“Hay”dan gələn huya gedər! -Zori Balayan üçün “nekroloq” Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Zori Balayan deyəndə ağlımıza gələn ilk görüntü Xocalıda süngüyə taxılmış körpə, fəryad, nalə, insan qətliamı, vəhşilik və barbarlıqdır. İnanmıram ki, kiminsə yaddaşından bu murdar sifət silinsin. Məşhur sözümüz var: “O dünyada iki əlim yaxanda olacaq”.

 

1981-ci ildə “Ocaq” kitabını yazdıqdan sonra qatı millətçi, erməni ideoloqu kimi gündəmə gəldi. Ermənistan üçün ön planda olan bir sima olsa da, bizim üçün ən üzdəniraq fiqurlardan biri idi. “Qədim sivilizasiya məkanı Ermənistan” adlı təşkil etdiyi kruizə kapitanlıq edərək bu missiyanı “layiqincə” yerinə yetirdi. Yaş ötsə də fikri dəyişmədi. O ixtiyar yaşında belə silah götürüb azərbaycanlılara qarşı Qarabağ müharibəsinə qatıldı.

Onun yazdığı “Ocaq” kitabı esselər toplusudur. O kitabda iddia edirdi ki, Dağlıq Qarabağ və Naxçıvan tarixən erməni torpaqları olub. Qorbaçovla görüşərək Qarabağ məsələsinin həllini ondan xahiş etməsi ermənilər üçün guya fədakarlıq nümunəsi sayılıb. O, özündən əvvəlki ideoloqların fikirlərinə söykənərək bu utopik missiyanı canla-başla davam etdirirdi. Necə ki, 1920-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyskini, AXC parlamentinin sədri Həsən bəy Ağayevi, AXC Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylini Tiflisdə, 1921-ci ildə Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşanı Berlində, AXC daxili işlər naziri Behbud xan Cavanşiri Türkiyədə, 1922-ci ildə Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa və onun müavini Qəhrəmanı Tiflisdə, Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında qətlə yetirdilər.

Təbii ki, “Ocaq” kitabını Zori öz təşəbbüsü ilə ssenariləşdirməmişdi. Onun konturları əvvəlcədən cızılmış, qarşısına qoyulmuş və xeyir-duası verilmişdi. Xaricdəki erməni lobbisinin dəstəyi ilə bu kitab müxtəlif vaxtlarda 4 dəfə çap edildi. Dağlıq Qarabağ məsələsi alovlananda isə demək olar ki, hər erməni məhz Zori Balayana istinad etdi.

Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi ideyasının baş ideoloqu olan, on minlərlə insanın qanına bais olmuş bu şəxs artıq Hayıstanda yox, “Mərənd”dədir. Onun ideoloqları da oradadır. İndi Qorbaçovla baş-başa verib Azərbaycanın Qarabağdakı möhtəşəm zəfərini izləyirlər. İstəsələr də, istəməsələr də.

3 iyul 1994–cü ildə Bakı Metropolitenində Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş terror aktında 12 nəfər həlak oldu, 42 nəfər yaralandı. Separatçı Sadval təşkilatının həbs olunan üzvü Azər Aslanov bildirirdi ki, Qarabağ müharibəsinin iştirakçısı kimi erməni əsirliyində olarkən Bakı metropolitenində partlayış törətmək əmrini Zori Balayandan alıb. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa versə də, 2005-ci ilin may ayında İnterpol tərəfindən İtaliyanın Brindizi şəhərində həbs edilsə də, erməni lobbisinin səyi ilə sərbəst buraxıldı və adı bu siyahıdan çıxarıldı.

1918-ci ildə erməni daşnakları Türkiyənin Katranlı kəndində 1400 uşağı odda yandırıb, 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində 15 uşağı vəhşicəsinə qətlə yetirib, Şamaxıda 1277 uşağa işgəncə verərək öldürüb, 1920-ci ildə Naxçıvanda 25 uşağın həyatına son qoyub, Zəngəzurda 2196-sı azyaşlı olmaqla uşaqlar güllələnib. Uşaqları güllələmək, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib vəhşicəsinə məhv etmək ancaq ermənilərə məxsus olub. Qarabağ müharibəsinin ilk şəhidləri demək olar ki, məhz körpələr olub.

Jurnalist Məhəmməd Nərimanoğlunun "Dağların sinədağı" adlı kitabında yazır: "Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü. Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, hansı "harsını"na güllə atmışdılar? Ağır döyüşlərdə, yerdən, göydən atılan atəşlərdən həlak olanlar arasında təsadüfən uşaqların olması mümkündür. Amma 1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicatın ermənilər tərəfindən güllələnməsi hansı insanlığa sığır? 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğmaqları bəs?”

Bununla da qalmadı, Naxçıvanın qeyrət qalası adlanan Sədərəyə hücum edərək 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bu iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı.

 

Qısa arayış:

Zoriy Aykoviç Balayan – SSRİ və Ermənistan yazıçısı, həkim, siyasi və ictimai xadim. 10 fevral 1935-ci ildə Azərbaycanda – zrən adı Stepanakertləşmiş Xankəndi şəhərində dünyaya gəlib. Ryazan Dövlət Tibb İnstitutunu bitirib. Ən məşhur işi “Byakal hərəkatı” adlı ekoloji təşkilat yaradıb Baykal gölünü xilas etməyə çalışması, bir də “Ocaq” adlı qatı millətçi kitabla türklərin, azərbaycanlıların şərəf və ləyaqətini alçaltmağa cəhd etməsidir.

Artsaxın qəhrəmanı adına, Movses Xrenatsi medalına, Müqəddəs Maştots ordeninə layiq görülüb.

5 fevral 2026-cı ildə 91 yaşında dünyadan köçüb.

 

Tarix təkcə qanla yox həm də ədalətlə yazılır. Nə qədər çalışsalar da, nə qədər saxta ideologiyalar uydursalar da zoribalayanların Qarabağı Ermənistana qatmaq arzusu puça çıxdı. Sonda həqiqət qalib gəldi. Azərbaycan Ordusu öz gücü ilə, öz qanı ilə, öz iradəsi ilə Qarabağa sahib çıxdı.

Zori Balayan da tarix yazmaq istədi. Buna nail oldu amma necə? Qanlı səhifələrin kənarında nifrətlə xatırlanan ad kimi. İndi isə haqq dünyada bəlkə də ədalət divanının qarşısında dayanıb. Nə yazdıqlarına bəraət tapa bilir, nə də tökdüyü qanı yumağa söz. Orada nə ideologiya keçir, nə də yalan. Arxasında lənətlənmiş ad, qara üz qoyub getdi.

“Hay”dab gəlib huya gedən adam, yerin Cəhənnəm olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.