakin film nümayişə çıxandan sonra Kitonun ciddi və qaranlıq Batman obrazı böyük uğur qazanıb. O, 1992-ci ildə “Batman Returns” filmində də bu rola qayıdıb.

 

“Beetlejuice”

1988-ci ildə çəkilən “Beetlejuice” filmi Kitonun ən yaddaqalan işlərindən biridir. O, burada ekssentrik və qəribə ruh olan Betelgeuse obrazını canlandırıb. Bu rol onun aktyor kimi geniş diapazonunu göstərdi:  Kiton həm komik, həm də qorxulu və qəribə obrazı eyni filmdə birləşdirə bilib.

 

“Birdman” və karyerasının yeni mərhələsi

2014-cü ildə Kiton “Birdman or (The Unexpected Virtue of Ignorance)” filmində baş rolu oynayıb. O, keçmişdə superqəhrəman obrazı ilə məşhurlaşıb, lakin karyerasında böhran yaşayan aktyor Riggan Thomson obrazını canlandırıb. Obraz müəyyən mənada Kitonun öz karyerasına da paralel görünüb: o da illər əvvəl Batman obrazı ilə böyük şöhrət qazanıb. Film böyük uğur qazanıb və Ən yaxşı film üzrə “Oscar” mükafatını əldə edib. Kiton isə baş rol ifasına görə Oscar nominasiyası qazanıb.

 

“Spotlight”

Kitonun ciddi aktyor kimi ən çox qiymətləndirilən filmlərindən biri “Spotlight” (2015) olub. Filmdə o, jurnalist Walter “Robby” Robinson obrazını canlandırıb. “Spotlight” Ən yaxşı film üzrə Oscar qazanıb və Kitonun aktyorluq karyerasında mühüm mərhələlərdən birinə çevrilib.

 

Digər məşhur filmləri

Onun seçilən filmləri arasında:

- Night Shift (1982)

- Mr. Mom (1983)

- Beetlejuice (1988)

- Batman (1989)

- Pacific Heights (1990)

- Batman Returns (1992)

- Multiplicity (1996)

- Jackie Brown (1997)

- White Noise (2005)

- The Other Guys (2010)

- Birdman (2014)

- Spotlight (2015)

- The Founder (2016)

- Spider-Man: Homecoming (2017).

- Dumbo (2019)

- The Flash (2023)

 

Maraqlı fakt

Dedik kiMaykl Kitonun əsl soyadı Douglasdır. Lakin aktyor kimi fəaliyyətə başlayarkən artıq tanınmış aktyor Michael Douglas olduğu üçün “Michael Keaton” səhnə adını seçib. Bu gün Maykl Kiton Batman obrazını canlandıran ən məşhur aktyorlardan biri, eyni zamanda komediya və dram janrlarını uğurla birləşdirən aktyor kimi qəbul edilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2026)

 

2026-cı il sentyabrın 2–3 tarixlərində Daşkənd şəhərində və Daşkənd vilayətində Özbəkistan Respublikasının Müstəqilliyinin 35 illiyi, Birinci Türkoloji Qurultayının 100 illiyi, həmçinin böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 585 illiyi, böyük şair və mütəfəkkir Nizami Gəncəvinin 885 illiyi münasibətilə bir sıra ədəbi, mədəni və humanitar tədbirlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirlər Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili Nazirliyi, Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi, Daşkənd Vilayəti Hakimiyyəti, Özbəkistan və Qazaxıstan Yazıçılar birlikləri tərəfindən təşkil olunub.

 

Sentyabrın 3-də Özbəkistan Respublikası Prezidenti cənab Şavkat Mirziyoyevin Əlişir Nəvai və Nizami Gəncəvinin yubileyləri münasibətilə beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsü çərçivəsində təşkil olunan “Türk dünyasının mənəvi irsi: ədəbiyyat – dövrlər və nəsillər arasında dialoq” adlı Özbəkistan və Qazaxıstan Yazıçıları Forumu keçirilib.

Forum ümumi ədəbi və mədəni irsin təbliğinə, türk ölkələri arasında əlaqələrin möhkəmləndirilməsinə və yaradıcı əməkdaşlığın inkişafına yönəlib.

Forumda Özbəkistan Respublikası Prezidentinin müşaviri cənab Xayriddin Sultonov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri cənab Malik Otarbayev, Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili naziri xanım E'zoza Karimova, Özbəkistan Respublikasının Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar Birliyinin sədri cənab Sirojiddin Sayyid, Qazaxıstan Yazıçılar Birliyinin sədri cənab Mereke Külkenov, Qazaxıstan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Eralı Tuğjanov, Özbəkistan Milli İnformasiya Agentliyinin (UzA) baş direktoru cənab Abdusaid Kuçimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor xanım Aktotı Raimkulova, eləcə də hər iki ölkənin dövlət və ictimai xadimləri, tanınmış yazıçı və şairləri, alimləri və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.

Forumun proqramı Daşkənd şəhərində böyük Əlişir Nəvainin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Özbəkistan Yazıçılar Birliyində Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş arxiv sənədlərindən ibarət fotosərgi, həmçinin Özbəkistan, Qazaxıstan və Türk Mədəniyyəti və İrsi Fondunun nəşr layihələri təqdim olunub.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini cənab Minxojiddin Xojimatovun moderatorluğu ilə keçirilən plenar iclasda Özbəkistan Respublikası və Qazaxıstan Respublikası prezidentlərinin təbrik müraciətləri səsləndirilib. Hər iki ölkənin dövlət qurumlarının və ədəbi ictimaiyyətinin nümayəndələri Forumun və qəbul olunan Daşkənd Bəyannaməsinin türk dünyasında ədəbi, mədəni və humanitar əlaqələrin gələcək inkişafı baxımından xüsusi əhəmiyyətini vurğulayıblar.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qardaş Özbəkistan xalqını Müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib və Forumun türk xalqlarının mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasındakı xüsusi rolunu qeyd edib.

“Xalqın firavan gələcəyi onun dilinin, mədəniyyətinin, tarixinin və ənənələrinin qorunmasından, eləcə də mənəvi dəyərlərinin nəsildən-nəslə ötürülməsindən asılıdır”, – deyə professor Aktotı Raimkulova vurğulayıb.

Fondun prezidenti həmçinin qeyd edib ki, təşkilat tərəfindən son iki il ərzində türk xalqlarının zəngin mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş 200-ə yaxın layihə və təşəbbüs həyata keçirilib.

Forum çərçivəsində “Özbəkistan və Qazaxıstanın ədəbi dialoqu: ortaq irs, müasirlik və əməkdaşlığın yeni üfüqləri” mövzusunda tematik sessiya keçirilib. Sessiya iştirakçıları Əlişir Nəvai və Nizami Gəncəvinin zəngin irsini, qardaş xalqların çoxəsrlik ədəbi əlaqələrini, ümumi tarixi-mədəni yaddaşın qorunması məsələlərini və ədəbiyyatın türk dünyası xalqlarının mənəvi yaxınlaşmasındakı rolunu müzakirə ediblər.

Proqram “Türk dünyasında ədəbi əməkdaşlığın yeni üfüqləri” mövzusunda Dəyirmi masa ilə davam edib. Müzakirələrin əsas diqqət mərkəzində ümumi ədəbi irsin qorunması və beynəlxalq səviyyədə təbliği, tərcümə fəaliyyətinin inkişafı, gənc müəlliflərə dəstək, birgə nəşr layihələrinin həyata keçirilməsi və ədəbi irsin rəqəmsallaşdırılması məsələləri olub.

Forumun tarixi yekunu Daşkənd Bəyannaməsinin qəbul edilməsi olub. Sənədi Özbəkistan və Qazaxıstan Yazıçılar birliklərinin sədrləri, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti imzalayıblar.

Daşkənd Bəyannaməsi türk dünyası məkanında uzunmüddətli ədəbi, mədəni və humanitar əməkdaşlığın konkret istiqamətlərini müəyyən edir. Sənəddə ədəbiyyat xadimləri arasında yaradıcı əlaqələrin daha da genişləndirilməsi, ümumi ədəbi irsin öyrənilməsi, tərcüməsi və təbliğinin fəallaşdırılması, birgə nəşr və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi, gənc müəlliflərə dəstək göstərilməsi, türk ölkələrinin ədəbi və mədəni institutları arasında peşəkar qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Bəyannamənin qəbul edilməsi ədəbi əməkdaşlığın dayanıqlı platformasının formalaşdırılması və türk dünyasının ümumi mədəni-humanitar məkanının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

Forum ərəfəsində, Daşkənd vilayətinin Bostanlıq rayonunun Karamanas kəndində 2026–2027-ci tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 34 nömrəli tam orta məktəbə görkəmli qazax yazıçısı Raxmetulla Raimkulovun adı verilib.

Raxmetulla Raimkulov yazıçı, dramaturq, tərcüməçi, Böyük Vətən müharibəsi veteranı və ictimai xadim olub. Onun ədəbi irsi Qazaxıstan mədəniyyətində layiqli yer tutur və qazax və özbək xalqları arasında çoxillik ədəbi və mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Mərasimdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, ictimai xadimlər, Qazaxıstan və Özbəkistanın tanınmış yazıçıları, yaradıcı ziyalıların nümayəndələri, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində “İlk zəng” və “Raxmetulla Raimkulov: nəsilləri birləşdirən irs” adlı açıq dərs keçirilib. İştirakçılara həmçinin yazıçının həyat və yaradıcılığına həsr olunmuş yenilənmiş məktəb kitabxanası və xatirə guşəsi təqdim edilib. Məktəbin kitabxana fondu qazax və özbək ədəbiyyatının yeni nəşrləri ilə zənginləşdirilib.

Sentyabrın 2–3 tarixlərində keçirilən tədbirlər türk ölkələri arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib və tarixi yaddaşın qorunmasına, ədəbi dialoqun inkişafına, türk dünyasının zəngin mənəvi irsinin təbliğinə ümumi sadiqliyi nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsini icra etməkdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə özündə yazıçı Varisin yazdığı “23 saat və 43 dəqiqə” əsərini ehtiva edir. Əsər unikaldır, burada 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatı barədə demək olar ki bütün məlumatlar öz əksini tapıb:

-əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi, bir sözlə, Azərbaycanın suverenliyinin tam bərpası ilə yekunlaşan 23 saat 43 dəqiqədən ibarət – amma qərinələrə bərabər olan bir əməliyyat!

Kitabda antiterror əməliyyatında iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri də yer alır.

Kitab 3 fəsildən ibarətdir, kitabın 1-ci fəsli əməliyyata qədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdan sonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.

“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın müasir tarixinin bədii-sənədli səlnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.

Nəşrin baş məsləhətçisi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, redaktoru şair, publisit Əkbər Qoşalıdır.

Nəşrin sentyabr ayının sonunda tamamlanması və ölkə ictimaiyyətinə təqdimatı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsinin Qısa fikirlər xəzinəsində sizlərə türk xalqları dahilərinin qiymətli fikirlərini çatdırmaqdayıq. Növbədə Yunus Əmrədir.

 

 

Sənsin kərim, Sənsin rəhim,

Allah, Sana sundum əlüm,

Səndən artuq yoqdur umum,

Allah, Sana sundum əlüm...

***

Bir gəz könül yıqdın isə, bu qılduğun namaz dəgül.

***

Bu dünyədə bir nəsnəyə yanar içüm, göynər özüm –

Yigid ikən ölənlərə gög əkini biçmiş kibi.

***

Can qanadı açuq gərək uçuban Dosta getməgə.

***

Cümlə yerdə Həqq hazır, göz gərəkdür görəsi.

***

Çərxi-fələk yoğ idi canlarumuz var ikən...

***

Dünyayə gələn köçər, bir-bir şərbətin içər,

Bu, bir köpridür keçər, cahillər anı bilməz...

***

Eşq odına yananlarun külli vücudı nur olur...

***

Eşq yağmurı damlası könül gögindən tamar.

***

Eşqdən xəbər ayıtmasun kim dünya izzətün sevə.

***

Eşqsüz adəm dünyədə, bəllü bilün ki, yoqdur,

Hər birisi bir nəsnəyə sevgüsi var, aşiqdür...

***

Həqq cəhana tolıdur, kimsələr Həqqi bilməz...

***

Hər bir çiçək bin naz ilə ögər Həqqi niyaz ilə...

***

Hər qancaru baqdum isə həp görinəndür cümlə Həqq...

***

İstəməgil Həqqi iraq, könüldədür Həqqə duraq...

***

Kim bizə taş atar isə, güllər nisar olsun ana,

Çırağuma qəsd edənün Həqq yandırsun çırağını.

***

Nəfsümün başını kəsdüm, qanadlanub uçar oldum...

***

On səkkiz bin aləm xəlqi cümləsi bir içində...

***

Rəsmidürür aşiqlərün Dost yolında qurban olmaq...

***

Sən Həqqə aşiq isən, Həqq sana qapu açar...

***

Tövrat ilə İncili, Zəbur ilə Fürqanı,

Bunlardağı bəyanı cümlə vücudda bulduq.

***

Uslu dəgül, dəlüdür yücə imarət yapan,

Aqibət viran olur cümlənün imarəti.

***

Yüz Kəəbədən yegrəkdür bir könül ziyarəti.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                            

 

SEYRAN SƏXAVƏT

 

KARUSEL

(Hekayə)

 

Fatma bircə dəfə ağzından qaçırtmışdı ki, bufetçi Sabir yaman şeydi, həşəridi, adamın şiltiyin atır – doymaq bilmir, adamı öldürür ee, bajı...

 Fatmanın sirr verdiyi qadın da bircə dəfə ağzından qaçırtmışdı ki, deyirlər bufetçi Sabir yaman şeydi, doymaq bilmir.

Bu da, bəs eləmişdi ki, bufetçi Sabir bəzi qadınların maraq dairəsində “adlı-sanlı” kişilərdən biri olsun.

Fatma otuz yaşında, suyuşirin, əndamlı, ədalı bir qadın idi; zahirən xanım-xatınlığı da vardı. Onun xanım-xatınlığı işvəsinə qarışanda, ən zəif adamın da kişi olduğu yadına düşürdü. Onun qabarıq, gen sinəsinin cazibəsi kişiləri gözündən vururdu – ovçu quşu gözündən vurduğu kimi. Bu, Fatmanın xoşuna gəlsə də, qəsdən eləmirdi. Onu Allah belə yaratmışdı və Fatmanın da ixtiyarı vardı ki, bu rayon mərkəzinin başqa qadınları kimi dükan-bazara çıxsın. Bir dəfə də onu şəhərin mərkəzi kitabxanasından çıxanda görmüşdülər. Fatma on ilin gəlini olsa da, uşağı yox idi. Əri bu balaca şəhərin qabiliyyətli, hörmətli dəmirçilərindən biri idi, özü isə mərkəzi xəstəxanada tibb bacısı işləyirdi. Fatma dul qalmışdı – əri keçən il dəmir yol vağzalından evə qayıdanda avtomobil qəzasında həlak olmuşdu. İndi tək yaşayırdı. 

Bufetçi Sabir isə çay qırağındakı pavilyonda işləyirdi, kabab bişirirdi, iş yerinin səliqə-səhmanına baxırdı, müştərilərə qulluq eləyirdi, samovar qaynadırdı, hamı ilə zarafat eliyə bilirdi, yetənə yetir, yetməyənə bir söz atırdı, adının əvvəlindən də göründüyü kimi, bufetçi də özü idi – bir sözlə öz əli, öz başı idi.

Bufetçi Sabir qırx yaşının içindəydi. Bir qızı vardı, onu da keçən il, Fatmanın əri ölməmişdən üç-dörd gün qabaq köçürdüb yerbəyer eləmişdi. Kürəkəni mantyor işləyirdi, onun da adı Sabir idi – mantyor Sabir. Qızının on beş yaşı olanda arvadı qəfil xəstələndi, dərdinə çarə tapılmadı, üç-dörd günün içində əriyib çöpə döndü, son nəfəsində nəsə demək istəsə də, çatdırmadı. Bu gün də şəhər camaatına sirdi ki, buz baltası kimi qadına birdən-birə nooldu...

Bufetçi Sabir dul qalmışdı. İndi tək yaşayırdı. Qızı tez-tez ona dəyirdi, ev-eşiyi silib-süpürürdü, qayıdırdı öz yuvasına.

Fatmanın əri ölmüşdü, bufetçi Sabirin də arvadı. Bu məqamda ancaq Aşıq Ələsgər yada düşə bilərdi, elə düşdü də:

Sənin ərin ölsün, mənim arvadım

İkimiz də qalaq yaslı-yaralı...

Həyat davam eliyir axı; nə Fatmanın ərinin, nə də bufetçi Sabirin arvadının əziz xatirəsi zamanın gərdişini dayandırıb onu dəyişdirə bilməzdi – olan olmuşdu... Bu mənada sizə elə gəlmir ki, aşıq Ələsgər yuxarıdakı beyti yazanda, məclislərdə meydangirlik eləyib dilinə gətirəndə, elə Fatma ilə bufetçi Sabiri nəzərdə tutub, hə? Şəxsən mənə elə gəlir ki, Dədə Ələsgər bu beyti onlara həsr eləyib. Bunu, Dədə Ələsgərin Fatma ilə bufetçi Sabirə verdiyi xeyir-dua kimi də qəbul eləmək olardı, baxın də...

Bufetçi Sabir o vaxt dəbdə olan, yağın içində təzəcə aldığı, boz rəngli “Moskviç-412” maşınını pavilyonun arxasındakı sıx ağaclığın əhatəsində saxladı, yəni ki, mən burda yoxam, pavilyon bağlıdı. Sonra da pavilyonun girəcəyindəki qapıya ağırlığı bir kiloya qədər olan yekə kilid vurdu, açarını da qoydu cibinə. Pavilyonun dalına hərlənib arxa qapıdan içəri girdi. Saatına baxdı. Gecə saat birə iyirmi dəqiqə qalırdı. Elə Fatmanın gəlməyinə də o qədər qalmışdı. O, hər dəfə Fatmanı gözləyəndə belə qabaqlayıcı tədbirlər görürdü, biabırçılıqdan bərk qorxurdu. Bu gün-sabah, bəlkə də şəhərin ən cavan babası olacaqdı və buna, bəri başdan elə sevinirdi ki...

İşığın biri yanırdı. Bufetçi Sabir hər dəfə işdən evə qayıdanda bütün işıqları söndürüb təkcə onu yandırırdı. Bu, həm də təhlükəsizlik tədbiri kimi başa düşülürdü. Elektrik lampası pavilyonun alnına bərkidilsə də, yananda içəri xəfif işıq süzülür, içəriyə romantik bir görkəm verirdi. Bu, Fatmanın da xoşuna gəlirdi – rayon romantikası...

Bu cür romantika dünya şöhrətli “Hilton”, “Riksos” otellərinin yuxusuna da girməzdi; onlar başqa yuxular görürlər.

Bufetçi Sabir axşamüstü bişirdiyi çoban qovurmasını soyuducudan çıxarıb elektrik peçinin üstünə qoydu. Balaca, iki nəfərlik qatlama stolun üstünə göyərti, pendir-çörək düzdü. İki yonma stəkanı və iki yonma yüz qramlıq badəni də yadından çıxarmadı. Stol da, bufetçi Sabir də hazır idi. Bu vaxt rayonun yüz on minlik camaatı şirin yuxuda olurdu. Hamı yatıb, cırtdan cütlüyü oyaq...

Əlli-altmış metr aralıda görünən qaraltı tələsik, ürkək addımlarla pavilyonun arxa qapısından içəri girib oldu Fatma. Həmişə belə olurdu; əvvəlcə Fatmanın qaraltısı gəlirdi, dalınca da özü.

Bufetçi Sabir qapını arxadan şaqqıltı ilə bağlasa da, bu səsdən heç biri diksinmədi. Çünki bu səs onlar üçün doğmalaşmışdı, bu mərhəm şaqqıltıdan sonra onların həyatı istədikləri axara düşüb çay kimi onları aparırdı – belə səsdən kim diksinər ki?...

Durum yazım ki: “Fatma içəri girən kimi onlar bir-birinə sarıldılar, bufetçi Sabir onun boynunu, boğazını, üz-gözünü, qabarıq sinəsini öpüşlərə qərq etdi” və sair, bu, yalan olardı, sizi bəlkə də inandırardım, ancaq özüm inanmazdım.

Fatma içəri girən kimi keçib öz həmişəki yerində oturdu, bufetçi Sabir də qızdırdığı xörəyi sabılca qarışıq gətirib stolun tən ortasındakı qazanaltının üstünə qoydu.

Əgər mən Fatmanı da, bufetçi Sabiri də həyatda şəxsən tanısaydım, Aşıq Ələsgərin o beytini yazıb konvertə qoyar, sonra da onların ünvanına göndərərdim. Yüz faiz bilirəm ki, onların bu şeirdən xəbəri yoxdu, oxumurlar də zalım uşağı, kitab görəndə elə bil analarının oynaşını görürlər.

– Fatma.

– Hay can...

– Mənnən yüz qram konyak içərsən?

– Sabir, qadan alım, sənnən zəhər də içərəm, ancaq mən heylə şeylərin dadını bilmirəm axı.

– Bilmirsən, bil dana.

– Qorxuram ee, Sabir.

– Nədən qorxursan, aaz?

– Qorxuram, başım gicəllənər... yıxılaram.

– Qorxma, yıxılsan tutaram.

– Sabir, içsəm sonra mənnən zəhlən getməz ki?

– Mən içirəm... neçə dəfə görmüsən elə burda; sənin mənnən zəhlən gedir?

– Yox... Allah eləməsin... ancaq sən ayrı, mən ayrı dana...

– Sən niyə ayrı?

– Axı mən zənən xeylağıyam...

– Noolsun?

– Axı deyillər...

– Nə deyillər?

– Deyillər zənən xeylağı içirsə, pozğundu.

Bu sözdən sonra bufetçi Sabir duruxdu, elə bil pozğun sözünü Fatmaya yaraşdırmadı, ona qıymadı.

– Yaxşı, – dedi, – özüm içərəm... həmişə tək içməmişəm? – Fatmanın üzünə baxmağa ehtiyac duymadı.

– İncimirsən ki? – Fatma işvələndi.

– İçmirsən içmə, nə deyirəm ki...

Bufetçi Sabir qalxıb pavilyonun küncündəki gizlincindən yoğun konyak şüşəsini gətirib stolun üstünə qoydu:

– Görürsən bunun üstünə nə yazılıb?

– “Şirvan” – Fatma şüşənin üstünü tələsik oxudu.

– Ay sağ ol... Bu konyakı böyük adamlar içir, raykomlar, üzü yuxarı... Heç ispalkom da bunun dadını bilmir. Bakıya gedəndə almışdım. Bahalı şeydi... Sənə görə almışdım... Onda sənin stəkanını götürüm də...

– Yoox, buna görə çörəyin üstündən durma, qalıb də, – Fatma nazı ilə etiraz elədi.

Bufetçi Sabir “Şirvan”ın ağzını açıb yüz qramlıq yonma badəsini doldurdu:

– Fatma, Allah səni maa çox görməsin, – dedi, bu dəfə də öz ağzını açıb konyakı ora tökdü.

Fatma hər görüşündə ondan bu cümləni üç, ya da dörd dəfə eşidirdi. Bufetçi Sabir uzun-uzadı tost deməyi xoşlamırdı. Bu təkrar Fatmanı yorub bezdirmirdi, çünki o əzbər bildiyi bu cümləni səbirsizliklə gözləyir və elə bil birinci dəfə eşidirdi. Bufetçi Sabir isə hər dəfə bu cümlənin üstünə yüz qram araq tökürdü – konyak ilk dəfə idi.

– Böyüklər ağzının dadını bilirmiş, yağ kimi getdi. Deyillər ki, bu, – başı ilə konyak şüşəsini göstərdi, – birbaşa qana işdiyir. Özü də, atan kimi gedib yerinə çatır... – əlini yüngülvari qarnına çəkdi.

Fatma midilənirdi, bufetçi Sabir isə elə bil aclıqdan çıxmışdı və yeməkdən kam alırdı. Onun belə yeməyi Fatmaya ləzzət eliyirdi; ona elə gəlirdi ki, bufetçi Sabirə halaldı, çünki o nə təhər yeyirdisə, heylə də kişi idi...

Bufetçi Sabir müştərilərlə əlli-əlli vuranlardan deyildi. Əvvəllər ona belə təkliflər olanda deyirdi:

– Sən harda işləyirsən?

– Bilmirsən ki? Bankda...

– İşdə içirsən?

– Yoox...

– Niyə?

– Olmaz axı, işdə...

– Mənə də olmaz, mən işdə dəyiləm, bəs hardayam?..

Yaxın adamların toy-düyünündə ürəyi açılırdı, yaxşı yeyib-içirdi, sonra da zümzümə eliyə-eliyə çıxıb gedirdi evinə-eşiyinə, vəssalam.

Həftədə üç dəfə, cüt günlərdə, o, adət elədiyi rejimdən çıxıb Fatmanın rejimi ilə hərəkət eləyirdi. Bu, günün günorta çağı mümkün deyildi, adamın pişiyini ağaca dırmaşdırardılar – yalnız gecənin qırt yarısı. Və indi də o gecələrdən biri idi. 

Əlinin arxası ilə yağlı dodaqlarını siləndə gördü ki, bu, Fatmanın nəzərindən yayınmadı. Özünü o yerə qoymadı, kağız dəsmalla əlinin üstünü silib gülə-gülə Fatmaya dedi:

– Nəə baxırsan?

– Bura sənə baxmağa gəlmişəm də... – Fatma əriyə-əriyə elə gülümsədi ki, bufetçi Sabir də əridi və qeyri-adi ərimə prosesi onların əllərinin bir-birinin üstünə minməsi ilə yekunlaşdı.

Bufetçi Sabir təkəlli qalmışdı və onun təkəlli qalmağının İkinci Dünya müharibəsinə dəxli yox idi ha... O, Fatmanın üzünə gülümsəyən kimi dərhal da cavabını aldı, haqqında həbs-qətiimkan tədbiri seçilmiş əli ilə bir topa bulaq qıjısını ağzına basıb xarta-xurtla elə yeyirdi ki, elə bil silos doğrayan maşındı. Sol əli hələ amnistiyaya düşmədiyinə görə sağ əli ilə özünə konyak süzdü. Rəngi güclə seziləcək dərəcədə qızarmışdı və bu, onu bir az da şirinləşdirirdi. O, badəni götürüb bir az da qızarmaq və şirinləşmək istəyirmiş kimi dedi:

– Fatma, Allah səni maa çox görməsin.

Fatmanın ağzında dili yox idi, onun ancaq gözləri danışırdı, gözləri dil açmışdı...

Bufetçi Sabirin qidalanma prosesinin ikinci seriyası titrsiz-filansız necə qəfil başladısa, adama elə gəldi ki, beş-altı dəqiqədən sonra sapılcanın dibini də sivirib onu güzgü kimi parıldadacaq. Ümumiyyətlə, onun yemək-içmək prosesi seriallara oxşayırdı və bu serialın ən tələbkar, istedadlı və yeganə tamaşaçısı Fatma idi. Dünyanın işini bilmək olmur də, nə zamansa ikinci bir tamaşaçı – istedadından və gözəlliyindən asılı olmayaraq peyda olsaydı, Fatma ortasından çatdıyardı, çünki bu serial da, onun baş qəhrəmanı da bir nəfərlikdi – Fatmanındı.

Bufetçi Sabir deyəsən Fatmanın bayaqkı oğrun baxışından nəticə çıxardıb parıldayan dodaqlarını kağız dəsmalla silib dedi:

– Fatma.

– Haycan.

Fatma haycan deməsəydi o, elə birbaşa mətləbə keçərdi. Ancaq hərə öz işini görürdü də.

– Fatma, ağzınnan bir söz-zad qaçırtmamısan ki?

Görüşdükləri uzun müddətdə ilk dəfə verilən bu sualın gözlənilməzliyi Fatmanı gözlənilməz hala salsa da, o, bacarıqla, işvəkarlıqla bu vəziyyətdən çıxıb dedi:

– Sən nə danışırsan Sabir, heç heylə şey olar... bir daş altda, bir daş üstdə...

– Sənə inanıram haa, Fatma. Yoxsa...

– Yoxsa nə?

– Bilirsən ki, səni çox istəyirəm. Ancaq qulağım bir şey çalsa, – üzünə xoş ifadə verməyə cəhd elədi, – dilini dartıb xirtdəyindən çıxardaram.

Fatma dilini çıxardıb ona göstərdi. Bufetçi Sabir çiynindən tutub onu özünə sıxdı, üzünü də üzünə; əllər öz işini görüb qurtarmış, bir-birinin üstündən düşmüşdü.

Fatma sevinirdi ki, onun dilini dartıb xirtdəyindən çıxara biləcək bir kişi var yanında – bu sözlər onun ürəyinə sarı yağ kimi yayılıb ömürlük bir arxayınçılıq yaratdı.

– Fatma...

– Haycan... – Fatma yenə Sabirin birbaşa mətləbə keçməsinə mane oldu.

– Fatma, o bodulqanı götür, – konyak şüşəsinə işarə elədi, – ay sağ ol... indi mənə konyak tök...

Fatma yoğun, hamar konyak şüşəsini iki əlinin arasında bərk-bərk sıxıb konyak süzdü. O, o qədər gülməli görünürdü ki, Sabirin də dodaqları qaçdı. Sizə zarafat gəlməsin, bu, Fatmanın ilk “işi” idi. Sabir bu yaxınlarda bir filmdə görmüşdü ki, fransız qadını restoranda birlikdə şam elədiyi kişinin xahişi ilə onun badəsinə necə viski süzür; qəfildən o yadına düşmüşdü. Bu da sənə, hələ Sovetin vaxtında Avropaya inteqrasiya – buyur.

– O bodulqanı niyə heylə iki əlli tutmuşdun, aaz?

– Çox yoğundu dana, ona görə.

– Yoğun yaxşıdı dana...

Fatma gülümsəyib onun enli sifətinə yaraşan yekə burnunun ucundan tutub sıxdı:

– Eeey... - Şəhadət barmağı ilə onu hədələdi.

Bu hədəni hansı kişi görsəydi ağzının suyu axardı, arzulayardı ki, kaş onu da, heç olmasa ildə üç-dörd dəfə belə hədələyən olaydı. Sözə, təsvirə gəlməyən bu işvəli, mərhəm, şirin qadın hədəsini görsəydiniz, ondan sonra bilərdiniz ki, bu, nə olan şeydi – ancaq görək Sabir buna razı olardımı? Heç vaxt...

– Bir söz demək istəyirəm Sabir... ancaq utanıram...

– Sənin başın xarabdı?

– Yoox... niyə ki? – Elə bil bir az da incidi.

– Bəs onda mənnən niyə utanırsan? Bizim bir-birimizdən utanan vaxtımız keçib, yadındadı? Mənim heç vaxt yadımdan çıxmaz... – Sabir gözüynən onu yeyirdi.

Fatma onun nəyə işarə elədiyini başa düşüb dedi:

– Yaxşı-yaxşı... başına söz qəhətdi?.. – Güldü, əridi...

Burda hər kəs – Fatma da, Sabir də, “Şirvan” konyakı da öz işini görürdü və belə demək mümkündürsə, bu üçlüyün işi hələ qurtarmamışdı. Hələlik “Şirvan” Sabirdən də, Fatmadan da fəal görünürdü; belə ki, birinci yerdə “Şirvan”, ikinci yerdə Sabir, üçüncü yerdə isə Fatma qərarlaşmışdı. Bu, hələlik beləydi, vəziyyət hər dəqiqə dəyişə bilərdi.

– Yaxşı, de görüm nə məsələdi? – Sabir soruşdu.

– İkimizin aramızda qalacaq? – Fatma onun üzünə baxdı.

– Yoox... qəzetə verəjəm.

– Sabir, mən də onnan istiyirəm.

– Konyak?

– Hə...

– Bıy saa ürəyim qurban, elə bunu saa almışdım dana... – Deyəsən “Şirvan” bir az da fəallaşmışdı.

– Çox acıdı?

– Saa deyim dana. Ağızda bir az acılığı olur, ancaq içəri ki, getdi şirinləşə-şirinləşə bala dönür.

– Həə? – Fatma inandı.

– Hə... indi özün görəzsən dana, uzaqda dəyil ha.

– Sabir yadındadı?

– Nə?

– Keçən il bu vaxt, mən sənin sağlığına demək istəyəndə qoymadın...

– Niyə?

– Dedin ki, içməyənin sağlıq deməyə ixtiyarı yoxdu. İndi ixtiyarım var?

– Var... döşə gəlsin. 

Fatma balaca yonma stəkanı ovcunun içində tutub nəsə demək istəyəndə Sabir qoymadı:

– Müstərsən aaz, stəkanın belindən tut də... bax, belə, mənim kimi...

– Qorxuram yerə tökülər ee...

– Yerə tökülər təzədən dolduraram, qurbandı saa... Çay içəndə stəkanı nə təhər tutursan? Elə bil çaydı dana, rəngi də oxşayır.

Fatma Sabirin dediyini canla-başla elədi, pis də alınmadı:

– Sabir, – dedi, – Allah sənə dəyməsin... gözü doldu, – sən olmasan özümü gölə ataram, – dedi və bir anın içində, sol əli ilə burnunu sıxıb, acı dərman içən xəstələr kimi, stəkandakı konyakı qorxusundan necə “peşəkarcasına” atdısa, Sabirin gözü kəlləsinə çıxdı, sonra da uğunub getdi, qızarmış sifəti qıpqırmızı olana qədər güldü.

– Niyə heylə elədin ki? – Sabir soruşdu.

– Birinci dəfədi dana... qorxumdan heylə elədim ki, canım tez qurtarsın.

– Yaxşı, götür bir loxma çörək ye... Acı dəyildi ki?

– Yox ee... heç dilimə dəymədi ha... elə, boğazımdan getdi içəri. Ancaq boğazım bir az göynəyir.

– Götür limonad iç... keçdi?

– Hə...

Sabir saysız-hesabsız lətifə bilirdi və onları lətifə stilində də dilinə gətirməyi bacarırdı, çünki özü duzlu adam idi – elə bir ixtiyarım olsaydı, duzsuz adamların lətifə danışmasını qadağan eliyərdim, çünki içinə aftafa alırlar. Bu, doğrudan da belədi; mənim uşaqlıq dostum var, akademikdi, dünyanın ən güclü alimlərindəndi. Yüz dəfə eşitdiyi lətifəni bircə dəfə danışsın, adamın nə tükü tərpənir, nə də heç harası. Ancaq Sabir ağzını açan kimi uğunub gedirsən. İndi o, yenə əsgərlikdə olanda öyrəndiyi lətifələrdən birini danışdı, Fatma gülməkdən dayana bilmirdi. Ancaq o lətifəni sizə danışa bilmərəm, çünki bu onların vəziyyətində, yalnız onlara aid idi – iki nəfərlik...

Fatmanın yanaqlarında bir cüt çiyələk qızarırdı, qırıb yeyən lazım idi. Ancaq nə sizin, nə də yazıçının buna nə ixtiyarı, nə də hünəri çatardı, lap könlümüz istəsə də – çünki Sabir kələ kimi oturmuşdu yanında, ürəyi istəyəndə dərəcəkdi – əli ilə yox, dodaqları ilə... əzilərdi axı...

– Sabir.

– Can Sabir. – Bu dəfə də Sabir Fatmanın birbaşa mətləbə keçməsinə mane oldu, məqamı gəlmişdi.

– Sabir...

– Can Sabir. – O, yenə mane oldu.

– Yaxşı, qoy sözümü deyim də... – Fatmanın özü o qədər olmasa da, işvəsi incidi. İncik işvə də başqa bir aləmdi, bütün kişilərə qismət olsun.

– Sən evlənəzsən?

– Heç vaxt! – Sabir bu sualı yarımnormal qəbul elədi.

– Niyə?

– Ay Fatma, saa ürəyim qurban, qırx yaşım var, bundan sonra nə evlənmək? Qırxında evlənən, gorunda xoşbaxt olar... bəlkə də olmaz.

– Sənin tayların hələ indi-indi evlənir, eləsi var heç evlənməyib də...

– Fatma.

– Haycan.

– Qulaq as. Bax, günü sabah evləndim. Bu gün-sabah nəvəm olacaq. Bir ildən-zaddan sonra arvadım getdi roddoma, bir oğlu oldu. Nəvəm oğlumdan böyükdü. Ancaq oğlum nəvəmin dayısıdı. Mənim nəvəm yekələndə, özünnən çıqqılı olan adama nə təhər dayı desin, aaz. Biabırçılıqdı – mən belə şey eləmərəm. Bir də ki, Allah səni maa çox görməsin, bəsimdi. Sənin kimisin hardan tapajam.

– Tapıbsan dana...

– Yox ee, dedim axı saa, balabanda qandırdım axı, səni.

– Bəs evlənsən kimi alarsan?

– Heç kəsi.

– Çıxılmaz vəziyyətə düşsən nə təhər?

– Pis vəziyyətə niyə düşürəm ki, ağlım başımda, özüm də ki...

– Sabir...

– Can Sabir.

– Sabir, qurban olum saa, məni al dana, noolar?

– Yaxşı, sarsaxlama, bayaq dedim axı, saa... Bu söhbəti bağladıq...

Elə bil Sabirin qəfil ağlına gəldi:

– Bəri bax, – dedi, bəs sən niyə ərə getmirsən, hə?

– Sənnən başqa heç kim ürəyimə yatmır, gözüm səni nə təhər tutubsa... Sən niyə heylə deyirsən? İstəyirsən ərə gedim? – Kövrəldi, – bezmisən mənnən? – Fatma elə pis oldu ki...

– Sarsax-sarsax danışma aaz, səni kim alsa onu doğruyaram... balaca tikəsini qulağı boyda eliyərəm.

Fatma bu sözlərdən ürəkləndi, elə yaxşı oldu ki...

...Yaman şey, həşəri, adamın şiltiyini atan, doymaq bilməyən, adamı öldürən Sabir, o gecə, Fatmanın bircə dəfə ağzından qaçırtdıqlarının hamısını eləyib qurtarandan sonra, gecə saat beşin yarısında “Moskviç”inə minib Fatmanı da yanında oturtdu, parkın yanından keçəndə dedi:

– İstəyirsən parkda bir az gəzək?

– Gəzək... – Elə bil Fatma onun bu təklifini çoxdan gözləyirdi, – ancaq işıqlanmamış gedərik... evə...

Onlar parkın darvazasının ağzında maşını saxlayıb içəri keçəndə şəhər yuxusundan bal çəkirdi...

Bu şəhər yüz illərdi Kiçik Qafqaz sıra dağlarının ətəyindən yapışmışdı – əl mənim, ətək sənin. Sıx meşələri çiyninə salmış dağlar bir-birinə arxalanırdı, söykənirdi. Günəş hər axşam o dağların arxasında gecələyirdi; qışda dağların kürəyini qızdırır, yayda isə qovururdu. Can dərmanı yetirən qara torpaq adamların üzünü ağ eləyirdi, bolluq-bostanlıq idi. Gözəllik, xeyir-bərəkət, zəhmət, adamları cilaladıqca onlar bir-birinə qarşı daha da mehriban olur, şad-xürrəm yaşayırdılar. İlin bütün fəsillərinin gözəlliyi adamları diri saxlayırdı – dörd gözəl... Allah bu yerlərdən heç nə əsirgəməmişdi – nəyi vardısa tökmüşdü bura...

Onlar parkın yarımqaranlığına girən kimi Sabir dedi:

– Gir qoluma.

Fatma Sabirin qoluna girib uşaq kimi sevindi:

– Elə bil Bakıdayıq...

– Bir dəfə səni aparajam Bakıya.

Fatma bu xəbərə də sevindi:

– Görəsən niyə bizimkilər parkda gəzəndə Bakıdakı kimi bir-birinin qolundan tutmur, hə?...

– Bura Bakıdı? – Sabir dedi, – burda olmaz, rayon yeridi, adamı hoydu-hoyduya götürəllər. 

Onlar qucağında uşaq tutmuş ana abidəsinin yanında dayandılar, Sabir başını qaldırıb bu qadının sifətinə diqqətlə baxandan sonra dedi:

– Bu arvad niyə bikefdi?

– ...

– Sən bilərsən ee.... ikiniz də arvad xeylağısınız...

– Yəqin oğlunu müharibədə öldürüblər, onçun bikefdi.

– Qucağındakı kimdi bəs, öz uşağıdı?

– Yox... yəqin nəvəsidi, görmürsən qoca arvaddı...

– Düz deyirsən, – Sabir təsdiqlədi.

Onlar bu heykəltəraşlıq nümunəsini rayon yerində yaşayan bir cüt “sənətşünas” kimi mükəmməl təhlil eliyəndən sonra üç-dörd ay bundan əvvəl qurulmuş karuselə tərəf getdilər. Fatma dedi:

– Deyirəm ay Sabir, biz nə qədər oğurluq gəzəcəyik ee, buralarda?

– Başına söz qəhətdi? Buna da şükür.

Karuselin yanında ayaq saxlayan kimi Sabir dedi:

– İstəyirsən səni karuselə mindirim.

– İstəyirəm. – Bu gün Fatmanın sevinc günü idi.

– Di, gəl görüm.

Fatma karuselə baxıb dedi:

– Tək qorxuram ee.

– Yaxşı ikimiz də minək.

Onlar qalxıb əyləşdilər. Sabir onu qucaqlayıb gen sinəsinə sıxdı və bir an dayanıb üzünün key ifadəsi ilə dedi:

– Bəs qnopkanı kim basacaq?

– Doğrudan ee...

– Bu saat, – Sabir bu işin əlacını tapmış adam kimi dedi, – sən otur, mən bu saat gəlləm.

O, karuseldən düşüb xeyli aralıdakı, uzun, hamar qarğı ilə qayıtdı.

– Yəqin burda oynayan uşaqlardan kiminsə qarğı “atı”dı, yadından çıxıb qalıb, – dedi və Fatmanın yanında yerini rahatladı.

– İndi nağayrazsan? – Fatma maraqla soruşdu.

– Görərsən, – Sabir dedi və əlindəki uzun, hamar qarğını karuselin düyməsinə tərəf uzatdı. Bir-iki dəfə cəhd eliyəndən sonra düyməni basa bildi.

Karusel hərəkətə gəldi. Fatma Sabirin bu “tapıntısı” ilə öyündü. Karuselin sürəti artdıqca Fatmanın qəşəng saçları dingildəyib bir-birinə qarışırdı; bu da, ona yaraşırdı və bu yaraşıq Sabirin gözündən yayınmamışdı, tez-tez çönüb ona baxırdı. Fatma başını Sabirin çiyninə qoydu. Onun saçları ara-sıra Sabirin üzünə toxunanda o, özündən asılı olmayaraq gözlərini yumurdu, bu toxunuşda ilahi bir rahatlıq hiss eləyirdi və bu cür rahatlıq ilk idi – ilkin...

Karusel xeyli fırlanandan sonra Fatma dedi:

– Sabir, vaxtdı, gedək. 

– Düz deyirsən...

Sabir əlindəki uzun, hamar qarğunu karuselin düyməsinə tərəf tuşladı ki, onun yanından keçəndə basıb dayandırsın, ancaq yaxına düşə bilmirdi. Sabir on-on beş dəfə cəhd eləsə də, heç nə alınmadı, əlindəki uzun, hamar qarğını, bir uşağın sevinə-sevinə mindiyi “atını” sınıq-sınıq eləyib tulladı. Sabiri tər basdı, onlar fırlana-fırlana qalmışdılar. Karuseldən özlərini atsaydılar, çilik-çilik olardılar. Sabir fikirləşdi ki, qız rüsvay olacaq... özüm cəhənnəm...

Fatma, onun qapqara nəm sifətinə ani nəzər salıb özünü itirmiş vəziyyətdə dedi:

– Rusvay oldum... – Ancaq özünü nəzərdə tutdu.

Fatma düz deyirdi. Bizdə qadınla kişinin belə müştərək rüsvayçılığından qadına daha çox pay düşür, kişiyə nə var ki... Fatmanın haqqında isə bütün qadınlar belə deyəcəkdi:– Qızıxıb...

Bayaq Sabir uzun, hamar qarğı ilə karuseli hərəkə gətirəndə Fatma onun bu tapıntısı ilə öyünmüşdü. İndi isə o, öz varlığını hiss eliyə bilmirdi. Bədəni cumculuq olmuşdu – qan-tər içindəydi.

“Sabir” Sabirin yadından çıxmışdı və ancaq keyləşmiş başı ilə Fatmanı fikirləşirdi: “Yazıq biabır olajax...” 

Sən demə bu, Sabirin bir dəfə Bakıda, dəniz kənarında mindiyi karuseldən deyilmiş; onun düyməsini basırdılar işə düşürdü və on dəqiqədən sonra özü dayanırdı – rele onun işini tənzimləyirdi – o, bunu nəzərə almamışdı.

Fırlana-fırlana qalmışdılar, onların işi Allaha qalmışdı, bir də işıq idarəsinə – işıq sönsəydi yaxalarını bu biabırçılığın əlindən qurtara bilərdilər; bu da dəryada balıq sevdasına oxşayırdı.

Üzüm yığımının qızgın vaxtı idi. Camaatı məhsul yığımına səfərbər eləyən ştab bu parkda yerləşirdi. Bir azdan Rayon Partiya Komitəsinin birinci katibi Mahmud Mahmudzadə başda olmaqla bütün partiya və təsərrüfat fəalları, prokuror, milis rəisi, hamısı bura axışacaqdı. Şəhərin işıqları Fatma ilə Sabirin xilas ümidi kimi yavaş-yavaş öləziyirdi.

Fatmanın ara vermədən axan göz yaşları şəhərin işıqlarının üstünə bir-bir damcılayıb onları söndürdükcə rüsvayçılıq da yaxınlaşırdı.

Saat yeddiyə beş-on dəqiqə işləmiş yoldaş Mahmudzadənin “Qaz–24” markalı xidməti maşını parkın girəcəyində dayandı. Onunla daban-dabana gələn partiya təsərrüfat fəalları birinci katibi qarğa-quzğun kimi dövrəyə aldılar. Heç kəs ona yaxınlaşıb əl vermirdi, hamısı bükülü vəziyyətdə gendən salam verirdi, o da, bu salamları ağızucu yox ee, gözucu alırdı – özü də hamısınınkını bir dəfəyə. Onlar bu vəziyyətdə parka daxil oldular.

Cütlük hələ fırlana-fırlana qalmışdı...

Səfərbərlik ştabının rəhbəri başqa adam olsa da, son sözü Mahmudzadə yoldaş deyirdi.

– Maşınlar hazırdı? – Birinci katib soruşdu.

– Bəli, yoldaş Mahmudzadə. – Avtobazanın rəisi bir addım irəli çıxıb təzədən yerinə qayıtdı.

– Bu axşam raport verməliyik ha, plan bu gün dolmalıdı.

– Bilirik, yoldaş Mahmudzadə.

– “Ukrayna” kolxozunda vəziyyət nə yerdədi?

Cütlük fırlana-fırlana qalmışdı...

– Şəkərin dərəcəsini qaldırdınız?

– Zavodu işə saldılar?

Cütlük hələ də fırlanırdı və onlar partiya-təsərrüfat fəallarına fırlana-fırlana baxırdılar. Partiya-təsərrüfat fəalları isə ancaq Mahmudzadə yoldaşa baxırdılar – elə hər cəhətdən.

Mahmudzadə bura yığışanların içində ən boylu-buxunlu, gövdəli adam idi. Birdən o, sağ əlini karusel tərəfə uzadıb dedi:

– O nədi heylə?

– Karuseldi, yoldaş Mahmudzadə.

– O niyə səhərin gözü açılmamış fırlanır ki? Özü də deyəsən iki nəfər də orda...

– Düzdü, yoldaş Mahmudzadə.

– Get onları gətir bura. – Milis rəisinə dedi.

Bir suiçim saatda onların ikisi də suyu süzülə-süzülə birinci katibin hüzurunda dayanıb başlarını aşağı salmışdılar. Hər ikisi girməyə siçan deşiyi axtarırdı.

– Bunlar kimdi belə? – Mahmudzadə camaatın topasından soruşdu.

Polis rəisi bir addım irəli çıxıb dedi:

– Yoldaş Mahmudzadə, Sabirdi də, bufetçi Sabir.

– O dilli-dilavər deyilən oğlan budu?

– Bəli, yoldaş Mahmudzadə.

– Oboxeisi göndərərsən, getsin bunun pavilyonunu möhürləsin.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Özünü də basın getsin üzüm yığsın.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Bu nə vaxtın karuseldə farlanmadığı əə, belə... türküdurmazdan...

Sabir Fatmanı bu rüsvayçılıqdan xilas eləməli idi, başını azca qaldırıb dedi:

– Yoldaş Mahmudzadə... biz əhd eləmişdik ki, evlənməmişdən bir gün qabaq gecənin yarısı gələk bura... heç kim görməsin dana... minək karuselə, səhər gedək ZAQS–a.... Mindik, heç kim yox idi. Uzun qarğı vardı, onnan qnopkanı basdım, karusel yerindən tərpəndi, sonra saxlaya bilmədim, iki saatdır fırlanırıq...

Birinci katibi gülmək tutsa da, özünü boğdu, təbəssümlə kifayətləndi. Əlinin altında işləyən bir belə adamın içində gülmək olmazdı, yoxsa onun ciddilik imici zədələnərdi...

Birinci katib polis rəisinə dedi:

– Bunnan işiniz olmasın, – gülümsədi, – qoyun işiynən məşğul olsun.

– Baş üstə, yoldaş Mahmudzadə.

– Bəs bu xanım kimdi belə?

– Bunu alajam dana, yoldaş Mahmudzadə.

– Bəs niyə belə gec evlənirsən?

– Rayonda hamıdan tez mən evlənmişdim... sonra... arvadım öldü.

– Allah rəhmət eləsin...

– Sağ olun, yoldaş Mahmudzadə.

– Bəs, bu xanım niyə belə gec ərə gedir?

– O da, mənim kimi hamıdan tez ərə getmişdi, sonra əri avariya düşdü, öldü.

Elə bil Mahmudzadə bu rayonda işlədiyi illərdə ilk dəfə idi ki, birinci katib olduğunu unutmuşdu.

– Gedin o ZAQS-ın müdirin çağırın bura.

– Mən burdayam, yoldaş Mahmudzadə, – əlli yaşlı, çeçunça kostyum geymiş kişi bir addım irəli çıxdı.

– Bunların kəbinini kəs, özü də burda.

– Baş üstə, yoldaş Mahmudzadə. 

Çeçunça kostyum geymiş kişinin getməyi ilə qoltuğunda qovluq geri qayıtması bir oldu. Ştabın qırmızı pərdə salınmış stolunun üstündə kəbin kəsildi.

Mahmudzadə qırmızı stola yaxınlaşdı, Sabirin əlini sıxıb “təbrik eliyirəm” deyən kimi, bütün partiya-təsərrüfat fəalları bir ağızdan dedilər: – Təbrik eliyirik.

Sabir Fatmanı bu biabırçılıqdan xilas etmişdi, qalan heç nə haqqında fikirləşmirdi. İndi kim nə deyə bilərdi ki? Kişinin oğlu öz halal-hümbət arvadıynan karuselə minib də, burda nə var ki…

Maşına minən kimi Fatma, içində baş vermiş dağıdıcı zəlzələdən sonra özündə güc tapdı, nəm gözlərini silə-silə pıçıldadı:

– Sabir...

– Haycan...

– Sabir, sənə qurban olum...

– Yaxşı, yaxşı... indi vaxtım yoxdu, sonra qurban olarsan.

– Sabir...

– Yaxşı də... gedirik bizə, bu gün işə mənim evimdən gedəzsən... ölənə qədər.

– Bəs camaat...

– Camaatınan bayaq qurtardıq də... parkda... indi sən mənim arvadımsan, əlimdə kağızım da var, orda ikimizin də adı yazılıb...

– Nə yazılıb?

– Orda yazılıb ki, camaat otursun yerində, Fatma Sabirin arvadıdı.

...Sabirin dedikləri çin çıxdı. Vaxt-vədə ötəndən sonra bir oğlu oldu Fatmadan. Dayı, bacısı oğlundan iki yaş yarım kiçik idi – Sabirin ağzı fal imiş...

İndi tez-tez bu parka gəlib üçlükdə karuselə minirdilər, heç nədən, heç kimdən də çəkinmirdilər. Bu parka gəlib gəzən qadınlar karuseli görən kimi bic-bic gülümsəyib deyirdilər:

– Fatma karuseli...

Kişilər də deyirdilər:

– Sabir karuseli.

Sizə zarafat gəlməsin, Azərbaycan boyda məmləkətin heç bir klassikinə, dahisinə sağlığında qismət olmayan şey Fatma ilə Sabirə qismət olmuşdu: Onlar balaca bir şəhər parkında olsa da, adlarını beləcə əbədiləşdirmişdilər...

İndi isə... Özünüz bilirsiniz də, göydən üç alma düşdü, biri Fatmanın, biri bufetçi Sabirin, biri də Rayon partiya komitəsinin birinci katibi yoldaş Mahmudzadənin...

Mən alma istəmirəm...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

 

36 -dən səhifə 3108

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.