Super User

Super User

Çərşənbə axşamı, 01 Sentyabr 2026 12:33

Günahdan absurdluğa: İki dünya, iki fərqli həqiqət - ESSE

 

Jalə Hüseynzadə,

“Ədəbiyyat və incəsənət”

 

Fyodor Dostoyevskinin “Cinayət və cəza” və Albert Kamünün “Yad” romanlarını ilk baxışda birləşdirən əsas məqam hər iki əsərin mərkəzində qətl hadisəsinin dayanmasıdır. Lakin bu qətllər iki romanda tamamilə fərqli məna yaradır. Raskolnikov özünü hüququn və mənəviyyatın qəbul olunmuş normalarından üstün tutub-tuta bilməyəcəyini sınamağa çalışır. Meursault isə cəmiyyətin ondan gözlədiyi duyğu və davranışlara uyğunlaşmır. Hər iki qəhrəman sonda mühakimə olunsa da, onları əsas qarşıdurmaya gətirən yalnız məhkəmə deyil. Raskolnikov özünün yaratdığı ideyanın nəticələri ilə, Meursault isə cəmiyyətin ona verdiyi mənalar və dünyanın bu məna axtarışına cavab verməyən səssizliyi ilə üz-üzə qalır.

 

Bu qarşıdurmanın içində məsuliyyət, vicdan, qorxu, azadlıq və məna axtarışı kimi məsələlər ön plana çıxır. Hər iki əsərin taleyində insanın öz seçiminə və həmin seçimin nəticələrinə münasibəti mühüm yer tutur. Burada absurd anlayışını da yalnız “həyatın mənası yoxdur” kimi izah etmək düzgün olmaz. Daha çox insanın mənaya duyduğu ehtiyacla dünyanın və kainatın bu ehtiyaca hazır cavab verməməsi arasındakı gərginlikdən danışmaq mümkündür. Raskolnikov və Meursaultun yaşadıqları isə fərqli yollardan insanın öz seçiminin məsuliyyəti və həmin seçimin nəticələri ilə necə üzləşə biləcəyini düşündürür.

Hər iki əsərin baş qəhrəmanı – Raskolnikov və Meursault – cəmiyyətə müəyyən mənada yad olan insanlardır. Onlar ətrafdakı insanların qəbul etdiyi dəyərlərlə tam uyğunlaşa bilmirlər. Ancaq onların yadlaşmasının səbəbi eyni deyil. Raskolnikov öz yaratdığı “qeyri-adi insan” nəzəriyyəsinə inanır və bəzi insanların böyük məqsədlər naminə qanunu poza biləcəyini düşünür. Məhz bu düşüncə onu cinayətə aparır. Lakin cinayətdən sonra anlayır ki, insan vicdanından asanlıqla qaça bilmir. Bununla belə, onun daxilində hər şey dərhal aydınlaşmır. Qorxu, günah hissi, qürur və öz nəzəriyyəsinə bağlılıq arasında ciddi bir çaxnaşma başlayır. O, bir tərəfdən nəzəriyyəsinin doğru olduğuna inanmaq istəyir, digər tərəfdən isə yaşadığı daxili böhran həmin nəzəriyyənin əsaslarını sarsıdır. Onu narahat edən yalnız cinayət törətməsi deyil, özünün düşündüyü kimi “qeyri-adi insan” ola bilməməsi ehtimalıdır. Bu baxımdan onun yadlaşması təkcə cəmiyyətdən uzaqlaşmaq deyil; o, öz yaratdığı ideya ilə insan təbiəti arasında parçalanır. Raskolnikovun mənəvi dönüşü də buna görə ani görünmür; onun qürurunun və nəzəriyyəsinə verdiyi haqqın tədricən sarsılması ilə formalaşır.

Meursault isə tamamilə başqa cür yadlaşır. O, cəmiyyətin gözlədiyi emosional davranışları nümayiş etdirmir, özünü həmin gözləntilərə uyğunlaşdırmır və insanları razı salmaq üçün gözlənilən hissləri göstərməyə çalışmır. Buna görə də cəmiyyət onu yalnız törətdiyi əmələ görə deyil, necə insan olduğuna görə də mühakimə edir. Lakin Meursaultu bu xüsusiyyətlərinə görə ideal və tamamilə haqlı bir obraz kimi qəbul etmək çətindir. Cəmiyyətin bəzi normalarının saxta olması bir insanın həyatına son verməyə haqq qazandırmır. Deməli, burada başqa bir sual da yaranır: insan cəmiyyətin müəyyən etdiyi mənaları rədd etdikdə, bu ona başqa bir insanın həyatına son vermək haqqı verirmi? Meursaultun cəmiyyətə uyğunlaşmaması ilə törətdiyi cinayətin məsuliyyəti eyni məsələ deyil. Məhz bu ziddiyyət onun obrazını daha mürəkkəb edir və azadlığın sərhədləri haqqında düşünməyə vadar edir.

Bu yadlaşma yalnız qəhrəmanların düşüncəsində deyil, onların yazıçı tərəfindən təqdim olunma tərzində də hiss olunur. Dostoyevski Raskolnikovun daxilindəki gərginliyi daha dəyişkən və ağır psixoloji vəziyyətlər vasitəsilə göstərir; onun qorxusu, qüruru, günah hissi və ziddiyyətləri daim hərəkətdədir. Kamüdə isə Meursault hadisələri daha sakit və birbaşa nəql edir, hisslərini uzun şəkildə izah etməkdən və öz psixoloji vəziyyətini təhlil etməkdən uzaq görünür. Beləliklə, qəhrəmanların yadlaşması yalnız əsərlərin mövzusunda deyil, onların yazılma tərzində də özünü göstərir.

Əsərlərdəki digər obrazlar da bu əsas fikrə xidmət etdikləri qədər əhəmiyyət qazanırlar. “Cinayət və cəza” romanında Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Onun qüruru və öz nəzəriyyəsinə bağlılığı davam edir; Sonya ilə münasibət isə bu dəyişimin tədricən formalaşmasına təsir göstərir. Porfiri Petroviçlə söhbətləri də Raskolnikovun öz düşüncələri ilə üzləşməsini dərinləşdirir. Buna görə bu obrazların əhəmiyyəti onları ayrıca izah etməkdə deyil, Raskolnikovun daxili mübarizəsini necə açmalarındadır.

“Yad” romanında isə prokuror və hakim Meursaultun cəmiyyətin gözündə necə bir insana çevrildiyini göstərirlər. Rahib onun qarşısına başqa bir mənəvi və metafizik mövqe gətirir. Bu baxımdan köməkçi obrazlar sadəcə hadisələri irəli aparmır; onlar baş qəhrəmanların qarşısına müxtəlif seçimlər və mənalar qoyurlar.

Hər iki romanda mühakimə məsələsi fərqli şəkildə ortaya çıxır. “Yad” romanında məhkəmə daha çox ictimai mühakiməyə çevrilir. Meursault törətdiyi qətldən əlavə, anasının dəfnində ağlamadığına və cəmiyyətin gözlədiyi hissləri nümayiş etdirmədiyinə görə də mühakimə olunur. Sanki burada onun cinayətindən başqa, cəmiyyətin qəbul etdiyi “normal insan” obrazına uyğun olub-olmaması da müzakirəyə çıxarılır.

“Cinayət və cəza”da isə qarşıdurma daha çox psixoloji müstəvidə gedir. Porfiri Petroviçin söhbətləri bunun mühüm hissəsidir. Buradakı “məhkəmə” hüquqi prosesdən daha çox Raskolnikovun öz daxilində yaşadığı mühakiməni xatırladır. Onun ən ağır cəzası yalnız hüquqi hökm deyil; qorxu, günah hissi, qürur və daxili parçalanmadır. Beləliklə, “Yad”da mühakimə daha çox cəmiyyətin qarşısında qurulursa, “Cinayət və cəza”da onun ağırlığı insanın daxilində hiss olunur.

Sonya ilə “Yad”dakı rahibin müqayisəsi də iki qəhrəmanın sonda gəldiyi nöqtəni daha aydın göstərir. Sonya Raskolnikova etiraf, əzabı qəbul etmək və imanla bağlı konkret bir mənəvi yol göstərir, lakin Raskolnikovun bu yola açılması tədricən baş verir. Raskolnikovun gəldiyi son nöqtəni yalnız cinayəti etiraf etməklə məhdudlaşdırmaq çətindir; burada özünü başqalarından üstün tutan düşüncədən uzaqlaşaraq mənəvi münasibət qurmağa başlama ehtimalı görünür.

Meursault isə rahibin təqdim etdiyi bu hazır mənanı qəbul etmir və onu öz vəziyyətinə verilmiş həqiqi cavab kimi görmür. O, ölüm qarşısında dünyanın cavabsızlığı ilə üz-üzə qalır. Beləliklə, hər iki qəhrəman sonda mənəvi və metafizik bir seçim qarşısında qalır, lakin onların gəldiyi nöqtə fərqlənir: Raskolnikov üçün bu qarşılaşma mənəvi dəyişməyə açılan bir imkan yaradırsa, Meursault üçün hazır mənanı qəbul etmədən öz vəziyyəti ilə üz-üzə qalmaq ön plana çıxır.

Meursaultun hazır mənaları qəbul etməməsi onun törətdiyi cinayətin məsuliyyətini aradan qaldırmır; onun vəziyyətində həm dünyanın cavabsızlığı ilə üzləşmək, həm də öz seçiminin nəticələrini daşımaq eyni anda mövcuddur.

Bu iki əsəri birlikdə oxuyarkən mənim üçün ən mühüm fərq onların eyni cinayət hadisəsindən tamamilə fərqli insan həqiqətlərinə çıxması oldu. Ayrı-ayrılıqda Raskolnikovu vicdan və günah, Meursaultu isə yadlaşma və absurdla əlaqələndirmək mümkündür. Lakin onları yanaşı oxuduqda məsələ yalnız bunlarla məhdudlaşmır. Birində insan ideyanın tələsində, digərində isə mənanın cavabsızlığında özünü itirir. Birində vicdanın səsi, digərində isə sükutun ağırlığı hökm sürür. Bu müqayisə mənə azadlığın yalnız seçim etməkdən ibarət olmadığını, seçimin məsuliyyətini də özü ilə gətirdiyini düşündürdü. Eyni zamanda, insanın öz həqiqətini axtarması başqa bir insanın həyatına toxunduğu anda daha ağır bir məsuliyyətə çevrilir. Bəlkə də bu iki əsəri birlikdə oxumağın mənə ən çox düşündürdüyü məsələ budur: insan cəmiyyətin verdiyi mənalardan uzaqlaşa, öz həqiqətini axtara bilər, amma öz seçiminin nəticələrindən tamamilə kənarda qala bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 18:03

Hərdənbir Kürdəmirdən də ötə gərək adam

ŞAİR ƏLƏKBƏR SALAHZADƏNİN ANIM GÜNÜNƏ

 

Coşqun Xəliloğlu,

Azərbaycan Yazıçılar Birlyinin üzvü.

“Ədəbiyyat və incəsənət”                     

                

Ələkbər Salahzadənin imzası ilə  çoxdan tanış olsam da, onun doğulub boya-başa çatdığım Kürdəmirə həsr etdiyi şeiri tələbə olarkən oxumuşdum. Bu şeir mənim duyğularımı qəribə bir ovqat üstə kökləmişdi. Əsərin ilk iki misrası yaddaşıma elə hopdu ki, illər keçsə də, həmin sətirləri heç zaman unuda bilmədim:

Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...

Bu şeiri oxuduqdan sonra şairə qarşı qəlbimə yaxın, doğma bir hiss yarandı və onu daha çox sevməyə başladım. Harada şeirlərinə rast gəlsəydim, sevə-sevə, böyük həvəslə oxuyurdum. "Bir də gördün" şeiri isə insanı tamamilə fərqli düşüncələrə aparırdı:

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.
        Bir də gördün oğuldu adam,

 Bir də gördün atadı.
        Bir də gördün yox oldu adam,

 Bir də gördün fotodu.
        Bir də gördün oddu adam,

 Bir də gördün ot oldu.
       Bir də gördün adamdı adam,

Bir də gördün ad oldu.

2003-cü ildə, heç zaman məndən xeyirxahlığını əsirgəməyən “Şirvannəşr”in direktoru, eyni zamanda “Cik-Cik” qəzetinin baş redaktoru, yazıçı Qəşəm İsabəyli hekayələrimi oxuyub bəyəndiyini bildirdi. Mənə yazılarımı “Ulduz” jurnalına təqdim etməyi məsləhət gördü: “Ələkbər Salahzadə obyektiv insandır, xoşuna gəlsə, dərc edəcək. Mən də ona deyərəm”, –  əlavə etdi.

Bir neçə gün sonra “Ulduz” jurnalının redaksiyasına getdim. Ələkbər müəllim məni kabinetində xoş təbəssümlə qarşıladı. Qəşəm müəllimin salamını yetirdim. Köhnə tanışlar kimi mənimlə səmimi söhbət etməyə başladı. Kürdəmirin Mollakənd kəndindən olduğumu biləndə maraqla soruşdu:
– Xəlil İbrahimovu tanıyırsan? Yazılarını oxumuşam, vaxtilə respublika mətbuatında fəal çıxış edərdi. Son zamanlar imzasına rast gəlmirəm.
– Atamdır, 1999-cu ildə rəhmətə gedib, – dedim.
– Allah rəhmət eləsin! – dedi.

Qeyd edim ki, atam əvvəllər SSRİ Jurnalistlər İttifaqının, sonra da Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı Mollakənd kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, metodist-müəllim  idi. 46 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, respublikanın demək olar ki, bütün mərkəzi qəzet və jurnallarında müxtəlif mövzularda, xüsusilə təhsil  sahəsinə aid maraqlı məqalələr, oçerklər, hekayə və felyetonlarla çıxış etmişdi.

Ələkbər müəllim “Muradqulunun dərsi” adlı hekayəmin əlyazmasını alıb, bir az göz gəzdirdi və “Qoy qalsın, baxacağam”, – dedi.

Təxminən 20-25 gün sonra Ələkbər müəllimə zəng elədim. Hal-əhval tutduqdan sonra hekayəmin taleyini soruşdum. Mehriban və sevincli bir səslə cavab verdi:
– Hekayən çıxıb, jurnalı hələ almamısan?
Şairə dərin təşəkkürümü bildirib dəstəyi asdım.

Bir müddət sonra yenidən iki hekayəmi redaksiyaya apardım. Ələkbər müəllimlə foyedə qarşlaşdıq. Məni görüb salamlaşdıqdan sonra, əlimdəki kağızlara işarə edərək “Ver bura”, – dedi və əlavə etdi:
– Yazı dilin yaxşıdır. Amma çalış, daha çox oxu. Həm Azərbaycan yazçılarının əsərlərini,  həm də dünya ədəbiyyatının nümunələrini mütaliə et.
Sonra isə Yazıçılar Birliyinin kassasını nəzərdə tutaraq gülümsədi: – Aşağı düşəndə qonorarını da alarsan, hər nədirsə...

Ə. Salahzadə “Ulduz” da  redaktor olduğu dövrdə bir neçə hekayəm “Coşqun İbrahimli” imzası ilə jurnalın səhifələrində işıq üzü gördü.  2004-cü ildə o, “Qobustan” jurnalına baş redaktor təyin olundu. “Tar” adlı hekayəmi və müasir Azərbaycan aşıq ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Aşıq Əhməd Rüstəmova həsr etdiyim “Cavan ürəkli aşıq” adlı məqaləmi “Qobustan” toplusunun səhifələrində görmək sevincini mənə yaşadan məhz Ələkbər müəllim oldu. Ələkbər müəllim əsl ziyalı, saf və təmiz əqidəli, milli ruhlu şəxsiyyət idi.

İşlərimlə əlaqədar adətən onun yanına gec-gec gedə bilirdim. Amma hər dəfə görüşəndə sanki ən doğma insanla qarşılaşırdım. Mən onu indi də tez-tez xatırlayır, dünyasını dəyişmiş mənə ən əziz, ən yaxın insanlardan biri hesab edirəm. Azərbaycan poeziyasının parlaq, sönməz, əbədi ulduzlarından olan Ə. Salahzadənin bənzərsiz yaradıcılığı və şəxsiyyəti haqqında çox yazılıb, şübhəsiz ki, bu gözəl missiya həmişə davam edəcək.

Sentyabrın 1-də  sadə, təvazökar, humanist, ədalətli insanın, böyük söz ustasının anım günüdür. Mən də bu münasibətlə həmin əziz xatirələri vərəqləyərək  kiçik yazını qələmə alıb sizə təqdim etmək istədim. Ürək sözlərimi doğma vətənin tərənnümünə həsr olunmuş, hər misrasından sehr, qəribə bir doğmalıq və şirinlik süzülən şeirin tam mətnini mənə göndərən, şairin tədqiqatçısı və  yaxın dostu olmuş, tənqidçi-ədəbiyyatşünas Zakir Məmmədə dərin təşəkkürümü bildirməklə,  “Kürdəmir” şeiri ilə tamamlamaq istəyirəm:

Hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
hərdən adamdan...
Yara-yara adamı
İstisi gərək keçə.
Şərabının
başına vurub çıxan
tüstüsü gərək keçə.
Şitdənmiş yemişi,
şoran bircə qarışı,
duzu yuyulmuş torpaqları gərək keçə.
Kirpiyində od götürən
nar bağları gərək keçə.
Qatarların vaxtlı-vaxtsız
reysləri gərək keçə.
Fit səsləri altında
ekvator-relsləri gərək keçə.
Bir qocanın
“Hophop” şeiri kimi tünd sözləri,
Uşaqların
qatarlara baxmaqdan
iri-iri gözləri gərək keçə.
Yazbaşları
İşlənib-sökülmüş yol – palçığıyla,
aranıb-daranmış çol – paklığıyla gərək keçə.
Hər şey, hər şey
çılpağlığıyla gərək keçə.
Nəğməsindən gərək keçəsən
Ağacında quşun da.
Bu yurd hər bir yerindən
Gərək qala huşunda!
hərdənbir
Kürdəmirdən də ötə gərək adam,
Kürdəmir də gərək keçə
Hərdən adamdan!...

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 16:06

“Biri ikisində” bu dəfə ədəbi tənqidlə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 Vaqif  YUSİFLİ

ƏDƏBİ   FRAQMENTLƏR

ŞƏHİDLƏR - QƏHRƏMANLAR

 

         Şəhid insan…

         Şəhid şəhər…

         Şəhidlər qəbristanı…

         Şəhid ruhlar…

 

Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son otuz altı ildə belə çox işlənən sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. “Şəhid ailəsi”, “şəhid anası”, “şəhid atası”, “şəhid məzarı” -yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır.  Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.

Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır.  Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olub... “Hədiqətüs-süəda” əsərində o, əski çağlardan geniş yayılan Kərbəla vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir etmişdir.  Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olmuşdur. Xüsusilə, qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə  şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur:

                   

Qəhrəmanlıq nə yalnız

 bir yüksəliş deməkdir.

 Nə də yıldızlar kibi

parlayıb sönməməkdir.

          Sızlarsa da könüllər

          Şəhidlərin yasından,

          Qoşar adım getməli

          onların arxasından.

          Qəhrəmanlıq-içərək

          acı ölüm tasından,

          irəliyə atılmaq və

          sonra dönməməkdir!

                     (Nihal Atsız)

 

Burada Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasını xatırlamamaq mümkün deyil. O da şəhidliyi qəhrəmanlıq kimi vəsf edir:

                     

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər.

 

Şair-publisist  Güləmail Murad həm şeirləri, həm də publisistik məqalələri ilə (bu yazıların əksəriyyəti kitab halına gətirilib) şəhidlik və qəhrəmanlıq  mövzusuna ardıcıl şəkildə müraciət edir, hətta deyərdim ki, Azərbaycanda heç bir yazıçı həmin mövzuda bu qədər kitab çap etdirməyib. Əlbəttə, söhbət saydan, kəmiyyətdən getmir, söhbət ondan gedir ki, Güləmail xanım bu mövzuya  öz vətəndaşlıq borcu və səlahiyyəti kimi  yanaşır. Akademik Nizami Cəfərov yazır: “Güləmail Murad  özünün vətənpərvərlik ruhlu  kitabları ilə respublikamızda tanınır və sevilir. Onu tez-tez  bölgələrə dəvət eləyir, onunla şəhid ailələri və qazilərin, eləcə də məktəblilərin görüşlərini keçirirlər”. Güləmail Muradın  kitablarının adlarına baxın: “Qarabağ harayı”, “Vətən uğrunda”, “Döyüş yolları”,  “Beş ulduz”, “Bir damla yaş”, “Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”, “Tovuz döyüşləri”, “Aprel döyüşləri” (trilogiya), “Günnüt zəfəri”, “Zəfərnamə”, “Qəhrəmanlıq yüksəkliyi”,  ““Akula” ləqəbli kəşfiyyatçı”, “Cənnətim Şuşa”.

Əlbəttə, bu kitabların hər biri  haqqında ayrıca söhbət açmaq olar, amma onun lap bu yaxınlarda çapdan çıxmış  “Qan yaddaşımızdan” kitabından söhbət açmaq istəyirəm. Çünki bu kitabda da o, şəhidlik və qəhrəmanlıq mövzusunu davam etdirir:

                 

Hünər səndə, qeyrət səndə,

Sən ey qəhrəman şəhidim!

Bir yenilməz qüvvət səndə,

Sən ey qəhrəman şəhidim!

 

Açıb şahin qanadını

 Tarixə yazdın adını.

  Dünya gördü inadını,

  Sən ey qəhrəman şəhidim!

 

          Unudarmı dövran səni,

          Qoca, uşaq, cavan səni,

          Anam Azərbaycan səni?!

          Sən ey qəhrəman şəhidim!

 

Bu şeirdə Güləmail Murad  şəhidliklə qəhrəmanlığı vəhdətdə düşünür. Bütün kitab boyu bu vəhdətə əməl olunur. Kitabda Azərbaycanın Milli Qəhrəmanı, mayor  Samid Gülağa oğlu İmanovun  və gizir Elmidar  Səlimxan oğlu Səfərovun qəhrəmanlıq və şəhidlik yolları vəsf olunur. Bəlkə də, buna vəsf, tərənnüm demək olmaz, çünki onların şəhidliyi ağrı, kədərlə də yad edilir.

  Güləmail Murad Samid İmanovun keçdiyi ömür yoluna nəzər salır, onun uşaqlığından, ilk gəncliyindən ta şəhidliyinə qədər hər bir ili, ayı izləyir, mükəmməl obrazını yaradır. Bu ömür yolunda başlıca xətt – əsas istiqamət isə Samidin hərbçi həyatıdır. Müqayisə aparmaq lap yerinə düşər – bu yol iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun keçdiyi yolu xatırladır.

Samid İmanov  Heydər Əliyev adına Ali Hərbi Məktəbi  bitirib, ardınca Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurub. Bundan sonra isə hərbi hissələrdə müxtəlif vəzifələr, pillə-pilə yüksəlişlər, bu müddət ərzində qüsursuz xidmətinə görə aldığı medallar, tərifnamələr... Amma Samid İmanovun  bir insan, bir vətəndaş, bir qəhrəman kimi obrazını daha mükəmməl şəkildə ifadə etmək üçün müəllif onu yaxından tanıyan döyüş yoldaşlarına və ailə üzvlərinə müraciət edir. Qardaşı Sadiq, anası Xuraman, atası Gülağa, bacıları Gülbəniz və Aybəniz, döyüş yoldaşları Elşad Rüstəmov (polkovnik-leytenant), Anar Mahmudov, Kamal Hacızadə, İlkin Bayramov, Tahir Ağayev, Pərvin Əliyev ondan söz açırlar. Gözlərimiz qarşısında Samid İmanov canlı bir insan kimi görünür… Polkovnik-leytenant Nizami Əliyev deyir: “Onun şəxsi keyfiyyətləri: yüksək səviyyədə bir zabit idi, ailəsinə bağlı insan idi. Yəni zabitə-xüsusi təyinatlıya  xas olan bütün xüsusiyyətlər onda var idi. Çox savadlı bir zabit idi”.

Qardaşı Sadiqin dediklərindən: “Bəzən tək olanda sənin məzarına gəlirəm. O səssiz daşın yanında  oturub ürəyimdə, illərdir, içimdə yığılıb qalan  bütün sözləri  bir-bir sənə deyirəm. Mən danışdıqca,  içim boşalır, amma sən susursan. Bil ki, sən bizim üçün, sadəcə,  bir tarix deyilsən. Sən hər gün xatırladığımız, darıxdığımız bir insansan”.

Son günləri: əsgərlər aralanan kimi,  ermənilərə əsir düşməmək üçün Samid çox çətinliklə yerini dəyişir. Mərmilər qurtardığı üçün  əlində qumbara saxlayır. Əsgərlər səhərə qədər onu axtarırlar. Əvvəlcə, Samidin papağını, sonra isə əlində qumbara,  üzüstə uzanmış halda nəşini tapırlar. Samdi qaldırarkən görürlər ki, qanı ilə böyük hərflərlə  “Ana Vətən!” ifadəsini yazıb. Şəhidliklə böyük qəhrəmanlıq birləşir...

Güləmail Murad “Qan yaddaşımızdan” kitabında daha bir şəhid qəhrəmandan – Elmidar Səfərovdan da söz açır. Onun da  hərbiyə olan marağı yüksək vətən  sevgisiylə vəhdətdə olub. O da bir döyüşçü kimi hünər və qəhrəmanlıq yollarını keçib. Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə  qəhrəmancasına vuruşub. Amma yaralı yoldaşlarını döyüş meydanından çıxararkən  düşmən gülləsi ondan yan keçməyib. 24 yaşı vardı. “Hərbi xidmətdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. Neftçala rayonundakı  Şəhidlər Xiyabanında  onu hər gün yad edirlər.

Güləmail Murad çox həssas şairdir - hər hansı bir hadisədən bəhs edərkən öz kövrək duyğularını gizlədə bilmir. Hər iki şəhiddən söz açarkən  onların analarını da yad edir:  “Ananın fəryadına nə dağlar, nə dərələr cavab tapa bilirdi… Lal-kar dağlar od püskürür, sanki deyirdi: “Ana, dərdin mənə gəlməsin. Dərdin mənə gəlsə, Yer məhvərindən oynayar... Bu dərdi çəkə bilməz””...

  

Dərdini döndər gülə,

          Şəhid məzarın bəzəsin.

          Dərdini  döndər yelə,

          Xoş bir soraq gətirsin.

          Qələbə müjdəsi  yetirsin       

          Şəhid ruhuna!

          Şəhid anası,

          dərdini dağa döndərmə,

          Çəkə bilməz…

          Şəhid edərsən dağları,

          Şəhid anası!

 

Kitabda Elmidarın anası  Əminə xanımın  nəvəsiylə şəkli yer alıb: “Nəvəmə Elmidarın adını qoymuşam. İndi Elmidarın qoxusunu ondan alıram”.

Güləmail Muradın “Qan yaddaşımızdan” kitabı bir sənədli romandır desəm, yanılmaram. Bu onun  Şəhidlik və Qəhrəmanlıq haqqında silsilə kitablarınının hələlik sonuncusudur. Amma sonuncu olmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 16:32

O, 10-dan çox qədim musiqi alətimizi bərpa edib

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qərbi Azərbaycandan olan mədəniyyət xadimlərimizin Azərbaycan mədəniyyətinin inkişafında danılmaz əməkləri olub. Belə xadimlərdən biri də Azərbaycan Respublikasının Xalq Artisti Məcnun Kərimov olub, bu gün mərhum sənətkarın dünyaya gəlişi günüdür.

 

Məcnun Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.

Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilən, dövrümüzə gəlib çatmayan, unudulan qədim musiqi alətlərinin öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.

1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.

 "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.

 

Məqalələri

1. "Musiqi dünyası" jurnalı — Azərbaycanın qədim musiqi alətləri

2. "Musiqi dünyası" jurnalı — Tənbur və onun müxtəlif növləri

3. "Musiqi dünyası" jurnalı — Azərbaycan qədim simli alətləri: səntur

4. "Musiqi dünyası" jurnalı — Muğam ifaçılığı sənətində xanəndə və sazəndə dəstələrinin rolu (Fuad Əzimli ilə birgə)

 

Filmoqrafiya

- Udun nağılı

- Sübhün səfiri

 

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Kərimov 2013-cü il oktyabr ayının 2-də 68 yaşında dünyasını dəyişib. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 17:40

İrəvan Dram Teatrının yükünü çiyinlərində daşıyan adam

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aktyor kimi 180-nə yaxın tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Onun Balaş ("Sevil", Cəfər Cabbarlı), Əsgər bəy ("Arşın mal alan", Üzeyir Hacıbəyov), Florella ("Axırı xeyir olsun", Uilyam Şekspir), Fikrət ("İkinci səs", Bəxtiyar Vahabzadə), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Bəhram ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Musa kişi ("Toy", Sabit Rəhman), Volodya ("Tribunal", A. Makayonok), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Ata ("Qum üstündə ev", Rüstəm İbrahimbəyov), Kərəm dayı ("Unuda bilmirəm", İlyas Əfəndiyev) kimi obrazları tamaşaçı alqışlarını qazanıb.

 

Vidadi Əliyev barədə danışıram. O, Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988–2000-ci illərdə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub.

"Bayquş gələndə"də Kamil, "Küçələrə su səpmişəm" filmində Əziz, "Sarı gəlin"də ata obrazlarını yaradıb. Rejissor kimi böyük bir neçə tamaşaya quruluş verib: "Tribunal" (A. Makayonok), "Əkizlər" (P. Paçev), "Qısqanc ürəklər" (M. Haqverdiyev), "Təklif" (A. P. Çexov), "Oğru" (M. Birkiyev) və s. 1988-ci ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı dönəmi başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə, əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən Əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.

 

"1400 dəfədən çox oynanılan tamaşa"

Moskva şəhərində Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili aldıqdan sonra, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. "Mənim qayınanam" (G. Xuqayev) (bu tamaşa 1400 dəfədən çox oynanılıb), "3 kişi, 1 qız, 1 gecə" (T. Saakov), "Nəsrəddin" (Y. Əzimzadə, 1980), "Məhəbbət yaşayır hələ" (Hidayət, 1980) kimi tamaşalara verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verirdi.

İşində əsas gücü aktyor ifasına verən V. Əliyev, maraqlı və təkrarolunmaz yozumları ilə böyük rəğbət qazanan tamaşalar yaradırdı. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər və realistcəsinə poetik ifadələr verilir. Rejissor Nəsir Sadıqzadənin tələbəsi V. Əliyev ondan səhnə üçün mühüm olan ifa səmimiyyətinin əldə olunmasının sirrini öyrənib. Səhnə sadəliyinə, məkan genişliyinə üstünlük verən rejissor V. Əliyev, novatorluq axtarışlarını cəsarətlə səhnəyə gətirib

 

"Aktyorsuz, binasız qazanılan uğurlar…"

Simvolizmə böyük üstünlük verən rejissor, qurduğu tamaşaların simvolik obrazı kimi hansısa ifadə vasitələrindən (dekordan, musiqidən) istifadə edib, onu obraz kimi təqdim edib.Onun böyük uğuru kimi səhnə dilinin sadələşdirilməsi, adiləşdirilməsi uğrunda atdığı addımları qeyd etmək lazımdır. Səhnədə başqalaşmanı psixoloji çalarlarla, inandırıcılıqla gerçəkləşdirməyi aktyora təlqin edən rejissor, adi danışığı ciddi təkidlə tələb edib.

Onun quruluşlarında aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb sadə, səmimi və inandırıcı şəkildə ifa sərgiləyib. Bu cəhətlərinə görə onun quruluşları uğurlu alınıb. Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988–2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görən Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların gətirilməsi sahəsində ciddi cəhdlə çalışıb.

Öncə Mar Bayciyevin "Ər və arvad", Georgi Xuqayevin "Mənim qayınanam", Panço Pançevin "Əkizlərin nağılı", Yusif Əzimzadənin "Nəsrəddin" əsərləri əsasında qurulmuş tamaşaları bərpa edən rejissor, teatrın məhdud aktyor heyəti olmasını (teatra cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın heç bir texniki bazasının olmamasını nəzərə alaraq, səyyar göstəriyə yararlı və az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalıb. Onu da demək lazımdır ki, bu gün də, respublika teatrları içərisində ən az ştatı olan teatr məhz İrəvan teatrıdır.

 

Təbrizi titrədən yozum

Bütün bu çətinliklərə baxmayaraq, Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışıb. Rejissor dönəm üçün müasir olan Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" pyesinə quruluş verib. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, dini, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işlənib.

Rejissor şəhidlərimiz olan İlqarla Larisanın arzularını, milli-mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orijinal yozumla təqdim edib. Vidadi Əliyev bu obrazların psixoloji durumlarını, yaşantılarını çevik, sadə mizanlarla çatdırıb. Mərdan və Sənəm obrazlarının çalarları, koloritliyi ustalıqla işləndi və tamaşanın ümumi kompozisiyası ilə uyğunlaşdırılıb. Onun yozumunda dövrün ziddiyyətlərinin bədii inikası qabarıq duyulur.

Bir tərəfdə dininə, milli dəyərlərə qayıtmaq, hürr yaşamaq istəyən xalq, bir tərəfdə isə bu xalqı əsarətdə saxlayan imperiya və onun cəza mexanizmini hərəkətə gətirən məmurlar, əsgərlər. Bütün tamaşa boyu bu ziddiyyət inkişaf etdirilib və toqquşma anı yüksək bədiiliklə çatdırılıb. Əli silahlı əsgərlər günahsız insanları öldürüb, növbə anaya çatanda, o, oğlu İlqarın köksündə qana bulaşmış Quranı qoparıb onu hədəfə alan əsgərin üzünə tutub.

Epizod xalqın iradəsinin, inancının qələbəsi simvoluna çevrilib. Bu olaylardan keçən hər bir obrazın mənəvi xüsusiyyətləri aydın şəkildə göstərilir. Azadlıq savaşı hər bir qəhrəmanın taleyindən keçib. Kiminin şəhidlik zirvəsinə ucalmasına, kiminin azad yaşamasına, kiminin əbədi cəhənnəm odunda qovrulmasına gətirib çıxarıb.

 

Filmoqrafiya

- Ailə  — İsmayılın qohumu

- Bayquş gələndə... (film, 1978)

- Bəsdir, ağlama! (film, 1999)

- Bulağıstan (film, 2009)

- Cavid ömrü (film, 2007)

- Dayanacaq (film, 2009)

- Doğma sahillər (film, 1989)

 

Teatr fəaliyyəti

Rejissor kimi

 

- "Ər və Arvad" (Mar Bayciyev. 1980)

- "Mənim qayınanam" (Georgi Xuqayev. 1980)

- "Əkizlərin nağılı" (Panço Pançev. 1980)

- "Nəsrəddin" (Yusif Əzimzadə. 1991)

- "Allah onlara rəhmət eləsin" (Süleyman Rəşidi. 1993)

- "Dəli Domrul" (Aydın Haqqarar. 1994)

- "Madam Badam" (Vidadi Əliyev. 1994)

- "Abbasqulu bəy Şadlınski" (İnqilab Vəlizadə. 1996)

 

Aktyor kimi

- Balaş («Sevil» Cəfər Cabbarlı)

- Yaşar («Yaşar» Cəfər Cabbarlı)

- Bəhram («Solğun çiçəklər» Cəfər Cabbarlı)

- Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah»,Mirzə Fətəli Axundzadə)

- Xan («Lənkəran xanının vəziri», Mirzə Fətəli Axundzadə)

- Areluizi («İki ağanın bir nökəri», Karlo Haldoni)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 31 iyul 2019

- "Teatr Xadimi" qızıl medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 2007

- "Tərəqqi" medalı — 25 iyun 2013

- "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

Çərşənbə axşamı, 01 Sentyabr 2026 15:33

Hərbi Dəniz Qüvvələrinin Komandanı, həm də şair

QAZAX YURDUNDAN DƏNİZ ÜFÜQLƏRİNƏ: SAZ NƏFƏSİ İLƏ MÜASİR DÜŞÜNCƏNİN QOVŞAĞINDA

 

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

“Ədəbiyyat və incəsənət”

           

 

Əyilmə düşmənə, məğrur dayan sən,
Ulu bir millətin ümid yerisən.

 

Sübhan Kamal oğlu Bəkirov Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. Ali hərbi-mühəndislik təhsili almış, ömrünün böyük bir hissəsini hərbi xidmətə həsr etmişdir. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında, Uzaq Şərqdə hərbi xidmət keçmiş, 1985–1993-cü illərdə Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının gəmi təmiri zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü ildən Azərbaycanda hərbi gəmi təmiri sahəsində fəaliyyətini davam etdirmiş, sonrakı illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir.

 

2014-cü ildə hərbi gəmi təmiri zavodunun baş mühəndisi – rəis müavini, daha sonra isə zavod rəisi və hərbi hissə komandiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ildən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının maddi-texniki təminat üzrə müavini və Maddi-Texniki Təminat Şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

Sübhan Bəkirovun hərbi xidmət yolu dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2017-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2020-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, həmin il Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunmuşdur. Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının Qubadlı istiqamətində apardığı döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2023-cü ildə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 2024-cü ildə ona vitse-admiral ali hərbi rütbəsi verilmiş və həmin il hərbi xidmətdən ehtiyata buraxılmışdır.

 

Saz nəfəsi ilə müasir düşüncənin qovşağı

 

Sübhan Bəkirovun həyat yolunun digər mühüm istiqamətini poeziya təşkil edir. Qazaxın zəngin saz-söz mühitində dünyaya göz açan müəllifin poetik dünyasında doğma yurda, Vətənə və insan mənəviyyatına bağlılıq aparıcı xəttdir. Onun şeirlərində Qazax yalnız coğrafi məkan kimi deyil, yaddaşın, uşaqlığın, mənəvi köklərin və yurd duyğusunun daşıyıcısı kimi görünür. Yurd, ocaq, doğma torpaq və el anlayışları müəllifin poetik düşüncəsində bir-birini tamamlayan mənəvi dəyərlər kimi çıxış edir.

Sübhan Kamaloğlunun poeziyasında daxili hisslərin, duyğuların və şəxsi yaşantıların tərənnümü də mühüm yer tutur. Sevgi mövzusuna müraciət edərkən müəllif yalnız hisslərin zahiri ifadəsi ilə kifayətlənmir, məhəbbətin insan ruhunda yaratdığı dəyişikliklərə, zaman və ömürlə münasibətinə fəlsəfi prizmadan yanaşır. Onun sevgi şeirlərində duyğu ilə düşüncə, hiss ilə həyat təcrübəsi bir-birinə qovuşur.

Şairin poetik dünyasının özünəməxsus istiqamətlərindən biri də dəniz və səma obrazlarıdır. Uzun illər dənizçilik və hərbi-dənizçilik mühitində keçən həyat onun poeziyasına dənizin sonsuzluğunu, səmanın sirrini, fırtınanın təlatümünü və insanın bu sonsuzluq qarşısındakı daxili dünyasını gətirmişdir. Dəniz onun şeirlərində yalnız təbiət mənzərəsi deyil, həm də insan ömrünün, taleyin və bilinməyənlərin fəlsəfi simvoluna çevrilir. Səma isə sonsuzluq, axtarış və sirr duyğusunu tamamlayır.

Bununla yanaşı, Sübhan Kamaloğlunun poeziyasının ana xəttlərindən biri saz ruhudur. Qazaxın aşıq mühitində formalaşan poetik duyum onun şeirlərinin ahəngində, ifadə tərzində, el-obaya və doğma yurda münasibətində özünü göstərir. Bu baxımdan onun yaradıcılığında müasir həyat təcrübəsi ilə Qazaxın qədim saz-söz ənənəsinin ruhu bir araya gəlir. Şeirlərindəki bu saz nəfəsi onları yalnız fərdi duyğuların ifadəsi deyil, həm də milli poetik yaddaşla bağlı mətnlər kimi səciyyələndirməyə imkan verir.

Onun şeirləri musiqi sənətində də öz əks-sədasını tapmışdır. Tanınmış aşıq Zülfiyyə İbadova onun “Qazaxdanam” şeirinə musiqi bəstələmiş və həmin əsəri ifa etmişdir.

 

Dostuma söyləyim öz ünvanımı,

Zirvəsi qartallı bir dağdanam mən.

Bülbülün cəh-cəhi göyə yüksələn,

Laləli, nərgizli bir dağdanam mən.

 

Vaqifin heykəli dayanıb harda,

Gözümü dünyaya açmışam orda.

Şair ilhamlıdır çobanları da,

Şeiriyyət nəfəsli torpaqdanam mən.

 

Şair qəlbinin döyüntüləri yurd-yuva, vətən həsrətidir. Onun doğulduğu ana torpağa Qazağa bağlılığı da şeirlərinin ana xəttini ifadə edir.  

Bu fakt şairin poetik mətnlərinin musiqi duyumu və aşıq ifaçılığı üçün əlverişli poetik quruluşa malik olduğunu göstərir. Onun sözü qələm səhifəsindən sazın və səsin müşayiəti ilə dinləyiciyə çataraq daha geniş auditoriya qazanmışdır.

Sübhan Kamaloğlunun ilk şeir kitabı “Səni axtarıram” 2007-ci ildə nəşr olunmuşdur. Sonrakı illərdə “Sevgisiz ömür” (2009), “Dənizçi ömrü” (2015), “Ömrün payızı” (2019) və “Zəfər dolu fırtına” (2022) kitabları işıq üzü görmüşdür. Bu adların özündə belə müəllifin yaradıcılıq dünyasının əsas istiqamətlərini izləmək mümkündür: sevgi və axtarış, ömür və zaman, dənizçi taleyi, həyatın payız çağı, Vətən müharibəsi və nəhayət Zəfər zəngi.

Bu əsərləri bir arada nəzərdən keçirdikdə Sübhan Bəkirovun poeziyasında hərbçi ömrü ilə şair duyğusunun, Qazax yurdu ilə dəniz üfüqlərinin, saz nəfəsi ilə müasir həyat düşüncəsinin özünəməxsus şəkildə qovuşduğu görünür. Onun şeirlərində bir tərəfdən doğma yurdun isti nəfəsi, digər tərəfdən dənizin və səmanın sonsuzluğu duyulur. Bu iki fərqli məkanın – yurdun və dənizin – poetik yaddaşda qovuşması müəllifin yaradıcılığına fərdi və seçilən bir ruh verir.

Sübhan Kamaloğlunun yaradıcılığını bir neçə istiqamətdə təhlil etmək mümkündür. Onun poeziyasında qoşma, gəraylı və təcnis kimi aşıq şeir şəkilləri ilə yanaşı, təmsil və qəzəl janrına da müraciət edilir. Şairin yaradıcılıq imkanları yalnız ayrı-ayrı şeir nümunələri ilə məhdudlaşmır; onun poemaları da vardır. Bu müxtəliflik Sübhan Kamaloğlunun həm klassik və aşıq poeziyası ənənələrinə bağlılığını, həm də fərdi poetik dünyasını formalaşdırmaq cəhdini göstərir.

Şairin poeziyasında aparıcı mövzulardan biri Vətən və yurd sevgisidir. Hərbçi həyatı onun bu mövzuya münasibətini daha da dərinləşdirmiş, Vətən anlayışını yalnız poetik bir obraz deyil, həyatının mənası və məsuliyyəti kimi qavramasına səbəb olmuşdur. Bu baxımdan onun şeirlərində Vətən sevgisi həm duyğu, həm düşüncə, həm də vətəndaşlıq mövqeyi səviyyəsində ifadə olunur.  

Onun poetik düşüncəsində Azərbaycan yalnız coğrafi məkan deyil, insanın mənəvi varlığını müəyyənləşdirən müqəddəs bir yurddur. Vətənə bağlılıq, torpaq həsrəti, Qarabağ ağrısı, işğalın doğurduğu nisgil, parçalanmış yurdun taleyi onun şeirlərində fərdi duyğudan ümummilli düşüncəyə doğru genişlənir. Şairin “Azərbaycanım” şeirində də bu hisslər emosional və vətəndaşlıq pafosu ilə ifadə olunur:

 

Hər yanın al-əlvan, bağçadır, bağdır,
Mənim ana yurdum, Azərbaycanım!
Mən doğma balanam, sənin qoynunda
İsti yuva qurdum, Azərbaycanım!

 

Bu misralarda “ana yurd”, “doğma balanam”, “isti yuva” kimi ifadələr Vətən anlayışını insanın doğmalıq və mənəvi sığınacaq duyğusu ilə bağlayır. Şair Azərbaycanı sevən övladın dilindən danışır və Vətənlə insan arasındakı münasibəti doğma ana ilə övlad münasibəti səviyyəsinə yüksəldir. Bunun ardınca gələn “Nə qədər bölündün, parçalandın sən” misrası isə şəxsi sevincdən milli ağrıya keçidi təmin edir.

Şeirin sonrakı bəndlərində tarixi yaddaş və milli müqavimət motivləri ön plana keçir. “Qara günlər”, “min dərd”, “alınmaz qalalar” kimi obrazlar xalqın keçdiyi mürəkkəb tarixi mərhələləri xatırladır. Lakin şairin mövqeyi yalnız keçmişin ağrısını ifadə etməklə bitmir. Şeir nikbin və mübariz ruhda tamamlanır:

 

Əyilmə düşmənə, məğrur dayan sən,
Ulu bir millətin ümid yerisən.

 

Vətən mövzusu şeirdə həsrət, ağrı, qürur və ümid xətti üzrə inkişaf edir. Şairin Azərbaycan obrazı qarşısında qoyduğu əsas tələb isə əyilməmək, məğrur dayanmaq və gələcəyə inamı qorumaqdır. Bu baxımdan onun Vətən şeirləri təkcə duyğusal xarakter daşımır, həm də milli yaddaşı və vətəndaşlıq mövqeyini ifadə edir.

Sübhan Kamaloğlunun yaradıcılığında saz və aşıq sənəti xüsusi yer tutur. Saz onun üçün sadəcə musiqi aləti deyil, Qazaxın və bütövlükdə Azərbaycan aşıq mədəniyyətinin mənəvi simvollarından biridir. Sazın səsi şairin poetik dünyasında uşaqlıq xatirələrini, doğma yurdun mənzərələrini, aşıq sənətinin böyük ustadlarını və insanın daxili dünyasını bir araya gətirir. Sübhan Kamaloğlu üçün sazın nəfəsində vətən sevgisi duyulur.

Bu baxımdan onun böyük saz ustadı, azman sənətkar Ədalət Nəsibova həsr etdiyi şeir xüsusilə səciyyəvidir. Şeirdə Ədalət Nəsibovun ifaçılıq məharəti ilə Sübhanın saz qarşısında keçirdiyi mənəvi həyəcan bir-birinə qovuşur. “Körpəlikdən o tellərə vurğunam” misrası göstərir ki, saz sevgisi şair üçün sonradan yaranmış maraq deyil, uşaqlıqdan formalaşan mənəvi bağlılıqdır:

 

Körpəlikdən o tellərə vurğunam,
Kərəmin işləyib qana, Ədalət,
Zalım oğlu, bilirsən ki, dolğunam,
Niyə qəsd edirsən cana, Ədalət?

 

Burada sazın telləri ilə insanın ürək telləri arasında poetik paralel yaradılır. Ədalətin sazı çalması şairin daxili aləmini hərəkətə gətirir, keçmişi və doğma yurdu onun yaddaşında yenidən canlandırır. Xüsusilə “Dilqəmi” havasının adı çəkilməsi təsadüfi deyil. “Dilqəmi”nin yaratdığı kövrək ovqat şairin Qazaxla bağlı xatirələrini oyadır:

 

Çalma “Dilqəmi”ni, ürəyim yanır,
Dərdim bülənd olub, ərşə dayanır.
Xəyalım Qazaxda çox yer dolanır,
Qocalmışam yana-yana, Ədalət.

 

Bu bənddə saz musiqisi yaddaşın və yurd həsrətinin daşıyıcısına çevrilir. “Xəyalım Qazaxda çox yer dolanır” misrası xüsusilə diqqətçəkəndir. Burada Qazax artıq yalnız doğulub boya-başa çatılan məkan deyil, insanın bütün ömrü boyu öz içində yaşatdığı mənəvi coğrafiyadır.

Şair Ədalət Nəsibovun ifasını təbiət obrazları ilə də əlaqələndirir:

 

Sən çalanda hər yan ətir qoxuyur,
Qaqqıldaşıb durnalar da oxuyur.
O barmaqlar görün nələr toxuyur,
Heyranam bu ada, sana, Ədalət.

 

Bu misralarda saz ifasının təsir gücü sinestezik bir poetik təsvirlə verilir: səs eşidilir, lakin həmin səs “ətir” yaradır, durnaların səsinə çevrilir, sanki barmaqlar musiqini toxuyur. Beləliklə, sazın səsi yalnız eşidilən musiqi kimi deyil, bütün duyğuları hərəkətə gətirən estetik hadisə kimi təqdim olunur.

Şeirin son bəndlərində isə sazın təsiri daha da böyüdülərək fərdi duyğudan ümumxalq duyğusuna yüksəldilir. “Obanı yandırdı, eli yandırdı” ifadəsi Ədalətin sazının yaratdığı emosional təsirin miqyasını göstərir. Burada “yanmaq” sözü həm musiqinin insan qəlbinə təsirini, həm də şairin daxili ağrısını ifadə edən çoxmənalı poetik obraz kimi çıxış edir.

Ümumilikdə, Sübhan Kamaloğlunun poeziyasında Vətən, Qazax, saz, insan və yaddaş bir-birindən ayrı mövzular kimi deyil, vahid mənəvi sistem daxilində təqdim olunur. Onun şeirlərində Qazaxın saz nəfəsi keçmişlə bu günü əlaqələndirir, Vətən sevgisi milli yaddaşla qovuşur, insanın şəxsi duyğuları isə ümumxalq hisslərinin ifadəsinə çevrilir.

Sübhan Kamaloğlunun poeziyası bu mənada onun həyat yolunun da mənəvi davamıdır. Vətəni qoruyan hərbçi, sözü ilə Vətənə, yurda, insana və mənəvi dəyərlərə xidmət edən şair kimi o, öz yaradıcılıq dünyasını formalaşdırmışdır. Onun şeirlərində Qazaxın saz nəfəsi, Vətənin müqəddəsliyi, sevginin daxili fəlsəfəsi, dənizin sirli sonsuzluğu və insan qəlbinin müxtəlif duyğuları vahid poetik məcrada birləşir. Bu poeziyanın əsas gücü də məhz ondadır: şair şəxsi duyğusunu ümummilli yaddaşla, doğma yurdun səsini isə insan qəlbinin səsi ilə birləşdirə bilir.

Sübhan Kamaloğlunun yaradıcılığında ana obrazı da xüsusi emosional yük daşıyır. Şairin “Elə darıxmışam sənincün, Ana” şeiri ilk baxışda ana həsrətini ifadə etsə də, əsərin poetik qatlarına diqqət yetirdikdə burada fərdi nisgildən daha geniş bir yurd, uşaqlıq və keçmiş həsrətinin ifadə olunduğu görünür. Şeirdə ana obrazı şairin yaddaşında doğma evin, uşaqlığın, ailə ocağının və mənəvi sığınacağın simvoluna çevrilməklə yanaşı həm də ana həsrətindən yurd həsrətinə bir keçiddir.

Şairin “Sanki tək qalmışam, tənha adada” misrası ayrılığın yaratdığı tənhalığı ifadə edir. Lakin bu tənhalıq yalnız fiziki ayrılıqdan doğmur. Burada insanın öz köklərindən, doğma mühitindən uzaq düşməsi ilə yaranan mənəvi boşluq da hiss olunur. Şairin “Özüm Bakıdayam, ruhum Qazaxda” etirafı isə bu hissin ən yığcam və təsirli ifadəsidir. İnsan fiziki olaraq başqa məkanda yaşasa da, onun mənəvi dünyası doğulduğu və böyüdüyü yurda bağlı qalır. Bu baxımdan Qazax şair üçün sadəcə coğrafi məkan deyil, ruhun ünvanıdır.

Şeirdə ana ilə bağlı xatirələr zaman keçdikcə daha da qiymətli görünür. “Həyətdə əkdiyin güllərin üçün, arxamca su səpən əllərin üçün” misralarında isə ana obrazı gündəlik həyatın sadə, lakin unudulmaz detallarında canlandırılır. Şair böyük və pafoslu ifadələrə deyil, ana əllərinə, həyətə, güllərə, uşaqlıq xatirələrinə müraciət edir. Məhz bu sadəlik şeirin emosional təsirini artırır.

Şeirin sonrakı bəndində keçmişlə bu gün arasında kəskin qarşılaşdırma yaradılır:

 

Necə gözəliydi analı günlər,
Bir-birindən şirin, mənalı günlər,
Dəyişib-düşübdür indi fəsillər,
Çiçəkli baharım qış olub, Ana.

 

Burada bahar və qış qarşılaşdırılması poetik baxımdan xüsusi əhəmiyyət daşıyır. “Çiçəkli bahar” uşaqlıq və analı günlərin, “qış” isə ayrılıqdan sonrakı həyatın simvoluna çevrilir. Beləliklə, zaman yalnız təqvimdə dəyişən fəsillər deyil, insanın daxili dünyasında baş verən dəyişiklik kimi təqdim edilir.

Şeirin son bəndində isə ana həsrəti ilə kənd və oba həsrəti bir-birinə qovuşur:

 

Qalmayıb obaya, elə həvəsim,
Keçmir ürəyimdən kəndə tələsim,
Sübhənam, soyuyub isti nəfəsim,
Həsrətin gözümdə yaş olub, Ana.

 

Burada “oba”, “kənd”, “isti nəfəs” kimi ifadələr ana obrazının semantik çevrəsini genişləndirir. Ana artıq yalnız ailənin bir üzvü deyil, doğma yurdun, ocağın və keçmiş həyatın təcəssümünə çevrilir. “Həsrətin gözümdə yaş olub” misrası isə şeirin emosional kulminasiyasıdır. Həsrət burada mücərrəd hiss olmaqdan çıxaraq göz yaşında görünən, duyulan konkret bir ağrıya çevrilir.

Bu şeir Sübhan Kamaloğlunun poeziyasının mühüm bir xüsusiyyətini də üzə çıxarır: şair şəxsi xatirədən ümumi mənəvi dəyərə doğru hərəkət edir. Ana sevgisi yurd sevgisi ilə, uşaqlıq xatirələri Qazax yaddaşı ilə, ayrılıq hissi isə zamanın geri qaytarılmazlığı ilə birləşir. Buna görə də onun poeziyasında ana, yurd və yaddaş bir-birindən ayrı deyil, eyni mənəvi dünyanın müxtəlif təzahürləri kimi çıxış edir.

Sübhan Bəkirovun poeziyası onun həyat yolunun mənəvi davamıdır. Vətəni qoruyan hərbçi, sözü ilə də Vətənə, yurda, insana və mənəvi dəyərlərə xidmət edən şair kimi öz yaradıcılıq dünyasını formalaşdırmışdır. Onun şeirlərində Qazaxın saz nəfəsi, Vətənin müqəddəsliyi, sevginin daxili fəlsəfəsi, dənizin sirli sonsuzluğu və insan qəlbinin duyğuları bir poetik məcrada birləşir.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

                                           

 

 

Çərşənbə axşamı, 01 Sentyabr 2026 15:13

30 yaşında parlayan Zendeya

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün 30 yaşını qeyd edəcək Zendeya ABŞ musiqisinin yeni parlaq ulduzlarındandır. Və belə gənc yaşda parlamasıyla o, yalnızca Castin Biberi xatırlada bilər.

 

Zendeya 1 sentyabr 1996-cı ildə Kaliforniyanın Oklen şəhərində Klara Stoymer və Kazembe Ajamunun ailəsində dünyaya gəlib. O, anasının Palata Meneceri kimi işlədiyi Kaliforniya Şekspir Teatrında işləyib. Çoxlu səhnə istehsalatlarında teatrın tələbə ehtiyat proqramında və sonra yerinə yetirməkdə öyrənməyə əlavə olaraq, Zendeya onun ana yeri patronlarına kömək etdi və teatra xeyir vermək üçün lotereya biletlərini satıb.

İncəsənətlər üçün Oklend Məktəbində iştirak edərək, o, Palo Altonun Teatr işi olan "Karolina və ya Şans"da Co kişi xarakterini, Berkli Teatrında (Kukla evində) "Bir dəfə Bu Adada" və qaçış rolunda gənc Ti Moune kimi baş rolu oynayıb. O, həmçinin Kaliforniya Şekspiri Teatrı Ehtiyat proqramında və Amerikan Ehtiyat Teatrında sənətinə yiyələnib.

Zendeya başqa səhnə əsərləri "III Riçard", "On ikininci Gecə", "Siz ki bunu Xoşlayırsınız" kimi pyeslərdə çıxış edib. Zendaya hal-hazırda ailəsi, iti, Gecə yarısı adlandırılan, Nəhəng Schnauzeri ilə Los-Ancelesdə yaşayır. 2010-cu ilin oktyabrında teatr Zendayanı televiziyaya aparıb. Belə ki, o, "Göstər özünü" adlanan Disney Channel serialında baş rol olan Raki Bulu rolunu canlandırıb.

Zendeya Macy's, Mervyns və Old Navy üçün dəb modeli kimi işləyərək peşəkar karyerasını başlayıb. O, həmçinin iCarly reklamlarında Stefani Skot ilə də görünüb. 2009-cu ildə, o, Keyti Perridən onun "Hot n Cold" mahnısını Kidz Bibop albom qapağı örtüyü üçün musiqisi videosunda göstərilən ifaçı olub. Zendaya hal-hazırda Disney Channel serialı olan "Göstər özünü" adlı serialda Raki Bulu obrazını canlandırıb.

 O, Keyti Alender tərəfindən yazılmış "Pisdən lap pisə" üçün kitab treylerində əlavə olaraq baş rolu oynayıb. "Göstər özünü"nün ikinci mövsümü 16 mart 2011-ci ildə elan edilib və 18 sentyabr 2011-ci ildə nümayişi olub. 5 iyun 2011-ci ildə "Göstər özünü" "Uğurlar, Çarli!" ilə birlikdə ortaqlaşmış seriya çəkiblər. "Göstər özünü"dəki 26 seriyada onunilk film rolu Dostumsan, yoxsa düşmənim?də Helli Brendon roluna, daha sonra isə Bacarıq Fermasında Sequya Cons roluna çəkilib.

2009-cu ildə Zendaya Kidz Bibopunda Keyti Perrinin "Hot n Cold" mahnısının albom qapağını edib. Zendayanın birinci yalnız oxuduğu mahnı "Swag It Out" adlandırılan mahnı idiki, bu mahnını iTunes və Amazonka onlayn buraxıb. Mahnı üçün rəsmi musiqi videosu 15 dekabr 2011 — də YouTubeyə buraxılıb. Zendaya və Bella Dorn üç musiqi videosunda birlikdə çəkiliblər:

premyerası Disney Channelda 17 iyunda olmuş "Watch Me", premyerası 9 mart 2012-də olmuş "Something to Dance For/TTYLXOX Mash-Up" və "Dig Down Deeper"dir. Zendaya və Bella Dorn Macy's Thanksgiving Day Paradenda Disney Milad Paradında "Watch Me"ni, Zendaya "Dig Down Deeper"i oxuyub

2012-ci ildə o, iTunesdə "Fashion In Krytonite"i buraxıb. Kinofilm çəkiləndə isə Zendaya və Bella üç mahnıya malik idilər: "Made In Japan," "Same Heart," and "Fashion In Krytonite." Zendaya həmçinin, çəkildiyi Bacarıq Ferması serialında da Çayna Enn MakKlayn ilə birlikdə mahnı oxuyub. Zendaya 2 sentyabr 2012-ci il tarixində Hollivud Rekordsda müqavilə imzalayıb.

Bununla yanaşı, Disney Channel-ın bayram proqramında təsdiqlənmiş musiqi repertuarına “Shake Santa Shake” mahnısını səsləndirəcək Zendaya da daxil edilib. Müğənninin qarşıdan gələn albomunda isə iki yeni mahnı yer alacaq: “My All” və Castin Biberin “Boyfriend” mahnısının remiksi olan “Girlfriend”.

 

Filmoqrafiya

film

- Elf Oyuq Oyunları

- Dostumsan, yoxsa düşmənim?

 

serial

- Göstər özünü

- Uğurlar, Çarli!

- Zarafatcıl Ulduzlar

- Bacarıq Ferması

 

Mükafatları

- Cavan Aktyor Mükafatı

- J 14-ün Yeniyetmə Təsviri Mükafatı

- Yeniyetmə Seçimi Mükafatları

- Pop ulduz mükafatı

- NAACP Təsviri Mükafatı

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

Çərşənbə axşamı, 01 Sentyabr 2026 14:33

Bir vaxtlar “Ulduz”a yeni həyat gətirmişdi...

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yaşlı nəsil onu daha çox “Ulduz” jurnalındakı səmərəli fəaliyyəti ilə tanıyır. O gəldi və jurnala yeni nəfəs verdi. “Ulduz”u hamı gözlədi, hamı oxudu...

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Salahzadə 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olub. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, illər keçdikcə dövri mətbuatda çıxış edib.

"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub. Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

 Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, baş redaktor, "Qobustan" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.

 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayıb. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilib 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır.

"Kölgədən qorxan" Şəki, "Yayın qış gecələri" Sumqayıt, "Nağaraçı naxırçı" pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub

 

Kitabları

1. Beş yarpaq

2. Gözlər baxır dünyaya

3. Xatirə çiçəyi

4. Od odası

5. Yerimiz bir göyümüz bir

6. Vaxt vadisi

7. Lovğa xoruz

8. Ayının sualı

9. Meşədən küsən ayı

10. Kim nəyə bənzəyir

 

Tərcümələri

- A.Tarkovski. Gözəl Gülayim haqqında povest

- Pyatras Svirka, Tülkünün kələyi

- A.Platonov. Dörd hekayə

 

Ələkbər Salahzadə 1 sentyabr 2013-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun unudulmaz ekran əsərlərindən olan, 2002-ci ildə tamamlanmış "Hacı Qara" filmi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun ölməz pyesinin ikinci və yeganə səsli ekran variantıdır.

 

Tanınmış rejissor Cahangir Mehdiyevin rəhbərliyi ilə ərsəyə gələn bu musiqili-macəra komediyası, yalnız xəsisliyin tənqidi deyil, həm də çəkiliş tarixçəsi, aktyor taleləri və daxilində gizlənən kəskin ictimai-siyasi alt mətnləri ilə milli kino tariximizdə xüsusi bir araşdırma mövzusudur.

 

1993–2002: Bir filmin 9 illik iqtisadi və tarixi sınağı

Filmin ən mürəkkəb tərəfi çəkiliş müddətidir. Layihəyə hələ 1993-cü ildə Azərbaycanın həm iqtisadi böhran, həm də Qarabağ müharibəsi şəraitində olduğu ən çətin dövrdə başlanmışdı.

Maliyyə iflası və fasilələr:  Dövlət tərəfindən ayrılan vəsaitin inflyasiya səbəbindən tamamilə dəyərsizləşməsi çəkilişlərin dəfələrlə dayanmasına səbəb oldu. Hətta elə dövrlər oldu ki, filmin mənsub olduğu materialların lentlərin saxlanma müddəti keçirdi.

9 illik istehsal:  Rejissor Cahangir Mehdiyev və "Aydın" kommersiya mərkəzinin fədakarlığı sayəsində film yalnız 2002-ci ildə tam təhvil verilə bildi və ilk rəsmi nümayişi 2 avqust 2003-cü ildə Milli Kino Günündə baş tutdu.

 

Axundov pyesindən fərqli siyasi-satirik alt qatları

Yazıçı İsi Məlikzadə və Cahangir Mehdiyevin ortaqlığı ilə yazılan ssenari klassik pyesi sadəcə təkrarlamır, ona dövrün geosiyasi reallıqlarına uyğun kəskin etiraz xətləri əlavə edir:

Erməni köçünün ifşası: Filmdə ermənilərin Ohan Yüzbaşı və Mkrtç obrazları vasitəsilə çar Rusiyasının dəstəyi ilə zaman-zaman Azərbaycanın ən münbit torpaqlarına süni şəkildə necə köçürülməsi ilk dəfə komediya janrında açıq şəkildə tənqid olunur.

Çar məmurlarının riyakarlığı:  Fuad Poladovun canlandırdığı Pristav Aleksandr Mamedoviç obrazı, imperiya məmurlarının yerli müsəlman əhaliyə qarşı yürütdüyü assimilyasiya və "parçala, hökm sür" siyasətinin satirik və dahi bir təcəssümüdür.

Məhəbbət leytmotivi: Heydər bəy və Sonanın lirik sevgisi, pyesdəki quru qaçaqmalçılıq xəttini yumşaldaraq filmi lirik-musiqili komediya formatına gətir.

 

Səhnəarxası maraqlı faktlar və böyük sənətkarların vidalaşması

Məlik Dadaşovun son böyük rolu:  Azərbaycan kinosunun dahi mənfi obrazlar ustası Məlik Dadaşov Ohan Yüzbaşı rolunun çəkilişləri bitdikdən bir müddət sonra 1996-cı ildə vəfat etdi. Film ekranlara 2002-ci ildə çıxdığı üçün tamaşaçılar böyük sənətkarın bu son şah əsərini onun ölümündən illər sonra izləyə bildilər.

Səyavuş Aslanın "Hacı Qara" fərqi:  Səyavuş Aslan obrazı daha əvvəl teatrda oynamış sənətkarlardan fərqli olaraq, Hacı Qaranı sadəcə nifrət ediləsi xəsis yox, həm də psixoloji olaraq pulun əsirinə çevrilmiş bədbəxt və tragikomik bir insan kimi təqdim etdi. Onun intihara cəhd səhnəsi bəşəri sarsıntının yumorla sintezidir.

Əjdər Həmidovun Kərəməlisi:  Filmdə Hacı Qaranın nökəri Kərəməli rolunu oynayan Əjdər Həmidov, ssenariyə daxil olmayan bir çox improvizasiyaları dahi aktyor Səyavuş Aslanla canlı şəkildə meydanda qurmuşdu.

 

Musiqi dünyası: Arif Məlikov və Ramiz Rövşən imzası

Filmin vizual keyfiyyəti qədər onun musiqi tərtibatı da şah əsərdir. SSRİ xalq artisti, dahi bəstəkar Arif Məlikovun bəstələdiyi şux və ritmik melodiyalar ekran əsərinə xüsusi dinamika qatıb. Mahnıların sözlərinin xalq şairi Ramiz Rövşənə məxsus olması isə musiqili nömrələrdəki satira və fəlsəfəni daha da dərinləşdirmişdir.

 

Nəticə

2002-ci ilin "Hacı Qara"sı sadəcə bir pyes adaptasiyası deyil; o, müstəqilliyin ilk illərində Azərbaycan kinematoqrafiyasının yaşamaq uğrunda verdiyi mübarizənin rəmzidir. Ağır blokada və maliyyəsizlik dövründə belə, böyük sənətkarların bir araya gələrək yaratdığı bu rəngli və musiqili dünya bu gün də tamaşaçını ekran qarşısına toplamağı bacarır.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Görkəmli dövlət xadimləri, sərkərdələr çox olur, amma onlardan millət atası titulu alanlar bir-ya iki olur. Azərbaycan xalqının da millət atası olub – Çar dövründə xalqının ən nüfuzlu şəxsi olmuş Hacı Zeynalabdin Tağıyev!

 

Hacı Zeynalabdin Tağıyev 1838-ci ilin yanvarında Bakıda, Mərdəkan kəndində anadan olub: Onun atası – kasıb başmaqçı Məşədi Məhəmmədtağı təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlib, gənc yaşında Şamaxıya gələrək məskunlaşıb, yetkin dövründə Bakıya köçüb.

Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş olub. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyub. 12 yaşına çatanda o artıq daş yonub, 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb.

Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilib.

Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayıb. Hər ikisində qabiliyyəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan olub. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən olub.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradıb. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayıb, lakin beş il ərzində heç bir nəticə olmayıb, xərclər artıb, neft isə çıxmayıb. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəliblər.

Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edib. 1878-ci ildə dörd quyudan birində neft fontan vurub. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxarıb. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus olub. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edən məhsul təşkil edib.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyub. 1900-cü ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açıb. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olub. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alıb və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirib. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil edib.

1899-cu ildən H. Z. Tağıyev enerji sektoruna qoşulub. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü" səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxarıb. Burada Tağıyev sədr müavini vəzifəsində çalışıb. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətinin balansında iki elektrik stansiyası olub.

1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəyib. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəyib.

Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərib. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya gedib. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərib.

 

Təltif və mükafatları

"Müqəddəs Stanislav" ordeni

Şiri-Xurşid ordeni

 

Hacı Zeynalabdin Tağıyev bolşevik istilasından sonra çox ağır məhrumiyyətlər yaşayıb, onun bütün varidatı əlindən alınıb.

O, 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 85 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də Mərdəkanda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

47 -dən səhifə 3111

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.