Super User
1-ci yeri Fidan Barçın tutmuşdu...
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Arxivimizi vərəqləyirik” rubrikasındayıq. 3 il əvvələ - 2023-cü ilin 31 avqust gününə qayıdırıq. Həmin gün yekunlanan bir hekayə müsabiqəsinin mükafatçıları elan edilmişdi...
Diqqət edək.
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun birbaşa dəstəyi ilə həyata keçirilən müsabiqənin qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının adları təhsil ocağının tarixinə düşdü.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 1-ci olmuş Fidan Barçının “Məşhurluq qayğıları” hekayəsini təqdim edir.
Redaksiya olaraq bizlərə Fidan Barçının (Hüseynovanın) sonrakı taleyi çox maraqlıdır. Yazmağı davam etdimi? Yoxsa ədəbiyyata əlvida dedi? Fidan xanım səsimizə səs verib bizimlə əlaqəyə girsə çox gözəl olardı.
Fidan BARÇIN (HÜSEYNOVA)
MƏŞHURLUQ QAYĞILARI
Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırdı. Saatın əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağrıyırdı insanlara, bu gün səssiz-səssiz, ağır-ağır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxmaqla, şəhər camaatı beləcə dincini alırdı. Amma bu şənbə adi günlərdən fərqlənəcək və bir gəncin xatirə təqvimini yamyaşıl rəngə boyayacaqdı...
Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Şənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyndən başqa. Hüseynin həftəiçi də, həftəsonu da yuxusu olmazdı.
Ata-anası qorxu və təşvişlə soruşdu:
– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?
Gündəlik həyatda alçaq səsli danışığı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığıra-çığıra danışırdı:
– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...
Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarıyuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağıllarına hər şey gəlirdi. Nəhayət, sükutu ata pozdu. Əsəblə:
– Turan, nə baş verib?! – dedi.
Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıtdı.
– Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıyım deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimimdən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim “Cəlil Məmmədquluzadə və Meterlink” başlıqlı araşdırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünki yazını qəzetin elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalısının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...
Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzetdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındakı köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafı gəzib son qəpiklərini qəzetə vermişdi. Tez qəzetlərdən birini babasının əlinə sıxdı. Çünki ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.
Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxaracaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılaya bilmədilər. Qızın həvəsini qırmamağa, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çoxdan dolan qız onlar pis olmasın deyə, “oyun”u qaydasınca oynamağa davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.
– Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək, hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...
– Afərin, qızım! Qələmin qüvvətli olsun!
Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...
Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünki bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzetdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə – 32-yə çatmayıblar. Axı qəzetin bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...
Bəlkə də, hələ dostları bu münasibətlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yazan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sıxılmırlar ki? Nə isə, bunlar hələ sonranın işləridir.
Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çırtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzetlərinə büküb soyuducuya yerləşdirir...
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
“Bir şair, bir şeir”də Mikayıl Bozal və “Gecələr danışır xatirələrim”
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, əziz izləyicilərimiz.
Sizə də gecələr sirdaş olurmu?!
Gecə ilə dərd bölürsünüzmü?
"Bir şair, bir şeir" rubrikamızın bugünkü şair qonağı Mikayıl Bozaldır, beləliklə, şairin bir şeirini Sizə təqdim edirik.
MİKAYIL BOZAL,
GECƏLƏR DANIŞIR XATİRƏLƏRİM
Gecələr danışır xatirələrim,
Sükutun dilində sözə çevrilir.
Gündüz unutduğum nə varsa məndə,
Gecələr canlanır, üzə çevrilir.
Pəncərəm önündə yorğundur Ay da,
Küçələr yuxuda, susur evlər də.
Nağıllar da yatıb, əfsanələr də,
Bircə mən oyağam, yatıb divlər də.
Gecələr danışır xatirələrim,
Susub dinləyirəm səhərə qədər.
Ömrün özü qədər doğmadır mənə,
Gah sevinc qoxuyur, gah da ki, kədər.
Zaman səhrasından keçir karvanım,
Özüm öz yükümü daşıyıram mən.
Keçmişəm gerçəyin dolaylarından,
Xatirə ömrümü yaşıyıram mən.
Gecələr danışır xatirələrim,
Uzanır sübhəcən, eh, hardan hara?!
Yapışır əlimdən, buraxmır məni,
Aparır özüylə çox uzaqlara.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Beynəlxalq itkin düşmüş şəxslər günü: Keçmişdən bu günə bitməyən gözləntinin xronikası
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Dünən avqustun 30-da dünya birliyi Beynəlxalq itkin düşmüş şəxslər gününü qeyd etdi. Bu gün müharibələr, silahlı münaqişələr, daxili iğtişaşlar və təbii fəlakətlər nəticəsində yaxınlarından xəbər ala bilməyən, bitməyən bir gözlənti içində yaşayan milyonlarla ailənin ağrısını və sarsılmaz ümidini ifadə edir. Azərbaycan üçün bu tarix, təqvimin sıravi bir silsiləsi deyil, onilliklər ərzində formalaşan milli və insani ağrımız, hüquqi və humanitar müstəvidə davam edən böyük mübarizəmizdir.
Beynəlxalq günün tarixi və humanitar hüquq
Beynəlxalq itkin düşmüş şəxslər günü International Day of the Disappeared ilk dəfə Latın Amerikasında gizli həbslər və məcburi itkin düşmə hallarına qarşı ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə təsis olunmuş, daha sonra BMT tərəfindən qlobal miqyasda tanınmışdır. Beynəlxalq humanitar hüququn əsas prinsiplərinə, xüsusilə Cenevrə konvensiyalarına əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyi barədə onların ailələrinə məlumat verməyə birbaşa borcludurlar. Lakin təcrübə göstərir ki, bu humanitar öhdəlik əksər hallarda siyasi manipulyasiya alətinə çevrilir.
Azərbaycanın bitməyən itkin yarası və rəsmi statistika
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində minlərlə azərbaycanlı ailəsi on illərdir ki, öz doğmalarının taleyindən bixəbərdir. Rəsmi dövlət komissiyalarının statistikasına əsasən, itkin düşmüş şəxslərin mənzərəsi aşağıdakı kimidir:
Birinci Qarabağ müharibəsi dövrü: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi arxiv məlumatlarına görə, 3890 nəfər şəxs itkin düşmüş kimi qeydiyyata alınmışdır. Onların 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında uşaqlar, qadınlar və yaşlı insanların olması, baş vermiş münaqişənin miqyasını və fəsadlarını göstərən ən ağır faktdır.
44 günlük Vətən müharibəsi və sonrakı tədbirlər: 2020-ci il müharibəsi və antiterror tədbirləri zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən itkin düşən hərbçilərimizin böyük əksəriyyətinin nəşinin eyniləşdirilməsi təmin edilsə də, prosesin hərbi-texniki tərəfi uzunmüddətli və həssas araşdırmalar tələb etmişdir.
Azad olunmuş ərazilər və kütləvi məzarlıqların aşkar olunması
Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra, Birinci Qarabağ müharibəsində itkin düşmüş və qətlə yetirilmiş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində tarixi mərhələ başlamışdır. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən qazıntı və infrastruktur işləri zamanı beynəlxalq humanitar hüquq normalarını alt-üst edən kütləvi məzarlıqlar tapılmaqdadır:
Aşkar olunan regional məzarlıqlar:
Şuşa xüsusilə Şuşa həbsxanası ətrafı, Kəlbəcərin Başlıbel kəndi, Xocalı ərazisi, Ağdamın Sarıcalı və Füzulinin müxtəlif istiqamətlərində onlarla kütləvi basdırılma yerləri aşkarlanıb.
Müasir DNT texnologiyaları ilə identifikasiya:
Tapılan sümük qalıqları laboratoriya şəraitində ekspertizadan keçirilir və itkin ailələrindən illər öncə alınmış bioloji nümunələrlə DNT uyğunlaşdırılır. Bu intensiv dövlət proqramı sayəsində onlarla şəhidimizin kimliyi onilliklər sonra müəyyən olunub və onların ailə məzarlıqlarında hərbi ehtiramla dəfn edilməsi təmin edilir.
Beynəlxalq səviyyədə hüquqi tələblər və Ermənistanın mövqeyi
Azərbaycan dövləti, Beynəlxalq Qırmızı Xaç Komitəsi BQXK və aidiyyəti qlobal hüquq müdafiə təşkilatları vasitəsilə Ermənistan tərəfindən kütləvi məzarlıqların dəqiq xəritələrinin verilməsini tələb edir. Lakin Ermənistanın rəsmi strukturları bu humanitar məsələyə laqeyd yanaşaraq və koordinatları gizlədərək minlərlə insanın ailəsinin fundamental hüququnu pozmaqda davam edir.
Nəticə
Beynəlxalq itkin düşmüş şəxslər günü bütün dünyaya bəyan edir ki, müharibələr yalnız rəsmi sənədlərin imzalanması və ya hərbi əməliyyatların dayanması ilə yekunlaşmır. Müharibə sonuncu itkinin taleyi tam aydınlaşan, onun statusu rəsmiləşən və xatirəsi dövlət səviyyəsində əbədiləşdirilən gün tam bitmiş sayılır. Azərbaycan dövləti və xalqı öz itkinlərinin hüquqlarını qorumaqdan və onları axtarmaqdan heç vaxt vaz keçməyəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Hökümə Qurbanovanın həyat yoldaşı, Vəfa Fətullayevanın atası
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hökümə Qurbanovavə qızı VəfaFətullayeva– Azərbaycan teatrının və kinosunun iki parlaq ismi. Yaratdıqları rollarla xüsusən teatr tariximizin qızıl imzaları. Amma bu gün onlar barədə yox, birincinin həyat yoldaşı, ikincinin də atası olmuş bir şəxs barədə danışacağam.
Yox, o aktyor deyil, teatr-kino sahəsinin adamı deyil. Amma əlbəttə ki incəsənət adamıdır, rəssamdır.
Nüsrət Fətullayev 29 may 1913-cü ildə Lənkəranda anadan olub. 1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31–43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan", Fikrət Əmirovun "Ürəkaçanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib.
Azərbaycan Dövlət Dram Teatrında "Almaz" (Cəfər Cabbarlı, 1936), "Skapenin kələkləri" (Molyer, 1936), "Həyat" (Mirzə İbrahimov, 1937), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) və "Vaqif" (Səməd Vurğun, 1938), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev, 1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı, 1940), "Xoşbəxtlər" (Sabit Rəhman) və "Fərhad və Şirin" (Səməd Vurğun, 1941), "Dumanlı Təbriz" (Məmməd Səid Ordubadi, 1945), "Nüşabə" (Abdulla Şaiq, 1946), "İşıqlı yollar" (İlyas Əfəndiyev, 1947) kimi əllidən çox tamaşanın rəssamı olub.
Təltif və mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Stalin" mükafatı (2-ci dərəcə)
4. Azərbaycan SSR Dövlət mükafatı (Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşasının rəssamlığına görə)
5. "Qırmızı əmək bayrağı" ordeni
6. 2 dəfə "Şərəf nişanı" ordeni
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda basdırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Onu "Romen” adlı qaraçı musiqili teatrı məşhurlaşdırdı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bilmirəm, qaraçıları xalqmı, etnik qrupmu, necə adlandırmaq olar. Hətta sovet dövləti onları görməzdən gəlirdi. Amma onlar var axı. Elə həmin o sovet dönəmində qaraçı Budulay barədə çəkilən çoxseriyalı film bütün reytinqləri qırmışdı. “Romen” adlı qaraçı musiqili teatrı isə hətta ölkənin hüdudları kənarında da məşhur idi...
Haqqında danışacağım – bu gün anım günü olan Tamilla Ağamirova açdığımız mövzumuza tam uyğun gəlir.
Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və ömrünün sonunadək aktiv ictimai fəaliyyətlə məşğul olub. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir.
1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açılıb. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazanıb və bir sıra filmlərdə baş rola dəvət edilib.
Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.
Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko olub. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır.
Aktrisanın film repertuarına diqqət edək:
Filmoqrafiya
- Don Kixot (film, 1957)
- Onun böyük ürəyi (film, 1958)
- Əsl dost (film, 1959)
- Matteo Falkone (film, 1960)
- Koroğlu (film, 1960)
- Zəncirlənmiş adam (film, 1964)
- Yenilməz batalyon (film, 1965)
Aktrisa tam 5 il öncə - 31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
"Balaca Ərəblinski"dən "Koroğlu"nun ilk rejissoruna: İsmayıl Hidayətzadənin səhnə taleyi
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Azərbaycan teatr tarixində elə sənətkarlar var ki, onlar təkcə obraz yaratmayıb, bütöv bir sənət ənənəsinin istiqamətini dəyişiblər. İsmayıl Hidayətzadə də məhz belə şəxsiyyətlərdən idi.
O, aktyor kimi tamaşaçını inandırmağı bacardı, rejissor kimi isə Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi. Və ən əsası, dahi Üzeyir Hacıbəylinin ölməz "Koroğlu" operasını ilk dəfə səhnəyə gətirən rejissor kimi adını mədəniyyət tariximizə əbədi həkk etdirdi.
Bu gün "Koroğlu" Azərbaycan opera sənətinin zirvəsi hesab olunursa, həmin zirvənin ilk səhnə nəfəsini verən insan məhz İsmayıl Hidayətzadə idi.
Səhnəyə vurğun bir uşaq
1901-ci ildə Bakıda dənizçi ailəsində doğulan İsmayılın uşaqlığı rahat keçmədi. Atası gəmi qəzasından sonra ağır xəstələndi və ömrünün sonunadək xarrat işləməyə məcbur oldu. Ailənin çətin dolanışığı balaca İsmayılın xəyal dünyasını məhdudlaşdıra bilmədi.
Məhərrəmlik günlərində məhlə uşaqlarını başına yığıb kiçik tamaşalar qururdu. Hələ heç teatr səhnəsini görmədən rejissor kimi düşünür, aktyor kimi yaşayırdı.
1909-cu ildə "İttihad" məktəbində təhsil alarkən izlədiyi tamaşalar onun taleyini müəyyənləşdirdi. Teatr artıq onun üçün sadəcə əyləncə deyildi. Bu, ömürlük eşq idi.
"Balaca Ərəblinski"
O dövrün bütün gənc aktyorları Hüseyn Ərəblinskiyə bənzəməyə çalışırdılar. Ancaq İsmayıl onu elə ustalıqla təqlid edirdi ki, məktəb yoldaşları ona "Balaca Ərəblinski" deyirdilər. Bir gün Hüseyn Ərəblinski özü onun oyununa baxdı.
İsmayıl sonralar xatirələrində həmin günü belə təsvir edirdi: Böyük aktyor ona yaxınlaşıb demişdi ki, onu təqlid etməsin. Rus aktyorlarını izləsin, müxtəlif sənət məktəblərini öyrənsin və ən əsası — özünü tapsın.
Bəlkə də bu bir neçə cümlə Hidayətzadənin bütün yaradıcılıq fəlsəfəsini müəyyənləşdirdi. O gündən sonra o, başqasına bənzəməyə yox, öz üslubunu yaratmağa çalışdı.
Səhnədən ayrılmağa məcbur qalan aktyor
1917-ci ildə atasının vəfatı onun həyatını dəyişdi.
Ailənin böyük övladı idi. Məktəbi yarımçıq qoydu, işləməyə başladı, bacı-qardaşlarının yükünü çiyinlərinə götürdü. Amma teatr sevgisi onu buraxmadı. 1920-ci ildə Dövlət Teatrına qəbul olundu, sonra Voronovun teatr studiyasında peşəkar təhsil aldı. Burada artıq həvəskar aktyor yox, gələcəyin böyük sənətkarı formalaşmağa başladı.
Səhnədə yeni düşüncə
İsmayıl Hidayətzadə təkcə aktyor olmaqla kifayətlənmirdi. O, rejissorluğun sirlərini öyrənir, rus rejissorlarının yanında çalışır, tamaşaların quruluşunu incəliklərinə qədər mənimsəyirdi. 1934-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin "Siyavuş" əsərinə verdiyi quruluş teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Bu uğur onun qarşısında daha böyük qapılar açdı.
"Koroğlu"nun ilk nəfəsi
Azərbaycan opera tarixində bəzi hadisələr dönüş nöqtəsi sayılır. Onlardan biri Üzeyir Hacıbəylinin "Koroğlu" operasının səhnəyə qoyulmasıdır. Bu möhtəşəm əsərin ilk rejissoru İsmayıl Hidayətzadə oldu. "Koroğlu" milli qəhrəmanlıq ruhunu, xalq musiqisini, monumental səhnə həllini özündə birləşdirən mürəkkəb opera idi. Onun ilk quruluşu həm musiqinin, həm dramatik hadisələrin, həm də kütləvi səhnələrin böyük ustalıqla uzlaşdırılmasını tələb edirdi. Hidayətzadə bu məsuliyyətin öhdəsindən uğurla gəldi. Sonralar opera dəfələrlə müxtəlif rejissorlar tərəfindən səhnələşdirildi. Lakin ilk addımı atan, Üzeyir bəyin musiqisini səhnə məkanına çevirən məhz o idi. Ardınca Bizenin "Karmen" operasını da səhnələşdirdi.
Moskvanı fəth edən tamaşalar
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Hidayətzadənin quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazandı. Bu tamaşalar Azərbaycan teatr məktəbinin peşəkarlığını nümayiş etdirdi. Elə həmin uğurdan sonra İsmayıl Hidayətzadə Opera və Balet Teatrının rəhbəri təyin olundu.
Baş rol yox, böyük obraz
Gəncliyində həmişə baş qəhrəmanları oynamaq istəyirdi. Cəfər Cabbarlı və Aleksandr Tuqanov ona başqa həqiqəti öyrətdilər: "Əsas odur ki, xarakter yaradasan". Bu fikir onun yaradıcılığını dəyişdi. Artıq baş rolun deyil, yaddaqalan obrazın arxasınca gedirdi. "Almaz"dakı Şərif, "1905-ci ildə" əsərində Salamov kimi rolları bunun ən gözəl nümunələrinə çevrildi.
Şərif obrazındakı məşhur "Həri, həri, bəs necə?" ifadəsi də təsadüfi deyildi. Türkan kəndində rastlaşdığı bir kənd soveti işçisinin danışıq tərzini yadda saxlamış, Cəfər Cabbarlı ilə bölüşmüş, dramaturq da həmin ifadəni əsərə daxil etmişdi. Bu, Hidayətzadənin sənət metodunu açıq göstərirdi. O, obrazları kabinetdə yox, həyatın içində tapırdı.
Cabbarlı ilə ortaq arzu
İsmayıl Hidayətzadə tez-tez deyirdi: "Mən Cabbarlı məktəbinin yetirməsiyəm". Bu sözlər təkcə minnətdarlıq deyildi. Onların cib dəftərçəsində yazılmış ortaq andı vardı. Məqsədləri Azərbaycan teatrını yeniləmək, yeni aktyor nəsli yetişdirmək və yeni teatr yaratmaq idi. Bu arzu həyata keçmədi. Ancaq onların yaratdığı sənət məktəbi sonrakı onilliklərdə Azərbaycan teatrının inkişafına güclü təsir göstərdi.
Gözlə danışan aktyor
Stanislavski aktyorun ən mühüm keyfiyyətlərindən birini "gözlə oynamaq" adlandırırdı. Müasirlərinin yazdığına görə, İsmayıl Hidayətzadə bu bacarığa nadir səviyyədə sahib idi. İri, ifadəli gözləri ilə mürəkkəb psixoloji vəziyyətləri sözsüz çatdırırdı. Görkəmli rejissor Aleksandr Tuqanov onun haqqında yazırdı: "O, heç vaxt oynamırdı. O, yaşayırdı. Tamaşaçını öz ardınca aparmağı bacarırdı. Onun oyununda sadəlik, təbiilik və ehtiras vardı".
Teatrdan böyük xidmət
İsmayıl Hidayətzadənin fəaliyyəti yalnız aktyorluq və rejissorluqla məhdudlaşmadı.
O, Azərbaycanın ilk milli baleti olan "Qız qalası"nın librettosunu yazdı.
Opera studiyasının yaradılmasına təşəbbüs göstərdi. "Qız qalası", "Almaz", "Altıncı hiss" filmlərində yaddaqalan obrazlar yaratdı. 1933-cü ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.
Səhnənin tarixində qalan ad
Bəzən bir insanın taleyi bir cümlə ilə ifadə olunur. İsmayıl Hidayətzadə haqqında isə bunu demək olar: O, əvvəlcə "Balaca Ərəblinski" kimi tanındı, sonra isə elə bir sənətkar oldu ki, artıq başqaları onun yaratdığı məktəbdən öyrənməyə başladılar. Azərbaycan teatrı böyük aktyorlar yetişdirib. Azərbaycan operası böyük əsərlər yaradıb. Amma Üzeyir Hacıbəylinin "Koroğlu" kimi monumental operasını ilk dəfə səhnəyə gətirən rejissorun adı həmişə xüsusi hörmətlə çəkiləcək. Çünki İsmayıl Hidayətzadə bütün dövrlərdə yaşayacaq əsərlərin müəllifi, ideya carçısı, vətənə və sənətə olan sevginin nümunəsidir...
“Ədəbiyyatn və incəsənət”
(31.08.2026)
O, Qara Qarayevin ən uğurlu tələbələrindən biri idi
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Böyük bəstəkarlardan söz düşəndə mən mütləq bu adı çəkməyi özümə borc bilirəm - Oqtay Zülfüqarov!
Bu gün bəstəkarın anım günüdür.
O, 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfini bitirib, professor Qara Qarayevin tələbəsi olub.
O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduz, Pişik və Sərçə və Meşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Əsərləri
Baletlər
"Əlibaba və 40 quldur" /libretto müəllifindir
"Sehrli alma" /libretto müəllifindir
Kukla teatrı tamaşalarına musiqi
"Cırtdan" "İ voüt i bleüt" /libretto — H. Hüseynov
"Dovşanın məhkəməsi" /libretto — M. Quliyev
"Göyçək Fatma" /libretto — M. Dilbazi
"Repka" /rus xalq nağılı əsasında
Uşaq mahnıları
"Ala bula boz keçi" — Sözləri: Abdulla Şaiq
"Ay pipiyi qan xoruz" — Sözləri: Abdulla Şaiq
"Balaca ovçu" — Sözləri: Hikmət Ziya
"Can nənə" — Sözləri: Teymur Elçin
"Cırcırama" — Sözləri: Yusif Həsənbəy
"Kiçik aşpaz" — Sözləri: Yusif Həsənbəy
Uşaq mahnı məcmuələri
"Aşıq mahnısı"
"Uşaqlar özləri haqqında"
"Novruz bayramı"
"Ad günün mübarək",
"Gedək gəzək"
"Təbiətin qoynunda"
Instrumental
- Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası
- 4 əl üçün piano variasiyaları
- Piano üçün konsert Pyesi
- Piano üçün "Beşik mahnısı" pyesi
Romanslar
"Cananə yetmişəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
"Yad eylərəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
Filmoqrafiya
80 kilometr yerin altı ilə qısametrajlı sənədli film) (ANS TV)
Aslan və iki öküz
Ayı və siçan
Cırtdan
Cırtdanın yeni sərgüzəşti
Leyla və onun dostları
Qayınana
Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül
Ustalar-qızıl əllər
Üfüqü ötənlər
Təltif və mükafatları
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
"Şöhrət" ordeni
Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir. Bəstəkar II Fəxri Xiyabanda dəfn edilmişdir. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Alles gut - Hər şey yaxşıdır
Xanım Anela,
“Ədəbiyyat və incəsənət”
Sübh namazının vaxtı mənim üçün günün ən sevdiyim zamanıdır. Yuxumun ən çox gəldiyi saatlar olsa da, oyaq qalmaq istədiyim yeganə vaxt da elə həmin saatlardır. Yeni açılmaq istəyən səhərin səssizliyi, binalarda tək-tük yanan işıqlar və sanki Allahın səni daha yaxşı eşitdiyi zaman... Qalan zamanlar sadəcə rutindir.
Və budur o günlərdən biri...
Namazdan sonra dərhal yatmadım. Adətən uşaqlara baxıram, üstləri açıqdırmı, deyilmi... Sonra balkona çıxıb az da olsa şəhəri izlədim. Küçələr hələ tam oyanmayıb, şəhərin səsi də mənim kimi yuxuludur. Bir neçə pəncərədə işıq yanır, uzaqlarda arabir maşın səsi eşidilir. Ondan sonra saatı qurub özümü yatmağa məcbur etdim ki, işə qədər heç olmasa bir az yatım.
Yerimə uzanan kimi yadıma düşdü ki, axı metro işləmir 28 May–Nizami metrostansiyaları arasında... Kefim pozuldu.
Saymağa başlayıram: 1, 2, 3, 4...
***
– Azuuuu... Azuuuu...
Səsə oyanıram. Qonşunun yeni dil açmış oğlu anasını adı ilə çağırır. Axı hələ tezdir... Nə deyəsən?! Heç nə... Qalxıb işə getməyə hazırlaşıram.
Evdən çıxan kimi anlayıram ki, bu istidə Nizamiyə gedən avtobus dayanacağına qədər xeyli yol var. Hava çox istidir. Amma getməliyəm, başqa yol yoxdur.
Yollar qazılı olduğu üçün piyada keçidinə getmək olmur. Yazıq-yazıq avtomobil sürücülərinin üzünə baxırsan ki, sən əzizlərinin canı, bir az yavaşla, qoy tez keçim. Bax burda bəxtim gətirir. Mənə tez yol verirlər.
Yolu sürətlə keçib binaların arasından kəsə getməyə çalışıram və pəncərələrdən çölə yayılan soğandağının qoxusu ürəyimi bulandırır. “Axı səhər-səhər, yayın cırhacırında niyə xəngəl yeyəsən? Bəlkə də kiminsə qoçaqlığı tutub indidən günortanın yeməyini bişirir. Yazıq evdəkilər...” deyə ağlımdan qəribə düşüncələr keçir.
Birtəhər gəlib avtobus dayanacağına çatıram və həmişəki kimi gün düz dayanacağın içinə, sağına-soluna döyür. Dayanacağın xeyli arxasında, kolların, ağacların arasında dayanıb avtobusun gəlişini güdürəm.
İlahi, bu nə istidir?! Sensor yüklənmədən əziyyət çəkirəm axı. Saymağa başlayıram “1, 2, 3, 4...” Hərdən də “Alles gut” deyirəm və bu an Anatoliy Fyodoroviç yadıma düşür. Deyəcəksiniz ki, o kimdir? Rusiyada yaşadığım dövrlərdə yaşlı qonşu kişi idi. Tək yaşayırdı. Həyat yoldaşı Katya dünyasını dəyişəndən sonra heç evlənməmişdi. Gözünün ağı-qarası bir oğlu isə həbsxanada idi.
Hə, bu Anatoliy Fyodoroviçin dilində həmişə bir söz var idi: “Alles gut”.
İkinci Dünya müharibəsi veteranı idi. Bu almanca “Hər şey qaydasındadır” ifadəsi də o zamanlardan dilinə düşübmüş. Keçmiş snayperçi olduğu üçün tez-tez gözünün birini qıyırdı. Bu sözü deyəndə də üzündə qəribə bir təbəssüm yaranırdı.
Anamın adını yadında saxlamadığı üçün bir çox ruslar kimi Aneçka deyə çağırırdı. Anamın da bu babaya yazığı gəlirdi. Nə bişirsə, ona da verirdi. Köynəklərini verirdi ki, anam ütüləsin. O da əvəzində bir də görürdün daçadan çiyələk, ya da başqa giləmeyvələr gətirirdi.
Anam təşəkkür edib zəhmət çəkməməsini deyəndə:
– Aneçka, vsyo... Alles gut, – deyə cavab verərdi.
Günlərin bir günü Anatoliy baba daçasına gedəndə dəmir yolunu keçərkən yıxılıb dirsəyini çox bərk əzmişdi. Biz dəfələrlə həkimə getməsini israr etsək də, “Vsyo Alles gut” deyib gülürdü.
Bir neçə gün idi, ortalıqda görünmürdü.
Günlərin bir günü universitetdən evə gəldim ki, təcili yardım dayanıb binanın qarşısında.
Sən demə, yazıq babanın qolu sağalmayıbmış. Yaşlı olduğuna görə halı da pisləşibmiş. Təcili yardım həkimi artıq son saatlarını yaşadığını deyincə anam ağlamağa başladı.
Anatoliy baba anamın mətbəxdə ağladığını görüncə əlini uzadıb gülümsədi:
– Alles gut... – dedi və ondan sonra gözlərini əbədi yumdu.
Nə qəribədir... Son nəfəsində belə “Hər şey qaydasındadır” dedi...
Hə, indi mən də sensor yüklənmədən əziyyət çəkdiyim üçün tez-tez özümə Anatoliy babanın dediyi o sözü təkrarlayıb sayıram.
Mindim nəhayət avtobusa. Özümə küncdə bir yer tapıb dayandım. Sensor yüklənməm var axı... Qulaqlıq daim qulağımda olur. İnsanların, küçənin, avtobusun kənar səslərini eşitməyim deyə musiqi dinləyirəm.
Birdən mahnı dayandı. Basırıqdı və mən telefonu çantamdan güclə çıxardım. Mahnını qoşub telefonu çantaya qoydum. Bir neçə saniyə sonra mahnı yenə dayandı.
Bu, bir neçə dəfə təkrarlandıqdan sonra daha telefonu çıxartmadım. Elə qulaqlıq da qaldı qulağımda.
Birdən:
– Gəlsin, desin qələt eləmişəm, bağışlayım... – cümləsini eşitdim.
Arxaya çönüb baxmaq etik deyil deyə düşündüm. Qara şüşəli binaların yanından keçəndə pəncərədə gəncin əksini gördüm.
“Yoo, mənə vsyo ravnodu... Mənə vsyo ravnodu deyirəm... Bəli, mənə vsyo ravnodu.”
– Alles gut... 1, 2, 3, 4... – deyə sayıram öz-özümə.
Növbəti dayanacaqda təxminən 70 yaşında bir xanım avtobusa daxil olur və göz gəzdirir ki, görüm hansı üzüyolaya yaxınlaşsam, yerini verər.
Gənc, arıq, çəlimsiz bir qız əlində ağır noutbukla ayağa qalxıb yerini ona verir. Özü də qalır ayaqüstə. Oradan keçənlər bunu hər dəfə itələyir. Qız da yazıq, onsuz da namnazikdir, yer tutmur.
Baxdım ki, başında qəribə bir uşaq yaylığına bənzər yaylığı olan bir xanım mənim yanımdakı bir şalbanlıq yeri qaralayıb.
Gəldi. Özünü bir təhər pərçimlədikdən sonra çantasını çiyninə elə atdı ki, çanta az qala çənəmə dəymişdi. Yenə saymağa başladım:
– 1, 2, 3, 4...
Hiss etdi ki, nəsə deyirəm. Yerini daha da rahatladı, sanki mən orada heç yoxmuşam kimi.
– 12, 13, 14...
– Üzr istəsin! Bəlii! – telefonda danışan oğlanın səsini eşitdim yenə.
– Mən 28-dən İnşaatçılara getməliyəm, – gördüm, bir xala qalxıb yüksək səslə deyir.
Hərə bir yandan buna məsləhət verir. Qadın da israrla deyir ki:
– Yox e, mən 28 May metrostansiyasından İnşaatçılara getməliyəm.
Bütün avtobus bunu sakitləşdirir ki, bəs əyləş, Nizamidə düşərsən, oradan gedərsən. 28-dən metro işləmir İnşaatçılara, bir ilə yaxın belə olacaq, təmir gedir...
Birdən baxdım ki, bayaq o çəlimsiz qızın yer verdiyi xala ayağa qalxdı, qızın çiynini əli ilə itələyib “Yol ver daa!” deyib keçdi.
– 49, 50, 51, 52...
– Axı mənə 28-də düş demişdilər... – qadın yenə ayağa qalxdı.
– Ay xanım, 28-dən də getsən, yenə Nizami metrosundan keçəcəkdin də! Əyləş görək! – deyə bir kişi hövsələdən çıxdı.
– 63, 64...
– Özü bilər, özü bilər... Özüü bilərrr... – telefon əlində olan oğlan davam edir.
– 70, 71, 72...
“Növbəti dayanacaq: Xarici İşlər Nazirliyi.”
– İcazə verin! İcazə verin, düşüm! – deyib sürətlə avtobusdan aşağı düşürəm və yeraltı keçiddən keçib özümü güclə Mərkəzi Parka salıram.
Artıq başım gicəllənir. Skeytbord sürülən yerə çatıb, təpəciyə qalxıb otururam. Bir az nəfəsimi dərmək istəyirəm. Hiss edirəm, iki nəfər turist mənə doğru gəlir. Əlimi sinəmə qoyuram ki, özümü pis hiss etdiyimi görsünlər və mənə yaxınlaşmasınlar. Xeyri olmur. Hər ikisi təpəciyə qalxırlar və qadın yavaşca əyilib soruşur:
– Alles gut?
Məni dəli bir gülmək tutur. Onlar da mənə baxıb gülürlər, amma heç nə anlamırlar.
Onlara təşəkkür mənasında təzim edib uzaqlaşıram və öz-özümə yoluma davam edərək: “Ümid edirəm... Hər şeyin nə vaxtsa yaxşı olacağına ümid edirəm...” deyirəm və saymağa başlayıram:
– 1, 2, 3...
“Ədəbiyyat və incəsənət”
(31.09.2026)
Ağasəlim Çildağ — meyxana sənətinin böyük ustadı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bizim Cəbiş müəllim” filmində “Çağırsa ellər, gedərəm davaya” meyxanası dillər əzbəridir, onun sözləri Ağasəlim Çıldağa məxsusdur.
Abşeronun ən məşhur meyxanaçıları zümrəsində yer alan Ağasəlim Çıldağın bəzi mənbələrə görə bu gün doğum günüdür, bəzi mənbələr isə həmin günü 1fevrala aid edirlər. Amma necə olursa olsun, bugünkü söhbətimiz məhz bu meyxana ustadı barədədir.
Ağasəlim Çildağ — əsl adı Ağasəlim Əliağa oğlu Səlimov — Azərbaycan meyxana sənətinin XX əsrdə yetişdirdiyi ən tanınmış ustadlardan biridir. O, xüsusilə Maştağa meyxana məktəbinin görkəmli nümayəndəsi kimi tanınırdı.
O, 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Sənətə marağı erkən yaşlarından yaranıb. Onun yaradıcılıq formalaşmasında məşhur qəzəlxan Əliağa Vahid və söz ustadı Ağahüseyn Əfzun mühüm rol oynayıb.
Mənbələrdə qeyd olunur ki, “Çildağ” təxəllüsünü ona Əliağa Vahid 1948-ci ildə verib. O, sonralar özünəməxsus üslubu, iti qafiyələri, hazırcavablığı və söz improvizasiyası ilə meyxana aləmində seçilən sənətkarlardan birinə çevrilib
Çildağın sənətinin əsas xüsusiyyətlərindən biri söz üzərində qurulan improvizasiya və güclü qafiyə duyumu idi. O, yalnız deyişmələrdə deyil, müxtəlif məclislərdə və mərasimlərdə də öz söz ustalığını nümayiş etdirirdi. Onun meyxanalarının bir qismi məhəbbət, həyat, insan münasibətləri və mənəvi dəyərlər mövzularına həsr olunub. Gənc meyxanaçıların yetişməsində də böyük xidmətləri olub.
Çildağ sovet dövründə meyxananın ciddi məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda sənətini yaşadan və onu sonrakı nəsillərə ötürən sənətkarlardan biri hesab olunur. Onun adı sonralar Maştağa məktəbinin ustadı kimi çəkilib.
Ağasəlim Çildağın Azərbaycan mədəniyyətinə və musiqi sənətinə xidmətləri dövlət səviyyəsində də qiymətləndirilib. O, 2006-cı ilin martında “Şöhrət” ordeni ilə təltif olunub.
O, məşhur meyxanaçı Ağamirzənin dayısıdır.
Ağasəlim Çildağ Azərbaycan meyxanasında sadəcə ifaçı kimi deyil, ustad-məktəb yaradan sənətkar kimi yadda qalıb. Onun adı Əliağa Vahid kimi böyük söz ustadlarının məktəbi ilə sonrakı nəsil meyxanaçılar arasında mühüm bir həlqə təşkil edir. Maraqlıdır ki, onun yaradıcılığı ilə bağlı müasir araşdırmalarda da Çildağ Maştağa meyxana məktəbinin ustadı kimi təqdim edilir.
Əvvəldə qeyd etdik, “Bizim Cəbiş müəllim” filmində “Çağırsa ellər, gedərəm davaya” meyxanasının sözləri Ağasəlim Çıldağa məxsusdur.
Saytlar yazır ki, rejissor Əbdül Mahmudov həmin günləri belə xatırlayır: “Ağasəlim Çıldağı biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində bir uşaq da var idi. Ağasəlim Çıldağ onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı.
Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver, uşaq bu kişiyə meyxana desin. Həsən Seyidbəyli də göz vurdu ki, desin. Ağasəlim Çıldağ bilirdi ki, bu uşaq nəsə “korlayacaq”. Arif müəllim də ağsaqqal adam idi. Amma özü “qaşınmışdı”. Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən Seyidbəyli dedi: “Malçik, xvatit, bolşe ne nado”.
Ağasəlim Çıldaq rejissor Vaqif Mustafayevin 1995-ci ildə ekranlaşdırdığı “Fransız” filminə çəkilib. Meyxanaçı orda “Niyə müsəlman olmaq istəmirsən” qafiyəsi ilə meyxana səsləndirib. Ağasəlim Çıldağ özü nəql edir ki, sovet dövründə bir dəfə həbs olunub, iki il iş alıb. Bayıl türməsində kamerada hamı onu dərhal tanıyıb və ondan meyxana deməsini istəyiblər.
Dustaqlar arasında molla da olub. Ağasəlim deyib ki, molla icazə versə, deyərəm. Molla cavabında deyirb ki, ah-zarımızdan desən, icazə verərəm, “ay can alan, candı bizim məhləmiz” qafiyəsi ilə desən, icazə vermərəm. Bundan sonra Ağasəlim “Necə gör, xar eləyibdi, belə qəmxanə bizi” qafiyəsi ilə mərsiyə üstündə məşhur meyxana deyib.
Onun meyxanasından sonra kameradakı dustaqlar hamısı ağlamağa başlayıb. Bundan sonra Ağasəlimi kameradan çıxarıblar, “səni qəfəsə salmaq düzgün deyil” deyib ona ayrıca otaq verərək dustaqlara tərbiyəçi təyin ediblər.
Deyilənlərə görə vaxtilə məşhur meyxanaçı Nizami Rəmzi ilə dosluq əlaqələri olsa da, Nizami Rəmzi Ağasəlim Çıldağ başda olmaqla köhnə elita ilə kəskin münaqişələrə girir, meyxanaya musiqi əlavə etməyə nail olur. Əvvəllər meyxana çırtma və nağara ilə müşayət olunduğundan Ağasəlim meyxananın musiqi ilə xüsusən də sintezatorla müşayət olunmasının əleyhinə olub. Elə bu səbəbdən də iki meyxanaçının münasibətləri pozulub.
Bəs niyə Çıldağ? Ağasəlim bu ləqəbi niyə götürüb? Bir çox insanların üz tutduğu Maştağadakı əsas çıldaq ocağı Ağasəlim Çıldağın ocağıdır. Bu ocaqda onun ulu nənəsi çıldaqçılıq edirmiş. Ağasəlim ocağı bir neçə çıldağa bölünüb. Qohumlar öz aralarında ayın günlərini bölüşüblər. Əsl ocağa isə ayda bir həftə vaxt ayrılır.
Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə Bakının Maştağa qəsəbəsində vəfat edib. Mənbələrdə onun 78 yaşında, şəkər xəstəliyi səbəbilə dünyasını dəyişdiyi qeyd olunur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)
Onu öldürüblər, deyilmi?
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Güney ədəbiyyatı deyəndə ilk olaraq Şəhriyarı xatırlayırıq. Sonra Səhəndi. Sonra da Səməd Behrəngini.
Bu gün Səməd Behrənginin anım günüdür.
Onun balaca qara balığı arxdan çıxıb dənizə qovuşdu. O, özü isə çayda boğuldu.
Mən bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da
mövcuddur?!
“Balaca qara balıq”, Səməd Behrəngi
Dünyada, elə bizim Azərbaycanda da daha çox "Balaca qara balıq" əsəri ilə məşhurluq qazanmış, İranda uşaq ədəbiyyatının banisi sayılan, böyük nağıl ustası adlandırılan Azərbaycan yazıçısı Səməd Behrənginin 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində dünyaya gəlib. İbtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Daha sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib.
Hələ tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.
Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Eyni zamanda 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb.
Azərbaycan kəndlərini dolaşaraq folklor nümunələri toplayıb, Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Bu səbəbdən həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.
Eyni zamanda onun fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub.
Səməd Behrəngi həm də İranda uşaq ədəbiyyatının banisi sayılır. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını qələmə alıb.
Ona dünya şöhrəti qazandıran "Balaca qara balıq" əsərini siyasi manifest adlandırıb və hətta İranda qadağan ediblər.
Yaşının gənc olmasına baxmayaraq böyük nağıl ustası adlandırılan Səməd Behrəngi 28 yaşındaykən 1967-ci ildə avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulub. Fəaliyyətinə, əsərlərindəki siyasi motivlərə görə dəfələrlə təqib olunduğu və əsərlərinə qadağa qoyulduğu üçün yazıçının şah rejimi tərəfindən öldürüldüyü iddiaları da mövcuddur. Və mən, şəxsən bu iddialara inanıram.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(31.08.2026)


