Super User

Super User

Çərşənbə, 02 Sentyabr 2026 13:09

Vətəncanlılıq, yaddaş və mədəni coğrafiya…

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Cəlilabadda yaşayıb-yaradan şair dostum-qardaşım Əlirza Həsrətin Naxçıvanda boya-başa çatmış şəhid baş leytenant Yusif Vəliyevə ad etdiyi “Təyyarəçi nəğmələri” haqqında bu ilin may ayında yazmışdım: “Təyyarəçi nəğmələri” çağdaş Azərbaycan poeziyasında həm dastan-poema gələnəyinin davamı, həm də Vətən savaşının mənəvi-estetik salnaməsi kimi diqqəti çəkir. Poetik yükü yalnız bir qəhrəmanın taleyi ilə sınırlanmayan, Vətən, sevgi, ayrılıq, şəhidlik, milli yaddaş kimi yüksək mövzuları bütöv bir poetik sistem içində təqdim edən əsərin ikinci qəhrəmanının özü də yazardı... Söhbət Arzu Nehrəmlidən gedir.

Bu yazıda onun “Sonluğu olmayan rəqs”indən söz açacağıq.

 

Deyir, bəzən bir yazıçının doğulduğu yer onun özkeçmişində sadəcə coğrafi göstərici olur; bəzən isə doğulduğun yer yazdığın hər cümlənin, necə deyərlər, gizli ünvanına çevrilir…

Məncə, Arzu Nehrəmli ikinci qəbildən olan yazıçıdır.

Onun adındakı “Nehrəmli”ni yalnız təxəllüs, nisbə, mənsubiyyət bildirən söz kimi oxumaq azdır.

Nehrəm sanki bir kəndin adından çıxaraq yaddaş coğrafiyasına çevrilir. İnsan doğulduğu yerdən uzaqlaşa bilər, bəs doğulduğu yer insandan uzaqlaşarmı?.. – Yox! – Torpaq insanın ayağından qopar, yaddaşından qopmaz!..

Bax, elə buna görə də Arzu Nehrəmlinin yaradıcılığını oxuduqca bir qəribə genişlənmə müşahidə olunur: Nehrəm Naxçıvana, Naxçıvan bütöv Azərbaycana, Azərbaycan isə böyük Türk dünyasına açılır. Bu genişlənmə xəritənin böyüməsi olmur yalnız; anlamın dərinləşməsidir bu...

Asif Ata deyirdi, “milli olmayan bəşəri ola bilməz”.

Yerli olan milli olur, milli olan ümumtürk yaddaşına qovuşur. – Bəlkə də Arzu xanımın yaradıcılığının əsas kulturoloji düsturu elə budur.

 

Bəs yurdun kiçiyi varmı?..

Biz öz könül dostlatımızla danışanda Naxçıvana sevgiylə “Kiçik torpaq” deyirik.

Doğrudan, torpağın, Vətənin kiçiyi olurmu?

Örnəyi, Nehrəm, Azərbaycan xəritəsində böyük ərazi sayılmaz; ancaq insan yaddaşının miqyası kilometrlə ölçülmür axı. Bir uşaqlıq həyəti bəzən bütöv materikdən böyükdür. Bir ana məzarı dünyanın bütün coğrafiyalarından ağır gəlmirmi?... Bir kənd yolu dünyanın ən uzun magistralından uzağa – keçmişə aparır…

“Təyyarəçi nəğmələri”nin əsas qəhrəmanı Yusif Vəliyevə könül vermiş Arzu Nehrəmlinin nəsrində də belədir.

Məhlə, ev, çardaq, çarpayı, kənd adamı, qonşu, ana, bacı, uşaq, qəzet-jurnal, məktub, məzar, qızılgül… Bunlar ilk baxışda ev-eşiyin, kəndin, məişətin atributlarıdır; lakin müəllif onları yaddaşın işarələrinə çevirir.

Beləcə, məişət mədəniyyətə keçir.

Ədəbiyyatın böyük möcüzələrindən biri də elə budur: adi olanı anlamlandırmaq!..

Arzu Nehrəmli monumental görünmək üçün monumental hadisə axtarmır. Onun monumenti bəzən bir ananın sözüdür, bəzən bir uşağın hərəkəti, bəzən köhnə bir jurnal, bəzən bir məktub, bəzən də məzar üstünə qoyulmuş çiçək…

Çünki insan ömrünün həqiqi arxivi dövlət arxivlərində bulunmur yalnız.

 

Evlərin də arxivi var…

Anaların yaddaşı da bir arxivdir…

Kəndlərin danışığı… qəbirlərin sükutu da…

 

“Sonluğu olmayan rəqs” – hələ bir adın fəlsəfəsinə baxın… – Kitabın adı ayrıca düşüncə tələb edir.

Rəqs nədir? – Hərəkətdir. Ritmdir.

Döngüdür.

Bir nöqtədən çıxıb başqa nöqtəyə keçmək, sonra yenidən özünə qayıtmaqdır rəqs.

Təsadüfi deyil, kitabın ilk mətninin adı “Hərəkat”, ardınca gələn mətnin adı isə “Sonluğu olmayan rəqs”dir.

 

Budur, istər-istəməz bir anlam ardıcıllığı yaranır: hərəkət – ritm – yaddaş – həyat.

 

İnsan dayananda belə həyatın rəqsi davam edir. Bir nəsil gedir, o biri gəlir. Ana qızda, ata oğulda, baba nəvədə davam edir.

Rəhmətlik Ələkbər Salahzadənin ünlü şeirini yada salaq:

 

Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu…

 

“…Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər bu dünyada qəlbini qoydu getdi…” – bu isə rəhmətlik Bəxtiyar Vahabzadənindir.

 

Bəli, ölən insan anılara keçir, anılar sözə, söz kitaba…

Deməli, ölüm belə mütləq son deyil.

 

Arzu Nehrəmlinin dünyasında sanki həyatın ən faciəli məqamlarında belə bir davamlılıq duyulur.

Bax, bunu Şəkərlə bağlı səhifələrdə özəlliklə aydın görürük.

Gənc ana artıq yoxdur. Məzar var. Məzarın üstünə gələn körpə var. Sonra həmin körpənin böyüməsi var. Nəvələr var…

 

Bir yerdə müəllifin söylədiyi fikir həmin fəlsəfəni son dərəcə sadə şəkildə açır: məzar artıq “nənə məzarı”na çevrilib.

İnsan getmişdir.

Amma münasibət yaşayır.

Budur sonluğu olmayan rəqs, budur…

 

Hələ-hələ ana məzarı və isti torpağı düşünün…

Kitabın ən təsirli məqamlarından birində isti körpə nəfəsi ilə soyuq məzar daşı üz-üzə qoyulur.

Bunun sadəcə emosional səhnə olmadığı bəllidir.

Burada iki böyük substansiya qarşılaşır: həyat və ölüm! Olum–ölüm    mövzusu haçan tükənib ki?..

 

Körpənin nəfəsi – gələcəkdir. Məzar – keçmiş… Onların arasında isə qara torpaq dayanır. Qara da olsa, isti ya soyuq olsa, yenə Vətən torpağıdır...

Müəllif yazır, körpə ilə ananın arasına isti Vətən torpağı tökülüb.

Bu ifadə Arzu Nehrəmlinin vətəncanlılığını anlamaq üçün açar sayıla bilər.

Diqqət edin: torpaq soyuq deyil. Dilimizdə belə deyim var axı: Torpağın üzü soyuüdur…

 

Məzar soyuqdur, daş soyuqdur, quzey buzu soyuqdur – Vətən torpağı isə istidir.

Çünki Vətən burada siyasi termin sayılmır.

Vətən ananı balaya bağlayan son vasitədir.

Bu məqamda vətən sevgisi pafosdan çıxaraq ontoloji anlam qazanır: insan Vətənə yaşamaqdan o yana… – ölüsünü də ona əmanət etdiyi üçün bağlıdır.

Bəlkə torpağa “Ana Vətən” deməyimizin ən dərin səbəblərindən biri də elə budur?..

Ana bizi dünyaya gətirir.

Torpaq bizi özünə qaytarır.

İnsan bu iki ana arasında yaşayır.

 

Arzu Nehrəmlinin nəsrində qadın dünyası ayrıca diqqət istəyir.

Burada qadın yalnız obraz olaraq görünmür. – Yaddaşın daşıyıcısıdır o.

Ana, bacı, qız, rəfiqə, nənə…

Bunların hər biri ailə tarixinin görünməyən salnaməçisidir.

 

Rəsmi tarix dövlətlərin tarixini yazır; ailə yaddaşı isə insanın tarixini qoruyur.

Rəsmi tarixdə illər, qərarlar, savaşlar, sınırlar vardır. Ailə tarixində isə:

“o gün belə demişdi”;

“bu paltarı geyinmişdi”;

“bu məktubu göndərmişdi”;

“bu çiçəyi sevirdi”;

“bu küçədən keçmişdi”…

Tanışdır, elə deyilmi?..

 

Böyük tarix çox zaman insanı rəqəmə çevirir.

Ədəbiyyat isə rəqəmi yenidən insana qaytarır.

Arzu Nehrəmlinin gördüyü işin önəmli tərəflərindən biri budur.

 

Hə, gəldik çıxdıq, Moskva və Təbriz arasında bir insan yığvalına…

Kitabın müəyyən səhifələrində bu iki şəhərin adı özəl semantik yük qazanır.

Bunlar sadəcə şəhər adları olmaqdan çıxır.

Moskva – uzaqlıq, soyuqluq, gərginlikdir…

Təbriz! Təbriz isə – bir başqadır. Budur, doğma Təbrizə üz tutan yol ana məzarına gedir…

Bir yanda imperiya coğrafiyasının mərkəzi, o biri yanda tarixi-mədəni yaddaşın şəhəri…

Və onların arasında insan.

Bu qarşılaşdırmanı süni şəkildə siyasiləşdirməyə ehtiyac yoxdur. Mətnin öz iç temperaturu yetərlidir: “quzey buzu” ilə “isti Vətən torpağı” arasındakı fərq özü danışır...

 

Beləcə fərdi tale birdən-birə böyük tarixi coğrafiyanın içində görünür.

Arzu Nehrəmlinin üstünlüklərindən biri də budur: böyük tarixi kiçik insan taleyinin içindən göstərmək…

 

Bir də, “Mənim Arzum! Sənin Yusifin!” nidası var axı!..

“Uzağa gedən gün”də tamam başqa bir rəng açılır.

Qızılgüllər… Vertolyot… Məhəlləyə səpələnən vərəqlər… Və vərəqlərdə:

“Mənim Arzum! Sənin Yusifin!”

 

İlk baxışda romantik jestdir.

Sonra illər keçir. Qızılgüllər anıya çevrilir. Hərbi geyim qalır. Çanta qalır.

Qoxu qalır. İnsan isə… yoxdur…Burada zaman çox qəddar redaktordur: həyatın əvvəlində romantik görünən səhnəni illər sonra faciənin proloquna çevirir.

Müəllif həmin geyimləri qucaqlayır, qoxlayır…

Və bir vaxtlar havadan səpilmiş qızılgüllərin iki solğun qalığı ilə qarşılaşır.

Qırmızı sarıya dönüb.

Bundan daha sadə və daha ağır zaman metaforu varmı?

Gül solur, anılar solmur.

O iki qızılgül artıq botanikanın yox, yaddaşın predmetidir. Qızılgül burada sevgidən başlayıb itkinin simvoluna çevrilir.

 

Müəllifin son cümləsi başlanğıcı yenidən qaytarır:

“Mənim Yusifim, sənin Arzunam!”

Beləcə zaman çevrə vurur.

Yenə rəqs…

Yenə başlanğıca dönüş…

Yenə sonluğu olmayan rəqs…

 

Harda qalmışdıq?..

Naxçıvan – yaddaşın sınır coğrafiyasımı?..

Arzu Nehrəmlini Naxçıvan mühitindən ayıraraq oxumaq çətindir.

Naxçıvan Azərbaycan mədəniyyətində yalnız inzibati ərazi kimi oxunmur; o, çoxqatlı tarixi yaddaş məkanıdır.

Duz yaddaşı…

Əshabi-Kəhf yaddaşı…

Gəmiqaya yaddaşı…

Araz yaddaşı…

Möminə Xatun, Memar Əcəmi yaddaşı, Atabəylər…

Dədə-baba yurdu yaddaşı…

 

Naxçıvanın coğrafiyası özü insanı tarixlə danışmağa məcbur edir.

Burada dağ yalnız dağ, çay yalnız çay, sınır da yalnız sınır deyil.

Arazın bir qıyısında dayanıb o biri qıyısına baxmaq belə insanı coğrafiyadan tarixə keçirir.

Bu anlamda Arzu Nehrəmlinin yaradıcılığında görünən Təbriz duyğusu təsadüfi sanıla bilməz.

Naxçıvandan Təbrizə baxış bir başqa baxışdır.

Burada məsafə kilometrlə ölçülmür.

Arazın iki qıyısı bəzən bir ulusun yaddaşının iki səhifəsi kimi görünür.

Bax, bu nöqtədə Arzu Nehrəmlinin lokal yaddaşı Bütöv Azərbaycan düşüncəsinə doğru genişlənir.

 

Bütöv Azərbaycan düşüncəsini yalnız siyasi kateqoriya kimi oxumaq onun mədəni miqyasını daraltmaq olardı.

Bütövlük ilk növbədə yaddaş hadisəsidir.

Dil bütövdür. Bayatı, muğam bütövdür. Arazın bu tayında deyilən söz o tayda anlaşılır. Bir ananın ağısı sınırda pasport göstərmir… Bir saz havasını gömrük saxlaya bilmir…

Ədəbiyyatın siyasi sınırlardan böyük olduğu yer bax, buradır.

Arzu Nehrəmlinin yaradıcılığında da Bütöv Azərbaycan ideyası ilk növbədə bu mədəni bütövlük şəklində duyulur.

Nehrəm bunun bir nöqtəsidir.

Naxçıvan çevrəsidir.

Azərbaycan böyük çevrədir.

Lakin çevrələr burada bitmir.

Azərbaycan harada bitir, Türk dünyası harada başlayır?.. –

Bəlkə sual özü yanlışdır.

Azərbaycanın mədəni yaddaşının müəyyən qatlarında Türk dünyası artıq başlayıb.

Dilimizdə başlayıb.

Dastanımızda, sazımızda, atalar sözümüzdə, ana laylamızda, yurd anlayışımızda, qonaq qarşılamağımızda...

Ölüyə yas tutmağımızda, diriyə alqış etməyimizdə başlayanlar, görünənlər, bilinənlər, deyilənlər nədir bə?...

Bax, elə bu səbəbdən Nehrəmdən Türk dünyasına getmək üçün mədəni anlamda sınır keçməyə ehtiyac yoxdur.

Türk dünyası Nehrəmin özündə də vardır.

Necə Gəncədə, Şəkidə, Təbrizdə, Qarsda, Türküstanda, Kazanda, Daşkənddə, Bişkekdə, Almatada, Astanada, Aşqabatda, Ankarada ortaq yaddaşın müxtəlif çalarları yaşayır.

Türk dünyasının böyüklüyü eynilikdə deyil.

Qohum fərqliliklərindədir o böyüklük.

Nehrəmin öz danışığı olsun, Naxçıvanın öz nəfəsi,

Qazaxın öz səsi,

Anadolunun öz ahəngi,

Türküstanın öz çöl küləyi,

Saxa-Yakutiyanın öz qarı…

 

Bunları birləşdirən şey hamısını eyniləşdirmək ola bilməz deyirik; deyirik, əsas məsələ hamısının altında yaşayan ortaq mədəni kodu tanımaqdır.

Arzu Nehrəmlinin lokal insan hekayələrinin ümumtürk müstəvisində maraqlı görünə bilməsinin səbəbi də bax budur.

 

Ana hər yerdə ana, yurd hər yerdə yurddur.

Həsrət bütün türk dillərində başqa-başqa səslənsə də, eyni yeri ağrıdır.

 

İndi isə gəlin vətənpərvərlikdən vətəncanlılığa yumşaq keçid edək.

Vətənpərvərlik deyirik. – Doğru, gözəl sözdür. Amma bəzən mənə elə gəlir, ədəbiyyatın ifadə etdiyi münasibət bundan da içəridədir, bundan daha doğmadır.

Mən buna vətəncanlılıq deyərdim.

Vətəni sevmək bir duyğudursa, Vətənlə canlı olmaq bir haldır.

Vətənpərvərlikdə insan Vətəni sevir, vətəncanlılıqda isə Vətən insanın içində yaşayır. – Onun danışığında, anısında, anasının adında, məzar daşında, sevgisində, ağrısında, yazısında…

Arzu Nehrəmlinin nəsrində mən məhz belə bir vətəncanlılıq görürəm.

Burada Vətən haqqında hər səhifədə “Vətən!” deyə hayqırılmır.

Buna ehtiyac da yoxdur. Çün əsl vətən duyğusu bəzən ən sakit cümlədə yaşar...

İsti Vətən torpağı… Ana məzarı…

Təbrizə gedən yol… Kənd məhəlləsi… İllər sonra tapılan iki qızılgül…

Bunların hər biri özlüyündə Vətən haqqında uzun nitqdən güclü ola bilir.

 

Deyərlər, xalq danışığı – yazılı mətnin qan dövranıdır. Arzu Nehrəmlinin nəsrinin başqa bir önəmli yönü onun danışıq dilinə münasibətidir.

Personajlar kitab dili ilə danışmır.

Onlar yaşadıqları kimi danışır.

Məhəlli ifadə, zarafat, acı dil, şirin dil, nida, uzadılmış səslər, ailəiçi müraciətlər mətnə özəl canlılıq gətirir.

Bəzən ədəbi mətn dili “təmizləmək” istəyir; amma həddən artıq təmizlənmiş dil “steril” ola bilər.

Ulusun danışığı isə dilin torpağıdır.

Orada sözün üstündə həyatın tozu var. Arzu Nehrəmli həmin tozu silib atmır… Sanki tutiyə bilir…

 

Bu özəllik onun nəsrinə həm etnoqrafik, həm də kulturoloji dəyər qazandırır. Çün gələcək nəsillər üçün olaylardan daha çox, insanların necə danışdığı da mədəni yaddaşdır.

Dil ulusun görünməyən muzeyidir.

Yazıçı həmin muzeydən əşyaları çıxarıb vitrinə düzmür; onları yaşadıqları evdə göstərir.

Bu daha qiymətlidir.

Gül, daş, torpaq, məktub kimi…

Arzu Nehrəmlinin mətnlərində bəzi predmetlər adi əşya olmaqdan çıxır.

Gül. Daş. Torpaq. Məktub. Geyim. Şəkil. Qəzet. Çanta… – Hamısı yaddaş daşıyıcısına çevrilir.

Mədəniyyət yalnız böyük abidələrdən ibarət deyil axı.

 

Bir ulusun mədəniyyəti onun anma üsuludur həm də.

Biz ölülərimizi necə anırıq?

Anamızı necə çağırırıq?

Uşaqlığımızı hansı əşya ilə yad edirik?

Sevdiyimizin yoxluğunu hansı sözlə ifadə edirik?

Arzu Nehrəmlinin mətnləri bu baxımdan bir növ mikroyaddaş antropologiyasıdır.

Böyük anlayışlar kiçik əşyaların içində yaşayır.

Bir qızılgülün içində sevgi… Bir məzar daşında ana… Bir hərbi geyimdə ayrılıq… Bir məktubda ömür… Bir kənd adında Vətən…

 

“Sonluğu olmayan rəqs”in içəriyinə göz atmaq belə müəyyən poetik xəritə yaradır:

“Hərəkat”, “Sonluğu olmayan rəqs”, “Arxip baba yox, Yaqub baba və…”, “Sarıçiçək”, “Paqonlu ruh”, “Qarmon”, “Köhnə ünvan”, “Konsert”, “Analar marşrutu”, “Mənə nar”, “Atasına oxşayan qız”, “İtmiş kitab”, “Oğrum”, “Sınıq”, “Bir igid var idi…”, “Xarab”, “34 il sonra”, “Əsgərə məktub”, “Dərs”, “Uzağa gedən gün”…

 

Bu adların özündə belə… həyat trayektoriyası vardır.

Uşaqlıq. Ailə. Musiqi. Ünvan. Ana. Ata. Əsgər. İtki. Geri dönüş. Anılar...

Kitab sanki ayrıca hekayələrin toplusundan daha çox, parçalanmış bir ömrün vahid yaddaş romanıdır.

Hekayələr dəyişir, insanlar dəyişir; amma yaddaşın danışan səsi dəyişmir. O səs kitabın görünməyən baş qəhrəmanıdır.

Əfəndim, bə sonluğu olmayan nədir?

Rəqsmi? Yaddaşmı? Sevgimi? Vətənmi? – Bəlkə hamısı?..

İnsan ömrü sonludur. Bunu bilirik.

Amma insan yalnız bioloji varlıq deyil axı.

İnsanın sözü var. Övladı var. Anısı var. Yurdu var. Dili var. Mədəniyyəti var. – Bunlar fərdi ömrü aşmazmı ola?..

Bəlkə, mədəniyyətin ən böyük sirri də elə budur: fani insanın içindən qeyri-fani anlamlar yaratmaq.

Arzu Nehrəmlinin yazılarında ölənlər tez-tez qayıdır.

Anılarda qayıdırlar. Sözlə qayıdırlar.

Güllə qayıdırlar. Məktubla qayıdırlar.

Bir uşağın sifətində qayıdırlar.

Bir köhnə ünvanla… Bir mahnıyla…

Bir qoxuyla… Və beləcə həyatın rəqsi davam edir.

 

Nehrəm bir başlanğıcdır…

Nehrəmli olmaq Azərbaycanlı olmağın kiçilməsi deyil; onun konkretləşməsidir. Azərbaycanlı olmaq da Türk dünyasına mənsubiyyətin itməsi deyil; onun özünəməxsus, zəngin bir ifadəsidir.

Böyük mədəniyyət kiçik yurdları udmamalıdır. Onları böyütməlidir.

 

Nehrəmdən Turana neçə kilometrdir? Belə sualın coğrafi cavabı yoxdur. Çünki Turan yalnız xəritədə axtarılan ünvan deyil.

Əgər Turanı ortaq tarixi yaddaş, dil qohumluğu, mənəvi yaxınlıq və mədəni tale kimi anlayırıqsa, Nehrəmlə onun arasında məsafə bəzən bir söz qədərdir.

“Yurd” deyirsən – yaxınlaşır.

“Ana” deyirsən – daha da yaxınlaşır.

“Torpaq” deyirsən… “Dədə”… “Bala”… “Vətən”… Və birdən görürsən, kilometrlərlə ölçdüyümüz coğrafiyanın altında sözlə ölçülməyən başqa bir coğrafiya yaşayır: Ruh coğrafiyası!

Arzu Nehrəmlinin yaradıcılığı məhz həmin coğrafiyanın kiçik, səmimi, ağrılı, bəzən gülüşlü, bəzən gözyaşlı xəritələrindən biridir.

O anının başlanğıcında Nehrəm, sonra Naxçıvan görünür. Araz görünür, Təbriz, Bütöv Azərbaycan görünür. Ardınca böyük Türk dünyasının üfüqləri açılır…

Amma üfüq uzaqlaşdıqca Nehrəm kiçilmir, böyüyür. Çün doğma yerin böyüklüyü insanın ondan dünyaya nə qədər geniş baxa bilməsindədir.

 

Arzu Nehrəmlinin sözündə də bu baxışın işartıları var: doğulduğun torpağa sədaqət göstərərək daha böyük mədəni coğrafiyaya açılmaq; öz kəndinin yaddaşını qoruyaraq ümummilli yaddaşa xidmət etmək; Azərbaycan duyğusunu yaşadaraq ortaq Türk dünyasının mənəvi xəritəsində öz ünvanını tanımaq…

 

Və sonda yenə kitabın adına qayıdırıq.

“Sonluğu olmayan rəqs”…

İnsan gedir, yurd qalır; ana gedir, layla qalır; əsgər gedir, məktub qalır; sevən gedir, iki solmuş qızılgül qalır.

Nəsillər dəyişir, yaddaş ötürülür.

Söz söylənir, başqa ürəkdə yenidən doğulur.

Bəlkə elə ədəbiyyatın özü sonluğu olmayan rəqsdir?..

Bir yazıçının qələmindən çıxan sözün başqa bir insanın yaddaşında hərəkətə davam etməsidir ədəbiyyat.

Və əgər o sözün ayağı doğma torpağa möhkəm basıbsa, üzü dünyaya – böyük mədəni üfüqlərə, ordan da üfüqötəsinə baxa bilər.

 

Arzu Nehrəmlinin yaradıcılığında gördüyümüz yol da elə budur. Çün böyük yolçuluqların qəribə bir qanunu var: insan dünyanı dolaşıb axırda öz başlanğıcının anlamını daha yaxşı anlayır.

Sonluğu olmayan rəqs də bəlkə budur – özündən dünyaya, dünyadan özünə doğru bitməyən yol…

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

 

 

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammiti ərəfəsində bir sıra ölkələrin liderləri Qırğızıstana səfər edib. Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da ötən gün Qırğızıstana səfər ediblər. Bir neçə ölkənin dövlət başçısının bir araya gələcəyi görüşlərdə təhlükəsizlik, iqtisadi əlaqələr və nəqliyyat məsələlərinin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanın sammitdə iştirakı ölkəmizin ŞƏT ilə əməkdaşlığının gələcəyi və regional proseslərdəki rolu baxımından diqqət çəkir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycanın əlverişli coğrafi mövqeyi yeni əməkdaşlıq imkanları yarada bilər.

 

Mövzu ilə əlaqədar "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən Türkiyəli siyasi şərhçi Ali Satan vurğulayıb:

"Biz Türkiyədən belə baxırıq: Azərbaycan hansı beynəlxalq qurumda təmsil olunursa, fəal və təsirli olursa, bu, bizim üçün qürur, sevinc və təhlükəsizlik mənbəyidir. Çünki heç bir Türkiyə türkü Azərbaycanı ayrı, fərqli bir ölkə kimi görmür. “Bir millətin iki dövləti” şüarına səmimi qəlbdən inanırıq. Tarixi həqiqət də belədir. Ona görə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəallaşması Türkiyə və Türk dünyası baxımından son dərəcə faydalıdır. Dünyanın silahlanma yarışına girdiyi bu günlərdə Türk dünyasının öz təhlükəsizliyini təmin etmək məcburiyyəti var".

Politoloq əlavə edib:

"Mədəni diplomatiya baxımından isə Şanxay Əməkdaşlıq Təşkilatının dünyaya konkret bir mədəni təklifinin göründüyünü düşünmürəm. Türk dövlətlərinin təşkilatda təmsilçiliyini və fəallığını artırması Qərb dəyərlərinin qarşısında yeni, orijinal, humanist və ali dəyərlər sisteminin təqdim olunmasını gücləndirir. Düşünürəm ki, bizim və bütün bəşəriyyətin gözlədiyi yeni vizyon məhz budur".

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mark Harmon — tam adı Thomas Mark Harmon olan məşhur amerikalı aktyordur. O, xüsusilə uzun illər boyunca Leroy Jethro Gibbs obrazını canlandırdığı NCIS serialı ilə dünya tamaşaçılarının yaddaşında qalıb. Sakit xarakteri, ciddi baxışları, təmkinli davranışı və liderlik qabiliyyəti Harmonun yaratdığı Gibbs obrazını televiziya tarixinin ən tanınan xüsusi agent personajlarından birinə çevirib.

 

2 sentyabr 1951-ci ildə Kaliforniyanın Burbank şəhərində dünyaya gəlib. O, məşhur və istedadlı bir ailədə böyüyüb. Atası Tom Harmon ABŞ-da tanınmış futbolçu və sonradan idman şərhçisi olub. Anası Elyse Knox isə Hollivud aktrisası və model kimi fəaliyyət göstərib. Belə bir ailədə böyüməsinə baxmayaraq, Harmon uşaqlıqdan aktyorluğa yönəlməyib. Əksinə, onun ilk böyük marağı idman, xüsusilə Amerika futbolu olub.

Harmon UCLA Universitetində oxuyub və universitetin futbol komandasında quarterback mövqeyində oynayıb. Onun idman sahəsində kifayət qədər uğurlu gələcəyi ola bilərdi. Lakin sonradan həyatını dəyişdirən qərar verərək aktyorluğa keçib. Bu keçid onun üçün asan olmayıb. Harmon əvvəlcə müxtəlif televiziya layihələrində kiçik rollar alaraq təcrübə toplayıb və tədricən özünü peşəkar aktyor kimi təsdiqləyib.

Mark Harmonun aktyorluq karyerası 1970-ci illərdə başlayıb. İlk dövrlərdə əsasən televiziya seriallarında görünürdü. Onun xarici görünüşü və ciddi davranışı xüsusilə polis, həkim, hərbçi və digər peşəkar obrazların yaradılmasına uyğun gəlirdi. 1970–1980-ci illərdə müxtəlif televiziya layihələrində iştirak etdikdən sonra daha böyük rollar almağa başlayıb. Onun tanınmasında St. Elsewhere serialındakı Dr. Robert Caldwell obrazının da mühüm rolu olub. Daha sonra Chicago Hope, The West Wing və digər məşhur layihələrdə rol alıb.

Mark Harmonun dünya şöhrətinin əsas səbəbi NCIS serialıdır. Serial ilk dəfə 2003-cü ildə yayımlanıb və Harmon burada Leroy Jethro Gibbs adlı xüsusi agenti canlandırıb. Gibbs ABŞ Hərbi Dəniz Qüvvələrinin Cinayət İstintaq Xidmətində çalışan təcrübəli xüsusi agent və komanda rəhbəridir. O, cinayətlərin araşdırılmasında böyük təcrübəyə malik, soyuqqanlı və intizamlı bir müstəntiq kimi göstərilir.

Gibbs çox danışan qəhrəman deyil. O, hadisələri diqqətlə izləyir, insanları yaxşı müşahidə edir və çox vaxt bir neçə kəlmə ilə fikrini çatdırır. Komandasına qarşı sərt görünsə də, əslində onların təhlükəsizliyi və uğuru onun üçün çox vacibdir. Bu xüsusiyyətlər Mark Harmonun aktyorluq üslubu ilə çox yaxşı uyğunlaşıb. Gibbs obrazını maraqlı edən əsas cəhətlərdən biri onun ziddiyyətli xarakteridir:

Sərtdir, amma mərhəmətlidir;

az danışır, amma insanları yaxşı anlayır;

Qaydalara ciddi yanaşır, lakin lazım gəldikdə qaydaları poza bilir;

Komandasından yüksək intizam tələb edir;

İşinə son dərəcə ciddi yanaşır;

şəxsi həyatını çox vaxt işindən ayrı saxlayır;

Komanda üzvlərini yalnız əməkdaş deyil, ailəsi kimi görür.

Harmon bu xüsusiyyətləri illər ərzində elə şəkildə təqdim etdi ki, Gibbs obrazı NCIS serialının əsas simvoluna çevrilib.

Mark Harmon yalnız serial aktyoru deyil. O, müxtəlif filmlərdə də rol alıb. Onun tanınmış kino layihələrinə The Presidio, Summer School, The Deliberate Stranger, Freaky Friday və Wyatt Earp kimi filmlər daxildir. Xüsusilə The Deliberate Stranger televiziya filmində Ted Bundy obrazını canlandırması diqqət çəkib. Bu rol Harmonun yalnız qəhrəman və müsbət personajları deyil, daha mürəkkəb və qaranlıq xarakterləri də oynaya bildiyini göstərib.

Mark Harmon 2021-ci ildə NCIS serialında Gibbs rolunda əsas aktyor kimi fəaliyyətini dayandırıb. Onun ayrılması serialın pərəstişkarları üçün böyük hadisə olub. Bununla belə, Harmon NCIS ilə əlaqəsini tamamilə kəsmədi və prodüser kimi layihə ilə əlaqəsini davam etdirib. Gibbs obrazının serialdan ayrılması NCIS tarixində ən mühüm dəyişikliklərdən biri hesab olunur. Harmonun uğuru yalnız aktyorluq bacarığı ilə bağlı deyil.

Onun ekran personası da böyük rol oynayıb. O, uzun illər ərzində sakit, ciddi, etibarlı və prinsipial kişi obrazı ilə tanınıb. Bir çox aktyor emosional səhnələrdə yüksək ton və dramatik ifadələrdən istifadə etdiyi halda, Harmon çox vaxt əksinə, sakitlikdən istifadə edir. Gibbsin bir baxışı və ya qısa cümləsi bəzən uzun dialoqdan daha təsirli olur. Məhz bu xüsusiyyət onu xüsusilə kriminal, detektiv və hərbi mövzulu ekran əsərləri üçün yadda qalan aktyora çevirib.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

Çərşənbə, 02 Sentyabr 2026 11:07

The Matrix-in dünyaşöhrətli aktyoru

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Keanu Reeves — müasir dünya kinosunun ən tanınmış aktyorlarından biridir. O, Neo (The Matrix) və John Wick obrazları ilə xüsusilə məşhurlaşsa da, onun yaradıcılığı yalnız aksiyon filmləri ilə məhdudlaşmır. Reeves dram, romantik komediya, kriminal, fantastika və müstəqil kino layihələrində də müxtəlif xarakterlər yaradıb.

 

Keanu Charles Reeves 2 sentyabr 1964-cü ildə Beyrutda, Livanda anadan olub. Anası Patricia Taylor İngiltərə mənşəli kostyum dizayneri, atası Samuel Nowlin Reeves Jr. isə geoloq olub. Atasının tərəfdən onun ailə köklərində Havay və Çin mənşəli irs də var. Valideynləri ayrıldıqdan sonra Keanu anası və bacısı ilə əvvəlcə Nyu-Yorka, daha sonra isə Torontoya köçüb.

Buna görə onun uşaqlıq və yeniyetməlik illərinin mühüm hissəsi Kanadada keçib. Maraqlı məqam odur ki, Keanu uşaqlıqda daha çox xokkeyə maraq göstərib. Məktəb komandasında qapıçı kimi oynadığı üçün ona “The Wall” — “Divar” ləqəbi verilmişdi. Daha sonra idmandan çox aktyorluğa yönəlib.

Reeves aktyorluq fəaliyyətinə teatr və televiziya layihələri ilə başlayıb. 1986-cı ildə River's Edge filmindəki rolu tənqidçilərin diqqətini cəlb edib. Ardınca Dangerous Liaisons kimi nüfuzlu filmdə rol alıb. Lakin onun geniş auditoriya tərəfindən tanınmasına səbəb 1989-cu ildə çəkilən Bill & Ted's Excellent Adventure filmi olub.

 Burada o, Alex Winter ilə birlikdə Ted “Theodore” Logan obrazını canlandırıb. Film böyük populyarlıq qazanıb və Reevesin karyerasında mühüm dönüş nöqtəsinə çevrilib. Keanu Reeves sonradan özünü yalnız komediya aktyoru kimi qəbul etdirmək istəmirdi. Buna görə daha mürəkkəb və dramatik rollara üz tutub. 1991-ci ildə My Own Private Idaho filmində River Phoenix ilə birlikdə rol alıb.

Həmin il Point Break filmində gənc FBI agenti Johnny Utah obrazını canlandırıb. Bu filmlər Reevesin daha ciddi aktyor kimi qəbul edilməsinə kömək edib. Daha sonra Bram Stoker's Dracula, Much Ado About Nothing, A Walk in the Clouds və The Devil's Advocate kimi layihələrdə iştirak edib.

1994-cü ildə çəkilən Speed Keanu Reevesin karyerasında xüsusi yer tutub. Filmdə o, polis əməkdaşı Jack Traven obrazını canlandırıb. Baş rolda onun tərəf müqabili Sandra Bullock olub. Film böyük kommersiya uğuru qazanıb və Reevesi Hollivudun aparıcı aksiyon aktyorlarından birinə çevirib. Maraqlıdır ki, Reeves Speed filminin davamında iştirak etməkdən imtina edib. Bunun əvəzinə başqa janrlarda filmlər seçərək aktyor kimi öz diapazonunu genişləndirməyə çalışıb.

1999-cu ildə isə Keanu Reevesin həyatını və karyerasını dəyişdirən film meydana çıxdı: The Matrix. O, burada kompüter proqramçısı və haker Thomas Anderson, daha sonra isə Neo kimi tanınan əsas qəhrəmanı canlandırıb. Film insanlığın əslində süni şəkildə yaradılmış bir simulyasiyanın içində yaşaması ideyası üzərində qurulub. Neo isə bu sistemin mahiyyətini anlayaraq ona qarşı mübarizə aparan əsas personaja çevrilib.

The Matrix həm vizual effektləri, həm fəlsəfi mövzuları, həm də döyüş səhnələri ilə kino tarixində mühüm iz qoyub. Reevesin Neo obrazı isə onun adını dünya miqyasında ən məşhur aktyorlar sırasına daxil edib.

 

Daha sonra:

The Matrix Reloaded - 2003

The Matrix Revolutions - 2003

The Matrix Resurrections - 2021

filmlərində Neo obrazına qayıdıb.

 

Reeves The Matrix Reloaded üçün intensiv döyüş və döyüş sənəti hazırlığı keçib. IMDb onun 200-dən çox döyüş hərəkəti öyrəndiyini qeyd edib. Keanu Reeves yalnız aktyor deyil. 2013-cü ildə Man of Tai Chi filmi ilə rejissor kimi debüt edib. Film döyüş sənətləri mövzusundadır və Reeves özü də filmdə rol alıb. Bundan başqa, o, prodüser kimi də bir sıra layihələrdə iştirak edib.

Reevesin çoxlarının bilmədiyi başqa bir tərəfi də musiqidir.

O, Dogstar rok qrupunun üzvüdür və bas gitara ifa edir. Qrup 1990-cı illərdə yaradılıb və uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Reeves həm aktyorluğu, həm də musiqi fəaliyyətini paralel şəkildə davam etdirir. Keanu Reeves son illərdə komiks dünyasında da fəaliyyət göstərir.

Reeves animasiya və videooyunlarda da səsini personajlara verib. Məsələn, Toy Story 4 filmində məşhur motosikletçi Duke Caboom obrazını səsləndirib. O, həmçinin Cyberpunk 2077 videooyununda Johnny Silverhand obrazına səs və görünüş verib. Reeves hələ də aktiv şəkildə film sənayesində çalışır. 2025-ci ildə Ballerina filmində John Wick obrazına qayıtdı.

2026-cı ildə isə Outcome filmində rol alıb. IMDb-də onun gələcək layihələri arasında Sonic the Hedgehog 4, Constantine 2, BRZRKR və digər filmlər göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

Çərşənbə, 02 Sentyabr 2026 09:35

Şuşa musiqiçilərindən yeni nəsil nümayəndəsi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şəqrin musiqi konsevatoriyası Şuşa. Burdan çıxan dahi adları hamı bilir, sadalamağa ehtiyac yoxdur. Mənsə sizə Şuşa musiqiçilərindən yeni nəsil nümayəndəsi barədə danışacağam. Bu gün 44 yaşını qeyd edən Fuad İbrahimov barədə.

 

Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov 1982-ci ilin 2 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasının Şuşa şəhərində anadan olub. Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-studiyasında oxuyarkən başlayıb. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub.

 Daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb.

1998-ci ildə o həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olub, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olub. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.

Fuad İbrahimov dirijor kimi gənc karyerasında Kral Filarmonik Orkestri (İngiltərə), Orchester Symphonique de Mulhouse (Fransa), Şimali Çexiya Filarmoniyası, MDR Leipzig Simfonik Orkestri, Staatskapelle Halle, Göttingen və Nurem, Berlin Filarmonik, Staatskapelle Berlin, Staatskapelle Drezden, Cənub-Vestfaliya Filarmoniyası (Almaniya), Vyana Kamera Orkestri və bir çox başqa orkestrlərin musiqiçilərindən ibarət olan "Das kritische Orchester Berlin®" Simfonik Orkestri kimi orkestrlərdə çıxış edib.

2012-ci ildə Gürzenich Orkestri (Almaniya) ilə Köln Operasında qonaq dirijor kimi ilk müstəqil opera əsərini götürüb. 2011-ci ilin iyun ayında o, Maestro Fabio Luisi tərəfindən Yaponiyada keçirilən “Sakit Okean Musiqi Festivalı”na dəvət olunub. 2006-cı ildə İbrahimov Köln Musiqi Akademiyasında professor Maykl Luiqlə dirijorluq təhsilinə başlayıb və 2008-ci ildən Köln şəhərində yerləşən “Sinfonietta” tələbə simfonik orkestrinin musiqi rəhbəri kimi fəaliyyət göstərib. 2010-cu ildə DAAD tərəfindən xüsusi istedadlı əcnəbi tələbələrə verilən xüsusi mükafata layiq görülüb.

2014-cü ilin noyabr ayından Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmonik Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijorudur. 2018-ci ildə Parisdə keçirilən Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin həmqalibi Fuad İbrahimov növbəti ilin aprelində keçiriləcək Rostropoviç Festivalında Monte-Karlo Filarmonik Orkestri, Sinfonia Varsovia və Orchester d’Auvergne dirijorluğu üçün dərhal dəvət olunub.

3 dəfə Prezident Mükafatına layiq görülüb. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü, 2017-ci ildən isə Azərbaycan Respublikasının Əməkdar artistidir. 2019-cu ildə "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

Çərşənbə, 02 Sentyabr 2026 08:09

Əfsanəvi “Göy göl” ansamblının yaradıcısı

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nizami yurdu Gəncənin musiqi həyatından danışanda, əlbəttə ki ilk əvvəl yada “Göy göl” ansamblı düşür. Bu gün o ansamblın yaradıcısının doğum günüdür.

 

Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranıb. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedib. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edib.

13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olub. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlib. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb.

1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. Adil Gərayın sinfində təhsil alıb. 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla "Göy göl" xalq çalğı alətləri ansamblını yaradıb.

Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınıb. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunub. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.

Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib. Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayıb. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.

1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edib. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ ediblər. 1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alıb. 1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində "Göy göl" mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edib.

Fikrət Verdiyev 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində "Neftçi" mahnı və rəqs ansamblını yaradıb. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Firuz Səxavət, Cabir Abdullayev, Teyyub Aslanov kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradıb. Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında uğurla çıxış ediblər.

Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 22 dekbar 2022-ci il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

2023-cü ildə Əməkdar artist Ramil Qasımov tərəfindən təsis edilən və Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün yaratdığı vokal məktəbinin ənənələrini layiqincə davam etdirən Bülbül Vokal Məktəbinin fəaliyyəti və yetirmələrinin uğurları diqqət çəkir.

Bülbül Vokal Məktəbindən aldığımız növbəti şad xəbəri sizinlə bölüşürük.

 

Məktəbin tələbə və məzunları ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə, konsert proqramlarında və beynəlxalq festivallarda fəal iştirak etməklə yanaşı, vokal sənəti üzrə əldə etdikləri nailiyyətlərlə də seçilirlər. Məktəbin məzunları Azərbaycanın aparıcı ali təhsil müəssisələrində vokal sənəti üzrə təhsillərini davam etdirir, bununla da milli vokal ənənələrinin yeni nəsil ifaçılar tərəfindən inkişaf etdirilməsinə töhfə verirlər.

Bülbül Vokal Məktəbinin növbəti mühüm uğuru məzunu Fidan Sultanovanın Almaniyanın nüfuzlu Hochschule für Musik und Theater Hamburg – Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunmasıdır.

2025-ci ildə Bakı Musiqi Akademiyasının akademik vokal sinfinə qəbul olunan Fidan Sultanova yüksək ifaçılıq qabiliyyəti, özünəməxsus səs tembri və səhnə mədəniyyəti ilə seçilərək Bülbül Vokal Məktəbini bir sıra mühüm və böyükmiqyaslı tədbirlərdə uğurla təmsil edib.

Fidan Sultanovanın Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunması Azərbaycan vokal məktəbinin beynəlxalq səviyyədə təmsil olunması baxımından əhəmiyyətli hadisədir. 

Qeyd edək ki, Fidan Sultanova Bülbül Vokal Məktəbində iki il müddətində Əməkdar artist İnarə Babayevanın sinfində vokal sənəti üzrə təhsil alıb. Gənc ifaçının beynəlxalq səviyyəli ali təhsil müəssisəsinə qəbul olunması Bülbül Vokal Məktəbində vokal sənətinin peşəkar əsaslarla tədrisinin və dahi Bülbülün sənət ənənələrinin müasir dövrdə uğurla davam etdirilməsinin göstəricilərindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

 

“ASAN Könüllüləri” Təşkilatının “Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik” təlim proqramı başa çatıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, məqsəd iştirakçıların rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını artırmaq, müasir texnologiyalarla bağlı məlumatlılıqlarını genişləndirmək olub.

Proqram çərçivəsində müasir texnoloji trendlər, ''ASAN xidmət”də tətbiq olunan innovativ və rəqəmsal həllər, süni intellektin tətbiq imkanları, alətlərdən səmərəli istifadə, kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verilib.

İştirakçıların bilikləri imtahan vasitəsilə qiymətləndirilib, bütün mərhələləri uğurla tamamlayanlara sertifikat və hədiyyələr təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Azərbaycan-Amerika Təşkilatları Alyansının üzvləri ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanasını ziyarət ediblər. Ziyarət Alyansın təşəbbüsü və komitənin dəstəyilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, kitabxananın Yaxın Şərq bölməsinin müdiri və Türk Bölgəsi üzrə mütəxəssis Coan Uiks qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti və zəngin kolleksiyası barədə məlumat verib.

O, 1800-cü ildə yaradılan Konqres Kitabxanasında milyonlarla kitab, əlyazma, xəritə, fotoşəkil, qəzet, film, səs yazısı, musiqi əsəri və digər qiymətli materialların qorunduğunu bildirib. Qeyd edib ki, kitabxananın elektron kataloqu və rəqəmsal arxivi Azərbaycanın tarixi, ədəbiyyatı, dili, Qarabağ və Şuşa, eləcə də musiqi irsi ilə bağlı zəngin məlumat bazasına çıxış imkanları yaradır.

Qonaqlar Azərbaycanla bağlı qədim və müasir nəşrlərlə də tanış olub. Onların sırasında Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsəri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycan ədiblərinin yaradıcılığı haqqında nəşrlər, eləcə də ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən kitablar yer alıb.

Ziyarət çərçivəsində qonaqlara bir sıra nadir eksponatlar, o cümlədən ABŞ Konstitusiyasının ilk əlyazması nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova isə Azərbaycan mədəni irsini, tarixini əks etdirən 20-dən çox nəşri kitabxanaya hədiyyə edib. Bunlara Qarabağ və Şuşaya həsr olunan “Şuşanın irsi”, “İşğaldan əvvəl və sonra Qarabağ”, “Qarabağnamə”, “Qədim və gözəl Qarabağ”, “Zəfər salnaməsi” kitabları, həmçinin Xocalı faciəsindən bəhs edən “Xocalı” nəşri, eyni zamanda “Azərbaycan musiqisinin inciləri”, “Heydər Əliyevin sevimli musiqi inciləri”, Emin Sabitoğlunun “Simfoniya”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz” və Fikrət Əmirovun “Saçlı” əsərləri daxildir. Coan Uiks bu nəşrlərin kitabxananın Azərbaycanla bağlı kolleksiyasını daha da zənginləşdirəcəyini qeyd edərək, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 12:33

Günahdan absurdluğa: İki dünya, iki fərqli həqiqət - ESSE

 

Jalə Hüseynzadə,

“Ədəbiyyat və incəsənət”

 

Fyodor Dostoyevskinin “Cinayət və cəza” və Albert Kamünün “Yad” romanlarını ilk baxışda birləşdirən əsas məqam hər iki əsərin mərkəzində qətl hadisəsinin dayanmasıdır. Lakin bu qətllər iki romanda tamamilə fərqli məna yaradır. Raskolnikov özünü hüququn və mənəviyyatın qəbul olunmuş normalarından üstün tutub-tuta bilməyəcəyini sınamağa çalışır. Meursault isə cəmiyyətin ondan gözlədiyi duyğu və davranışlara uyğunlaşmır. Hər iki qəhrəman sonda mühakimə olunsa da, onları əsas qarşıdurmaya gətirən yalnız məhkəmə deyil. Raskolnikov özünün yaratdığı ideyanın nəticələri ilə, Meursault isə cəmiyyətin ona verdiyi mənalar və dünyanın bu məna axtarışına cavab verməyən səssizliyi ilə üz-üzə qalır.

 

Bu qarşıdurmanın içində məsuliyyət, vicdan, qorxu, azadlıq və məna axtarışı kimi məsələlər ön plana çıxır. Hər iki əsərin taleyində insanın öz seçiminə və həmin seçimin nəticələrinə münasibəti mühüm yer tutur. Burada absurd anlayışını da yalnız “həyatın mənası yoxdur” kimi izah etmək düzgün olmaz. Daha çox insanın mənaya duyduğu ehtiyacla dünyanın və kainatın bu ehtiyaca hazır cavab verməməsi arasındakı gərginlikdən danışmaq mümkündür. Raskolnikov və Meursaultun yaşadıqları isə fərqli yollardan insanın öz seçiminin məsuliyyəti və həmin seçimin nəticələri ilə necə üzləşə biləcəyini düşündürür.

Hər iki əsərin baş qəhrəmanı – Raskolnikov və Meursault – cəmiyyətə müəyyən mənada yad olan insanlardır. Onlar ətrafdakı insanların qəbul etdiyi dəyərlərlə tam uyğunlaşa bilmirlər. Ancaq onların yadlaşmasının səbəbi eyni deyil. Raskolnikov öz yaratdığı “qeyri-adi insan” nəzəriyyəsinə inanır və bəzi insanların böyük məqsədlər naminə qanunu poza biləcəyini düşünür. Məhz bu düşüncə onu cinayətə aparır. Lakin cinayətdən sonra anlayır ki, insan vicdanından asanlıqla qaça bilmir. Bununla belə, onun daxilində hər şey dərhal aydınlaşmır. Qorxu, günah hissi, qürur və öz nəzəriyyəsinə bağlılıq arasında ciddi bir çaxnaşma başlayır. O, bir tərəfdən nəzəriyyəsinin doğru olduğuna inanmaq istəyir, digər tərəfdən isə yaşadığı daxili böhran həmin nəzəriyyənin əsaslarını sarsıdır. Onu narahat edən yalnız cinayət törətməsi deyil, özünün düşündüyü kimi “qeyri-adi insan” ola bilməməsi ehtimalıdır. Bu baxımdan onun yadlaşması təkcə cəmiyyətdən uzaqlaşmaq deyil; o, öz yaratdığı ideya ilə insan təbiəti arasında parçalanır. Raskolnikovun mənəvi dönüşü də buna görə ani görünmür; onun qürurunun və nəzəriyyəsinə verdiyi haqqın tədricən sarsılması ilə formalaşır.

Meursault isə tamamilə başqa cür yadlaşır. O, cəmiyyətin gözlədiyi emosional davranışları nümayiş etdirmir, özünü həmin gözləntilərə uyğunlaşdırmır və insanları razı salmaq üçün gözlənilən hissləri göstərməyə çalışmır. Buna görə də cəmiyyət onu yalnız törətdiyi əmələ görə deyil, necə insan olduğuna görə də mühakimə edir. Lakin Meursaultu bu xüsusiyyətlərinə görə ideal və tamamilə haqlı bir obraz kimi qəbul etmək çətindir. Cəmiyyətin bəzi normalarının saxta olması bir insanın həyatına son verməyə haqq qazandırmır. Deməli, burada başqa bir sual da yaranır: insan cəmiyyətin müəyyən etdiyi mənaları rədd etdikdə, bu ona başqa bir insanın həyatına son vermək haqqı verirmi? Meursaultun cəmiyyətə uyğunlaşmaması ilə törətdiyi cinayətin məsuliyyəti eyni məsələ deyil. Məhz bu ziddiyyət onun obrazını daha mürəkkəb edir və azadlığın sərhədləri haqqında düşünməyə vadar edir.

Bu yadlaşma yalnız qəhrəmanların düşüncəsində deyil, onların yazıçı tərəfindən təqdim olunma tərzində də hiss olunur. Dostoyevski Raskolnikovun daxilindəki gərginliyi daha dəyişkən və ağır psixoloji vəziyyətlər vasitəsilə göstərir; onun qorxusu, qüruru, günah hissi və ziddiyyətləri daim hərəkətdədir. Kamüdə isə Meursault hadisələri daha sakit və birbaşa nəql edir, hisslərini uzun şəkildə izah etməkdən və öz psixoloji vəziyyətini təhlil etməkdən uzaq görünür. Beləliklə, qəhrəmanların yadlaşması yalnız əsərlərin mövzusunda deyil, onların yazılma tərzində də özünü göstərir.

Əsərlərdəki digər obrazlar da bu əsas fikrə xidmət etdikləri qədər əhəmiyyət qazanırlar. “Cinayət və cəza” romanında Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Onun qüruru və öz nəzəriyyəsinə bağlılığı davam edir; Sonya ilə münasibət isə bu dəyişimin tədricən formalaşmasına təsir göstərir. Porfiri Petroviçlə söhbətləri də Raskolnikovun öz düşüncələri ilə üzləşməsini dərinləşdirir. Buna görə bu obrazların əhəmiyyəti onları ayrıca izah etməkdə deyil, Raskolnikovun daxili mübarizəsini necə açmalarındadır.

“Yad” romanında isə prokuror və hakim Meursaultun cəmiyyətin gözündə necə bir insana çevrildiyini göstərirlər. Rahib onun qarşısına başqa bir mənəvi və metafizik mövqe gətirir. Bu baxımdan köməkçi obrazlar sadəcə hadisələri irəli aparmır; onlar baş qəhrəmanların qarşısına müxtəlif seçimlər və mənalar qoyurlar.

Hər iki romanda mühakimə məsələsi fərqli şəkildə ortaya çıxır. “Yad” romanında məhkəmə daha çox ictimai mühakiməyə çevrilir. Meursault törətdiyi qətldən əlavə, anasının dəfnində ağlamadığına və cəmiyyətin gözlədiyi hissləri nümayiş etdirmədiyinə görə də mühakimə olunur. Sanki burada onun cinayətindən başqa, cəmiyyətin qəbul etdiyi “normal insan” obrazına uyğun olub-olmaması da müzakirəyə çıxarılır.

“Cinayət və cəza”da isə qarşıdurma daha çox psixoloji müstəvidə gedir. Porfiri Petroviçin söhbətləri bunun mühüm hissəsidir. Buradakı “məhkəmə” hüquqi prosesdən daha çox Raskolnikovun öz daxilində yaşadığı mühakiməni xatırladır. Onun ən ağır cəzası yalnız hüquqi hökm deyil; qorxu, günah hissi, qürur və daxili parçalanmadır. Beləliklə, “Yad”da mühakimə daha çox cəmiyyətin qarşısında qurulursa, “Cinayət və cəza”da onun ağırlığı insanın daxilində hiss olunur.

Sonya ilə “Yad”dakı rahibin müqayisəsi də iki qəhrəmanın sonda gəldiyi nöqtəni daha aydın göstərir. Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Raskolnikovun gəldiyi son nöqtəni yalnız cinayəti etiraf etməklə məhdudlaşdırmaq çətindir; burada özünü başqalarından üstün tutan düşüncədən uzaqlaşaraq mənəvi münasibət qurmağa başlama ehtimalı görünür.

Meursault isə rahibin təqdim etdiyi bu hazır mənanı qəbul etmir və onu öz vəziyyətinə verilmiş həqiqi cavab kimi görmür. O, ölüm qarşısında dünyanın cavabsızlığı ilə üz-üzə qalır. Beləliklə, hər iki qəhrəman sonda mənəvi və metafizik bir seçim qarşısında qalır, lakin onların gəldiyi nöqtə fərqlənir: Raskolnikov üçün bu qarşılaşma mənəvi dəyişməyə açılan bir imkan yaradırsa, Meursault üçün hazır mənanı qəbul etmədən öz vəziyyəti ilə üz-üzə qalmaq ön plana çıxır.

Meursaultun hazır mənaları qəbul etməməsi onun törətdiyi cinayətin məsuliyyətini aradan qaldırmır; onun vəziyyətində həm dünyanın cavabsızlığı ilə üzləşmək, həm də öz seçiminin nəticələrini daşımaq eyni anda mövcuddur.

Bu iki əsəri birlikdə oxuyarkən mənim üçün ən mühüm fərq onların eyni cinayət hadisəsindən tamamilə fərqli insan həqiqətlərinə çıxması oldu. Ayrı-ayrılıqda Raskolnikovu vicdan və günah, Meursaultu isə yadlaşma və absurdla əlaqələndirmək mümkündür. Lakin onları yanaşı oxuduqda məsələ yalnız bunlarla məhdudlaşmır. Birində insan ideyanın tələsində, digərində isə mənanın cavabsızlığında özünü itirir. Birində vicdanın səsi, digərində isə sükutun ağırlığı hökm sürür. Bu müqayisə mənə azadlığın yalnız seçim etməkdən ibarət olmadığını, seçimin məsuliyyətini də özü ilə gətirdiyini düşündürdü. Eyni zamanda, insanın öz həqiqətini axtarması başqa bir insanın həyatına toxunduğu anda daha ağır bir məsuliyyətə çevrilir. Bəlkə də bu iki əsəri birlikdə oxumağın mənə ən çox düşündürdüyü məsələ budur: insan cəmiyyətin verdiyi mənalardan uzaqlaşa, öz həqiqətini axtara bilər, amma öz seçiminin nəticələrindən tamamilə kənarda qala bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

43 -dən səhifə 3108

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.