Super User

Super User

PAWA TO PARTICIPATE IN THE 2026 FESTAC AFRICA FESTIVAL IN SENEGAL

 

Pan-Afrika Yazıçılar Assosiasiyası (PAWA) Afrikanın ən nüfuzlu pan-Afrika təşkilatlarından biri olan INSPIRE AFRICA CONNECT tərəfindən Seneqalın Dakar şəhərində keçiriləcək FESTAC AFRICA 2026 festivalında iştirak etmək üçün dəvət alıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Dünya Yazıçılar Təşkilatından (W0W) verilən məlumata görə, qərar PAWA-nın baş katibi doktor Ueyl Okediran və FESTAC AFRICA RENAISSANCE festivalının sədri mühəndis İnka Abioye arasında keçirilən son görüşdən sonra qəbul edilib.

 

Məlumdur ki, qara dərili xalqların və afrikalıların Ümumdünya incəsənət və mədəniyyət festivalı — Afrika və Afrika diasporasından olan sənətkarları, ziyalıları, alimləri və mədəniyyət xadimlərini bir araya gətirən mötəbər tədbir — ilk dəfə 1966-cı ildə Seneqalda keçirilmiş, ikinci dəfə isə 1977-ci ildə Nigeriyada baş tutmuşdur.

2022-ci ildə yenidən bərpa edildikdən sonra festival Tanzaniya, Keniya və Qanada təşkil olunub.

2026-cı ilin oktyabr ayında Seneqalda keçirilməsi planlaşdırılan tədbirin mövzusu belədir:
“Afrikanın mədəniyyət, yaradıcılıq və əməkdaşlıq vasitəsilə davamlı inkişaf naminə birləşdirilməsi.”

Təşkilatçıların sözlərinə görə, bu mövzu festivalın bütün Afrika qitəsində və diasporasında birliyin möhkəmləndirilməsinə yönəlmiş məqsədini əks etdirir.

Gözlənilir ki, festival üç əsas sütunun — mədəni innovasiyalar, davamlı inkişaf və strateji əməkdaşlığın — necə birlikdə işləyərək imkanlar yaratdığını, iqtisadi inkişafı stimullaşdırdığını və Afrika kimliyinin zənginliyini nümayiş etdirdiyini göstərəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

 

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İstanbuldakı Türk Ədəbiyyatı Vəqfində (TƏV) azərbaycanlı alim, şair və yazar Həyat Şəminin yeni çapdan çıxmış “İstanbul saatı ilə” və “Gedirik Ağdama” adlı kitablarının təqdimatı keçirilib.

 

Həyat Şəminin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, təqdimatda TƏV başqanı Serhat Kabaklı, İstanbul Azərbaycan Kültür Evi Dərnəyi başqanı Hikmet Elp və İstanbul Sənət və Kültür Dərnəyi fəxri başqanı Osman Öztürk də iştirak edib.

Həyat Şəminin kitabları və yaradıcılığı haqqında dəyərli çıxışlar edilib, onun fəaliyyəti təqdir edilib. 2 saat yarım davam edən tədbirdə çıxışçılar təqdimatın maraqlı keçdiyindən məmnunluq duyduqlarını dilə gətiriblər.

Eyni zamanda tuğgeneral Yörük Ali Aydın Paşa, əski vali Murat Yıldırım, jurnalist-yazar Sabri Şahsuvar, Karabagh is Azerbaijan Milli Platforması Türkiyə koordinatoru Dr. Elvin Abdurahmanlı, Dr. Mesut Şenol, Dos. Dr. Mehdi Genceli, İstanbul Sənət və Kültür Dərnəyi başqanı Yıldız İbram, gürcüstanlı şair Eka Surameli, Dr. Mehdi Neimi, Dr. Əntiqə Rzayeva Elp, araşdırmacı-yazar Dr. Aynur İmran, YAZAK Akademiyası başqanı, “Temrin” dərgisinin baş redaktoru Şeref Yılmaz, kərküklü şair Ali Yağmuroğlu, Güney azərbaycanlı şair Hamid Ahmedzade, yazar Samiye Kaplan, şair Şükran Aydın, tərcüməçi Təranə Musayeva, sənətçi İclal Akkaplan tədbirdə iştirak edib.

Həyat Şəmi, “bu dəyərli günümdə yanımda olan bütün sevənlərimə, qonaqlarıma, müsafirlərimə – hər kəsə dərin təşəkkürümü bildirirəm”, deyə bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

 

 

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi  ilə həyata keçirilən "Könüllülər Yurdu- Azərbaycan"  layihəsi başa çatıb. 

“Ədəbiyyat və incəsənət” aaaaaportalına ASAN-dan verilən məlumata görə, bağlanış mərasimində  Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva könüllülüyün təbliğinin əhəmiyyətindən danışıblar. Onlar könüllülərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin fərdi və intellektual inkişafına dəstək, eləcə də ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət almasının vacibliyini vurğulayıblar.

Sonra layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub və bu çərçivədə fəal iştirak edən şəxslər mükafatlandırılıblar.

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi gənclərin hüquq sahəsində bilik və bacarıqlarını artırmaq, onların hüquqi savadlılığının inkişafı, həmçinin qanunvericilik sistemi və hüquqi mexanizmlər barədə məlumatlılığı genişləndirməkdən ibarət olub.

Layihə ölkənin 10 şəhər və regionununda ümumilikdə 600-ə yaxın gənci əhatə edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

 

 Aprelin 10-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, 1997-ci il aprelin 10-da “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış “N” saylı hərbi hissənin kəşfiyyat qrupunun üzvləri leytenant Elxan Ataxan oğlu Ağayevin, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədovun, çavuşlar Anar Üzeyir oğlu Rzayevin, Dinar İbrahim oğlu Mustafayevin, Aqşin Əli oğlu Həsənovun, Nizami Səfi oğlu Ələkbərovun və Fariz Şamil oğlu Cavadovun anım gününə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə Hərbi Memorial Məzarlığı ziyarət edib, əməliyyatın iştirakçısı olmuş şəhid kəşfiyyatçıların məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, o cümlədən, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və “Əbədi yaşayanlar” kitabının müəllifi jurnalist Jalə Cəfərova həmin əməliyyatın önəmindən danışıblar. “Xocavənd əməliyyatı”nda iştirak edən hər bir hərbçinin Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsinə diqqət çəkilib, həmin əməliyyatın Azərbaycan əsgərinin tarixi qəhrəmanlıq, sonsuz cəsarət və yenilməzlik nümunəsi olduğu bildirilib. Həmçinin qəhrəmanlarla bağlı maraqlı faktlara diqqət çəkilib. Qeyd edilib ki, illər, əsrlər sonra da “Xocavənd əməliyyatı” və onun iştirakçılarının qəhrəmanlığı bütün yaradıcı insanlar üçün ilham mənbəyi olacaq, şəhidlərimiz haqqında yeni məqalələr, əsərlər yazılacaq.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış “Xocavənd əməliyyatı” kəşfiyyatçılarına həsr olunmuş “8 oğul istərəm” sənədli filmi nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”
(13.04.2026)

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Öncə onun astroloji xəritəsinə nəzər yetirək. O, 1977-ci ilin aprel ayının 13-də, həftənin 3-cü günü dünyaya gəlib. Ulduzların dediyinə görə, aprel ayının 10-dan 20-sinədək doğulanlar yeniliklər axtaran, səxavətli, açıq fikirli, comərd və özünə inamlı insanlar olurlar. Əgər bu insanların dünyaya gəlişi həftənin 3-cü gününə düşürsə, üstəgəl həmin insanların mənəviyyatı zəngin, maraq və əyləncə əhatəsi isə geniş olur. Belə insanlar bütün ömürləri boyu öyrənməyə can atır, əzimkarlığı ilə seçilirlər. Sadə və mehriban olurlar, özlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra da məqsədlərinə doğru inamla gedirlər...

 

...Orta təhsilini başa vurduqdan sonra Qərb Universitetinə qəbul olunub. 1998-ci ildə oranın Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə isə həmin universitetdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib. 2017-ci ildə ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidentinin köməkçisidir. Xidmətləri bir sıra orden və medallarla yanaşı "Şöhrət" ordeninə layiq görülüb...

 

Müsahibələrinin birində deyir ki:- “Düşünürəm ki, hər bir insanda müəyyən vərdişlər, nəyəsə maraq və həvəs artıq uşaqlıqdan formalaşır. Məndə də avtomobillərə maraq hələ yeniyetməlik dövründən var idi. Düzdür, həmin dövrdə bu, sadəcə bir uşaqlıq, yeniyetməlik həvəsi idi. Amma illər keçdikcə bu maraq daha da artaraq professional bağlılığa çevrildi. Doğrudur, uşaqlıqda hərbçi olmaq, həmişə vətənə xidmət etmək istəyirdim. Hərbi xidmət keçərkən, ordu sıralarında qulluq edərkən bu arzuma qismən də olsa çatdım. Bu gün isə vətənə xidməti hazırkı fəaliyyətimlə davam etdirməyə çalışıram...”

 

Ümumiyyətlə cazibədar və cəlbedici insandır. Fəlsəfi təbiətinə görə yetkin və müdrikdir. Ona edilən yaxşılığı heç vaxt unutmur. Olduğu mühitdə etibar və hörmət qazanmağı bacarır. Gözəl təşkilatçı, nöqsansız icraçıdır. Sakit, təvazökar, diqqətli və idealistdir. Hadisələri və situasiyaları yaxşı qavradığı üçün düzgün istiqaməti tez seçir. Boş sözlərə, faydasız insanlara və cəfəng mövzulara nifrət edir. Maraqlı və məzmulu insanlarla ünsiyyətdə olmağı xoşlayır. Fərqli baxışlara açıq olduğundan özünə inamı böyükdür...

 

...Avtomobil idarə etməyi çox sevir. Sükan arxasında olanda demək olar ki, həm də istirahət edir. Bəlkə də bu səbəbdəndir ki, o, Azərbaycan Avtomobil Federasiyasına rəhbər seçilib. İdmana da marağı çox böyükdür, mütamadi məşğul olmağa çalışır...

“Hər zaman klassik avtomobillərə üstünlük vermişəm. Ümumiyyətlə, tarixi elementlərə, tarixi məna daşıyan əşyalara həmişə marağım olub. Fransanın Müluz şəhərinin Avtomobil Muzeyi, Almaniyanın “Classic Remise” muzeyinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 2015-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə klassik avtomobillərin sərgisi baş tutdu. O vaxtdan ötən müddət ərzində çoxlu sayda ziyarətçilər, xarici qonaqlar, ölkəmizdə səfərdə olan dövlət başçıları və digər rəsmi nümayəndə heyətləri bu sərgiyə böyük maraq göstəriblər. Burada istehsal illəri üzrə avtomobil dizaynının təkamülünü görmək mümkündür. Onu da qeyd edim ki, bu günədək Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda sərgilər açılıb, amma məhz avtomobil sərgisini yaş və digər kateqoriyalardan asılı olmayaraq, bütün insanları birləşdirən sərgi hesab etmək olar...”- söyləyir.

 

...Güclü intuisiyası var. Qarşılaşdığı problemləri müxtəlif aspektlərdən qiymətləndirə bilir. Çox düşünür, amma az danışmağa üstünlük verir. Ümumiyyətlə, o, düşünmədən heç vaxt nəsə söyləmir. Məqsədə çatmaq üçün ağıl və təmkinlə hərəkət etməyi, daim diqqətli olmağı bacarır. Uğur qazanana qədər yorulmadan mübarizəsini davam edirməyi xoşlayır...

 

Deyir ki:- “Ölkəmizdə idmanın bütün sahələri üzrə cənab Prezidentin birbaşa dəstəyi və qayğısı mövcuddur. Çoxsaylı idman yarışları keçirilir, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində idmançılarımız bu yarışlarda böyük nailiyyətlər qazanır. O cümlədən Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti, ölkəmizdə avtomobil idmanının inkişafı birbaşa Azərbaycan Prezidentinin nəzarətindədir...”

 

...Yaraşıqlı görkəmi, nurlu çöhrəsi var. Ətrafa güc və müsbət enerji yaymağı bacarır. Onun ən mühüm xüsusiyyəti isə fitri intuisiyasıdır və intuisiyasında heç vaxt yanılmır. Qəribədir ki, gələcəkdə baş verəcək hər hansı bir hadisəni qabaqcadan görə bilmək kimi fövqəltəbii qabiliyyətə malikdir. Belə insan heç vaxt pis və ya orta səviyyədə ola bilməz. O, həmişə ən yüksək nəticələr əldə etmək uğrunda çalışır...

 

Ölkəmizin tanınan politoloqlarından biri onun haqqında söyləyir: “Onun fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumatlıyam. O, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban xanım birinci vitse-prezident təyin edilən zaman da proqnozum belə idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Bildirmişdim ki, komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, ideyalı, xaricdə təhsil alan gənclər olacaqlar. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək lazım idi. Düşünürəm ki, onun da yeni komandada yer alması müsbət haldır...”

 

...Şəxsi həyatına münasibəti unikaldır. Qayda-qanuna, nizam-intizama riayət etməyi xoşlayır. Hətta emosional vəziyyətdə belə standartların üstündə olmağa çalışır. Və həmişə ətrafındakı insanları heyran etməyi bacarır. Münasibətlərində mümkün qədər diqqətli olmağa çalışır. Qarşısındakı insana ehtiram göstərdiyi qədər, qarşıdakı insandan da eyni diqqəti gözləyir. Nikbin adamdır, şən olmağı və musiqi dinləməyi sevir. Bir sözlə, o, kifayət qədər yüksək enerjisi olan, həyat eşqi ilə dolu insandır...

 

Bəli, söhbət Anar Sahib oğlu Ələkbərovdan gedir. Atası nazir müavini olsa da, bunun onun vəzifə yüksəlişinə heç bir aidiyyəti olmayıb. Anar Ələkbərov o məmur övladlarındandır ki, davranışı, ədəb ərkanı, savadı, bacarığı, işgüzarlığı və əzmkarlığı ilə hər zaman nümunə olub və qazandığı uğurları özü qazanıb. Anar Ələkbərovu yaxından tanıyan adamlar bildirir ki, o, idarəetməni dərindən bilən, kreativ təşəbbüslər irəli sürən və bütün verilən tapşırıqları yüksək səviyyədə peşəkarlıqla yerinə yetirməyi bacaran insandır. Dövlətə, dövlətçiliyə sədaqətinə isə söz ola bilməz...

 

...Bu gün - aprelin 13-ü Anar Ələkbərovun 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Urbana-Şampeyn İllinoys Universitetində Azərbaycan mədəniyyətinin tanıdılmasına  həsr olunan “Beynəlxalq tanıtım” (“International Spotlight”) tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir universitetdə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının və universitetin Beynəlxalq Tələbələr və Tədqiqatçılarla İş üzrə Xidmətlər şöbəsinin (ISSS – International Student and Scholar Services) birgə əməkdaşlığı ilə baş tutub.

Tədbirin məqsədi iştirakçılara Azərbaycanı, onun zəngin mədəniyyətini və milli ənənələrini interaktiv və maraqlı formatda təqdim etmək olub.

Əvvəlcə Azərbaycan haqqında təqdimat keçirilib, ölkənin tarixi, coğrafiyası, mədəni irsi və müasir inkişafı barədə məlumat verilib. Daha sonra sual-cavab sessiyasında iştirakçılar ölkəmizlə bağlı suallar verib, fikir mübadiləsi aparıblar. Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub, bu da görüşə xüsusi ab-hava qatıb. Proqram musiqi və milli rəqslərin ifası ilə davam etdirilib.

Sonda tədbirinin Azərbaycanın zəngin irsinin beynəlxalq auditoriyaya tanıdılması, eləcə də universitet mühitində mədəni müxtəlifliyin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Məlumat üçün qeyd edək ki, Urbana-Şampeyn İllinoys Universitetində 2024-cü ildən fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası Azərbaycan həqiqətlərinin ABŞ auditoriyasına çatdırılması, həmçinin mədəniyyətimizin təbliği istiqamətində müxtəlif tədbirlər təşkil edir. Təşkilatın üzvləri Riyad Babayev və Könül Adıgözəlova 2-ci Amerika Azərbaycanlı Gənclər Forumunun iştirakçıları olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, filosof-alim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın əsərləri dünya kitabxanalarının elektron kataloqlarında yerləşdirilib.

 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.

 

Tanınmış alim Xatirə Quliyeva uzun illər ərzində böyük elmi işlər görmüş, bir sıra monoqrafiyalar yazmış və kitablar tərtib etmişdir. X.Quliyevanın əsərləri dünya miqyasında tanınan nüfuzlu kitabxanaların elektron kataloqlarında – ABŞ Konqres Kitabxanası, Princeton Universitetinin Kitabxanası, Polşanın Milli Kitabxanası və digər ölkələrin kitabxanalarda mövcuddur.

Görkəmli  Azərbaycan alimi Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyaları və onun tərtib etdiyi “İdentiklik – multikulturalizm – dialoq fəlsəfəsi” kitabı da ABŞ-ın Konqres Kitabxanasının, ABŞ Princeton Universitet kitabxanasında və Polşanın (İSNİ) Milli Kitabxanasının və digər dünya kitabxanalarının elektron kataloqlarındadır.

 Bundan başqa, alimimizin elmi fəaliyyətini və bir neçə əsərini çoxsaylı məşhur alim adlarını tanıyan VİAF-da (Virtual Beynəlxalq Səlahiyyət Xidməti) yerləşdirib. Qürurvericidir ki, filosof-alimimizin sözügedən əsərləri dünyanın minlərlə kitabxanası tərəfindən birgə istifadə edilən nəhəng, qeyri-kommersiya məqsədli onlayn kitabxana xidməti və tədqiqat təşkilatı – OCLC-in Onlayn Kompüter Kitabxana Mərkəzinin, ABŞ-ın Konqres Kitabxanasının və digər məşhur kitabxanaların elektron kataloqlarında yerləşdirmişdir.

 

Əsərləri aşağıdakı elektron kataloqlarda izləmək olar:

https://share.google/JTN8Jz22yrEjIM7v8

https://search.catalog.loc.gov/instances/0f23be95-ae4e-59bf-a21d-73209847a1ee?option=author&pageNumber=1&query=Quliyeva%2C%20Xatira%CC%88&recordsPerPage=25

https://catalog.princeton.edu/catalog?clause[0][field]=in_series&c

https://viaf.org/en/processed/PLWABN%257C9815028296605606

https://viaf.org/en/viaf/70862519

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Lüksemburqda nəşr olunan “Pizzicato” musiqi jurnalında Azərbaycan və Avropa bəstəkarlarının fortepiano əsərlərinin yer aldığı kompakt disk (CD) haqqında məlumat dərc edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, disk komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniyada yaşayan azərbaycanlı pianoçu Gülçin Aslanova-Lutzun təşəbbüsü ilə buraxılıb.

Diskin hazırlanmasının əsas məqsədi Azərbaycan və Avropa bəstəkarlıq məktəbinin zəngin irsini eyni platformada təqdim etmək, bu iki musiqi mədəniyyəti arasında paralelləri və qarşılıqlı təsir imkanlarını göstərməkdir.

CD-yə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fortepiano üçün yazılan “12 miniatür” silsiləsi və alman musiqisinin görkəmli nümayəndəsi Robert Şumanın “Davidsbündlertänze” silsiləsi daxil edilib. Bütün əsərlərin ifaçısı Gülçin Aslanova-Lutzdur.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Azərbaycan Respublikası Prezidenti 2026-cı il 14 yanvar tarixli Sərəncamla “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nı təsdiq etmişdir. Konsepsiyada Azərbaycan dilinin və Azərbaycan ədəbiyyatının, milli dəyərlərin inkişafına, mütaliə marağının artırılması xüsusi önəm verilir.

 

Uşaq ədəbiyyatı, xüsusilə nağıllar uşaqlara həyatın əsas mənəvi dəyərlərini, əxlaq normalarını sadə və təsirli formada aşılamaq baxımından mühüm pedaqoji əhəmiyyətə malikdir. Kiçik yaşlardan uşaqlara oxunan nağıl və hekayələr uşaqların dünyagörüşünün formalaşmasına, onlarda empatiyanın və mədəni davranış modellərinin inkişafına xidmət edir.

“Dəfnənin nağılları” adlı uşaq kanalı da məhz bu məqsədə yönəlmiş, uşaqları emosional, tərbiyəvi məzmunlu nağıllar vasitəsilə maarifləndirən platformadır. Bu təşəbbüs, tələbə yaradıcılığının və pedaqoji yanaşmanın sintezi kimi, uşaq auditoriyası üçün əhəmiyyətli maarifləndirici resurs kimi dəyərləndirilə bilər.

Kanalda səsləndirilən nağıllar pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə tərəfindən peşəkar şəkildə uşaqlara təqdim edilir. Bu nəcib işin ideya müəllifi Bakı Qızlar Universitetinin tələbəsi Fəxriyyə Zeynəb Cəfərovadır. Videotərtibatlar Azərbaycan İdman Akademiyasının tələbəsi Hülya Hüseynli tərəfindən həyata keçirilmişdir.

Kanalın informasiya dəstəyini Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İctimai Radioda yayınlanan “Can Azərbaycan” proqramının növbəti qonağı Norveçdə yaşayan soydaşımız, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin rəhbəri, bəstəkar və musiqiçi Arzu Rzayeva idi və onunla söhbət o qədər diqqətimi çəkdi ki... Eşidəndə Beynəlxalq Muğam Mərkəzində Arzu xanımın “Arzuların melodiyası” adlı konserti keçiriləcək, mütlqə orada iştirak edəcəyimi qət etdim. Və etdim də.

 

Beynəlxalq Muğam Mərkəzi tamaşaçılarla dolmuşdu. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə baş tutdu. Konsertdən əvvəl isə rəsmi hissə oldu.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov gecəni açaraq milli-mədəni dəyərlərimizin və musiqimizin beynəlxalq səviyyədə tanıdılmasında Arzu Rzayeva kimi yaradıcı şəxslərin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Milli musiqimizin, dilimizin və mədəni irsimizin qorunmasında diaspor nümayəndələrinin rolunu yüksək qiymətləndirdi.

Daha sonra Əməkdar incəsənət xadimi, sevimli şairimiz Baba Vəziroğlu söz aldı, belə layihələrin Azərbaycan mədəniyyətinin təbliğində, gələcək nəsillərə ötürülməsində əvəzsiz olduğunu diqqətə çatdırdı.

Daha bir nüfuzlu qonaq - Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Arzu xanıma gələcək fəaliyyətində uğurlar arzuladı.

Növbəti çıxışçı - məşhur dirijor, Xalq artisti Ağaverdi Paşayev tələbəsi Arzu Rzayevanın uğuruna çox sevindiyini bildirib, bu cür konsertlərin davamlı təşkilinin vacibliyini söylədi.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən, Əməkdar artist Sahib Paşazadə bu cür konsertlərin milli-mənəvi dəyərlərimizin qorunmasına böyük töhfə verdiyini dilə gətirdi.

Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva isə Arzu Rzayevanın bəstələrində vətənə və torpağa sevginin xüsusi yer tutduğunu bildirdi.

Nəhayət, bəstəkar Arzu Rzayeva özü söz aldı, konsertin ərsəyə gəlməsinə göstərilən dəyərli dəstəyə görə minnətdarlığını ifadə etdi. Soyuq Norveçdə Bakı günəşi olmasa belə, Azərbaycan musiqisi ilə isinməyin mümkünlüyünü dilə gətirdi.

Nəhayət, tamaşaçıların səbirsizliklə gözlədikləri konsert başladı. Konsertdə Azərbaycan musiqi ənənələrinə əsaslanan bəstələr böyük maraqla dinlənildı və gur alqışlarla qarşılandı. Qeyd edim ki, ifaçılar tək azərbaycanlılar deyildi, norveçlilər də bu möhtəşəm gecəyə rəng qatmağa gəlmişdilər.

 

Foto dəstəyinə görə Diasporla İş üzrə Dövlət Komitəsində minnətdarlığımızı bildiririk.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

39 -dən səhifə 2856

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.