Super User

Super User

 

Mina Rəşid,

“Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə sosial şəbəkələrdə fəlsəfə üzrə fəlsəfə doktoru, şair Vəsilə Möhsümovanın belə bir paylaşımı qarşımıza çıxdı.

“Biz hər ikimiz müharibədən çıxmışdıq… hər ikimizin də ağrıyan yerləri vardı… əslində gözəl xəyallarımız da… Bu istedadlı gənc Qarabağın yetirməsidir - Azadxan Mirzəliyev…”

 

Azadxan adlı bu gəncin sazda gözəl ifası dinləyənlərin, elə bizim də marağımıza səbəb oldu. Bir paylaşım və saz havasının izi ilə “Vətən səsi”nin əməkdaşı Azadxan Mirzəliyevlə həmsöhbət oldu. Gəlin, əvvəlcə bu istedadlı gənclə tanış olaq.      

 Azadxan Mirzəliyev 2002-ci ildə Füzuli rayonunun Qazaxlar kəndində anadan olub. Ancaq onlar Cəbrayılın Cocuq Mərcanlı kəndindəndirlər.  O, Horadiz qəsəbəsində orta məktəbdə oxuyub. Eyni zamanda, Horadiz Uşaq Musiqi Məktəbində tar sinifində təhsil alıb.

Azadxanın ailəsi hazırda işğaldan azad Cocuq Mərcanlı kəndində yaşayır. Anası dogma yurdunda orta məktəbdə dərs deyir.  

Azadxan istedadlı bir gəncdir. O ixtisasca tar sinifini bitirsə də, sazda da mükəmməl ifa edir. O, həm də gitarada və türk sazında da ifa etməyi yaxşı bacarır. Bu gün istedadı ilə, özünün dediyi kimi, parlamasa da, Azadxan xüsusi qabiliyyətinə görə uşaqlıqdan ətrafına işıq salmağı bacarıb. Elə ona görə də, hələ orta məktəb illərində Turkiyədə musiqi yarışmalarında iştirak edərək uğurlar qazanıb. Bu barədə isə bizə Vəsilə Möhsümova məlumat verir.

Vəsilə xanım deyir ki, Azadxanın istedadlı bir uşaq kimi meydana çıxması 2014-cü ildə “Qarabağın səsi” adlı layihə ilə bağlıdır. Təkamül və İnteqrasiya ictimai Birliyinin Yunis Əmrə İnstitutu ilə birgə həyata keçirdiyi bu layihə o vaxt Qarabağdan olan istedadlı uşaqları aşkar etmək məqsədi daşıyırdı: “Bunun üçün o vaxt biz ən ucqar bölgələrimizə qədər gedib köçkün düşərgələrində istedadlı uşaqları axtarırdıq. Bir dəfə də Füzuliyə getdik. Yay aylarında az qala 40 dərəcə istidə Sabirabad, Saatlı rayonlarından sonra beləcə Füzuliyə gəldik. İndiyə qədər rast gəldiyimiz uşaqlar xüsusilə muğama həvəsi olanlar idi. Düşündüm ki, niyə bu uşaqlar arasında bircə nəfər də saz çalan olmasın. Fikrimi orada paylaşdıqdan sonra öyrəndim ki, Azadxan adında belə bir saz çalan uşaq var. Amma o qonşu kənddən yarım saata gələr. Hamı artıq yorulmuşdu və seçimini edib geri dönmək ərəfəsindəydi. Onlardan xahiş etdim ki, bir az səbr edək. Təxminən 20 dəqiqədən sonra bir də gördük balaca, özü kimi, bu istidə uzunqol paltarı da qapqara olan bir oğlan gəlir. Sazı özündən böyük idi. Azadxanı ilk gördüyümdə, düzü, onun bu qədər istedadlı olacağına inanmadım. Ancaq onun saza elə ilk toxunuşundan axtardığımı tapdığımı düşündüm…”

Beləliklə, 12 yaşlı Azadxanın yoluna işıq düşür. O, bu layihə çərçivəsində əvvəlcə Milli Konservatoriyada keçirilən Qala konsertində iştirak edir. Sonra isə Türkiyədə uşaqlar üçün keçirilən müsabiqələrdə iştirak edərək uğurlar qazanır. O, qardaş ölkədəki yay düşərgələrində olur və öz ifası ilə dinləyicilərini heyran edir. Vəsilə xanım deyir ki, Azadxanla bax, belə tanış olmuşuq…

Bu gün isə istedadlı gəncimiz öz sazını, yeri gələndə, gitarasını bağrına basaraq azad torpaqlarımızda keçirilən el şənliklərində iştirak edərək, bu tədbirlərə ayrıca bir rəng qatır. Ancaq o yalnız öz sənəti ilə məşğul olmur. Artıq 4-cü ildir ki, ANAMA-da çalışır. Deyir ki, bu işi təkcə maddi vəziyyətinə görə qəbul etməyib. Həm də ona görə bu işi seçib ki, o da Vətən qarşısında hər hansı bir borcunu yerinə yetirsin, işi, əməli ilə dogma Qarabağa öz töhfəsini versin.

Azadxan bir gənc kimi 44 günlük Vətən Müharibəsində qazandığımız böyük Zəfərdən qürur duyur və müharibədə iştirak edə bilmədiyi üçün bu gün dogma yurdu naminə əlindən gələni etməyə çalışır. “Mən də istərdim ki, yeraltı dümənlərimizi məhv edim”, - deyən musiqiçi inanırıq ki, istedadı ilə daha böyük səhnələrdə çıxış edəcək və öz layiq olduğu qiymətini alacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulub. İbtidai təhsilini mədrəsədə alıb, ərəb-fars dillərini mükəmməl öyrənib. "Zənbur", "Səhabi saqib", "Babayi-Əmir" və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınıb. "Yusif və Züleyxa", "Tikan kolu", "Nəsrəddin məzhəkələri", "Aşıq Pəri və müasirləri" və s. kitabların müəllifi olub. 

 

Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra (tarixə Qanlı bazar günü kimi düşüb-red.) gəlib və iti qələm, üsyankar ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplayıb. O, ilk əvvəl, mollaxanada təhsil alıb, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam edib. Fars və rus dillərini, Türk tarixinə və İslam mədəniyyətinə dair geniş məlumatlarını şəxsi mütaliə yolu ilə əldə edib və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən biri kimi tanınıb.

İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzet nəşr etdirib, həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mətbuatda ikən müsadirə olunub. Buna səbəb Müznibin "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olub.

Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazıb: "Namusu qatı, garet etməklə qazanmaq olmaz, bəlkə hüquqi-vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul mənasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek olmuştur … geyretli cavanlarımız; namuslu olmadığınız biri birinizi öldürməklə olmaz, o binamusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler”.

“Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" dərgisinin də aqibəti eyni olar. 1911-də  Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunub və günahlandırılıb. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilib.

Sovet rejimi dövründə şair azad edilib, bir müddət - 1920–1926-cı illərdə yenə mətbuatda çalışıb. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılıb və nəhayət, 1926-cı ildə, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilib. Türkçü və milliyyətçi olduğu iddia edildiyi üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalıb.

20 ilini mətbuatda çalışan Müznib 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılıb, siyasətdən tam uzaqlaşıb və ədəbiyyat araşdırmaçılığı ilə məşğul olub. 1927–1937-ci illərdə XIX–XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət olan on kitab yayımlayıb. Bütün bu əsərləri özü yığıb, onlara geniş ön söz, bioqrafiya və şərhlər əlavə edib.

1937-ci ildə yenidən həbs olunan Müznib milliyyətçiliklə və pantürkizmdə ittiham edilib və ölüm cəzasına məhkum edilib. Son zamanlarda ortaya çıxan sənədlər Əli Abbas Müznibin 27 avqust 1937-ci ildə güllələndiyini açıqlayır.

1956-da dövlət tərəfindən təqsirsizliyi etiraf edilib, ölümündən sonra bəraət alan Müznibin əsərləri, hələ ki, toplanıb nəşr olunmayıb, yaradıcılığı tədqiq edilməyib. Kimi gözləyirik, bilən də yoxdur.

Ünlü şəxsiyyət 1938-ci ildə Bakıda vəfat edib.

 

Əsərləri 

1. Uşaqlara ibrət

2. Hürriyyəti-bəşəriyyə 

3. Əməl çiçəyi

4. Çəkməsilən

5. Dərvişi-Kəhkəşan

6. İstər ağla, istər gül

7. Ürək yanğısı 

 

Tərcümələri 

1. Molla Nəsrəddin məzhəkəsi

2. Əlifleyla

3. Muxtarnamə

4. İsfahanlı Hacıbabanın sahineyi-həyatı

5. Əmir Əbdürrəhman xan. Əfqan tarixi

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

 

Cümə, 28 Avqust 2026 16:38

Dünya, qapını aç, aç, çıxım gedim

Könül Əliyeva 

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir zamanlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alim var idi bu dünyada. 

Gəncə ədəbi mühitinin dəyərli nümayəndəsi, qiymətli imzası idi. 

Düz 12 il bundan əqdəm, 28 avqust 2014-cü ildə onu itirdik. Özündən sonra kitabları, bir də xatirəsi qaldı…

Bu günkü anım günündə onu hörmətlə anırıq. “Allah rəhmət eləsin!” deyirik.

 

Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 

2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb. 

Onun ən məşhur şeiri isə "Dünya, qapını aç, aç çıxım gedim" şeiridir ki, bu çeiri də bu anım günündə oxuculara təqdim etməyi borc bilirik. 

Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı... tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.

Kimsə çağırıbdı, haya gəlmişəm,
Qəlbi, ruhu təmiz - saya gəlmişəm
Bilmədim ki, toya, vaya gəlmişəm
Dünya, qapını aç, aç, çıxım gedim.

Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.

Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya, qapını aç, aç çıxım gedim.

Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Vallah, bircə yol da geri baxmaram.
Dünya, qapını aç, aç çıxım gedim.

Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya, qapını aç, aç çıxım gedim.

İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuz da nə vaxtsa görüşəcəyik.
Dünya, qapını aç, aç çıxım gedim…

Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var
Dünya, qapını aç, aç çıxım gedim.

 

Bəli, həqiqətən də şairin özünə başdaşı olacaq bir qələmi vardı, bu qələmlə bu cür gözəl şeirlər yaratdı.

Nə deyək. O dünyası gözəl olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

 

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər, get buradan. Dedim, heç yana gedən deyiləm. Dedim, “Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm”. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”

 

Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…

“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.

O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…

 

Deyirdi ki:- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”

Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür sürüb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Axı, deyirlər ki, bu dünyada Allaha inamıyla, imanıyla yaşayanları, o dünyada mükafat gözləyir…

 

Yaşasaydı, bu gün - avqustun 28-i 91 yaşı tamam olacaqdı. On altı il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. Bu dünyada ədəbiyyatımızın ögey balası olsa da, o dünyada sorğu-sualı asan, mənzili cənnətdə olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rus ədəbiyyatının dünya çapında tanınan klassikləri – Tolstoy və Dostoyevski kimi nəhəng imzalarla yanaşı yeni dövr imzaları – Mixail Bulqakov və Andrey Platonov da özləri barədə ad eləməyi bacarmışlar.

 

Andrey Platonov (əsl adı Andrey Platonoviç Klimentov, 1899–1951) — XX əsr rus ədəbiyyatının ən özünəməxsus və fəlsəfi yazıçılarından biridir. Andrey Platonov 1 sentyabr 1899-cu ildə Voronej quberniyasında fəhlə ailəsində anadan olub. Atası dəmiryolunda işləyib.

Platonov uşaqlıqdan zəhmət və yoxsulluq mühitində böyüdüyündən, sonralar əsərlərində sadə insanların həyatına, əməyə, aclığa və sosial dəyişikliklərin insan taleyinə təsirinə xüsusi yer verib.

Gənc yaşlarından yazmağa başlayıb. Eyni zamanda mühəndis kimi çalışıb, müxtəlif texniki layihələrdə iştirak edib.  Elektrikləşmə, su təsərrüfatı və kənd təsərrüfatı layihələri ilə də məşğul olub. Onun üçün texniki tərəqqi və insanın mənəvi dünyası həmişə bir-biri ilə əlaqəli idi.

 

Əsas əsərləri

1. «Çevenqur» — inqilabdan sonrakı Rusiyanın mürəkkəb mənzərəsini əks etdirən fəlsəfi roman.

2. «Kotlovan» («Xəndək») — kollektivləşmə və böyük sosial layihələr fonunda insanın mənəvi boşluğunu təsvir edən əsər.

3. «Can» («Джан») — insanın həyat, sevgi və məna axtarışını əks etdirən fəlsəfi povest.

4. «Qayıdış» — müharibədən evə dönən insanın ailəsinə və əvvəlki həyatına yenidən uyğunlaşmaq çətinliyindən bəhs edən güclü hekayə.

5. «Gözəl və qəzəbli dünyada»

6. «Şübhəli Makar»

7. «Üçüncü oğul»

 

«Kotlovan» — ən mühüm əsərlərindən biri

«Kotlovan» Platonovun yaradıcılığının ən mürəkkəb əsərlərindən sayılır. Əsərdə insanların böyük və möhtəşəm gələcək qurmaq arzusu ilə fərdin həyatı və mənəvi ehtiyacları arasındakı ziddiyyət göstərilir. Əsərin qəhrəmanları böyük bir tikinti üçün nəhəng xəndək qazırlar. Lakin getdikcə məlum olur ki, onların qurduğu dünya insanlara xoşbəxtlik gətirmək əvəzinə, onları mənəvi cəhətdən boşaldır.

Platonov burada sadəcə siyasi hadisələri təsvir etmir. Onun əsas sualı daha dərindir:

İnsan naminə qurulan bir gələcək insanın özünü məhv edirsə, həmin gələcəyin mənası nədir?

 

«Çevenqur»

«Çevenqur» Platonovun ən məşhur romanlarından biridir. Əsərdə inqilabdan sonrakı dövrün insanları və onların yeni cəmiyyət yaratmaq cəhdləri təsvir olunur. Platonovun dili burada xüsusilə fərqlidir. O, bəzən sadə və gündəlik sözləri elə bir şəkildə birləşdirir ki, adi cümlə fəlsəfi məna qazanır.

 

Yaradıcılığının əsas xüsusiyyətləri

Platonovun əsərlərində tez-tez:

insan və sistem,

əmək və yoxsulluq,

ümid və ümidsizlik,

texniki tərəqqi və mənəviyyat,

sevgi və tənhalıq,

ölüm və həyatın mənası

qarşı-qarşıya qoyulur.

Onun qəhrəmanları çox vaxt sadə insanlardır. Lakin bu sadə insanların düşüncələri vasitəsilə Platonov insanlığın ən böyük suallarını araşdırıb.

 

Platonovun dili

Onu digər yazıçılardan fərqləndirən ən mühüm cəhətlərdən biri özünəməxsus dilidir. Platonov bəzən sözləri qeyri-adi şəkildə birləşdirir, rəsmi-siyasi ifadələri xalq danışığı ilə qarışdırıb. Nəticədə həm qəribə, həm də dərin fəlsəfi təsir yaradan bir üslub meydana gəlib. Bu səbəbdən Platonovu oxumaq ilk baxışda asan deyil. Onun cümlələrinin arxasında çox vaxt ikinci, hətta üçüncü məna qatı dayanıb.

 

Həyatının son illəri

Platonovun əsərlərinin bir hissəsi sovet dövründə ciddi senzura ilə qarşılaşıb. Xüsusilə «Çevenqur» və «Kotlovan» kimi əsərləri onun sağlığında tam şəkildə nəşr olunmayıb. İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi fəaliyyət göstərib. Müharibədən sonra da yazmağa davam edib. Platonov 5 yanvar 1951-ci ildə Moskvada vəfat edib.

 

Ədəbiyyatda yeri

Bu gün Andrey Platonov XX əsr rus ədəbiyyatının ən dərin, mürəkkəb və orijinal yazıçılarından biri hesab olunur. Onun yaradıcılığı yalnız sovet dövrünün hadisələrini öyrənmək üçün deyil, insanın cəmiyyət, ideologiya, texnologiya və öz taleyi qarşısındakı vəziyyətini anlamaq üçün də böyük əhəmiyyət daşıyır. Platonov haqqında ən sərrast ifadələrdən biri belə ola bilər:

Platonov insanın daha yaxşı dünya qurmaq arzusunun özünü necə sınağa çəkdiyini yazırdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Cümə, 28 Avqust 2026 16:10

Gizləmək lazım deyil, dövr belə idi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aktyor Nazir Əliyevin yaradıcılıq yolundan danışanda adətən 1969-cu ildə A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Sərdar Sərdaroviç rollunda oynamasını gizləyirlər. Niyə? Çünki Papayan erməni dramaturqudur. Amma bu yanlış addımdır. Sovetlər dönəmində, xüsusən millətçiliyin qadağan olunduğu, qardaş 15 respublika birliyi cövlan etdiyi şəraitdə bu hal adi hal idi, niyə gizlədilsin ki?

 

Nazir Kərim oğlu Əliyev 29 mart 1946-cı ildə Lənkəranın Liman şəhərində doğulub. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə professor Rza Təhmasibin kursuna daxil olub.

1968-ci ildə institutu bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə təyin olunub. Bu teatrda M. F. Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" komediyası göstərilib. N. Əliyev Qulaməli rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Samuel, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Babakişi rolunda çıxış edib.

1970-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına aktyor təyin olunub. Naxçıvan teatrında iyirmidən artıq müxtəlif tamaşalarda rollar oynayıb.

O cümlədən rejisyor N. Sadıqzadənin hazırladığı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Savalan, S. Mixalkovun "Vəhşilər" tamaşa- sında Stepa. B. Vahabzadənin "Yağışdan sonra" əsərində Rüstəm, H. Razinin " Arxalı dağlar" əsərində Ayı Səftər, Ə. Yusiflinin " Qara kağıza muştuluq" əsərində Heybət, M. Tarıverdiyevin " Qəmküsər" faciəsində Əliqulu Qəmküsər rollarını oynayıb.

Georgi Xuqayevin "Arvadının əri" komediyasında Kazbek, Əziz Nesinin " Toros canavarı" əsərində Duman Osman, Lope de Veqanın " Nə yardan doyur, nə əldən qoyur" komediyasında Markiz Rikardo. Bu rollar Naxçıvan teatrının səhnəsində Nazirin müvəfəqiyyətli yaradıcılıq məhsulu hesab edilə bilər. " Şərq qapısı" qəzetində Hüseyn Razi yazıb:” Nazirin oyununa baxdıqca hiss edirəm ki, yaxşı ifacılara ehtiyacı olan teatrımıza istedad gəlmişdir”.

1975-ci ilin mart ayında Nazir N. B Vəzirov adına Lənkəran Dövlət Dram teatrına dəvət olunur. Lənkəran teatrında işlədiyi doqquz il ərzində 40-dan çox tamaşada müxtəlif rollar oynayıb. Onun yaradıcılığının tam bütöv kamillik dövrü məhz Lənkəran teatrının səhnəsində başlayıb. Azərbaycan dramaturgiyasının ən nümunəvi əsərlərində, həmçinin rus klassikası və Qərbi Avropa dramaturqlarının əsərlərində Nazir Əliyev müxtəlif janrlı və xarakterli rollar oynayıb:

M. F. Axundovun " Sərgüzəşti vəziri xan – Lənkəran" komediyasında Vəzir, M. İbrahimov " Kəndçi qızı" Alımov, Y. Qaşek "Soldat Şveykin macəraları" Şveyk, V. Şekspir " Qış nağılı"-Qoca Lombardi, A. N. Ostrovski "Tufan " Tixon, Ə. Haqverdiyev "Dağılan tifaq", S. Vurğunun "Vaqif" Şeyx Alı, S. Rəhman "Toy" Kərəmov, C. Məmmədquluzadə "Ölülər" Şeyx Nəsrullah.

C. Yusifzadə "Səhər qatarı" Kök kişi, M. F. Axundov "Xırs quldurbasan" Divanbəyi, V. S. Vişnevski "Nikbin faciə" Başçı, İ. Əfəndiyev " Unuda bilmirəm" Kərəm dayı, A. Safronov "Yerin cazibəsi" general Beladed, İsa Hüseynov "Bir kişi vardı" Mədəd kişi, N. B. Vəzirov "Hacı Qəmbər" Qıdı xirvə.

1988-ci ildə Nazir Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləmək üçün dəvət olunub.

 

Oradakı rolları:

1. Seyran Səxavət "Qızıl teşt" Kamil.

2. Vaqif Səmədoğlu " Yayda qartopu oyunu" Bahadur.

3. İ. Əfəndiyev " Sevgililərin cəhənnəmdə vüsalı" Cabbar. və.s.

 

Mükafatları:

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti səmərəli fəaliyyətinizə qazandığınız istehsal müvəffəqiyətlərinə görə və Naxçıvan MSSR-nin yaradılmasının əlli illiyi ilə əlaqədar olaraq 1974-cü il 4 oktyabr tarixli fərmanı ilə sizi Azərbaycan SSR Ali Soveti Fəxri fərmanı ilə təltif edib.

Azərbaycan Sovet Sosialist Respublikası Ali sovetinin Rəyasət heyəti 1979-cu il 2 aprel fərmanıyla Sovet Azərbaycan Teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyev yoldaşı Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti Azərbaycan Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Nazir Kərim oğlu Əliyevə 1 dekabr 1982-ci il tarixli fərmanla Azərbaycan SSR əməkdar artisti fəxri adı verilib.

 

Filmoqrafiya

- 777 №-li iş (film, 1992)

- Fəryad (film, 1993)

- Güzgü (film, 1990)(II)

- Həm ziyarət, həm ticarət... (film, 1995)

- İşarəni dənizdən gözləyin (film, 1986)

- Qəzəlxan (film, 1991)

- Mənim ağ şəhərim (film, 1993)

- O dünyadan salam (film, 1991)

- Pəncərə (film, 1991)

- Şahid qız (film, 1990)

- Şeytan göz qabağında (film, 1987)

- Ürək yaman şeydir... (film, 1992)

 

Akademik Milli Dram Teatrında işdən çıxandan sonra sənəti tərk edərək ömrünün sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayıb. Nazir Kərim oğlu Əliyev 1997-ci il avqustun 28-də avqusta Dubay şəhərində vəfat edib, doğulduğu Liman şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Cümə, 28 Avqust 2026 14:30

Rəssam ailəsinin musiqiçisi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İrsən keçən sənət…

Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, müğənni övladının müğənni, rəssam övladının rəssam olması tez-tez rast gəlinən mənzərədir. Amma bəzən sənət yox, irsən keçən incəsənətə bağlılıq olur. Yəni valideyin bir sənətdə təmsil olunursa, övlada aşılanan incəsənət sevgisi onu başqa sənətə aparıb çıxarır. Elə təqdim edəcəyimiz bu nümunədə olduğu kimi.

 

Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olub. O, uşaqlıqdan pianoda ifa etməyə başlayıb və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olub.

Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlayıb, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirib, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirib. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlayıb.

1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirib. Burada o, professor Leonid Royzmandan dərs alıb.

1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görüb. Rəna İsmayılova hazırda Almaniyada yaşayır.

 Burada onun dəfələrlə rəsmi konsertləri olub, kilsələrdə ifa edib. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olub. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Nigar Həsənzadə,

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanlı yazıçı, “Ədəbiyyat və incəsənət” portalının əməkdaşıHabilYaşarın “WritingaNovelIsSomethingBeyondHorror...” — “Romanyazmaqdəhşətin ötəsində bir şeydir” adlı essesiAmerikanınədəbiyyatjurnallarındanbiriolan “BlackPetals” jurnalındaişıq üzü görüb.

 

Ədəbi yaradıcılığın mürəkkəbliyindən, roman yazma prosesinin müəllif üçün yaratdığı daxili dünyadan və yazıçının yaradıcılıq yolunda qarşılaşdığı çətinliklərdən bəhs edən esse Habil Yaşarın ədəbiyyata fərqli baxışını ortaya qoyur.

Əsərin ABŞ-də fəaliyyət göstərən ədəbiyyat nəşrində dərc olunması müəllifin yaradıcılığının beynəlxalq ədəbi mühitdə təqdim olunması baxımından diqqətəlayiq hadisədir.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Yenidən Təqdimat rubrikasındayıq. İstəkli oxucularımıza gənc yazar Gülər Nizamiqızının bir neçə şeirini təqdim edirik. Gülər poeziyada ilk addımlarını atır. Odur ki onun şeirlərini bir həvəskar şeir sevdalısının şeirləri olaraq qəbul edin, onda nöqsan axtarmağa çalışmayın. Şeirlər ümidvericidir, onlarda gələcəkdə yazılacaq yaxşı şeirlərin rüşeymləri aydın görünür. Ona uğurlar arzulayırıq.

Xoş mütaliələr.

 

Gülər Nizamiqızı

Darıxmaq

 

Gəl birlikdə darıxaq, tək darıxmaq bağırır,

Səssiz-səmirsiz çökən bu darıxmaq yandırır.

Gözlərimdə quruyan o son damla yaş belə

Sənsizliyin içində darıxmağa çağırır.

 

Belə darıxmaq olmur, bu darıxmaq dondurar,

Bütün şirin xəyalı içimizdə soldurar.

Mən bu ağır həsrətin yükünü daşıyarkən,

Sənin soyuq sükutun dünyamı utandırar.

 

Darıxmaq ruhu dən-dən, parça-parça aparar,

Darıxmaq hər addımda bir ümidi qopardar.

Mən günəşdən incidim, gəlməyən sabahlardan,

Bu dəhşətli darıxmaq bənd-bənd məni qopardar.

 

 

Özüm Uydurmuşam

 

Sən demə xəyalmış, uydurmuşam mən,

Özüm bəzəmişəm bu boş sevgini.

Mən səni sevmişəm candan, ürəkdən,

Sən demə heç zaman sevmədin məni...

 

Gözümdə böyüdüb bir dağ eylədim,

O soyuq daşlara ürək bələdim.

Nə bir iz buraxdın, nə bir hissi verdin,

Mən özüm-özümə nağıl bəslədim.

 

Yalanmış baxışlar, yalanmış hər söz,

Alovsuz, tüstüsüz yandırdı bu köz.

İndi bu həqiqət göynədir canı:

Yox imiş bu eşqin heç bir ünvanı...

 

 

Axtararsan məni

 

Gecənin zülməti ruhunu sıxsa,

Ağrılar sinəndə tonqal qalansa,

Çarəsiz baxışın yollarda qalsa,

O soyuq otaqda axtarsan məni.

 

Ətrafda çox insan olar, bilirəm,

Amma ki, bir qəlbi tapmazsan daha.

Dərdini bölüşmək istəyən zaman

Özünə bir həmdəm tapmazsan daha.

 

Yoxluğum daş kimi çökər çiyninə,

Peşmanlıq içində yandırar səni.

Gözün tək qaldığın o son nöqtədə,

İtirən tərəfdə axtarsan məni...

 

 

Görünməz oldum

 

Gözünün önündə durmuşam yenə,

Baxırsan, amma ki, görmürsən məni.

Nə vaxtsa bir ömür verirdim sənə,

İndi yad bir kəs də sanmırsan məni.

 

Uzaqda olsaydım, arardın bəlkə,

Həsrətin qəlbində yanardı közü.

Yaxında olmağım bağışlanmaz səhv,

Görməzə vurursan qarşında bizi.

 

Nə bir kəlmə dindir, nə halımı sor,

Körpülər uçulub, yollar bağlandı.

Gözünün önündə görünmək də zor,

İçimdə son ümid belə yalandı...

 

 

Özüm uydurmuşam

 

Sən demə xəyalmış, uydurmuşam mən,

Özüm bəzəmişəm bu boş sevgini.

Mən səni sevmişəm candan, ürəkdən,

Sən demə heç zaman sevmədin məni...

 

Gözümdə böyüdüb bir dağ eylədim,

O soyuq daşlara ürək bələdim.

Nə bir iz buraxdın, nə bir hissi verdin,

Mən özüm-özümə nağıl bəslədim.

 

Yalanmış baxışlar, yalanmış hər söz,

Alovsuz, tüstüsüz yandırdı bu köz.

İndi bu həqiqət göynədir canı:

Yox imiş bu eşqin heç bir ünvanı...

 

 

Bu şəhər gözümdə

 

Bu şəhər gözümdə bir zindan oldu,

Qaçdım, arxamca da yürüdü dərdim.

Darıxmaq ruhumu yandırdı, yaxdı,

Amma ki biir daha sənə dönmədim.

 

Ömür dözmür daha bu ağır yükə,

Xatirən hər küncdə qarşıma çıxır.

Gedirəm, bu şəhər qalsın yiyəsiz,

Məni həsrət deyil, sənsizlik yıxır...

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Alsunun dahi ingilis şairi və dramaturqu Uilyam Şekspir bardə araşdırdığı 15 faktı təqdim edilir.

 

ARAŞDIRMA

ALSU

 BEŞ ƏSRDİR YAŞAYAN DAHİ: ŞEKSPİR HAQQINDA BİLİNMƏYƏN 15 FAKT

 

23 aprel həm Ümumdünya İngilis Dili Günü, həm də “Eyvon şairi” hesab olunan Uilyam Şekspirin doğum və vəfat günüdür. “Hamlet”, “Maqbet”, “Romeo və Cülyetta” kimi ölməz əsərlərin müəllifinin həyatı olduqca maraqlı, müəmmalı məqamlarla doludur.

1.

8 uşaqlı ailənin ən böyüyü olan Uilyam Şekspir orta təbəqəli bir ailədə böyümüş, atası dəri, yun, o cümlədən əlcək satışı ilə məşğul olmuşdur. Müəllifin doğum və ölüm tarixinin eyni olduğu məsələsi isə olduqca mübahisəlidir. Belə ki, kilsə qeydləri Şekspirin 23 aprel 1616-cı ildə vəfat etdiyini təsdiqləsə də, Şekspirin dəqiq hansı gün doğulduğu barədə heç bir rəsmi doğum şəhadətnaməsi yoxdur (o dövrdə belə bir sənəd yox idi). Lakin kilsə qeydlərində onun 26 aprel 1564-cü ildə vəftiz olunduğu yazılıb. O dövrün ənənəsinə görə, körpələr doğulduqdan, təxminən, 3 gün sonra vəftiz edilirdi. Bununla da, Şekspirin doğum günü 23 aprel kimi qəbul edilib. Eyni zamanda, aprelin 23-ü İngiltərənin himayədarı olan Müqəddəs Georgi Günüdür (St. George's Day). İngilislər öz ən böyük şairlərinin məhz bu milli gündə doğulub-öldüyünə, bu “mükəmməl təsadüf”ə inanmağı seçirlər. Hər il dünyanın hər yerində, o cümlədən, Şekspirin doğma şəhəri Stratford-apon-Eyvonda insanlar dramaturqun doğum gününü qeyd etmək üçün bir yerə toplaşır.

 

2.

Dram, faciə, komediya, kimi müxtəlif janrlarda qələmini sınayan müəllif olduqca məhsuldar yaradıcılığa malikdir. Bundan əlavə, çoxlu sayda şeirləri, xüsusən də, sonetləri ilə tanınır. Təkcə 1609-cu ildə o, 154 sonetini çap etdirib.

 

3.

Bütün ədəbi dahiliyi ilə yanaşı, Şekspir həm də “fərasətli” biznesmen idi.  Belə ki, vergilərdən yayınan şair qıtlıq dövründə sonradan baha qiymətə satmaq üçün qanunsuz formada qida ehtiyatı toplamışdı. O, böhran vaxtı taxıl ehtiyatı yığmaq ittihamı ilə məhkəməyə belə, verilib.

 

4.

Şekspir ingilis dili lüğətinə 1700-ə yaxın söz, söz birləşməsi əlavə edib. Bəziləri buna “Şekspir ingilis dilini ixtira edib” kimi yanaşır. Əslində isə, o, London küçələrində, gündəlik həyatda istifadə olunan sözləri əsərində işlədərək o sözləri, bir növ, sənədləşdirib. Bu sözlərə “swagger” (özündənrazı), “critic” (tənqidçi), “bedroom” (yataq otağı), “lonely” (tənha), “addiction” (asılılıq) kimi işlək sözlər daxildir. “Heart of gold” (ürəyi qızıldan olmaq), “good riddance” (əlvida, xoş getdin) birləşmələri isə məhz Şekspirin əsərlərindən məişət ingiliscəsinə keçib.

 

5.

Şekspirin qəbrində “Bu daşlara toxunmayan adama alqış, sümüklərimi yerindən tərpədənə isə lənət olsun!” yazılıb. Belə ki, o dövrdə köhnə qəbirlərin çıxarılması, qəbir yerinin təkrar istifadə edilməsi geniş yayılmışdı. Qəbirüstü yazının Şekspirin “Məzarımı narahat etməyin!”  xəbərdarlığı olduğuna inanılır.

 

6.

Şekspirin pyeslərinin böyük əksəriyyətində, təxminən,  iyirmi beşində hadisələr İngiltərədən kənarda baş verir. Məsələn, “Romeo və Cülyetta” İtaliyada, “Hamlet” Danimarkada, “Otello” Venesiyada cərəyan edir. Amma təəccüblüdür ki, Şekspirin  hansısa ölkəyə səyahət etməsinə dair heç bir sübut yoxdur. Güman edilir ki, o heç vaxt İngiltərəni tərk etməyib.

 

7.

Dahi yazıçının həyatında elə bir dövr var ki, tarixçilər bunu “Lost Years” (İtirilmiş illər) adlandırır. Səbəb isə çox sadədir: heç kim onun həmin vaxt-1587-1592-ci illərdə nə etdiyini bilmir. Bu dövr onun əkiz övladları Hamnet və Cuditin vəftiz olunduğu illə  (1587-ci il)  başlayır,  ədibin Londonda məşhur dramaturq kimi tanınması ilə  (1592-ci il)  başa çatır. Bəzi fərziyyələrə görə,  Şekspir bu illərdə ya müəllim işləyib, ya da hansısa problemlər ucbatından şəhəri tərk edib.

 

8.

 Dahi sənətkarın ən şöhrətli, eyni zamanda, ən uzun faciəsi olan “Hamlet” ilk dəfə 1600 və ya 1601-ci ildə Londonun məşhur “Qlobus” (Globe Theatre) teatrında tamaşaya qoyulub. “Hamlet” dünya tarixinin ən çox sitat gətirilən əsərlərindən biridir. Xüsusilə də, Hamletin monoloqu zamanı deyilən məşhur “Olmaq və ya olmamaq - bax, budur sual” (To be, or not to be, that is the question) misrası oxucular tərəfindən əzbər deyilir.

 

9.

Dahi dramaturqun şirniyyatlarla, ləziz xörəklərlə arası çox yaxşı olub. Pyeslərində tez-tez dəbdəbəli ziyafətlərə və geniş süfrələrə rast gəlməyimiz təsadüfi deyil. Onun ən sevdiyi desertin isə o dövrün İngiltərəsində çox məşhur olan “marchpane” (badamlı keks, bir növ müasir marzipan) olduğu təxmin edilir. Şekspir bu şirniyyatı o qədər çox sevirdi ki, “The Two Noble Kinsmen” pyesində personajların təmtəraqlı ziyafətdən həzz aldığı səhnədə, hətta “marchpane” üçün, bir növ, resept də qeyd etmişdi. O dövrdə badamlı şirniyyatlar bahalı və lüks qida sayılırdı. Şekspirin əsərlərində bu təamdan bəhs etməsi onun, həm də, yüksək zövqə sahib olduğunu göstərir.

10.

Bəzi müasir araşdırmalarda  Şekspirin dövrünün texnoloji dəyişikliklərindən təsirlənmiş olduğu irəli sürülür. Hətta “Qış nağılı” (The Winter's Tale) əsərindəki personajlardan birinin çap maşınının ixtiraçısı Yohann Qutenberqdən ilhamlandığı deyilir. Lakin bu fikirlər akademik dairələrdə geniş şəkildə qəbul olunmur.

11.

 Görkəmli şair kart və zər oyunlarını çox sevirdi. (Hətta   Şekspirsevərlər arasında bir iddia mövcuddur ki, ədib bir dəfə kart oyununda böyük məbləğdə pul uduzub, yaxın dostu, məşhur aktyor Riçard Burbec onu borcdan xilas edib). Onun oyunlara olan həvəsi bəzi pyeslərində, məsələn, “Venesiya taciri”ndə  risk və bəxt mövzularında özünü büruzə verir.

12.

Şekspirin heyvanlara olan sevgisi əsərlərində onları tez-tez təsvir etməyindən bəllidir. Müəllifin Mistres adında sadiq iti var idi. Bu itə müəllifin  “The Winter's Tale” və “The Two Noble Kinsmen” kimi əsərlərində “rast gəlinir”.

13.

Dostları və həmkarları Şekspiri gizli-gizli “bard”  adlandırırdılar. Bu söz fransız mənşəli olub, mənası “şair” deməkdir. Maraqlıdır ki, bu gün bütün dünya onu məhz bu gizli ləqəblə - “Böyük Ozan” , “Eyvon şairi” kimi tanıyır.

14.

Musiqi alətində ifa edən,  hətta mahnı bəstələdiyi deyilən Şekspir  musiqini çox sevirdi. Bu sevgi onun bir çox pyeslərində, o cümlədən, “Yay gecəsinin yuxusu” və “On ikinci gecə” əsərlərində əks olunur. Ədibin pyeslərində tez-tez Elizabet dövründə İngiltərədə məşhur olan mahnılar və rəqslər yer alır. Bəzi alimlər inanır ki, Şekspirin ilham mənbəyindən biri də İntibah dövrü musiqisi olub.

15.

Heç bilirsinizmi, niyə 23 aprel, həm də, Ümumdünya İngilis Dili Günüdür? Bu qərar 2010-cu ildə BMT tərəfindən verilib.  Qərarın məqsədi “çoxdilliliyi və mədəni müxtəlifliyi qeyd etmək” idi.  Təqvim ilinin 4-cü ayının 23-cü gününün əlamətdarlığa layiq görülməsi isə, əlbəttə ki, təsadüfi deyil! Belə ki, “ingilis dilinin atası” sayılan U. Şekspir, sadəcə, əsərlər yazmır, sanki ingilis dilini yenidən inşa edirdi. Bu gün ingilis dilində istifadə olunan 1700-dən çox sözü və yüzlərlə məşhur ifadəni ilk dəfə yazılı ədəbiyyata məhz Şekspir gətirib.

Beləliklə, 23 apreldə təkcə bir dil deyil, həm də o dili dünya səviyyəsinə qaldıran, onun inkişafında misilsiz xidmətləri olan bir dahinin mirası qeyd edilir. Şekspirin əsərləri ingilis dilinin gözəlliyinin, zənginliyinin, bədiiliyinin və poetikliyinin ən parlaq nümunələrindən biridir. Bəlkə də, elə buna görə, əsrlər keçsə də, bu əsərlər aktuallığını qoruyur və geniş oxucu kütlələrinin ürəyinə yol tapmaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

 

 

51 -dən səhifə 3111

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.